
Mirzə Fətəli Axundzadə. Qəribə hekayə
- 05.07.2020
- 0 Şərh
- 3354 Baxış
M.F.Axundzadənin "Qəribə hekayə" əsəri və
onun maraqlı tarixçəsi...
Milli dramaturgiya, realist bədii nəsr və
professional ədəbi tənqidin əsasını qoyan Mirzə Fətəli Axundzadənin qələmindən
çıxan bütün əsərlərin çap edilərək oxuculara təqdim edildiyini söyləmək hələ
tezdir. Bunu böyük ədibin AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun arxivində,
2 saylı fondda mühafizə olunan çoxsaylı əlyazmaların bir qisminin hələ də işıq
üzü görməməsi sübut edir. Digər tərəfdən, təhlillər göstərir ki, arxivdəki əlyazmalar
heç də M.F.Axundzadənin bütöv külliyyatını əhatə etmir. Hər halda M.F.Axundzadənin
müxtəlif səbəblərdən arxivə daxil olmayan əlyazmalarının mövcudluğundan
danışmaq olar. Ən nəhayət, bəzi mənbələrdə M.F.Axundzadəyə aid olduğu iddia
edilən müəyyən əsərlərin adları çəkilir ki, onların müəllifliyinin dəqiqləşdirilməsinə
ehtiyac duyulur. Beləliklə, bir əsrdən çox müddət ərzində sistemli şəkildə tədqiq
və təbliğ olunmasına baxmayaraq, M.F.Axundzadə irsinin tamamilə toplanıb,
oxuculara çatdırıldığını söyləmək hələ tezdir.
M.F.Axundzadənin ilk peşəkar bioqrafı Firidun bəy
Köçərli XX əsrin əvvəllərində əsl vətəndaş təəssübkeşliyi ilə gərgin
axtarışların nəticəsi kimi qələmə aldığı, yalnız repressiya olunandan bir neçə
il sonra 1925-1926-cı illərdə ayrılıqda iki cilddə çap edilən "Azərbaycan ədəbiyyatı
tarixi materialları"nın birinci cildindəki "Mirzə Fətəli
Axundov" oçerkində böyük ədibin "Fəqəreyi-əcibə" adlı bir əsərinin
də olduğunu göstərmişdir. O, M.F.Axundzadənin yeni əlifba layihəsi
hazırladığını, onun həyata keçirilməsi yolunda inadlı mübarizə apardığını, bu məqsədlə
Türkiyəyə səfər etdiyini, Türkiyə və İranın rəsmi dairələrinə saysız-hesabsız
müraciətlər etdiyini, arzusuna çatmayınca fars dilində Firdovsisayağı bir mənzumə
və əlifba ilə bağlı bir sıra məqalələr qələmə aldığını xatırladandan sonra
yazırdı: "Və bundan əlavə, "Fəqəreyi-əcibə" ünvanında əlifbamızın
qüsuruna dair fars dilində türfə bir hekayə təhrir qılıbdır ki, oxuyanları İran
tüccarının sadədilliyi və tərəfgirliyi heyrətə salır". Maraqlıdır, nədənsə
bu vaxta qədər Azərbaycan ədəbiyyatşünasları F.Köçərlinin həmin qeydi ətrafında
diqqəti çəkəcək səviyyədə ciddi axtarışlar aparmamışlar. Həmin əsər və onun mətbu
ünvanı barədə görkəmli mühacir tədqiqatçı Mirzə Bala Məhəmmədzadənin 1945-ci
ildə İstanbulda çap olunan "İslam Ensiklopediyası" üçün hazırladığı
"Fətəli Axundzadə" məqaləsində çox qısa, lakin qiymətli məlumat var.
M.B.Məhəmmədzadə məqalənin iki yerində M.F.Axundzadənin
"Fikrai-acibe" adlı əsərindən bəhs etmişdir. O yazırdı: "Fətəlinin
ərəb əlifbasının qüsurlarına dair "Fikrai-acibe" (Əsərin adını Türkiyə
türkçəsində olduğu kimi veririk- Ş.Ş.) ünvanlı gözəl bir hekayəsi...
vardır". Yaxud: "Fikrai-acibe" əlifbanın qüsuruna və tacir
sinfinin safdilliyi ilə cəhalətinə dair olan farsca mizahi bir hekayədir ki,
sonralar Firidun bəy Köçərli tərəfindən azəri türkçəsinə çevrilib, "Molla
Nəsrəddin" məcmuəsində çap olunmuşdur". Əsərlə bağlı hər iki tədqiqatçının
qısa qeydlərindən aydın görünür ki, həm F.Köçərli, həm də M.B.Məhəmmədzadə
M.F.Axundzadənin eyni bir əsərindən bəhs edirlər, lakin mühacir tədqiqatçı əsərin
adını təhrif etmişdir. Əslində, əsərin adı F.Köçərlinin yazdığı kimi "Fəqəreyi-əcibə"
olmalıdır ("Fəqərə" sözü ərəbcə "kiçik hekayə", "əcibə"
isə "qəribə" mənasını verir: "Qəribə hekayə"). Mühacir tədqiqatçımızın
isə bizə ən böyük köməyi əslində, əsəri "Molla Nəsrəddin"də axtarmalı
olduğumuzu göstərməsi oldu...
M.F.Axundzadə arxivinin təsvirinə dair mənbələr
Əlyazmalar İnstitutunda M.F.Axundzadənin fondunda belə bir əsərin əlyazmasının
olmadığını göstərdi. O zaman "Molla Nəsrəddin" jurnalının saylarını nəzərdən
keçirdik, lakin M.F.Axundzadə ilə bağlı ayrı-ayrı nömrələrdə dərc olunmuş
yazıların içərisində "Fəqəreyi-əcibə" əsərinin adına rast gəlmədik.
Jurnalın 6 və 13 yanvar 1912-ci il tarixli 1-ci və 2-ci saylarında
"Felyeton" başlığı altında dərc edilmiş bir yazı isə diqqətimizi cəlb
etdi. Yazı F.Köçərlinin aşağıdakı təqdimatı ilə dərc olunmuşdur: "Mirzə Fətəli
Axundovun oğlu mərhum Rəşid bəy keçən vaxtlarda uca olan atasının əlyazılarından
bir neçəsini vermişdi ki, oxuyub lazım olan vaxt nəşr edim. O kağızlardan biri
də həmin aşağıda dərc olunan fars dilində yazılmış bir məqalə idi ki, mən onu
mirzayi-mərhumun əsəri zənn edib indi türk dilinə tərcümə elədim, göndərdim
"Molla Nəsrəddin" idarəsinə. Çünki Mollanın səhifələrində çap
olunmağını münasib görürəm". Mətndən görünür ki, müəllif xalq məsləhətçisi
Ağa bəy Yadigarovun ərəb qrafikalı əlifbanın dəyişdirilməsinin vacibliyindən bəhs
edən kitabçasını oxuduğu zaman onun yanına İran tacirlərindən olan savadlı bir
tanışı gəlir. M.F.Axundzadə kitabçanın məğzi barədə tanışına məlumat verir, müsəlman
xalqlarının tərəqqisinə ərəb əlifbasının mane olduğu, köhnə əlifbanın qalacağı
təqdirdə İranın da, başqa müsəlman dövlətlərinin də bundan çox ciddi ziyan çəkəcəkləri
haqqında Ağa bəy Yadigarovun düşüncələrini ona çatdırır. İranlı tacir isə
çoxsaylı arqumentlər gətirərək bunun tamamilə əksini söyləyir...
Ortaya istər-istəməz bir sıra suallar çıxdı.
Birincisi, doğrudanmı bu məhz bizim axtardığımız "Fəqəreyi-əcibə" əsəridir?
İkincisi, F.Köçərli "...mən onu mirzayi-mərhumun əsəri zənn edib..."
sözləri ilə əsərin M.F.Axundzadəyə aid olduğuna şübhəmi edir? Üçüncüsü, mətnin
müəllifinin məhz M.F.Axundzadə olduğunu necə sübut etmək olar?
Dəqiqləşdirmə aparmaq, bir ipucu əldə etmək üçün ədibin
müxtəlif şəxslərə ünvanladığı məktubları da nəzərdən keçirməyi qərara aldıq.
Böyük ədibin özünün hər bir əsərinə, ən kiçicik bir əlyazmasına qarşı nə qədər
diqqətli olduğunu onun araşdırıcıları yaxşı bilirlər. M.F.Axundzadə adətən məktublarında
ilk baxışdan adi görünən və mətləbə guya dəxli olmayan, lakin kifayət qədər əhəmiyyət
kəsb edən elə məlumatlar verir ki, onlar sözün əsl mənasında, araşdırıcıların əlindən
tutur və bunu ancaq Mirzə Fətəli kimi həssas, orijinal yazı manerasına malik sənətkarlar
edirlər. Buna görə də "Fəqəreyi-əcibə"dən hər hansı bir iz tapmaq
ümidi ilə onun müxtəlif şəxslərə göndərdiyi məktublarına üz tutduq və
axtarışlarımızda yanılmadığımızı gördük. Axtardığımız mətni M.F.Axundzadənin
Şahzadə Cəlaləddin Mirzəyə yazdığı məktubun içərisində bir hissə şəklində
aşkarladıq. Məktubun bir hissəsində Ağa bəy Yadigarovun əlifba məsələsi ilə
bağlı məlum kitabçasından, iranlı tacirin "qəribə" arqumentlərindən bəhs
olunur... Məktub tarixsiz olsa da, onun təxminən nə vaxt yazıldığını müəyyənləşdirmək
mümkündür. Belə ki, M.F.Axundzadə ilə Cəlaləddin Mirzə arasında məktublaşmalar
1870-1871-ci illəri əhatə etdiyindən həmin məktubun və əsərin də həmin
vaxtlarda yazıldığını güman etmək olar.
Yeri gəlmişkən, M.F.Axundzadənin Cəlaləddin Mirzəyə
həmin məktubu ədibin 1955-ci ildə çap olunmuş 3 cildliyinin 3-cü cildində
verilmişdir. Həmin məktub M.F.Axundzadənin 1988-ci ildə işıq üzü görmüş üç
cilddən ibarət seçilmiş əsərlərinin 3-cü cildinə də daxil edilmişdir. Mətnlərin
tutuşdurulması göstərir ki, sonrakı nəşrdə çox ciddi nöqsanlara yol
verilmişdir. 1988-ci il nəşrinin 158-160-cı səhifələrində məktubun əvvəli və
axırı olmadan ortadan bir hissəsi ədibin Mirzə Melkum xana məktubunun sonunda
başlıqsız şəkildə verilmişdir ki, istənilən oxucu həmin yarımçıq hissəni Mirzə
Melkum xana məktubun davamı hesab edə bilər. Məktubun əvvəli isə həmin nəşrin
164-cü səhifəsində "Ayrıca məktubun surəti" başlığı altında yenə
yarımçıq şəkildə verilmişdir. Burada "Fəqəreyi-əcibə"dən əsər-əlamət
yoxdur...
Hesab edirik ki, əvvəldə ortaya çıxan suallara
M.F.Axundzadənin Şahzadə Cəlaləddin Mirzəyə yazdığı məktub tamamilə aydınlıq gətirir.
Odur ki, təfərrüata varmadan qısa bir şərhlə kifayətlənirik. Əsərdə adı çəkilən
Ağa bəy Yadigarov (1823-1892) Borçalının tanınmış Yadigarovlar nəslindən
olmuşdur. Peterburqda Şərq dilləri üzrə mükəmməl təhsil almış, Qafqaz
canişinliyində məsul vəzifələrdə çalışmışdır. Ağa bəy Yadigarov M.F.Axundzadənin
yeni əlifba ideyasını bəyənmiş, özü də ərəb qrafikalı əlifbanın türk dili üçün
yararsız olduğuna dair düşüncələrini qələmə almışdır. Ümumiyyətlə, M.F.Axundzadə
Tiflisdə yaşayan Yadigarovların digər nümayəndələri ilə də yaxından ünsiyyətdə
olmuşdur. Ədibin yaxınlarının xatirələrindən öyrənirik ki, ağır xəstələndiyi,
son günlərini yaşadığı vaxtlarda onun yastığının yanında olanlardan biri də
İsrafil bəy Yadigarov idi...
Biz əsəri ilk dəfə öz adı altında, Firidun bəy Köçərlinin
tərcüməsində tam mətni ilə oxuculara təqdim edirik. Mətnin orfoqrafiyasını
"Molla Nəsrəddin"də olduğu kimi saxlayırıq. Ümid edirik ki, "Qəribə
hekayə" ("Fəqəreyi-əcibə") M.F.Axundzadə nəsrinin gözəl nümunəsi
kimi bundan sonra çap ediləcək külliyyatlarına salınacaqdır.
Şahbaz ŞAMIOĞLU
Qəribə hekayə
(Mirzə Fətəli Axundzadə)
Narodni sovetnik cənab Ağa bəy Yadigarov ərəb, fars
və türk əlifbasının dəyişdirilməyi barəsində öz xəyalatını yazıb mənə vermişdi
ki, oxuyub öz təsəvvüratımı ona ərz edim. Ona binaən mən də bir gün haman məcmuənin
mütaliəsinə məşğul idim. İttifaqən bu əsnadə İran əhli Sərab tüccarlarından bir
nəfər tanışım yanıma gəldi. Məcmuəni görüb bir neçə sətir ondan oxuyub başını
yırğaladı və məndən soruşdu ki, bu nə yazıbdır. Mən ərz elədim ki, bunu yazanın
xahişi budur ki, biz - yəni əhli-islam qədimi əlifbamızı dəyişdirib təzə bir əlifba
tərtib edək və yazılarımızı onun vasitəsilə yazaq. İran taciri dedi: nə üçün
biz əlifbamızı gərək təğyir edək, məgər bizim əlifbanın bir qüsuru var - Dedim
bəli, bizim əlifbanın qüsuru aşkardır: bir surətdə ki, kəlməni bir sayaq üzrə
oxumaq mümkün deyil, o kəlməni dürüst oxumaqdan ötrü gərəkdir əvvəlcə mənanı
bilmək - əlbəttə, belə əlifbanın qüsuru çoxdur. Qərəz, hər nəhvi ki, mümkün
idi, əlifbamızın nəqs və eybini ona təqrir etdim.
İranlı rəfiqim soruşdu: Yadigarovdan qeyri özgələri
də bu mətləbi fəhm ediblər, ya nə? Dedim bəli! Neçə il bunda əvvəl cənab Mirzə
Fətəli bəy Axundov əlifbamızın təğyiri babində gözəl və mərğub bir qayda tərtib
edibdi və bundan əlavə qeyriləri də bu xüsusda məqalələr və risalələr yazıblar.
Tacir dedi: - Bəs birisi ki, təzə əlifba yazır və
onda başqaları ona nə deyirlər? Hər yerindən qalxan təzə əlifba tərtib eyləsə -
onda min cürə əlif əmələ gələr. Dedim ki, hər birisi yaxşı və eyibsiz bir əlifba
düzəltsə qeyriləri də bunu qəbul edərlər. Cənab Yadigarovun yazdığının məzmunu
budur ki, islam əhlinin Avropa əhlindən dalda qalmağına ümdə bais müsəlmanların
əlifbasının qüsur ilə dolu olmağıdır. Belə ki, müsəlman balaları neçə illər təlim
alırlar yenə də axırda oxumağa qadir olmurlar və elm təhsil etməkdə aciz
qalırlar. Və həmçinin deyir ki, bəni-Abbasiyə xilafəti və müluki-ərəb ülum və
fünun təhsilində aciz və məəttəl qalıb münqəriz oldular.
Əgər əlifbamız qədimi halətində və surətində baqi
qalsa gedə-gedə İran dövləti və sair islam məmləkətləri dəxi batıb tərk
olacaqlar. Amma əgər əlifbanı dürüst və asan etsələr ki, uşaqlar oxumaqda məəttəl
qalmayalar və cavanlıq mövsümündə lazım olan elmləri təhsil edə bilələr və bu
növlə gedə-gedə elm və sənətlər əhli-islam arasında tərəqqi tapa, bu halda
onlar da avropalılar kimi kamil olarlar.
İranlı rəfiqim mənim bu sözlərimi eşidib fikir dəryasına
qərq oldu. Bir saatdan sonra başını fikir yaxasından qaldırıb dedi: əgər filhəqiqə
Yadigarov buyurduğu kimi isə, yəni əlifbanın naqis olmağı İran dövlətinin zəvalına
bais isə, əlbəttə, lazımdır tezliklə onun təğyir və təbdilinə şüru etmək, ta
ki, dövləti-əliyə münqəriz olmuya və bizlər də yəhudilər kimi dünyanın üzünə
dağılıb pərakəndə olmuyaq, onlar kimi hər qisim töhmət və zəhmətə düçar olub əcnəbilər
nəzərində xar və zəlil olmuyaq. Vəlakin mənim zənnimə görə o adamlar ki, bu
fikir və əqidədədirlər- heç şey anlamırlar, səhv edirlər və bəlkə xəbti-dimağ gətiriblər.
Çünki İran əhli Yevropa əhlindən əsla geridə qalmıyıbdır. Hətta onlardan daha
artıq dərəcədə tərəqqi edib rahat və kefi kök güzəran etməkdədirlər.
Belə ki, Yevropa əhlinin yeməkləri mövqufdur kələm
şorbasına, qartofluya və donuz ətinə ki, onlardan min cürə naxoşluqlar törəyir,
soyuqdəyməyə, bəlğəmə və qulunc azarına səbəb olur. Plovdan və çilovdan və
gunagun xuruşlardan və ləzzətli təamlardan bilmərrə xəbərləri yoxdur və bir də
yevropalılardan ancaq ikisi-üçü arvad alır, onda da bir nəfərini, çoxsu ömürlərini
boş və bihudə keçirirlər və arvad alanların çoxu öz arvadlarını naməhrəmə
baxmaqdan və naməhrəm ilə gəzməkdən qoruya bilmirlər. Amma biz kefimiz istədiyi
qədər arvad alırıq və əlhəmdülillah onlardan heç birinin qüdrəti yoxdur ki,
başını qapıdan çölə şıxardıb özünü naməhrəmə göstərsin. Əgər xudanəkərdə
onların birindən belə iş sadir olsa onun atasının qəbrinə od vurub yandırarıq.
Bundan əlavə bilmək lazımdir ki, hansı elm ilə biz
mənfəətbərdar ola bilərik və ondan bizə nəf yetişəcəkdir. Bizim tərəqqi ya tənəzzülümüzə
onun dəxli vardırmı? Pəs əvvələn bizə vacibdir ki, lazım olan elmləri dürüst təyin
edək ta ki, hər cəfəngiyyata elm adı qoyub onun dalına düşməyək. O elm ki,
bizim - yəni ərbabi-şüurun nəzərində elm hesab olunur onlar bundan ibarətdir:
Sərf və nəhv və məntiq və məan və bəyan və fiqh.
Elmi-nucum da fil- cümlə ülumilazimədən hesab oluna bilər. O ki elmi-sərf və nəhvdir
və məntiq və sairlaridir bunlar ərəb dilini bilməkdən ötrü bizə lazımdır. Ta ki
Quranı və hədisləri oxuyub mənasını anlayaq. Elmi-fiqhdir - o da lazımdır şəriəti
öyrənməkdən ötrü. O ki elmi nücumdur onu da bir o qədəri bilmək lazımdır ki,
ayın əvvəlini və axırını təyin edə bilək və saatların təhvil etməyi, nəhs və səd
günlərini piş əz vəqt anlayaq, ta ki, şəxs qəflət edib qəmər əqrəbdə əlan vaxtı
işə şüru etməsin, səfərə çıxmasın, alış-veriş etməsin, təzə libas biçdirməsin,
həcamət qoydurmasın və habelə.
İndi buyurun görək sair elmlərdən ki, Yevropa əhalisi
yad edib öyrənirlər bizə nə mənfəət hasil ola bilər? Biz ki, əhli-İran varıq,
bizim o qədr cibilli qabiliyyət və hünərimiz var ki, yevropalılara məxsus olan
elmlərsiz də gözəl zindəganlıq edirik. Hətta çox möhkəm və qate dəlillərimiz
vardır ki, onların elmlərindən bizə bir mənfəət yetişə bilməz. Məsələn,
coğrafiya elmi: əgər bizə məlum ola ki, Əlvənd dağı yeddi min dərəcə səthi-dəryadan
ucadır, bundan bizim üçün nə mənfəət və fəzilət hasil ola bilər? Və ya filan şəhərdə
nə qədər cəmiyyət zindəganlıq edir - bundan bizə nə mənfəət yetişə bilər? Və ya
filan dəniz nə sayaqdır? Aya kim bilmir ki, dənizin suyu şordur və onun balığı
haramdır? Və habelə hesab elmini oxuyub yadda saxlamağa bizim nə ehtiyacımız
var? Bir halda ki, biz hesabı elmsiz də yaxşı bilirik. Aya İran tüccarının
hansı birisinə bir tümən pul verib hesabında bir fülus ondan artıq almaq olar?
Hələ gərəkdir ehtiyatlı olmaq ki, səni aldadıb səndən bir şey artıq öz xeyrinə
çəkməsin. Və ya kim deyə bilər ki, iranlı muamiləçilər pullarına muamilə
almaqda bir qəpik səhv edirlər?
Təbabət elmini öyrənməyi dəxi o vaxt lazım bilərdik
ki, təbiblərimiz ki, müalicələrini cövhəriyyat vasitəsilə icra edəydilər. Bir
surətdə ki, onların müalicəsi ələfiyyat ilə olunur, daha onu təhsil etməyə nə
hacət, ələlxüsus bizlər üçün ki, Allah-taalanın təqdirinə bizim etiqadımız möhkəmdir.
Ölmək və şəfa tapmaq təqdiri-xudaya mövqufdur və həmçinin İran mühəndislərinin
və memarlarının əsla mühəndislik və memarlıq elmlərindən xəbərləri yoxdur və
lakin onların tikdikləri imarətlər yevropalıların təmiratından qəşəng və möhkəmdir
və lağım atmaqda və su çixartmaqda bizimkilərin yədibeyzaları var.
Fizik və elektrik elmlərini dəxi oxuyub təhsil etmək
bizə lazım deyil. İngilislər elə bir tayfadırlar ki, xudavəndi-aləm onlarn
vücudunda büxl və həsəd yaratmayıbdır. Belə ki, küllü pul töküb hər yerlərə və
məmləkətlərə teleqraf məftili çəkiblər və hələ bizim üçün müftə dəmiryolu
qayırmaq fikrinə düşüblər. Şəkil çəkmək və nəqqaşlıq elmi də şəriətimizin
hökmüncə haramdır ki, o barədə danışmağımız əbəsdir. Aya heç bilirlərmi ki, əlifbanın
təğyiri zimnində nə qədər zərərlər vardır? Əgər əlifbamızı dəyişsək, İran
katiblərinin və xoşnəvislərinin bu qədər zəhməti puç və zaye olacaqdır. Heç
bilirlərmi ki, nə qədər xoşxət ilə yazılmış ziqiymət kitablarımız var, məgər
onarı yandıracaqlar və ya çölə atacaqlar? Və bir də ki, əlifbamızı dəyişdirib
oxumaq-yazmağı asanlığa çıxarsaq, onda bizim arvadlarımız və qızlarımız da
asanlıqla oxumaq-yazmaq öyrənəcəklər və onlar ilə naməhrəm kişilərin arasında
irsal-mərsul və naməşru əlaqə vüqua gələcəkdir. Və bir də əlifba təğyirinin qəsdinə
düşən adamların qövlünə görə gərəkdir yazımız da soldan sağa olsun, necə ki, nəsara
millətlərinin yazısıdır. Məgər onlar bilmirlər ki, bizim evlərdə stol-kürsü
yoxdur və stol-kürsüsüz də soldan sağa yazmaq mümkün deyil. Belə olan surətdə gərəkdir
biz ata-babamızın adətini və Xorasan və Fərahən qalılarını və Yəzdəgürd keçələrini
ki, cəmi dünyada onların şöhrəti var- ataq və kürsü üstündə oturmağa ki, bel
ağrısına və bir para mərəzlərə baisdir - təzədən adət edək və bunların hamısı nədən
ötrü? Soldan sağa yazamaqdan ötrü. Bilmirəm nə səbəbə bu cənablar bizlərə - ki,
əlhəmdülillah əhli-islamlıq-məsləhət edirlər ki, küfarə təqlid edək və əlifbamızı
dəyişdirib soldan sağa yazmağa adət edək, nə üçün onlara məsləhət görmürlər ki,
onlar öz əlifbalarını dəyişdirib sağdan sola yazsınlar?
Çün gördüm ki, iranlı rəfiqimin Yevropa elmlərinin
bizə lazım olmadığı barəsində gətirdikləri dəlillər xeyli qüvvəli və möhkəmdir,
ona binaən cavabını əlifba yazanlara həvalə etdim…