
Əli Rüzgardan yeni şeirlər...
Poeziya
- 20.06.2020
- 0 Şərh
- 2159 Baxış
Gecəyarı
Gecələrin zülmətindən,
Ulduz-ulduz yaş tökülür.
Sən keçirsən ürəyimdən,
Lal dilimdən kaş tökülür.
Yağır yağır damır tavan,
Qəm yeyirəm yavan-yavan.
Divardakı zaman qovan,
Saatımdan baş tökülür.
Gecəyarı keçər yarım,
Hıçqırıqlar yarım-yarım,
Palçıqlaşır göz yaşlarım,
Yanağımdan daş tökülür.
Tənhalıq
Tənhalıq;
Sonsuz sayıda ulduzlu gecədə,
Hələ yazılmamış ilk şeir.
Yaşanmamış ən sonuncu hecadadır.
Bəlkə də mənimlə,
Bəlkə də təkdir.
Kiminə birilərini gözləmək,
Kiminə minlərə təklənməkdir.
Tənhalıq,
Gözlənməkdir.
Gəl
Üç papatya ömrü bitdi,
Bu dördüncü ömürdü, gəl.
Qürurum da günahını,
Öz boynuna götürdü gəl.
Bağban gülə, gül bülbülə,
Ağacdakı tırtıl belə,
Öz ömrünü ölə-ölə,
Kəpənəyə ötürdü gəl.
Təbib baxmaz bu dərd-sərə,
Keçər deyir, keçən hərə.
Gedirəm sən ölən yerə,
Sən də məni götür də gəl.