
Arkadi Avarçenko. Qızıl əsr (Hekayə)
- 21.06.2020
- 0 Şərh
- 2361 Baxış
I
Peterburqa
gəlişimdə köhnə dostum müxbir Stremqlavovun yanına gəlib ona belə dedim:
-
Stremqlavov! Mən məşhur olmaq istəyirəm.
Razılıqla
başını tərpədən Stremqlavov barmaqlarıyla masanı döyəcləyib papiros yandırandan
sonra masanın üstündəki külqabını hərləyərək ayaqlarını yelləyib - o hər zaman
bir neçə işi eyni anda görürdü cavab verdi.
- Bu
zamanda bir çoxları məşhur olmaq istəyir.
- Mən
"bir çoxları deyiləm" deyib təvazökarlıqla etiraz elədim.Vasilyev
soyadını daşıyan birisinin Maksimıça çevrilib eyni zamanda Kandıbin kimi həyat
sürməsinə, qardaş, hər gün rast gələ bilməzsən. Bu çox nadir gedişlərdəndi.
- Sən
çoxdan yazırsan? - Stremqlavov soruşdu.
- Nə...
Yazıram?
- Bəli!
Nəsə yazırsan yəqin!
- Mən
heç bir şey yazmıram.
- Aha!
Deməli başqa peşə seçmisən özünə. Rubens olmaq istəyirsən?
- Mənim
musiqi qavrama qabiliyyətim yoxdu, - mərd-mərdanə etiraf elədim.
- Nəyə
qabiliyyətin yoxdu?
- Sən
dediyin adam olmaq üçün... Adını necə dedin? Musiqiçi...
- Hə,
qardaş, sən lap ağ elədin. Rubens musiqiçi deyil, rəssamdı.
Rəngkarlıqla
maraqlanmadığımdan bütün rus əsilli rəssamların adını xatırlamadığımı
Stremqlavova bildirib əlavə elədim:
- Mən mələfəyə
düz xətt çəkməyi bacarıram.
- Lazım
deyil. Hansısa tamaşada oynamısan?
-
Oynamışam. Ancaq haçan ki, səhnədə əsərin qəhrəmanı olan aktrisaya sevgimi
izhar eləyirdim, səsimdə elə bir ahəng əmələ gəlirdi ki, elə bil mən piano
daşıdığım üçün ondan araq pulu tələb edirəm. Teatrın sahibi dedi ki, mən gedib
həqiqətən kürəyimdə royal daşısam, daha yaxşı olar. Qovdu məni.
- Sən nəyin
bahasına olursa-olsun məşhur olmaq istəyirsən?
- İstəyirəm.
Unutma, mən düz xətt çəkməyi bacarıram!
Stremqlavov
boynunun ardını qaşıyıb dərhal başladı bir neçə işi birdən görməyə. Kibrit
qutusundan bir çöp götürdü, yarısını dişiylə bölüb kağıza bükərək səbətə atdı,
saatını çıxartdı və fit çalaraq dedi:
-
Yaxşı. Səni məşhurlaşdırmaq lazım gələcək. Bilirsən, bir tərəfdən hətta
yaxşıdır ki, sən Rubenslə Robinzon Kruzonu səhv salıb kürəyində royal
daşıyırsan- bu səni daha səmimi göstərəcək.
O,
dostcasına əliylə çiynimə vurub söz verdi ki, ondan nə asılıdırsa, yerinə yetirəcək.
II
Ertəsi
gün iki qəzetin "İncəsənət xəbərləri" bölməsində qəribə sətirə rast gəldim:
-
"Kandıbinin səhhəti yaxşılaşır".
- Qulaq
as, Stremqlavov, - onun yanına gedib soruşdum, - nəyə görə mənim səhhətim
yaxşılaşır? Mən axı xəstə deyiləm.
- Belə
lazımdır, - Stremqlavov dilləndi, - sənin barəndə verilən ilk xəbər gözəl
olmalıdır... Kiminsə sağalmağı camaatın çox xoşuna gəlir.
- Onlar
bilirlərmi Kandıbin kimdi?
- Xeyr.
Ancaq indi artıq sən onların marağına səbəb olmusan və hamı görüşdükləri zaman
bir-birinə xəbər verəcək: "Kandıbinin səhhəti yavaş-yavaş düzəlir".
-Əgər
içlərindən biri soruşsa: "Hansı Kandıbinin?"
-Soruşmayacaq.
O ancaq deyəcək : "Hə? Mən elə bilirdim ki, onun vəziyyəti ağırdır."
-Stremqlavov!
Axı onlar elə həmin dəqiqə məni unudacaqlar!
-
Unudacaqlar. Ancaq mən sabah qəzetdə yenə bir məlumat yazacam:
"Bizim
ustadın səhhətində..." Sən nə olmaq istəyirsən? Yazıçı? Yoxsa rəssam?
-Yazıçı
daha uyğundur.
"Bizim
ustad Kandıbinin səhhətində müvəqqəti ağırlaşma baş verib. Dünən o ancaq bir
kotletlə iki ilıq bişirilmiş yumurta yeyib. Hərarəti 39.7."
- Bəs şəkil
lazım deyil?
- Tezdi
hələ. Sən məni bağışla, kotlet barədə qeyd verməkçün getməliyəm. Və o, təlaşla
qaçıb getdi.
III
Mən
böyük maraqla yeni həyatımı izləyirdim. Asta-asta, ancaq əməlli-başlı
sağalırdım. Hərarətim düşdükcə mədəmdə sığınacaq tapan kotletlərin sayı artır,
yumurtanı isə indi təkcə ilıq deyil, bərk bişmiş də yeməkdən çəkinmirdim. Nəhayət,
mən nəinki sağaldım, hətta macəraya da atıldım.
"Dünən,
- bir qəzet yazırdı,- vağzalda duellə nəticələnə biləcək hüznlü toqquşma baş
verib. Məşhur Kandıbin istefada olan kapitanın rus ədəbiyyatı barədə söylədiyi
sərt sözlərə qəzəblənərək kapitanı sillələyib. Rəqiblər bir-birlərinə
kartlarını təqdim ediblər."
Bu
münaqişə səs-küyə səbəb oldu. Bəziləri yazırdı ki, sillənin tərkibində təhqir
olmadığından mən hər cür dueldən vaz keçməliyəm və cəmiyyət də
yaradıcılıqlarının ən məhsuldar dövrünü yaşayan rus istedadlarını qorumalıdı.
Bir qəzet
yazırdı:
"Səfehliklərlə
dolu olan ölkəmizdə Puşkin və Dantesin əbədi tarixi yenidən təkrarlanır. Bu
yaxında yəqin ki, Kandıbinin alnına hansısa kapitan Ç.-nin gülləsi dəyəcək. Və
biz soruşuruq- bu ədalətli işdirmi? Bir tərəfdə Kandıbin, digər yandasa heç kəsin
tanımadığı kapitan Ç."
"Biz
əminik ki, - bir başqa qəzet yazırdı, - Kandıbinin dostları onu dueldən vaz
keçirəcəklər. Duelin bədbəxt sonluqla bitəcəyi təqdirdə kapitan Ç.-lə özünün
döyüşəcəyinə and içən Stremqlavovun (yazıçının yaxın dostu) bu xəbəri böyük
marağa səbəb olub."
Yanıma
müxbirlər gəlirdi.
-
Deyin,- onlar soruşurdu- kapitanı silləylə vurmağa nə vadar etdi?
- Axı
siz oxumusunuz, - o rus ədəbiyyatı barədə çox sərt sözlər sərf etdi. Həyasız
dedi ki, Ayvazovski istedadsız cızmaqaraçı olub.
- Axı
Ayvazovski rəssamdır! -müxbir heyrətlə səsləndi.
- Dəxli
yoxdur. Böyük imzalar müqəddəs olmalıdır,- sərt şəkildə cavab verdim.
IV
Bu gün
xəbər tutdum ki, kapitan Ç. biabırcasına dueldən imtina edib, mənsə Yaltaya
gedirəm. Stremqlavovla görüşəndə ondan soruşdum: Mən səni bezdirmişəm ki, məni
başından sovursan?
- Belə
lazımdır. Qoy camaat səninlə bağlı xəbərləri oxumayıb bir qədər istirahət eləsin.
Bir də bu çox gözəldi : "Başladığı yeni əsəri cənubun qeyri-adi təbiətinin
qoynunda bitirmək ümidiylə Kandıbin Yaltaya gedir."
- Bəs
hansı əsəri yazmağa başlamışam?
- Pyes
yazırsan: "Ölümün sərhəddində"
- Teatr
sahibləri səhnəyə qoymaq üçün bu əsəri məndən istəməyəcəklər?
- Əlbəttə,
istəyəcəklər. Ancaq sən deyəcəksən ki, yazdıqların səni qane etməyib və sən
pyesin üç pərdəsini yandırmısan. Kütləyə bu yaman təsir edəcək!
Bir həftədən
sonra xəbər tutdum ki, Yaltada mənim başıma bədbəxt hadisə gəlib: dağa
dırmanarkən dərəyə yıxılıb ayağımı zədələmişəm.
Toyuq ətindən
bişirilmiş kotlet və yumurtayla saxladığım pəhriz barədə uzun və darıxdırıcı
tarix yenidən başladı. Sonra mən sağaldım və nəyə görəsə Romaya yola düşdüm...
Mənim sonrakı hərəkətlərim rabitə və məntiq yoxluğundan əziyyət çəkirdi.
Nitsada
villa alsam da, orda yaşamayıb "Həyatın şəfəqində" komediyasını
bitirmək üçün Bretana səfərə çıxdım. Evimdə çıxan yanğın əlyazmalarımı məhv elədi
və ona görə (tamamilə səfeh hərəkətdi) mən Nyunberq ətrafında bir parça topraq
aldım. Çəkdiyim mənasız əziyyətlər və səmərəsiz pul israfı məni elə bezdirdi
ki, Stremqlavovun yanına yollanıb qətiyyətlə bildirdim:
-
Bezdim. Yubiley istəyirəm.
- Nə
yubiley?
-
İyirmi beş illik.
-
İyirmi beş çoxdur. Sən axı vur- tut üç aydı Peterburqdasan. Onillik yubiley istəyirsən?
-
Razıyam,- dedim. Yaxşı tədqiq edilmiş 10 il mənasız yaşanmış 25 ildən daha dəyərlidir.
- Sən
Tolstoy kimi düşünürsən! - Stremqlavov heyrətlə səsləndi.
- Hətta
ondan yaxşı düşünürəm. Ona görə ki, mən Tolstoyla bağlı heç bir şey bilmirəm, o
isə mənim haqqımda bilir.
V
Bu gün ədəbi
və elmi-maarifləndirici fəaliyyətimin 10 illiyini qeyd edirdim. Təntənəli nahar
zamanı bir qocaman ədib (soyadını bilmirəm) nitq söylədi.
- Sizi
gənclərin qayə təmsilçisi, doğma hüznün və səfalətin tərənnümçüsü kimi
salamladılar, - mən isə ancaq iki kəlmə
deyəcəm, o iki kəlmə ki, ürəklərimizin ən dərin qatından qopub gəlir:
-
Salam, Kandıbin!
-
Salam, - məmnun halda səmimiyyətlə cavab verdim. - Əhvalınız necədir?
Hamı məni
öpürdü.
Rus
dilindən çevirdi: Xuraman Hüseynzadə
"Ədəbiyyat
qəzeti”