Maksim Qorki. Malva (hekayə)

Maksim Qorki. Malva (hekayə)

Dəniz gülürdü.

Xəfif-xəfif əsən isti külək altında dəniz diksinir və günəşin gözqamaşdırıcı parlaq şüalarını əks edən zərif dalğalarla örtülərək, gümüş kimi parıldayan minlərlə təbəssümlə mavi səmaya gülümsəyirdi. Bir-birinin üstünə qalxa-qalxa qumlu dilin mail sahilinə çırpınan dalğaların şən şarıltısı dənizlə göy arasındakı mavi fəzaya yayılırdı. Bu səs və dənizin xəfif dalğalarında min qat əks edən günəşin parıltısı canlı sevinclə dolu fasiləsiz hərəkətdə ahəngdar surətdə birləşirdi. Günəş nur saçdığı üçün məsud, dəniz də onun şən nurunu əks etdirdiyi üçün bəxtiyar idi.

Külək dənizin atlas kimi parlaq köksünü nəvazişlə oxşayır, günəş onu isti şüaları ilə isindirir, dəniz də bu incə nəvaziş altında mürgüləyə-mürgüləyə dərin nəfəs çəkərək isti havanı şor buxar ətri ilə doldururdu. Bir-birini təqib edən yaşılımtıl dalğalar sarı qum üzərinə tökülərək sahili ağ köpüklə örtür, köpük isti qum üzərində yavaş-yavaş yayılır, əriyir, sahili isladırdı.

Dar, uzun dil sahildən uçub dənizə düşən yekə bir qülləyə bənzəyirdi. Sivri ucu ilə dənizin günəşlə oynaqlaşan ucsuz-bucaqsız sularına sancılmış dilin başlanğıcı uzaqlarda, qaranlığa qərq olan isti yerlərdə gözdən itir, görünmürdü. Ordan əsən küləklə birlikdə ağır, anlaşılmaz və burda, dənizin təmiz suları arasında, aydın mavi səma altında həqarətli sayıla bilən bir qoxu yayılırdı.

Dilin balıq pulları ilə örtülmüş qumlarına ağac payalar sancılmışdı, onların üstünə sərilmiş balıq torları, hörümçək toruna oxşayan kölgə salırdı. Bir neçə böyük və kiçik qayıq cırgı ilə qum üzərində durmuşdu; sahilə çırpınan dalğalar elə bil onları öz yanına çağırırdı. Qarmaqlar, avarlar, səbətlər və çəlləklər əliqəsiz şəkildə ora-bura atılmışdı, onların arasında söyüd çubuqlarından, ağac qabığından və həsirdən hörülüb tikilmiş bir koma yüksəlirdi. Komanın qapısı qabağındakı düyünlü ağacın üstündə üzü aşağı keçə çəkmələr sallanmışdı. Ucunda qırmızı əski olan uzun bir dirək bütün qarmaqarışıqlıq üzərində yüksəlir, külək əskini yellədib oyan-buyana çırpırdı.

Qrebenşikovun balıq vətəgələrini qoruyan ön qaravul mövqeyinin keşikçisi Vasili Leqostyev qayıqlardan birinin kölgəsində uzanmışdı. O sinəsi üstə uzanmış, başını əlləri arasına almış və gözlərini dənizin uzaqlarda nazik zolaq kimi görünən sahilinə zilləmişdi. Orda, suların üzərində ara-sıra kiçik bir qaranöqtə görünürdü, Vasili bu nöqtənin get-gedə böyüyüb ona yaxınlaşdığını gördükcə sevinirdi.

Dalğalar üzərində şölələnən parlaq günəş şüalarından qamaşmış gözlərini qıyan keşikçi məmnun halda gülümsəyirdi. Bu gələn Malvadır. O indi gələcək, qəhqəhə ilə güləcək, döşləri tamahsılandırıb ehtiras oyadaraq tərpənəcək, yumşaq əlləriylə onu qucaqlayıb marçıltıyla elə öpəcək ki, qağayıları ürküdəcək, orda – sahildə olan təzə xəbərləri bildirəcək. Onlar bir yerdə yaxşı balıq şorbası bişirəcək, araq içəcək, qum üzərinə uzanıb söhbət edəcək və nazlana-nazlana sevişəcək, sonra, qaş qaralanda bir çaydan çay qaynadıb içəcək, dadlı qoğal yeyəcək və uzanıb yatacaqlar... Hər həftənin bazar günü  və bayram günləri belə keçirdi. O səhər tezdən ayağa qalxıb Malvanı sərin alaqaranlıqda hələ yuxulu dənizin kənarəna aparacaq. Qadın mürgüləyə-mürgüləyə qayığın dal tərəfində oturacaq, o isə Malvaya baxa-baxa avar çəkəcək. Bu zaman Malva gülməli, tox pişik kimi gülməli və sevimli olur. Bəlkə o skamyadan qayığın içinə sürüşüb düşəcək və orda yumaq kimi bükülüb yatacaq. O çox vaxt belə edir...

Bu gün isti hətta qağayıları da taqətdən salmışdı. Quşlar cərgə-cərgə qumluğa qonur, dimdiklərini açıb qanadlarını sallayır və ya dalğaların üzərində çığır-bağır salmadan tənbəl-tənbəl yırğalanırdılar, həmişəki kimi oynaq və vəhşicəsinə qızğın deyildilər.

Vasiliyə elə gəldi ki, Malva qayıqda tək deyil. Olmaya Seryojka yenə ondan əl çəkmir? Vasili qumun üstündə ağır-ağır döndü, oturdu və əlini gözlərinin üstünə qoyub ürəyi çırpına-çırpına diqqətlə baxmağa başladı ki, o biri adamın kim olduğunu görsün. Malva dal tərəfdə oturub qayığı idarə edirdi. Avarçı Seryojka deyildi, kimdisə yaxşı avar çəkə bilmirdi. Seryojka olsaydı Malva qayığı idarə etməzdi.

- Ey! – deyə Vasili səbirsizliklə qışqırdı.

Qumluqdakı qağayılar diksinib dikəldilər.

- Ey-hey... – deyə qayıqdan hay verən Malvanın cingiltili səsi eşidildi.

- Yanındakı kimdir?

 Suala cavab olaraq gülüş səsi gəldi.

- Şeytan! – Vasili yavaşca söyüb tüpürdü.

O gələn adamın kim olduğunu öyrənməyə tələsirdi. Papiros eşə-eşə, diqqətlə avarçının peysərinə və kürəyinə baxırdı. Avarın zərbəsi altında ətrafa sıçrayan suyun şarıltısı havada eşidilir, qum keşikçinin yalın ayaqları altında xışıldayırdı.

O Malvanın gözəl üzündə həmişə gördüyü təbəssümü sezən kimi:

- Yanındakı kimdir? – deyə bir daha soruşdu.

- Bir az gözlə, görərsən. – Malva cavab verdi.

Avarçı üzünü sahilə tərəf çevirdi və o da gülə-gülə Vasiliyə baxdı.

Keşikçi qaşlarını çatıb yadına salmağa çalışdı – görəsən ona tanış gələn bu oğlan kimdir?

- Avarı bərk tut! – Malva əmr etdi.

Sürətlə irəliləyən qayıq, demək olar ki, dalğa ilə birlikdə yarıyadək qumun içinə girdi və yanı üstə əyilib dayandı, dalğa isə geri, dənizə çəkildi. Avarçı sahilə tullandı və:

- Salam, ata! – dedi.

Vasili sevinməkdən çox heyrətlənərək boğuq səslə qışqırdı:

- Yakov!

Onlar qucaqlaşıb üç dəfə bir-birinin dodağından və yanağından öpdülər. vasilinin üznüdə heyrət, sevinc və həyəcan əlamətləri bir-birinə qarışdı.

- Baxıram, baxıram... gözümə tanış gəlirsən... ürəyim də sakit durmur... Ay sənə nə deyim! Səndən nə əcəb? Gör də! Baxıram, deyirəm görəsən bu Seryojkadır? Yox, görürəm Seryojka deyil. Demə bu sənsənmiş!

Vasili bir əliylə saqqalını tumarlayır, o biri əlini havada yellədirdi. O Malvaya baxmaq istəyirdi, amma oğlunun gülümsəyən gözləri üzünə zillənmişdi, bu gözlərin parıltısı önündə özünü narahat hiss edirdi. Belə qıvraq, gözəl oğlu olduğu üçün razılıq hissi və aşnasının burda olmasından doğan sıxıntı hissi daxilində bir-biriylə çarpışırdı. O Yakovun qabağında dayanıb bir ayağını götürür, o birini qoyur və cavab gözləmədən, bir-birinin dalınca sual verirdi. Başında bütün fikirlər qarışıb dolaşmışdı. Malva istehzalı bir əda ilə:

- Sən də... Şadlığına şitlik eləmə! Apar bunu komaya, nəyin varsa, qoy qabağına yesin... – deyəndə o xüsusilə pis hala düşdü.

Vasili Malvaya tərəf döndü. Malvanın dodaqlarında bu vaxtadək görmədiyi istehzalı bir təbəssüm gördü, qadın həmişə olduğu kimi dolğun, incə və sağlam idi, lakin eyni zamanda başqa, yad bir adam kimi görünürdü. O yaşılımtıl gözləri ilə gah ataya, gah oğula baxır və ağ, xırda dişləri ilə qarpız tumu çırtlayırdı. Yakov da təbəssümlə onlara baxırdı. Vasili üçün heç də xoş olmayan bir neçə saniyə ərzində üçü də susdu.

- İndi gəlirəm! – deyə Vasili birdən tələsə-tələsə komaya tərəf yönəldi. – Siz günün altından çəkilin, mən də gedim su gətirim... Balıq şorbası bişirəcəyik! Yakov, səni elə balıq şorbasına qonaq eədəcəyəm ki! Siz belə... rahatlanın, mən bu dəqiqə gəlirəm.

O, komanın yanında yerə atılmış qazanı götürüb yeyin-yeyin balıq torları olan tərəfə getdi və boz torların yığınları arasında gözdən itdi.

Malva ilə Vasilinin oğlu komaya tərəf getdilər.

Malva Yakovun iri cüssəsini çəpəki gözdən keçirərək:

- Hə, yaxşı oğlan, axır ki səni atanın yanına gətirib çıxartdım. – dedi.

O, qıvrım tünd qumral saqqal basmış üzünü qadına doğru çevirdi və gözləri işıldaya-işıldaya dedi:

- Hə, gəlib çıxdıq... Yaxşı yerdir. Gör dəniz necə gözəldir!

- Dənizin ucu-bucağı yoxdur... Atanı necə görürsən? Çox qocalıb?

- O qədər də yox. Mən elə bilirdim o lap çallaşıb, amma çal tükləri çox azdır... Özü də qıvraqdır...

- Deyirsən, haçandır görüşməmisiniz?

- Beş il olar... O kənddən gedəndən bu yana. O vaxt on yeddi yaşım təzə olmuşdu.

Onlar havası ağır və həsirlərindən şor balıq qoxusu yayılan komaya girdilər, Yakov bir yoğun tir parçası üstündə, Malva isə çapçaq yığını üstündə oturdu. Onların arasında köndələninə kəsilmiş çəllək vardı, ağzı aşağı çevrilmiş bu çəllək stolu əvəz edirdi. Onlar oturub dinməz-söyləməz bir-birinə baxdılar.

- Deməli, burda işləmək istəyirsən?  - deyə Malva soruşdu.

- Hə... Ancaq bilmirəm. Bir iş olsa işləyərdim.

- Bizdə iş tapılar! – deyə Malva yaşıl, sirli bir şəkildə qıyılmış gözlərini ona zilləyib inamla vəd etdi.

O tərli üzünü köynəyinin qoluyla silirdi, qadına baxmırdı.

Qadın birdən gülməyə başladı.

- Anan yəqin ki, səninlə atana tapşırıqlar vəsalam göndərib, hə?

Yakov qadına baxdı, qaş-qabağını sallayıb qısaca dedi:

- Məlum məsələdir... Nə olub ki?

- Heç...

Onun gülüşü Yakova xoş gəlmədi, sanki qadın bu gülüşlə ona sataşırdı. Oğlan üzünü bu yana döndərdi və anasının tapşırıqlarını xatırladı.

Anası onu kənd yoluna ptürüb çəpərə söykənmiş və quru gözlərini tez-tez qırparaq yeyin-yeyon demişdi:

- Yaşa, sən ona de ki... Allah xatirinə, de ki, ay ata!.. Anam orda yalqız qalıb, lap tək qalıb... beş il keçib, o hələ də lap yalqızdır. Qocalır axı!.. Yakovuşka, sən allah ona de. Çox çəkməz anam lap qocalar... həmişə dəyalqız, yapyalqız!.. Hey işləyir. Allah xatirinə, sən ona de...

Sonra səssizcə ağlamağa başlayıb üzünü döşlüyü ilə örtmüşdü.

O zaman Yakovun anasına yazığı gəlməmişdi, indi isə gəlirdi... O Malvaya baxıb qaşlarını acıqla çatdı.

Bir əlində balıq, o biri əlində bıçaq tutub komaya girən Vasili:

- Budur ha, mən də gəldim! – deyə səsləndi.

O, artıq pərtliyini öz içində gizlədə bilmişdi, indi onlara sakit nəzərlə baxır, ancaq hərəkətlərində ona məxsus olmayan təlaş, vurnuxma görünürdü.

- Bu saat ocağı yandırıb yanınıza gələrəm. Söhbət edərik. Ah, Yakov, hə?

Yenə komadan çıxıb getdi.

Malva elə hey tum çırtlayır, heç utanmadan Yakovu gözdən keçirdir, Yakovsa ona baxmaq istəsə də, baxmamağa çalışırdı.

Sonra o susub dayanmaqdan sıxıntı çəkdiyi üçün dedi:

- Dağarcıq axı qayıqda qalıb. Gedim götürüm.

Yavaş-yavaş yerindən qalxıb bayıra çıxdı, onun əvəzinə Vasili komaya girdi və Malvaya tərəf əyilib tələsik və hirslə danışmağa başladı:

- Yaxşı, sən niyə bununla gəlmisən? Mən sənin barəndə ona nə deyim? Mənim nəyimsən, kimimsən?

Malva qısa cavab verdi:

- Gəlmişəm, qurtarıb gedib!

- Eh... Fərasətsiz arvad! İndi nə edəcəyəm? Sən də birdən-birə... onun gözünə soxuldun... Evimdə arvadım var, onun anasıdır!.. Sən bunu başa düşməli idin!

Malva yaşıl gözlərini etinasızlıqla qıydı:

- Başa düşmək mənə çox lazımmış! Mən ondan qorxuram nədir? Ya bəlkə səndən qorxuram? Bayaq sən onun qabağında necə fırlanırdın? Baxırdım, məni gülmək tuturdu.

- Sənin üçün gülməlidir! Bəs mənim halım necə olacaq?

- Sən bu haqda əvvəlcədən düşünməliydin!

- Hardan biləydim ki, günlərin bir günü o qəflətən dənizdən zahir olacaq?

Qum Yakovun ayaqlarının altında xışıldadı, onlar söhbəti kəsdilər. Yakov gətirdiyi yüngül dağarcığı bir küncə tulladı və acıqlı gözləriylə qadına çəpəki baxdı.

Qadın həvəslə tum çırtlayırdı, Vasili isə tir parçasının üstündə oturdu, dizlərini ovxalayıb təbəssümlə sözə başladı:

- Deməli gəlib çıxdın... Necə oldu ki, bu sənin ağlına gəldi?

- Elə birdən... Biz sənə yazmışdıq axı...

- Nə vaxt? Mən məktub-zad almamışam.

- Yox-a! Amma biz yazmışdıq.

- Görünür məktub arada itib. – Vasili pərt halda dedi. – Görürsənmi, andır... hə? Lazım olanda itir.

Yakov atasına inanmadığını bildirən nəzərlərlə baxıb:

- Deməli, sən bizim iş-gücümüzdən bixəbərsən? – deyə soruşdu.

- Hardan axı? Mən məktub almamışam.

Onda Yakov dedi ki, atımız gəbərib, taxıl hələ fevralın əvvəlində bütünlüklə yeyilib qurtarıb, bir iş, gəlir yeri də yoxdur. Ot da çatışmadı, inək az qala aclıqdan öləcəkdi. Aprel ayınacan birtəhər keçindilər, sonrasa belə bir qərara gəldilər: şum işlərindən sonra Yakov bir az pul qazanmaq üçün üç aylığa atasının yanına getsin. Bu barədə Vasiliyə məktub yazdılar, sonra üç qoyun satıb puluna bir az taxıl və ot aldılar, axırda Yakov yola düzəlib bura gəldi.

- Gör nələr olub! – Vasili dedi. – Deməli be-lə... Bəs... siz necə... mən sizin üçün pul göndərmişdim axı.

- Nə pul idi ki? Komanı təmir etdik... Mariyanı ərə verdik... Mən kotan aldım... Axı aradan beş il keçib!

- Hə-ə! Deməli çatmadı. Belə işlər... Şorba daşıb-eləyər! – O ayağa durub tez komadan çıxdı.

Vasili balaca tonqalın qabağında çöməlib oturdu, tonqalın üstündə asılan qazan qaynayır, şorbanın köpüyü daşır, odun üstünə tökülürdü. Vasili fikrə getdi. oğlunun dedikləri ona çox da təsir etməmiş, lakin qəlbində Yakova və arvadına qarşı pis bir duyğu oyatmışdı. O beş il ərzində onlar üçün nə qədər pul göndərib, onlarsa bir təsərrüfatın öhdəsindən gələ bilməyiblər! Malva olmasaydı Yakova bir neçə söz deyərdi. Özbaşına, atasının icazəsi olmadan kənddən durub gəlib – bunu ağlı kəsib, - amma təsərrüfatın öhdəsindən gələ bilməyib! Bu günəcən xoş və asudə həyat keçirdən Vasilinin çox gec-gec xatırladığı təsərrüfat indi birdən-birə dibsiz quyu kimi, həyatında lüzumsuz, gərək olmayan bir şey kimi özünü onun yadına salırdı, bu quyuya o nə qədər pul tökmüşdü! Şorbanı qaşıqla bulaya-bulaya ah çəkdi.

Günəşin şəfəqi altında balaca tonqalın odu miskin, solğun görünürdü. Tonqaldan qalxan mavi, şəffaf tüstü dənizə doğru, dalğaların sıçrantılarına tərəf uzanıb gedirdi. Vasili tüstünün cərəyanına göz yetirir və daha güzəranının yaxşı keçməyəcəyi, əvvəlki kimi sərbəst ola bilməyəcəyi haqda düşünürdü. Yəqin ki, Yakov bu Malvanın kim olduğunu artıq başa düşüb.

Malva isə komada oturub qızmış, çağıran və arası kəsilmədən gülümsəyən gözləri ilə oğlanı karıxdırırdı.

- Yəqin ki, kənddə adaxlını buraxıb bura gəlmisən? – deyə o Yakovun üzünə baxıb soruşdu.

- Bəlkə də buraxıb gəlmişəm. – Yakov könülsüz cavab verdi.

Qadın saymazyana soruşdu:

- Gözəldir?

Yakov dinmədi.

- Niyə dinmirsən? Məndən yaxşıdır, ya yox?

Oğlan baxmaq istəmədiyi halda onun üzünə baxdı. Qadının dolğun yanaqları qarabuğdayı rəngə çalır, bir az aralı-abdar dodaqları məğrur təbəssümlə titrəyirdi. Çəhrayı çitdən tikilmiş yaraşıqlı koftasının altından yupyumru çiyinlərinin və qabarıq döşlərinin çevrələri görünürdü. Lakin Malvanın işvəli bir əda ilə qıyılmış yaşıl, gülən gözləri onun xoşuna gəlmirdi.

O bu qadınla ciddi danışmaq istəyirdi, amma köksünü ötürüb yalvarıcı səslə dedi:

- Sən niyə belə danışırsan?

- Bəs necə danışmaq lazımdır? – deyə qadın gülməyə başladı.

- Hələ gülürsən də... Nəyə gülürsən?

- Sənə gülürəm...

O incik halda:

- Mən səninçün nəyəm? – deyə soruşdu və qadının baxışı altında yenə gözlərini yerə dikdi.

Malva cavab vermədi.

Yakov başa düşürdü ki, bu qadın atasının aşnasıdır, buna görə də Malva ilə sərbəst danışa bilmirdi. Başa düşür, amma heyrətlənmirdi, eşitmişdi ki, kənar peşələrdə çalışan adamlar çox işlərdən çıxır, çox şuluq edirlər, həm də anlayırdı ki, atası kimi sağlam kişi üçün bu qədər vaxtı qadınsız keçinmək çətin olardı. Lakin buna baxmayaraq, o həm qadının, həm də atasının qabağında sıxıntı çəkirdi. Sonra öz anasını, orda, kənddə qalmış üzgün, deyingən, yorulmadan işləyən qadını xatırlayırdı...

Vasili komaya girib dedi:

- Şorba hazırdır! Malva, qaşıqları gətir görək!

Yakov atasına baxıb düşündü:

"Qadın qaşıqların harda olduğunu bilirsə, deməli onun yanına tez-tez gəlir!”

Malva qaşıqları götürüb dedi ki, onları yumaq, həm də qayıqdakı arağı gətirmək lazımdır.

Atayla oğul onun salınca baxdılar və təkbətək qalıb susdular.

- Sən ona necə rast gəldin? – Vasili soruşdu.

- Kontorda səni soruşurdum, o da orda idi... Dedi ki: "Qumluqda piyada getməkdənsə, gəl min qayığa, bir yerdə gedək, mən də ora gedirəm.” Qayığa minib gəldik.

- Hə-ə... Hərdən fikirləşirdim ki, Yakov indi görəsən necədir?

Oğul atasının üzünə baxıb mehribanlıqla gülümsədi, bu təbəssüm Vasiliyə cəsarət verdi.

- Hə... arvad deyəsən bəd deyil, hə?

Yakov gözlərinin qırpıb:

- Pis deyil. – deyə qeyri-müəyyən bir cavab verdi.

Vasili əl-qolunu ata-ata dedi:

- A bala, nə edəsən, necə dolanasan? Mən əvvəlcə dözürdüm, sonra gördüm ki, olmur! Alışmışam... Evli adamam. Heç olmasa paltarımı yamayır, başqa işləri görür... Ümumiyyətlə... eh, nə edəsən! Ölümdən qaçmaq mümkün olmadığı kimi, arvaddan da qaçmaq olmur! – Vasili izahatını səmimiyyətlə qurtardı.

Yakov dedi:

- Mənə nə var? Bu sənin öz işindir. Səni mühakimə edə bilmərəm.

Amma özü düşündü:

"Belə bir arvad sənin üçün tuman yamayacaq...”

Vasili davam etdi:

- Bundan başqa, mənim cəmi qırx beş yaşım var... onun üçün az bir şey xərcləyirəm... arvadım deyil ki.

- Əlbəttə. – Yakov razılaşsa da düşündü ki: "Bəlkə də cibini tərtəmiz təmizləyir.”

Malva gəldi, bir şüşə araq və bir bağlama krendel gətirdi. Oturub balıq şorbasını yeməyə başladılar. Dinmədən deyir, sümükləri bərkdən sorur və tüpürüb qapının ağzındakı qumun üstünə atırdılar. Yakov çox və acgözlüklə yeyirdi, bu da deyəsən Malvanın xoşuna gəlirdi. O Yakovun gündən qaralmış yanaqlarının köpdüyünə, yekə yaş dodaqlarının tez-tez tərpənməsinə baxaraq mehriban-mehriban gülümsəyirdi. Vasili yaxşı yemir, amma özünü qızğın yeyirmiş kimi göstərməyə çalışırdı, beləliklə, Yakovla Malvaya hiss elətdirmədən onlara qarşı olan münasibətini hərtərəfli düşünmək istəyirdi.

Musiqi kimi qulaqları oxşayan dalğaların xoş təranəsini, qağayıların vəhşicəsinə səsləri eşidilməz edirdi. İsti getdikcə azalır, bəzən komaya dəniz qoxusu ilə dolu sərin yel əsirdi.

Dadlı balıq şorbası ilə araqdan sonra Yakovun gözləri xumarlandı. O sarsaq-sarsaq gülümsəyir, hıçqırır, əsnəyir və Malvaya elə baxırdı ki, Vasili özünü saxlaya bilməyib dedi:

- Yaşutka, sən burda yat, çay hazır olanacan rahatlan. Sonra biz səni oyadarıq.

- Olar. – Yakov razılaşıb qapçaqların üstünə uzandı. – Bəs siz hara gedirsiniz? Ha-ha!

Bu gülüşdən pərt olan Vasili tələsik bayıra çıxdı, Malva isə dodaqlarını büzüb qaşlarını çatdı və:

- Sənin nəyinə lazım biz hara gedirik? Sən nəsən? Sən hələ bəbəsən, oğlan!.. – deyə cavab verdi.

Yakov onun dalınca baxıb:

- Mən? – dedi. – Elə olsun. Dayan hələ-ə... Mən kim olduğumu sənə göstərərəm. Gör nə arvaddır!

O bir az da donquldandı, sərxoşluq və toxluqdan qızarmış üzündə təbəssüm yuxuladı.

Vasili quma üç qarmaq sancdı, onların üst uclarını çatıb üstünə həsir saldı və beləliklə kölgəlik düzəldib orda uzandı, əllərini başının altına qoyub göyə baxmağa başladı. Malva onunla yan-yana qumun üstündə oturanda, o üzünü arvada tərəf çevirdi. Arvad onun üzündən incidiyini və narazı olduğunu gördü.

Malva gülə-gülə soruşdu:

- Nə var? Deyəsən oğlunun gəlməsinə çox da şad deyilsən.

Vasili qaş-qabağını salladı:

- Gördün ki... mənə gülür... sənin üstündə...

- Nə? Mənə görə? – Qadın işvəli bir əda ilə heyrətləndi.

- Bəs necə?

- Ah, yazıq. İndi nə edək? Bəlkə bundan sonra yanına gəlməyim? Yaxşı, gəlmərəm.

- İfritəyə bax-a! – Vasili onu danlamağa başladı. – Eh, adamlar! O da mənə gülür, sən də... Amma siz mənim ən yaxın adamlarımsınız. Nəyə görə gülürsünüz? Şeytan balaları!

Vasili üzünü yana çevirib susdu.

Malva dizlərini qucaqlayıb parıldayan şən, oynaq dənizi yaşıl gözləri ilə  seyr edərək yavaş-yavaş yırğalanır və öz gözəlliyinin qüdrətini anlayan qadında tükənməz olan müzəffər təbəssümlərdən biriylə gülümsəyirdi.

Bir yelkən gəmisi, boz qanadlı yöndəmsiz quş kimi su üzündə süzə-süzə üzürdü. Sahildən çox uzaqlarda görünən bu gəmi daha uzaqlara, dənizlə göyün birləşdiyi mavi sonsuzluğa doğru gedirdi.

- Niyə susmusan? – Vasili soruşdu.

- Fikirləşirəm. – Malva dedi.

- Nə barədə?

- Elə-belə. – deyə o qaşlarını çəkdi və bir az susandan sonra əlavə etdi. – Sənin oğlun qoçaq oğlandır.

- Sənə nə? – Vasili qısqanclıqla dedi.

- Niyə ki, bunun mənə də dəxli var.

- Çaşma ha! – Vasili qadına şübhə ilə dolu sərt nəzər saldı. – Sarsaqlama! Mən dinc adamam, amma məni hirsləndirmə! Bildin?

O dişlərini qıcayıb yumruğunu düyünlədi və sözünə davam elədi:

- Sən bu gün gələn kimi, nədənsə birdən-birə oyun çıxartmağa başladın. Mən hələ bunun səbəbini başa düşmürəm... Amma başa düşərəm, işin xarab olar! Sənin təbəssümün də başqa cürdür, başqa ədaların da... Mən də siz arvadlarla rəftar etməyi bacarıram.

Qadın ona baxmadan laqeydliklə dedi:

- Sən, Vasya, məni qorxutma.

- Onda oyun çıxartma.

- Sən də qorxutma...

Vasili qəzəbləndi:

- Şuluq eləsən lap döyərəm də...

Qadın ona tərəf dönüb həyəcanlı üzünə maraqla baxdı.

- Döyərsən?

- Sən qraf arvadı-zadsan? Lap əzişdirərəm də...

- Mən sənin arvadınam-nəyəm? – deyə Malva öyüdverici tərzdə sakitcə soruşdu və cavab gözləmədən sözünə davam etdi. – Arvadını boş-boş şeylər üstündə döyməyə adət eləmisən, elə bilirsən məni də döyə bilərsən? Xeyr-a! Mən də özüm üçün xanımam, heç kimdən də qorxmuram. Amma sən, odur ey, öz oğlundan da qorxursan. Bayaq onun qabağında necə quyruq bulayırdın? Lap biabırçılıq idi. Hələ məni hədələyirsən də!

Malva nifrətlə başını buladı və susdu. Onun laqeyd, saymazyana dediyi sözlər Vasilinin hirsini soyutdu. O Heç vaxt Malvanın belə gözəl olduğuna fikir verməmişdi.

O həm hirslə, həm də fərəhlə qadına baxıb dedi:

- Özündən çıxdı, qarıldamağa başladı.

- Onu da sənə deyim ki, sən öyünə-öyünə Seryojkaya demisən ki, adam çörəksiz yaşaya bilmədiyi kimi, mən də sənsiz yaşaya bilmirəm. Sən belə sözləri nahaq deyirsən! Bəlkə mən səni heç sevmirəm və bura sənə görə gəlmirəm? – O əlini ətrafda gəzdirdi. – Bəlkə bu yerlər boş olduğu, dənizlə göydən başqa heç nə görünmədiyi, burda alçaq adamlar olmadığı üçün xoşuma gəlir? Sən burda varsan ya yoxsan – mənimçün heç bir fərqi yoxdur. Bu yerpulu kimi bir şeydir... Seryojka olsaydı, onun yanına gələrdim, sənin oğlun olsa, onun da yanına gələrəm... Sizin heç biriniz olmasaydı daha yaxşı olardı... Sizdən zəhləm gedir! Bu gözəllik ki məndə var, həmişə istədiyim kişini seçə bilərəm...

- Gör nə deyir! – Vasili vəhşicəsinə fışıldadı və birdən onun boğazından yapışdı. – Sənin başında belə fikirlər varmış?!

O qadını silkələyirdi, ancaq qadın – üzü pul kimi qızarmış və gözləri qanla dolmuşdusa da, özünü müdafiə etmirdi. O ancaq əllərini boğazından yapışıb onu boğan əlin üstünə qoymuşdu və inadla Vasilinin üzünə baxırdı.

Vasili getdikcə daha da qeyzlənirdi:

- Sənin başında belə fikirlər varmış?! – deyə xırıldayırdı. – Bəs niyə dinmirdin, niyə dinmirdin, niyə demirdin, satqın arvad! Bəs niyə məni qucaqlayırdın, oxşayırdın?.. Sənin atanı yandıracağam!

O qadının başını aşağı əydi və boynuna ləzzətlə iki yumruq vurdu. Ağır yumruğu qadının boynuna dəydikcə xoşhallanırdı.

- Al payını... İndi necəsən, ilan? – Vasili sevinə-sevinə soruşdu və onu qırağa atdı.

Qadın uf da demədi, sakitcə dalı üstə yıxıldı. O saçı pırtlaşmış və üzü qızarmış halda da gözəl idi. Yaşıl gözləri kirpiklərinin altından kişiyə soyuq nifrətlə baxırdı. Lakin Vasili həyəcandan ləhləyir və acığını tökdüyündən xoşlanırdı, qadının baxışını görmürdü. Sonra qalib nəzərlərlə ona baxanda gördü ki, qadın gülümsündü, ətli dodaqları tərpəndi, gözləri işıldadı, yanaqlarında qəşəng batıqlar əmələ gəldi. Vasili heyrətlə ona baxdı.

O qadının qolunu kobudluqla dartdı.

- Nə olub sənə, gülürsən! Şeytan. – deyə qışqırdı.

- Vaska! Məni döyən sən idin? – Qadın lap asta səslə soruşdu.

- Bəs kim idi? – Vasili heç nə anlamadan və nə edəcəyini bilmədən qadına baxdı. Onu bir də vursun? Lakin Vasilinin hirsi artıq soyumuşdu, arvadı vurmağa əli qalxmırdı.

- Demək, məni sevirsən? – Malva soruşdu. Qadının pıçıltısı onu coşdurdu.

Vasili qaş-qabağını salladıb dedi:

- Eybi yoxdur, sənə belə lazımdır!

- Axı mən fikirləşirdim ki, sən daha məni sevmirsən. Öz-özümə deyirdim: "İndi oğlu yanına gəlib... o daha məni qovacaq...”

Malva qəribə şəkildə, çox bərkdən qəhqəhə çəkib gülməyə başladı.

Vasili də gülümsəyib dedi:

- Axmaq! Oğlum mənə qayda-qanun öyrədəcək?

Vasili qadından utanır və ona yazığı gəlirdi, lakin onun sözlərini xatırlayıb yenə sərt danışmağa başladı:

- Oğlumun bura nə dəxli var? Səni döydümsə, özün müqəssirsən. Məni hirsləndirməyəydin.

- Mən axı qəsdən belə eləyirdim. Səni sınayırdım... – Malva çiyniylə ona qısıldı.

- Sınayırdın? Nəyi sınayırdın? Sınadın, buyur, nəticəsini də gördün.

- Eybi yoxdur. – Malva gözlərini qıyıb inamla dedi. – Mən acıqlanmıram. Axı sən sevə-sevə döyürdün? Mən də bunun əvəzini səndən çıxardacağam. – Düz Vasilinin gözünün içinə baxdı və səsini alçaldıb təkrar elədi. – Ah, necə çıxacağam...

Vasili bu sözlərlə qadının nə vəd etdiyini anladı, xoşuna gələn bu vəd onu ləzzətli bir həyəcana gətirdi. Gülümsəyib soruşdu:

- Necə çıxardacaqsan? De görüm, necə?..

Malva sakitcə:

- Görərsən. – dedi, amma dodaqları titrədi.

Vasili vurğun adamın ehtiraslı əlləriylə qadını qucaqlayıb bərkdən sıxdı:

- Eh, mənim əzizim. Bilirsən, döyəndən sonra mənim üçün daha əziz oldun. Doğrudan da! Daha doğma oldun... Yoxsa necə?

Qağayılar onların başı üzərində uçurdu. Dənizdən əsən xoş külək, dalğaların sıçrantılarını onların lap yanına səpələyirdi, dənizin sakitləşməyən gülüşü isə daim eşidilirdi.

- Eh, günümüz-güzəranımız! – Vasili ona qısılan qadını dalğınlıqla oxşayıb rahat nəfəs aldı. – Gör dünyada işlər necə qurulub: nə günah sayılırsa, o şirin olur. Amma sən heç nəyi başa düşmürsən... Bəzən həyat barəsində fikirləşirəm: məni lap dəhşət basır! İllah gecələr... yuxum qaçanda... Baxırsan, qabağında dəniz, başının üstündə göy, ətraf elə qaranlıqdır ki, dəhşətə gəlirsən... sən də burda tək-tənha. Onda özün özünə elə balaca, xırda görünürsən ki... elə bil altındakı yer tərpənir, yerin üstündə də səndən başqa heç kim yox imiş. Heç olmasa elə vaxtlarda sən yanımda olaydın... necə olmasa da ikilikdə...

Malva gözlərini yumub onun dizlərinin ütsündə uzanmışdı, susurdu. Vasili kobudtəhər, lakin mehriban, gün və küləkdən qaralıb qəhvəyi rəng almış üzünü qadına tərəf əymişdi, onun bozarmış yekə saqqalının tükləri Malvanın boynunu qıdıqlayırdı. Qadın qımıldanmır, ancaq dpşün müntəzəm surətdə qabarıb yatırdı. Vasili gah dənizə göz gəzdirir, gah lap yaxında – gözləri önündə olan döşlərə baxırdı. Qadının dodaqlarından öpməyə başladı, tələsmədən, elə marçıldada-marçıldada öpürdü ki, elə bil isti və yağlı sıyıq yeyirdi.

Onlar beləcə üç saatadək vaxt keçirtdilər. Günəş dənizə tərəf enməyə başlayanda Vasili cansıxıcı tərzdə dedi:

- Hə, gedim çay qaynadım. Tezliklə qonaq da oyanar.

Malva xoşhallanmış pişik kimi qırağa çəkildi, Vasili kpnülsüz halda ayağa qalxıb komaya tərəf getdi. qadın kirpiklərini azacıq qaldırıb onun dalınca baxdı və ağır yükü dalından atan adam kimi dərin nəfəs aldı.

Sonra üçü də tonqalın ətrafında oturub çay içdilər.

Günəş dənizi qürubun əlvan rəngləri ilə boyamışdı, yaşılımtraq dalğalar firfir və inci kimi par-par parıldayırdı.

Vasili ağ saxsı qabdan qurtum-qurtum çay içə-içə kəndin vəziyyəti haqqında oğluna suallar verir, özü kəndi xatırlayır, Malvasa onlara qulaq asırdı.

- Deməli, kəndlilər dolanır?

- Birtəhər dolanırlar. – Yakov cavab verdi.

- Biz kəndlilərə nə lazımdır? Bir koma, bol çörək, bir də bayramlarda bir stəkan araq. Ancaq bu da yoxdur. Evdə dolanmaq mümkün olsaydı, mən heç buralara gələrdim? Kənddə özün öz başının ağasısan, hamıya bərabər adamsan, amma burda npkərsən...

- Orası da var ki, burda iş daha yüngül, gəlirsə daha çox olur...

- Yox, elə deyil! Hərdən adamın bütün sümükləri sızıldayır. Həm də burda başqası üçün işləyirsən, ordasa özün üçün.

- Amma işləyib daha çox qazanc əldə edərsən. – Yakov sakitcə etiraz etdi.

Vasili özlüyündə oğlunun dəlilləri ilə razılaşırdı, kənddə həyat və iş bura nisbətdə xeyli ağır idi, lakin o nədənsə istəmirdi ki, Yakov bunu bilsin. Buna görə də sərt tövrlə dedi:

- Sən buranın qazancını hesablayıb eləmisən? Kənddə, bala...

- Zindan kimi: həm qaranlıq, həm də darısqal. – Malva da sözə qoşulub gülümsədi. – Arvadların güzəranı daha ağırdır. Gecə-gündüz ağlayırlar.

- Arvadların güzəranı hər yerdə birdir. Hər yerdə də bir işıq, bir günəş var. – Vasili qadına baxıb mısmırığını sallatdı.

- Sən yalan deyirsən! – Malva dirçəldi, həyəcanla dilləndi. – Kənddə mən istəsəm də, istəməsəm də ərə getməliyəm. Ərə gedən arvad isə həmişəlik qul olur, kəniz olur. Taxıl biç, iplik əyir, mal-qaraya bax, hələ üstəlik uşaq da doğ... Özünçün nə qalır? Bircə ərinin kötək və söyüşləri.

- Təkcə kötək deyil. – Vasili onun sözünü kəsdi.

Qadınsa ona qulaq asmırdı:

- Burdasa heç kimin ixtiyarında deyiləm. Qağayı kimi istədiyim yerə uçub gedərəm. Heç kəs qabağımı kəsmir... Heç kəs mənə toxunmur...

- Bəs toxunsa necə? – Vasili gülümsəyib xatırladıcı tonla dedi.

- Əvəzini çıxardaram! – Qadın yavaşdan dedi və bayaqdan qığılcım saçan gözləri elə bil söndü.

Vasili mərhəmətli əda ilə gülməyə başladı:

- Ay səni! Zirəksən, diribaşsan, amma zəifsən. Cəfəng danışırsan. Kənddə arvad yaşayış üçün gərəkli adamdı... Burda isə elə-belə, ancaq kef üçün yaşayır. – Bir az susub əlavə elədi. – Adamları günaha batırmaq üçün.

Onların söhbəti kəsiləndə Yakov köks ötürüb dalğın-dalğın dedi:

- Elə bil bu dənizin axırı, ucu-bucağı yoxdur...

Üçü də dinmədən qabaqlarındakı dənizə baxdılar.

Yakov əlini güniş açıb dənizi göstərdi:

- Bu dənizin tutduğu yer torpaq olsaydı, həm də qara torpaq! Şumlanıb əkilsəydi!

Vasili mehribanlıqla gülə-gülə dedi:

- Bunun arzusuna bax!

Onun sözlərindən oğlunun torpağa bağlı olduğunu duyan Vasilinin ürəyi açıldı, fikirləşdi ki, bəlkə də Yakovun bu sevgisi, tezliklə onu sərbəst peşə həyatının cazibələrindən ayırıb təkidlə geriyə, kəndə çağıracaq. Vasili isə burda Malvayla tək qalacaq və hər şey köhnə qaydasayla gedəcək...

- Yakov, sən bunu yaxşı dedin. Kəndli belə də olmalıdır. Kəndlinin gücü elə torpaqdadır. Nə qədər ki, o torpağın üstündədir, yaşayacaq. Elə ki torpaqdan ayağı üzüldü – işi bitdi! Torpaqsız kəndli köksüz ağac kimi bir şeydir. İşə yarayırsa da, çox yaşaya bilmir, çürüyür. Meşə gözəlliyi də qalmır, gəmirilmiş, yonulmuş hala düşür, gözə də görünmür! Yakov, sən yaxşı sözlər dedin.

Dəniz günəşi öz dərinliklərinə çəkir, onu qürubun son şüalarının gözəl, əlvan rəngləri ilə bəzənmiş dalğalarının musiqi kimi səslənən şarıltıları ilə qarşılayırdı. Həyat yaradan işığın ilahi mənbəyi, öz parlaq boyalarının mənalı, ifadəli ahəngdarlığı ilə dənizdən ayrılır, onunla vidalaşırdı ki, ona diqqətlə baxan üç adamdan uzaqlarda, yuxulu torpağı oyandırsın.

Vasili Malvaya müraciət etdi:

- Günün batmağına baxanda ürəyim əriyir. Vallah, düz deyirəm.

Qadın dinmədi. Əngin dənizə dalğın-dalğın baxan Yakovun göy gözləri gülümsəyirdi. Onların üçü də ora, günün son dəqiqələri sönən yerə uzun müddət dalğın-dalğın baxdılar. Qabaqlarında tonqalın közləri tüstülənə-tüstülənə yanırdı. Arxa tərəfdə gecənin qaranlığı göy  üzünü bürüyürdü. Sarı qum qaralır, qağayılar artıq görünmürdü, ətrag sakitləşir, sanki boş bir xəyala dalırdı... Hətta sakitləşməyən dalğalar da dilin sahil qumların çırpılanda, gündüzkü kimi şən səslə şırıldamırdı.

Malva dedi:

- Mən niyə oturmuşam? Getmək lazımdır.

Vasili özünü yığıb oğluna baxdı.

- Hara tələsirsən? – narazılıqla mırıldandı. – Bir az da dayan, indi ay da çıxar...

- Ay mənim nəyimə lazımdır? Mən qorxmuram, birinci dəfə deyil ki, burdan gecə çıxıb gedirəm.

Yakov atasına baxdı, istehzalı təbəssümünü görməsinlər deyə gözlərini qıydı. Sonra Malyava baxdı, o da Yakova baxırdı. Oğlan pərt oldu.

Vasili narazı və qüssəli halda dedi:

- Yaxşı, nə deyirəm, get!

Qadın ayağa durub sağollaşdı, dilin sahiliylə yavaş-yavaş getməyə başladı. Dalğalar onun ayaqlarına yaxınlaşır, sanki onunla oynaqlaşırdı. Göydə ulduzlar – səmanın qızıl çiçəkləri parıldayır, sayrışırdı. Malvanın əlvan koftası, onun dalınca baxan Vasiliylə Yakovdan uzaqlaşır, toran içində bozarırdı.

Malva zil və təsirli səslə oxumağa başladı:

Tez ol, yarım, gəl, aman!

Tez gəl, sinəmə yaslan!

Vasiliyə elə gəldi ki, Malva dayanıb gözləyir. Qəzəblə tüpürüb düşündü: "Qəsdən məni tamahsılandırır, şeytan arvad!”

- Görürsən? Oxuyur. – Yakov qımışdı.

Onlar toran içində qadını boz ləkə kimi görürdülər.

Malvanın səsi dəniz üzərində yayılırdı:

Bir cüt qu tək ağ məmə,

Gəl oğlan, naz eyləmə!

- Gör necə oxuyur! – Yakov dilləndi və bütün vücudu ilə ora, cazibəli, şirnikləndirici sözlər eşidilən yerə tərəf dartındı.

- Deməli, təsərrüfatın öhdəsindən gələ bilmədin? – Vasilinin qəzəbli səsi eşidildi.

Yakov heyrətlə ona baxdı və əvvəlki vəziyyətini aldı.

Dalğaların gurultusu içində batan coşqun mahnının ayrı-ayrı, qırıq sözləri onların qulağına çatırdı:

Ah, taqət yox bu gecə,

Yatmağa məndə təkcə!

Vasili qumun üstündə qurdalanaraq qüssə ilə dedi:

- İstidir. Gecədir, amma istidir... Nə pis yerdir!

Yakov üzünü başqa tərəfə tutub dili tutula-tutula dedi:

- Yəqin qumdandır. Gündüz çox qızıb...

- Nə? Bəlkə məni lağa qoyursan? – atası sərt tərzdə soruşdu.

- Mən? – Yakov məsum tövrlə soruşdu. – Nəyi lağa qoyuram?

- Elə onu deyirəm, lağa qoyulmalı bir şey yoxdur.

Susdular.

Dalğaların gurultusu içində dərin ah kimi sızıldayan və mehriban-mehriban çağıran səs eşidirdilər...

İki həftə keçdi. Yenə bazar günüydü, yenə,Vasili Leqostyev komasının yanında qum üstə uzanıb dənizə baxır, Malvanı gözləyirdi. Əks edən günəşlə oynaqlaşan dəniz gülür, saysız-hesabsız dalğalar da quma çırpınıb üst köpüyünü ora tullamaq, sonra diyirlənə-diyirlənə dənizə çəkilib orda ərimək üçün bir-birinin dalınca qabarırdı. Hər şey on dörd gün qabaq olduğu kimiydi. Keçmişdə məşuqəsini arxayınlıqla gözləyən Vasili, bu dəfə onu səbrsizliklə gözləyirdi. Keçən bazar günü o gəlməmişdi, bu gün isə gəlməliydi. O qadının gələcəyinə şübhə etmir, amma onu daha tez görmək istəyirdi. Yakov bu gün mane olmayacaqdı. O üç gün qabaq başqa fəhlələrlə balıq torunu aparmağa gələndə, bazar günü köynək almaq üçün şəhərə gedəcəyini demişdi. O vətəgələrdə ayda on beş manat maaşla işə girmiş, bir neçə dəfə balıq ovuna getmişdi, indi çox gümrah və şən görünürdü. Bütün başqa fəhlələr kimi ondan da şor balıq iyi gəlirdi, onun da üst-başı çrikli və cırıq idi. Vasili oğlunu düşünüb ah çəkdi.

"Birdən o burda ilişib qalar. Dəcəlləşər... Onda yəqin ki, qayıdıb ləndə getmək də istəməz. Lazım gələr ki, mən özüm...”

Dənizdə qağayılardan başqa heç kim yox idi. Dəniz göydən, qumlu sahilin nazik zolağı ilə ayrıldığı yerdə, bəzən kiçik-kiçik qara nöqtələr görünür, nöqtələr sahil boyunca hərəkət edir və gözdən itirdi. Günəşin şüaları dənizə şaquli vəziyyətdə düşürdü. Qayıq hələ görünmürdü. Həmişə Malva bu vaxt gəlib çatmış olurdu.

İki qağayı havada tutaşıb elə döyüşürdülər ki, tükləri ətrafa səpələnirdi. Kəskin qığıltılar dalğaların şən nəğməsini kəsib eşidilməz edirdi, bu nəğmə elə daimi, parıldayan göyün təntənəli sükutu ilə elə ahəngdar birləşmiş nəğməydi ki, dənizin düzəngahında sevinclə oynaşan günəş şüalarının təranəsinə oxşayırdı. Qağayılar suyun üstünə düşdülər, ağrı və hiddətdən qəzəbli-qəzəbli qağıldayaraq bir-biriylə döyüşməyə, yenə də havaya qalxıb bir-birini tqib etməyə başladılar. Onların yoldaşları yaşılımtıl, şəffaf suyun üstündə uça-uça balıq tuturdular, elə bil davanı görmürdülər.

Dəniz bomboş idi. Orda, uzaq sahilin yaxınlığında tanış ləkə görünmürdü...

Vasili bərkdən dedi:

- Gəlmirsən? Gəlmə, lazım deyil! Bəs sən nə fikirləşirdin?

Sahilə tərəf nifrətlə tüpürdü.

Dəniz gülürdü.

Vasili ayağa durub nahar bişirmək üçün komaya getdi, amma hiss etdi ki, yemək istəmir, əvvəlki yerinə qayıdıb uzandı.

"Heç olmasa Seryojka gələydi. – O özünü Seryojka barəsində düşünməyə məcbur etdi. – O zəhər tuluğudur. Hamını ələ salır, yetənlə yumruqlaşır. Sağlam, savadlı, bərkdən-boşdan çıxamış adamdır... Ancaq çox içir. O olanda şən keçir. Arvadların ondan ötrü ürəyi gedir, bu yaxınlarda gəlsə də, hamısı dalınca düşür. Bircə Malva özünü ondan uzaq saxlayır... Gəlib çıxmadı.Gpr necə əclaf arvaddır! Bəlkə döyməyimə görə acığı tutub? Bəyəm bu onunçün təzə işdir? Başqaları da onu döyüb yəqin ki... Həm də necə döyüblər! Elə indi də Malvanın cəzasını verəcəyəm...”

Vasili gah oğlunu, gah Seryojkanı, gah da Malvanı düşünərək qum üstündə qurdalanır, gözləyirdi. Hərdən onun başına şübhəli fikirlər gəlir, amma o bur fikirləri başından qovmağa çalışırdı. Vasili öz şübhələrini özündən gözlədə-gizlədə, gah durub gəzə-gəzə, gah uzana-uzana günü axşam elədi. Artıq dənizə qaranlıq çökmüşdü, o isə gözünü uzaqlara dikib hələ də qayığı gözləyirdi.

Malva bu gün gəlmədi.

Vasili yatmağa hazırlaşanda, burdan ayrılıb sahilə getməyinə imkan verməyən qulluğa girdiyi üçün özünü söydü. Tam yuxuya getməmiş, mürgülü halda tez-tez durub yerinin içində otururdu, ona elə gəlirdi ki, hardansa avar şappıltıları eşidilir. Bu vaxt əlini gözlərinin üstünə qoyub dumanlı, bulanıq dənizə baxırdı. Sahildəki vətəgədə iki tonqal yanır, dənizdəsə heç kim görünmürdü.

- Yaxşı, ifritə! – Vasili Malvanın qarasınca deyindi. Sonrasa yatıb ağır yuxuya getdi.

Vətəgədə idə o gün belə bir əhvalat olmuşdu.

Yakov səhər tezdən, hələ gün qızışmamış və dənizdən ruh oxşayan meh əsəndə ayağa qalxmışdı. O barakdan çıxdı, əl-üzünü yumaq üçün dənizə tərəf gedəndə sahildə Malvanı gördü. O sahilə yan almış qayığın dal tərəfində oturub ayaqlarını aşağı salladmışdı, yaş saçlarını darayırdı.

Yakov dayanıb maraqla qadına baxmağa başladı.

Qadının yaxası düymələnməmişdi, çit koftası bir çiynindən sürüşmüşdü. Çiyni o qədər ağ və cəzbedici idi ki!

Dalğalar qayığın yanına çırpılır, Malva gah yuxarı qalxır, gah da o qədər enirdi ki, az qala çılpaq qıçları suya girirdi.

- Çimmisən? – Yakov soruşdu.

Qadın üzünü ona tərəf çevirdi, ötəri baxdı və yenə saçını daraya-daraya dedi:

- Çimmişəm. Nə tez durmusan?

- Sən məndən də tez durmusan.

- Mən sənin üçün nə örnək ola bilərəm?

Yakov cavab vermədi.

Qadın dedi:

- Mən yaşayan qaydada yaşasan, çətin ki, başını dolandıra biləsən.

- Yox a! Gör sən necə qorxulusan!

Yakov gülümsündü və çöməlib əl-üzünü yumağa başladı.

Suyu ovuc-ovuc götürüb üzünə çırpır, sərinliyi hiss etdikcə ləzzətlə nıqqıldayırdı. Sonra köynəyinin ətəyilə üzünü silə-silə Malvadan soruşdu:

- Sən niyə məni həmişə qorxudursan?

- Bəs sən niyə gözlərini mənə dirəyirsən?

Malvaya vətəgədəki başqa qadınlardan daha çox baxdığı yadına gəlmirdi, lakin indi birdən-birə dedi:

- Elə totuqsan ki... Nə edim?

- Atan bu ədalarını bilsə boynundan bir totuq əmələ gətirər!

Malva işvəli əda ilə onun üzünə baxdı.

Yakov gülə-gülə qayığa çıxdı. O hələ də Malvanın hansı ədalardan danışdığını başa düşmürdü, amma bir halda ki deyir, deməli, bir şey var, o qadına çox baxıb. Yakov xoşhallanır, ürəyi açılırdı.

- Atama nə var? O səni satın alıb, nədir?

Yakov onunla yan-yana oturub gözlərini qadının çılpaq çiyninə, yarıaçıq döşünə, dəniz ətri verən əndamına zillədi.

- Gör sən, nə gözəl ağ balıqsan! – Yakov onu başdan-ayağa gözdən keçirdəndən sonra heyranlıqla dedi.

Qadın ona baxmadı, heç açıq paltarını da düzəltmədi.

- Səninki ki deyiləm!

Yakov ah çəkdi.

Onların qabağında səhər günəşinin şüalarını əks etdirən ucsuz-bucaqsız dəniz sərilmişdi.

Küləyin xoş nəfəsiylə yaradılan oynaq dalğalar yavaşca qayığın yanına toxunurdu. Uzaqdakı dil dənizin atlas döşündə çapıq kimi görünürdü. Dilə sancılmış uzun dirək, nazik cizgi kimi mavi səmaya doğru yüksəlir, küləyin dirəyin ucundakı əskini necə yelləndirdiyi görünürdü.

Malva Yakova baxmadan sözə başladı:

- Hə, gözəl oğlan! Mən gözəl tikəyəmsə də, sənin dişinin yemi deyiləm... Heç kim də məni satın almayıb, atana da tabe deyiləm. Özüm istədiyim kimi yaşayıram. Sən də mənə əl uzatma, çünki mən Vasiliylə sənin aranda qalmaq istəmirəm... İstəmirəm dava edəsiniz, cürbəcür dedi-qodu olsun... Başa düşdün?

- Mən nə edirəm ki? – Yakov heyrətləndi. – Sənə əl vurmuram ki...

Malva dedi:

- Sənin heç mənə əl vurmağa cürətin də çatmaz!

Qadın bu sözləri elə etinasızlıqla dedi ki, onun həm kişilik, həm də insanlıq heysiyyətinə toxundu. Dəcəl, bəlkə də kinli bir hiss onu sarsıtdı, gözləri alışıb yandı.

Qadına tərəf irəliləyib ucadan soruşdu:

- Nə? Cürətim çatmaz?

- Edə bilməzsən.

- Yox əşi? Əl vursam bəs necə?

- Vur görüm!

- Nə olar axı?

- Peysərinə elə şapalaq çəkərəm ki, mayallaq aşıb suya düşərsən!

- Yaxşı, çək!

- Sən də əl vur!

O qadına alovlu nəzər saldı və birdən onu güclü pəncələriylə yan tərəfdən qucaqlayıb döşünü və belini bərkdən sıxdı. Qadının isti və qıvraq belinə toxunan kimi ehtiras bütün bədənini alovlandırdı və qəhərə oxşayan bir duyğudan boğazı qurudu.

- Hə... vur da ! Hə, necəsən?..

Malva onun titrək qollarının arasından çıxmağa çalışaraq sakitcə deyirdi:

- Burax, Yaşka!

- Bəs boynuma vurmaq istəyirdin?

- Burax. Yoxsa pis olar!

- Hə... Sən məni qorxutma. Eh, qiyamət arvadsan!

O Malvanın qucağına sıxıldı və qadın dodaqlarını onun al yanağına yapışdırdı.

Malca dəcəlliklə qəhqəhə çəkib gülməyə başladı. Yakovun əllərindən bərk yapışıb bütün bədəninin qüvvətli hərəkəti ilə qabağa sıçradı. Onlar bir yerdə ağır kütlə kimi suya düşüb köpük və sıçrantılar içində görünməz oldular. Sonra sifətindən qorxduğu görünən Yakovun islanmış başı dalğalanan suyun üzünə çıxdı, onunla yanaşı Malva da göründü. Yakov ümidsizliklə çırpınır, əl-qol atır, ətrafındakı suyu sıçradır, nərə çəkirdi. Malva isə qəhqəhə çəkb gülərək onun ətrafında üzür, şor suyu ovuclayıb onun üzünə atır və onun geniş çevrədə çırpınan əllərindən kənara qaçırdı.

Yakov fınxıra-fınxıra qışqırmağa başladı.

- Şeytan! Batıb boğularam!.. Bəsdir! Vallah boğularam... Ay sənin... Batıram!..

Lakin Malva ondan uzaqlaşıb kişi kimi üzə-üzə sahilə tərəf getdi. Yaxınlaşıb qayığa çıxdı, ayaq üstündə dayanıb tələsə-tələsə üzən, ona tərəf yaxınlaşan Yakova baxıb gülməyə başladı. Yaş paltarı əyninə yapışmışdı, dizlərindən çiyninəcən bütün bədəninin cizgilərini aydın göstərirdi. Yakov qayıqdan yapışdı və həris gözlərini gülən qadına zillədi.

Malva gülə-gülə yerə oturdu, bir əliylə qayığın qırağından tutub o biri əlini Yakova uzatdı:

- Hə. Çıx görək. Yekəbaş!

Yakov onun əlini tutub həyəcanla dedi:

- İndi özünü gözlə. Səni elə çimdirim ki!..

O suyun içində dayanıb qadını özünə tərəf çəkirdi, dalğaların onun başı üstündə keçib qayığa dəyir, parçalanır, damcılar Malvanın üzünə sıçrayırdı. O gözlərini qıyıb qəhqəhə ilə gülürdü. Birdən suya tullandı və bədəninin bütün ağırlığıyla Yakovun üstünə düşüb onu suya batırdı.

Onlar yaşılımtıl suyu sıçradaraq batıb təzədən suyun üstünə çıxdılar və iki böyük balıq kimi oynaşmağa başladılar.

Günəş gülə-gülə onlara baxır, vətəgə tikintilərinin pəncrələrindəki şüşələr də günəşi əks edərək gülürdü. Onları qolları altında parçalanan su səslənir, ürkən qağayılar üstlərində qığıldaya-qığıldaya uçurdular.

Nəhayət, xeyli su udandan sonra yorğun halda sahilə çıxdılar və rahatlanmaq üçün qumun üstündə oturdular.

Yakov üz=gözünü turşudaraq tüpürürdü:

- Tfu! Nə pis sudur! Elə bunun üçün çoxdur da.

Malva islanmış saçını sıxıb gülə-gülə dedi:

- Dünyada pis şey çoxdur. Məsələn elə pis oğlanlar... Vay dədə, nə qədər çoxdur!

Malvanın saçı qaraydı, uzun deyildisə də, qalın və qıvrım idi.

Yakov istehza ilə gülümsəyib qadını dirsəyiylə itələdi:

- Elə ona görə qoca kişini bəyənib sevmisən.

- Qoca kişi var ki, cavan oğlandan yaxşıdır!

- Əgər ata yaxşıdırsa, demək oğul ondan da yaxşıdır...

- Buna bax! Lovğalanmağı kimdən öyrənmisən?

- Kənddə qızlar çox vaxt mənə deyirdilər ki, sən heç də pis oğlan deyilsən.

- Qızlar bir şey qanır ki? Sən məndən soruş...

- Bəs sən qız deyilsən?

Malva Yakova baxdı. O pis-pis gülürdü. Onda qadın ciddiləşib qeyzlə dedi:

- Qız idim, ancaq bir dəfə doğmuş idim.

- Sözlərin yaxşıdır, amma yalandır. – Yakov bunu deyib qəhqəhə ilə gülməyə başladı.

Malva hirslə:

- Sarsaq! – dedi və üzünü çevirdi.

Yakov özünü itirib ağzını yumdu.

Onlar yarım saata qədər dinmədən, yaş paltarlarını tez qurutmaq üçün gün tərəfə dönə-dönə oturdular.

Baraklarda – bir tərəfli mail taxtapuşla örtülü uzun, çirkin, yöndəmsiz binalarda – fəhlələr oyanıb ayağa dururdular. Bu üst-başı cırıq, saçı-saqqalı pırtlaşıq, ayaqyalın adamlar uzaqdan bir-birlərinə oxşayırdılar... Onların xırıltılı səsləri sahilə gəlib çatırdı, kimsə boş çəlləyin altını döyəcləyirdi, boğuq taqqıltı səsləri gəlirdi, elə bil təbil çalırdılar. İki qadın cingiltili səslə söyüşür, it hürürdü.

Yakov Malvaya dedi:

- Oyanırlar... Mən axı bu gün səhər lap tezdən şəhərə getmək istəyirdim. Amma burda oturub səninlə oyun çıxartıram...

Malva yarızarafat-yarıgerçək cavab verdi:

- Məndən adama xeyir dəyməz.

- Sənə nə olub, elə hey məni qorxudursan? – Yakov təəccüblə gülümsəyib soruşdu.

- Görərsən, atan səni necə...

Atasının xatırladılması onu hirsləndirdi:

- Ata nədir? Hə? – Kobudluqla qışqırdı. – Ata! Mən özüm bəbə deyiləm! Çox böyük adammış... Burda sən deyən qaydalar yoxdur, kor deyiləm, görürəm... O özü də pak adam deyil. Burda özünə korluq vermir. Qoy məndə də işi olmasın...

Qadın istehza ilə onun üzünə baxıb soruşdu:

- Səndə işi olmasın? Sən nə etmək istəyirsən ki?

- Mən? – Yakov ağır yük qaldırırmış kimi köksünü gərdi. – Mən? Mən çox iş görə bilərəm. Təmiz hava məni dirçəldib, kəndin tozunu üstümdən silib aparıb.

Malva yenə istehza ilə ona baxdı:

- Nə toz?

- Bəs necə? İstəsəm səni atamın əlindən alaram.

- Yox a! Doğrudan?

- Elə bilirsən qorxaram?

- Yaxşı görək!

Yakov həyəcanlanıb coşqunlaşdı:

- Mənə bax, gəl məni acığa salma! Bilirsən, mən...

- Nə edərsən? – Qadın sakitcə soruşdu.

- Heç nə.

Yakov üzünü çevirib susdu.

- Amma sən ötkəmsən ha! Prikazçikin qara küçüyü var, görmüsən? O da sənin kimidir. Uzaqdan hürür, adamı qapmaq istəyir, elə ki yaxınlaşdın, quyruğunu qısıb qaçmaq istəyir.

- Yaxşı, bəsdir! – Yakov qəzəblə qışqırdı. – Sən bir az gözlə. Mənim kim olduğumu görərsən. gözlə!

Malva ona baxa-baxa gülürdü.

Ucaboy, damarları görünən, qalın sarı-qırmızı saçları pırtlaşıq, üzü tunc rəngli bir adam yavaş-yavaş, yırğalana-yırğalana onlara tərəf gəlirdi. Kəmərsiz qumaş köynəyi az qala qurşağınacan cırılmışdı, o da köynək əynindən düşməsin deyə qollarını çırmalamışdı. Şalvarı müxtəlif dəlmə-deşikli, yamaqlı cındır idi. Ayaqları yalındı. Çil basmış üzündə iri göy gözləri dəcəlliklə parıldayır, ucu bir az yuxarı qalxmış enli burnu bütün varlığına dəlisov, sırtıq adam görkəmi verirdi. Adam onlara çatıb dayandı, paltarının saysız deşiklərinin altından görünən bədəni günəşin altında parıldayırdı. O burnunu bərkdən çəkib maraq yağan gözlərini onlara dikdi və sifətini gülməli şəklə saldı:

- Dünən Seryojka bir az içmişdi. Bu günsə Seryojkanın cibi dibsiz səbət kimi boşdur. İyirmi qəpik borc verin! Hamısı birdir, onsuz da qaytarmayacağam.

Yakov bu adamın ötkəm sözlərindən xoşlanıb sadəlövhlüklə güldü. Malva isə onun cındır üst-başını nəzərdən keçirdib qımışdı.

- Verin, şeytan balaları! İyirmi qəpiyə nikahınızı kəsərəm. İstəyirsiniz?

- Ay oyunbaz, keşiş deyilsən ki. – Yakov güldü.

- Axmaq! Mən Uqliçdə keşişin dalandarı olmuşam. İyirmi qəpik ver!

- Evlənmək istəmirəm. – Yakov onu rədd etməyə çalışdı.

- Hamısı birdir, ver! Mən atana demərəm ki, sən onun kraliçasının dalına düşüb sülənirsən. – Seryojka cadar-cadar olmuş dodaqlarını yaladı.

- Sən yalanını de. Gözlə, o saat inanacaq...

- Mənim yalanıma inanar. – Seryojka vəd etdi. – Səni də əzişdirər. Elə əzişdirər ki!

- Qorxmuram. – Yakov qımışdı.

- Onda mən özüm kötəkləyərəm. – Seryojka gözlərini qıyıb sakitcə dedi.

Yakovun iyirmi qəpiyə heyfi gəlirdi, ancaq onu xəbərdar eləmişdilər ki, Seryojkaya baş qoşmaq lazım deyil, nə istəyirsə sakitcə ver, çıxsın getsin. Çox şey istəməz, amma istədiyini verməsən, ya iş vaxtı kələk qurar, ya da səbəbsiz-filansız tutub döyər. Yakov bunu xatırlayıb köks ötürdü və əlini cibinə saldı.

Seryojka onun yanında oturdu.

- Bax belə! Sən həmişə mənim sözümə qulaq assan, ağıllı oğlan olarsan. – Sonra Malvaya dedi. – Sən də bu yaxınlarda mənə ərə gələcəksən, elə deyil? Tez hazırlaş, çox gözləyən deyiləm.

- Lütün biri lüt! Əvvəlcə yırtıqlarını yama, sonra danışarıq. –Malva cavab verdi.

Seryojka öz əyin-başına baxıb dedi:

- Sən öz tumanını mənə versəydin, yaxşı olardı.

Malva:

- Bəs belə! – deyib gülməyə başladı.

- Doğrudan! Köhnə tumanın varsa, ver!

- Sən yaxşısı özünə şalvar al.

- Pulumu arağa verib içsəm daha yaxşı olar.

Yakov əlində dörd dənə beşqəpiklik tutmuşdu.

- Əlbəttə, bu daha yaxşıdır. – Deyib o da güldü.

- Bəs necə? Keşiş mənə deyib ki, adam öz canının hayına qalmamalı, ruhunu fikirləşməlidir. Ruhum məndən şalvar yox, araq tələb edir. Pulu ver görək! Hə, indi mən vuracağam! Amma sənin barəndə də atanla danışacağam.

- Danış. – Yakov əlini yellətdi və Malvanın çiynindən itələyib ona göz vurdu.

Seryojka bunu gördü, tüpürdü və xəbərdarlıq etdi:

- Səni kötəkləməyi də yaddan çıxartmayacağam... Boş vaxtım olan kimi sənin başına bir oyun gətirəcəyəm ki...

- Nəyə görə? – Yakov təşvişlə soruşdu.

- Niyəsini özüm bilirəm... – Sonra Malvaya baxdı. – Yaxşı, tez evlənəcəyik?

- Sən mənə de görüm biz nə edəcəyik, necə dolanacağıq, onda fikirləşərəm, baxaram. – Malva ciddi cavab verdi.

Seryojka gözlərini qıyıb dənizə baxdı və dodaqlarını yalayıb dedi:

- Heç bir iş görməyəcəyik. Kef çəkəcəyik.

- Bəs yeməyi hardan alacağıq?

- Sən lap mənim anam kimi götür-qoy eləyirsən. – Seryojka əlini yellətdi. – Nə olacaq, necə olacaq... Bəyəm mən bilirəm necə olacaq? Yaxşısı gedim içim...

Seryoja ayağa durub onlardan uzaqlaşdı. Malva onun dalınca baxıb qəribə təbəssümlə gülümsünür, oğlan isə onu kinli baxışlarıyla yola salırdı.

Seryojka xeyli uzaqlaşandan sonra Yakov dedi:

- Görürsən necə əmr verir? Bizim kənddə bu cür lotunu tez sakitləşdirərdilər. Onu yaxşıca döyərdilər, iş də bununla qurtarardı... Amma burda ondan qorxurlar...

Malva onun üzünə baxıb dişlərini qıcırdadaraq dedi.

- Ay çoşka, sən heç onun qədr-qiymətini anlayırsan?

- Nə qiymətbazlıqdır? Belə kişilərin qiyməti beş qəpikdir, özü də bir dəstədə yüzü olanda.

Malva istehza ilə səsləndi:

- Ay dedin ha! Sənin qiymətin beş qəpikdir... Amma o... hər yerdə olub, bütün dünyanı başdan-başa gəzib, heç kimdən də qorxmur...

- Bəs mən kimdən qorxuram? – Yakov qoçaqlıqla soruşdu.

Qadın cavab vermədi. O ağır qayığı tərpədə-tərpədə sahilə hücum edən coşqun dalğalara dalğın-dalğın baxırdı. Qayığın doru bir tərəfdən o biri tərəfə əyilir, dal tərəfi yuxarı qalxır və şappıltı ilə suya düşürdü. Çox bərk və kədər doğuran səs eşidilirdi, elə bil qayıq sahildən ayrılmaq, açıq dənizin geniş sahələrinə getmək istəyir və onu tutub saxlayan yoğun kəndirə acıqlanırdı.

- Bəs niyə getmirsən? – Malva Yakovdan soruşdu.

- Hara?

- Şəhərə getməyəcəkdin?

- Getməyəcəyəm!

- Yaxşı, atanın yanına get.

- Bəs sən?

- Nə?

- Sən də gedirsən?

- Yox...

- Onda mən də getmirəm.

- Bütün günü mənim yanımda veyillənəcəksən? – Malva sakitcə soruşdu.

- Sən mənə çox lazım idin!.. – Yakov incimiş halda dedi və ayağa durub getdi.

Lakin Yakov, sən mənə çox lazım idin, deyəndə yanılmışdı. Qadından ayrılandan sonra darıxırdı. Onda qəribə bir hiss oyanmışdı, atasına qarşı tutqun, dumanlı bir asilik, narazılıq. Dünən bu halda deyildi, elə bu gün də Malvayla görüşənəcən bu hissdən əsər-əlamət yox idi. İndi isə elə bil atası ona mane olurdu, halbuki o dənizin uzaq yerində, burdan zorla görünən qumlu dildə idi. Sonra Yakova elə gəldi ki, Malva da onun atasından qorxur. Malva qorxmasaydı, Yakovla arası tamamilə başqa cür olardı.

Yakov vətəgədəki adamlara diqqətlə baxa-baxa gəzirdi. Seryojka barakın kölgəsində qoyulmuş çəlləyin üstündə oturub balalaykanı dınqıldadır və ağız-burnunu gülməli şəkildə əyib oxuyur:

Cənab qor-rodo-dovoy, mənimlə siz

Ədəblə-ərkanla rəftar ediniz...

Yıxılıb palçığa batmayım deyə

Ehmalca aparın məni şöbəyə...

Onun ətrafına iyirmiyə qədər özü kimi səfil toplanmışdı. Burda hər şeydən, hətta adamlardan da balıq iyi gəlirdi. Dörd kifir və çirkli arvad qumun üstündə oturub böyük tənəkə qabdan çay tökür, içirdilər. Səhərin təzə açılmağına baxmayaraq fəhlələrdən biri sərxoş idi, ayağa qalxmaq istəyirdi, qumun üstündə eşələnir, gah durur, gah yıxılırdı. Hardasa bir qadın zarıya-zarıya ağlayır, sınıq qarmonun səsi eşidilir, hər tərəfdə balıq pulları işıldayırdı.

Günorta Yakov boş çəllək yığınının arasında kölgəlik tapdı, orda uzanıb axşamacan yatdı, oyanandan sonra onu harasa sövq edən bir duyğunun təsiri altında yenə vətəgədə veyillənməyə başladı.

İki saata qədər gəzəndən sonra Malvanı mədəndən xeyli uzaqda, cavan söyüd ağaclarının altında tapdı. Yanı üstə uzanıb əlində köhnə, səhifələri dağılmış bir kitab tutan qadın ona baxıb gülümsəyirdi.

Yakov onun yanında oturdu.

- Gör hara gəlib çıxmısan.

- Sən məni çoxdan axtarırsan? – Malva inamla soruşdu.

- Mən bəyəm səni axtarırdım? – Yakov da təəccüblə soruşdu və birdən-birə anladı ki, bayaqdan elə Malvanı axtarırmış. Oğlan çaşqın halda başını yırğaladı.

- Sənin savadın var? – Malva yenə sual verdi.

- Savadlıyam. Ancaq yaxşı bilmirəm. Hamısı yadımdan çıxıb...

- Mən də yaxşı bilmirəm... Məktəbdə oxumusan?

- Zemstvo məktəbində.

- Amma mən özüm öyrənmişəm.

- Yox-a!

- Doğrudan. Həştərxanda bir məhkəmə vəkilinin evində aşpaz idim, kitab oxumağı onun oğlu mənə öyrətdi.

- Deməli, özün öyrənməmisən... – Yakov onun sözlərini aydınlaşdırdı.

Qadın ona baxıb yenə soruşdu:

- Sən kitab oxumağı sevirsən?

- Mən? Yox... Nəyimə lazımdır?

- Amma mən sevirəm. Prikazçikin arvadından yalvar-yaxarla bir kitab almışam, onu oxuyuram.

- Nə haqqında yazılıb?

- Allah bəndəsi Aleksey haqqında.

Malva fikirli-fikirli danışmağa başladı. Bir gənc, varlı və mötəbər ata-anasından ayrılıb başqa yerə gedir, xoşbəxt həyatından əl çəkir, sonra üst-başı cındır, dilənçi halında onların yanına qayıdır və həyətdə itlərin yanında dolanır, amma ölənəcən kim olduğunu onlara bildirmir. Qadın yavaşca Yakovdan soruşdu:

- Görəsən, o niyə belə eləyib?

- Kim bilir? – Yakov laqeydliklə cavab verdi.

Onları külək və dalğaların qalaq-qalaq yığdığı qum təpələri əhatə etmişdi. Uzaqdan boğuq, anlaşılmaz səs-küy eşidilirdi. Bu səs-küy vətəgələrdən gəlirdi. Günəş qüruba tərəf enir, şüalarının açıq çəhrayı şəfəqləri qum üzərində parıldayırdı. Dənizdən əsən xəfif yel, acınacaqlı söyüd ağaclarının seyrək və solğun yarpaqlarını yavaş-yavaş tərpədirdi. Malva nəyəsə qulaq verib susmuşdu.

- Sən bəs bu gün ora, dilə niyə getmədin?

- Sən nə?

Malva lazım olan sözü Lamvaya necə deyəcəyini düşünərək həris gözləriylə ona çəpəki baxırdı.

- Bilirsən, mən tək olanda, sakitlik olanda, ağlamaq istəyirəm... ya da oxumaq. Ancaq yaxşı mahnı bilmirəm, ağlamaqsa eyibdir...

Yakov onun ahəstə, mehriban səsini eşidirdi, lakin qadının sözləri ona təsir etmir, yalnız arzusunu daha da kəskinləşdirirdi.

O Malvaya yaxınlaşıb üzünə baxmadan, boğuq səslə danışmağa başladı:

- Bilirsən nə var? Gör sənə nə deyəcəyəm... Mən cavan oğlanam...

- Həm də axmaq, sarsaq bir oğlan! – Malva bu sözləri başını tərpədə-tərpədə, inamla, uzada-uzada dedi.

Yakov kədərli səslə dedi:

- Yaxşı, qoy axmaq olum. Burda ağıl lazımdır? Axmağam, yaxşı, olum da. Ancaq de görüm, istəyirsən mənimlə...

- İstəmirəm!

- Nə istəmirsən?

- Heç nə!

- Axmaq olma. – Yakov ehtiyatla qadının çiyninə toxundu. – Ağlını başına yığ, fikirləş.

- Rədd ol, Yaşka! – Malva onun əlini itələdi. – İtil burdan!

Yakov ayağa durub ətrafa baxdı.

- Hə... İndi ki sən belə edirsən, mənim üçün fərqi yoxdur. Sənin kimilərdən burda çox var... Elə bilirsən başqalarından yaxşısan?

Malva ayağa durub paltarına yapışan qumları çırpa-çırpa sakitcə dedi:

- Küçüyün biri küçük!

Onlar yan-yana vətəgəyə tərəf yollandılar. Ayaqları quma batdığı üçün yavaş-yavaş gedirdilər.

Yakov Malvanı razı salmaq üçün kobud tərzdə dil tökürdü, Malva isə sakitcə gülür və ona acı sözlərlə cavab verirdi.

Vətəgə baraklarına çatanda Yakov dayanıb qadının çiynindən tutdu:

- Sən deyəsən məni qəsdən qızışdırırsan! Nəyə görə? Mənə yaxşı bax!

- Əl çək! – Malva onun əlindən çıxıb qabağa qaçdı, barakın tinində görünən Seryojka ona tərəf gəlib, pırtlaşıq sarı-qırmızı saçını silkələdi və heybətli səslə dedi:

- Kef çəkirdiniz? Eybi yoxdur!

- Hamınız cəhənnəm olun! – Malva bərkdən qışqırdı.

Yakovsa Seryojkanın qabağında dayanıb qaş-qabaqla ona baxmağa başladı. Aralarında on addıma qədər məsafə  vardı.

Seryojka gözlərini Yakovun gözlərinə zillədi. Onlar bir dəqiqəyə qədər bir-biriylə döyüşməyə hazır olan iki qoç kimi bu vəziyyətdə dayandılar, sonrasa dinmədən hərəsi bir tərəfə getdi.

Qürub şəfəqindən qırmızı rəng almış dəniz sakit idi. Vətəgə üzərində boğuq səslər uğuldayır, əsəbi halda qışqıra-qışqıra mənasız sözlərlə mahnı oxuyan sərxoş bir qadının səsi bu boğuq uğultu içində aydın eşidilirdi:

...Ta-aqarqa, mataqarqa,

Matancığım qarqa!

Sərxo-oşam, döyülmüşəm,

Pırtlaşıb saçım hey!

Bu murdar sözlər, dalğaların musiqisini təhqir edə-edə çürük balıq iyi verən vətəgənin hər tərəfinə yayılırdı.

 

Dan yeri sökülür, lətafətli şəfəqi ilə parıldayan dəniz sədəf rəngli buludları geniş köksündə əks etdirərək sakit-sakit mürgüləyirdi. Gözləri yuxulu balıqçılar dildə əlləşərək balıqçı alətlərini qayığa yığırdılar.

Boz tor yığınları sürüdülə-sürüdülə qayığa aparılıb, orda koma-koma düzülürdü.

Seryojka həmişəki kimi yarımçılpaq və başıaçıq halda qayığın dal tərəfində dayanıb, çox içən adamın xırıltılı səsiylə balıqçıları tələsdirirdi. Külək onun cırıq köynəyinin parçalarını və saçlarını yellədirdi.

- Vasili! Yaşıl avarlar hardadır? – Kimsə qışqırdı. Oktyabr günü kimi tutqun Vasili balıq torlarını qayıqda yerləşdirirdi, Seryojka isə onun bükük belinə baxıb dodaqlarını yalayırdı. Bu onun dünənki sərxoşluqdan sonra yenə içmək istədiyini göstərirdi.

- Arağın var? – Seryojka boğuq səslə soruşdu.

- Var.

- Onda mən getməyəcəyəm... quru qanadın yanında qalacağam.

- Hazırdır! – Dildən kimsə dedi.

Seryojka qayıqdan düşdü.

- Kanatları aç, tez ol! – deyə əmr verdi. – Gedin... Mən burda qalacağam. Diqqətli ol, gendən sür, dolaşıq salma. Həm də düz yerləşdir, ilməkləməyin!..

Qayığı itələyib suya saldılar, balıqçılar yan tərəfdən tullanıb mindilər, avarları qaldırıb suya salmaq üçün hazır saxladılar.

- Bir!

Avarların hamısı birdən dalğalara dəydi, qayıq irəli sıçrayıb şəfəqlənmiş suların geniş sinəsinə tərəf yola düşdü.

- İki! – Sükançı yenə komanda verdi. – Bir!.. İki!..

Sahildə, balıq torunun quru qanadının yanında beş nəfər qaldı: Vasili, Seryojka, üç nəfər də fəhlə. Onlardan biri qumluqda oturub dedi:

- Bir az yatım...

O biri iki nəfər də onun kimi etdi və qumluqda cır-cındır içində üç bədən büzülüb yumaqlandı.

Vasili Seryojka ilə komaya gedəndə soruşdu:

- Bazar günü niyə gəlmədin?

- Gələ bilməzdim...

- Sərxoş idin?

- Yox. Oğlunla analığına göz qoyurdum. – Seryojka sakitcə dedi.

- Özünə iş tapmısan! – Vasili çəpinə gülümsündü. – Balaca uşaq-zad deyillər ki!

- Uşaqdan da pisdilər. Biri axmaq, o birisi divanə!

- Divanə Malvadır? – Vasili soruşdu və hiddətindən gözləri qızardı. – Çoxdan divanə olub?

- Qardaş, onun ruhu cisminə görə deyil...

- Onun ruhu alçaqdır.

Seryojka ona çəpəki baxıb nifrətlə fınxırdı.

- Alçaqdır! Eh, torpaq yeyən yastıburunlar, sizə nə deyim! Heç nəyi başa düşə bilmirsiniz. Sizinçün ancaq arvadın əmcəkləri yekə olsun, xasiyyəti sizə lazım deyil... İnsanın bütün yaxşı cəhəti xasiyyətindədir... Xaraktersiz arvad duzsuz çörək kimi bir şeydir. Simsiz balalaykadan ləzzət ala bilərsən? Eh, arvadbaz!..

- Dünən o qədər içmisən ki, danışığını da bilmirsən. – Vasili onu sancdı.

O Seryojkadan dünən Yakovla Malvanı harda, nə cür gördüyünü soruşub öyrənmək istəyirdi, ancaq utanırdı.

Komada Vasili Seryojka üçün bir çay stəkanı araq süzdü, ümid edirdi ki, bu qədər arağı içəndən sonra Seryojka keflənəcək və özü hər şeyi açıb danışacaq.

Amma Seryojka içdi, boğazını arıtladı və daha da özünə gələrək gərnəşib əsnəyə-əsnəyə komanın qapısı ağzında oturdu:

- İçəndə elə bil od-alov udursan!

Seryojkanın arağı belə cəld içməsindən heyrətə düşən Vasili dedi:

- Amma içirsən ha!

Səfil sarı-qırmızı saçlı başını tərpətdi:

- İçə bilirəm... – Yaş bığlarını əliylə sildi. – İçə bilirəm, qardaş. Mən hər işi cəld və açıq görürəm. Fırıldaqsız-filansız. Açıqca nə edəcəksənsə elə, gedib hara düşəcəksən? Bunun fərqi yoxdur! Torpaqdan əmələ gəlmisən, torpağa da düşəcəksən, başqa yerə düşməyəcəksən...

Vasili yavaş-yavaş öz məqsədinə yaxınlaşmağa çalışırdı.

- Bəs sən Qafqaza gedəcəkdin, necə oldu?

- İstəyəndə  gedəcəyəm. İstəyəndə açıqca... bir də gördün... xudahafiz! Ya mən istəyən olacaq, ya da başıma bəla açacağam... Vəssalam!

- Sənə nə var ki! Sən onsuz da ağlınla yaşamırsan...

Seryojka Vasiliyə istehza ilə baxdı:

- Sən çox ağıllısan! Səni volostda neçə dəfə döyüblər?

Vasili ona baxdı, amma dinmədi.

- Yaxşı ki, hökumət məmurları döyə-döyə ağlınızı daldan qabağa çevirirlər. Ay yazıq! Axı de görüm, sən bu başınla nə edə bilərsən? Bu başla nəyə yarayarsan? Nə fikirləşib tapa bilərsən? İş də elə bundadır. Başım olmasa da, heç bir əngələ baxmadan düz keçib gedirəm, hara gəldi soxuluram! Belə getsə yəqin ki, səndən qabağa keçəcəyəm.

- Ola bilər! – Vasili gülümsədi. – Sən bu yerişlə Sibirə gedib çıxarsan...

Seryojka ürəkdən qəhqəhə çəkdi.

Vasilinin gözlədiyinin əksinə Seryojka keflənmirdi, bu da Vasilini hirsləndirirdi. Ona bir stəkan da araq verməyə heyfi gəlirdi, ancaq ayıq başla çətin ki, ondan söz ala biləydi... Səfilin özü onun dadına çatdı:

- Sən niyə Malva haqqında bir söz soruşmursan?

Vasili ürəyinə daman şibhədən diksinib laqeyd halda səsini uzatdı:

- Nəyimə lazımdır?

- Axı o bazar günü birda deyildi. Soruş ki, bu keçən günlərdə necə dolanıb... Yəqin qısqanırsan, qoca şeytan!

- Elələri çoxdur! - Vasili saymazyana tövrlə əlini yellətdi.

- Elələri çoxdur! – Seryojka da onun oyununu çıxartdı. – Eh siz, vəhşi mülkədarın vecsiz kəndliləri! Sizə bal versinlər, ya qətran, fərqi yoxdur, dadını hiss etməyəcəksiniz!

- Sən niyə onu elə hey tərifləyirsən? Qız verməyə, elçiliyə gəlmisən, nədir?.. – Vasili istehza ilə əlavə elədi. – Mən özüm çoxdan elçilik edib onu almışam.

Seryojka onu başdan-ayağacan süzdü, dinmədi, sonra əlini çiyninə qoyub ağır-ağır danışmağa başladı.

- Bilirəm ki, o səninlə yaşayır. Mən sənin yolunu kəsmək istəmədim. Heç lazım da deyildi... Amma indi sənin oğlun Yakov onun dalına düşüb. Onu elə əzişdir ki, qanına bələnsin. Eşidirsən? Yoxsa mən özüm əzişdirərəm... Sən pis adam deyilsən... Amma gicsən, palıd kötüyü kimi ağılsızsan... Mən sənə mane olmadım, sən bunu yadında saxla...

- Belə de! Sən də onun dalına düşmüsən? – Vasili boğuq səslə soruşdu.

- Mən də?! Bilsəydim ki, mən də - açıqdan-açığa hamınızı yolumdan vurub rədd elərdim, iş də bitərdi... Amma mən onu hara apara bilərəm?

- Bəs niyə əl-ayağa dolaşırsan? – Vasili şübhə ilə soruşdu.

Bu sadə sual, deyəsən Seryojkanı heyrətə saldı.

O geniş açılmış gözləriylə Vasiliyə baxıb güldü.

- Niyə dolaşıram? Allah bilir niyə... Elə-belə... O... bir az acıdil arvaddır, xoşuma gəlir... Bəlkə də ona yazığım gəlir. Nə bilim?

Vasili Seryojkaya qulaq asır, sözlərinə inanmırdısa da, hiss edirdi ki, ürəkdən deyir.

- Əl dəyilməmiş qız olsaydı, acımağın yeri olardı. Amma indi adama qəribə gəlir.

Seryojka dənizin uzaq bir yerində geniş dairədə burulub qabaq tərəfi ilə sahilə tərəf dönən qayığa baxaraq susurdu. Seryojkanın üzü mərhəmətli və sadə idi.

Vasili ona baxıb bir az yumşaldı.

- Sən düz deyirsən, o qiyamət arvaddır... Ancaq yelbeyindir! Yaşka? Yaxşı, mən ona göstərərəm! Buna bax, küçüyün biri küçük!

- Yaşka mənim xoşuma gəlmir. – Seryojka dedi.

Vasili saqqalını tumarlayıb acıqlı-acıqlı soruşdu:

- Malvanı dilə tutub eləyir?

- Görərsən, aranıza paz kimi girəcək. – Seryojka inamla cavab verdi.

Üfüqdə, dənizdə doğan günəşin şüaları çəhrayı yelpik kimi alışıb yandı, şəfəqləndi. Dalğaların gurultusu arasında qayıqdan zəif bir səs eşidildi:

- Çə-ək! Apa-ar!..

- Qalxın, uşaqlar! Ey! Tor başına! – Seryojka komanda verdi.

Bir az sonra onlar böyük balıq torunun qıraqlarından yapışdılar. Dənizdən sahilə sim kimi tarım və uzun ip uzandı. Balıqçılar ipi boyun qayışlarına sarıyıb çığıra-çığıra dartmağa başladılar.

Balıq torunun o biri tərəfini isə dalğalar üstündə üzə-üzə gələn qayıq çəkib gətirirdi.

Gözəl, parlaq günəş dəniz üzərində yüksəlirdi.

- Yakovu görsən de ki, sabah mənim yanıma gəlsin. – Vasili Seryojkaya dedi.

- Yaxşı.

Qayıq sahilə yan aldı. Sahilə tullanan balıqçılar, torun öz tərəflərində olan hissəsindən tutub dartmağa başladılar.

 

 

O günün axşamı, fəhlələr şam edəndə Malva üzü üstə döndərilmiş sınıq qayığın üstündə yorğun və dalğın halda oturub qaranlığa qərq olmuş dənizə baxırdı. Orda, uzaqlarda yanan od işıldayırdı. Malva bilirdi ki, bu Vasilinin yandırdığı tonqalın işığıdır. Dənizin qaranlıq ənginliyində azmış kimi görünən tənha ocaq gah alovlanır, gah da sanki taqətdən düşüb sönürdü. Malva dənizin qara səhrasında itib tək qalan, dalğaların sakitləşməyən uğultusu arasında zəif-zəif titrəyən bu qırmızı nöqtəyə baxdıqca qüssələnirdi.

Birdən arxadan Seryojkanın səsini eşitdi:

- Burda niyə oturmusan?

Qadın ona baxmadı:

- Sənə nə var?

- Maraqlanıram.

O Malvaya diqqətlə baxaraq susdu. Papiros eşib çəkməyə başladı və qayığın üstündə oturub ayaqlarını iki tərəfdən sallatdı. Sonra mehribanlıqla dedi:

- Sən qəribə adamsan. Gah hamıdan qaçırsan, gah da az qala hamının boynuna sarılırsan.

- Yoxsa mən sənin boynuna sarılıram? – Malva laqeydliklə soruşdu.

- Mənim yox, Yaşkanın.

- Paxıllığın tutur?

Seryojka əlini onun çiyninə vurdu.

- Mm... Gəl açıq danışaq, ürəkdən. – deyə təklif etdi.

Malva yanakı oturmuşdu. Qısaca:

- Danış. – deyəndə Seryojka onun üzünü görmədi.

- Sən Vasilini atmısan?

Qadın bir az susandan sonra dedi:

- Bilmirəm. Sənin nəyinə lazımdır?

- Heç. Elə-belə.

- Mən indi ona acıqlıyam.

- Nəyə görə?

- Məni döyüb!..

- Yox-a! Vasili səni döyüb? Sən də onun qabağında əl-qolunu sallayıb dayandın? Ay-hay!

Seryojka təəccüblənmişdi. O yandan qadının üzünə baxıb istehza ilə dodaqlarını marçıldadırdı.

- İstəsəydim qoymazdım. – Malva hirslə etiraz etdi.

- Bəs niyə qoydun?

- İstəmədim.

Seryojka rişxəndlə dedi:

- Deməli, lotunu çox sevirsən? – Papirosun tüstüsünü onun üzünə pülədi. – Hə, belə işlər. Mən elə bilirdim sən belələrindən deyilsən...

Malva tüstünü əliylə dağıdıb yenə laqeyd halda dedi:

- Sizin heç birinizi sevmirəm.

- Deyəsən yalan deyirsən axı.

- Niyə yalan deyim? – Malva soruşdu. Seryojka onun səsinin ahəngindən anladı ki, onun yalan danışmağına doğrudan da ehtiyac yoxdur.

- Onu sevmirsənsə, səni döyməyinə niyə icazə verirsən? – Seryojka ciddiyyətlə soruşdu.

- Mən özüm bilirəm? Niyə yapışmısan yaxamdan?

Seryojka başını silkələyib:

- Qəribədir! – dedi.

İkisi də uzun müddət susdu.

Gecə yaxınlaşırdı. Göydə ağır-ağır hərəkət edən buludlar dənizə kölgə salırdı. Dalğalar səslənirdi.

Vasilinin dildə yandırdığı tonqal sönmüşdü, lakin Malva hələ də ora baxırdı. Seryojka isə malvaya baxırdı.

- Mənə bax! Sən bilirsən nə istəyirsən?

Malva dərin ah çəkib çox yavaş səslə dedi:

- Bilsəydim əgər!

- Demək bilmirsən. Çox pis. – Seryojka inamla dedi. – Amma mən həmişə nə istədiyimi bilirəm. – Sonra bir az qüssəli səslə əlavə etdi. – Ancaq mənim ürəyim çox gec-gec bir şey istəyir.

- Mən həmişə nəsə istəyirəm. – Malva dalğınlıqla danışmağa başladı. – Amma nə istədiyimi bilmirəm. Hərdən istəyirəm qayığa minib dənizə çıxım, baş götürüb gedim, uzaq, uza-aq yerlərə gedim. Elə olsun ki, bir də heç vaxt adam üzü görməyim. Hərdən də hamını fırfıra kimi ətrafımda oynatmaq, özüm də baxıb gülmək istəyirəm. Gah hamıya yazığım gəlir, gah hamıdan çox özümə, gah da hamını qırıb çatmaq istəyirəm. Sonra da özümü... əzabla öldürmək... Həm qüssəli, həm şad oluram... Adamların hamısı qanmazdırlar.

- Adamlar çürükdürlər. – Seryojka onunla razılaşdı. – Buna görə də sənə  baxdıqca görürəm ki, sən nə balıqsan, nə pişik... nə də quş... Ancaq bunların hamısı səndə var. Arvadlara oxşamırsan.

- Allaha şükür! – Malva gülümsədi.

Qum təpələrinin dalında, onlardan sol tərəfdə ay çıxıb gümüşü parıltılarını dənizə saçdı. Donuq nur saçan bədirlənmiş ay səmanın mavi qübbəsində yavaş-yavaş yuxarı qalxır, ulduzların parıltısı onun sakit, xülyalı şəfəqində solğunlaşır, sönürdü.

Malva gülümsədi.

- Bilirsən nə var? Hərdən mənə elə gəlir ki, gecə baraka od vurulsa, bir çaxnaşma düşər ki, gəl görəsən!

Seryojka heyran-heyran səsləndi:

- Necə çaxnaşma, necə! – Birdən Malvanın çiyninə vurdu. – Bilirsən nə var? Mən sənə bir şey öyrədəcəyəm. Gəl məzəli bir kələk quraq. Razısan?

- Nə kələk? – Malva maraqla soruşdu.

- Sən bu Yaşkanı çox həvəsə gətirmisən, elədir?

- Lap od tutub yanır. – Malva gülümsədi.

- Sən onu atasıyla dalaşdır. Vallah! Məzəli olar... Ayı kimi boğuşarlar. Sən qocanı da, oğlunu da qızışdır... Sonra biz onları bir-birinin üstünə saldırarıq... Hə?

Malva ona tərəf döndü və onun sevinc içində gülümsəyən kürən üzünə diqqətlə baxdı. Ay işığında onun üzü, gündüz günəş işığında olduğundan az ala-bula görünürdü. Üzündə mehriban, bir az dəcəl təbəssümdən başqa heç bir kin, qəzəb əlaməti görünmürdü.

- Sən onları niyə sevmirsən? – Malva şübhə ilə soruşdu.

- Mən? Vasili heç də pis mujik deyil. Yaşka zibildir. Mən, bilirsən, mujiklərin heç birini sevmirəm. Əclafdırlar! Özlərini yazıq, yetim kimi göstərməyə çalışırlar, onlara çörək də verirlər, hər şey də. Onların zemstvosu var. Zemstvo nə lazımdırsa, hamısını eləyir. Təsərrüfatları, torpağı, mal-qarası var... Mən zemstvo doktorunun arabaçısı idim, mujiklərə lazımınca göz yetirmişəm... Sonra xeyli avara-sərgərdan gəzmişəm. Hərdən kəndə gedirdim, bir parça çörək istəyirdim – hop! Yaxalayıb tuturdular. Kimsən, nəçisən? Pasportunu ver. Neçə dəfə döyüblər... Gah deyirdilər at oğrususan, gah da elə-belə, boş yerə döyürdülər... Soyuq zirzəmiyə salırdılar.... Onlar sızıldayır, özlərini tülkülüyə qoyur, ancaq dolana bilirlər. Onların əl tutmağa, bel bağlamağa arxaları var – torpaq! Onlarla nisbətdə mən nəyəm?

Malva Seryojkaya diqqətlə qulaq asırdı, amma birdən onun sözünü kəsdi:

- Sən özün mujik deyilsən?

Seryojka bir az qürurla dedi:

- Mən meşşanam! Uqliç şəhərinin meşşanlarından.

Malva dalğınlıqla:

- Amma mən Pavlişliyəm. – dedi.

- Mənim heç bir havadarım yoxdur... Amma mujiklər... Onlar yaman şeytandırlar, dolana bilirlər. Onların zemstvosu da var, başqa lazımlı şeyləri də.

- Zemstvo nədir, nə deməkdir? – Malva soruşdu.

- Nədir? Allah bilir nədir! Mujiklər üçün qoyulub, onların idarəsidir... Bunlar hamısı cəhənnəm olsun, işdən danış. Elə elə ki, onlar dalaşsınlar. Hə? Bundan axı zərər-ziyan olmayacaq, ancaq bir az dava edəcəklər. Vasili səni döymüşdü, elə deyil? Qoy indi oğlu ondan sənin intiqamını alsın.

- Niyə ki? Pis olmaz... – Malva da gülümsədi.

- Sən bir fikirləş. Adamların səndən ötrü bir-birinin qabırğalarını sındırmağına baxmaq ləzzət eləməz? Özü də sənin bir neçə sözün üstə... Dilini bir balaca tərpətdin, qurtardı getdi, düşəcəklər bir-birinin üstünə.

Seryojka bu haqda xeyli danışdı. O həm zarafat edir, həm də ciddi danışırdı.

- Eh, kaş mən də gözəl bir arvad olaydım. Bu dünyaya elə bir çaxnaşma salardım ki! – Seryojka sözünü qurtardı. Başını əllərinin arasına alıb bərkdən sıxdı, gözlərini qıydı və susdu.

Onlar bir-birindən ayrılanda ay göydə yüksəyə qalxmışdı. Onlar gedəndən sonra gecə daha da gözəlləşdi. İndi ancaq ayın gümüşü rəngə boyadığı ucsuz-bucaqsız, əzəmətli dəniz və hər tərəfi ulduzlarla dolu olan mavi səma qalmışdı. Bir də qum təpələri, onların arasında ağ söyüd kolları və qumluqda tələsik, kobud düzəldilmiş iki dənə uzun, yekə tabutlara oxşayan bina vardı. Lakin bunlar hamısı dənizlə yan-yana miskin və əhəmiyyətsiz görünürdü, yuxarıdan bunlara baxan ulduzlar da soyuq-soyuq parıldayırdılar.

 

Atayla oğul komada üzbəüz oturub araq içirdilər. Arağı Yakov gətirmişdi ki, atasının yanında darıxmasın və onu özünə mehriban etsin. Seryojka demişdi ki, Malvanın üstündə atasının ona acığı tutub, Malvanı da bərk hədələyib ki, səni yarımcan olanacan kötəkləyəcəyəm, Malva da onun hədələdiyini bilir, buna görə də Yakova təslim olmaq istəmir. Seryojka Yakovu ələ salaraq deyirdi:

- Arvadbazlığına görə sənə bərk qulaqburması verəcək. Qulaqlarını elə dartacaq ki, hərəsi bir arşın uzansın. Yaxşısı budur sən onun gözünə görünmə.

Bu kürən, iyrənc adamın istehzaları Yakovda atasına qarşı şiddətli qəzəb oyatmışdı. Bir yandan da Malva əzilib-büzülür, ona gah təşəxxüslə, gah da qəmli-qəmli baxır, beləliklə də Yakovun onu ələ keçirtmək arzusunu daha da şiddətləndirirdi...

İndi Yakov atasının yanına gəlib ona elə baxır ki, elə bil Vasili onun yolunun ortasında dayanan daşdır, elə bir daş ki, nə üstündən, nə də yanından keçmək mümkün deyil. Lakin Yakov atasından zərrə qədər qorxmadığını hiss edərək, onun sərt, qəzəbli gözlərinə cəsarətlə baxır, sanki deyirdi: "Hünərin var mənə əl vur!”

Onlar artıq iki dəfə içmiş, amma bir-birinə vətəgə həyatına aid bir neçə əhəmiyyətsiz sözdən başqa heç nə deməmişdilər. onlar dənizin ortasında təkbətək oturub bir-birinə qarşı qəzəb duyğularını toplayırdılar, hər ikisi də bilirdi ki, bir az sonra bu duyğu alovlanacaq, hər ikisini yandıracaq.

Komanın həsirlərini külək xışıldadır, səbətlər bir-birinə toxunub taqqıldayır, uzun dirəyin ucundakı qırmızı əski isə sanki nəsə deməyə çalışırdı.

- Nə xəbər var, Seryojka yenə içir? – Vasili qaş-qabaqla soruşdu.

- İçir, hər axşam kefli olur. – Yakov yenə stəkanlara araq töküb dedi.

- Evini yıxacaq... Sərbəst, qorxusuz yaşayışın axırı belədir. Sən də onun tayı olacaqsan!..

Yakov qısa cavab verdi:

- Mən onun tayı olmayacağam.

Vasili qaşlarını çatdı:

- Olmayacaqsan? Mən nə danışdığımı bilirəm. Nə vaxtdan burda yaşayırsan? Üçüncü aydır. Yaxınlarda evə qayıtmalı olacaqsan. Nə qədər pul aparacaqsan? – O hirsli-hirsli arağı içib saqqalını elə dartdı ki, başı silkələndi.

- Bu az vaxtda burda çox qazanmaq olmaz. – Yakov əsaslı dəlil gətirdi.

- İndi ki belədir, onda sənin burda veyillənməyinin heç bir mənası yoxdur. Qayıt kəndə!

Yakov heç nə deməyib gülümsədi.

- Ağız-burnunu niyə əyirsən? – Vasili oğlunun sakitliyindən qəzəblənib təhdidlə qışqırdı. – Atan sənə söz deyir, sənsə gülürsən. Deyəsən özbaşınalıq eləməyə çox tez başlamısan! Elə dolan ki, səni noxtalamayım...

Yakov araq töküb içdi. Atasının kobud sözləri onun xətrinə dəydi, lakin Vasilini acıqlandırmasın deyə, düşündüyü və istədiyi kimi danışmır, özünü saxlayırdı. Həm də atasının sərtliklə işıldayan qəzəbli gözləri onu bir az qorxudurdu.

Vasili oğlunun ona araq tökməyib tək içdiyini görəndə bir az da hirsləndi.

- Atan sənə deyir evə qayıt, sən ona hırıltıyla cavab verirsən? Şənbə günü haqq-hesabını al, rədd ol kəndə! Eşitdin?

- Getməyəcəyəm! – Yakov qətiyyətlə deyib başını buladı.

- Necə yəni getməyəcəksən? – Vasili qışqırdı və çəlləyə dirsəklənib ayağa durdu. – Mən sənə deyirəm, ya yox? Bu nədir, itin biri it, atana mırıldanırsan? Yadından çıxartmısan ki, başına nə oyun gətirə bilərəm? Yadından çıxıb?

Onun əsəbdən dodaqları titrəyir, ağız-burnu əyilirdi. Gicgahlarında iki damar qabarmışdı.

- Heç nəyi yadımdan çıxartmamışam. – Yakov atasına baxmadan yavaş səslə dedi. – Sən özün necə, hər əməlin yadındadır?

- Sən mənə ağıl öyrədə bilməzsən! Səni tikə-tikə doğrayaram...

Yakov başını atasının yuxarı qalxan əlinin altından yana çəkdi və dişlərini qıcayıb dedi:

- Sən mənə əl vurma. Bura sənin üçün kənd deyil...

- Kəs səsini! Mən hər yerdə sənin atanam!

- Burda məni şallaqlaya bilməyəcəksən... – Yakov da atası kimi yavaş-yavaş ayağa durdu.

Gözləri qanla dolan Vasili boynunu qabağa uzadıb yumruğunu düyünlədi, onun araq iyi verən isti nəfəsi oğlunun üzünə dəydi. Yakov geri çəkildi, qaşqabaqlı, zahirən sakit, lakin bütün bədənini isti tər basmış halda, yumruqları dəf etməyə hazır vəziyyətdə dayanıb atasının hər hərəkətinə diqqətlə göz yetirməyə başladı. Onların  arasında stol yerinə qoyulmuş çəllək vardı.

Vasili tullanmağa hazırlaşan pişik kimi belini büküb xırıltılı səslə soruşdu:

- Döymərəm?

- Burda hamı bərabərdir. Sən fəhləsən, mən də fəhləyəm.

- Belə dee!

- Hə, bəs necə? Sən niyə mənə acıqlısan? Elə bilirsən başa düşmürəm? Əvvəlcə sən özün...

Vasili qışqırmağa başladı və əlini elə sürətlə yuxarı qaldırdı ki,  Yakov yana çəkilməyə fürsət tapmadı. Yumruq başına dəydi, o səndələdi və dişlərini qıcırdadıb bir daha yumruğunu qaldıran atasına qəzəblə baxdı.

- Bax, özünü gözlə ha! – O da yumruğunu düyünləyib atasına xəbərdarlıq etdi.

- Mən sənə göstərərəm özümü gözləməyi.

- Əl çək deyirəm!

- Aha... sən... atanı?.. Atanı?..

Bura darısqal idi, boş duz qapçaqları, çəllək və tir parçası ayaqlarına dolaşırdı.

Rəngi ağarmış, tərləmiş və hiddətindən dişlərini bir-birinin üstünə basıb, gözləri canavar kimi parıldayan Yakov həmlələri yumruqla dəf edərək atasının qabağından yavaş-yavaş geri çəkilir, hirsindən heç nə görməyən atasını isə hirslə yumruğunu ata-ata ona hücum edirdi. Qocanın saçı birdən-birə qəribə şəkildə pırtlaşmış, qudurmuş qabanın tükləri kimi qabarmışdı.

Yakov komanın qapısından bayıra çıxdı.

- Əl çək. Bəsdir. Əl çək!

Ata qışqıra-qışqıra oğluna hücum edir, oğul da həmlələri yumruqla dəf edirdi.

Yakov özünün daha cəld olduğunu bildiyindən atasını daha cinlədirdi:

- Gör səni necə... görürsən...

- Dayan... Dayan deyirəm...

Lakin Yakov yana tullanıb dənizə tərəf qaçmağa başladı.

Vasili başını əyib əllərini uzadaraq onun dalınca götürüldü, amma ayağı nəyəsə ilişdi və o üzü üstə quma yıxıldı. Amma cəld də əllərini quma dirəyib dizi üstə oturdu. Vasili lap taqətdən düşmüşdü, qisassız qalmış həqarət duyğusundan və zəifliyini başa düşdüyündən qəhərlənib inildəməyə, ulamağa başladı.

- Səni görüm lənətə gələsən! – O boynunu Yakova tərəf uzadıb, ağzına dolmuş köpüyü sıçrada-sıçrada xırıldadı.

Yakov qayığa söykənib dayanmışdı, əzilmiş başını əliylə sürtə-sürtə atasına baxırdı. Köynəyinin bir qolu üzülüb bircə sapın üstündə qalmışdı, yaxası da cırılmışdı, tərli sinəsi yağ sürtülübmüş kimi günəşin altında işıldayırdı. O indi atasına nifrət edirdi. İndiyəcən ona elə gəlirdi ki, atası çox güclüdür, amma indi qumluqda oturub onu yumruqla hədələyən bu saçı pırtlaşıq və miskin adama baxdıqca, güclünün zəifə qarşı mərhəmətli və təhqiramiz təbəssümüylə gülümsəyirdi.

- Lənətə gələsən! Ömrün uzunu!

Vasili lənəti elə bərkdən qışqırdı ki, Yakov qeyri-ixtiyari dönüb dənizin uzaqlarına, vətəgəyə tərəf baxdı, elə bildi ki, orda bu acizlik fəryadını eşidən olar.

Lakin orda dalğalardan və günəşdən başqa heç nə yox idi. Onda Yakov yana tüpürüb dedi:

- Nə qədər istəyirsən qışqır! Kimə pis eləyirsən? Ancaq özünə... İndi ki aramız belə açılıb, mən deyim, qulaq as...

- Kəs səsini! Rədd ol gözümün qabağından. Get! – Vasili qışqırdı.

Yakovsa atasının hərəkətlərinə baxa-baxa deyirdi:

- Kəndə getməyəcəyəm. Qışı burda qalacağam. Mənim üçün bura yaxşıdır. Axmaq deyiləm, bunu başa düşürəm. Burda dolanmaq asandır... Orda sən istədiyin kimi üstümdə ağalıq edirdin, burdasa – al e!

O əlini yumruq kimi düyünlədi, baş barmağını şəhadət və adsız barmaqlarının arasından çıxartıb atasına göstərdi və yavaşdan gülməyə başladı, lakin elə güldü ki, Vasili yenidən qeyzlənib ayağa durdu, avarı qapıb ona tərəf götürüldü, xırıltılı səslə qışqırmağa başladı:

- Atana? Atana-a? Öldürərəm!..

Amma Vasili qayığa çatanda Yakov xeyli uzaqlaşmışdı. O qaçır, köynəyinin cırılmış qolu dalınca uçurdu.

Vasili avarı onun üstünə tulazladı, avar gedib çatmadı, mujik yenə də taqətsiz halda döşü üstə yıxılıb qayığın üstünə sərildi və oğluna baxıb taxtanı dırnaqlarıyla cırmaqladı, oğlu isə uzaqdan qışqıra-qışqıra deyirdi:

- Heç utanırsan? Saçın-saqqalın ağarıb, amma bir arvadın üstündə bu cür vəhşiyə dönmüsən... Eh, sənə nə deyim! Hamısı birdir, onsuz da kəndə qayıtmayacağam... Özün get... Sənin burda işin-zadın yoxdur.

- Yaşka, səsini kəs! Yaşka, öldürərəm səni. Rədd ol!

Yakov yavaş-yavaş getməyə başladı.

Oğlu getdikcə atası dəli kimi tutqun gözlərini zilləyib onun yerişinə baxırdı. O getdikcə balacalaşır, sanki quma batırdı... belinəcən... çiyinlərinəcən... quma batdı, sonra başı da görünmədi, yox oldu... Lakin bir az sonra, yoxa çıxdığı yerdən bir az uzaqda yenə görünməyə başladı, əvvəlcə başı, sonra çiyinləri, sonra bütün bədəni göründü... İndi o kiçilmişdi... Dönüb bu tərəfə baxır, qışqıra-qışqıra nəsə deyirdi.

Vasili yenə qışqırdı:

- Sənə lənət olsun! Lənətə gələsən!

Yakov fikir vermədi, yenə getməyə başladı və qum təpəsinin dalında gözdən itdi.

Qayığa dirsəklənən Vasili bu narahat vəziyyətdən bel sümükləri sızıldayanadək uzun müddət oğlu gedən tərəfə baxdı. O əzgin halda ayağa durdu və sümüklərinin sızıltılı ağrısından səndələdi. Kəməri qoltuğunda yığılmışdı, keyimiş barmaqları ilə kəməri açdı, onu gözləri önünə qaldırdı və qumun üstünə atdı. Sonra çökək yerin qabağında dayanıb burda yıxıldığını və əgər yıxılmasaydı, oğlunu tuta biləcəyini düşündü. Komada hər şey alt-üst olmuşdu. Vasili ora-bura boylanıb araq şüşəsini axtardı və onu qapçaqların arasında görüb götürdü. Şüşənin ağzındakı tıxac bərk basıldığı üçün araq dağılmamışdı. Vasili tıxacı yavaş-yavaş tərpədib çıxartdı, elə şüşədən içməyə başladı. Amma əli titrədiyi üçün şüşə də titrəyir, araq ağzından saqqalına, yaxasına tökülürdü.

Vasilinin başı gicəllənir, ürəyi sancır, beli bərk ağrıyırdı.

Bərkdən:

- Qocalmışam amma... – dedi və komanın ağzındakı qumun üstündə oturdu.

Dəniz gözləri önündə sərilmişdi. Həmişəki kimi gurultulu, oynaq dalğalar gülürdü. Vasili uzun müddət suya baxdı və oğlunun sözlərini xatırladı:

"Bu dənizin tutduğu yer başdan-başa torpaq olsaydı! Həm də qara torpaq! Bura şumlanıb əkilsəydi!”

Mujiki acı bir duyğu bürüdü. Sinəsini bərk-bərk ovdu, ətrafa göz gəzdirib bərkdən ah çəkdi. Başı aşağı əyildi və üstünə ağır bir şey düşübmüş kimi beli büküldü. Qəhərdən boğazı tutuldu. Öskürüb boğazını arıtladı, göyə baxıb xaç çəkdi. Ağır fikirlərə daldı...

...Bir əxlaqsız qadına görə, on beş ildən artıq bir yerdə yaşayıb çiyin-çiyinə namusla yaşadığı arvadını atdığı üçün allah onu cəzalandırdı – oğlu üzünə ağ oldu. Belədir, ilahi!

Oğlu onu təhqir etdi, ürəyinə bərk toxundu... Öz atasının ruhunu belə sarsıtdığı üçün onu öldürmək də azdır! Nəyə görə? Bir pis, abırsız qadına görə! Qoca kişi olduğu halda öz arvadını və oğlunu unudub bu qadına qoşulmaqla günaha batdı...

İndi budur, allah öz müqəddəs qəzəbi ilə bu günahı onun yadına saldı, ədalətli cəzasını verərək öz oğlunun əli ilə ürəyini parçaladı... Belədir, ilahi!..

Vasili belini büküb oturmuşdu, xaç çəkir, gözlərinə dolan daşı sıxmaq üçün tez-tez gözlərini qırpırdı.

Günəş dənizə enirdi. Göydə qızaran tünd qırmızı şəfəq yavaş-yavaş çəkilirdi. Sakit uzaqlardan əsən isti külək mujikin göz yaşı ilə islanmış üzünə toxunurdu. Peşman Vasili yuxuya gedənəcən beləcə oturub qaldı.

 

 

Atasıyla dava edəndən bir gün sonra Yakov bir dəstə fəhlə ilə bir yerdə, paraxodun yedəyində gedən qayıqla vətəgədən otuz verstədək uzaqlarda uzunburun balıq ovuna çıxdı. Beş gün sonra o tək, yelkənli qayıqla vətəgəyə qayıtdı, onu yemək gətirməyə göndərmişdilər. O günortadan sonra, fəhlələr nahardan sonra istirahət edən vaxt gəlmişdi. Hava dözülməz dərəcədə istiydi, od kimi qızmış qum adamın ayaqlarını yandırır, bir tərəfdən də balıq pullarıyla balıq sümükləri ayağa batırdı. Yakov addımını ehtiyatla ata-ata baraka tərəf gedir, çəkmə geyinmədiyi üçün özünü söyürdü. O qayığa qayıtmağa tənbəllik edir, üstəlik də nəsə yemək və Malvanı görmək üçün tələsirdi. Yakov dənizdə keçirtdiyi cansıxıcı vaxt ərzində Malvanı tez-tez xatırlamışdı. İndi də bilmək istəyirdi ki, Malva onun atasıyla görüşüb, ya yox, əgər görüşübsə də, atası ona nə deyib... Bəlkə də o Malvanı döyüb? Döyülsə pis olmaz, burnu ovular, sözə baxar! Yoxsa çox dikbaş arvaddır!

Vətəgə sakit, ətraf xəlvət idi. Barakların pəncərələri açıq idi, böyük yeşiklərə oxşayan baraklar da, elə bil istidən əziyyət çəkirdi. Barakların arasındakı prikazçik kontorundan uşaq ağlamağının səsi gəlirdi. Çəllək yığınları arasından yavaş səslər eşidilirdi.

Yakov cəsarətlə səs gələn tərəfə getdi, ona elə gəldi ki, Malvanın səsini eşidir. Lakin çəlləklərə çatan kimi onların dal tərəfinə baxıb çəkildi və qaşlarını düyünlədi.

Çəlləklərin dalında kürən Seryojka əllərini başının altında qoyub uzanmışdı. Onun bir tərəfində Vasili, o biri tərəfindəsə Malva oturmuşdu.

Yakov atası haqda düşünməyə başladı:

"Onun burda nə işi var? Bəlkə o arvada daha yaxın olmaq və məni ona yaxın buraxmamaq üçün rahat yerindən əl çəkib vətəgəyə qayıdıb? Qoca şeytan! Sənin əməllərini anam bilsəydi... Yanlarına gedim, ya getməyim?”

Seryojka deyirdi:

- Belə!.. Demək – xudahafiz? Neynək! Get, torpağı qurdala...

Yakov sevinclə gözlərini qırpdı.

Atası dedi:

- Gedirəm...

Onda Yakov cəsarətlə qabağa keçib salamlaşdı:

- Sədaqətli dostlara salam!

Atası ona ötəri nəzər salıb gözlərini yana çevirdi. Malva heç qaşını da tərpətmədi. Seryojkasa ayağını silkələyib yoğun səslə dedi:

- Budur, istəkli oğlumuz Yaşka uzaq səfərdən qayıdıb gəldi! – Sonra öz adi səsiylə əlavə etdi. – Onun dərisini qoyun dərisi kimi soyub nağaraya çəkmək lazımdır!

Malva yavaşca güldü.

Yakov onların yanında oturub dedi:

- Çox istidir.

Vasili yenə ona baxdı.

- Mən səni gözləyirdim, Yakov. – dedi.

Yakova elə gəldi ki, atasının səsi xeyli dəyişib, sakitləşib, elə özü də dəyişilib.

- Yemək aparmağa gəlmişəm. – Yakov bunu deyib Seryojkadan bir papirosluq tütün istədi.

Seryojka yerindən tərpənmədi.

- Mən sənin kimi axmağa tütün vermərəm.

Vasili qumu barmağıyla eşələyib dedi:

- Mən kəndə qayıdıram, Yakov.

- Niyə? – Oğlu ona məsum-məsum baxdı.

- Bəs sən necə? Qalırsan?

- Hə, mən qalacağam. Evdə ikimiz nə edəcəyik?

- Yaxşı... Mən bir söz demirəm. Necə istəyirsən... Uşaq deyilsən ki! Ancaq sən bunu... sən bunu yadında saxla ki, mən çox davam edə bilməyəcəyəm. Bəlkə birtəhər yaşadım, amma bilmirəm necə işləyəcəyəm... Torpaqdan yəqin ki yadırğamışam. Bir də yadında saxla ki, orda sənin anan var.

Görünür o çətinliklə danışırdı. Sözləri pəltək adam kimi deyirdi. Saqqalını tumarlayan əli titrəyirdi.

Malva diqqətlə onun üzünə baxırdı. Seryojka bir gözünü qıydı, dəyirmi şəkil alan o biri gözünü isə Yakova zillədi. Yakov çox sevinir və sevincini gizlətmək üçün ayaqlarına baxırdı.

Vasili deyirdi:

- Ananı unutma... Özün bilirsən, sən onun tək balasısan...

Yakov özünü yığdı:

- Mən bilirəm...

- Bilirsənsə daha yaxşı! – Atası şübhəylə ona baxdı. – Ancaq deyirəm ki, yadından çıxartma.

Vasili dərindən ah çəkdi. Bir neçə dəqiqə dördü də susdu. Sonra Malva dedi:

- İndicə zəngi çalıb işə çağıracaqlar...

Vasili ayağa durdu:

- Yaxşı, mən gedirəm.

Onun dalınca hamı ayağa durdu.

- Salamat qal, Sergey! Volqa tərəfə yolun düşsə, bəlkə bizə dər baş çəkəsən?.. Simbirsk qəzası, Mazlo kəndi, Nikolo-Lıkovskoye volostu.

- Yaxşı. – Seryojka onun əlini silkələdi, sonra onun əlini öz sarı tüklü güclü pəncəsində saxlayıb Vasilinin üzünə baxdı və gülümsədi:

- Lıkovo- Nokoloskoye böyük kənddir. Uzaq yerlərdə də tanınır, biz onun dörd verstliyində oluruq. – Vasili başa saldı.

- Yaxşı, yaxşı. Yolum düşsə gələrəm...

- Salamat qal!

- Sağ ol, əzizim!

Vasili qadına baxmadan boğuq səslə dedi:

- Salamat qal, Malva!

Malva tələsmədən dodaqlarını koftasının qoluna sildi və ciddi tövrlə qollarını onun boynuna dolayıb üç dəfə yanaqlarından və dodağından öpdü.

Vasili çaşdı, sıxıldı və anlaşılmaz bir söz dedi. Yakov istehzalı təbəssümünü görməsinlər deyə başını aşağı saldı, Seryojka isə göyə baxıb yavaşca əsnədi.

- Yoldasənə isti olacaq...

- Eybi yoxdur... Hə, salamat qal, Yakov!

- Sağ ol!

Onlar nə etmək lazım olduğunu bilmirdilər, eləcə üzbəüz dayanmışdılar. Bayaqdan havada uçuşan "salamat qal” sözləri Yakovun qəlbində atasına qarşı səmimi duyğu oytamışdı, amma o bilmirdi  bu duyğunu necə ifadə etsin. Malva kimi onu qucaqlasın, yoxsa Seryojka kimi əlini sıxsın? Oğlunun üzündəki tərəddüd əlaməti Vasilini incidir, həm də pərt edirdi. O da Yakovun qabağında sıxıntı hiss edirdi, elə bil utanırdı. Bu hiss dildə baş verən hadisəni yadına saldığından və Malvanın öpüşündən yaranmışdı.

Nəhayət Vasili dilləndi:

- Deməli, ananı yaddan çıxartma!

Yakov da mehribanlıqla gülümsədi.

- Yaxşı da, sən narahat olma. Mən özüm bilirəm...

- Hə... Burda birtəhər dolanın, allah işinizi avand eləsin... halal eləyin... Seryoqa, qazanı orda, yaşıl qayanın yanında quma basdırmışam.

- Qazan onun nəyinə lazımdır? – Yakov tez soruşdu.

- O mənim yerimə təyin edilib... Orda, dildə qulluq edəcək.

Yakov Seryojkaya, sonrasa Malvaya baxdı, gözlərindəki sevinc işartısını görməsinlər deyə başını aşağı saldı.

- Salamat qalın, dostlar. Mən getdim!

Vasili baş əyib yola düşdü. Malva onun dalınca getdi:

- Bir az ötürüm səni...

Seryojka qumun üstünə uzandı və Malvanın dalınca getmək istəyən Yakovun ayağından yapışdı.

- Dayan görək... Hara?

- Burax! Əlini çək! – Yakov dartındı.

Lakin Seryojka onun o biri ayağndan da yapışdı.

- Otur yanımda...

- Yox əşi! Nə oyun çıxartırsan?

- Oyun çıxartmıram. Otur!

Yakov naəlac oturdu.

- Nə istəyirsən?

- Bir az gözlə. Danışma... Qoy mən fikirləşim, sonra sənə deyim...

Yakov çarəsizliklə tabe oldu...

Malva ilə Vasili dinmədən yan-yana gedirdilər. Malva yandan onun üzünə baxır, gözləri qəribə şəkildə parıldayırdı. Vasili idə qaş-qabağını tökmüşdü. Ayaqları quma batdığı üçün yavaş-yavaş gedirdilər.

- Vasya!

- Nə var?

O qadına baxdı və dərhal üzünü çevirdi.

Malva sakitcə dedi:

- O var ki, Yaşka ilə səni qəsdən dalaşdırmışdım. Amma siz davasız da dolana bilərdiniz.

Vasili bir az susandan sonra soruşdu:

- Bəs sən niyə belə elədin?

- Bilmirəm... Elə-belə...

Malva çiyinlərini çəkib gülümsədi.

- Çox yaxşı iş görmüsən! Nə deyim sənə! – Vasilinin səsində kin var idi.

Malva dinmədi.

- Sən mənim oğlumu korlayacaqsan, tamam korlayacaqsan. Heyif! Cadugərsən sən, cadugər... Allahdan qorxmursan, həyan da yoxdur... Sən nə edirsən?

- Neyləyim? Neyləmək lazımdır? – Qadın ondan soruşdu. Onun sualında həm nigarançılıq, həm də kədər var idi.

Hirsindən coşan Vasili qışqırdı:

- Neyləmək? Ox, sənə nə deyim!

O qadını vurmaq, ayaqlarının altına salıb tapdalamaq, döşünü, üzünü əzə-əzə quma batırmaq istəyirdi. O yumruğunu düyünləyib dal tərəfə baxdı.

Orda, çəlləklərin yanında Yakovla Seryojka dayanıb onlara baxırdılar.

- Rədd ol get! Mən sənin boynunu burub üzərdim!

Vasili qadının üzünə baxa-baxa, pıçıltıyla söyürdü. Gözləri qanla dolmuşdu, saqqalı titrəyirdi, əllərisə ixtiyarsız havaya qalxır, arvadın örpəyinin altından çıxan saçlarından yapışmaq istəyirdi.

Malva isə yaşıl gözlərini ona dikib sakit-sakit baxırdı.

- Səni gərək öldürəydim, fahişə! Hələ gözlə... birinə rast gələrsən... başını əzər...

Malva gülümsədi, susdu, sonra dərindən ah çəkib dedi:

- Yaxşı, bəsdir... Salamat qal!

Vasili onun dalınca baxıb nərildəyir, dişlərini qıcıdırdı. Malva isə gedir və ayaqlarını Vasilinin qum üstündəki dərin ləpirlərinə qoymağa çalışır, ləpirləri ayağıyla silib qumu hamarlayırdı. Beləcə yavaş-yavaş gedib çəlləklər olan yerə çatdı. Seryojka soruşdu:

- Hə, ötürdün?

Malva başının hərəkətiylə təsdiqləyib onun yanında oturdu. Yakov qadına baxıb gülümsəyirdi, dodaqlarını elə tərpədirdi ki, elə bil nəsə pıçıldayır, heç kimin eşitmədiyi sözlər deyirdi.

Malva başıyla dənizə işarə edib Seryojkadan soruşdu:

- Sən ora, dilə haçan gedəcəksən?

- Axşam.

- Mən də səninlə...

- Bax!.. Buna varam!

- Mən də gedəcəyəm! – Yakov qətiyyətlə dedi.

- Səni kim çağırır? – Seryojka gözlərini qıyıb soruşdu.

İşləməyə çağıran sınıq zəngin cingiltisi eşidildi. Zəng səsləri havaya yayılır və dalğaların şən şarıltısı içində batıb gedirdi.

Yakov cəsarətlə Malvaya baxıb dedi:

- Odur, o çağıracaq!

- Mən? Sən mənim nəyimə lazımsan? – Qadın təəccübləndi.

Sergey ayağa durub dedi:

- Açıq danışaq, Yaşka. Onun dalınca düşsən, səni elə əzişdirərərm ki, xəşilə dönərsən! Barmağını vursan, həşərat kimi basıb öldürərəm! Kəllənə elə vuraram ki, o saat yox olarsan! Mən uzunçuluğu sevmirəm!

Onun sir-sifəti, gövdəsi və Yakova tərəf uzanan düyünlü əlləri çox inandırıcı surətdə göstərirdi ki, dediklərini eləmək onun üçün adi və asandır.

Yakov bir addım dala çəkilib boğuq səslə dedi:

- Dayan... Qoy o özü...

- Sus. Qurtardı getdi! Sən nəsən? Quzu əti sənin kimi itin xörəyi deyil, qabağına gəmirmək üçün bir sümük atsalar, şükür elə! Hə, gözlərini niyə bərəldirsən?

Yakov Malvaya baxdı. O yaşıl gözlərini Yakova dikib qəlbi incidən, insanı alçaldan istehzalı təbəssümlə gülümsəyirdi. Birdən o Seryojkaya elə mehribanlıqla qısıldı ki, Yakovu tər basdı.

Onlar Yakovdan ayrılıb yan-yana getməyə başladılar və bir az aralanandan sonra bərkdən gülməyə başladılar. Yakov sağ ayağını quma bərk basıb ağır-ağır nəfəs aldı.

Uzaqda, donub qalmış sarı qum dalğaları üzərində balaca bir adamın qaraltısı hərəkət edirdi, ondan sağ tərəfdə günəş şüalarını əks edən şən, əzəmətli dəniz parıldayır, sol tərəfdə isə, ta üfüqə qədər uzanıb gedən yeknəsəq, kədərli, boş qumluqlar görünürdü. Yakov o tənha adama baxdı, həqarət acısı və heyrətlə dolu gözlərini qırpıb, sinəsini əlləriylə bərk-bərk ovdu...

Vətəgədə iş yenidən qızışırdı.

Yakov, bərkdən qışqıran Malvanın sinədən gələn xoş səsini eşitdi:

- Mənim bıçağımı kim götürüb?

Dalğalar şırıltı ilə səslənir, günəş nur saçır, dəniz gülürdü...

 

Tərcümə: H. Məmmədbəyli