
Elçin. Nadir İbadlı və onun son xəstəsi (Hekayə)
- 31.08.2020
- 0 Şərh
- 3594 Baxış
Necə oldu ki, neyrocərrah Nadir İbadlı özünü xoşbəxt
olmağa qoymadı
1
...Sonra Nadirə elə gəldi ki, sol tərəfdə, ondan
iki parta qabaqda, pəncərənin yanındakı partada oturmuş Əminənin başının
arxasında da gözləri var və o, yəni 7-ci sinif şagirdi Nadir İbadlı hər dəfə
arxadan gözlərini Əminəyə zilləyəndə, Əminə də bunu aşkarca görür, hətta nəinki
görür, Nadirin ürəyindən keçənləri də bilir. Ancaq Nadirin ürəyindən nələr
keçirdi? - heç Nadir özü də bunu bilmirdi, sadəcə, Əminənin səliqə ilə hörülmüş
xurmayı hörüklərinə, o hörükləri bir-birindən ayıran dümdüz tağa baxanda Nadirin
içindən ilıq və mehriban bir duyğu keçirdi və həmin anlarda Nadir qorxurdu ki,
birdən kimsə o ilıq və mehriban duyğudan xəbər tutar. Yəqin, elə buna görə də
qışdan bəri Nadir özündən asılı olmayaraq, Əminənin üzünə baxmaqdan çəkinirdi,
danışanda gözlərini qızın iri göy gözlərindən yayındırırdı və belə anlarda
Nadirə elə gəlirdi ki, sifəti pörtüb, qızarıb.
O yaz səhəri birdən-birə, elə bil, Əminə həqiqətən
Nadirin baxışlarını görürdü, əyilib yerə düşmüş karandaşını götürəndə, başını
çevirib altdan yuxarı ona baxdı və Nadir də tez gözlərini Şükür müəllimin
düsturlar yazdığı yazı lövhəsinə zillədi. Tənəffüs zamanı baxışları rastlaşanda
Əminənin sifətindən ani bir təbəssüm ötdü, ancaq o ani təbəssümdən sonra Nadirə
elə gəldi ki, bayaq karandaşı Əminə özü bilərəkdən yerə salmışdı və bunu fikirləşəndə
yenə o ilıq və mehriban duyğu onun bütün içindən keçdi.
İki-üç gündən sonra - cümə günü birinci dərs idman
dərsi idi, Nadir də məktəbin idman zalında kənara çəkilib çustları ayağına geyməyə
çalışırdı - ayağı böyümüşdü, keçən ildən qalma çustlar da balacalaşmışdı və elə
o vaxt ki, Nadir bir ayağı üstə hoppana-hoppana o biri ayağını çusta dürtmək
istəyirdi, birdən Əminə zalın üzbəüz küncündə yığışmış qızlardan ayrılıb ona
yaxınlaşdı, əlini uzadıb:
- Ala,- dedi. - Özüm dərmişəm.
Əminəgilin həyətindəki yazın sonlarında qıpqırmızı
qızarıb yetişən "gülbahar alma" ağacı bütün qəsəbədə ən qollu-budaqlı
məşhur ağac idi və Əminənin atası Sürücü Mərdan on beş-iyirmi il bundan əvvəl
bu "gülbahar alma"nın çubuğunu hardansa gətirib əkmişdi. Qəsəbənin
torpağı, suyu çubuğa düşmüşdü, gözgörəti böyüyüb, ildən-ilə qol-budaq atmışdı və
Əminə də çəpiş kimi bir qız idi, idman zalında tavandan asılmış kəndirlə onun
kimi yuxarı dırmaşan ikinci qız yox idi - o boyda ağaca da dırmaşıb kiçik, amma
çox dadlı, dişləyəndə şirəsi adamın yaxasına tökülən gülbahar almalar dərirdi.
Onun bacılarının, qardaşlarının - Sürücü Mərdangil çoxuşaqlı ailə idi - heç
biri də Əminə kimi o "gülbahar alma" ağacına dırmaşa bilmirdi.
O anlarda ki, Əminə o qırmızı almanı Nadirə
uzatmışdı, qızın əlinin, qolunun, gülümsəyən sifətinin ağappaq və sağlam rəngi,
gülümsəyən iri göy gözləri elə bil, ovucundakı o balaca almanın qırmızısını
daha da artırmışdı - almanın qırmızı qabığı elə bil gün işığının altında idi,
işım-işım işıldayırdı və Əminə:
- Nübardı,- dedi. - Bilirsən də, gərək ürəyində bir
istək tutasan, sonra yeyəsən... - və qızların yanına qayıtdı.
Və həmin gün gecə yatanacan Əminənin ovucundakı o
qırmızı almanın işıltısı, elə bil, üfürülmüş şar kimi Nadirin bütün içinə
dolmuşdu və Nadirin ürəyində o günə qədər heç vaxt hiss etmədiyi bir çəkisizlik
var idi. Şənbə günü də, bazar günü də televizora baxanda da, əlinə kitab alıb
oxumaq istəyəndə də Əminə ovucundakı o balaca qırmızı almanı ona uzadırdı və
Nadir ürəyində nəsə bir istək tutmaq istəyirdi, ancaq düz-əməlli bir istək tapa
bilmirdi.
Bazar ertəsi Əminə dərsə gəlmədi, sonra sinfə xəbər
yayıldı ki, Əminə "gülbahar alma" ağacından yıxılıb, başı zədələnib,
günlər keçdi, Əminə bir də dərsə gəlmədi və əvvəlcə qəsəbəyə xəbər yayıldı ki,
Sürücü Mərdanın qızı tərpənə bilmir, iflic olub, rayon xəstəxanasında da çarə
tapılmayıb, sonra da xəbər yayıldı ki, Sürücü Mərdanın qızı əlil yox, ağacdan
başı üstə yıxıldığı üçün dəli olub.
Şükür müəllim boynundakı rəngi solmuş köhnə qəhvəyi
qalstukunun halqasını boşalda-boşalda və sidq-ürəkdən gələn bir təəssüflə:
- Hayıf o uşaqdan! - dedi. - Yaxşı bir neyrocərrah
olsaydı, qoymazdı ki, qızın taleyi belə qırıq olsun...
Həmin "neyroxirurq" sözü o vaxtdan həmişəlik
olaraq Nadir İbadlının hafizəsinə hopdu.
2
Safçaylı qəsəbəsi dağın lap ayağında yerləşirdi - o
dağdan axıb gələn Safçay isə məktəbin böyründən keçib aran boyu axaraq, Xəzərə
tökülürdü və Safçay qəsəbə camaatının qürur mənbəyi idi - yayda da buz kimi
suyu o qədər şəffaf idi ki, dibindəki daşları saymaq olardı və Əminənin
oturduğu partanın yanındakı pəncərədən o çay elə görünürdü, elə bil sahilindəsən.
Nadir arxa partadan gözlərini o pəncərəyə zilləyirdi və ona elə gəlirdi ki,
Safçaya Əminənin iri göy gözləri ilə baxır - çayın suları axdıqca, Əminənin
gözlərinin göyü də o sularla birgə axıb gedirdi, sonra da Əminə ovucunun içindəki
qıpqırmızı balaca almanı ona uzadırdı.
Və günlər beləcə keçib getdi.
Qəsəbə evlərinin əksəriyyəti Safçayın sol tayında
idi, üç-dörd ev, o cümlədən də Əminəgilin evi isə çayın sağ sahilində idi və
küləkli bir payız günü, günorta 9-cu sinif şagirdi Nadir İbadlı məktəbdən
qayıdanda yolunu dəyişib, taxta körpüdən çayın o biri tayına keçdi.
Əminəgilin çəpəri Sürücü Mərdanın səliqə ilə
düzdüyü bir qat kubik daşların üstü ilə həyətlərini dövrəyə almışdı və həmin
küləkli və kimsəsiz payız günü Nadir evə yaxın bir yerdə o kubik daşlardan
birinin üstünə qalxıb, səhər pərdələri açılmış pəncərələrdən Əminəgilin evinin
içinə baxdı.
Bu birmərtəbəli binanın üç pəncərəsi Nadirlə üzbəüz
idi - Əminənin anası mətbəxdə nəsə
bişirirdi, o biri otaq boş idi, sonrakı otaqda isə Əminə divara söykənmiş kətilin
üstündə oturub, gülümsəyə-gülümsəyə eləcə iri göy gözlərini tavanda hansısa bir
nöqtəyə zilləmişdi və onun uzun xurmayı saçları çiyinlərinə səpələnmişdi, ağ
çit köynəyinin aralanmış yaxasından ağappaq sinəsi, döşlərinin ortası
görünürdü.
Əminənin açıq ağzından axan su çənəsindən döşlərinin
arasına süzülüb, köynəyinin altınacan gedirdi və o anlarda Nadirin içindən bir
koma qəhər qalxıb, xirtdəyinə pərçim olmuşdu. Birdən Əminə gözlərini tavandan çəkib,
azacıq çönərək pəncərəyə tərəf baxdı və Nadir sövq-təbii gizlənmək istədi,
ancaq Əminə pəncərədən iri göy gözlərini açıq-aşkar Nadirə yox, naməlum bir
nöqtəyə zilləmişdi, yenə də eləcə gülümsəyirdi. Pəncərəyə tərəf çönəndə Əminənin
köynəyinin bir yaxası yana çəkildi, döşünün biri tamam açıldı və onun ağzından
tökülən su bu dəfə çənəsindən süzülüb, açıq döşünün üstü ilə axıb, giləsinin
ucundan köynəyinə damcılayırdı.
Sonra Əminə yenə çönüb əvvəlkitək tavana baxdı və əvvəlcə
ağzını yumub elə bil diqqətlə nəsə axtardı, axtardığını tapdı və yenə ağzını
açıb gülümsədi, gülümsəyə-gülümsəyə də tavanda nə tapmışdısa, gözlərini ona
zillədi. Onun ağzından axan su köynəyinin yaxasını tamam yaş eləyib, sinəsinə
yapışdırmışdı və Əminənin döşlərinin giləsi az qalırdı yaş köynəyini deşsin. Həmin
anlarda o bir koma qəhər Nadirin gözlərinə doldu və kubik daşın üstündən düşəndə
titrəyən ayaqları onun sözünə güclə baxırdı.
Nadir gəlib taxta körpünün üstündə dayandı və bir
müddət Safçaya baxdı - küləkdən çayın üzü adda-budda köpüklənmişdi, amma suyu
bulanmamışdı, eləcə dupduru axıb gedirdi - sonra başını çevirib məktəbdəki
sinif otağının həmin pəncərəsinə baxdı. O anlarda Əminənin ovucundakı o balaca
almanın qırmızısı elə bil onun gözlərinin içinə doldu və məktəbin o pəncərəsi də
o qırmızı yaşın içində əriyib yox odu. Nadir gözlərini qapayıb var gücü ilə
sıxdı, sonra yenə başını Safçaya tərəf tutub gözlərini açdı, bütün içindən gələn
qara bir ehtirasla çayın o dupduru axan suyuna tüpürdü və ancaq bundan sonra
Nadir İbadlı elə bil bir az sakitləşdi.
3
Günlər keçirdi və hərdən səhər tezdən məktəbə gedəndə,
ya gecə yatmazdan əvvəl Əminə ovucundakı o balaca qırmızı almanı Nadirə
uzadırdı.
Və soyuq bir qış günü qəsəbəyə çox pis bir xəbər
yayıldı ki, Sürücü Mərdanın qızı Əminə vəfat edib.
Elə həmin gün də Sürücü Mərdan o qollu-budaqlı
"gülbahar alma" ağacını baltalayıb dibindən kəsdi.
Şükür müəllim əlini köhnə pencəyinin yaxasından içəri
salıb ürəyinin üstünü ovxalaya-ovxalaya:
- Yazıq qızcığaz!.. - dedi. - Yaxşı ki, özünün öz
taleyindən xəbəri olmadı. Axı, adam dəli olanda özü bilmir ki, dəlidi. Bizim
ona yazığımız gəlirdi, o yazığın özü isə bəlkə, xoşbəxt idi, bəlkə, öz aləmində
gözəl bir həyat yaşadı...
Şükür müəllim məktəbdə uşaqların ən sevimli müəllimi
idi, ancaq dediyi bu sözlərdən sonra onuncu sinif şagirdi Nadir İbadlı Şükür müəllimə
nifrət etdi və çiskinli-sazaqlı bir payız səhəri Bakı Tibb Universitetinin
ikinci kurs tələbəsi Nadir İbadlı güzgünün qabağında dayanıb, hələ məktəbi
bitirərək Bakıya ilk dəfə gəldiyi vaxt aldığı kostyumun əzik-üzük yaxasını
tarımlamaq istəyəndə birdən-birə Şükür müəllim, Şükür müəllimin köhnə pencəyi,
ütüləməkdən işıldayan qara şalvarı, illər boyu boynuna taxdığı o saralıb-solmuş
qəhvəyi qalstuku, o qalstukun, elə bil əbədiyyət üçün möhürlənmiş düyünü yadına düşdü, Şükür müəllimin sifəti gözlərinin
qabağına gəldi. Elə onda da birdən-birə Nadirin beynindən keçən fikir, onun özü
üçün də tamam gözlənilməz oldu: "Şükür müəllim dünyanın ən bədbəxt
insanıdır" və bu fikir həmin çiskinli-sazaqlı payız günü xarab olmuş lent
yazısı kimi gecə yuxuya gedənə qədər onun beynində fırlandı.
Bakı Tibb Universitetinin üçüncü kursunu əla qiymətlərlə
bitirmiş Nadir İbadlının istedadını və neyrocərrahiyyəyə xüsusi həvəsini nəzərə
alaraq, universitet Elmi Şurasının təşəbbüsü ilə onu təhsilini davam etdirmək
üçün Ak.İ.P.Pavlov adına Sankt-Peterburq Dövlət Tibb Universitetinə göndərdilər
və orada beşinci kurs tələbəsi Nadir İbadlının beyin zədəsi zamanı neyrocərrahiyyənin
aktual probemlərinə yeni baxış mövzusunda yazdığı məqalə Rusiya Elmlər
Akademiyasının "Elmi əsərlər"ində, sonra isə Harvard Universitetinin
və Tokio Dövlət Tibb Universitetinin "Elmi əsərlər"ində dərc edildi.
Universiteti bitirmiş Nadir İbadlı xarici ölkələrin
bir sıra universitet və elmi təşkilatlarından dəvətlər alıb, N.V.Sklifosovski
adına Elmi Tədqiqat İnstitutunu seçdi və Moskvaya köçüb, həmin institutun
neyrocərrahiyyə şöbəsində fəaliyyətə başladı, dörd ilin içində namizədlik və
doktorluq dissertasiyalarını müdafiə etdi. Onun həyat yoldaşı Natalya Natanovna
Zilberman-İbadlı da tanınmış pediatr, tibb elmləri doktoru, professor idi və
olduqca mülayim xasiyyətli, gülərüz bir xanım olan Natalya Natanovna
tanışlıqlarının ilk günlərində Nadir İbadlını necə sevmişdisə, illər keçdikcə də
həmin sevgi saralıb-solmamış, adiləşməmişdi. Nadir İbadlı da, elə bil pediatr
kimi daima uşaqların sağlamlığı ilə məşğul olan Natalya Natanovnanın uşağı idi
- eyni qayğı, eyni nəvaziş, eyni mehribanlıq - və Rusiya Elmlər Akademiyasının
həqiqi üzvü Nadir İbadlı ustad-dərslər keçmək, yaxud xüsusi dəvətlər ilə cərrahiyyə
əməliyyatı aparmaq, yaxud da konqreslərdə iştirak və çıxış etmək üçün xarici
ölkələrə dörd-beş günlük səfərə çıxanda Natalya Natanovnanın özü uşaq kimi
dözümsüz olur, darıxır və narahatlıq keçirirdi.
Natalya Natanovna Nadir İbadlının xasiyyətinin
bütün xüsusiyyətlərinə yaxşı bələd idi, ərinin gündəlik həyatının axarından da
xəbərdar olurdu, ancaq Natalya Natanovnanın bir cəhətdən xəbəri yox idi və yəqin,
heç vaxt da olmayacaqdı ki, bax, elə bu qış günü işə piyada getməyi xoşlayan
Nadir İbadlı küçə ilə addımladıqca, ona sarı uzadılmış o balaca almanın
qırmızısı hər tərəfi bürümüş qarın ağını qıpqırmızı qızardıb, donurmuşdu və
damların, pəncərələrin sürahısından, elektrik dirəklərinin qollarından sallanan
buz salxımlar da eləcə qırmızı içində idi. Macal taparaq bomboz buludların
arasından sızıb gələn gün işığı o qanlı buz salxımlarının üstünə düşürdü və o
buz salxımlardan süzülən damcılar, elə bil, iri göy gözlərini tavana zilləyib
gülümsəyən Əminənin ağzından axıb, damcı-damcı ağ çit köynəyinin yaxasına düşən
şirə idi, Nadir İbadlının gözlərini bulaşdırırdı.
Nadir İbadlı ayaq saxlayıb gözlərini yumdu və
kirpiklərini bir-birinə sıxıb, bir müddət eləcə dayandı və ayaqlarının altında
qalan qarı xışıldada-xışıldada o tərəf-bu tərəə gedib-gələn adamlar şübhə ilə
ona baxıb yəqin, fikirləşirdilər ki, ürəyi tutub, ya nədisə, ağsaçlı,
ağsaqqallı, kübar görkəmli bu adam özünü pis hiss edir, hətta yaşlı bir qadın,
dayanıb:
- Vam pomoçğ? ("Sizə kömək lazımdır?") -
deyə soruşdu.
Nadir İbadlı gözlərini açıb gülümsəyərək:
- Net, spasibo. - ("Yox, çox sağ olun.")
dedi, yenə təkrar etdi: - spasibo. ("Çox sağ olun.") - və o da ayağının altındakı qarı
xışıldada-xışıldada yoluna davam etdi.
Əminə ovucundakı o balaca qırmızı almanı ona
uzadanda qışa, yaza, yaya, payıza baxmırdı, bunun vaxtını Əminə özü təyin edirdi,
hərdən də təkrarən:
- Nübardı, - deyirdi. - Bilirsən də, gərək ürəyində
bir istək tutasan, sonra yeyəsən...
Hərən də Nadir İbadlının beynindən eyni bir fikir
keçirdi: o zaman bir istək tutmağı bacarmadı, indi isə istək tutmağın mənası
yoxdur.
4
Safçaylı qəsəbəsinin camaatı iki şeylə fəxr edirdi:
bir Safçayla, bir də Moskvada yaşayan məşhur akademik Nadir İbadlıyla və Nadir
İbadlı uzun ayrılıqdan sonra heç kimə xəbər vermədən Moskvadan Bakıya uçdu, elə
həmin gün də qatarla Safçaylıya gəldi.
Qəsəbəyə Nadir İbadlı ilə bərabər, elə bil gözlənilməz
bir bayram gəlmişdi və qəsəbə camaatının sidq-ürəkdən gələn ehtiramını və məhəbbətini
görən Natalya Natanovna xoşbəxt bir təbəssümlə tez-tez:
- Nadir, kak oni iskrenno löbət i vosxihaötsə
toboy!.. ("Nadir, onlar necə də səni ürəkdən sevir və səninlə fəxr edirlər!..")
- deyirdi.
Safçayın üstündəki taxta körpünü söküb, yerində
yaraşıqlı bir daş körpü salmışdılar, kənarlarını da qırmızı kərpiclə hörmüşdülər
və Nadir İbadlı qəsəbəyə gəlişinin üçüncü günü səhərin gözü açılmamış o
körpünün üstündə Safçayın axıb gedən o dupduru sularına baxırdı. Dan yeri
söküldükcə o kərpiclərin qırmızısı suyun üzünə çökürdü və körpüyə qədər şəffaf
gələn su körpüdən sonra zəif qızartı ilə axıb gedirdi - illər də beləcə axıb
getmişdi. O məktəb də, o pəncərə də yox idi, yerində park salmışdılar, təzə məktəbi
də, görünür, başqa yerdə tikmişdilər və Nadir İbadlı gözünü parkdakı o
boşluqdan çəkib, yenə Safçayın get-gedə qızartısı daha da aydın görünən axar
sularına baxdı - elə o anlarda da Əminə ovucundakı o balaca qırmızı almanı ona
uzatdı və heç vaxt demədiyi sözləri Nadir İbadlının qulağına pıçıldadı: "
- Mən istəyirəm sən də xoşbəxt olasan...".
O qollu-budaqlı böyük ağacı Nadir İbadlı uzaqdan
görmüşdü və körpüdən keçib ağaca yaxınlaşdıqca onun ürəyi aradan otuz beş-qırx
il ötdüyünə baxmayaraq, eynilə o vaxtkı döyüntü ilə döyünməyə başladı.
Nadir İbadlı ürəyinin bu döyüntüsünü də o ağac kimi
tanıdı.
O ağac - böyük, gözəl bir "gülbahar alma"
ağacı idi.
Çəpərin yerində indi həyəti kubik daşla hörülmüş
hasar əhatə etmişdi və o birmərtəbəli binanın da yerində indi ikimərtəbəli,
geniş eyvanlı bir bina dayanırdı.
Əminənin anası, görünür, nəvələri dərsə, böyükləri
işə yola salmaq üçün tezdən dururdu və həmin səhər də birinci mərtəbədəki mətbəxin
pəncərəsindən qəflətən hasarın arxasında dayanmış Nadir İbadlını görəndə,
arvada elə bil gözlənilməz bir ruh gəldi, evdəkiləri səsləyə-səsləyə:
- A bala, ay uşaq, görün kim gəlib!.. Düşün
aşağı!.. Düşün!.. - və cəld addımlarla həyətə çıxdı: - Xoş gördük sizi!.. Xoş
gördük!.. Gəlin içəri!.. Gəlin!..
Dərsə getməyə hazırlaşan uşaqlar, işə gedən böyüklər,
elə bil arvadın bu haray-həşirinə bənd idilər - ikimərtəbəli binanın bir dəstə
sakini - kimi köynəyini geyinə-geyinə, kimi şalvarını düyünləyə-düyünləyə, kimi
donunun ətəklərini hamarlaya-hamarlaya həyətə doluşdu, uşaqların səsi, qız-gəlinlərin
pıçıltısı, böyüklərin dəvəti: "- İçəri buyurun, professor!.. Nadir müəllim,
buyurun, buyurun içəri!.. Xahiş edirik!.. " - hamısı bir-birinə qarışmışdı
və o saat hiss olunurdu ki, bu ikimərtəbəli binada yaşayan böyük və səsli-küylü
ailənin yaxşı güzəranı var.
Əminənin bu illər ərzində qocalmış, ancaq
diriliyini, üst-başının səliqə-sahmanını itirməmiş anası da, onun övladları da,
nəvə-nəticələri də bu məşhur həmyerlilərini gördükləri üçün açıq-aşkar sevincək
olmuşdular və Nadir İbadlının o qollu-budaqlı ağaca baxdığını görən arvad xoş və
mehriban bir təbəssümlə:
- Gülbahar almadı da... - dedi. - Bilmirəm,
yadınıza gəlir, ya yox, rəhmətlik Mərdan gətirib əkmişdi. Sonra dibindən kəsdi
o ağacı. Ancaq nə yaxşı ki, kökündən bu çubuq qalxdı, təzədən beləcə boy atdı.
- Sonra gözgörəti bir ruh yüksəkliyi ilə: - Əşşi, ağac heç e!.. Siz gəlin, sən
Allah, içəri keçin! Heç olmasa, bir stəkan çayımızı için!..
... Və elə bil bu həyətdə, bu qəsəbədə, bu dünyada
hamıdan tez "gülbahar alma" ağacına dırmaşıb, o şirin qırmızı
almaları dərən Əminə adında bir qız yaşamamışdı.
Uşaqların, böyüklərin səsi bir-birinə qarışmışdı:
- İçəri gəlin!..
- Heç olmasa şəkil çəkdirək!..
- Biz sizinlə fəxr edirik!..
- Qonağımız olun!..
- Sizinçün nə edək?
Əminənin anası yəqin, Nadir İbadlının uzaqlarda
yaşadığına görə ürəkdən gələn bir səmimiyyətlə:
- Şükür Allaha, hər şeyimiz var. - dedi.- Bizim yeməklərdən,
ürəyiniz nə istəyir, deyin, mən özüm bişirim sizinçün!..
... Və Nadir İbadlı iti addımlarla bir-birinə
qarışmış o səslərdən uzaqlaşdı.
5
Sinoptiklər deyirdi ki, həmin il Moskvada hava çox
şaxtalı olacaq və Nadir İbadlı o şaxtalı qış səhəri üzü buz bağlamış qarı
addımlarının altında xışıldada-xışıldada işə tələsirdi - bir saatdan sonra
beyin əməliyyatına başlayacaqdı və belə vaxtlarda o, həmişə fikrini - yüngül
olsun, çətin olsun, fərqi yox idi - növbəti əməliyyatda cəmləşdirirdi, ancaq bu
dəfə heç cürə fikrini toplaya bilmirdi, çünki birdən-birə, elə bil qəflətən iynə
ilə onun beyninə vurulan fikir Nadir İbadlını sarsıtmışdı: o, bu uzun illər
boyu beyin zədəsinə görə psixikası pozulmuş yüzlərlə insanı sağaltmışdı, deməli...
deməli belə çıxır ki, onları Əminə kimi gözlərini tavana zilləyib gülümsəyə-gülümsəyə
xoşbəxt olmağa qoymamışdı?
Və nə olsun ki, Əminənin ağzından axan su sinəsinə
tökülürdü - Əminənin özünün ki, bundan xəbəri yox idi. Sağaltdığı insanları isə
Nadir İbadlı yenidən qayğılar, düşüncələr, hiss-həyəcanlar aləminə qaytarmışdı?
Və onların heç biri Əminə kimi tavanda axtardığını
tapıb xoşbəxt bir təbəssümlə gülümsəməyəcəkdi?
Sonra Əminə o balaca qırmızı almanı ona uzatdı.
Nadir İbadlı gedə-gedə bu dəfə balaca qırmızı
almaya yox, Əminənin iri göy gözlərinə baxırdı - əvvəllər belə bir şey
olmamışdı və iri göy gözlərə baxa-baxa da nəyi isə xatırlamaq istəyirdi, ancaq
heç vəchlə xatırlaya bilmirdi.
O, əməliyyata başladığı zaman da eləcə nəyi isə
yadına salmaq istəyirdi, amma nəyi? - fikrinə gətirə bilmirdi və Nadir
İbadlının əlləri bu dəfə elə bil uzun illərin təcrübəsi nəticəsində əməliyyatı
onun müdaxiləsi olmadan öz-özünə müstəqil aparırdılar. Kəllə sümüyü açılmış xəstənin
sifəti sterilizə olunmuş ağ ilə örtülmüşdü və dörd saatlıq əməliyyat bitdikdən
sonra Nadir İbadlı həmişəki kimi assistentlərinə, anastezioloqa, tibb
bacılarına baxıb gülümsəyərək, sağ əlinin baş barmağını qaldırdı, yəni ki,
hamınızı təbrik edirəm, bu çətin əməliyyat da uğurlu keçdi.
Elə bu anlarda da o, səhərdən bəri xatırlamaq istədiyini,
deyəsən, nəhayət ki, xatırladı: rəhmətlik Şükür müəllimin sifəti, yay-qış əynindəki
köhnə pencəyi, ütüləməkdən dizləri işıldayan qara şalvarı, illər boyu boynuna
taxdığı o saralıb-solmuş qəhvəyi qalstuku, o qalstukun elə bil əbədiyyət üçün
möhürlənmiş düyünü Nadir İbadlının gözlərinin qabağına gəldi və o, hələ rezin əlcəklərini
çıxarmadan, əvvəlcə öz ağzını, burnunu örtmüş tənzifi aşağı saldı, sonra da xəstənin
sifətini örtmüş ağı ehmalla aşağı çəkdi.
Ətrafındakılar onun bu hərəkətinə bir az təəccüb
etdilər, çünki adətən, əməliyyat qurtaranda indicə olduğu kimi, onlara baxıb
gülümsəyib, baş barmağını qaldırıb, sonra əmliyyat otağından çıxaraq, öz
kabinetinə gedirdi və xəstə ilə onlar məşğul olurdu.
Nadir İbadlı ayaq üstə dayanıb, xəstəyə baxırdı və
çox soyuqqanlı idi, qətiyyən həyəcanlanmırdı, sadəcə, nəbzi beynində vururdu və
bu da, əlbəttə, keçib gedəcəkdi.
O, xəstəyə baxa-baxa elə bil lap əvvəldən bilirdi
ki, əməliyyat etdiyi xəstə kimdir, bilirdi ki, cərrahiyyə taxtında uzanmış budəfəki
xəstə o özüdür və bu dörd saat ərzində özünün kəllə sümüyünü qaldırıb öz
beynindəki şişi çıxartmışdı.
Bu - nə idi?
Qarabasma idi?
Nadir İbadlının, - elə bil ilğım içində
yayıla-yayıla, itə-itə - beynindən bir fikir keçdi: yox, bu dərəcədə qarabasma
ola bilməz.
6
Əminənin iri göy gözləri tavanda axtardığını
tapdığı o anlarda olduğu kimi, gözəl, mehriban və azad bir təbəssümlə gülümsəyirdi.
Yenə ovucunda balaca qırmızı alma uzatmışdı.
Kimə?
Cərrah Nadir İbadlıya, yoxsa əməliyyatdan
sonra reanimasiya otağında gözlərini
yumub uzanmış xəstə Nadir İbadlıya?
13 may 2018
Bakı