
Ataqam. Dişlək alma (Primitivizm üslubunda hekayə)
- 22.08.2020
- 0 Şərh
- 3452 Baxış
Cümə günü Baruti ilə Zurinin qızı
doğuldu. Okadası* ilə müştəri daşıyan Baruti xəbəri eşitcək özünü doğum evinə
çatdırdı.
Uşağı hələ Zuriyə verməmişdilər.
Mamaçanın əmrinə görə körpə bir gün anasından ayrı qalmalı idi. Zuri palatada
var-gəl edir, arada pəncərədən boylanır, Günəşin əyilməsinə baxır, günün bitməsini
gözləyirdi.
Baruti okadasını doğum evinin
qarşısındakı doqoyaro ağacına söykədi, cibinə cınqıl yığdı, ağaca dırmaşıb Zuri
yatan palatanın pəncərəsini daşladı. Zuri pəncərəni taybatay açdı, ağacın
qanadında dişləri ağaran Barutini görüb ürəkləndi, gülümsədi, yançaqlarını
oynada-oynada "Anna-anna-anna-do”* mahnısını oxudu.
- Zuri-Zuri, - Baruti bir əli ilə
ağacın qanadından tutdu, o biri əlini yelləyib qışqırdı, - bəs qızımızın adını
nə qoyaq?
- Baruti-Baruti, - Zuri belinə
doladığı şalı bərkitdi, - bu gün cümə günüdür, gəl bugünün şəninə qızımızın
adını "Afia” qoyaq.
- Zuri-Zuri, - Baruti bədənini
pilolo rəqsindəki kimi oynatdı, - "Afia” adını bəyəndim, olsun!
Şənbə günü Zuri körpəsini
qucağına alıb doğum evinin darvazasına çıxdı. Baruti okadasıyla gəlib onları evə
- Yarobara qəbiləsinə aparmalı idi, amma o, gözə dəymirdi.
Afia ağladı. Zuri gözətçi damının
turkana* muncuqları sallanan pəncərəsindən ona heyranlıqla baxan ortayaşlı
kişini çağırdı. Kişi cəld Zurinin yanına gəldi, baş əydi, "Adım Kvamedir,
xanım-xanım” - deyib durub gözlədi. Zuri körpəni ona verib yaxasını açdı, süd
dolu iri döşünü çıxardı, gözətçidən körpəni alıb həyətdə gəzə-gəzə uşağı əmizdirdi.
Aradan bir saat keçdi. Barutinin okadasının
tırıltısı eşidilmədi. Zuri Barutinin gəlməyəcəyini anladı. Ağlamsındı. Yaş gözlərinə
dolan anda Afia qığıldadı. Zuri dərindən nəfəs alıb toxtadı. "Zuri-Zuri, -
öz-özünə dedi, - ağlama, axı sənin belə göyçək qızın var! Görürsən, lap atası
Baruti kimi gözəldir!”
Kvame gözətçi damından Zuriyə hələ
də göz qoyurdu. Zurinin çoxdan gözlədiyini, həm də öz-özü ilə danışdığını görüb
ona yaxınlaşdı:
- Xanım-xanım, görürəm, dərd sizi
basıb, üzünüzə kədər qonub. Əriniz gəlmədiyinə görə qəmlənirsiniz?
Zuri başı ilə təsdiq etdi.
- Ay aman, vay aman, işi çıxıb yəqin,
- Kvame Zuriyə bir az da yaxınlaşdı, - heç gəlməyəcək? Deyirəm, yəni heç gəlməyəcək?
- əlinin kəskin hərəkətiylə havada "tamam” işarəsi cızdı.
- Bilmirəm axı. Nə bilə bilərəm
ki? Gəlsəydi, indiyə gəlmiş olardı, - Zuri çiyinlərini çəkdi. – gəlməyibsə, demək
gəlməyəcək.
- Onda.., - Kvame bir addım geri
çəkildi, üst-başını çırpdı, barmaqları ilə qıvrım cod saçını şanalayıb birnəfəsə
dedi, - onda mən sizin əriniz olum, xanım-xanım? Adımı bilirsiz, Kvamedir,
boyumuz da uyğun gəlir.
Zuri gözətçini başdan ayağa
süzdü:
- Düzdür, boyumuz uyğun gəlir. Həm
də yaraşıqlısınız.
Kvame Zuriyə iki dəfə baş əydi.
- Cənab-cənab, - Zuri tərəddüdlə
soruşdu, - siz qızımın atası olacaqsınız, ya mənim ərim?
- Mən sizin əriniz olacam, siz də
körpənizin anası, - elə bil, gözətçi cavabı əvvəldən hazırlamışdı.
Zuri bir az fikirləşdi.
- Yaxşı, olsun, razıyam. İndi
hara gedək?
Kvamenin içinə narahatlıq doldu.
O, bunu üzünə qonmuş çaşqınlıq ifadəsilə çox aydın büruzə verdi.
- Mənim itambim* sizə layiq
deyil, xanım-xanım, sizin eviniz yoxdur bəs?
- Eh, cənab-cənab, yoxdur mənim
evim. Barutinin evinə gedə bilmərəm. Neynək, gəlin, sizin itambiyə gedək.
- Baruti sizin keçmiş ərinizdir,
hə, xanım-xanım?
- Hə, keçmiş ərimin adı elə idi.
Yaman yaxşı oğlanıydı, gəlib çıxmadı. Canı sağ olsun təki. Təzə ərimin adı
Kvamedir, - Zuri bunu yavaşca dedi, qızını qucaqladığı əlinin dalı Kvamenin
tüklü qoluna toxunanadək ona yaxınlaşdı.
- Kvamedir, bəli, xanım-xanım,
Kvame, müdrik Coabın oğlu mehriban Kvame; ütəlgi adamdır, zəhmətkeş kişidir,
bir keçisi var, - Kvame azacıq fasilə verdi, - bir dəfə evlənmək istəyib,
nişanlısı onu atıb gedib, - Kvame yenə nəsə demək istədi, sözü dodaqları
arasında sıxıb saxladı.
Zuri Kvameyə toxunmuş əlini onun
tüklü qoluna sürtdü. Kvamenin gözü güldü, Zuridən üzr istəyib işdaşının dalınca
qaçdı. Bir azdan Kvamenin yanınca gözünü ova-ova əsnəyən bir oğlan gəldi,
açarları götürüb gözətçi damına girdi.
Kvame Zuridən körpəni alıb qabağa
düşdü, Zuri də sevincək onun dalınca getdi. Onlar yola çıxıb iki okadas
saxlatdılar. Bir okadasçının tərkinə bürüncəklə sinəsinə Afianı bağlamış Kvame,
o birinin tərkinə Zuri minib Kvamenin qəbiləsinə - Saritaraya getdilər.
***
Kvamenin daxması Zurinin düşündüyündən
xeyli səliqəli idi. İç-çöl divarları hamar suvaqlı, döşəməsi Barutinin
daxmasındakı kimi malalanmış gərmə-təzəkdən yox, gilə düzülmüş qamışdan idi.
Küncdə bambukdan düzəldilmiş ensiz qırxayaq çarpayı vardı. Divardan bir neçə
qamış dolab asılmışdı.
Kvame Zurini körpəsilə evdə qoyub
qəbiləyurdun ayağındakı həsirüstü bazara getdi, bazardan iki toyuq, səhər yeməyi
kosai və funkaso üçün lazım olan paxlaları, günorta yeməyi tuvo və miya üçün
pomidor, soğan, ədviyyat, kuskus, kilişi şişliyi üçünsə ət aldı.
Sevincdən Kvamenin ürəyi
atlanırdı. "Nə yaxşı özünü toparlayıb sözünü Zuriyə deyə bildin, ay
utancaq-tumançaq!” – Kvame səbətin qulpunu bir çiynindən o birinə keçirib
düşündü, istədi atıla-atıla yerisin, səbətdəki toyuqları yadına salıb fikrindən
daşındı.
Kvame evə çatan kimi ərzağı
Zurinin qabağına düzdü.
- Zuri-Zuri, sən bunları yerbəyer
elə, mən keçini rahatlayım, çimmək üçün su qızdırım.
Zuri Kvameni təriflədi; onun
yaxşı kişi olduğunu, evi səliqəli saxladığını dedi. Kvame xoşhallandı, başını
aşağı salıb ayağının burnu ilə döşəməni eşdi.
Kvame keçini yemləyib qazanda su
asdı. Su qızanacan daxmasının ətrafına bir neçə dəfə dolandı, quru otla üstünü
örtdüyü qamışlardan iki iri qucaq ayırdı. Çimmək üçün daxmanın kəllə qapısından
girişi olan təkadamlıq qamış çiməcəyin dəlmə-deşiyinə ot tıxadı, (özü çiməndə o
deşiklərdən Mara çayına axışan zebra və sığın sürülərinə baxmağı xoşlayırdı),
su qazanını gətirdi, qazana soyuq su qatıb ilitdi, uzun dəstəkli taxta parçı,
cansiləni asılqandan alıb qazanın yanına qoydu.
- Zuri-Zuri, yorulmusan, gəl çim,
dincəl.
Zuri sevincək Kvamenin yanına gəldi,
arxasını Kvameyə döndərib paltarlarını soyundu, Kvame parçla Zurinin başına,
boynuna, çiyinlərinə su tökdü, Zuri yaxalandı, cansiləni belinə dolayıb üzünü
Kvameyə çevirdi:
- Kvame-Kvame, canın sağ olsun,
pilə kimi kişisən. Daxman nəm çəkməsin, dirəklərin kif tutmasın, keçin hər il
cüt doğsun, nə yaxşı sənin kimi kişiyə ürcah oldum, ölmüşdüm, cimdim, dirildim.
Kvame alqışa sevindi, tərifdən
utandı. Araya söz qatmaq üçün dedi:
- Zuri-Zuri, sən get rahatlan, mən
də gedim yemək bişirim.
Zuri daxmaya girdi. Afia
çarpayının ayağında səbətin içinə salınmış nalçanın üstündə yatırdı.
Kvame ocağı təzədən qaladı, xörək
qazanına su doldurub ocağa asdı. Qamışların qabığını soydu, bir yarısını qolu
boyda, o biri yarısını qıçı boyda ölçüb kəsdi.
Zuri Kvamenin yanına gəldi.
Əynində Kvamenin bənövşəyi köynəyi vardı. Köynək əyninə gen olurdu. Zuri ərinə
məftunluqla baxdı.
- Kvame-Kvame, güclü kişi,
yorulmaz kişi, nə düzəldirsən?
- Zuri-Zuri, sənin qızın Afiaya
beşik düzəldirəm, yerdə yatmasın, axı çarpayıda ikimiz yatacağıq, - Kvame
qamışları iplə hörə-hörə ləzzətlə güldü, - Ömür boyu beşik düzəltməyi
arzulamışam, - üz ifadəsi qəflətən sərtləşdi: - Zuri-Zuri, bilirsən o toyuqları
niyə almışam?
Zuri soruşdu:
- O toyuqları niyə alımısan,
Kvame-Kvame?
- Onları qəbiləxana verəcəm ki,
bizim evlənməyimizə razı olsun.
- Kvame-Kvame, birdən qəbiləxan
razı olmadı, onda bəs mən kimə ərə gedərəm?
- Yox, icazə verər, Zuri-Zuri, qəbiləxan
müdrik adamdır. Çox müdrikdir, - Kvame dikəlib Zurinin qarşısında dayandı, -
ağılı az olana ağıl verir, çətinə düşənə yol göstərir. Bilirsən nə gözəl sözlər
bilir?! Deyir, adam qocalanda harda oturacağını bilmək istəyirsə, cavanlıqda
harda durduğunu yadına salsın. Ya da bu, - Kvame uğundu, üzünə bir neçə yüngül
şillə vurub gülməyini kəsdi, - deyir, pullu meymuna ərə getsən, pul qurtarar,
meymun qalar.
Zuri əlini əlinə vurub xeyli
güldü.
Kvame beşiyi hörüb tamamladı,
daxmanın orta dirəyi ilə sağ tirinə ip bağladı, beşiyi ipdən asdı, hər tilinə
fil sümüyü ilə meyvə dənələrindən düzəldilmiş muncuq dəsti bağlayıb Zuriyə
baxdı:
- Zuri-Zuri, sənə bir söz deyim,
gülmə.
- De, Kvame-Kvame, qorxma, gülmərəm.
- Bir dəfə.., - Kvame sözünə ara
verdi, başını daxmanın qapısından çıxarıb ətrafda kimsənin olub-olmadığını
yoxladı, - Zuri-Zuri, bir dəfə özümə yellənən yataq düzəltmək istəyirdim, düzəltdim
də, amma... bilirsən, heç demə, yellənən yataqda tək yatmaq olmurmuş, adam
yırğalandıqca, elə hey istəyir ki yanında ayrı adam da olsun. Başa düşürsən,
Zuri-Zuri? Acığa düşüb yatağı sökdüm.
Zuri əlini Kvamenin cod saçına çəkdi.
Kvame onun əlini ovcuna alıb öpdü, tez də dönüb daxmadan çıxdı.
Kvame əlində qığıldaşan iki
toyuq, başını daxmanın qapısından içəri salıb yarıpıçıltı: "Zuri-Zuri, mənim cənnət
almam, darıxma, sən bir mahnı oxu, mahnın bitənəcən qayıdacam” - deyib getdi.
***
Kvame evə gec qayıtdı. Kefi təlx
idi. Zuri Kvamedən heç nə soruşmadı, eləcə, onun qabağında durub gözlərinə
baxdı.
- Zuri-Zuri, - Kvame əzgin səslə
dedi, - qəbiləxan müdrik adam deyilmiş, axmağın lap yekəsi imiş, sarsaqların
öndəgedəniymiş, apardığım başıboş toyuqlar ondan ağıllı imiş!
Zuri Kvameyə yaxınlaşdı, onun əlindən
tutdu:
- Kvame-Kvame, müdriklər
porumlayıb, axmaqlar çoxalıb, sarsaqlar artıb, başıboşlar dünyanı ağzına alıb,
özünü üzmə, de görüm, nə olub?
- Nə olacaq, Zuri-Zuri, -
Kvamenin boğazına qəhər yığıldı, başını əlləri arasına aldı, - atam Coab yaxşı
deyirdi ki, xarab başın qoxusunu burun duymaz. Qəbiləxan toyuqları sevincək
qapdı, ötürdü hininə, qayıdıb əvvəl dedi, qırx gün cültəşməyək, sonra nə fikirləşdisə,
dedi, bizim evlənməyimizə köhnə qayda ilə icazə verir.
Zuri hürkmüş at kimi bir neçə
addım geri sıçradı, saçını üzünə töküb sifətini qapadı.
- Kvame-Kvame, axı o qayda çoxdan
aradan çıxıb, indi insanlar dəyişib. Yox, yox! İstəmirəm! Mən qəbiləxanın
yatağına girməyəcəm! - Zuri həyəcandan çöməldi, tez də durdu, - bəs indi biz
neyləyək, Kvame-Kavame? Bəlkə.., -Zuri otağa göz gəzdirdi, divardan asılmış
çapağı götürüb Kvameyə uzatdı, - bəlkə sən onu öldürəsən?! - əlini çapağın tiyəsinə
sürtdü, - çapağı dikinə başına vur, öləcək.
Kvame Zuriyə yaxınlaşdı, çapağı
ondan aldı, saçlarını üzündən yığdı, alnından öpdü.
- Başqa əlac yoxdur, Zuri-Zuri, mənim
qayışbaldır cüllütüm, mənim qızılboyun flaminqom, həyatda bəzən düşünülmüş
yanlış qərarlar vermək lazım gəlir, məsələn, mən nişanlımdan ayrılanda, daha
doğrusu, nişanlım məni atıb gedəndə, qapının ağzında durdu, - Kvame qapıya tərəf
gedib ayaqlarını yerə vurdu, - bax elə burda dayandı, mənə acıqla baxıb dedi:
"Kvame-Kvame, qoca zahı cavan hadıxdan yaxşıdır. Dur durduğun yerdə, ardımca baxma,
dalımca gəlmə!” Mən ondan ötrü çox darıxdım, amma qəti qərar verdim ki, heç
vaxt onun ardınca baxmayacam, dalınca getməyəcəm! Axı qara dəməyini boz divara
zəiflər dayayar. Bax indi də elə bir yanlış, amma ciddi, sərt qərar vermək
zamanıdır, Zuri-Zuri, məni anlayırsan? Keçmiş adətlər tumboa kolu kimidır,
yapalaq yarpaqları yanır, kökü qalır. Amma mən Kvameyəm, Coab oğlu Kvame! Çətin
işlərin öhdəsindən gələ bilən qırx yaşlı dünyagörmüş kişiyəm, - Kvame yüngülcə
sinəsinə vurdu, səsini qısdı, - uzun həyatımdan götürdüyüm dərslərdən ən
vacibini deyim, yadında saxla, Zuri-Zuri: Boğduğun dərd - dərdlərin ən
şirinidir. Sən ürəyini üzmə, həll edəcəm, - Kvame çapağı başı üzərinə qaldırdı,
qətiyyətlə bağırdı: - Kifayətdi! Bəsdi! Yetər! Yəni tamam!
Zuri daxmanın küncünə sıçradı:
- Deməli, sən onu öldürəcəksən, hə,
Kvame-Kvame?! Mənim qonuryalmanlı aslanım! Mənim incəzolaq pələngim!
- Zuri-Zuri, mən onu ağır dərdə
salıb diri-zarıncı edəcəm, birdəfəyə öldürməyəcəm, ölümünü sonsuzluğa qədər
uzadacam. Bilirsən necə?
Zuri sual dolu baxışlarını Kvameyə
zillədi.
- Keçimi verəcəm ona, mumlasın!
Mumlaya-mumlaya çatlasın! – Kvame sirr açırmış kimi pıçıltı ilə dedi.
Zurinin gözünə işıq gəldi,
yaxınlaşıb Kvamenin çapaq tutan əlini öpdü.
Kvame çapağı yerinə asdı, qapıya
tərəf bir addm atıb qanrıldı:
- Zuri-Zuri, sənin o işlərdən
başın çıxır, hə? - əllərini atası Coabın ən ağır söyüş saydığı "Mara çayında
avar çəkən dəli mzunqular*” kimi geri apardı, - istəyirəm, qəbiləxana deyim ki,
sən o dərsləri keçmisən.
Zuri əlini qarnına sürtüb gülə-gülə
dedi:
- Kvame-Kvame, huşsuz kişi,
başsız kişi, yadından çıxıb bəyəm? Mənim Afiya boyda qızım var! Qəbiləxana de
ki, sənin Zurin o dərsləri əzbər bilir!
Kvame razılıqla başını tərpədib
qapıdan çıxdı. Dirəyə bağladığı keçinin ipindən yapışıb qəbiləxanın evinə tərəf
sürdü.
***
Zuri su şırıltısı eşidib daxmanın
kəllə qapısını açdı. Kvame çimirdi, Zurini görən kimi dəsmala sarındı.
- Kvame-Kvame, canın yanmasın,
soyuq su ilə çimirsən?!
- Içim qızıb, Zuri-Zuri. Həm də
su ilinib, qorxma, soyuqlamaram. Sən yeməyi qızdır, mən də gəlirəm.
Süfrə başında Kvame həyəcanlı
görünürdü. Zuri isə çox sakit idi. Kvame taxta çəngəli hər dəfə qiyməyə batırıb
ağzına aparanda sevgi ilə Zuriyə baxır, qiyməni udan kimi "bu gün xörək yaman
dadlı çıxıb!” deyirdi. Zuri hər dəfə Kvameyə bir cür cavab verirdi: "Nuş
olsun”, "Qut tutsun”, "Canına yayılsın”.
Yeməkdən sonra Kvame süfrəni
yığışdırdı, qabları qazana qalaqlayıb qapağı örtdü.
- Axşam düşür, Zuri-Zuri, gedək
yataq.
Zuri başını qapıdan çıxarıb çölə
baxdı:
- Kvame-Kvame, gün hələ batmayıb
axı, belə tez yataq?
Kvame də qapıya çıxdı, batmaqda
olan Günəşə baxdı:
- Əcəb işdir! Günəş bu gün batmaq
istəmir, -Zuriyə baxıb çiyinlərini çəkib güldü, - bilmirəm, mən tələsmişəm, ya
Günəş gecikib?
Zuri də Kvameyə qoşulub güldü.
Gün batdı. Kvame bir necə gərilmə
hərəkəti elədi, şalvarını soyunmaq üçün yanını qırxayaq çarpayıya qoydu.
Çarpayının çitəmə bambuk ayaqları cırıldadı.
Afia oyanıb ağladı. Zuri körpəni
beşikdən götürüb əmizdirdi, bələyini dəyişdi, dəyişəyi büküb çölə çıxdı. Kvame
şalvarının kəndirini bağlayıb cəld Zurinin dalınca qaçdı. Çöldə hava mülayim
idi. Sərin meh Kvamenin üzünü yaladı. Ağcaqanad da az idi. Kvame Zuriyə
yaxınlaşıb pıçıltı ilə dedi:
- Zuri-Zuri, axı qırx gün çoxdur.
Bəlkə, azaldaq? Qəbiləxan ikimizə qırx gün verib, deməli, hərəmizə iyirmi gün
düşür.
Zuri onunla razılaşdı:
- Hə, Kvame-Kvame, ərdəmli kişi,
tədbirli kişi, düz deyirsən, azaldaq, qəbiləxan kimin ayağının kiminkinə
dolaşdığını nə bilə bilər?
Zuri ilə Kvame daxmaya
qayıtdılar. Afia yatmışdı. Kvame çırağın işığını azaltdı, şalvarını, alt
tumanını soyundu, köynəyi soyunmaq istəyəndə yatağın ensiz olduğunu, Zuri ilə
ikisinin yatağa sığışmayacağını anladı. Çarpayının qabağında dayanıb başını
qaşıdı.
Zuri paltarını sivirib çıxaranda
Kvamenin başını qaşıdığını gördü.
- Başındakı qayğıları qaşıyırsan,
mənim ayğırım?
Kvame köynəyinin ətəyini aşağı
dartıb budortasına çatan həcəmətini örtdü, Zuriyə tərəf döndü:
- Zuri-Zuri, ikimiz bu çarpayıya
sığışmarıq axı, bəs neyləyək?
Zuri çarpayıya yaxınlaşdı, əlini
yataq boyu aşağı-yuxarı çəkib dedi:
- Ayaqlarımız bir-birinə öyrəşənəcən
baş-ayaq yataq.
Yebo!*- Kvame qəliz məsələyə asan
çarə tapıldığı üçün sevincdən əlini dizinə vurdu.
Kvame ilə Zuri başayaq yatdılar.
Zuri bir ayağını Kvamenin qarnından aşırdı, o biri ayağını qatlayıb damın
bambuk divarına söykədi.
Kvamenin gözünə yuxu getmirdi.
- Zuri-Zuri, - Kvame Afianı
oyatmamaq üçün astadan dedi, - düzünü de, çarəsizlikdən mənə ərə gəlmisən, hə?
Zuri cavabı uzatmadı:
- Hə, Kvame-Kvame, Afia ilə
ortalıqda qalmaqdan bərk qorxdum. Sən də düzünü de, Kvame Zuri olsaydı, qorxmazdı?
Kvame mızıldandı, nə deyəcəyini
saf-çürük eləmək üçün Zurinin baldırına bir neçə dəfə sığal çəkdi:
- Kvame Zuri olsaydı, bərk
qorxardı, düz deyirsən, Zuri-Zuri.
***
Kvame səhəri dirigözlü açdı.
Zuri zümzümə edə-edə Afianı əmizdirirdi.
Kvame Zuriyə işıqlı sabahlar arzuladı, paxlalı kosai kökələri bişirib süfrəyə
düzdü, hər ikisi kökələrini dinməzcə yedi. Kvame süfrəni yığışdırdı, kökələrdən
bir neçəsini büküb çantasına qoydu, Afianın alnından öpüb Zurinin qarşısında
dayandı, ona heyran-heyran baxdı:
- Zuri-Zuri, bədirlənmiş Ay səni
sevirsə, ulduzları boş burax.
- Kvame-Kvame, mənim qayğıkeş ərim,
- Zuri əlini Kvamenin əlinə sürtdü, - get, işlə, pul qazan, indi sənin ailən üç
nəfərdir.
Kvame okadasçıların duracağına tərəf
addımlaya-addımlaya bəxtinə düşən qəfil xoşbəxtlikdən həzz alır, Zurini göylərdən
enmiş cənnət mələyi sanır, baba-nənələrinin buludlarda, ağaclarda, qayalarda
yaşayan ruhuna dua edirdi. Okadasın tərkində oturub tozlu küçələrlə şütüyəndə
belə Kvame başını gah sağa, gah sola əyir, qabaqda gedən maşınların buraxdığı
qalın tüstüyə qarışmış mehin sifətini yalamasını Jokun* müjdəsi sayırdı.
Birinci gün Kvame işdən qayıdanda
beyninə atası Coabın "Qələbə addımla yox, qarışla ölçülür” sözü düşdü. Zuri
kimi yaraşıqlı, cavan, şirindil, əsas da yanıbalalı ahunu tora sala bilməsindən
xeyli fərəhləndi.
İkinci gün də xoş başladı, xoş da
bitdi. Kvame işə gedəndə də, işdən qayıdanda da axirət haqda düşüncələr içində
üzdü. O, doğulmazdan öncə, cənnətdə Orinin* nəzarəti altında düzgün seçim
etdiyini düşündükcə sevinir, bəxtinə alqış deyirdi.
Üçüncü gün Kvame artıq düşünməkdən
yoruldu. Bütün günü başına girən fikirləri tezcə qovdu. Düzdür, naharqabağı
"Görəsən insan südü dadlıdır, ya keçi südü?” sualı onun beynini bir az məşğul
etdi və hətta bunu yoxlamaq üçün ağlından Afianın payından bir az dadmaq da
keçdi, amma keçisini qəbiləxana verdiyini yadına salıb hər şeyi unutdu.
Sonrakı günlər yeknəsək keçdi.
Kvame arada onu qıdıqlayan ehtirasını söndürmək üçün bütün boş vaxtını sığın
buynuzundan müncuq düzəltməyə sərf etdi. Hər gün işdən qayıdan kimi ilk işi düzəltdiyi
muncuq dəstini Afianın beşiyindən asmaq olurdu.
On yeddinci günün gecəsi Kvame
yataqdan sürüşüb yıxıldığına görə Zuri Kvameyə ikinci çarpayı düzəltməyi təklif
etdi, amma onun: "Bambuku bu ay kəsmək günahdır, kəssək, uşağın olmaz”
cavabından sonra başayaq yatmağa davam etdilər.
Son iki gün Kvameyə əzablı
quraqlıq ayları qədər uzun gəldi.
Ötən on doqquz gün ərzində Kvame
nəfəs aldığı üçün Emiyə*, onu cənnətə qədər izləyən kölgəsi Ojiji*yə yüz dəfə
dua etdi, Zuriyə qovuşacağı gecə Eleda*ya çəhrayı kəkilli bir toyuq qurban kəsəcəyini
ürəyinin lap dərinliyindən keçirdi.
İyirminci günün səhəri Kvame erkən
oyandı. Canına manqo şirəsi kimi dadlı gizilti yayıldı, kefi kökəldi. Zurinin
topuğunu xeyli tumarladı, sinəsindən köndələn aşırdığı sığallı ayağını ehmalca
qaldırıb yatağa uzatdı.
Kvame iş gününün bitməsini səbirsizliklə
gözləyirdi. Bu gün o hədsiz mehriban olmuşdu; doğum evindən çıxan cütlüklərin
qabağına qaçıb ürəkdən təbrik edir, atanı qucaqlayır, anaya baş əyirdi. Kvame
özü də bir gün Zuri ilə bu qapıdan çıxacağını xəyalına gətirdikcə
qabırğalaranın arası vicildəyirdi. O, bu qapını Zuri üçün ən azı iki dəfə
taybatay açmağı arzulayırdı. Kvame Afiaya bir bacı, bir qardaş istəyirdi.
Övladlarının hər birinə ayrıca itambi tikəcək, çoxlu keçi alacaqdı. Oğlu çəpişlərin
qulağını dişləyib bəyirdəndə Kvame qəşş eləyib qarnını tutacaqdı.
İş gününü bitirib okadas
duracağına gedəndə Kvame yolun qırağında müqəvva kimi dayanıb gözünü uzaqdakı
hansısa məchul nöqtəyə zilləmiş qoca dilənçiyə yanaşdı, ona pul uzatdı:
- Məni yadında saxla, qoca. Mən
Zurinin əri Kvameyəm.
Dilənçi bulanıq gözlərini aramla
endirib Kvameni süzdü, əlinin dalı ilə pul geri qaytardı, astadan dedi:
- Zurinin əri, görürsən də, ölə
bilmirəm.
Kvame nə cavab verəcəyini fikirləşincə,
qoca uzaqlaşdı.
Kvamenin canına qor doldu.
Ayaqları keyidi. Atası Coab can verəndə dediyi "Ölüm insan ömrünün sağalmayan
yarasıdır” sözlərini yadına saldı, kefi tamam pozuldu. Səki daşının üstündə
oturub başını əlləri arasına aldı. Tanış okadasçı qoluna toxnub onu fikirdən
ayırmasaydı, hələ çox oturacaqdı.
Kvame daş yolda okadasdan düşüb
evinə tərəf addımladı. Daxmasının iyirmi addımlığında ağaca söykəli qara okadas
görəndə dalağı sancdı. Daxması gözündə qaraldı.
Kvame daxmanın qapısını ehiyatla
açdı. Zuri bardaş qurub oturmuşdu; bir əli ilə Afianın beşiyini yırğalayır, o
biri əli ilə başını onun dizinə qoyub uzanmış oğlanın saçını tumarlayırdı.
- Zuri-Zuri, bu məxluq kimdir?! –
Kvame qorxu qarışıq acıqla soruşdu.
- Bu, Barutidir, Kvame-Kavame,
doğum evinin yanındakı okadasçılardan soraqlaşıb, axtarıb məni tapıb. Yaman
yorulub. Deyir, okadası ilə qırxbuğum saçlı bir şəhərli qızı aparırmış, qızın
ondan xoşu gəlib, gediblər şəhərdə yaşamağa, şəhər əvvəl xoşuna gəlib, sonra
bezib, qayıdıb. İndi bir yerdəyik.
- Zuri-Zuri, bəs indi Coabın oğlu
yazıq Kvame neyləsin?!
Zuri dinmədi.
- Bu insan bizdə qalacaq,
Zuri-Zuri? – Kvame çaşqınlıqla soruşdu.
- Bilmirəm, Kvame-Kvame, elə
bayaqdan onu fikirləşirəm. Sən ağıllı kişisən, bəlkə sən deyəsən?
Kvame fikrə getdi. Bir neçə dəfə
dərindən nəfəs aldı, başını buladı, dişlərini qıcayıb dedi:
- Yaxşı, oyansın, ona çətin
suallar verəcəm, tapsa, üçümüz də bir evdə yaşayarıq, tapmasa, çıxıb gedər öz qəbiləsinə.
Zuri Barutini silkələdi. Baruti
gözlərini açdı, əlini tənbəl-tənbəl döşəməyə dayaqlayıb oturdu, alnını dizinə
söykədi. Kvame onun sağına-soluna keçdi, sınayıcı nəzərlə onu xeyli süzdü.
- Baruti-Baruti, - Kvame acıqla
dedi, - sən Zurini itirmişdin, mən tapdım, indi bizdən nə istəyirsən?
Baruti gözləri ovdu:
- Mən itirməmişdim, özü itmişdi.
- Sən əlindəkini dəyərləndirə
bilmirsən! -Kvame səsini qaldırdı, - Zurinin ayaqları artıq mənimkinə öyrəşib.
Dur, çıx get tapışdığın o şəhərli qızın yanına.
Baruti əsnədi:
- Şəhər yeməklərini bəyənmədim.
Barutinin etinasızlığı Kvameni
daha da hiddətləndirdi.
- Sən evləndin, qızın doğuldu,
arvadınla qızını doğum evində qoyub qaçdın. Sən ailənin nə demək olduğunu
anlamırsan! - Kvame Barutinin ayağına bir təpik vurdu, - de görüm, sən niyə evlənmişdin?
Baruti başını dizindən ayırmadan
Zurinin donunu qaldırdı, əlini onun paçası arasına soxub laqeydliklə dedi:
- Evlənmişdim ki, əl atanda bax
bu ubulili* əlimin altında olsun.
Zuri qaqqıldayıb güldü, Barutinin
qulağını dartdı.
- Əlini çək! O ubulili artıq mənimdir,
- Kvame Barutiyə qıcandı.
Zuri onları sakitləşdirdi.
Çantasından iki alma çıxarıb birini Barutiyə, birini də Kvameyə uzatdı:
- Savaşmayın, alma xartladın.
Unutmayın, üstünü mamır örtmüş müqəddəs daşlarımız, qanadlarını yelləyib bizimlə
danışan ağaclarımız deyir ki, evdə iki kişi, bir qadın varsa, son sözü qadın
deyər, - Zuri kibrit qutusundan iki çöp çıxardı, əvvəl Kvameyə, sonra Barutiyə
göstərdi, - baxın, bu çöplərdən birinin ayağını qırıram, kim uzun çöpü çəksə,
bu gecə ubulilim onun olacaq.
Zuri ayağa durdu, çöpləri
Kvamenin gözü qarşısına tutdu. Kvame tərəddüdlə əlini çöplərə uzadıb tez də çəkdi:
- Zuri-Zuri, mən səni sevirəm!
Zuri çöpləri Kvamenin burnunun
ucuna yaxınlaşdırıb sərt tonla dedi:
- Kvame-Kvame, şeir vaxtı deyil,
çöp çək!
Kvame əlini bir neçə dəfə çöplərə
aparıb qaytardı, sinəsini hava ilə doldurub üfürdü, çöpün birini çəkdi.
Kvame nə qısa çöpü çəkməsindən, nə
də Zurinin aşkar sevinclə "Bu gecə ubulilim Barutinindir!” sözlərindən incidi,
onun qəlbi otağı yığışdıranda dolçanın yanına düşmüş ikinci qırıq kibrit çöpünü
tapanda cilikləndi.
Kvame axşam yeməyini həvəssiz
bişirdi. Kəfkir dalınca daxmaya girəndə Zuri ilə Barutinin öpüşdüyünü görüb lap
dilxor oldu.
***
Baruti ilə Zuri bir-birini
çimdikləyə-çimdikləyə yatağa girdilər. Kvame Afianın beşiyi altında yerə döşək
salıb uzandı, dalını ikrahla çarpayıya tərəf döndərdi, bədəninin hərəkəti ilə
yataqdakılara kimin altda, kimin üstdə uzandığının onun vecinə də olmadığını
çatdırdı.
Qırxayağın cırıltısı, Barutinin kəhiltisi,
Zurinin iniltisi artdıqca, Kvame şirin yuxuda olan Afianın beşiyini daha bərk
yırğalayır, sallanan muncuqların şaqqıltısı ilə canını üzən səsləri boğmağa
çalışırdı.
Baruti ilə Zuri işlərini bitirdilər.
Baruti yataqdan durub çubuq yandırdı, çubuğu sümürə-sümürə barmaqları ilə
divarı əsəbiliklə taqqıldadan Kvamenin yanından saymazyana keçdi, daxmanın
qapısında əyniyalın dayanıb çubuğa bir neçə qullab vurdu, təzədən yatağa
qayıdıb Zuri ilə başayaq yatdı.
Kvame səhəri əzgin açdı; bütün əzaları
sızıldayırdı. Ruhu keyimiş, gözündə ümidin son işartıları da ölmüşdü.
Zuri durub geyindi, Kvameyə
dilucu salam verib çantasını eşələdi. Qamış dolabdan pul götürüb həsirüstü
bazara getdi.
Baruti yüngülcə xoruldayırdı.
Kvame Zurinin arxasınca çıxdı,
ona kömək təklif etdi, Zuri əlini yelləyib onu dala qaytardı.
Kvame daxmada xeyli vurnuxdu; gah
Barutiyə yanaşdı, gah Afianın beşiyinə, gah da başını daxmadan çıxarıb Zuri gedən
tərəfə baxdı. Şalvarını soyundu, hər ayağın ucunu ayrıca düyünlədi. Başını
daxmanın qapısından bir dəfə də çıxarıb ətrafa baxdı, sakitlik olduğunu görüb,
ehtiyatla çarpayıya yaxınlaşdı. Şalvarın bir ayağını Barutinin sinəsindən
aşırıb çarpayının altından qapdı, ucları sağ əlinə yığdı. Barutinin çarpayıdan
sallanan sol əlini ayaqları arasına aldı, sol əliylə onun sağ biləyindən
yapışdı. Sağ əlinin cəld hərəkətiylə şalvarı Barutinin sifətinə sürüşdürüb
ağız-bununu qapadı, var gücü ilə şalvarın uclarını dartdı. Baruti çapalayıb
durmaq istədi, ayaq atıb daxmanın divarını döyəclədi, amma Kvame güclü
qollarıyla onu qalxmağa qoymadı. Kvame bütün ağırlığını Barutinin üstünə saldı
və gözlədi. Barutinin xırıltısına Afia oyanıb ağladı.
Kvamenin alnında tər puçurlandı.
Hər dəfə tər damcısı yalançı yaz yağışının iri damlası kimi Barutinin alnına dəyib
çırtladıqca, Kvame Barutinin alın yazısının bir hərfini pozduğunu düşünürdü.
Afianın çığırtısı artıqca Kvame
şalvarın uclarını daha möhkəm dartır, sinəsini Barutinin üzünə daha bərk
sıxırdı.
Barutinin çırpınması yavaş-yavaş
səngidi, ayaqlarını son dəfə qatlayıb açdı, qolları boşaldı, bədəni lam düşdü.
Kvame əlini ehtiyatla boşaltdı, ayağını uzadıb Afianın beşiyini yırğaladı.
Kvame Barutinin canını Joka tapşırdığına əmin olan kimi yerə düşmüş bürüncəyi
götürdü, Barutinin cəmdəyinə tüpürüb bürüncəyi onun üstünə sərdi, şalvarının
düyünlərini açdı, bir neçə dəfə çırpıb geyindi. Fikrini dağıtmaq üçün çöməlib həvənkdəstədə
duz əzməyə başladı.
Zuri bazardan kefikök qayıtdı.
"Anna-anna-anna-do” mahnısını zümzümə edə-edə daxmaya girdi, bazarlığı Kvamenin
qabağına qoydu.
- Kvame-Kvame, kefin hələ
durulmayıb?
Kvame dinmədi.
Zuri yatağa təfərə göz atdı:
- Baruti hələ oyanmayıb?
- Yox, oyanmayıb, görünür, gecə
daş daşıyıb, - Kvame Zurinin adını çəkməyib hiss olunan açıqla cavab verdi.
Zuri Kvameyə yaxınlaşdı, əlinin
dalını onun üzünə sürtdü.
- Küsü-küsü küsəyən kişi, acı
dodağını büzəyən kişi, kefini pozma, bəxtin gətirsə, uzun çöpü çəksən, bu gecə
ubulilim sənin olar.
Kvame Zuriyə qeyzli baxış atdı,
istədi bu dəfə çöpləri yoxlayacağını desin, sözünü uddu, əvəzində istehzalı
tonda dedi:
- Bəxtim mütləq gətirəcək!
Zuri onun inamla dediyi sözlərə
işvə ilə cavab verdi:
- Görək də, Kvame-Kvame, bəxtli
kişi, onu ubulili bilər.
Zuri ət doğramağa başladı. Evə
bir neçə atmilçəyi girdi. Zuri əti bir neçə dəfə burnuna yaxınlaşdırıb
qoxuladı, qəssabın qarasınca danışdı.
Daxmada milçəklərin sayı artdı.
Zuri Afianın paltarlarından birini qapıb söylənə-söylənə onları qovmağa başladı.
Zuri əti həyətdə yumağa gedib qayıdanda burnunu tutub Kvameyə çəmkirdi:
- Bu nə iydir, Kvame-Kvame, səndən
gəlir?
Kvame astadan dedi:
- Mən tər-təmizəm, iy sənin
ruhundan gəlir.
Zuri donquldandı. Çarpayıya
yaxınlaşıb mehriban səslə Barutini səslədi:
- Baruti-Baruti, gözəl oğlan,
oyan görək, səhər yeməyinin vaxtıdır, ac qalma.
Barutidən səs çıxmadı.
- Qız atası bu qədər yatağan
olmaz, - Kvame ortaya dedi.
Zuri Barutini oyatmaq üçün onun
ayağına bir neçə şillə vurdu.
- Kvame-Kvame, Baruti oyanmır, bəlkə
sən oyadasan?
Kvame yerindən tərpənmədi. Həvənkdəstəni
daha bərk döyəclədi.
Bir azdan Zuri təzədən çarpayıya
yaxınlaşdı, Barutini çağırdı:
- Baruti-Baruti, yaraşıqlı oğlan,
oyan, səndən it iyi gəlir, get çim, - Zuri onu bir neçə dəfə silkələdi, tərpənmədiyini
görüb Barutinin burnunu sıxdı, onun yenə reaksiya vermədiyini görüb geri çəkildi,
- Kvame-Kvame, deyəsən, Baruti nəfəs almır.
Kvame eyni laqeydliklə dilləndi:
- Bəlkə ölüb?
- Yox, ölməyib. Niyə ölsün? Ölə
bilməz axı!- Zuri inamla dedi, - eləcə, nəfəs almır, Zuri Barutinin üzünə bir
neçə asta şillə vurdu, şillələrin gücünü getdikcə artırdı, Barutinin öldüyünü dərk
etdi, - deyəsən, doğrudan ölüb, Kvame-Kvame. Bədbəxt oldum!
Kvame yerindən sıçrayıb Zuriyə
yaxınlaşdı, onun əlindən tutdu:
- Bədbəxt niyə olursan,
Zuri-Zuri, bəs mən nəyəm, baobab ağacıyam?!
Zuri Kvameyə sıxıldı. Kvame onu
qucaqladı.
- Ölsə, neyləyəcəyik,
Kvame-Kvame?
Kvame onun açıq çiynindən,
boynundan, qulaqlarından öpdü:
- Ölsə, basdıracağıq.
***
Gecəyarısı Kvame ilə Zuri
Barutini bir neçə bürüncəyə sarıdılar, meyiti qamışlığa aparıb Kvamenin orda
qazdığı iki çaladan birində basdırıb qayıtdılar. Kvame bir az dincini alandan
sonra Barutinin okadasını aparıb qamışlıqdakı ikinci çalada basdırdı.
Kvame divara söykənib ayaqlarını
uzatdı. Zuri Kvamenin qarşısında diz üstə çökdü. Onlar çırağın zəif işığında
bir-birinin gözünə baxıb xeyli susdular.
- Kvame-Kvame, - Zuri Kvamenin
ayaqlarını dizləri arasına aldı, donunun ətəyini qurşağına qədər çirməyib dizin-dizin
Kvameyə tərəf süründü, onun şalvarının düymələrini açdı, qucağında oturub
budları ilə onu qucaqladı, - indi mən kiməm? Sən mənə nə ad qoyarsan?
- Sən,.. – Kvame gözlərini yumub
ləzzətlə inildədi, - sən - keçmiş əri qamışlıqda, qızı beşikdə, əri müdrik
Coabın oğlu Kvame olan, ruhunu Oridən almış Zurisən.
Zuri Kvamenin çiyinlərindən
yapışıb özünə tərəf çəkdi, giləsindən süd damcılayan döşünü onun ağzına soxdu,
nəfəsi təngiyə-təngiyə soruşdu:
- Bəs sən kimsən, Kvame-Kvame?
- Mənsə, - Kvame Zurinin döşünü əmə-əmə
ağzının qırağı ilə dedi, - qırx il anasız yaşamış, ruhunu Jokdan almış, Zurinin
əri, Afianın atası Kvameyəm, Zuri-Zuri.
_______________________________
Izahlar
*Okadas -motosiklet-taksi
*Pilolo – cəld hərəkətli rəqs
*Turkana – tayfa. Turkanalılar
zulu və masay tayfaları kimi bəzək əşyaları düzəltməkdə mahirdirlər
*İtambi – qamış daxma
*Mzunqu – "ağ adam”.
Afrikalıların avropalılara verdiyi ad
*Ubulili – vagina, "sevişmə”
*Jok - Tanrı ilə İblisin vəhdəti.
*Emi - nəfəs. İnsanı diri
saxlayan əsas qüvvə. İnanca görə, Eminin yeməyi küləkdən ibarətdir.
*Ojiji – insanın kölgəsi. İnanca
görə, Ojiji sahibini ölənə və cənnətə qayıdana qədər izləyir.
*Eleda – mələk. Qurbanlıq ruhu.
*Ori – "baş”, "beyin”. Ori insanın
uğurlu və uğursuz seçiminə nəzarət edən tanrıdır.
*Yebo – "hə” (Zulu dilində)
*"Anna anna anna do” – Svahili
mahnısı.