
Luici Kapuana. Qartallar təlimçisi (hekayə)
- 18.02.2020
- 0 Şərh
- 1933 Baxış
Görkəmli
italyan yazıçısı Luici Kapuananın yaradıcılığında onun qeyri-elmi təzahürlər
kimi şərh etdiyi psixoloji mövzular və okkultizm motivləri xüsusi yer tutur.
Emil Zolyanın(1840-1902) elmi-bədii
metodundan, Hegelin (1770-1831) fəlsəfi konsepsiyalarından bəhrələnən yazıçı öz
növbəsində Covanni Verqa (1840-1922) və
Luici Pirandello (1867-1936) kimi klassiklərin yaradıcılığına da güclü təsir
göstərmişdir. L. Kapuana C.Verqa ilə
birlikdə "italyan naturalizmi” adlandırılan "verizm” cərəyanının banilərindən
biridir. Onun bu cərəyanın nəzəri
prinsiplərini əks etdirən ədəbi-tənqidi yaradıcılığı XIX əsrin sonu İtaliya ədəbiyyatında
yeni istiqamətin inkişafına təkan vermiş, verist novella və romanlarını Avropa ədəbiyyatının
dəyərli əsərləri sırasına yüksəltmişdir...
Oxuculara
təqdim olunan "Qartallar təlimçisi” hekayəsi L.Kapuananın verist
novellalarından fərqli olaraq, fantastik-psixoloji səpkidə qələmə alınmışdır.
Tərcüməçi
Qartallar təlimçisi
Doktor
Maccoli, onun söhbətini yarımçıq kəsənlərə fikir vermədən, sözünə davam elədi:
- Bəli,
biz yavaş-yavaş, elmə minnətdarən, təbiəti saxtalaşdırmağa nail oluruq. Ancaq
ehtiyatsız qabalığımıza görə o, bizdən dəhşətli dərəcədə intiqam alır. Biz sərhədləri,
harmoniyanı pozmuşuq, ona görə də, - mən istəməzdim ki, sözlərim peyğəmbərcəsinə
doğru çıxsın, - axırda bəşər nəslinin məhvinə gəlib çıxacağıq.
- Necə?
Necə yəni "məhvinə” ? - deyə bəziləri
etiraz etdi.
- Deyəsən,
bu axşam kefiniz yoxdur, - deyə baronessa Lanari dilləndi.
- Xeyr,
əzizim baronessa, mənim kefim həmişə qaydasındadır. Səksən yaşımda bu, səfehlik
və ehtiyatsızlıq olardı. Mənim nə cavanlıqda, nə də ahıl yaşlarımda kefim aşağı
olmayıb. Bu yaşımda belə bir şeyə qapılmağım isə intihara bərabərdir. Mən onun əsarətindən
nəyin bahasına olursa-olsun, yaxa qurtarmaq üçün artıq çoxdan tədbir görmüşəm.
Gigiyena məsələsidir, fiziki və spiritual.
- Necə?
Sizin kimi bir materialist? - deyə,
doktoru qızışdırmaq üçün onu həvəsləndirməyi xoşlayan keşiş Venini ucadan dedi.
-
Materialist, ya spiritualist, necə deyərlər, şəraitdən asılı olaraq. Bu terminlərin
ikisi də eynidir... Ancaq məni fikrimdən yayınmağa məcbur etməyin. Beləliklə, mən
deyirdim: gəlin bizim elmi
oyuncaqlarımızla əylənək; biz təbiətin quşlar üçün yaratdıqlarını insanlar üçün
heç vaxt yarada bilməyəcəyik.
- Əksinə,
əksinə! - deyə vəkil Veraldi yenidən onun sozünü kəsdi. - Təbiət bizə qanadlardan da yaxşı bir şey yaratmaqdan ötrü
ağıl verib.
- İdarə
olunan aerostatlar? Aeroplanlar? - Uşaq əyləncəsidir! Uşaq əyləncəsidir, vəssalam!
Qanadlar quşlar üçün heç nədir... Mənim
aeroplanlara sərf olunan və sərf olunacaq o milyonlara, - rəqəmləri şişirtmirəm,
- heyfim gəlir. "Aeroplanlamaq” zövqü çox
az adama, lap az adama qismət olacaq:
siz belə deyərdiniz, baronessa, yadınızdamı? Yox, o mən idim ki, sizin
"hərlənmək” dediyinizin əvəzinə "aerostatlamağı” təklif etmişdim. Bu iki eybəcər
sözün müəllifi də, təəssüflər olsun ki, mən özüməm... Eh! Təsəvvür edin -
müharibədir, düşmən hücum edir, sərhədləri qorumaq məsələsi var! Əla, tutaq ki, lap belədir; ancaq elə toplar
yaranacaq ki, - əgər artıq yaranmayıbsa, - aeroplanları bütün bombaları və
partlayıcı maddələri ilə birlikdə yerlə yeksan edəcək. Ancaq mən bunu müzakirə
etmək fikrində deyildim, sadəcə söyləmək istəyirdim ki...
- Hə,
indi başlanacaq!
- Bəli,
cənab keşiş, başlanacaq, çünki biz ona görə yığışmırıq ki, çürük qoza da dəyməyən
mənasız mühakimələr yürüdək... Bircə şeyi deyəcəyəm: mən papa olsaydım,
kitabları qadağan olunmayınca, yazdıqlarını heç kimin oxumadığı o bədbəxt müəllifləri
kilsədən qovmaq əvəzinə, - bir sözlə, mən papa olsaydım və mənəvi hakimiyyətimin
gücünə inamım olsaydı...
-
Doktor, papanı rahat buraxın!
-
Onunla işim yoxdur; ona hörmətim var; o, Yer üzündəki ən uca şəxsiyyətdir... Təkcə
onu demək istəyirəm ki, əgər papa olsaydım bütün məhvedici silahları icad edənləri
də, onlardan istifadə edənləri də kilsədən qovardım... Çox təəssüflər olsun...
Ancaq mənə icazə verin sizə markiz Santa Pianın dahiyanə ixtirası barədə söhbət
açım. Sizlərdən bəzisi onu yəqin ki, tanımamış olmaz, bəziləriniz isə, heç
olmasa, adını eşitmisiniz . Yox? Hə, yaman tez unuduram ki, artıq, çox qocayam.
Nə isə, ancaq bu xatirə məni cəmisi otuz il keçmişə aparır.
Markiz
di Santa Pia barəsində deyirdilər ki, o əməlli-başlı dəlidir. Çünki bu adam
hamının və ya demək olar ki, hamının gördüyü və ya görə biləcəyi bir işin
qulpundan heç vaxt yapışmazdı. Bu gözəl,
uca boylu, son dərəcə sağlam, istədiyi şıltaqlığı özünə rəva görmək üçün kifayət
qədər pulu olan güclü insan, - hörməti xatirinə deməliyəm ki, o, belə şeylərdən
sui-istifadə etməzdi, - axır vaxtlar heyvandarlığın qəribə bir növünə baş
qoşmuşdu. O, deyirdi: "İnsan atı, öküzü, iti və pişiyi əhliləşdirib; niyə də o,
quşlar aləminin şahı olan qartalı da əhliləşdirməyə cəhd etməsin?”
- Bu
markiz həqiqətən də dəli imiş! Bu məlum!
- Hörmətli
vəkil, dəli o kəsləri hesab edirlər ki, onlar özlərindən qabaq heç kimin ağlına
gəlmədiyi cəsur bir ixtiraya ürək edirlər.
-
Bununla belə, o istədiyinə nail olmadı...
- Nail
olardı, əgər...
-
Şeytan yoldan çıxarmasaydı...
-
Birbaşa şeytan da deməzdim, - çətin ki, bu işin uğuru şeytanı maraqlandıraydı.
Şeytanın öz dərdi-səri var, cəhənnəmi
gözəl qızlarla doldurmaq dərdi, - elə deyilmi cənab keşiş?
-
Deyirsiz, yəni nail olub? Heç kimə də
heç nə məlum deyil, eləmi? - deyə vəkil Varaldi söz çəkmək istədi.
- Bu
barədə yalnız o məlum olub ki, onu eşidib bilmək olardı; bədbəxt markizin faciəvi
ölüm xəbərini, ancaq təfərrüatsız.
Santa
Pia, - Kontaris markizlərinin qədim mülkü. Mən ona heç kənd də deməzdim,
yarıuçuq feodal qəsrinin ətrafındakı bir neçə ev. Buranın sonuncu markizi
fligellərdən birini təmir etməyə göstəriş verərək, ildə bir neçə ay, üfüqdəki
düzənliklərlə keçib gedən qatarların açıq pəncərələrindən ətrafdakı sərt mənzərəni
seyr edən sərnişinlərin nəzərlərindən uzaq, qəsri dövrələyən dağ uçurumlarının
arasıyla həris ovçu kimi gəzib-dolaşardı. O vaxt mən qonşu şəhərdəki icma həkiminin,
köhnə universitet yoldaşımın qonağı idim. Bir gün elə oldu ki, dağ ovçusu qiyafəsində
tam təchiz olunmuş markiz Santa Piaya rast gəldik... Biz də tüfənglə
silahlanmışdıq, mən və mənim həmkarım, iki gülünc ovçu.
- Biz
bir-birimizi yalnız üzdən tanıyırıq, - deyə markiz dostuma müraciətlə söylədi.
- Etiraf edirəm ki, bu məni kədərləndirmir. Həkim ki, gördün, - gen gəz. Gözəl insanlardır! Ancaq...
O, elə
ürəkdən gülürdü ki, sözləri adamın könlünə toxunmurdu. Sonra onunla iki dəfə də
rastlaşdıq. Tək olduğumdan, qəsrinə dəvət almağımdan məmnun oldum.
- Mən
icma həkimini evimə dəvət etmirəm, mövhumatçılığıma görə.
Az
qalmışdı etiraf edim ki, axı mən də həkiməm . Ancaq marağım mənə
riyakarcasına bəraət qazandırırdı ki,
burada istirahətdəyəm, qonağam, həkimliklə də məşğul olmuram. Onunla səmimi
olsaydım, onda yəqin ki, heç nə görə bilməz, markiz di Santa Pianın yalnız iş
bitəndən sonra açıqlamaq niyyətində olduğu o möcüzə barəsində heç nə eşitməzdim.
Doğrudan da, bu bir həqiqətdir ki, bizim bəzi hərəkətlərimizin mənəvi dəyəri
son dərəcə nisbidir.
- Sizin
simanız məndə inam oyadır - deyə o, söylədi. İki iş görməli olacaqsınız:
birincisi, biləcəyiniz sirri lazım olduğu qədər gizli saxlamalısınız; ikincisi,
mənim cəsarətli tədbirim barədə mənə ən səmimi fikirlərinizi bildirməlisiniz.
Mən söz
verdim və o, məni, - heç bilmirəm necə deyim... ona nə deyirlər, "toyuq hini”?
Hə, qoy bu da olsun "qartal hini”. O, məni həddinnən böyük qəfəsə bənzəyən, bir
tərəfindən möhkəm dəmir şəbəkələrə alınmış pəncərələrin, digər tərəfindən isə,
qartal balaları çıxartmaqdan ötrü yuvalar düzəldilmiş, xeyli sayda bölmələrin
uzanıb getdiyi geniş bir otağa saldı.
O, ayağındakı
qalın zəncirlə, döşəməyə yeridilmiş halqaya bağlı olan qoca qartalı mənə göstərərək
dedi:
- Bu mənim
ovçu qənimətimdir. Mən onun qanadını altı il öncə güllə ilə vurmuşam . Yaşasın
deyə qanadını kəsməli oldum. Onu müalicə elədim, sağaltdım və o, - inanmazsız, -
özünü ələ öyrətməyə yavaş-yavaş imkan verərək, mənə öz minnətdarlığını
bildirdi. İndi mən ona yaxınlaşa, onu
oxşaya bilərəm, biz əməlli-başlı dostuq. Ancaq ilk günlər... O vaxt, onu
yaraladığım zaman, əsarətə düşməsin deyə, bax, bu çeçələ barmağımı dimdiyinin
bircə zərbəsi ilə sındırmışdı. İki həftə nə yeməyə, nə də suya yaxın durdu,
qorxulu dərəcədə hərəkətsiz, təhdidedici bir surətdə, həqiqətən də şahanə bir
duruşla. Sanki, itaətkarcasına ölümünü gözləyirdi. Ancaq, indi mənə məlumdur
ki, qartallar daha uzun sürən aclığa dözə bilirlər.
- Sizə
deməyi unutmuşam ki, - deyə, doktor əlavə elədi, - bu qartalın saxlandığı yer,
dediyim o nəhəng otağın qarşısındakı hində idi. Ora girən kimi, bizim orada
olmağımızdan heç də hürküb eləməyən üç qartalın havaya necə qalxdığının son dərəcə
təəccüblə şahidi oldum. Onlar geniş açılmış, sanki hərəkətsiz dayanan qanadları
ilə tavana yüngülcə toxunaraq, vaxtaşırı iniltiyə bənzər, qəribə təsir
bağışlayan, qulaqbatırıcı səslər çıxarırdı. Markizin bir fitinə quşlar ona tərəf
tələsərək, ayağı yanında yerə oturdular, sanki əmrə müntəzir tək, başlarını dik
tutaraq, parlaq sarı gözlərini müəmmalı surətdə ona zillədilər.
-
Onları o dağın başında, palıd ağacının yarpaqları arasındakı, zənbil kimi
hörülmüş yuvadan çıxarıblar, - deyə baron barmağını uzadaraq göstərdi. Lap ətcəbala
idilər. Bir neçə həftə əldən yedirtmişəm, heç cürə doymaq bilmirdilər. Mənim içəri
girdiyimi görcək, boyunlarını uzadıb, dimdiklərini aralayırdılar. Məni, - belə
deyim, - özlərinin yem verənləri bilirdilər. Lələklənəndən sonra üç balaca
küçük kimi dalımca qaçırdılar... Beləcə, ev heyvanları kimi böyüdülər. Bir dəfə
yoxladım. Onlardan birini bayıra çıxartdım, azadlığa... Çox yüksəyə, uzağa
uçdu, düşünürdüm ki, daha geri dönməz... Ancaq qayıtdı, fitimi eşidən kimi.
Bunu o birisi ikisi ilə də sınadım... Onda əmin oldum ki, qartal yetişdirmək
ideyam mənasız iş deyil.
-
Onlarla nə etmək fikrindəsiniz? - deyə soruşdum.
-
Onlardan ... səma atları, canlı aeroplanlar yaratmaq istəyirəm. Gülüb eləməyin,
gözlərinizi də bərəltməyin! Qartalların arasında kral növü deyiləni ən
güclüsüdür. İnanıram ki, məşqlərin köməkliyilə onu daha güclü, daha cəld edə
bilmək mümkün olacaq. Axı bu möcüzəni atlarla təcrübədən keçirmişik. Deyirlər
Avstraliyada bunu dəvəquşuları ilə də sınamaq istəyirlər. Mən artıq, nəyəsə də
nail olmuşam. Baxın.
O,
divardan asılı, yüyənə bənzər dəri qoşqunu götürüb, onu qartallardan birinin
başına keçirdi. Quş, elə bil, ona üstünlük verilməsi ilə fəxr edirdi. O, yəhərləmək
asan olsun deyə, qanadlarını açıb yelləməyə, sonra da uçmağa başladı;
əvvəlcə yedəyə həssaslıqla tabe olaraq yavaş-yavaş, sonra isə minicinin fiti ilə uçuşu sürətləndirir, gah yüksələrək,
gah da enərək geniş otaqda dövrə vururdu. Mən ağzıaçıq, gözlərimə inanmadan
baxırdım.
-
Ağlasığmazdır!
- Sizə
də sınamaq pis olmazdı. Hə, ürəkli olun!
- Mən həmişə
miskin süvari olmuşam!... Təsəvvür edin!
- Sizə
elə gəlmirmi ki, problem həll olunub?
- Bəli,
ancaq... - deyə, mən duruxdum.
- Lütfən,
buyurun...
- Ancaq
mən bilmirəm bu qanadlılar şahının itaətkarlığına nə dərəcədə inanmaq olar.
-
Dirijablın, aeroplanın mexanizminə bunlardan xeyli az inanmaq olar. Bir də ki,
qartalın onlarla müqayisədə böyük
üstünlüyü var: o, ən güclü küləkdən belə,
qorxmur. Bir ildən sonra mən açıq təcrübələr keçirmək fikrindəyəm. Tam əmin
olmaq istəyirəm. Həm də ki, iki min metr hündürlüyə qalxa biləcək bir maşını çətin
ki, nə vaxtsa icad eləsinlər. Xərcindən danışmıram. Qartal onu saxlamaqdan ötrü
tələb olunandan artıq heç nə istəmir. Sizcə, bu azdır? Bir əlli ildən sonra...
Deyə
bilməzdim ki, markiz di Santa Pia xəyalpərəst idi. Gözlərim önündə
canlanan reallıq həqiqətən də ən cəsarətli
xəyalları belə, arxada qoyurdu. Üstəlik
o, quşun düz qanadları yanında, döşünə sancılan yüngül bir yəhər də ixtira
etmişdi. Möhkəm kəmər isə yəhərdəki minicini hündürlük və açıqlıq nəticəsində
gicəllənmədən ehtiyat üçün əsaslı şəkildə qorumalı idi. Hər şey qabaqcadan nəzərə
alınmışdı, bircə dəhşətli ehtimaldan başqa...
Doktor
Maccoli sanki, dinləyicilərin həyəcanlı intizarından həzz almaqdan ötrü bir
anlığa susdu.
- Bir
il aramsız məşqlərdən sonra, - deyəsən, buna belə deyirlər, - o, sözünə davam
elədi, - markiz işinin müvəffəqiyyətinə əmin idi. O, ələ öyrədilmiş üç qartalı
açıq havada, qədim qəsri dövrələyən dağ dərələrinin arasında məşq etdirirdi. Kəndlilər
onun, qartalın belinə oturaraq, buludların arasında necə yoxa çıxdığını,
itiuclu qaya zirvəliklərinin düz yanından uçub keçərək aşağı necə endiyini,
yenidən göyə şığıyıb, məmnuniyyətindən gözləri işıq saçaraq hava gəzintisindən
yerə necə qayıtmasını dəhşətlə müşahidə edirdilər; olsun ki, hamı onu cadugər
hesab edirdi. Və günlərin birində onlar göyün üzündə baş verən dəhşətli faciənin,
inanılmaz bir döyüşün aciz tamaşaçılarına çevrildilər. Onlar gördülər ki, səmanın
şəffaf maviliyindəki iki qara nöqtə sürətlə böyüyərək, markizin oturduğu
qartala yaxınlaşıb, onun ətrafında dövrə vurur. Bu, nəhəng qanadlarını təhdidedici
surətdə yellədən iki iri qartal idi. Markiz təhlükəni anlayıb qartalını enməyə
məcbur etməyə başladı. Belə olduqda, o iki qartal hücuma keçməyi qət etdi. Kim
bilir niyə? Bəlkə əsarətə düşmüş yoldaşlarını xilas etməkdən ötrü? Bəlkə qənimətə
olan tamahkar aclıqlarına görə? Döyüş bir neçə an çəkdi. Hücum edənlərin iti
dimdiklərilə başından yaralanan markiz, əllərindəki cilovlar boynuna dolansa
da, öz növbəsində dimdiyi ilə zərbələr endirərək müdafiə olunmağa çalışan
qartalının kürəyinə sıxıldı. Qorxudan nitqi qurumuş kəndlilər gördülər ki,
qartallardan biri dimdiyilə cilovu qapıb, markizin artıq müqavimət göstərməyən
qartalını öz arxasınca səmaya qaldırır, ikinci qartal isə onların üçünün də
dağın ən yüksək zirvəsinə yetişməsini yüngülləşdirməkdən ötrü, caynaqları ilə
markizin bədənini qaldırmağa səy edirdi. Beləcə, onlar dar bir dərədə gözdən
itdilər... Bu dəfə markizin qayıdışını gözləmək əbəs idi. On gün sonra,
qartalların yuvası olan zağadan onun atılmış skeletini tapdılar. Qartalın
skeletdən bir qədər aralıdakı sümükləri və qoşqusu ona dəlalət edirdi ki, onu
da öldürüb yemişdilər. Markizin həlak olmasından sonra heç kim o üç qartalı, nə
təkqanad ananı, nə də iki bala qartalı yada salmadı. Bir aydan sonra, markizin
mirasa sahib olmaqdan ötrü qəsrə gələn uzaq qohumu onları hinin içində, acından
ölmüş vəziyyətdə tapdı.
İtalyan
dilindən tərcümə edəni:
Cəmşid
Cəmşidov