
Əli Babazadə. Cümə namazı (Hekayə əvəzi)
- 24.07.2020
- 0 Şərh
- 4965 Baxış
- Yaşar
müəllim, hərdən ürəyimdən namaz qılmaq keçir e... olar ki, ancaq həvəsim çəkəndə
qılım? Günahdı elə eləmək?
Qəsdən
sual verdim, kefim kök idi. Yaşar müəllim qanrılıb üzümə zilləndi, qaşlarını
yüngülcə düyünlədi. Daha ətraflı izahat verdim:
- Bir nəfər
mənə dedi ki, bu namazı ələ salmaqdı, adam ya gərək qılsın, ya gərək
qılmasın...
İlahiyyatdan
başım pis çıxmır, amma həmişə Yaşar müəllimə belə axmaqcasına və sadəlövh
suallar verirəm ki, həvəslə cavablandırsın. Belə suallara cavab verəndə qiyamət
canfəşanlığı var. İndi bir tərəfdən də öz-özümə dedim ki: "Yekə oğlansan,
ayıbdı, eləmə”
Yaşar
müəllim təzəcə dəstəmaz almışdı, köynəyinin qollarını düyməliyə-düyməliyə qətiyyətlə
dedi:
-
Yox... O elə deyil ki. Onu belə deyirlər, ona görə ki, yəni az-az qılan da
namaza gəlsin, biryolluq qılsın, nəfsinə qalib gəlsin, günah niyə olur ki?!
Yox!
Yan
masada əyləşmiş Anar müəllim qolundan saatı çıxara-çıxara söhbətə girişdi:
- Onu
kim deyə bilər ki Allahdan başqa? Sən qıl, günahı mənim boynuma... – ardınca da
şirin-şirin gülümsədi, qarayanız, zəhmətkeşlik, qətiyyət və təvazö yağan sifəti
işıqlandı.
Yaşar:
- Anar,
başlama yenə hoqqa çıxarmağa, elə söz deməzlər... – dedi. - Günahı mənim
boynuma, yox bir... Qılırsan, gəl sən də biznən gedək cüməyə, Anar gedib-gəlsin,
sən də get dəstəmazını al.
Ooo, əla!
İstədiyim yar idi, yetirdi pərvərdigar! Dünən Coysun xristian katarzisinə aid
bir hekayəsini oxuyub, necə dilxor olmuşdumsa, (heç xoşum gəlmir o
quruboğazdan) oxşar mövzuda abırlı bir hekayə yazmaq üçün zəncir gəmirirdim.
Coysdan nəyim əskik idi e mənim? Təklif yerinə düşdü, inşallah, həriflər də özlərini
yaxşı aparsa, abırlı hekayə əmələ gələcək, gedim namaza görək nə çıxır.
- Eyy,
Yaşar, ehh, - Anar dostyana rişxəndlə başını buladı.
- Amma
Anar müəllim, həmin adam o mənada deyirdi ki, yəni adam belə eləməknən pis
nümunə olur başqalarına...
Əgər "o
adam” varsa, belə bir adam tanıyıramsa, mənə nə deyirsiniz, deyin. Haçan belə
artist uşaq oldum, heç özümün də xəbəri yoxdu, inanırsız? Niyə yapışmışdım
Anarın yaxasından, onu da bir Anarın Allahı bilir.
- Onda
sən də gizlincə elə bildiyini – Anar yenə şirin-şirin gülümsədi.
Qız
olsaydım, yanaqlarından tutub çimdikliyərdim, ya da o qız olsaydı, nəsə də,
özünüz başa düşdünüz.
Anar müəllim
çıxıb dəstəmaz almağa getdi, ardınca da mən.
Az
sonra üçümüz də Yaşar müəllimin maşını ilə məscidə şütüyürdük. Anar yolda
zarafatından qalmırdı:
-
Yaşar, ay Yaşar, - nəsə məzəli bir əhvalat danışmağa hazırlaşanda həmişə o
şirin gülüşü ilə Yaşarı çağırır, - Yaşar, deyir, iki dost olur, yaman yeyib-içən
uşaqlar olur, aralarından su da keçmirmiş. Bir gün elə olur ki, ikisi də dinə-imana
gəlir, içkinin daşını atır. Amma biri sünni olur, biri şiə. Ondan sonra hər gün
qırırlar bir-birini. He-he-he.
- Hı-ha-ha
– özümü saxlaya bilmədim.
Yaşar
müəllim rulu bura-bura maşınıın qabaq güzgüsündən tərs-tərs mənə baxdı.
Acıqlı-acıqlı:
- Lap
zayın çıxarıblar e – dedi. – Anar, sən inanırsan ki, belə lətifələrin hamısını
dini gözdən salmaq üçün qoşurlar. Sən də uşaq kimi kimnən nə eşitdin, hara
çatdın danışırsan.
- A,
yaxşı Yaşar, sən də bəsdi də - Anar hələ də şirin-şirin pıqqıldayırdı.
- Yox
ki, ay Anar, sənə xırda şey kimi gəlir, amma elə deyil. Təkcə o deyil ki. Bəs
şeytan belə vəsvəsə verir də adama. Biz elə özümüzü bu cür ələ sala-sala yəhudilər
bizi bu günə qoyub da.
Yenə
yapışdı yəhudilərdən. Biz müsəlmanların fikrinə qalsa, yəhudilərin işi-gücü
qurtarıb, gecə-gündüz oturub bizi güdürlər.
Anar
boğazını arıtladı, daha dillənmədi. Yaşar Anardan cəmi iki yaş böyükdü,
(Yaşarın qırx iki yaşı var) Anar həmişə böyük kimi onun hörmətini saxlayar və
mübahisə etməz. Bu isə mənim hekayəmə heç cürə sərf eliyən şey olmadığı üçün təzədən
topa gülə qoydum:
- Yaşar
müəllim, indi mən orda möhürnən namaz qılsam.. olar da? Bir problem olmaz ki...
- Yox,
nə problem olacaq, mən həmişə möhür qoyub qılıram – Anar tezcənə dilləndi.
- Yox,
niyə problem olsun ki.
Əhli-sünnə
məzhəbində olsa da, Yaşarın belə məsələlərdə loyal adam olduğunu unutmuşdum
lap. Möhür söhbətindən bir şey çıxan deyildi.
-
Əhli-sünnə qardaşlara görə deyirdim e, Yaşar müəllim... Eşitmişəm ki, onların məscidində
möhürnən namaz qılana əyri-əyri baxırlar... - ətim töküldü e, öz sözlərimə,
amma neyniyim, Coysun başı batmasın.
- Yox,
sən dediyin əxilərdi... Əxi bilirsən də kimə deyirlər??
-
Yox... – yalansa, mənim... – mənasını bilirəm e, Yaşar müəllim, ərəbcə qardaş mənasını
verir, səhv eləmirəmsə.
- Hə,
düzdü, qardaş mənasını verir, bizdə isə vəhhabilərə deyirlər.
Yaşar
bu cür məlumatlar verəndə özünü peyğəmbərin nümayəndəsi, risalətin carçısı kimi
hiss eliyir. Səs tonundakı o anlaşılmaz, qeyri-müəyyən məsuliyyət və zəhmlə
cavab verməyindən bilirəm bunu. Yəqin, "əmr be məruf”a (1) əməl etdiyini fikirləşir.
Tək Yaşar deyil ki. Xarabada kim bir-iki dənə dini kitab oxuyub, ya özünü təbliğ
etməyə borclu bilir, ya da tənqid.
- Anar,
Nofəl əsanı da gətirəcək özüynən, baxarsan. Min manat pul verib, Ankarada düzəltdirib.
Əsadı belə, əsa... içində qılınc.
Olmadı
ki, Yaşar müəllim, mən səhərdən bu qədər barıt işlədim, sənin Nofəlin də, bütün
planlarımı korlasın, əhh.
- O nə əsadı
elə, ay Yaşar?
Ölürəm
də, Anarın bu uşaqca təəccüblənməyi üçün...
Çatdıq.
Yaşar maşını park eliyənəcən Anarla məscidin giriş qapısınacan gəlmişdik. Elə
bir ucdan adam axışırdı. Qapıda iki polis maşını dayanmışdı. Ortada nəsə söz
olsun deyə Anara maşınları göstərib dedim:
- Anar
müəllim, adama xoş təsir bağışlamır e, bu polis maşınları... Elə bil, dini təhlükə
mənbəyi kimi göstərir kənardan. Guya burda nolacaq ki polislər gəlib qapını kəsdirib?
- Hə,
ay sağ ol. Hərdən mən də fikirləşirəm onu.
Qoyaram
heç, Anar nədənsə belə narahat olsun ürəyində?!
- Amma
bir tərəfdən də, Anar müəllim, adicə futbol oyunu-zadı olanda da, polis olur
da. Nə fərqi, ha namaz, ha futbol... – Anarın qaşları çatıldı. Görəsən yenə səy-səy
nə danışdım?! – Yəni, ictimai yığıncaq varsa, Anar müəllim, polisin olmağının
yaxşı tərəfi də var. İraq, iraq, nəsə olsa, yerində müdaxilə edə bilərlər.
- Hmm,
- Anar əlini gödəkçəsinin cibinə soxub baxışları ilə məscidin həyət qapısandan
daxil olan adamların içərisində Yaşarı axtardı.
"Danışa-danışa
lap batırıram, Anar başqa cür başa düşmədi görəsən? Mənə deyən lazımdı axı, nə
itin azıb Coys oxuyursan? Oturmuşdum işdə, çayımı içirdim də, əhh... Ha çay, ha
namaz, ha futbol... Yaxşı, gijdəmə, yığışdır özünü. Amma bular da, ağ eləməsin
də, özlərini adi aparırlar e lap, hekayə yazmalıyam axı”.
Məscidin
tavanı şəffaf materialla örtülmüşdü, səma görünürdü başımızın üstündə. Lacivərd
səmada nəsə bir hüzn vardı, qış günəşi isə sevinc içində idi. Xalçaların altına
da, elə bil kombi qoşmuşdular, qəşəng istilik verirdi. Ayalla, xalçaların
xırda, güllü naxışları, tağ şəklində haşiyələri, ipəyinin mavisi – nə qəşəngdi,
nə qəşəngdi, off! Dalinin mavisinə oxşayır. Heç deyəsən, Dalidə orda elə rəng
yoxdu e, mənim niyəsə Dali yadıma düşdü. Dalinin də başı batsın, şizofren köpəkoğlu!
- Əlif
həm hərfdir, həm də rəqəmdir. Bu rəqəmlər bir sirrrridir ki... – şiə
mollalarının bu ləhcəsindən bezdiyim az idi, bu da əhli-sünnənin imamı.
"Sirrridir... – lüğətdə başqa "r” qaldı görəsən?”.
- Bəs
niyə Rəsulullah buyurub ki, sizə Quranı əmanət edirəm, bir də sünnəni?
Səsi nə
cırdı bu imam-cümənin, başıma düşür. Şiə mollaları da deyirdi Quran və əhli-beyti
əmanət eliyib. Hansına inanasan?
- Ona
görə bəs, ümmət yetmiş üç yerə parçalanacaq, içlərindən yalnız biri haqq
olacaq...
Hə,
bunu düz deyir, yetmiş dördüncüsü haqqdı.
- Bəs,
aya sən, eşitməmisən ki, "bütün ins və cins yığışa, ona bərabər bir ayə gətirə
bilməz?”...
Sənkimilər
yığışa, gətirə bilməz də, taxtabaş e, kirimək bilmir ki, iki rükət əyilib-durum.
Ölənlərin rəhmət, Cavid, nə yaxşı demişdin e, Çexovun hər hekayəsi bir ayədir.
Cavid dostumdu. Ürəyim açıldı, sözləri yadıma düşəndə. Amma bir az özümü
yığışdırım, ağzımdan söz-zad qaçırıb eliyərəm, indi di gəl də...
Bu
camaat da bardaş qurub, boynunu elə büküb ki, elə bil, bu cırsəsli imam-cümə
kvant fizikasının sirlərini izah eliyir, bunlar da tupoy kimi başlarını dikiblər
aşağı. Elə kvant söhbəti də ayə kimi bir şeydi. Əşşi, hər nəisə, iki rükət
namaz qılsaydım...
- Nofəl
hələ gəlmiyib? Gəlin keçək də qabağa, ortada niyə dayanmısız?
Yaşarın
səsidi.
- Bura
yaxşıdı e, Yaşar, gün düşür, istidi, Nofəl də qapıdan girən kimi görəcək, -
Anar dilləndi.
- Hə, nə
deyirəm....
Çömbəlib
bardaş qurduq.
Əslində,
dindarlığı olmaya, Yaşar çox yaxşı adamdı. Ürəyiyuxadı. Yaşar dindar olmasaydı
da, kasıb-kusuba əl tutardı, amma dindardı deyə niyyətini qarışdırır, deyir
"Allah rizası” üçün. A kişi, "Allah rizası” elə odur ki, bunu "Allah rizası
üçün” eləmiyəsən də... Hələ qadın məsələsində özünü necə sıxır, of-of, onun
yerinə ürəyim ağrıyır. Hamısı bu əldəqayırma imam-cümələrin moizələri
ucbatından.
- Hər
il dünyada bir milyon insan intihar edir...
İmam-cümə
basıb bağlıyır, ya doğrudan bir milyon adam intihar eliyir? Əşşi, eliyir-eliyir
də, böyük həngamə imiş e, elə bil.
-
Hamısı nəyə görədi? Amerikanın filmlərinə baxırlar...
Sən
Allah, inqilabın mətləbə nə dəxli?
- Bizdə
də bəzi avam camaat deyir ki, müsəlman ölkələrində zorakılıq baş alıb gedir, hər
yan terror, hər yan qan gölü... Bir maraqlanırlar ki, Amerika cəmiyyətinin
özündə nə qədər eybəcərliklər var? Aya bunları dilə gətirən varmı ki... İndi
Allah Cəllə və Cəlaluhunun hər şeydə bir hikməti var...
Şiə
mollaları da deyir, "Allah Təbarəkə və Təala”, bunlar Allahlarını da ayırıblar.
- Sən
heç cürə bilməzsən ki, Allah hansı xeyrin içində hansı şərri, hansı şərrdə
hansı xeyri gizlədib.
Allah
xeyirdə şərr gizlədib? Nə deyir ə bu?
- Əməl
var ki, sənə xeyir görünər, amma içində şərr, fitnə gizlənib. Mən indi təkrar
etmiyim, siz eşitmisiniz, Xızır peyğəmbərnən Musa peyğəmbərin əhvalatını...
Hə,
yaxşı ki düzəltdi.
Yaşar təsbeh
çevirirdi, elə də diqqət toplamışdı ki, elə bil, Mariya Maqdalena-zaddı, vəcd
halına qapılıb. Anar məscidin sütununa söykənib, səmaya baxırdı. Gözlərində
uzaqlar var idi, uzaqlar... Mənə elə gəldi ki, bu boşboğaz imam-cümənin Anara
moizə oxumağı hörmətsizlikdi.
- İndi
bəzi avam camaat müsəlman dünyasının bu ağrılı vəziyyətinə baxıb dindən üz çöndərir.
Amma o üz çöndərənlər bilməzlər, Allah Cəllə və Cəlaluhunun nə hikməti var
bunda...
Bunu
deyəsən düz dedi, amma a kişi, Allah denən qurtarsın-getsin də, gərək Cəllə və
Cəlaluhu yapışdırasan böyrünə?
- Məgər
biz bilmirik ki, bu terror qruplarını silahlandıran kimlərdi? Bu zorakılığın
maliyyə dəstəyi hardandı? Məgər siaeyin və mossadın...
Hə bilirsən,
nolsun ki? Yaxşı ki, Ərdoğan mossadnan siaeyin adını saldı bunların ağzına.
-
Analar, körpə uşaqlar necə görünməmiş vəhşiliklə qətlə yetirilir bu gün islam
coğrafiyasında...
Oturmuşduq
da, nə qanımızı qaraldırsan? Ağıllının biri ağıllı.
- Bir
ana təsəvvür edin, balası qucağında, ona öz hənirini, istisini verir, şaxtadan
qorumaq üçün, hər yan buz, çovğun, şaxta-sazaq... Ana uşağı donmasın deyə, diqqət
elə burasına, ey müsəlman, ana körpə balası, donmasın deyə, əynindəki jaketi
soyunub balasına bəliyir, özü isə şaxtada, çovğunda donur...
Zalımoğlu,
heç olmasa axırda Ənvər Məmmədxanlıya rəhmət oxuyacaqsan, ya hədis kimi
sırıyacaqsan gedəcək?...
Bir də
gördüm əlində qara parçalı, uzun bir çubuğu yellədə-yellədə dolu bir kişi
yaxınlaşır. Çubuq əcəb yellənirdi, elə bil troyalı döyüşçülərin nizəsidi. Zaman
duyğusunu qarışdırmağa başladım, bir bu əskik idi.
- Nofəl,
gəl.
Hə, Nofəl
bu imiş ki. Març-murç. İndi gəl ayağa qalx, bu Nofəlnən görüş, nə də olmasa, on
beş-iyirmi bayram böyükdü hamısı mənnən. Nofəl əyləşdi. Qarışıqlıqda eşitmədim,
görəsən, imam-cümə rəhmət oxudu, oxumadı? Əşşi, babalı öz boynuna, Allah rəhmət
eləsin Ənvər Məmmədxanlıya.
- Bəli,
əzizlər, bu gün müsəlman dünyasının belə bir obrazı yaranıb bütün dünyada...
İmam-cümə
"obraz” deyəndə lap dilxor oldum. A kişi, sənin ədəbiyyat terminləriynən nə
işin var axı? Moizəvi oxu da, hamam suyuynan özünə dost tutur e, elə bil. Mən də
deyəsən ağ eləyirəm axı, obraz deyəndə nolacaq ki? Deyə bilməz bəyəm? Dedi,
dedi də, sözdü, kim necə istiyər, elə də danışar, dünya dağılmayacaq ki.
- Nofəl
parçasını çıxar, əsanı göstər də Anara.
Nofəl
"çubuğun” qara parçasını çıxardı. A, əsa bu imiş ki! Nə qəşəngdi, bu! İşləməli,
naxışlı, laklanmış sapı elə nəyə desən dəyər. Anar əlinə götürüb
orasını-burasını çevirdi, gözləri ilə əsanın sapına bir şpris məhəbbət
fısqırdıb qaytardı:
- İçinə
qılınc üçün yeri başından açmıyıblar ha, böyrünü çərtiblər, fikir ver, Nofəl, -
barmağı ilə nəsə göstərdi, Yaşar da o tərəfə əyildi.
Bu
adamlar olur e, əlinə bir şey götürən kimi necə, nə cür düzəldildiyini o saat
başa düşür, qəribə adamlardı onlar, heç başa düşmürəm bunu o saat necə bilirlər.
Yanımda
bir nəfər gəlib durdu. Gələnlər get-gedə artmağa başladı. Biryolluq keçin içəri
qapını bağlıyın da, eh, soyuqdan donduq. Lap tünlük oldu. Yaşar mənə çöndü:
- İndi
nafilə namazı qılınacaq, dörd rükət, sən qılmazsan, ondan sonra cümə xütbəsi
oxunacaq, ondan sonra cümə namazı başlayacaq.
Keçmə də
bu nafilələrdən, vacibləri elədik, qaldı nafilə.
Nofəl
başı ilə məni göstərib tez soruşdu:
- Qardaş
namaza təzə gəlib, ay Yaşar?
Hə, ay
Nofəl, elə yanından keçirdim, dedim, bir gəlim, görüm nə var, nə yox. Səyləriz
qırılsın elə, "ədəbiyyata gəlir” deyənlər az idi, bu da burdan çıxdı.
- Yox,
qardaş biznən işliyir, - Yaşar Nofələ izah etməyə girişdi, - qılıb əvvəllər.
İndi ürəyindən keçdi, dedim, gəl gedək cüməyə.
Bir də
bu "qardaş”lardan olmaya da.
Nofəl çəpəki
qabağımdakı möhürə baxdı. Ax, Nofəl ax, al, verim gözünə sürt, yeməli şey
olsaydı, yenə dərd yarı, möhürdü də. Amma əsa əntiqədi, öz aramızdı.
- Yaşar
müəllim, olmaz bəyəm, siz nafiləni qılanda mən də qəza qılım?
Əlbəttə,
olar, Yaşardı da, görüm nə deyəcək.
- Olar,
niyə olmur ki.
Hə,
müctəhid fətvanı verdi, babalı Sərvərin boynuna. Gələn-gedən də möhürümü
tapdalayır. Yaşar dilləndi:
-
Möhürü götür, bunlar hamısı əhli-sünnə qardaşlardı, şəklərinə getmir ki, ayaq
altda möhür var, hamı yerini tutsun, qoyarsan möhürü, qılarsan.
Yaşar əvvəl
şiə əqidəsində olub, sonra yuxuda nə görübsə, - yox, həqiqətən yuxuda görüb, -
məzhəbini dəyişib, yenə sağolsun, belə şeyləri başa düşür, hörmət qoyur, vəhhabisi-zadı
olsaydı, qanlı qovardı adamı.
Açığı mənə
fərq eləmir, möhürnən, möhürsüz, dombalaq aşa-aşa, ya ayaq üstə. Prosda ki,
xoşum gəlir, çoxun içində azlıq olmaqdan. Qatıq da əslində qaradır.
Müəzzin
azan oxumağa başladı. Arxadan ayaqyalın, yeniyetmə oğlanın biri özünü hövlnak
yetirib əli ilə aramızda özünə yer eləməyə çalışdı. A kişi, gəl min boynuma. Yəqin,
yolda cümə namazının savabı haqqında hədisləri oxuyub, odu indi belə cumur
üstümüzə. Mənim də, üzüyolalığımdan olmaya, birtəhər büzüşüb, buna yol verdim,
ta ayağımı ayağımın üstünə qoyub durmuşdum. Belə baxanda, şəriətlə götürsək,
qiyam qaydasını (2) pozdum, amma öz şəriətim deyir ki, kef elə.
Namaz
başladı.
Axırıncı
dəfə neçə il qabaq qılmışdım, Allah bilir. Bu ərəb sözlərini pıçıldayanda nəsə
özümü gülməli hiss elədim. Özümə dedim ki, bilirsən nə, var, gözləyim, camaat əyilib-duranda,
əyilib duraram, mənnən nə gedir ki. Allah bəndəynən arasını pozan deyil ki belə
şeylərə görə.
Qıraqdan
fikir verən olubsa, sözləri demədiyimi görüb, öz aləmində fikirləşib ki, "aha,
casusu yaxaladım, namazın sözlərini də bilmir, özünü soxuşdurub dindarların
arasına, yüz faiz agentdir”. Az qaldı, bərkdən, güləm, biabırçılıq olacaqdı,
Allah üzümə baxdı.
-
Allahu-əkbər. Səmiəllahu limən həmidəh.
İndi gəl,
bir ayaq üstdə əyilib, səcdəyə get. Bura Mariya Maqdalenanı yox ha, İsanın
özünü də gətirsən, vəcd-məcd halına düşə bilməz. Çayımı içirdim də gül kimi...
Nafilə
qurtardı. Cümə xütbəsi başladı.
Yaşar
müəllim hələ bir neçə saniyə vəcd halında qaldıqdan sonra başını qaldırdı:
- Nofəl,
Ərdoğanın axırıncı çıxışına qulaq asdın da, nə dedi Amerikayçun?...
Başlandı
da, bir Ərdoğanın yeri əskik idi...
- Hanı
İslamın bu günündə Həzrəti Ömər? – imam camaatın səsi yüksəldi.
Yoxdu,
özün ol da, danqalaq, camaatdan nə istəyirsən e? Çəkiləcək dərd deyillər
bunlar, Allah haqqı.
Amma
Allahnan bu xalçanın mavi ipəyi çox qəşəngdi e, çox. Benzin iyini adam necə
qoxladıqca qoxlayır, bu mavi də elə, baxdıqca baxırsan. Əlimi saçlarıma soxub
fikrə getdim. Başladım başımın qovağını havada uçuşdurmağa. Nə gözəl
uçuşurdular, elə bil, qovaq dənələri də ulduzlardı, kefim istiyən yerə
uçuşdururam. Get-gedə ləzzəti çoxaldı. Bir də ayıldım ki, böyrümdəki vəhhabi təəccüblə
hərəkətlərimi süzür. Möhürümü görəndən sonra başını tərpətdi, əlahəzrət mənnən
bağlı məsələni çözmüşdü.
- Həzrəti
Əbubəkr özündən sonra oğlunu seçmədi hakimiyyətə, seçmək ixtiyarını verdi, amma
seçilməyinə qoymadı. Həzrəti Ömər oğlunu hakimiyyətə gətirmədi, seçmək
ixtiyarını verdi, amma seçilməyinə razı olmadı. Həzrəti Əli özündən sonra
oğlunu gətirmədi hakimiyyətə, seçmək ixtiyarı verdi...
Təpən
haqqı, İmam Əlinin oğliu İmam Həsən altı ay hakimiyyətdə olub...
- Çünki
kim idi? Raşidi xəlifələri idi onlar!..
Bu yerdə
Yaşar mənə çöndü, gülümsədi, xırda, qıyıq gözləri ilə deyirdi: "Görürsən, nə
qızıl xırdalıyır? Sən bəyənməzsən, xəlifələri, görürsən imam-cümə nə deyir,
raşidi xəlifələri olub e, onlar, raşidi!”
Neyniyim,
ay Yaşar müəllim, güclə deyil ki? Mənim heç kimnən işim yoxdur, sənçin kim
yaxşıdır, kim pisdir, mənə nə? Mənimki də imam Əlidi, vur öldür, mən onu sevirəm.
Amma demədim, əlbəttə.
Allahım
verdi, Nofəl nəsə dedi, Yaşar da üzünü çevirdi. Allahın da qəribə xasiyyəti
var, o da gizlənqaç oynamağı sevir...
-
Milyon nəfər intihar edir hər il dünyada, amma bir baxın, İslam ölkəsində, Rəsulullahın
zamanında, raşidi xəlifələrinin dövründə olmuşdumu elə bir şey?
Noldu a
kişi, bayaqdan seçkidən danışırdın, söhbəti nə tez fırlatdın yenə Amerikaya?
- Amma
intiharlar niyə bu gün baş alıb gedir? Amerikanın filmləri, qərbin mədəniyyəti
durmadan yayılır. İndi cavanlar musiqilər dinliyir, hamısı şüuraltına əxlaqsızlığı
təbliğ eliyir, - bular da bildi axı, şüuraltı nədi, - hamısı cavanlarımızın gələcəyini
məhv eliyir, psixologiyasını pozur. Allah dünyanı o filmləri çəkən, o musiqiləri
bəstəliyən şizzOOfren – "o” hərfini elə bu cür, kündəliyə-kündəliyə dedi –
şizzOOfren dahilərin şərrrrindən qorusun!...
Cin
vuran adam kimi diksindim.
Hamı
bir ağızdan "amin” dedi və dərhal cümə namazına başladılar.
Başın
batmasın, Coys!
______
(1) əmr
be məruf – yaxşı işlərə dəvət
(2) qiyam
– namaz qılarkən ayaq üstdə düzgün duruş qaydası