
Frans Fyuman. Sübh şəfəqinə vurulmuş (Hekayə)
- 16.06.2020
- 0 Şərh
- 2361 Baxış
Frans Fyuman
(1922 – 1984) – alman yazıçı, Henrix Mann (1956) və iki dəfə Almaniya Dövlət
mükafatı laureatı (1957, 1974). İkinci dünya müharibəsinin sonuna qədər
Yunanıstanda və SSRİdə xidmət edib, 1945-ci ildə əsir düşüb. 1949-cu ildə əsirlikdən
azad olunub. Almaniyaya qayıdandan sonra yazmağa başlayıb. Çox sayda şeir,
hekayə, roman müəllifidir. Həmçinin bəzi klassik əsərləri uşaqlar üçün sadələşdirilmiş
şəkildə işləyib.
Sübh şəfəqinə vurulmuş
Homer,
Afroditanın himni 219-239
Bir dəfə
Eos - sübh şəfəqi ilahəsi Areslə yatdı, o Ares ki, tez, ya da gec, bütün çəhrayı
barmaqlı şəfəqləri öz yatağına salmağa müyəssər olurdu.
Və
Afrodita onları yaxaladı.
Əlbəttə,
o iş ki, onlar Areslə məşğul olmuşdular, Afroditanın gözündə müqəddəs bir
şeydi, görünən kəndə nə bələdçi? Amma bir iş də vardı ki, Ares onun öz əri idi. Buna görə də Afrodita Eosa
belə bir lənət oxudu ki, qoy o, ölümlülərin eşqindən yanıb tutuşsun və Eonun
ölümlülərə təslim olmaq arzusu utanc hissini aşsın. Lənət elə həmin gecə dilə gətirildi və Eos
buna sadəcə güldü. Nə də olsa, onun əri Astrey idi, Eos ərinə dan ulduzunu
və okeanı lərzəyə gətirən dörd külək doğmuşdu, belə ər isə, onun gözünü
doydurmaq üçün kafi idi. Aresə gəlincə isə, o, hər kəs üçün bir istisna idi və
onun xatirəsi artıq uzun müddət Eosa bəs edəcəkdi.
Budur,
Günü oyatmaq, Gecəni isə dənizin ardına
ötürmək zamanı gəlmişdi və Eos tələsik
dağdan enməyə üz qoydu. Elə burda – yamacdakı əncir ağacının altında o, yatmış
çobana rast gəldi. Çoban adyala bürünərək qarnı üstə yatmış və ayaqlarını
yüngülcə içəri çəkmişdi, üzünü isə dirsəyinə dayamışdı.
Onun o
ankı acizliyi elə təsirli idi ki.
Və Eos
onun adyalının altına girmək həzzindən özünü saxlaya bilmədi.
Ah, bu
buynuz kimi quru və cadar-cadar olmuş əllər, zeytun rəngli dəri, tərin
qoxusu...
Çoban
xumarlanırdı, yuxuya və bəxtəvər bir xəfifliyə qərq olmuşdu, oyandığı zaman isə,
dağlar qıpqırmızı idi: bu, Eosun utancının rəngi idi, dağları bürümüşdü.
Günü oyadaraq
və Gecəni ötürərək o, öz məkanında gizləndi
və özünün ikiqat alçalmasının ucbatından acı-acı ağladı, çünki bütün bu olanlar
utancverici idi, utancın özü isə, şirindi. Gecə Astreyi onu təmin eləmək üçün
cırnatdı, səhər isə, başqa bir yolu seçdi, lakin bu dəfə də rastına gənc bir
oğlan çıxdı. Onun yarıaçıq dodaqları, müdafiəsiz sinəsi... Ovçunun öz ovuna tərəf
döndüyü kimi, Eos dönərək gəncin üstünə
uzandı. Sarımsaq və boyat çaxır qoxusu, dırnaqların altında qurumuş qan... Gənc
xəcalət içində oyandı - ətrafda dağlar od tutub yanırdılar.
Və hər
dəfə bir başqası, hər səhər yeni bir natəmiz
bədən, yeni, fərqli bir zərafət... Ah,
yuxuya qərq olmuş bu qeyri-kamil insan nə qədər gözəldir!.. O, ərindən qaçmağa
başlamışdı - bu da onun sevincinə səbəb oldu. Çünki onlar həm bir-birindən
soyumuş, həm də bir-birini bezdirmişdilər.
O, ulduzlara xəbər aparmağa getdi, geri qayıdanda isə yolüstü sahilyanı
qamışlıqlarda - Peneyada, Skamandrada, Nildə və s.də məskunlaşmış coşqun və
yolagəlimli nimfalara baş çəkdi.
Eos
onun yoxluğunu hiss etmədi. Utanc hissinin verdiyi əzablardan qıvrılan Eos dəfələrlə Afroditanın yanına getməyə
hazırlaşdı, istədi ona yalvarsın ki, bu lənəti Eosun üzərindən götürsün, lakin
hər dəfə fikrini dəyişərək qərarsız qaldı. Ah, bu şirin lənət...
Uzun müddət
o, ələ keçmədi, lakin bir dəfə Səhər onu Titonun - qüdrətli Troya çarının əlli
oğlundan birinin ağuşunda haqladı. Şahzadələrin hər biri öz yatağında uyuyurdu,
lakin Titonun Qanimed adında bir sevimli
qardaşı vardı ki, onun şöhrəti hər yana yayılmışdı, onların yatağını isə, kətandan
tikilmiş pərdə ayırırdı. Onların ekiz olduqlarını iddia edənlər də vardı. Qardaşının
iniltilərinin səsinə oyanan Qanimed oyanaraq onun üstünə atıldı və Eosu tutub
saxlamağa müvəffəq oldu.
Qanimed
Eosu bir şərtlə buraxar ki, gələn dəfə də gəlsin, amma onun üçün. Onun başqa
yolu qalırdımı? Eos göz yaşları içində boğularaq and içdi - ah, bu üstü açılmış
cinayətin doğurduğu acı göz yaşları! - və özünəməxsus coşqunluqla verdiyi anda
sadiq qaldı. Qardaşlara söz ola biməzdi - səhər şəfəqinin ehtirasını onlar kin
və həsəd hissi olmadan rahatca paylaşırdılar. Hətta öz aralarında vəd verdilər
ki, Eosun üstündə dalaşmayacaqlar və nə qədər ki, Eos gəlir, başqa bir qadınla
yaxınlıq etməyəcəklər.
Eos isə,
hər gün onlara baş çəkirdi: bir gün Titona, o biri gün isə, qardaşı Qanimedə. Onun
utancı yavaş-yavaş keçib gedirdi, daha özünü oğru kimi hiss etmirdi, hərçənd, indi
də əvvəlki kimi gizlənməli idi. Digər qardaşların heç nədən xəbəri olmasa da, bütün ev həmişə çəhrayıya - onun od tutub yanan bədəninin
rənginə bürünmüş olurdu.
Gecə
yarısı sübh şəfəqi? Astrey - əbədi qaranlığın cığırlarında qaçan yorulmaz cəngavər
təəccübləndi; orada, Asiyanın lap kənarında nə vardı? Dağların və dənizlərin
arasında doğrudanmı yeni bir ulduz
doğmuşdu? O, bunu Zevsə xəbər verdi, Zevs ətrafına nəzər saldı və aldığı həzzdən
dolayı əvvəlkindən ikiqat yaraşıqlı görünən Qanimedi gördü. Və Tanrı heyrətə gəldi:
sən bu saqiyə bax bir! Aydın məsələdir ki, o, qartal kimi aşağıya şığıyaraq
Qanimedi öz yumşaq caynaqlarına aldı və onu Olimpin ziyafət sarayına gətirdi. Rəssamın
hər şeyi özünə xas bir şəkildə görməyə haqqı var və bəlkə də, o, yalan
danışmırdı, qorxmuş oğlan həqiqətən buludların arasıyla və zirvələrin üzəriylə
uçurdu, lakin o, oğlan idimi, burası gerçək deyildi. O, aslanları, vəhşi qabanları
öldürməli olmuş, bütün yayı isə, başqasının yox, məhz elə Eosun sönməz
ehtirasını yatırmalı olmuşdu.
Eos təlaş
içində idi. Nədir, indi yenəmi birindən o birinə getsin? Hərçənd, Titon onu heç
məyus da etməmişdi. Payızın hər səhəri gözəllik və dinclik baxş edirdi, bu həm
də ona görə şirin bir duyğuya dönürdü ki, onu kimsə ilə bölmək lazım gəlmirdi və
bu səhərlər yalnız bir insanın eşqinin tükənməzliyinə göz açırdı.
Amma
necə olur-olsun, insan sevgisinin xəyanətkar təbiəti onun ürəyini parçalamağa
davam edirdi. Axı ölümlülər natəmiz varlıq hesab olunurdular, onlar ətlə, qanla
qidalanırdılar, bədənləri natəmizliklə
dolu idi. Düzdür, ilahlar (kişi tanrılar) bəzən insan tayfasından qəhrəmanlar
dünyaya gətirmək üçün Olimpdən enirdilər, lakin ehtirasın doğurduğu bu
biabırçılıq hissi onlara aid deyil. İlahələr isə başqa məsələdir, ölümlülərlə
görüşlər onları ləkələyir, çünki ilahələr
ilahlardan daha qüvvətli sevirlər və insanın qeyri-kamil olması onları ahənrüba
kimi özünə çəkir, elə insanın natəmizliyi də - bu, tilişkə kimidir. Zavallı
insanın ömrünün qısalığı onun sevgidəki yaradıcılığını və ehtirasındakı gücü
artırır, İnsan ölümsüzlərdən daha incədir. Həm də çox diqqətlidir və bu da mütəəssir
edir. Onlar öz xoşbəxtliklərini başqasının xoşbəxtliyində tapırlar. Məsələn,
heç bir Tanrı onu, çılpaq beli işıldadığı halda, çiynindən öpməyi ağlından
keçirməzdi. Heç bir ölümsüz heç ən son qüvvəsini belə ehtirasın məbədində tükətməzdi.
Tanrılar bir-birinə heç nəyi qurban etmirdilər.
Titonla
həmişəlik qalsınmı?.. Axı o, ölümlüdür! Onda onunla birlikdə ölsün! Axı bu da
ölümsüzdür!
O, Zevsdən
mərhəmət diləməyə başladı - qoy ona Titonun qolları arasında yuxuya dalmağa,
bir də oyanmamağa izin versin! Tanrıların və insanların hakimi qeyri-ixtiyari
olaraq üz-gözünü turşutdu; axı Eos bunun Zevsin ixtiyarında olmadığını bilir - moyralar
hər şeyi elə düşünmüşdülər ki,
ölümsüzlüyü dəyişmək mümkün deyildi.
O zaman
ona əbədi həyat bəxş et - mərhəmətli bacılar bunu ki qadağan etmirlər. O,
Qanimedi ildırım Tanrısının yatağında gördü: o, Eos tərəfə baxaraq nəyə isə
gülümsəyirdi, lakin Eosu görmürdü. O saat da yox oldu. O, Zevsin qarşısında diz
üstə çökdü:
- Onu
ambroziya ilə bəsləmələrinə izin ver! Məni ölümlülərə olan sevginin xəcalətindən
qurtar! Başqalarına nə vermisənsə, bizə də ondan ver!
- Əbədi
həyatmı?
- Əbədi
həyat!
- Neynək,
qoy sən deyən olsun...
Və Zevs
daha çoxunu etdi: O, Astreyi hər biri on iki insan ömrü qədər olan üç müddətə
uzağa, göy qübbəsinin lap kənarına yolladı. Eos isə Titonu öz yanına gətirdi. Onlar
sanki bir-biri üçün yaranmışdılar. Üç dəfə on iki insan ömrü müddətinə cənnət həzzi...
Bu müddət ərzində Yelena oğurlandı, Troya çökdü, Aqamemnon öldürüldü, Odissey
geriyə - öz Penelopasının yanına döndü. Eosun Titona doğduğu oğlanlardan biri -
Suza şəhərinin banisi, efiopların çarı Memnon da Troya uğrunda gedən döyüşlərdə
Axill tərəfindən parçalanaraq məhv edildi - Axill onun budunu tikə-tikə
etmişdi. Titon isə şahzadə olsa da, o döyüşlərdə iştirak etmədi. O, heç şəhərin
dağıdıldığını da bilmədi və onun taleyilə heç vaxt maraqlanmadı. O, Eosun dənizin
arxasındakı evində onunla bərabər yaşayırdı. Heç oğlunun ölüsünə də ağlamadı. Titon
sübh şəfəqinə aşiq idi - vəssalam.
Beləlilkə,
o, ölümsüzdü artıq, hərçənd hələ də kamil deyildi, amma daha vicdanı Eosa əzab
da vermirdi. Həyat şirinləşdikcə, Eos da kamilliyə əhəmiyyət vermir, öz işinə hər
gün bir az daha səhlənkar yanaşırdı. Narazılıqlar, deyinmələr başlayırdı və
Zevs qərara gəldi ki, onu nəzarətə alsın. Bəzi günlərdə Gün qəfildən Gecənin
üstünə elə düşürdü ki, onun sərt işığı ölümlüləri yataqlarından çıxardırdı, ümumiyyətlə,
dəhşətli şeylər baş verirdi. Belə günlərdən birində Titonun qardaşlarından biri
olan Hektorun cəsədini Yerə atmışdılar, lakin Titonun bundan heç xəbəri də
olmadı.
Gecələrin
sonundakı şəfəqsiz gündüzlər Eosun anlaya bilmədiyi bir təlaşın içində keçirdi.
Axı ona nə olmuşdu? Nəyi çatmırdı? Nə lazım idi ona? Bəlkə, başqasına göz
qoyurdu artıq? Hansısa sirenaya? Ya nereidaya? Gündüzlər də tutqundu, gecələri
də, gün boyu da. Saçları bəs nədən belə ağarırdı? Dərisi də qırışırdı, gözləri
də sönürdü. Qəfildən, uzun müddət yığılıb qalmış sualların hamısının cavabı
bütün aydınlığı ilə ortaya çıxdı və Eos
anladı ki, Titon qocalıb. O, Titon üçün ölümsüzlüklə bərabər həm də əbədi gənclik
istəməyi unutmuşdu. Belə hallarda isə, Zevs öz mərhəmətinin bircə dəfə göstərirdi.
Ölümlülərin
artıq dünyaya göz yumduğu zaman gəlib çatmışdı. Amma Titon ölmədi. Astrey
qayıtdı, yenə getdi, bir dəfə də qayıtdı. Nəhayət, Eos Titonu ona göstərməli
oldu.
Gülməli
məxluqdur, elə deyilmi, dalğalar onu sahilə atıb, gücsüz, köməksiz idi və onun
da ağlına gəldi ki, bu məxluqu götürüb saxlasın. Deyəsən o, həm də danışa
bilirmiş, amma sözlərini anlamaq çətin idi. Sanki, siçan ciyiltisi idi, bəzən də
qarğa kimi qarıldayırdı. Eos əmr edirdi: "Bir söz de!” Titon gah ciyildəyərək,
gah da qarıldayaraq dedi ki, yalnız Eosu sevir. Eos onun nə dediyini başa
düşdü, Astrey isə yox. O, güldü və izn verdi ki, Titonu evlə at tövləsinin
arasındakı tikilidə saxlasınlar. Və uzun fasilədən sonra yenə birlikdə yatan
sevgililər onu ələ salmağa başladılar. Eos hər səhər ona deyirdi: "Rəqs et!” və
Titon fırlanmağa başlayırdı. Astrey isə deyirdi: "Kişi olduğunu göstər görüm!”
və Titon soyunmalı olurdu.
Bəzən də
Eos onu dizi üstə oturdub tüklü çənəsini tumarlayırdı. Zaman isə uçmaqda idi.
İkinci Troya, üçüncü, dördüncü, beşinci, altıncı… Titon isə qırışmış, qurumuş,
tökülmüş bədəni və çökəyə düşmüş gözlərilə birtəhər yaşayırdı, onun artıq qüvvədən
düşmüş günahkar istəkləri isə, hər səhər yenidən baş qaldırırdı. Gecələri demək
olar ki, yuxusuz olurdu, bir xışıltı eşitmək ümidilə eləcə uzanırdı. Belə
zamanlarda qulağını nazik arakəsmə divarına dayayıb, Eosun ayağa qalxdığını,
otaqda gəzindiyini, yuyunduğunu, darandığını, sonra Astreyi öpdüyünü eşidirdi. O,
Eosun qoxusunu duyur, səsini eşidirdi, onun bədənini hiss edir, gah qışqıraraq,
gah da ciyildəyərək öz varlığını xatırlatmağa çalışırdı. Heç olmasa səhər öpüşəydilər
- axı o, hələ də öpüşə bilərdi! Astrey ona yemək gətirərdi - onu hələ də
ambroziya ilə bəsləyirdilər. Bəzən Eos da onunla gəlirdi, o zaman Titon onun
ayaqlarına yıxılar, onun çəhrayı ayaq barmaqlarını bütün bədənilə örtərdi. Eos
isə onu itələyər, sonra uzun müddət - onun ciyiltili səsini eşitmək dözülməz olana qədər yanına gəlməzdi.
Və o
yenə də balaca, qurumuş erkək dovşan kimi Eosun ayaqları altında sülənərdi.
Bir dəfə
Qanimed Astreyin yanına gəldi - o, Zevsdən təlimat gətirmişdi. Sevimli
qardaşını o kökdə görüb dəhşətə gəldi və ağladı. Titon onu tanımadı.
Gözlərinin
yaşı qurumayan Qanimed Zevsin yanına gəldi: "Onu ölümsüzlükdən məhrum et!” Hərçənd
bilirdi ki, bu mümkün deyil. Ölümlü olmaqdan ölümsüz olmağa adlamaq üçün
moyraların icazəsi lazımdır, lakin geriyə yol yoxdur. Ölümsüzlükdən atlaya bilməzsən.
Eos da,
Titonun halına acıyaraq ildırımlar Tanrısına yalvarmağa başladı ki, onu ulduz
eləyib göylərə aparsın, amma əbəs yerə. Zevs aşağıya baxaraq yalnız bircə kəlmə
dedi: "Bunumu?”
O,
Eosdan Titonu hələ sevib-sevmədiyini də soruşmadı, Tanrılar belə sualları
vermirlər.
O,
ulduz olmağa yaramırdı, lakin yaxşı bir örnək ola bilərdi. Bəzən Tanrıların
qorxusuz sevinclərə qərq olduğu, hər şeyi unutduqları zamanlarda Zevs Titonu
onlara göstərərək deyirdi: "Baxın və həzz alın, orada bir ölümsüz ölümlü var”.
Belə zamanlarda kimisi qorxudan titrəyər, kimisi isə cingiltili bir gülüşlə qəhqəhə
çəkərdi. Apollonun bacısı Artemida isə ona baxmağa belə qorxardı. Bu Titondu - odunlaşmış
qulaqları, odunlaşmış burnu, odunlaşmış cinsiyyət üzvü ilə. O, özünün
doyurulmayan ehtirasının xiffətini çəkirdi.
Zamanla
ətrafındakılar artıq onu məsxərə ünvanına çevirməkdən də usandılar. Yeddinci
Troya, səkkizinci... və onlar Titonu yeməkdən də kəsdilər.
Titon
artıq daxildən qurumağa başlamışdı, yaş qalan yalnız onun odunlaşmış ağzından
axan tüpürcəyi idi. Böyüyən təkcə dırnaqları idi. Onun ac-yalavac iniltiləri ürək
dağlayırdı. Bəzən Astrey onun əyri-üyrü pəncərəsindən içəriyə bircə qab nektar
qoyurdu.
Bir
müddət sonra onun tüpürcəyi də üfunət qoxumağa başladı. Pis qoxu taxta hasarı
aşaraq, nəhayət Eosa da çatdı. İndi onu tamam rədd eləsinlər, nədir? Aid narazı
bir tərzdə əlini yellədi: o, kölgə
deyil. Olimpəmi yollasınlar? Bu barədə heç danışmağa dəyməzdi. Nə quruda, nə dənizdə,
nə dağlarda, nə də adada ona yaxın duran olmadı. Bəlkə suda boğsunlar? Dalğalar
etiraz elədilər.
Səhərləri
çürüntü iyi lap dözülməz olurdu. Çürüntü qoxuyan hava xəstəlik, qızdırma və bəzi
digər bədbəxtliklərin yayılmasına səbəb
oldu. Analar uşaqlarını satır, qardaşlar bir-birinin qanına
susayırdılar, ev yiyəsi qonaqları öldürürdü. Hətta Tanrılar arasında da taun xəstəliyi
yayılmağa başladı.
O zaman
Zevs bunu moyralara bildirdi. Onlardan qaydaları dəyişdirməyi rica etdi, yoxsa
ki, tale öz ipinin dolaşığına düşənə oxşayırdı. Və dəhşət saçan mərhəmətli
bacılar razılaşdılar. Titona, əgər özü istəyərsə, ölməyə izin veriləcək!
Lakin
Titon ölümü istəmədi. Onun səsi küləyin səsi kimi titrəkdi, lakin bu, əbədiyyətin
səsi idi. O, yaşayır, sübh şəfəqini də sevir. Qoy o, əmin olsun: Titon hələ də
öpüşə bilir, o, buna hələ də qadirdir. O, Eosa xoşbəxtlik bəxş etməyə hazır
idi, bircə onu möhkəmcə qucaqlamağa imkan verəydilər. Onun bütün gücsüzlüyü
bundan irəli gəlir ki, Eos ondan qaçır! Məgər onun necə olduğunu xatırlamır?
Güc və ehtirasla dolu! Doğrudanmı o bunun keçici olduğunu düşünür? Və Titon
Afroditanı çağırdı.
Afrodita
- Titondan qorxmayan və ona gülən yeganə ilahə gəlib çıxdı. O, Titona tərəf əyildi,
onlar nə barədəsə danışdılar. Titon onu eşitdi, anladı və nəhayət, razılaşdı: O, Eosla bir gecə keçirəcək və səhər
də onun öpüşündən öləcək.
- Ah,
bu üfunət qoxuyan ağzı selikli! - Eos titrədi. Səndələdi! Yox, Eos bacarmaz! Həm
də artıq Gecəni yola salmağın vaxtıdır. Onda Afrodita öz lənətini yenidən təkrarladı.
Zevsin
inadkarlığı qaydaları müəyyən qədər pozsa da, bacılar buna barmaqarası
yanaşdılar. Onda Zevs Titonu - ölümsüzlərdən birini hər səhər quruyub
odunlaşmış ayaqlarını şəhvətlə bir-birinə sürtən balaca cırcıramaya çevirdi. Və bu cırcırama
arzuları gerçəkləşdirmək üçün göndərilmişdi. Eos hər səhər peyda olur,
onun zəfəran rəngli paltarının yellənməsi, onun qoxusu, çəhrayı barmaqların gözəlliyi.
Nə baş verməli idisə, o da baş verdi. Titonun səsi yenə cingiltili, bədəni
qıvraq, gözləri qızıl kimi işıltılı, ürəyi qüvvətli və gücü tükənməz oldu.
Doqquzuncu
Troya, onuncu... Və onun xarabalıqlarından gələn cırcırama səsləri. Hətta
Olimpin özündə belə o səsləri məmnuniyyətlə dinləyirlər, xüsusilə də Qanimed. Bəzən
moyraların özləri də bu səslərə qulaq verirlər, belə zamanlarda onların bomboz
çöhrəsinə bir işıltı gəlir, dəmir kimi əlləri isə qabağa doğru uzanır. O səsi
bircə sübh şəfəqi eşitmir. Afroditanın lənəti onda yuxuya dalmış ölümlülərə
olan ehtirasdan başqa bütün maraqları öldürüb. O, öz abır-həyasını lap çoxdan
itirib, göylərin azğın, hamının nifrət etdiyi, səbatsız bir məxluquna çevrilib.
Fərq qoymadan hamının yatağına soxulur, heç kimdən, heç yetkinləşməmiş körpələrdən
belə iyrənmir.
Hər
sabah o, yeni bir məşuqun yatağına girir və o hələ oyanmamış onu tərk edib
qaçır. O zaman həmin insan öz ömrünün ən çəhrayı röyasını görür: saat arzuların
gerçəyə dönüşməsi saatıdır, lakin gərəkdir ki, ölümsüzlüyü arzulamağa ehtiyat
edəsən...
Tərcümə:
Dinar Həmidova