Əli Ucal. Qoynumdakı əlçatmaz qadın (Hekayə)
Proza
- 21.01.2025
- 0 Şərh
- 148 Baxış
Xoşbəxtlik mənimçün arvadımdan çox uzaqlardadı... Ancaq bir vaxtlar bu duyğu illiklərimə qədər hiss etdiyim, sahibi olduğum bir duyğuydu.
Arvadımla aramızdakı münasibət onun uşaqlarımın anası olmasından o tərəfə keçmir. Lap elə əvvəldən, toy günümüzdən. Yadımdadır, toyumuzda da başımıza gəlməyən qalmamışdı; toy günü əsən güclü külək qonaqların bütün əsəblərini toyxanaya çatmamış korlamış, şənlik başlayandan toyxananın işıqlarını dəfələrlə söndürmüşdü. Sağlıq üstündə qonaqlar arasında bir neçə dəfə söz-söhbət olmuş, bunlar azmış kimi əmioğluyla bibioğlu yeyib-içib keflənəndən sonra aralarındakı borcu xatırlamış, qonaqlar araya girməsə bibioğlu əmioğlunu az qala bıcaqlaşmışdı.
Bir toy yiyəsi kimi bu yaşananlar vecimə də deyildi. Mənim peşəm toy müğənnisidi. Peşə həyatımboyu el şənliklərində gördüyüm dava-dalaş, qırğın-qiyamət bunların yanında toya getməlidi. Bütün bunlar bir yana, yanımda oturan qızın da sevdiyim qız əvəzinə anamgilə hörmətli gəlin olsun deyə seçdiyim qız olması bu toyu mənimçün həyatımın ən xoş günü olmaqdan çox uzaqlaşdırırdı. Bu toy daha çox el adətini yerinə yetirdiyim, indiyə kimi toyuna getdiyim qohum-qonşuların, bir də dədəmin toylarına pul yazdırdığı üçün toyuma çağırdığı, simalarını ilk dəfə toyumda gördüyüm nə qədər adamın bizə olan borclarını qaytardığı gün kimi əlamətdar idi. İki nəfər özləri, 5-6 dənə də yetimçəsini yanına salıb gələn, axırda da 50 manat pul yazdıran qohumları saymasaq pul da düzəlmişdi, ziyanla çıxmamışdıq. Qısası bu toya bir yığın səbəb vardı, amma bu səbəblər arasında sevgi-məhəbbət qətiyyən yoxuydu.
Düzünü bilmək istəyirsizsə, bu toyu hər şeydən çox bir nəfərin ürəyinə dağ çəkmək, ondan intiqam almaq, aramızdakı hər şeyin bitdiyini sübut eləmək üçün eləmişdim. Ancaq cavan və axmaq başım hardan biləydi ki, sonda ürəyinə ən çox dağ çəkilən, ömürboyu bu peşmanlıqla yaşamağa məcbur olan, öz qazdığı quyuya özü düşən özümdən başqası olmayacaqdı. Bir insan başqa birini cəzalandırmaq üçün evlənərdimi heç?!
Məni məzəmmət etməmişdən qabaq icazə verin deyim ki, heç biriniz məni özümün danladığı qədər danlaya, lənətlədiyi qədər lənətləyə bilməzsiniz. Ona görə artıq dərəcədə xahiş edirəm kəskin qılınclarınızı mənə doğrultmamışdan öncə başdan sona kimi qulaq asın.
Bu hekayə hardasa 20 il əvvəl başladı. Musiqiçi olmaq üçün həftənin beş günü getdiyim musiqi məktəbinə doğru növbəti dəfə addımlayarkən yaxınlıqdakı orta məktəbə gedən yolda rastlaşdım onunla. Bunun hər hansı bir rastlayış olmadığını elə o an, damarlarımdakı qanın başqa cür axmağından hiss eləmişdim. Üzünü görər-görməz ürəyimə elə bir qor düşdü ki, bu qorun böyüyüb-böyüyüb vulkana dönəcəyini elə yerindəcə anlamışdım. Ürəyim dönüb bir də ona baxmaq istəyəndə ayaqlarım "yeri rədd ol, bəlanı başqa yerdə axtar” deyərcəsinə oradan uzaqlaşmaq istədi. Ancaq hər yeniyetməyə ayaqları və başı əvəzinə ürəyi hökm etdiyi kimi məndə də fərqli nəsə olmadı.
Hər fürsət düşdükcə o məktəbin heyətinə gedir, onu gözləyir, bir yolunu tapıb görür və hər onu gördüyüm günü yaşadığım günlərdən sayıb kəndin yolunu tuturdum. Çox keçmədi ki, onunla ünsiyyət qurub ordan-burdan nələrsə danışmağa başladım. Ordan-burdan danışırdıq, amma ikimiz də məsələnin əvvəl-axır dirənəcəyi yeri yaxşı bilirdik. Bu yerə çatmağa nə yaşımız, nə də yaşadığımız rayonun mühiti icazə vermədiyi üçün ora çatmamış susurduq. Ancaq mən onu elə dəhşətli bir sevgiylə sevirdim ki, özümü dəli kimi aparırdım. Onu hətta rəfiqələrinə də qısqanır, oğlan sinif yoldaşlarıyla danışmağını qadağan edir, gözümdən qoymamağa çalışırdım. Əlimdə olsa mənə ərə gələnə qədər onu bir otağa salıb, məndən başqa birini görməyini, məndən başqasıyla danışmağını da yasaqlayardım.
Məktəb bitdi, əsgərliyə yollandım. 18 ay boyunca hər dəqiqəni sayıb bütün qəlbimlə onu yenidən görəcəyim günü düşündüm. Evə qayıdan kimi ata-anamı onlara elçi göndərəcək, bu işə bir ad qoyduracaqdım. Elə də elədim. Ancaq göndərdiyim elçilər üstümə xoş xəbərlə qayıtmadı. Qız nə qədər istəsə də, anası onun hələ universitet oxumalı olduğunu deyib mənə verməyə razı olmamışdı. Buna baxmayaraq demək olar hər gün qızla danışmağa davam eləsəm də, bu hadisə aramızda heç cür isinməyən bir soyuqluq yaratmışdı. Və nəhayət elə bir gün gəldi ki, aramız ümumiyyətlə görüşməyəcək qədər dəydi.
Aradan aylar keçdi. Nə qədər eləsəm də onu unuda bilmir, onda tapdığım xoşbəxtliyi başqa heç nədə tapa bilmirdim. Yaşadığım izdirab məni nə qədər incitsə də, yenidən onunla ünsiyyət qurmağı qüruruma sığışdırmırdım. Az qala rayondakı hamı bizi sevgili kimi tanıyır, biz isə aylardı ki, bir-birimizə salam da vermirdik. Bir gün hardansa qulağıma çatdı ki, o, artıq başqa oğlanla danışır. Siftə qulaqlarıma inanmasam da, tanışlar hətta danışdığı oğlanın adına, kimliyinə qədər mənə dedilər. Kənddəki bir yığın işi buraxıb rayona gəldim, soraqlayaraq oğlanı tapdım. Əvvəlcə istədim onu yaxşıca əzişdirim, sonra fikrimdən daşındım. Deyilənlərin doğru olub-olmamasını soruşdum. Oğlan eşitdiklərimin doğruluğunu təsdiqlədikdən sonra istəsəm elə indi qıza zəng edib hər şeyi sübut edə biləcəyini dedi. Razılaşdım ki, bu dəqiqə yığsın. Sevdiyim qızın nömrəsinin başqa oğlanda olduğunu bilmək onsuz da məni yetərincə hövsələdən çıxarmışdı.
Oğlan telefonu cibindən çıxarıb onu yığanda allaha yalvardım ki, qız onun zəngini açmasın. Ancaq belə olmadı. Təəssüf ki, mənim "məndən başqa heç kimlə danışmaz” dediyim qız o əclafın telefonunu açdı. Daha bundan sonra mənimçün qızın onunla nə danışdığının, həmin oğlanın üzünə onu deyil, məni sevdiyini, ondan əl çəkməyini deməsinin heç bir önəmi qalmadı. Mənimçün bu qız boşqabdan götürüb iştahla yemək istəyərkən əlindən torpağa düşüb kirlənən, nə qədər nəfsin çəksə də, yerdən götürüb yeməyi özünə sığışdırmadığın bir nemətə çevrildi. Uğursuz elçilik sonrası soyuyan münasibətimizin bu hadisədən sonra düzəlməyi mümkünsüz görünürdü. Odur ki, içimdəki hiddətli üzüntü ilə oradan ayrıldım.
Ancaq bu hadisə də bizim münasibətimizi bitirə bilmədi. O, yazdığı mesajlarda heç bir günahı olmadığını, həmin oğlanla sadəcə telefonda danışdığını, ona heç bir ümid vermədiyini, ona inanmalı olduğumu, hər şeyi düzəltməyin mümkün olduğunu dəfələrlə təkrarlayırdı. Mənsə bir yandan onu bağışlamaq istəyir, o biri tərəfdən nöqsanı olan qızla evlənsəm kənddə-kəsəkdə camaatın mənə necə baxacağını düşünür, hər dəfə bu fikirdən daşınırdım.
Düşünəndə ki, sabah hansısa alçaqdan "filan vaxtı sənin arvadınla danışmışam” sözünü eşidə bilərəm, bu səhv mənə bağışlanacaq bir səhv kimi gəlmirdi. O biri tərəfdən də universitetə hazırlaşan bu qızın sabah aldığı təhsili heçə sayaraq kəndə köçüb mənimlə yaşamağa, inək sağmağa, həyət süpürməyə razılaşmayacağı fikri məni daha çox düşündürürdü. Arvadımın məndən daha savadlı biri olması, məndən daha savadlı adamlarla oturub-durmaq ehtimalı onunla birgə gələcək planlamağı mənimçün müşkülə çevirirdi. Beləsinə nə söz keçirmək olar, nə də sənə lazımınca hörmət bəsləyər. Bunların hamısını dərk eləsəm də, bütün varlığımla onun yanında olmaq istəyimə qarşı durmağı bacarmırdım. Onu qucaqlamaq, istiliyini hiss etmək üçün hər şeydən keçməyə hazır idim.
Beləcə özlüyümdə qərara gəldim ki, nə vaxtsa evlənənə kimi onunla münasibəti bitirməyim, özümü tədricən ondan soyudum. Onunla nə vaxt alınsa görüşəcək, xoş vaxt keçirəcək, onu görməməyin əzabından uzaq olacağam. Günlərin bir günü isə evlənmək vaxtımın çatdığını deyib ondan ayrılacağam. Belə də elədim. Tez-tez gizlincə şəhərə gedir, ordakı parklarda əl-ələ gəzir, fürsət tapanda, heç kimin bizi görmədiyinə əmin olanda onu üzündən, dodağından - ərin arvadını öpdüyü kimi öpürdüm. Ancaq bu öpüş nə qədər ərin arvadını öpdüyü kimi bir öpüş olsa da, içimdə bilirdim ki, aşiq olduğum bu qız heç vaxt mənim arvadım olmayacaqdır. Onu qəsdən belə ehtirasla öpərkən mənim payımı yaxın keçmişdə kiminsə murdarladığı kimi mən də gələcəkdə başqa birinin olacaq bu payı onun üçün murdarlamağa çalışır, canımı verəcək qədər çox sevsəm də, onu özümə arvad etməyi sığışdırmadığım kimi, başqa birinin də eyni hissi yaşamağını, onun bu həyatda yalnız mənə məxsus qalmağını arzulayırdım.
Bu şəkildə həftələr ayları, aylar illəri əvəzlədi. Və nəhayət günlərin bir günü ona yazdım ki, "mən ta başqasıyla evlənirəm, bir də məni narahat eləmə”. "Narahat eləmə” desəm də əslində çox istəyirdim ki, o yenə də məni "narahat” eləməyə davam eləsin, nə olur olsun məndən əl çəkməsin. Ancaq belə olmadı. Evlənənə qədər bu əməldən çəkinim deyə yalvaran, min cür dil tökən qız evlənmək qərarımın dəyişməyəcəyini anlayanda sonuncu dəfə zəng edib hüzünlü, ağlamalı səslə mənimlə bir qədər danışdı, bu zəngdən sonra bir də məni axtarmadı. Bundan bir neçə gün sonra işıqların dəfələrlə söndüyü, qohumların az qala bir-birini bıçaqladığı o möhtəşəm toyum baş tutdu.
Toydan 4 il keçəndən sonra 2 uşağım oldu. Bir qız, bir oğlan. Yaşanan hər şeyi "cavanlıq səhvi” deyə qiymətləndirib keçmişdə qoymağa qərar verdim. Özümü kənd həyatının gündəlik qayğılarına buraxdım. Gündüzlər bordamaq üçün aldığım qoyun-quzunu otarır, ot biçir, ağac sulayır, həyət-bacada olan min cür işlə əlləşdikdən sonra gəlib çimir, müğənni kostyumumu geyib axşamkı toya tələsirdim. Məhərrəmlik və Ramazan vaxtı toy olmur deyə kəndin yuxarı tərəfindəki meşədə düzəltdiyimiz kafedə kababçılıq edir, ya da bağçamızda becərdiyimiz moruqları yığıb satır, ailəmi dolandırırdım. Ancaq nə toydan, nə də təsərrüfatdan qazandığım pul özümə çatmırdı. Adıma kredit götürən qarmon çalan dostumun borcunu 2 il boyunca özüm ödəməyə məcbur oldum. Üstəlik qaynatam olacaq fərsizi türmədən çıxartmaq üçün nə qədər xərcim çıxdı. Bu yaxşılığıma cavab olaraq o da öz növbəsində tapşırdığım işləri yarıtmaz halda görərək məni nə qədər ziyana saldı. Beləcə qazandığım bütün pul cibimə girmədən havaya sovrulurdu. Qalan şeyləri qoyuram bir qırağa, bu yarıtmaz qaynatam türmədə qalsa, bəlkə indi pulunu balta kəsməyənlərdən biri də məniydim. Saxladığım qoyun-quzu da elə qaynatam kimi fərsiz çıxmış, xərci borcunu güclə ödəyirdi. Damazlığına tüpürdüyümün malı gah xəstələnir, gah çaqqal-çuqqala yem olur, gah da qayadan düşüb ölürdü. Qoyun ki qoyun.
Hər şeyə baxmaraq kənd həyatını sevir, özümü heç vaxt şəhərdə yaşayan birisi kimi təsəvvür etmirəm. Hara gedirəmsə, əsas da Bakıya gedib kəndimizə qayıdanda özümü həbsxanadan azadlığa buraxılmış kimi hiss edirəm. Bakıdakı hündür mərtəbəli binalar arasında ətrafı görə bilməmək, havadan gələn his qoxusu, hər tərəfin yaşıllıqdan uzaq, bomboz oluşu, üstəlik içməli suyun belə pulla satılmağı mənə dözülməz gəlir. Kəndin mənə bəxş etdiyi insanların az olduğu həyat, tərtəmiz hava, bumbuz, havayı su, meşə mənimçün hər cür sərvətdən dəyərlidir. Mənə elə gəlir ki, dünyada nə baş verir versin, bizim kənd mən doğulanda necəydisə elə də qalacaq. Öz dəyişməz, əbədi görkəmi ilə azsaylı sakinlərinə həmişə əziz, hüzur dolu bir yuva olmağa davam edəcək.
Qaynatamın şıltaqlıqları xaricində yeknəsəq keçən günlərin bir günü telefonuma tanımadığım nömrədən zəng gəldi. Telefonu açar-açmaz ordan gələn səs məni arvadımın hazırladığı süfrədən uzaqlaşdırıb illər əvvəlki xatirələrə, həyatımın ən xoşbəxt günlərinə qaytardı. Mənim çoxdan söndüyünə inandığım vulkan bir anda püskürərək ürəyimə doğru axmağa başladı. Havadan-sudan danışdığımız söhbətdən sonra o, dedi ki, bir gün mənimlə görüşüb bir çay içməyi, ötənləri yad etməyi çox istəyər. Mən də buna bənzər şeylər dedikdən sonra söhbətimiz yekunlaşdı. Telefonu söndürəndən sonra üstündən 10 il keçməyinə baxmayaraq onun məni unutmamasına həm heyrət etdim, həm də çox sevindim. Elə o andaca böyük peşmanlıq yaşadım. Görəsən həmin vaxt kiçik səhvinə görə onu bağışlasam indi necə bir həyatımız olardı?
Bu sual məni çox düşündürür, gecələr arvadım yanımda səkkizinci yuxunu görərkən yatmağa qoymurdu. O zəngdən sonra hər gün onun bir də nə vaxt zəng edəcəyini düşünür, səsi üçün darıxırdım. Axır ki, bir gün yenidən yığıb 2 gün sonra görüşmək üçün münasib olub-olmadığımı soruşanda mən əlbəttə ki, münasib olduğumu dedim.
On il sonrakı ilk görüşümüz rayondakı tanışımın əvvəlcədən kabinetini rezerv elədiyim kafesində baş tutdu. Onu yenidən görmək gənclik illərinə geri dönmək, o zamankı duyğuları yenidən yaşamaq kimiydi. Görünüşü son gördüyümdən də gözəlləşmiş, yaşının üstünə gələn yaşlar onu daha yetkin, daha da cazibədar qadına çevirmişdi. Mənə baxarkən hələ də gözlərində yanan işıq ağlımı çaşdırır, söhbətə fokuslanmağıma heç cür imkan vermirdi. O danışdıqca həm onun, həm özümün, evli və uşaq sahibi fərdlər olduğunu unudur, elə indicə, vaxt itirmədən dodaqlarına yapışıb onu əvvəlki kimi möhkəm, ürəkdən öpmək istəyirdim. Söhbət zamanı məndən sonrakı həyatını danışarkən universitetə qəbul olub Bakıya getdiyini, məzun olmamış işə başladığını, indiyə kimi də işlədiyini, məndən bir neçə il sonra evləndiyini dedi. 2 saat çəkən bu görüşün sonunda bir də görüşməməli olduğumuza qərar versək də, söhbət zamanı onun ərindən ötəri, lazımsız bir adam kimi bəhs edərkən məni heyranlıqla süzməyi bu görüşün heç də sonuncu görüş olmayacağını mənə gün kimi aydın edirdi.
Gözlədiyim kimi də oldu. Əri Rusiyada məni maraqlandırmayan hansısa işlə məşğul olan bu qadın həftədə 1-2 dəfə məni yığır, bir neçə aydan bir mənimlə görüşmək üçün Bakıdan rayona gəlirdi. Hər gəlişindən sonra onu başqa kişinin evinə yola salmaq məni hiddətləndirirdi. Köhnə hisslərim məzarından çıxıb geri qayıtmış, mənə tabe olmaq istəmirdi. Onun qanuni əri başqası olsa da, mən onu özümünkü hesab etmək üçün hansısa sənəd-sünədə ehtiyac duymurdum. Onun əlini ilk tutan, dodaqlarını ilk öpən və ən önəmlisi - hələ də sevdiyi kişi məniydimsə, deməli o həmişəlik mənim qadınımıydı. Heç bir kağız parçası bu gerçəyi dəyişmək iqtidarında deyildi! Fəqət nə qədər özümə haqq qazandırsam da, düşünəndə ki, mənimlə görüşdən sonra o, başqasının evində, başqasının yatağında yatmağa qayıdır, elə bilirdim kimsə sümüklərimi kəlbətinlə tək-tək sıxıb sındırır.
Ah, axmaq başım! Bir vaxtlar zırrama bir kəndçi balası kimi düşmək yerinə nə olaydı ki, o gün bir balaca şəhərli kimi davranaydı. O gün başqasıyla telefonda danışmağını bağışlamağı qeyrətimə sığışdırmadığım bu qadının bu gün başqasının arvadı olmasına, ondan uşaq peydahlamasına, hər gün onun evində yaşamasına, ərinin istədiyi vaxt onu qucaqlayıb yatmasına göz yummalı oluram. O gün məni qınayacağından qorxduğum insanlar bu qadının mənə verdiyi xoşbəxtliyin zərrəsini verə bilərmi indi? Dəyərdimi o günlər bu qədər qəddar olmağa? Bəlkə indi birlikdə hər cür qayğıdan, iki kəlmə söhbət etməyi bacarmayan, avam arvadımdan və ilan vurmuş qaynatamdan uzaq, ailəvi, xoşbəxt bir həyatımız vardı.
Zamanla arvadımdan gizli yaşadığım bu münasibətə tamamilə öyrəşdim. Öyrəşə bilmədiyim tək şey onunla keçirdiyim ifadəolunmaz dərəcədə gözəl duyğular sonrası hər dəfə onu ərinin evinə yola salmaq, özümün isə arvadımın yaşadığı xarabaya qayıtmağım idi. Bu elə bir şey idi ki, birlikdə keçirdiyimiz ən xoş xatirələr sonda zəhrimara dönür, qaçınılmaz sonluq - bir neçə saatlıq birlikdəlikdən sonra hərənin öz evinə yollanmağı mənə dözülməz bir ağrı verirdi. Hər şeyi geri qaytarıb yenidən başlamaq olmazdımı? Hər gün bu suala cavab axtarır, bu həngamədən necə qurtula biləcəyimi düşünür, ancaq heç bir çıxış yolu tapa bilmirdim.
İndi bu ev, bu divarlar, içində yaşayan arvadımla birlikdə mənə o qədər yad gəlir ki, baş götürüb qaçmaq istəyirəm. Yaşadığım həyat istədiyim həyat yox, öz səhvlərimin cəzasını çəkməyə məcbur olduğum həyatdır. İki uşaq məndə, iki uşaq onda var. İkimiz də xoşbəxtliyi həyat yoldaşından çox uzaqlarda arayan, iki bədbəxt insanıq. Tutaq ki, mən arvadımdan boşanıb onunla yaşamağa razı oldum. Axı o öz uşaqlarını hər şeydən çox istəyir. Mənimlə yaşamaq üçün çox şeyi qurban verə bilər, amma övladlarının bu qurbanlar arasında olmadığını bilirəm. Lap o razı oldu, axı mən ata-anama necə deyim ki, bu vədədən sonra ailəmi bir vaxtlar elçi gedib ala bilmədiyiniz, evli, 2 uşaq anasına görə dağıtmaq istəyirəm. Buna kimi, necə razı salmaq olar? Mənim yerimdə başqa biri olsa mən özüm də ona "səfeh-səfeh şeylərə görə adam ailəsini dağıtmaz” məsləhətini verərdim. Demək başqasına məsləhət verərkən çox asan səslənən cümlələr insanın öz yaşadığı vəziyyətlərdə elə də təsirli olmurmuş.
Mənimlə yaşadığı münasibətdən sonra onun əriylə əzəldən pis olan münasibəti tamamilə pozulmuş, bir-birinə nifrət etmə həddinə gəlmişdilər. Hər söhbət ərindən düşəndə evlilik boyunca ona verdiyi əzabları xatırlayır göz yaşlarına boğulurdu. Mənsə özümün yaşadığı əzab bir kənara dursun, onun yaşadığı hər şeyə görə də özümü günahlandırırdım.
Onunla əlaqəmizin ikinci ilindəki bir görüşdə mənə hamilə olduğunu dedi. Mən hər dəfə ərinə nifrət etdiyini deyən bu qadının növbəti dəfə hamilə qaldığını eşidəndə çox təəccübləndim. Uşağın ərindən yox, məndən olduğunu biləndə təəccübüm birə min artdı. Niyə belə bir iş tutduğunu soruşanda isə həmişə məndən bir uşağı olmasını istədiyi cavabını verdi.
Nə edəcəyimi, hansı hisslər keçirdiyimi özüm də bilmirdim. Deməli sevgilisi tərəfindən yarı yolda buraxılmış, ərinin də gün göstərmədiyi bu qadın hər iki kişidən intiqamını bu yolla almışdı: mənim oğlum atasını başqa kişi olaraq tanıyacaq, mən öz oğluma yaxın gedə bilməyəcəm, əri isə başqasının oğlunu öz oğlu kimi böyüdəcəkdi. O isə iki uşaqdan sonra axır ki, istədiyi kişidən övlad sahibi olmağın həzzi ilə yaşayacaqdı. Bir intiqam ancaq bu qədər dəhşətli, bu qədər amansız ola bilərdi. Ancaq buna görə şəxsən mənim onu qınamaq haqqım vardımı? Bilmirəm!
Bir ay qabaq Bakıya gedib ondan olan oğlumu uzaqdan da olsa gözlərimlə gördüm. Artıq bir məktəbli olmuş, oxumağı-yazmağı öyrənmişdi. Yeriyişi, qaş-qabağı eyni özüməm. Kaş o da atasının mən olduğumu biləydi. Kaş hər şeyi, hər şeyi silib yalnız onu və ondan olan oğlumu saxlamaq kimi bir imkanım olsaydı. Tale mənə qarşı mənim qədər amansız olmaya bilərdi...
İndi bu münasibəti necə davam etdirəcəyimi, hadisələrin sonunun nə ilə bitəcəyini özüm də bilmirəm. Bildiyim tək şey özümü xoşbəxt hiss etdiyim tək yerin onun yanı olduğudu.
O gün bir yerdə eşitdim ki, evlilik sevgini öldürür. Nə vaxtsa arvadımı sevmiş olsam, bunu öz evliliyim üzərindən dəyərləndirə bilərdim, amma heç vaxt belə bir şey olmadığına görə bu məsələ ilə bağlı heç bir fikrim yoxdur. Hərdən düşünürəm bu qadınla evlənmiş olsam, indi belə çoşğun çay kimi çağlayan eşqimiz evlilikdən 2-3 il sonra quruyub yox olardımı? Bəlkə də hə. Onun kənddə, mənim isə kənddən ayrı yerdə yaşamaq istəməməyim elə hardan baxsan ömürboyu sürəcək dava-qırğın səbəbidi. Belə olma ehtimalını düşünəndə özümə təsəlli verirəm ki, bəlkə beləsi daha yaxşı oldu elə. Axmaq bir təsəllidi də, ovuduram özümü.
Dünən uzun bir vaxt sonra o zəng elədi ki, sabah məni görmək üçün yenə Bakıdan rayona gələcək. Bu dəfə oğlumuzu da özüylə gətirəcək. Doğma balam yenə məni anasının dostu bilib "ata” əvəzinə "əmi” kimi çağıracaq, mən də belə də olmalıymış kimi davranacağam...
Nəysə. Durum hazırlaşım. Əvvəli həmişə böyük bir sevinc, xoşbəxtliklə başlayan, sonu həmişə hiddət, üzüntü, ayrılıq və peşmanlıqla bitən görüşə yollanım.
YANVAR, 2025. BAKI