
Furqan. Hamı ölür axı... (Hekayə)
- 18.02.2020
- 0 Şərh
- 3427 Baxış
Onu
uşaqlıqdan tanıyırdım. Bir küçədə yaşayırdıq. Məndən bir sinif aşağı oxuyurdu.
Məktəbə bir gedib, bir gəlirdik, dostlaşmışdıq. Dərslərimi oxuyub bitirən kimi
düşüb onunla oynayırdım. Gah mənim velosipedimi sürürdük, gah da məhəllədə
futbol oynayırdıq.
Dərslərində
çox zəif idi. Bir neçə dəfə demişdim ki, gəl sənə bir az kömək edim, get qiymətlərini
düzəlt, deyirdi ki, yox e, Ömər, məndən oxuyan çıxmaz. Sən oxu!
"Sən
də bacararsan," deyirdim.
"Mən
də müəllim oğlu olsaydım, bacarardım," deyib yaxasını kənara çəkirdi.
Atası
ağlını itirmişdi, hamı onun atasına dəli deyirdi.
Əslində
Muxtar dayı bir çox ağıllıdan daha ağıllı idi. Heç kəsə ziyanı dəymirdi. Ya
öz-özünə danışırdı, ya da gözlərini zilləyib uzun-uzadı nəyəsə baxırdı. Öz-özünə
danışanda da heç vaxt söyüş söymürdü. Dəlilər adətən söyüşcül olurlar axı,
Muxtar dayıda elə şey yox idi.
Məni
görən kimi halımı soruşurdu:
"Necəsən,
qonşu?"
"Yaxşıyam,
Muxtar dayı, çox sağ ol!"
"Müəllim
necədi?"
"O
da yaxşıdı, salamı var."
"Sağ
olsun!"
Bu
dialoq demək olar ki, hər dəfə eynilə təkrarlanırdı. Muxtar dayıya görə mən
"qonşu" idim, atam da "müəllim!"
Camal
atasına "dəli" deyənlərə əvvəllər əsəbləşirdisə də, sonradan artıq əsəbləşmirdi,
çünki adiləşmişdi o söz onun üçün.
Bir
müddət sonra özü də atasına "dəli" deməyə başladı.
"Elə
demə," dedim, "necə dilin gəlir atana dəli deməyə?"
Sözümə
hörmətlə yanaşdı:
"Demə
deyirsənsə, demərəm. Amma eşitməmək olmur. Hamı dəli deyir atama."
"Sən
deyilənlərə fikir vermə."
Susdu,
üzümə baxdı. Narazı idi əslində, "necə yəni deyilənlərə fikir vermə?"
deyirdi baxışları. Amma etiraz etmədi. Yəqin ki, mənə hörmət etdiyindən.
Mən on
birinci, o da onuncu sinifdə oxuyanda atası dünyadan köçdü. Həmin gün gecəyə qədər
ağlamadı. Elə bir görünüşü vardı ki, ağlasaydı daha yaxşı olardı.
Hamı
dağılışandan sonra evin arxasında gizli bir yerdə mənə söykənib ağladı. Ciblərimə
baxdım, tərslikdən dəsmal da yox idi ki, verim, gözlərini silsin. Ağladı, köynəyinin
qolu ilə gözlərini siləndən sonra gözlərimə baxdı, gülümsədi:
"Daha
"dəli" deməzlər!"
Özümü
saxlaya bilmədim, bu dəfə mən ağladım.
Köynəyinin
o biri qolu ilə də mənim gözlərimi sildi.
"Ağlama!"
dedi, "hamı ölür də, ağlama!"
Sonra
biz o məhəllədən köçdük və əlaqəmiz tamamilə kəsildi.
Amma o
gündən bəri Camalın sözləri tez-tez yadıma düşür:
"Hamı
ölür də..."
Görəsən
o məhəllədən köçəndən sonra Camalı niyə axtarmadım?! Yəni mən də öldüm?!
Hamı
ölür axı...