
Mixail Zoşşenko. Özüm, ideologiya və başqa nələrsə haqda (Avtobioqrafiya)
- 07.07.2020
- 0 Şərh
- 3603 Baxış
Atam rəssam,
anam aktrisadı. Bunu ona görə deyirəm ki, Poltavada başqa Zoşşenkolar da var. Məsələn:
Yeqor Zoşşenko – qadın dərzisi. Melitopolda da əbə və ginekoloq Zoşşenko var. Qeyd
edim ki, onlarla qohum deyiləm, heç tanış da deyiləm və tanış olmağı da
arzulamıram.
Açığı,
onlara görə heç məşhur yazıçı da olmaq istəmirəm. Mütləq gələcəklər.
Oxuyacaqlar, durub gələcəklər. Ukraynadakı bibim artıq gəlib.
Ümumiyyətlə
yazıçı olmaq çətin şeydi. İdeologiya olmalıdı. İndi yazıçılardan da ideologiya
tələb edirlər.
Voronski
(o yaxşı kişidi) yazır ki:
…
Yazıçılar gərək ideologiyasını müəyyən etsin.
Əcəb
yerdə axşamladıq!
Özünüz
deyin, əgər heç bir partiya məni cəlb etmirsə, mənim nə ideologiyam ola bilər?
Partiya
üzvlərinin fikrincə, mən əxlaqsız adamam. Olsun. Özüm isə özüm haqda bunu deyə
bilərəm: kommunist deyiləm, eser deyiləm, monarxist deyiləm, sadəcə rusam. Üstəlik,
siyasi əxlaqım da yoxdu.
And
olsun, indiyəcən bilmirəm ki, - kimi deyim? Götürək elə Quçkovu… - Quçkov hansı
partiyanın üzvüdü. Hansı partiyanın üzvü olur olsun da. Bolşevik olmadığını
bilirəm, amma eser və ya kadet olub-olmadığını bilmirəm. Bilmirəm, bilmək də
istəmirəm, işdir birdən öyrənsəm, heç nə dəyişməyəcək, yenə Puşkini əvvəlki
kimi sevəcəyəm.
Yəqin
çoxları mənə hirslənəcək (deyəcəklər ki, üç inqilabdan sonra hələ də bəkarətini
qoruya bilib).
Amma bu
belədi. Və buna sevinirəm.
Heç kimə
nifrət eləmirəm – mənim "ideologiya”m budu. Daha dəqiq deyim? Qulaq asın,
deyim. Mənə hamıdan çox bolşeviklər yaxındı. Onlara qoşulmağa da hazıram. Mən də
bolşevik olmasam, kim olmalıdı ki? Mən "Allaha inanmıram”. Hətta savadlı adamın
kilsəyə gedib rənglənmiş şəkilə dua eləməyi mənə gülməli görünür…
Mistik
deyiləm. Qarıları xoşlamıram. Qan qohumluğunu qəbul eləmirəm. Rusiyanı da mujik
kimi sevirəm.
Bu cəhətdən
də bolşeviklərə yaxınam.
Amma
kommunist deyiləm (daha doğrusu, marksist deyiləm) və fikrimcə, heç vaxt da
olmayacağam.
27
yaşım var. Olenka Ziv elə fikirləşir ki, azdı, amma dəqiq 27-di.
13-cü
ildə universitetə daxil oldum. 14-cü ildə Qafqaza getdim. Kislovodska
hüquqşünas K. ilə duelə çıxdım. Ondan sonra dərhal qeyri-adi, qəhrəman və
avantürist olduğumu hiss etdim, könüllü surətdə davaya yollandım. Zabit oldum.
Sonrasını
danışmayacağam, yoxsa özümü soyub-talamalı olacağam. Hazırda "Keçmiş zabitin
qeydləri”ni yazıram. Əlbəttə, əsər özüm haqqında deyil, amma orda hər şey
olacaq. Hətta orda, inqilab vaxtı kvartirmeyster Xorunla bir yerdə şəhər
soyuducusuna salınmağımızı da yazacağam.
Davadan
sonra Rusiyanın çox yerini gəzmişəm. Dülgər işləmişəm, çəkməçi işləmişəm,
telefonçu işləmişəm, "Liqovo” stansiyasında milis işləmişəm, cinayət axtarış
şöbəsinin agenti olmuşam, kart oynamışam, aktyorluq eləmişəm, təzədən Qırmızı
orduya könüllü yazılıb cəbhəyə getmişəm.
Həkim
olmamışam, amma yox, həkimlik də etmişəm. 17-ci ildə, inqilabdan sonra,
batalyon komandiri olmağıma baxmayaraq, əsgərlər məni baş həkim seçdilər. Çünki
polkun həkimi xəstə əsgərlərə məzuniyyəti çox xəsisliklə verirdi.
Mən
onlara üzüyola görünmüşdüm. Ciddi adamam, ciddi danışıram, gülmürəm.
Başıma
gələn hadisələrin siyahısı:
6 dəfə
həbs olunmuşam,
1 dəfə
ölümə məhkum olunmuşam,
3 dəfə
yaralanmışam,
2 dəfə
intihara cəhd eləmişəm,
3 dəfə
döyülmüşəm.
Bunlar
avantüra etdiyimə görə olmayıb, elə-belə, sadəcə bəxtim gətirməyib.
Bu
yaxınlarda məlum oldu ki, ürəyim xəstədi. Ona görə yazıçı oldum. Yoxsa yəqin
ki, pilot da olardım.
Bu qədər.
Hə, lap
yadımdan çıxmışdı. Kitab da yazmışam. Hekayələr kitabıdı (çapa verməmişəm, bəlkə
bir hissəsini çap etdirdim). O biri kitabım – "Sinebrüxovlu cənab Nazar İliçin
hekayələri” satışda var. Məncə Yeyinti məhsulları şöbəsində satılır, çünki
kitab dükanlarının piştaxtalarına düzüldüyünü görməmişəm.
Kitabın
iki nüsxəsi satılıb. Birini mehriban Zoya Qaskeviç alıb, ikincisini isə, məncə
Moqilyanski. Resenziya yazmaq üçün. Üçüncü kitabı Quber almaq istəyirdi, amma
fikrini dəyişdi.
Yekunlaşdırıram.
Müasir
yazıçılardan ancaq özümü və Lunaçarskini oxuya bilirəm.
Müasir
şairlərdən Olenka Ziv və Neldixen xoşuma gəlir.
Quçkovun
isə hansı partiyaya mənsub olduğunu bilmirəm.
Mix.
Zoşşenko, 1922
Tərcümə:
Həmid P.