
Akutaqava Rünoske. Bisey necə inanırdı (Hekayə)
- 01.03.2020
- 0 Şərh
- 2497 Baxış
Bisey
körpünün altında dayanıb onu gözləyirdi. Yuxarıda, başının üstündə, yarıyacan
sarmaşığa bürünmüş hündür daş məhəccərlərdən o tərəfdə arabir körpüdən ötüb-keçənlərin
qürub edən günəşin şüaları ilə işıqlanan və küləkdə xəfifcə yellənən ağ
paltarlarının ətəkləri görünürdü... O isə gəlib çıxmaq bilmirdi.
Bisey səbirsiz
halda suya yaxınlaşıb bircə qayığın belə üzmədiyi sakit çaya baxmağa başladı.
Çay
boyunca bitən qamışlar yaşıl divar kimiydi. Qamışlığın üzərindən adda-budda sıx
söyüdlər gözə dəyirdi. Çay enli olsa da, qamış basmış suyun üstü darısqal
görünürdü. Səmadakı sədəf rəngli yeganə bulud parçasının əksi düşmüş təmiz su
zolağı ona qızılı rəng qatıb qamışların arasından sakitcə burulub axırdı... O
isə gəlib çıxmaq bilmirdi.
Bisey
sudan aralanıb çayın ensiz sahili ilə dala-qabağa addımlamağa, get-gedə canına
alaqaranlıq çökən sakitliyə qulaq asmağa başladı.
Körpüdə
artıq gediş-gəliş kəsilmişdi. Nə addım səsləri, nə nal taqqıltıları, nə araba
cırıltısı eşidilirdi. Küləyin, qamışların xışıltısı, suyun şıppıltısı... Sonra
haradasa çığıran vağın səsi eşidildi. Bisey dayandı. Görünür, su qabarmışdı.
Lilli sahilə şığıyan su əvvəlkindən daha yaxında bərq vururdu... O isə gəlib
çıxmaq bilmirdi.
Hirsli-hirsli
üz-gözünü turşudan Bisey körpünün altındakı alatoran sahildə yeyin addımlarla gəzişməyə
başladı. Bu vaxt su yavaş-yavaş sahilə doğru irəliləyirdi. Bisey lilin, suyun sərinliyini
öz dərisində hiss elədi. Başını yuxarı qaldırdı. Körpünün üzərində batan günəşin
gözqamaşdırıcı şöləsi artıq sönmüşdü və solğun-yaşıl qürub səmasında daş məhəccərlərin
aydın siluetləri qaralırdı... O isə gəlib çıxmaq bilmirdi.
Nəhayət,
Bisey dayandı.
Artıq
onun ayaqlarını yalayan su yavaş-yavaş polad parıltısından daha soyuq bir
parıltıyla körpünün altını basırdı. Şübhə yoxdur ki, uzağı bircə saata amansız
su axını onun dizlərinə, qarnına, sinəsinə qədər qalxacaqdı. Yox, su lap tez
yuxarı qalxır, budur, artıq onun dizləri çayın dalğalarında görünməz olub... O
isə gəlib çıxmaq bilmirdi.
Bisey
gözlərindəki son ümid qığılcımları ilə yenə baxışlarını səmaya, körpüyə yönəltdi.
Sinəsinə
qədər qalxan suyun üzərində axşamın alatoranlığı çoxdan qatılaşmışdı və qatı
dumanın içindən söyüd yarpaqlarının, sıx qamışların kədərli xışıltısı
eşidilirdi. Birdən qarıncığı parlaya-parlaya sudan sıçrayıb Biseyin burnuna
toxunan xırda bir balıq onun başı üzərində bərq vurdu. Yuxarıda, səmada adda-budda
ulduzlar sayrışmağa başladı. Hətta xovlu məxmərə bürünmüş məhəccərlərin siluetləri
də sürətlə hər yeri basan qaranlıqda əriyib yavaş-yavaş qeyb olurdu... O isə gəlib
çıxmaq bilmirdi.
* * *
Gecənin
bir aləmi – Ay işığı çay sahili boyunca bitmiş qamışları və söyüd ağaclarını
işıqlandırdığı vaxt öz aralarında astadan pıçıldaşan su və külək yavaş-yavaş
Biseyin meyitini körpünün altından alıb dənizə tərəf apardı. Biseyin ruhu isə
göylərin qəlbinə, kədərli Ay işığına tərəf yön aldı. Yəqin, ona görə ki, sevirdi.
Xəlvətcə bədəni tərk edən ruh lil qoxusu, su təravəti kimi süzə-süzə tutqun
işıqlı səmaya tərəf qalxmağa başladı...
Çox
minilliklərdən sonra cilddən-cildə düşmüş bu ruha yenidən insan həyatı yaşamaq
bəxş edildi. O ruh məndə yaşayan ruhdur. Ona görə də indiki zəmanədə doğulsam
da, karlı bir iş görməyə qadir deyiləm. Gündüz də, gecə də xəyallar içində
yaşayır və elə hey gözəl nəyinsə gələcəyini gözləyirəm. Eynilə alatoranlıqda
körpünün altında heç vaxt gəlməyəcək sevgilisini gözləyən Bisey kimi...
Dekabr
1919-cu il.
Tərcümə
edən: Rövşən Ramizoğlu
Qeyd: Hekayənin
süjeti Sıma Syanın (e.ə. 145–86) "Şi-tszı" ("Tarix")
kitabından götürülüb. Bisey adı (çincə Mi-şen) Yaponiyada verilən sözə ifrat
sadiqlik, eləcə də axmaqlığa yaxın bir sadəlövhlük rəmzinə çevrilib.