
Luici Pirandello. Dəyişdirilən uşaq (Hekayə)
- 14.02.2020
- 0 Şərh
- 1715 Baxış
Bütün gecəni səhərə qədər qışqırtı, çığırtı səsləri
kəsilmədi. Ancaq bu çığırtının insandan, yoxsa heyvandan gəldiyini kəsdirə bilmədim.
Ertəsi günü qonşu qadınlardan qışqıranın qonşuluqdakı Sara Longo adlı qadın
olduğunu öyrəndim.
Qadınların
dediyinə görə Sara Longo gecə yuxuya gedəndən sonra onun üçaylıq oğlunu
oğurlayıb yerinə başqa uşaq qoymuşdular. Mən heyrətimi gizlədə bilməyib
soruşdum:
-
Oğurlayıblar? Kim oğurlayıb?
-
Qadınlar.
- Hansı
qadınlar?
Onlar
bu qadınların gecələr hamı yatandan sonra gəzib-dolaşan, havada uçan ifritələr,
cinlər olduğunu dedilər.
Təəccüb
və hiddətlə soruşdum:
- Bu
necə ola bilər? Uşağın anası da bütün bunlara inanır?
Qadınlar
hələ də elə bir təəssürat və qorxu içərisindəydilər ki, mənim təəccüblənməyim hətta onların xətrinə dəydi.
Onlar
Saranın qışqırtılarını eşidən zaman yarıçılpaq halda onun evinə qaçdıqlarını və
orada yatağın ayaq tərəfində, döşəmənin üzərində ifritələr tərəfindən dəyişdirilmiş
uşağı gözləri ilə gördüklərini üstümə atılacaq formada mənə nəql etdilər.
Axı
Saranın öz uşağı süd kimi ağappaq, bir az da qızılı rəngə çalırmış. O, sanki
İsa Məsihin uşaqlığına bənzəyirdi. Ancaq uşağın əvəzinə qoyulan uşaq qaraciyər
kimi qapqara, meymundan da betər eybəcər idi.
Üstəlik
bunu da unutmaq olmaz ki, Longonun uşağı hələ beşikdə yatırdı. Beşikdəki uşaq
anasının diqqətsizliyi ucbatından yerə düşsə də o qədər uzağa gedib və ayaqları
beşiyin əksi istiqamətində fırlana bilərdimi?!
Belə
olan halda ifritə qadınların gecəykən Longonun evinə girərək, ona pislik etmək
üçün gözəl uşağını oğurlayıb, yerinə çirkin bir uşaq qoyduqları açıq-aydın
ortada idi.
Sən demə
bu ifritə qadınlar yazıq analara saysız-hesabsız pisliklər ediblər! Uşaqları
beşiklərindən götürüb başqa otaqdakı stulun üstünə ayaqları çarpazlaşmış və
gözləri çəpləşmiş halda qoyub gedirlər.
Söhbət
edən qadınlardan biri qucağında tutduğu kiçik bir qız uşağının başına diqqətlə
nəzər salaraq mənə baxdı:
- Bura
baxın, bura baxın, bura baxın! -dedi və uşağın boynunun arxasında bir-birinə
qarışmış bir çəngə saçı göstərdi.
- Bu
saç çəngəsinin nə olduğunu zənn edrsiniz? Ələttə ki, bu da həmin ifritələrin
hördükləri hörükdür. Onlar gecələr anaların yazıq qızlarının saçları ilə
oynayıb, əylənirlər. Belə olanda saçı kəsmək, onları qaydaya salmaq olmaz. Əks
halda uşaqlar ölərlər.
Bu cür əllə
tutulan, gözlə görülən dəlillər qarşısında bu qadınları batil inanclarının
yersizliyinə inandırmağın faydasız olduğunu görüb həmin inancların qurbanı
olmaq təhlükəsi ilə üz-üzə qalan o zavallı uşağın sonunu düşündüm.
Aydın məsələ
idi ki, gecə yerə yıxılan körpə ya hansısa xəstəlik keçirmiş, ya da iflic
olmuşdu.
Qadınlardan
indi uşağın anasının nə etmək istədiyini xəbər aldım. Onlar qadının ev-eşiyini
və hər şeyini atıb dəli kimi harda gəldi gedıb uşağını axtarmaq istəyini dedilər.
- Bəs
uşaq?
- Qadın
onu görmək, haqqında danışmaq belə istəmir.
Qonşu
qadınlardan biri uşaq acından ölməsin deyə ona məmə ucu formasında düzəldilmiş
bir parçada islanmış çörək və şəkər əmizdirmişdi. Qadınlar qorxu və diksinmələrinə
üstün gələrək, sırf Allaha acıq getməsin deyə növbə ilə uşağa baxacaqlarına söz
verdilər. Çünki ilk günlərdə anadan belə bir şeyi gözləmək doğru olmazdı.
Bu qəribə
hadisəni polisə xəbər verməyin doğru olub, olmayacağını öz-özümə düşünərkən uşağı oğurlanan qadının
ifritə qadınlarla gizli əlaqələri olan Vanna Scoma adlı bir qadının yanına məsləhətə
getdiyini eşitdim.
İfritə
qadınlar küləkli gecələrdə yaxınlıqdakı evlərin damlarına çıxıb Vanna Scomanı
çağırdıqları və onu özləri ilə apardıqları rəvayət olunurdu. O qədər də uzaq
olmayan bir yerdə Scoma daş kimi hərəkətsiz oturar, onun ruhu isə cadugərlərlə
birlikdə Allah bilir haralara gedərdi. Yaxınlıqdakılar uzun və iniltili səslərlə
ifritələrin onun evinin damına çıxıb - Vanna xala, Vanna xala deyə
çağırdıqlarını da təsdiqləyirdilər.
Beləliklə
Sara Long da məsləhət almaq üçün bu qadının yanına getmişdi. Bu qadın əvvəlcə
heç nə demək istəməsə də, sonradan qadının bitməyən yalvarışlarına dözməyib
üstüörtülü şəkildə oğurlanan uşağı gördüyünü işarə etmişdi.
Sara həyəcanla
ondan soruşub:
-
Görmüsən? Harda?
Vanna
xala uşağı görsə də harda olduğunu deməyə ixtiyarı olmadığını deyir. Ancaq o,
qadını əmin edir ki, narahat olmasın. Çünki uşaq olduğu yerdə çox yaxşıdır. Heç
nədən korluq çəkmir. Ancaq bircə şərt var ki, gərək Sara dəyişdirilən uşağa çox
yaxşı baxsın. O, burdakı uşağa nə qədər yaxşı baxsa, o biri tərəfdə də onun
uşağına elə baxacaqlar.
Cadugər
qarının bu cür ağıllı tövsiyəsinə qarşı təqdir olunacaq heyranlıq duydum. Bu
qadın Sara Longonun uzaqda olan uşağının xətri üçün yanındakı uşağa qarşı hiss
etdiyi soyuqluğunu, onu əmizdirərkən iyrənməsini yenməyə məcbur etməklə
Longonun batil etiqadını cəzalandıraraq zalım davransa da, nə zamansa onun
oğluna qovuşacağı ümidini də tamamilə üzməyərək mərhəmət də göstərmişdi.
Daha
sonra zalım olduğu qədər də mərhəmətli və ağıllı cadugər ədalət naminə yox,
Sara Longonun hər gün onun yanına gəlməsinin ona xeyir gətirdiyini anlayaraq
yazıq anadan itən uşağını istər gördüyü, istərsə də görmədiyi zamanlar (daha
çox görməyəndə) nələrsə qopardırdı. Bu vəziyyət Saranın gəmidə işləyən ərinin dəniz
səfərindən qayıtdığı günə qədər davam etdi.
Bu adam
bir gün burda, sabah isə başqa bir yerdə səfərlərdə olurdu. Bu səfərlər o qədər
çoxalmışdı ki, o, arvadı və uşağı ilə maraqlanmırdı. Ancaq evinə qayıdanda
arvadının arıqlayıb az qala dəli vəziyyətində olduğunu, uşağının isə bir dəri,
bir sümük qalaraq tanınmaz hala düşdüyün gördü. Arvadı ona uşağının da, özünün
də ağır xəstəlik keçirdiyini söylədikdən sonra susub heç bir söz demədi. Ancaq əsl
fəlakət sonrakı günlərdə baş verdi. Saranın yaşadıqları azmış kimi bu dəfə həqiqətən
də xəstələndi. O, ikinci dəfə uşağa qalmışdı.
Sara
hamiləliyinin ilk aylarını çox pis keçirirdi. Artıq hər gün Vanna xalanın evinə
gedə bilmir və itirdiyi övladına o tərəfdə yaxşı baxsınlar deyə evindəki
zavallıya əlindən gəldikcə yaxşı baxmağa çalışırdı. Döşündəki südü çəkdiyi əzablı
günlərdən sonra su kimi durulmuş və dadsızlaşmışdı. Hamiləlikdən sonra isə südü
tamamilə qurudu. Dəyişdirilən zavallı uşaq böyüdükcə qadın öz övladının da o
biri tərəfdə böyüdüyünü düşünərək bu dəyişdirilmə məsələsində özünün ziyana
uğradığını hesab edir və bunu qəti şəkildə doğru hesab etmirdi. Çünki yanındakı
uşağın bürüşmüş boynunun üstündəki kiçik başı gah bir çiyni, gah da o biri
çiyni üzərinə əyilirdi. Ola bilsin ki, onun ayaqları da şikəst idi.
Günlərin
bir günü yenidən səfərə yollanan ər Tunisdən ona bir məktub yolladı. Əri ona
yazırdı ki, ifritə qadınlarla bağlı əhvalatı ondan başqa hər kəs eşidib. O,
arvadının uşağının ölməsindən və onun gedib yetimxanadan başqa uşaq götürməsindən
şübhələnirdi. Əgər belədirsə o, evində kiminsə bicinə baxmaq istəmədiyini və
arvadının həmin uşağı dərhal geri
qaytarmasını tələb edirdi.
Lakin,
Sara əri qayıdanda ona o qədər yalvardı ki, əri uşağın evində qalmasına razılıq
verdi. Sara sırf o biri tərəfdəki uşağına zərər gəlməsin deyə bu əcaib varlığa
özü də güclə dözürdü.
İkinci
uşaq dünyaya gələndən sonra vəziyyət daha da pisləşdi. Çünki Sara qadın təbiəti
etibarilə ikinci uşağı olandan sonra əvvəlki uşağını daha az düşünməyə başladı.
Elə buna görə də özünün olmayan biri zənn etdiyi cındırla daha az məşğul oldu.
Ona qarşı pis münasibət göstərmirdi. Hər səhər uşağı geyindirib küçə
qapısındakı yelləncəkli stula oturdur, önünə isə bir tikə çörək və bir alma
qoyurdu.
Zavallı,
məsum körpənin sinəsinə doğru əyilmiş başı, şikəst ayaqları toza bulaşmış,
saçları kirdən pırtlaşmış halda saatlarla stulda oturulu qalırdı. Küçədəki
yaramaz uşaqlar onunla əylənmək üçün üzünə qum atırdılar. O, isə qolunu üzünə
tutub özünü qorumağa çalışsa da səsini belə çıxarmırdı. Onun ağrılı gözlərinin
üzərini örtən göz qapaqlarını qaldırıb, yendirməsi belə böyük bir iş idi. Milçəklər
üz-gözünə daraşıb onu dişləyirdilər
Qonşuluqdakı
qadınlar onu "qadınların uşağı" deyə çağırırdılar. Bəzən bir uşaq ona
yaxınlaşıb nəsə soruşanda o, uşağın üzünə baxıb heç nə demir, xəstə uşaqlara
xas həzin təbəssümlə cavab verirdi. Çox güman ki, heç nə anlamırdı. O, gülümsəyərkən
gözlərinin və ağzının kənarlarında qırışlar görsənirdi.
Sara
Longo isə qucağındakı yenicə doğulmuş, əvvəlki uşağ kimi ağappaq, toppuş körpəsi
ilə qapının qarşısına çıxıb nə etdiyini və nə üçün yaşadığını anlamayan xəstə,
zavallı uşağa mərhəmətlə baxaraq içini çəkib deyirdi:
- Necə
də kədərlidir!
Sara hərdən
ilk övladını düşünərkən gözlərindən bir neçə damla yaş axırdı. Onun başı təzəcə
dünyaya gətirdiyi uşağına qarışdığından Vanna xalanın yanına getmirdi. İndi
Vanna xala ondan nələrsə qopara bilmək ümidi ilə o biri tərəfdəki oğlundan ona
xəbərlər gətirirdi. Xəbərlər isə yaxşı idi. Oğlu gözəl, sağlam və firavan şəkildə
böyüyürdü.
Tərcümə:
Samirə Əşrəf