
Fidan Əliyeva. Yalnızlığın hekayəsi (Mənsur şeirlər)
Poeziya
- 18.04.2025
- 0 Şərh
- 207 Baxış
İtirilmiş səslər
Səssizlik bəzən elə gurultulu olur ki... eşidilməyən səslər içimi parçalayır. Deyə bilmədiyim hər söz, qışqıra bilmədiyim hər ağrı içimdə dolaşır – azmış səslər kimi.
Uşaqlıqda itirdiyim oyuncaq kimi… adını belə xatırlamıram, amma yoxluğu mənimlədir. İnsan bəzən nəyin yoxluğunu da unudur, amma boşluğunu hiss edir.
İtirilmiş səslər... Kimsəyə deyilməyən "kömək et", heç vaxt səsləndirilməyən "səni sevirəm", susqun bir "əlvida"...
Mən içimdə bu səslərlə yaşayıram. Onlar bir-birinə dəyir, toqquşur, bəzən də ağrını artırır. Kiminsə dinləməsini istədiyim səslər – bəlkə də heç kim eşitməyəcək.
Bəzən sözlər boğazımda düyün olur. Danışmaq istəyirəm, amma dilim yox, gözlərim danışır. Onlar isə heç kim tərəfindən oxunmur.
Sən heç səsin çıxmadan ağlamısan? Mən bəlkə də ən çox o vaxt ağlamışam – səssiz, izsiz, tək. Elə ağrılar var ki, səssiz gəlir, səssiz qalır, səssiz öldürür...
İtirilmiş səslər... Mənim gündəliyimə sığınıblar indi. Bəlkə burada yaşayacaqlar. Bəlkə sən də oxuyanda birini tanıyacaqsan – bəlkə o səs bir vaxtlar sənin də içində susmuşdu...
Yalnızlığın İncə Hekayəsi
Yalnızlıq… Həmişə incədir. Sanki bir uçuq pərdənin arxasında gizlənən, heç vaxt tam olaraq görünməyən bir kölgə kimidir. Amma bu kölgə, mənimlədir. Hər addımda, hər nəfəsdə. İçimdəki bütün səs-küylərin qarşısında, yalnızlıq bir ah kimi oturur. O, heç zaman səs çıxarmaz, amma varlığını hər zaman hiss etdirər. Sanki arxamda bir nəfəs, önümdə bir kölgə var, amma heç bir zaman əlimi uzadıb ona toxuna bilmirəm.
Bəzən düşünürəm, bəlkə də, yalnızlıq bizim içimizdəki ən dərin arzuları, ən gizli xəyalları qoruyan bir mələkdir. Onun varlığı olmasaydı, biz bəlkə də özümüzü tam olaraq kəşf etməzdik. Bəlkə də yalnızlıq, özümüzlə ən yaxşı münasibəti qurmağın yoludur. Amma bəzən bu incəlik, çox ağır olur. Qəlbinin bütün açılmamış künclərində sızan bir soyuq, bir buzlu hüzün kimidir.
Hər anın içində, yalnızlıq mənə bir şey deyir. Bəzən qaranlıq olur, bəzən işıqlanır. Amma heç vaxt özünü tam olaraq ortaya qoymaz. Həmişə bir addım geri çəkilir, bir addım daha gizlənir. Sanki mənə bir şey anlatmağa çalışır, amma sözləri əksikdir. Mən, o hekayəni oxuyuram, amma o heç bitmir.
Bəlkə də bu, yalnızlığın gücü. Hekayə heç bitmir, çünki o, bizim içimizdədir, davamlı olaraq təkrarlanır. Bəzən güclü olur, bəzən zəif. Amma heç vaxt tamamilə yox olmur. O hekayə, həyatın ən gizli, ən dərin qatlarında yaşayır. Sükutla, kədərli bir melodiyaya bənzəyir. Amma bu melodiyanın notları, heç bir zaman özünə oxunmaz.
Yalnızlıq, nə bir xəyal, nə də bir arzu... o, sadəcə bizik. Bizim bütün zədələnmiş, qırıq tərəflərimizin, bizim içimizdəki yaraların incə bir əksidir. O bizə, bəzən özümüzü tapmağın nə qədər çətin olduğunu, bəzən də bu çətinliklərin bizi nə qədər güclü etdiyini xatırladır. O, sadəcə var. Heç bir yerdə, heç bir zamanda yox olmur.
Yalnızlığın hekayəsi, hər birimizin qəlbindəki bir parçadır. Qırılmış, amma yenə də mövcud olan. Sözsüz, amma hiss edilən. Çünki yalnızlıq, bizim ən dərin və ən həssas tərəfimizdir.