
Konstantin Paustovski. Teleqram (hekayə)
- 23.06.2020
- 0 Şərh
- 3319 Baxış
Yarpaq.az XX əsr rus ədəbiyyatının klassiki
Konstantin Paustovskinin ən gözəl əsərlərindən biri olan "Teleqram” hekayəsini
Svetlana Turanın tərcüməsində təqdim edir:
Oktyabr həmişəkindən daha soyuq, daha yağışlı idi.
Ensiz taxtalarla örtülmüş dam qapqara qaralmışdı.
Bağçadakı saralmış otlar tamam yaprıxmışdı, çəpərin
dibindəki balaca bir günəbaxan heç cür boy ata, çiçək aça, ləçəklərini töküb
başa çıxa bilmirdi.
Çayın arxasından gələn buludlar tarlaların başı
üstündə sürünür, havada uçuşan ağsöyüdlərə ilişirdilər. Buludlardan adamı
bezdirən yağış səpələnirdi.
Yollar elə hala düşmüşdü ki, onların üstü ilə nə
piyada getmək olurdu, nə də araba ilə, nə də atla. Hətta çobanlar da sürülərini
daha çəmənliklərə aparmırdılar.
Çoban tütəyi yazadək susmuşdu. Katerina Petrovna
üçün səhərlər yerindən qalxmaq və eyni şeyi görmək – yandırılmayan sobaların
acı qoxusunu canında saxlayan otaqlar, "Avropa carçısı”nın tozlanmış nüsxəsi,
masanın üstündəki saralmış fincanlar, lap çoxdan təmizlənməyən samovar və
divardan asılmış portretlər – çətin olurdu. Bəlkə də, otaqlar çox qaranlıq idi,
Katerina Petrovnanın gözünə isə mirvari suyu gəlmişdi, ya bəlkə də, portretlər
zaman keçdikcə qaralmışdılar, onların üzərində nə təsvir olunduğunu ayırd etmək
çətin idi. Katerina Petrovna, sadəcə, yadında saxlamışdı ki, biri onun atasının
portretidir, balaca, qızılı çərçivəli isə Kramskinin hədiyyəsi idi – onun "Naməlum”unun
eskizi. Katerina Petrovna məşhur rəssam olmuş atasının vaxtilə tikdiyi evdə öz
ömrünü başa vururdu.
Rəssam ahıl yaşında Peterburqdan doğma kəndinə
qayıdıb sakit həyat tərzi sürür və öz bağında işləyirdi. O daha rəsm çəkə
bilmirdi, əlləri əsirdi, görməsi zəifləmiş, gözləri tez-tez ağrıyırdı.
Ev Katerina Petrovnanın dediyi kimi "memorial” idi.
O, vilayət muzeyinin nəzarəti altında idi. Lakin evin sonuncu sakini – Katerina
Petrovna öldükdən sonra bu evin aqibətinin necə olacağını bilmirdi. Kənddə isə
– kənd Zaborye adlanırdı – rəsmlər, Peterburq həyatı, Katerina Petrovnanın
atası ilə birlikdə Parisdə keçirdiyi o yay və Viktor Hüqonun dəfn mərasimini
görməsi haqqında danışmaq üçün bir nəfər də yox idi.
Bu haqda hər gün gəlib quyudan su daşıyan, döşəməni
süpürən, samovarı odun üstünə qoyan, kolxozun pinəçisinin qızı Manyuşka ilə də
danışmaq mümkün deyildi.
Katerina Petrovna Manyuşkanın zəhmətinin əvəzi
olaraq ona büzülmüş əlcəklər, dəvəquşu lələkləri, muncuqlarla bəzənmiş qara
şlyapa hədiyyə edirdi.
- Bunlar mənim nəyimə lazımdır ki? – Manyuşka
xırıltılı səslə soruşur və burnunu çəkirdi. – Mən köhnə-külə yığanam, bəyəm?
- Əzizim, sən sat onları, – Katerina Petrovna
pıçıldayırdı. Artıq bir il idi ki, o tamam əldən düşmüş və daha yüksək səslə
danışa bilmirdi. – Sat onları.
- Tullantı sexinə təhvil verərəm, – Manyuşka qərara
alaraq hədiyyələri götürür və çıxıb gedirdi.
Arabir yanğınsöndürmə məntəqəsinin keşikçisi –
arıq, kürən Tixon gəlirdi. Katerina Petrovnanın atasının Peterburqdan gəlməsi,
ev-eşik tikməsi onun hələ də yadında idi.
Tixon həmin vaxt balaca uşaq idi, amma rəssama bəslədiyi
hörmət hissini ömürlük qoruyub saxlamışdı. O, rəssamın əsərlərinə baxıb dərin
ah çəkərək deyirdi:
- Çox təbii alınıb!
Tixon çox vaxt qadına ürəyi ağrıdığı üçün iş
görürdü: bağdakı qurumuş ağacları kəsir, onları mişarlayır və odun doğrayırdı.
Hər dəfə də gedərkən qapının ağzında ayaq saxlayır və soruşurdu:
- Katerina Petrovna, Nastyadan xəbər varmı? Bir şey
yazıb?
Beli bükülmüş, kiçilmiş Katerina Petrovna divanda
oturub susur və kürən rəngli dəri çantadakı hansısa kağızları gözdən keçirirdi.
Tixon qapıda dayanıb xeyli təpik döyür, burnunu silirdi.
- Yaxşı, – o heç bir cavab almayıb dillənirdi, – mən
daha gedim, Katerina Petrovna.
- Get, Tişa, – Katerina Petrovna pıçıldayırdı. –
Get, Allah köməyin olsun!
O, qapını ehtiyatla bağlayıb gedirdi, Katerina
Petrovna isə sakitcə ağlamağa başlayırdı. Külək pəncərənin arxasında çılpaq
budaqların arasında əsib fit çalır, son yarpaqları yerə tökürdü. Masanın üstündəki
ağ neftlə işləyən gecə lampasının işığı titrəyitdi. Adama elə gəlirdi ki, o bu
atılmış evdə yeganə canlı varlıqdır, bu zəif işıq olmasaydı, Katerina Petrovna
səhərə necə çıxacağını heç bilməzdi də.
Gecələr yuxusuzluq kimi uzun və ağır idi. Səhər isə
hər dəfə tənbəllik edir, gecikir və çərçivənin arasında hələ keçən ildən
pambığın üstündən qoyulmuş, nə vaxtsa sarı-payızı rəngdə olmuş, indi isə
qaralmış kağızların olduğu yuyulmamış pəncərələrdən içəriyə istəmədən sızırdı.
Katerina Petrovnanın qızı və yeganə doğması olan
Nastya uzaqda – Leninqradda yaşayırdı. O buraya son dəfə üç il əvvəl gəlmişdi.
Katerina Petrovna bilirdi ki, Nastyanın bu qarını
düşünməyə vaxtı yoxdur. Onların – cavanların öz işləri, öz anlaşılmaz
maraqları, öz xoşbəxtlikləri vardı. Ən yaxşısı mane olmamaq idi. Ona görə də
Katerina Petrovna Nastyaya nadir hallarda yazırdı, ancaq köhnəlib yıpranmış
divanın kənarında elə sakitcə oturub qızı haqqında düşünürdü ki, hətta otaqdakı
səssizliyə aldanmış siçan sobanın arxasından çıxır, arxa ayaqları üstə dayanır
və burnunu tərpədə-tərpədə uzun müddət otağın havasını iyləyirdi.
Nastyadan da məktub gəlmirdi, ancaq hər iki-üç
aydan bir Vasiliy adlı gənc, şən poçt işçisi Katerina Petrovna üçün iki yüz
rubl miqdarında pul köçürməsi gətirirdi. Katerina Petrovna kağıza imza qoyarkən
o, Katerina Petrovnanın qolundan ehtiyatla tuturdu ki, birdən qadın səhv yerə
qol çəkər.
Vasili çıxıb gedirdi, Katerina Petrovna isə çaşqın
halda əlindəki pulla oturub qalırdı. Sonra o, eynəyini taxır və köçürmə vərəqlərinin
üstündəki bir neçə sözü oxuyurdu. Sözlər, elə həmişə olduğu kimi, eyni idi: iş
o qədər çoxdur ki, nəinki oralara gəlib çıxmaq, hətta düz-əməlli bir məktub da
yazmağa vaxt yoxdur.
Katerina Petrovna kağız pulların o tərəf-bu tərəfinə
ehmalca baxırdı. O, qocalıqdan tamam unutmuşdu ki, bu pullar Nastyanın onun
üçün yolladığı məhz həmin əskinaslar deyildi, buna görə də ona elə gəlirdi ki,
pullardan Nastyanın ətrinin qoxusu gəlir.
Bir dəfə oktyabrın sonlarında, gecə vaxtı kimsə
bağın lap qurtaracağındakı, illər öncə mismarlanmış qapını durmadan döyəcləməyə
başladı.
Katerina Petrovna təşviş içində başını qalın
yaylıqla uzun-uzun bağlayıb köhnə paltosunu geyindi və eşiyə çıxdı. O, aramla, ətrafını
yoxlaya-yoxlaya yeriyirdi. Soyuq havadan başı ağrımağa başladı. Unudulmuş
ulduzlar gözlərini yerə dikmişdilər. Xəzan yeriməyə mane olurdu.
Çəpərin qapısına çatdıqda Katerina Petrovna sakitcə
soruşdu:
- Qapını döyən kimdir?
Ancaq çəpərin o tərəfindən cavab gəlmədi:
- Yəqin, qulağıma səs gəlib, – deyə Katerina
Petrovna yenidən geriyə – evə sarı üz tutdu.
Onu boğulma tutdu, qoca ağacın yanında dayanıb
soyuq, yaş budaqdan yapışdı və onu tanıdı: bu qarağac idi. O bu ağacı lap
çoxdan əkmişdi, hələ güləş gənc ikən, indi isə o, yarpaqları tökülmüş, soyuqdan
büzüşmüş halda dayanmışdı və onun evsiz-eşiksiz, küləkli gecədən qurtulmaq üçün
gedəcək yeri yox idi.
Katerina Petrovnanın qarağaca ürəyi yandı, onun kələkötür
gövdəsinə toxundu. Evə birtəhər gedib çıxdı və elə həmin gecə Nastyaya məktub
yazdı.
"Gözümün işığı, – Katerina Petrovna yazırdı. – Mən
bu qışı çıxmayacağam. Heç olmasa, bircə günlük gəl. Qoy üzünə baxa, əllərini
ovuclarımda tuta bilim. Qocalmışam artıq və o qədər zəifləmişəm ki, nəinki
yerimək, hətta oturmaq və uzanmaq da mənə əziyyət verir. Ölüm mənim yolumu
unudub. Bağ solub əldən gedir, daha əvvəlki deyil, heç mən onu görə də bilmirəm.
Payız yaman sərt keçir. Elə ağırdır ki... Bütün həyat sanki bu bircə payız qədər
uzun olmayıb”.
Manyuşa burnunu çəkə-çəkə məktubu poçt idarəsinə
aparıb onu uzun müddət poçt qutusuna salır və içərisinə "İçəridə nə var?”
marağı ilə baxırdı. Ancaq içəridə heç nə yox idi, olan yalnız dəmir boşluq idi.
Nastya Rəssamlar Birliyində katibə işləyirdi. İş
bitmək bilmirdi. Sərgilərin, müsabiqələrin təşkili – bunların hamısı gəlib onun
əlindən keçirdi.
Katerina Petrovnanın məktubunu Nastya işdə ikən
aldı. Onu çantasında gizlətdi – oxumadan. Qərara almışdı ki, işdən sonra
oxusun. Katerina Petrovnanın məktubları Nastyaya rahatlıq gətirirdi: yazırsa,
demək, sağdır. Amma bununla belə, içində küt narahatlıq baş qaldırırdı, sanki
anasının hər bir məktubu səssiz bir qaxınc idi.
İşdən sonra Nastya gənc heykəltəraş Timofeyevin iş
otağına gedib onun şəraitini yoxlamalı və bu haqda Birliyin idarə heyətinə məlumat
verməliydi. Timofeyev iş otağının soyuq olmasından, bir də onun irəli getməsinə
imkan verilmədiyindən şikayətçi idi.
Mərtəbələrdən birində Nastya balaca bir güzgü
çıxarıb üzünü pudraladı və gülümsündü – indi o özünün xoşuna gəlirdi. Rəssamlar
onu sarışın saçları və iri soyuq gözlərinə görə Solveyq (Henri İbsenin "Per
Günt” poemasının qadın qəhrəmanı – S.T.) adlandırırdılar.
Qapını Timofeyev özü açdı – balacaboy, qətiyyətli,
hirsli bir adam. O, paltoda idi. Boğazını qalın şərflə dolamışdı, ayağındakı
qadın fetr çəkmələri Nastyanın gözündən qaçmadı.
- Soyunmayın, – Timofeyev dilləndi. – Donacaqsınız.
Buyurun içəri!
O, Nastyanı qaranlıq dəhlizlə aparıb bir neçə pilləni
qalxdı və iş otağına açılan qapını yüngülcə itələdi.
Otaqdan yanıq qoxusu gəlirdi. Yerə qoyulmuş yaş
gillə dolu çəlləyin yanında pilətə yanırdı. Dəzgahların üstündə boz əsgilərlə
örtülmüş heykəllər durmuşdu. Enli pəncərənin arxasında qar əyri xətt cızaraq
yağır, Nevanın üstünü duman kimi bürüyür, onun tünd sularında əriyib yoxa
çıxırdı. Külək çərçivəyə salınmış şəkillər arasında vıyıldayır və döşəməyə sərilmiş
köhnə qəzetləri xışıldadırdı.
- Aman tanrım, necə soyuqdur! – Nastya dedi və ona
elə gəldi ki, divarlar boyunca səliqəsiz halda asılmış bəyaz mərmər barelyeflər
iş otağını daha da buza döndərir.
- Baxın da! – Timofeyev gilə bulaşmış kətili Nastya
üçün irəli çəkərək dedi: – Başa düşmürəm, necə olub ki, mən bu dərədə gəbərməmişəm.
Perşinin iş otağında isə isitmə sistemi elə isti vurur elə bil ora adi otaq
deyil, Saharadır.
- Perşin xoşunuza gəlmir? – Nastya ehtiyatla
soruşdu.
- Bambılının biridir! – Timofeyev acıqla dedi. –
Adi usta! Onun fiqurlarının çiyinləri palto asılqanıdır. Kolxozçu qadını
önlüyünün ətəyini yığmış daş arvaddır. Fəhləsi elə bil neandertal insandır.
Heykəllərini taxta bellə düzəldir. Ancaq hiyləgərdir, əzizim, yaman hiyləgərdir!
- Mənə sizin Qoqolu göstərin də, – Nastya söhbəti dəyişmək
üçün xahiş etdi.
- O yana keçin! – heykəltəraş qaşqabaqla dilləndi.
– Əşşi, ora yox! Bax o küncə. Hə!
O, fiqurlardan birinin üstündəki nəm əsgiləri
götürdü, heykəli sınayıcı baxışlarla hərtərəfli gözdən keçirdi, sonra pilətənin
yanına çömbəlib əllərini isidə-isidə dedi:
- Budur, Nikolay Vasilyeviç! Buyurun!
Nastyanın bütün vücudundan üşütmə keçdi. Onun ən
gizlin tərəflərini belə bilən itiburun, beli bükük adam ona məsxərə dolu
baxışlarını yönəltmişdi. Nastya onun gicgahındakı nazik skleroz damarının necə
döyündüyünü görə bilirdi.
"Məktubunsa eləcə qalıb ha çantanda – açılmamış vəziyyətdə,
– sanki Qoqolun adamı dəlib keçən baxışları deyirdi. – Ay səni, ağılsız qız!”
- Necədir? – Timofeyev soruşdu – Ciddi day-daydır,
hə?
- Möhtəşəmdir! – Nastyanın səsi güclə çıxırdı. –
Bu, həqiqətən də, möhtəşəmdir!
Timofeyev acı-acı güldü.
- Möhtəşəm, – deyə o təkrar etdi. – Hamı deyir:
möhtəşəm. Perşin də, Matyaş da, cürbəcür komitələrdən gələn cürbəcür peşəkarlar
da. Faydası nədir? Burada – möhtəşəmdir, mənim bir heykəltəraş olaraq taleyimin
həll olunduğu o yerdə isə elə həmin Perşin bircə dəfə qeyri-müəyyən şəkildə
qımıldandımı – hazırdır! Perşin qımıldandısa, demək, işin bitdi!... Gecələri
yatmırsan! – Timofeyev bağırdı və botları ilə tappıldaya-tappıldaya iş otağında
var-gəl etdi. – Yaş gilin ucbatından əlində revmatizm var. Üç il Qoqol haqqında
yazılmış hər sözü dayanmadan oxuyursan. Yuxuna donuzun üz-gözü girir!
Timofeyev masanın üstündən bir yığın kitabı
qaldırıb onları havada silkələdi və zərblə geri çırpdı. Masanın üstündən gipsin
tozu qalxdı.
- Bunların hamısı Qoqol haqqındadır! – o dedi və
birdən-birə sakitləşdi. – Nədir? Deyəsən, qorxutdum axı sizi. Bağışlayın, əzizim,
ancaq, vallah, mən dalaşmağa da hazıram.
- Nə olar ki! Birlikdə dalaşarıq, – Nastya dedi və
ayağa qalxdı.
Timofeyev onun əlini bərk sıxdı və Nastya oranı bu istedadlı
şəxsi naməlumluğun pəncəsindən qoparmaq haqqında qəti fikrə gələrək tərk etdi.
Nastya Birliyə qayıtdı, sədrin yanına keçdi və
onunla xeyli danışaraq özündən çıxa-çıxa sübut edirdi ki, Timofeyevin işlərinin
sərgisini vaxt itirmədən təşkil etmək lazımdır. Sədr masasını qələmlə
taqqıldadıb bir xeyli götür-qoy etdikdən sonra, nəhayət, razılığını verdi.
Nastya tavanı qızılı rəngə boyanmış, Moykada yerləşən
yaşadığı qədim evə qayıtdı və yalnız orada Katerina Petrovnanın məktubunu
oxudu.
- Hara gedim axı indi?! – deyib yerindən qalxdı. –
Bu qədər işin içində buradan çıxmaqmı olar?!
O, içi dolub-daşan qatarlar haqqında, sonra ensiz dəmiryol
xəttinə keçməli olacağından, silkələnən araba, qurumuş bağ-bağça, anasının
qaçılmaz göz yaşları, kənd həyatının ağır keçən, maraqsız günləri haqqında
düşündü və məktubu yazı masasının gözünə qoydu.
Düz iki həftə boyunca Nastya Timofeyevin sərgisinin
təşkili ilə məşğul oldu.
Bu müddət ərzində o, bir neçə dəfə tərs heykəltəraşla
küsüb-barışmışdı. Timofeyev öz işlərini sərgiyə elə göndərirdi elə bil onları məhvə
məruz qoyurdu.
- Heç bir şey alınmayacaq, əzizim mənim, – o,
Nastyaya bu sözləri elə acıq dolu sevinclə deyirdi ki, sanki Nastya onun deyil,
öz sərgisini təşkil edirdi. – Vaxtımı boşuna sərf edirəm, düz sözümdür.
Nastya əvvəl ümidlərini itirir və inciyirdi, amma
sonra başa düşdü ki, bütün bu nazlanmalar qəlb qırıqlığından irəli gəlir və əslində,
Timofeyev ürəyinin dərinliyində bu sərgiyə çox sevinir.
Sərgi axşamçağı açıldı. Timofeyev əsəbiləşir və heykəllərə
elektrik işığı altında baxmağın mümkünsüz olduğunu deyirdi.
- Ölü işıq! – o deyinirdi. – Öldürücü mənasızlıq! Hətta
kerosinlə işləyən fənərin işığı da bundan daha yaxşıdır.
- Axı sizə necə işıq lazımdır, ay hər şeydən narazı
insan?! – Nastya özündən çıxdı.
- Şamlar lazımdır! Şamlar! – Timofeyev əzab içində
çığırdı. – Axı Qoqolu elektrik lampasının altına necə qoymaq olar?! Absurddur!
Açılışda heykəltəraşlar, rəssamlar vardı. Bu işlərdən
xəbərsiz biri heykəltəraşların söhbətlərini eşitdikdə, ola bilsin, onların
Timofeyevin işlərini tənqid, yoxsa tərif etdiyini anlamazdı. Ancaq Timofeyev
yaxşı başa düşürdü ki, sərgi uğurlu alınıb.
Saçı ağarmış, özündən tez çıxan bir rəssam Nastyaya
yaxınlaşdı və onun əlini yoldaşcasına şappıldatdı:
- Sizə minnətdaram. Eşitmişəm ki, Timofeyevi gün
işığına çıxaran sizsiniz. Əla iş görmüsünüz. Yoxsa bizdə, bilirsinizmi, rəssama
diqqət, qayğı haqqında danışan çox olsa da, söhbət gəlib işin üstünə çıxanda
heç nə ifadə etməyən, bomboş gözlərlə qarşılaşırsan. Sizə bir daha təşəkkür
edirəm!
Müzakirələr başlandı. Hər kəs çox danışır, tərifləyir,
özlərindən çıxır və qocaman rəssam tərəfindən deyilmiş – layiq olmadığı halda şəkildə
unudulmuş gənc heykəltəraşa diqqətin göstərilməsi fikri bütün nitqlərdə təkrarlanırdı.
Timofeyev qaşqabağını sallayıb oturmuş, gözlərini
parketə dikmişdi, amma yenə də çıxış edənlərə arabir gözünün ucu ilə baxır və
heç cür qərar verə bilmirdi ki, onlara artıq inansın, ya yox.
Qapıda Birliyin mehriban və əfəl kuryeri Daşa
göründü. O, Nastyaya göz-qaş edirdi. Nastya ona yaxınlaşdı və Daşa teleqramı
ona gülümsəyərək uzatdı.
Nastya öz yerinə qayıtdı və ətrafdakılara hiss
etdirmədən teleqramı açıb oxudu, lakin heç nə başa düşmədi:
"Katya ölür. Tixon”.
"Hansı Katya? – Nastya çaşqın halda düşündü. –
Hansı Tixon? Ola bilsin, bu teleqram başqa birinə göndərilib”.
O, ünvana nəzər saldı: yox, teleqram elə ona
ünvanlanmışdı. Elə həmin andaca onun gözü kağız lentin üzərindəki nazik çap hərfləri
ilə yazılmış "Zaborye” sözünə sataşdı.
Nastya teleqramı ovcunun içində əzdi və
qaş-qabağını tökdü.
Perşin çıxış edirdi:
- Bizim zəmanəmizdə, – o, yerindəcə
yırğalana-yırğalana və bir əli ilə eynəyini tutaraq deyirdi, – insana göstərilən
qayğı bizə böyüməyə və işləməyə kömək edən gözəl bir reallığa çevrilmişdir. Mən
yoldaş Timofeyevin sərgisindən bəhs edirəm. Bu sərgiyə görə biz ancaq və ancaq
– qoy sözüm rəhbərliyin xətrinə dəyməsin – Birliyin sıravi işçilərindən biri,
hamımızın sevimlisi – Anastasiya Semyonovnaya borcluyuq.
Perşin Nastyaya təzim etdi və hamı əl çaldı.
Alqışlar xeyli sürdü. Utandığından Nastyanın da gözü yaşardı.
Ondan bir sıra arxada oturanlardan biri onun qoluna
toxundu. Bu, yaşlı, özündən tez çıxan həmin rəssamdı.
- Nə olub? – o, pıçıltıyla soruşdu və gözləri ilə
Nastyanın əlindəki əzilmiş teleqrama işarə etdi. – Pis bir şey olmayıb ki?
- Xeyr, – Nastya cavab verdi. – Bu, elə-belə... Bir
tanışdandır...
- Tamam! – deyə qoca dilləndi və Perşinə qulaq
asmağa davam etdi.
Hamı Perşinə baxırdı, ancaq kiminsə ağır və dəlib
keçən nəzərləri ona dikilmişdi. Nastya bu nəzərləri öz üzərində hiss edir və
başını qaldırmağa qorxurdu. "Görəsən, bu, kim ola bilər? – o öz-özünə
düşünürdü. – Yəni kimsə başa düşüb? Axmaqlıqdır. Əsəblərim pozulub”.
O, gözlərini güclə qaldırdı və tez də aşağı saldı.
Qoqol ona qımışaraq baxırdı. Gicgahındakı skleroz damarı sanki ağır-ağır
döyünürdü. Nastyaya elə gəldi Qoqol qıcanmış dişləri arasından sakitcə dedi:
"Eh, səni!”
Nastya cəld ayağa qalxıb sərgi zalından çıxdı,
aşağıda tez-tələsik geyindi və küçəyə qaçaraq çıxdı.
Sulu qar yağırdı. İsaak kilsəsinin üzərində
bozumtul qırov görünürdü. Qaşqabaqlı səma daha da aşağı – şəhərin, Nastyanın,
Nevanın üzərinə çökürdü.
"Gözümün işığı, – Nastya bir müddət əvvəl aldığı məktubu
xatırladı. – Gözümün işığı!”
Nastya admirallıq binasının yanındakı meydanda
skamyalardan birinə əyləşdi və acı-acı ağladı. Qar onun üzündə əriyir, göz
yaşlarına qarışırdı.
Nastyanın canından üşütmə keçdi və o qəfildən
anladı ki, onu heç kəs maraqsız Zaboryedəki əldən düşmüş, hamı tərəfindən tərk
edilmiş o qoca qarı qədər sevməyib.
"Artıq gecdir! Daha anacanı görə bilməyəcəyəm”, – o
düşündü və xatırladı ki, son bir ildə o, uşaqlara xas olan bu xoş "anacan”
sözünü birinci dəfədir deyir.
O, yerindən dik atıldı və üzünü döyəcləyən qara
qarşı getdi.
"Nə baş verdi, ana? Nə? – o özlüyündə düşünür, gözü
isə heç nə görmürdü. – Ana! Axı necə oldu ki, işlər bu yerə gəldi? Axı mənim bu
həyatda başqa heç kəsim yoxdur. Yoxdur və səndən daha doğma heç kəsim
olmayacaq. Təki yetişə biləydim, təki məni görəydi, keçəydi günahımdan”.
Nastya Neva prospektindəki şəhər dəmir yolu
vağzalına gəldi.
O gecikmişdi. Bilet qalmamışdı.
Nastya kassanın yanında dayanmışdı, dodaqları əsirdi,
danışa bilmirdi, hiss edirdi ki, elə ağzını açıb ilk sözü deyən kimi
hönkür-hönkür ağlayacaq.
Orta yaşlı, eynəkli kassir qadın başını pəncərədən
çıxardı.
- Nə olub sizə, vətəndaş? – o, narazı halda
soruşdu.
- Heç nə, – Nastya cavab verdi. – Anam...
Nastya çevrilib iti addımlarla çıxışa doğru yönəldi.
- Hara? – kassir onun arxasınca səsləndi. – Gərək
elə o dəqiqə deyəydiniz. Bircə dəqiqə səbir edin.
Elə həmin axşam Nastya yola düşdü. Bütün yol
boyunca ona elə gəlirdi ki, "Qırmızı ox” güclə gedir, halbuki qatar yatmış meşənin
içindən sürətlə şütüyür, ağacları tüstüyə qərq edir və uzun, xəbərdaredici çığırtısı
hər tərəfə yayılırdı.
...Tixon poçt idarəsinə gəldi, poçt işçisi Vasili
ilə nə isə pıçıldaşdı, ondan telefon blankı alıb o yan-bu yanına baxdı, köynəyinin
qolu ilə bığlarını silə-silə blankı öz əyri-üyrü hərfləri ilə xeyli vaxt sərf
edərək doldurdu. Sonra blankı ehtiyatla qatladı, papağının altına qoydu və
Katerina Petrovnanın evinə sarı yola düzəldi.
Katerina Petrovna artıq onuncu gün idi ki, yerindən
qalxmırdı. Heç yeri ağrımırdı, ancaq huşunu itirməsinə vadar edən zəiflik onun
sinəsi, başı, ayaqlarını basır və nəfəs almasını çətinləşdirirdi.
Manyuşa artıq altıncı gün idi ki, Katerina
Petrovnanın yanından əl çəkmirdi. Gecələr paltarlarını çıxarmadan köhnə divanın
üstündə yatırdı. Arabir Manyuşkaya elə gəlirdi ki, Katerina Petrovna daha nəfəs
almır. Belə olanda o qorxudan zarımağa və çağırmağa başlayırdı: sağsınız?
Katerina Petrovna yorğanın altındakı əlini tərpədirdi
və Manyuşa sakitləşirdi.
Otağın hər küncünə ta səhərdən bəri noyabr
alaqaranlığı çökürdü, amma içəri isti olurdu. Manyuşka sobanı yandırırdı. Şən
alov dilləri taxta divarları işıqlandırdıqca Katerina Petrovna ehtiyatla ah çəkirdi
– alov otağı lap çoxdan, Nastyanın vaxtında olduğu kimi rahat, sevimli edirdi.
Katerina Petrovna gözlərini yumurdu və onlardan bircə damla yaş çıxır, aşağı
yuvarlanır, saralmış gicgahla sürüşür və ağarmış saçların arasında yox olurdu.
Tixon gəldi. O öskürür, burnunu silirdi. Hiss
olunurdu ki, həyəcanlıdır.
- Nə oldu, Tişa? – Katerina Petrovna gücsüz halda
soruşdu.
- Hava yaman soyuyub, Katerina Petrovna! – Tixon
gümrah şəkildə dedi və öz papağına narahatlıqla baxdı. – Tezliklə qar yağar. Elə
olsa, əladır. Yolu buz bağlayar – belə yolla gəlmək rahatdır.
- Kimə? – Katerina Petrovna gözlərini açdı və
qurumuş əli ilə yorğanı əsəbi halda sığallamağa başladı.
- Kim olacaq?! Nastasya Semyonovnanı deyirəm, –
Tixon gülümsəməyə çalışaraq cavab verdi və teleqramı papağından çıxardı. –
Ondan başqa kim olacaq ki!
Katerina Petrovna qalxmaq istədi, amma bacarmadı,
başı yenə balışa düşdü.
- Budur! – deyə Tixon teleqram kağızını sakitcə
açdı və onu Katerina Petrovnaya uzatdı.
Ancaq Katerina Petrovna onu əlinə almadı, yalvarış
dolu baxışlarla Tixona baxdı.
- Oxu, – Manyuşka xırıltılı səslə dedi. – Nənə daha
oxuya bilmir. Gözləri zəifləyib.
Tixon ürkək-ürkək ətrafa baxındı, köynəyinin
yaxalığını düzəltdi, kürən, tək-tük saçlarını yastıladı və boğuq, qeyri-əmin səslə
oxudu: "Gözləyin, yoldayam. Hər zaman sizi sevən qızınız Nastya”.
- Lazım deyil, Tişa! – Katerina Petrovna sakitcə
dedi. – Lazım deyil, əzizim. Allah köməyin olsun. Xoş niyyətinə, qayğına görə
çox saq ol.
Katerina Petrovna divara sarı birtəhər çevrildi,
sonra isə sanki yuxuya getdi.
Tixon soyuq dəhlizdə oturub başını aşağı sallamış,
siqaret çəkirdi, arabir tüpürür və ah çəkirdi. Birdən Manyuşka çıxıb ona
Katerina Petrovnanın otağına girməyi işarə etdi.
Tixon barmaqlarının ucunda içəri girdi və beş
barmağının beşi ilə də üz-gözünü sildi. Katerina Petrovnanın bənizi solğundu,
özü sanki kiçilmiş və dərdsiz-qayğısız yuxuya getmişdi.
- Gözləyə bilmədi, – Tixon dilləndi. – Eh, dərdi
ağırdı, deyiləsi deyildi! Sənsə, axmağın biri, – o, Manyuşkaya acıqla dedi, –
yaxşılığı itirmə, qədrini bil. Otur burda, mən kənd sovetinə qaçıb xəbər verim.
Tixon çıxıb getdi, Manyuşka isə dizlərini
qucaqlayıb taburetdə əyləşmiş, əsim-əsim əsir və gözlərini çəkmədən Katerina
Petrovnaya baxırdı.
Katerina Petrovnanı ertəsi gün dəfn edirdilər.
Şaxta düşmüşdü. Azacıq qar yağmışdı. Hava açılmışdı, səma isə quru, açıq, amma
bir az boz idi, sanki insanın başı üstünü yuyulmuş, şaxta vurmuş qalın kətanla
çəkmişdilər. Çayın o tayındakı uzaqlıq gömgöy görünürdü. Oradan söyüd qabığını
tutmuş ilk şaxtalı qarın kəskin və ürəkaçan qoxusu gəlirdi.
Dəfnə qoca qarılarla uşaqlar toplaşmışdılar. Tabutu
qəbiristanlığa Tixon, Vasili və Malyavinanın sanki tərtəmiz kəpitkəyə bürünmüş
iki qoca qardaşı aparırdı. Manyuşka qardaşı Volodya ilə birlikdə tabutun
qapağını aparır və gözlərini qırpmadan irəliyə baxırdı.
Qəbiristanlıq kənddən kənarda, çayın başında idi.
Orada sarı, hər tərəfini dəmrov basmış bədmüşk yetişirdi.
Yolda onlara müəllimə rast gəldi. O, vilayət mərkəzindən
yenicə gəlmiş və Zaboryedə hələ heç kəsi tanımırdı.
- Müəllimə gəlir, müəllimə! – oğlanlar
pıçıldaşdılar.
Müəllimə gənc, utancaq, gözləri boz rəngli bir qız
idi. O, dəfni görüb utana-utana ayaq saxladı və tabutun içindəki balaca qarıya
qorxu içində baxdı. Qarının üzünə tikan kimi iti qar dənəcikləri düşür, amma ərimirdilər.
Orada – şəhərdə müəllimənin bax elə bu cür balaca, saçları bu cür tamam ağarmış
və qızı üçün narahat olan anası qalmışdı.
Müəllimə bir az dayandıqdan sonra tabutun arxasınca
yavaş-yavaş getməyə başladı. Qarılar geriyə boylanıb ona baxır, pıçıldaşırdılar
ki, belə sakit qıza Zaboryenin həddindən artıq müstəqil və dəcəl uşaqlarına dərs
demək çətin olacaq.
Müəllimə, nəhayət, özündə cəsarət tapıb qarılardan
birindən – Matryona nənədən soruşdu:
- Bu qadın, yəqin ki, tənha idi, eləmi?
- Hə-ə, əzizim, – Matryona ağlamağa başladı, – elə
hesab elə ki, tamam tənha. O qədər ürəyiyumşaq, təmiz qəlbli qadın idi ki. Elə
oturardı bütün günü divanın üstündə, kəlmə kəsmək üçün bir nəfər də yox idi
yanında. Yazıq qadın! Leninqradda yaşayan bir qızı var, onun da, yəqin, əli çörəyə
çatıb deyə anasını saymırdı. Bax beləcə, adam-insansız da köçdü bu dünyadan,
qohum-qardaşsız...
Qəbiristanlıqda tabutu təzə qazılmış qəbrin yanında
endirdilər. Qarılar tabuta təzim edir, bozarmış əlləri ilə torpağa
toxunurdular. Müəllimə tabuta yaxınlaşdı, əyildi və Katerina Petrovnanın
quruyub saralmış əlini öpdü. Sonra dikəldi, üzünü çevirdi və dağılmış kərpic
hasara tərəf getdi.
Hasarın o tərəfində, yüngül qarın altında sevimli,
azca kədərli, doğma torpaq uzanırdı.
Müəllimə xeyli vaxt o tərəfə baxdı, qocaların arxa
tərəfdə necə söhbətləşdiyini, torpağın tabutun qapağına tökülərkən necə
tappıldadığını və xoş günləri, yüngül şaxtanı, qış sükutunu əvvəlcədən xəbər
verən fərqli səslərə malik xoruzların həyətlərdə banlamasını eşidirdi.
Nastya Zaboryeyə dəfndən iki gün sonra gəlib çıxdı.
O, qəbiristanlıqda yenicə qazılıb üstü yumrulanmış torpaqla örtülmüş təpəciyi
gördü və Katerina Petrovnanın həyatın sanki lap çoxdan tərk etdiyi soyuq,
qaranlıq evinə gəlib çıxdı.
Bu otaqda Nastya bütün gecəni, ta bulanıq və ağır səhər
açılanadək durmadan ağladı.
Nastya Zaboryeni gizlənə-gizlənə, heç kəsin gözünə
görünməməyə və suallara tuş gəlməməyə çalışaraq tərk etdi. Ona elə gəlirdi ki,
üzərindəki çəkilməz ağırlığı, düzəldilə bilməyəcək səhv hissini Katerina
Petrovnadan başqa heç kəs qaldıra bilməzdi.