
Fyodor Mixayloviç Dostoyevski. "Ölü evdən qeydlər" romanından bir parça Rəsulzadənin tərcüməsində
- 19.07.2020
- 0 Şərh
- 6411 Baxış
Qartal
cinsindən "qara quş" dəxi bir müddət bizim məhbəsin dairəsində
yaşadı. Kim isə onu yaralı və əzilmiş bir halda dairəyə (həyətə) gətirmişdi. Zavallı
uça bilmirdi, sağ qanadı yerdən sürünür, bir ayağı da arxasından gəlirdi.
Ətrafdakı izdihamı necə dönərək qorxunc bir baxışla seyr etdiyini və öz həyatını
baha bir qiymətə satmaq üçün dimdiyinin necə bir tövr təhdid olaraq açılıb-yumulduğunu
indi də xatırlayıram.
İzdiham
onu seyr və tamaşadan fərağət edincə qara quş bir ayağı üzərində tullanır, bir
qanadı ilə çırpınır, axsaya-axsaya qoşur və dairənin bir bucağına sıxışıb
qalırdı. Bu sürətlə qara quş üç ay tamam dairədə qaldı və heç zaman öz bucağını
tərk etmədi. Əvvəlləri tez-tez gəlir, ona tamaşa edir və "Şarik" köpəyi
dəxi üstünə qısqırdırdılar. "Şarik" də cəsarətlə atılır, fəqət pək
yaxın getməyə qorxurdu. Bu isə məhbusların keyfinə gəlirdi.
- Vəhşi
təslim olmur! – deyirdilər.
Sonra
"Şarik" də qartala artıqlaması ilə əziyyət verməyə başlamışdı. Köpəyin
qorxusu da artıq götürülmüş, qısqırdıldığı zaman zavallı quşun yaralı
qanadından yapışırdı. Qartal dimdiyi, caynağı və var qüvvətilə çırpınır, mütəəzzimanə
(əziyyətli) bir halda müdafiə olunur, yaralı bir padşah kimi ona tamaşa edənləri
acılı bir baxışla süzürdü. Axırı hər kəs yorulur və qara quşu unudurdular.
Məəmafih
(bundan sonra) hər gün quşun yanında bir parça təzə ətlə bir qab su görmək
olardı. Kim isə qartalı sevir və ona göz yetirirdi. Əvvəlləri o, yemək də istəmirdi.
Hətta bir neçə gün yemədi də. Nəhayət, yeməyə başladı. Fəqət, hər halda əldə və
yaxun (yaxın) insan hüzurunda verilən yeməkləri qəbul etməzdi. Çox kərə oldu
ki, mən onu uzaqdan seyr və tədqiq etdim. Özünü yalqız hesab elədiyi zamanlar,
bəzən bucağıdan dışarı çıxır və iyirmi qədəm bir məsafə təbilə təkrar yerinə
dönür. Yenə mövqeyindən çıxır, təzədən ovdət edirdi (geriyə dönürdü).
Məni
görür-görməz qartal yerinə qoşur, başını arxaya ataraq dimdiyini açır və tüklərini
ürpədərək hərbə hazırlanırdı. Mən onu hər cür təltif və nəvazişlə özümə ram edə
bilmirdim, dimdikləyir, çırpınır, əlimdəki əti almır və daima qorxunc gözlərini
gözlərimə dikib baxır, bir an qəflət etmirdi. Əvət, o kimsəyə etimad göstərmir,
kimsə ilə sülh etmir, barışmaz bir düşmən qalaraq ölümünü gözləyirdi.
Artıq
iki ay oldu ki, kimsə qara quşu xatırlamır, onu düşünmürdü. Fəqət son günlərdə
hər kəsdə ona qarşı bir mərhəmət hissi oyandı, qartalı dairədən xilas etməyə qərar
verdilər. Məhbuslardan bəzisi: "Ölsə də barı dairədə – məhbəsdə ölməsin”
dedilər.
Başqaları:
"Demək, azad və xəşin (sərt) bir quşdur, məhbəs dairəsilə tələttüfi (rəftar)
– qəlb edə bilmir", – deyə bəyan etdilər.
Bizim
kimi deyil, demək, – deyə bir başqası əlavə elədi.
Bəs
görmürsən ki, o quşdur, biz adamıq.
Qartal
bilmirsiniz, arkadaşlar, ormanların padşahıdır... – deyə boşboğaz Skuratov başladı...
Fəqət bu kərə ona qulaq asan olmadı.
Bir kərə
nahardan sonra idi ki, təbil vuruldu.
İşə
girmək zamanı gəlmişdi. İşə yenə qartalı aldılar. Dimdiyini sıxdılar - çünki o,
müdhiş bir sürətdə hücum edirdi. Hasara girdilər, quşu yola salan 20 kişi fövqəladə
bir maraqla quşun haraya gedəcəyini görmək istəyirdi. Qəribə şey: hər kəs məmnun
və müstərih (rahatlanmış) kimi nəzərə gəlirdi.
Elə bil
ki, bir dərəcəyədək özləri azad olurdular.
Quşu
aparmaqda olan məhbus:
Əcaib
şey, nə yaman məxluq, nə yaxşılıq edirsən də dimdikləyir! – deyə kəmali-şəfqətlə
qorxunc quşa baxmaqda idi.
Mitqa,
haydı, burax getsin!
Sən o şəfqətli
baxışdansa, ona hürriyyət ver, hürriyyət, o, mərhəmət düşgünü deyil.
Qartalı
hasarın üzərinə çıxardılar və oradan çölə buraxdılar. Bu payız günlərindən
soyuq və tutqun bir gündə idi. Saralmış payız səhrasında külək acıqlı
fışqırıqlar veriyordu. Qartal sağ olan qanadı ilə çırpınmağa və olanca qüvvətilə
qaçmağa başladı. Elə bil ki, bizdən uzaqlaşmağa fövqəladə əcələ edirdi. Məhbuslar
maraqla baxır və haraya getdiyini təqib edirdilər.
Birisi
mütəfəkkiranə:
Görüyormusan,
– dedi.
Heç
dönüb baxmır da– deyə o biri əlavə etdi.
Heç bir
dəfə də olsun, dönmədi, qaçır.
Sənə
dönüb təşəkkürmü edəcək – zənn etdin, – deyə üçüncüsü sordu...
Məlum!
Hürriyyət! Azad olmuş!
Demək,
Svaboda!
Artıq
görünməyir, qardaşlar...
Haydı,
nə duruyorsunuz!!! – deyə müstəhfizlər (mühafizəçilər) bağırdı və hamısı sükut
edərək işə başladılar.
Mütərcimi:
M.Ə.RƏSULZADƏ,
"İqbal"
N 546, 3 yanvar, 1914