
Pol Villard. "Məlumat bürosu, zəhmət olmasa!" (hekayə)
- 09.05.2020
- 0 Şərh
- 4986 Baxış
Mən
balaca olanda atamın telefonu var idi. Bu tərəflərdə telefonu olan tək-tük ailələrdən
idik. Divara bərkidilmiş o köhnə, üstü pardaqlı
qutunu yaxşı xatırlayıram. Bir tərəfindən par-par parıldayan dəstək asılmışdı.
Boyum balaca olduğundan telefona əlim çatmırdı, amma tez-tez anamın onunla necə
danışdığına tilsimlənmiş kimi qulaq asardım. Zamanla mən özüm üçün kəşf etdim
ki, bu möcüzəli qutunun içində nəsə qəribə bir varlıq yaşayır və onu "Məlumat
bürosu, zəhmət olmasa!” deyə çağırırlar. Yer üzündə elə bir şey yox idi ki, bu
varlıq onu bilməsin. "Məlumat bürosu, zəhmət olmasa!” vaxtı və bütün telefon nömrələrini dəqiq
deyirdi. Mənim bu "şüşədəki cin”lə ilk təcrübəm anam qonşulara qonaq getdiyi
gün baş tutdu.
Zirzəmidəki
dülgər dəzgahını qurdalayırdım və təsadüfən barmağımı çəkiclə əzmişdim. Dəhşətli
ağrı idi, amma ağlamağın mənası yoxdu, çünki, onsuz da evdə heç kim yox idi, mənə
kimin yazığı gələcəkdi ki.
Zoqquldayan
barmağımı ağzıma soxub evdə o baş-bu başa gəzə-gəzə gəlib pilləkanın yanına
çatmışdım ki, budur, telefon! Cəld qaçıb qonaq otağından kətili götürdüm və onu
pilləkanın yanına gətirdim. Telefonun dəstəyini götürüb qulağıma sıxdım: "Məlumat
bürosu, zəhmət olmasa!”
Bir-birinin
ardınca iki şıqqıltı gəldi və incə, təmiz səs qulağımda səsləndi: "Məlumat
bürosudur”.
"Mən
barmağımı zədələmişəm” - mən telefonda ağlamağa başladım. İndi, özümə dinləyici
tapdığım üçün göz yaşlarımı rahatca axıda bilərdim.
"Anan
evdə deyil məgər?” - sual səsləndi.
"Evdə
heç kim yoxdur, mən təkəm,” - deyə zarıdım.
"Qan
axır?”
"Yox,”
- deyə cavab verdim. "Mən barmağımı çəkiclə əzmişəm və çox ağrıdır”.
"Bəs
sən buz dolabını aça bilərsən?” - o soruşdu. Mən cavab verdim ki, bəli, bilərəm.
"Onda
buz dolabından kiçik bir buz parçası qopart və yaranın üstünə qoy,” - səs dedi.
Bu
hadisədən sonra mən hər dəfə bir bəhanə ilə "Məlumat bürosu, zəhmət olmasa!”
adlı o qəribə varlığa zəng edirdim. Bir dəfə ondan mənə coğrafiyadan kömək eləməyini
xahiş etdim və o, mənə Filadelfiyanın harda yerləşdiyini söylədi. Riyaziyyatdan
ev tapşırıqlarımda əməlli-başlı kömək edirdi, bir gün əvvəl parkda tutduğum dələ
haqda ona danışanda isə, onu qoz və meyvələrlə bəsləyə biləcəyimi söyləmişdi. Sonra
bir dəfə, bizim bülbülümüz Piti öləndə mən yenə "Məlumat bürosu, zəhmət
olmasa!”-ya zəng etdim və ona bu ürək parçalayan xəbəri çatdırdım. O, məni
sonadək dinləyib böyüklərin uşaqları sakitləşdirmək üçün dedikləri o sözlərdən
söyləmişdi. Ancaq mən sakitləşmək bilmirdim və ondan soruşdum ki: "Niyə belə
olur axı? Məgər bu qədər gözəl nəğmələr
oxuyub evlərə sevinc bəxş edən quşlar günlərin bir günü bir yumaq lələk kimi qəfəsin
küncündə ölmək üçün bu dünyaya gəliblər?” O, deyəsən mənim nə qədər narahat
olduğumu hiss etmışdi və buna görə də sakitcə dedi: "Pol,yadında saxla; başqa
dünyalar da mövcuddur və o dünyalarda da nəğmə oxumaq gərəkdir.” Bu sözlərdən
sonra mən bir az özümə gəlmişdim.
Bir
dəfə mən yenə ona zəng etmişdim: "Məlumat bürosu, zəhmət olmasa!” "Məlumat bürosudur,” - dəstəyin o biri
başında artıq mənə tanış olan səs eşidildi.
-
Fikus sözü necə yazılır?
* *
*
Bütün
bunlar Sakit okeanın şimal-qərb sahilində yerləşən kiçik bir şəhərdə baş
vermişdi. Mənim doqquz yaşım olanda isə biz ölkənin ta o biri başında yerləşən
Boston şəhərinə köçdük. Mən öz dostum üçün çox darıxırdım. Amma düşünürdüm ki,
"Məlumat bürosu, zəhmət olmasa” adlı
varlıq yalnız əvvəlki evdə olan o
köhnə taxta qutuya aid ola bilər. Nədənsə, onu təzə evimizin zalındakı kiçik
masanın üstündə yerləşən yepyeni, par-par parıldayan telefon aparatından yığmaq
ağlıma gəlmirdi. Bu vaxt ərzində mən böyüyüb yeniyetmə olmuşdum, lakin
uşaqlığımda qalan o söhbətlərin xatirəsi
bircə an da olsa, məni tərk etmirdi. Rahatsız və təlaş içində olduğum anlarda,
o vaxtlar məni əhatə edən o hüzurlu asudəlik duyğusunu tez-tez xatırlayırdım. Və
məhz o anlarda dərk edirdim: nə qədər xeyirxah, nə qədər səbrli və anlayışlı
olmaq gərəkdi ki, öz zamanını balaca bir oğlana sərf edəsən.
Bir
neçə il sonra mən kollecdə oxumaq üçün qərbə yola düşdüm. Təyyayə Sietldə yerə
endi. O biri təyyarəyə minmək üçün hələ yarım saata qədər vaxt vardı. Bu şəhərdə
yaşayan bacımla təxminən on beş dəqiqə telefonla danışdıqdan sonra, mexaniki
olaraq, nə etdiyimi tam dərk etmədən öz doğma şəhərimin operatorunu yığdım və
"Məlumar bürosu, zəhmət olmasa” deyə xahiş etdim. Bu inanılmaz idi, lakin illər
sonra mən çox yaxşı tanıdığım o incə, təmiz səsi yenidən eşitdim: "Məlumat
bürosudur.” Əslində heç nə soruşmağı planlaşdırmamışdım, amma qəfildən ağzımdan
"fikus sözü necə yazılır?” kəlmələri çıxdı. Uzun bir sükutdan sonra dəstəyin o
başından cavab gəldi: "Deyəsən, barmağın tamamilə sağalıb, hə?”
Mən
güldüm. "Yəni bu doğrudanmı sizsiniz?” - deyə soruşdum. "Bir biləydiniz, bütün
bu zaman ərzində siz mənim üçün necə böyük əhəmiyyət kəsb etmisiniz”. "Bilirəm,”
– o dedi. "Sən də bilməlisən ki, zənglərin mənim üçün nə qədər vacib idi. Onları
elə gözləyirdim ki. Axı mənim heç vaxt öz övladım olmayıb...”
Mən
ona bu illər ərzində onu tez-tez xatırladığımı, onun haqqında düşündüyümü
dedim, soruşdum ki, bacımgilə qonaq gələndə ona yenə zəng edə bilərəmmi?
Çox
xahiş edirəm, zəng elə, - o dedi. Sadəcə olaraq, Sallini telefona istə.
Üç
ay sonra mən yenə Sietlə gəlmişdim. Yenə həmin operatoru yığdım. Bu dəfə başqa
səs cavab verdi. Mən ondan Sallini çağırmasını xahiş etdim. "Siz onun
dostusunuz?” "Bəli, lap köhnə dostuyam,” - mən cavab verdim. "Çox təəssüflə
söyləməliyəm ki,” - qız dedi: "Xəstə olduğu üçün Salli son beş ildir ki, yarımştat
çalışırdı. O, beş həftə əvvəl vəfat etdi.”
Elə
dəstəyi asırdım ki, qəfildən qız soruşdu. "Siz təsadüfən Pol deyilsiz ki?” "Bəli,
özüdür”. ”Bilirsiz, Salli sizə məktub yazıb. İşdir, birdən zəng vurub eləsəniz, onu sizə oxumağımı xahiş eləmişdi”.
Məktubda
deyilirdi: "Ona çatdırın ki, mən, bizim nəğmələrimizi gözləyən başqa dünyaların
mövcud olduğuna hələ də möhkəm inanıram. O, mənim nəyi nəzərdə tutduğumu
anlayacaq”. Mən o qıza təşəkkür edərək dəstəyi asdım. Sallinin nəyə işarə elədiyini
anlayırdım.
Tərcümə:
Dinar Həmidova