
Ülviyyə Tahir. Xarabalıq (Hekayə)
- 07.04.2020
- 0 Şərh
- 3865 Baxış
Yaddaşımın axsayan vaxtlarında hardan yadıma
düşdü? Boşqabı sildiyim yerdə əlimi
saxladım. Niyə xatırladığımı xatırlamağa çalışdım. Kələfi itmiş xatirələr içindən
qəfil cücərmiş bu hadisə heç bir izahat olmadan dilə düşən melodiya kimi beynimdə dolaşdı: Elə burda dayanmışdı…
Boşqablar əlində idi, sonra birini salıb sındırdı… Əlləri dayanmadan titrəyirdi.
Birini də götürdü; boşqabdan göz yaşlarını da sildiyini də görürdüm... Yaşıl
jaket qolları... Bir də o damlalar... Bədəni
dumana bürünmüşdü. "Anamın qolları, qolları... İllərdir, hər şey beləcə, boz
dumanda davam edir. Beyindən silinməyən
film kadrı kimi... Hər gecə xarabalığa gələn bayquş kimiyəm. Son xatirələrin üzərində
ulayıram…” – pıçıldadım. Boşqabı yerinə qoyub pəncərəyə yaxınlaşdım. Qonşunun quşları səmada pərvazlanırdılar.
Bazar günü olduğundan nəhəng buldozerin nəriltisi kəsilmişdi. Bizim evə
kimi hələ on ev var idi. Boz pişik qarşı
tərəfdən sökülmüş evlərin kərpiclərinin üstündə pəncələrini yalayırdı. Görəsən,
bura tamamilə dağılandan sonra hara gedəcək? Harada oturub pəncələrini
yalayacaq? Hara? Biz haraya gedəcəyik? Biz... Gözlərimi boz pişikdən ayırmadan çaydanın altını söndürdüm. Hə, bu pişik
də nə vaxtsa yadıma düşəcək. Yaddaşımın harasındansa reinkarnasiya edəcək və böyük bir xarabalığın
fonunda beləcə pəncələrini yalayan halda özünü yada salacaq. Mən də alnımı ovuşdura-ovuşdura niyə məhz indi onu xatırladığımı, hardan
yadıma düşdüyünü fikirləşəcəyəm. Bəli,
elə epizodlar var ki, onları yalnız sən görmüsən və sən onları xatırlayan
sonuncu adamsan, səndən sonra onlar haqqında heç kim heç nə bilməyəcək. Bu, gecənin qaranlığında yolda maşınla vurduğun it kimidir. Heç kəs, heç kəs o iti kimin vurduğunu bilmir. Sənsə
avtomobildən düşüb ağzından qan daşan o
itin "niyə?” soruşan gözlərinə baxmamağa çalışaraq qayıdıb maşına minib oradan uzaqlaşırsan. Yaddaşının daha bir parçasına
pozan çəkib onu unutmağa çalışırsan. Gecələr gördüyün kabuslardan sanıb yastığını çevirirsən.
Boz pişik pəncələri ilə işini bitirib ətrafını
süzdü. Çarpayı cırıltısı eşitdim.
Yorğun-arğın otağa qayıdıram. Gün yeni
başlanır. "Hər günü dejavu olan həyat”, – öz-özümə pıçıldayıram. Çoxdan öz
funksiyasını itirmiş qonaq otağının baş tərəfində onun çarpayısı var. Yenə key-key
ətrafa boylanırdı. Böyümüş gözləri ilə ətrafı
süzdü. "Ehh, yaddaş, görəsən, bizə mükafatdı, yoxsa lənət?” – mızıldandım. Hər
gün adam sanki yenidən doğulur, ətrafla tanış olur, sonra yenidən yatır, sonra
yenə, yenə, yenə...
– Kimsən, ay bala?
Aha, bu gün "bala” dedi. Dünən belə deməmişdi.
– Sizə baxıram. Məni təyin ediliblər, ştabdan, –
deyirəm.
– Hansı ştabdan? Mən hardayam, bura haradı? – gözlərini
bir az da geniş açır.
– Cənab polkovnik, unutmusunuz? O sonuncu döyüşü,
özünüzü o əsgər üçün sipər etmişdiniz. Siz ağır yaralandınız.
– Mən?
– Bəli, siz. Sizə xidmət etmək mənə şərəfdir. Sizin
qəhrəmanlığınız, vətən uğrunda şücaətiniz dillər əzbəridir.
O, qaşlarını
çatdı, sağ əlini titrəyə-titrəyə alnına doğru apardı. Nəyisə xatırlamaq istəyəndə
mütləq alnını ovuşdururdu, eynilə mən də onun kimi... Amma əlinə gücü çatmadı.
Heysiz halda əlini endirib dodaqlarını yaladı. Mətbəxə qayıtdım. Çobanyastığı
çayı dəmlədim, çaynik və fincanı götürüb
qonaq otağına qayıtdım.
– Döyüş harda olmuşdu? – astadan soruşdu.
– Ağdam uğrunda.
– Müharibə olmuşdu?
– Hə, əlbəttə, Qarabağı azad etdik. Sağalın, sizinlə
Xankəndinə gedərik. Oralar elə gözəl olub ki... Deyirlər, yenə Şuşa yaylaqdı. Kəlbəcərin
yollarını xatırlayırsınız? Əlbəttə,
xatırlayırsınız. – Əlimi onun yastığının altına verib qaldırıram. Başını dik
tutmağa çalışıb çayı qurtumlayır. Hiss
edirəm ki, məni gözaltı süzməyə davam edir. Çayı içib yenə evi nəzərdən
keçirdir. Handan-hana:
– Yadıma gəlir... – deyəndə diksindim.
– Siqareti atdım; atama söz vermişdim. O, məni otağa çağırdı. Ovcu
qanla dolu idi, məndən dəsmal istədi. Əlimi atdım, heç nə tapmadım, stolun
başındakı köynəyimi verdim. Onda atam mənə dedi... Çəkmədim daha... – susdu. Gözlərini pəncərəyə dikidi. Uzun bir
sükut. Mən çarpayının kənarında oturdum.
– Bir də onun getməyini... Atası gəlib dava edib
apardı. Dedi ki… dedi, niyə bu xəstə ilə ömrünü- gününü çürüdürsən...
– Cənab polkovnik, yumurta qaynayıb, təzə kərə
yağımız da var, – söhbəti dəyişdim.
– Alabəzək topumuz vardı, meydançada oynayırdıq.
11- 12 yaşım olardı. O meydança niyəsə yadımdan çıxmır, amma müharibəni niyə xatırlamıram? – o yaddaşının xarabalığında eşələndikcə
ürəyim parka-parça olurdu. Mətbəxə qayıtdım. Boz pişik günəşin ilıq şüaları
altında xumarlanırdı. Quşlar yenə səmada
idilər. Yumurtaları soydum, əzib kərə yağı vurdum. Soyuducudan əti çıxarıb yudum,
qaynamağa qoydum. Bir azdan qapı döyüldü. Baxıcı qadın içəri girib adəti üzrə çinlilər kimi əllərini
cütləyib mənimlə salamlaşdı. Sonra pencəyini soyunub asılqandan asdı, mən də
ayaqqabılarımı geyinməyə başladım. Son tapşırıqlarımı da verib evdən çıxdım.
***
Çaynikin fit səsinə başımı qaldırdım. Mətbəxdəki
saat səkkizi göstərirdi. Kitabı örtüb paltaryuyanın üstünə qoydum. Qazı söndürdüm. Pərdəni kənara çəkib həyətə
baxdım. Qonşu qəfəsləri açır; quşlar da əvvəl ürkək-ürkək başlarını qəfəsdən
çıxarır, ətrafı diqqətlə araşdırır, sonra qəfildən pərvazlanırdılar. Boz pişik
gözə dəymirdi. Buldozerin yanında tək-tük adamlar var idi. Pərdəni salıb mətbəxə
göz gəzdirdim. Hər şey yerində idi. Qonaq otağına qayıdıb ona baxıram. Gün işığı duman kimi
otağa yayılır. Yavaş-yavaş ayılır. Heyrətlə ətrafı süzüb nəzərlərini mənim
üstümdə saxladı. Uzun-uzadı baxdı, baxdı.
– Sabahınız xeyir, doktor, bu gün özünüzü necə hiss
edirsiniz? – deyə səsləndim.
– Sabahınız xeyir, siz kimsiniz? – adekvat sualı bu
dəfə xırıldaya-xırıldaya verdi. Sonra möhkəm öskürdü.
– Xəstəxanadan göndəriblər. İnanın, bu gün yenə
dava idi, mən qazandım. Hamı, bütün tələbələriniz sizə qulluq etmək, xidmətinizdə
olmaq istəyirlər.
– Mənə? Niyə? – Gözləri heyrətdən böyüdü. Mən çarpayının kənarında oturdum.
– Əziz professor, belə etməyin, indi yuxulusunuz. Yüngül
xəstələnmisiniz, tezliklə sağalacaqsınız. Kollektiv sizi gözləyir, universitet,
tələbələr - hamı sizi çox istəyir.
O məni dinləyə-dinləyə barmaqlarını adyalın naxışlarının üzərində gəzdirirdi.
– Heç nə yoxdu yaddaşımda, sanki... Bulanıqdı.
Siqareti atmağım yadımdadı… Atam dedi, atdım; qanlı köynək yadımdadı… – Həmişəki
cümlələrini təkrarladı. O cümlələri sanki lentə yazıb yaddaşına yerləşdirmişdilər. Yox, bəlkə də yanmış kitabın xilas olunmuş son səhifələri idi, evirib-çevirib oxuyurdu.
– Hə, bir də o... Çox getdim qapılarına, məni bəyənmədi.
Başqasına ərə getdi...
"Aha, bu da həmin yanmış səhifədən yarımçıq cümlədir,
həmişə sonunu özü bildiyi kimi tamamlayır. Deməli, hələ də döyüş gedir, barışıq
yoxdur”, – deyə düşünürəm.
Qapı döyüldü. Qol saatıma baxdım. Doqquzun yarısı
idi. Qapını açdım, sonra mətbəxə yollandım, özümə çay süzdüm. Pəncərənin
qarşısına keçdim. Boz pişik yenə xarabalıqda quşların pərvazlanmağına tamaşa
edirdi. Buldozerçi artıq maşınını işə salmışdı. Çayımı sürətlə qurtumladım,
fincanı mətbəx stoluna qoyub qonaq otağına keçdim. Baxıcı qadın əlcəklərini
geyinmişdi. Həmişəki kimi xoş bir təbəssümlə gülümsədi. Baxışlarımla ona xoş gün diləyib işə yollandım.
***
Yerimdən qalxa bilmirdim. Sanki çiyinlərimə ağır
yük qoymuşdular. Birtəhər gərnəşdim. Əlimi atıb telefonumu götürdüm; ilahi,
saat doqquzun yarısı olmuşdu. Ürəyim bulanırdı. Qalxıb səndələyə-səndələyə
tualetə getdim. Əl-üzümə su çırpandan sonra azca ayıldım. "Gərək axşam o qədər
oturmayaydım”. Düşündüm. Mədəm möhkəm ağrıyırdı. Qayıdanda dəhlizdən səhvən
qonaq otağına döndüm. Ayılmışdı, baxırdı. Yataq paltarında olduğumu xatırladım. Məni sualedici nəzərlə süzdü. Yaxınlaşıb
salamlaşdım. Dinmədi. Nəhayət:
–Salam, – dedi. Sonra yenə üzümə baxdı.
– Necəsiniz? Bu gün özünüzü necə hiss edirsiniz?
Sualıma şübhəli nəzərlərlə cavab verdi. Dinmədi.
Adyalı sinəsinə kimi çəkdi. Qırışmış barmaqları və kənarları soyulmuş
dırnaqları ürkək heyvan pəncəsi kimi titrəyirdilər.
– Burda qaldım dünən gecə, siz yatmışdınız deyə
icazə ala bilmədim...
– Siz kimsiniz? Mən niyə burdayam, nə olub? – azca
ürəkləndiyi hiss olundu. Duruxdum:
– Mən... Hə,
mən... – kəkələdim. Beynimdəki bütün informasiyalar dolaşmış kaset lentinə
dönmüşdü, – hə, mən, – səsim qətiləşdi, – bura sizin evinizdir də, müəllim. Mən
də teatrdanam, xatırlamadınız? Oqtay Eloğlunu oynaymışdım axırıncı dəfə, siz
çox bəyənmişdiniz... Siz də xəstələnməyə vaxt tapdınız... Axşam axırıncı məşqi
müzakirə etdik, sonra mənim də başım qarışdı...
Baxışlarından şübhə silinirdi.
– Gedim çay qoyum, birlikdə içək. Nə deyirsiniz, müəllim?
Yavaşca başını tərpətdi. Çaydanın altını yandırıb adətim üzrə pəncərəyə
yaxınlaşdım. Boz pişik yenə pəncələrini yalayırdı. Buldozer işə düşmüşdü.
Quşların qəfəsi yük maşınına yüklənirdi. Pəncərəni açıb aşağı boylandım. Boz
pişiyin yanında durub bizim evə baxanlardan biri əlini yellədi. Mən də başımı tərpətdim.
Çaydan fit verdi. Pəncərəni bağlayıb, qazı söndürdüm.
Əlimdə məcməyi qonaq otağına qayıdanda onun başının
çarpayıdan sallandığını gördüm. Özümü necə itirdimsə, məcməyini döşəməyə qoyub yanına yüyürdüm. Xırıldayırdı.
Dikəldib, ağzının suyunu sildim.
– Qalxmaq issstəədimmmm, - sanki etdiyi işə görə üzr istədi.
– Eybi yoxdur, çayımızı içək, sonra hazırlaşaq gedək
gəzməyə. Hə, nə deyirsiniz?
Heç nə demədi. Məcməyini gətirdim. Dağılmış çayı
salfetlə silib quruladım.
– Nə qədər edirəm, teatr yadıma düşmür eyy. Siqareti
atmağım gəlir yadıma hey... Atamın ovcu qanla dolu idi… Bir də onu xatırlayıram.
Sabah duranda gördüm, məktub yazıb qoyub; daha gəlmədi... Əzbərində olan cümlələrin qol-qanadını qırıb yenə təkrarladı...
– Unudun bunları, indi gəzməyə gedirik... – Mən ona
çayı içirib, arabanı gətirdim. Onu arabaya yerləşdirib, özüm də geyindim. Sonra
mətbəxə keçib yükdaşımaya zəng edib asta səslə hər şeyi yenidən xatırlatdım. Həyətə
enəndə artıq buldozerin bizim tərəfdəki evləri dağıtdığını gördük. O ətrafa
nəzər salıb
– Niyə sökürlər, mənim evimi də sökəcəklər? – bütün
qüvvəsi ilə qışqırdı.
– Yox, əziz müəllim, o evlər köhnədir, bizə aid deyil ki, – onu
sakitləşdirdim. Arabanı boz pişiyin qarşısından sürdüm. Pişik bizə əhəmiyyət
vermədi. Təşvişli baxışlarla ətrafı süzür, buldozerə qorxa-qorxa baxırdı...