
Rasət Pirisoyu. Xıdır Ağsu («Yubiley» romanından parça)
Proza
- 18.07.2020
- 0 Şərh
- 4906 Baxış
Selektor xırıldadı. Katibə əlüstü cavab veridi:
-Eşidirəm, Teymur müəllim…
-Xıdırı göndər yanıma …
Bir beş dəqiqə keçməmiş Xıdır Ağsu qapını açıb nəzakətlə içəri boylandı:
-Teymur müəllim, məni çağırmısınız?...
Baş redaktor əli ilə Xıdır Ağsunu içəri çağırdı:
-Gəl, gəl, Xıdır.
Xıdır Ağsu kabinetə daxil oldu.
-Demək belə - baş redaktor oturmaq üçün Xıdır Ağsuya yer göstərdi, amma Xıdır Ağsu ehtiram əlaməti olaraq oturmadı
- Gedirsən Dağkərana. Səni icra hakimiyyətində qarşılayacaqlar. Orda bir yazıçı var, onun adı nə oldu? - baş redaktor stolun üstündəki bir yığın kağız - kuğuzun içərisində yazıçının adını yazdığı vərəqi axtarmağa başladı, amma tapa bilmədi. Əlini yellədi:
-Əşşi, nə fəriqi var, adı nədir? Dağkəranda adını öyrənərsən.
Xıdır Ağsu hər ehtimala qarşı yazıçının adı ilə bağlı Teymur Göyçəliyə balaca bir ipucu vermək qərarına gəldi.
-Mətbuatda vaxtaşırı ədəbiyyat davası salan bir yazıçı var, bəlkə onu deyirsiniz?
-Onun adı nə oldu?
-Cavanşir Aslanoğlu...
Xıdır Ağsunun cavabı Teymur Göyçəlini məmnun etdi.
-Ay sağ ol. Hə, Cavanşir Aslanoğlu. Bax gedib o yazıçını tapırsan...
-Oldu, Teymur müəlləim…
Xıdır Ağsunun «Vətən» qəzetində işə düzəlməsindən heç iki ay keçməmişdi. Amma buna baxmayaraq, artıq üçüncü dəfəydi ki, qəzetin baş redaktoru şəxsən onu öz kabinetinə çağırır, məxsusi tapşırıq verirdi. Necə deyərlər, onu baş redaktora məxsus «kuxna»ya buraxırdı.
-Həəə, deməli belə… Gedib onu tapırsan. Müsahibə alırsan. Özü maraqlı bir şey desə, deyib, deməsə, burda bir şey fikirləşib yazarıq. Yubileyi keçiriləcək, tədbirdə iştirak edirsən, şəkillər çəkirsən, çalış şəkillər koloritli olsun. Mən koloritli deyəndə nəyi nəzərdə tutduğumu bilirsən də…
-Bilirəm.
-Özünü elə apar ki, yazıçı ilə aranda problem yaranmasın. Deyirlər bir az şərə - şür yazıçıdır. Dağkəran icra hakimiyyətində sənə hər cür kömək göstərəcəklər.
-Anladım. Nə vaxt yola düşməliyəm?
-Elə sabah. İcra hakimiyyətində sənin əlaqə saxlayacağın adamın adı Dadaşbaladır… - Nə səbəbəsə, Teymur Göyçəli öz - özünə mızıldandı: - Ada bax e, Dadaşbala…- Sonra yenə üzünü Xıdır Ağsuya tutdu:
-Sualın yoxdur ki?
-Yox, Teymur müəllim
-Di, Allah amanında…
* * *
Köhnə tanışlarından biri Teymur Göyçəliyə telefon açıb, Dağkəranda maraqlı bir yazıçının yaşadığını, bu gözəl insanın yubiley yaşına çatdığını, bunun ən azı dostlar tərəfindən qeyd olunmasının və işıqlandırılmasının vacibliyini xahiş edəndə, Teymur Göyçəlinin yadına düşən ilk adam Xıdır Ağsu oldu.
Teymur Göyçəli hər dəfə Xıdır Ağsu haqqında düşünəndə canında bir - birinə zidd qəribə hissələr baş qaldırıdı, bir tərəfdən arxayın olurdu ki, tapşırıq yerinə yetiriləcək, o biri tərəfdən də anlaşılmaz bir əndişə onu sıxırdı.
Axı bu adam nəyiynən bir - iki həftənin içində onun saqqızını oğurladı. Qohumuydu? Yox! Yerlisiydi? Yox! Hansısa tanışının qohumuydu? O da, yox! Heç Teymur Göyçəli Xıdır Ağsunu düz-əməlli tanımırdı da.
Teymur Göyçəlinin Xıdır Ağsunu işə götürməsinin qəribə tarixçəsi vardı.
Günlərin bir günü katibəsi içəri girib qəzetin baş redaktoruna demişdi ki, Teymur müəllim, bir nəfər gəlib, Sizi görmək istəyir. Teymur Göyçəli soruşmuşdu ki, məni neyləyir, de, getsin müavinin yanına? Katibə demişdi ki, deyir, Teymur müəllimin ad gününü təbrik etməyə gəlmişəm. Əlində də böyük bir gül dəstəsi var.
Sonra katibə bir az naz - qəmzəylə:
-Doğurdan a, Teymur müəllim, bu gün Sizin ad gününüzdür? Nə əcəb, nə əcəb… Təbirk eləyirəm.
Birdən - birə Teymur Göyçəli xatırlamışdı ki, doğrudan da, bu gün onun ad günüdür. Amma bu ad günü içi Teymur Göyçəli qarışıq heç kəsin yadına düşməmişdi. Amma görünür, belə deyilmiş. Onun da ad gününü xatırlayan varmış.
Teymur Göyçəlini maraq götürdü.
Qəzetə baş redaktor təyin olunandan bəri Teymur Göyçəli tanımdağı adamlardan heç kəsi qəbul etmirdi. Hamını müavinin yanına göndərirdi. Amma bu dəfə, təbii ki, gələn adamı müavinin yanına göndərmək olmazdı:
-Yaxşı, cağır görüm kimdir?
Cavan bir oğlan qapını açıb otağa girdi. Əlində tutduğu böyük gül dəstəsini düz Teymur Göyçəlinin qənşərindəki stolunun üstünə qoydu və baş redaktoru təbrik etdi və sonra ona maraqla baxan Teymur Göyçəlini intizardan qurtardı.
- Teymur müəllim, mən bilirəm, Sizin qəbulunuza düşmək müşkül məsələdir. Amma nə yaxşı ki, Sizin ad gününüz var. O mənə Sizin qəbulunuza düşmək imkanı yaratdı. Allah ad günlərinizi Sizə çox görməsin.
Teymur Göyçəli - Sağ ol! - deyib sual dolu nəzərlərinə bir balaca təbəssüm əlavə etdi:
-Eşidirəm.
Cavan oğlan baş redaktorun təbəssümündəki mehribanlığı göydə tutdu:
-Sizdən bir xahişim var.
Oğlan özünü əhlikef yerinə qoysa da, hərəkətləri kifayət qədər səliqəliydi, olçülü - biçiliydi, qətiyyən narahatlıq yaratmırdı, əksinə adamda özünə maraq oyadırdı.
-O nə xahişdi elə?
-Mən Sizin qəzetdə işləmək işləyirəm.
-Təhsilin?
-Ali təhsilliyəm, həm də tarixçiyəm.
-Bu vaxta qədər harda işləmisən?
-«Özgür» qəzetində!
Teymur Göyçəli «Özgür» qəzetinin alını eşidən kimi üz-gözünü turşutdu.
-Ay yay-yay-yay… - amma bunu elə dedi ki, elə bil dayı hansısa xoşagəlməyən hərəkətinə görə bacısı oğlunu məzəmmət eləyirdi.
Xıdır Ağsu gülümsündü:
-Teymur müəllim, mən Sizdən «Özgür» qəzetinin baş redaktoru Fəttah Alpəri işə götürmək xahişinə gəlməmişəm e...
Cavab Teymur Göyçəlini güldürdü.
Teymur Göyçəli bircə anın içində qərar qəbul etdi. Özü də Xıdır Ağsunu heyrətə salan bir qərar.
-Yaxşı, get tarix və mədəniyyət şöbəsinə… Sənin yazılarına özüm nəzarət edəcəyəm.
Bundan sonra Teymur Göyçəli müavini vasitəsi ilə Xıdır Ağsuya bir neçə yazı yazmaq tapşırığı vermişdi. Xıdır Ağsu tülkü fəhmi ilə o dəqiqə hiss etmişdi ki, tapşırıq Teymur Göyçəlidən gəlir. Xıdır Ağsu yazıları hazırlayıb təqdim etmişdi, müavin də öz növbəsində materalları Teymur Göyçəliyə göstərmişdi. Teymur Göyçəli yazıları oxuyandan sonra mat - məəttəl qalmışdı; ona elə gəlmişdi ki, yazıları o özü yazıb, amma bir balaca üslub fərqiylə …
Az keçməmiş Xıdır Ağsunun yazıları yuxarıları da maraqlandırmağa başladı.
Bu hətta baş redaktoru bir az qorxutmuşdu da. Əslində qorxmağa da dəyərdi; axı bu dünyada başqalarının da ad günü varıydı və Xıdır Ağsu onun adı gününü təbrik etdiyi kimi, bir başqasının da ad gününü təbrik edə bilərdi.
Teymur Göyçəli əvvəl hər etimala qarşı Xıdır Ağsunu əzmək fikrinə düşmüşdü. Amma buna cəhd göstərən kimi Xıdır Ağsu özünə elə bir yazıq görkəmi vermişdi ki, Teymur Göyçəli üçün onu əzməyin heç bir mənası qalmamışdı. Baş redaktor təcrübəsindən bilirdi ki, əslində ən qorxulu adamlar da belələrindən olur. Amma baş redaktor həm də bilirdi ki, belələrindən indiki şəraitdə həm də yaxşı komanda düzəltmək mümkündür.
Ona görə də baş redaktor əvvəliki qərarından əl çəkib, Xıdır Ağsunu öz kadrı kimi yetişdirmk qərarına gəlmişdi.
* * *
Xıdır Ağsu yaşadığı cəmiyyətin bivec adamlar yığnağı olduğu qənaətinə nə vaxt gəlmişdi, heç özü də bilmirdi. Eləcə günlərin bir günü gözünü açıb görmüşdü ki, cılız, mənasız, gici-gici adamların əhatəsindədir və o, ətrafındakı adamlardan bezib və deyəsən, elə o özü də ətrafındakı adamları çoxdan boğaza yığıb. Xıdır Ağsu içərisində gündən - günə güclənən bu hissdən yaxa qurtarmaq üçün oxuduğu kitablarda, ünsiyyətdə olduğu adamlarda, baxdığı filmlərdə, üz tutduğu tarixi şəxsiyyətlərdə, hətta gəzdiyi küçələrdə, simpatiya bəslədəiyi qızlarda, qadınlarda təsəlli axtarsa da və hətta arada bu təsəllini tapsa da, bu hiss ondan əl çəkmədi. Əksinə üz tutduğu bütün ünvanlar onun diqqətini hər gün yaşadağı həyatın iyrəncliklərinə yönəltdi. Xıdır Ağsu ən nəhayət bu hisslə barışmalı oldu. Nə qədər qəribə olsa da, bu hiss Xıdır Ağsunu həm adamlardan uzaqlaşdırırdı, həm də onu adamalara yaxınlaşdırırdı. Əvvəllər Xıdır Ağsu ağına - bozuna baxmadan hamıyla dil tapırdı, başqalarının ürəyindəkilərini dinlədyi kimi, öz ürəyini də başqalarına açırdı və ağlına da gətimirdi ki, bu, nə vaxtsa onun əleyhinə çevirilə və içərisində xoşagəlməz hisslər oyada bilər. Xıdır Ağsu adamlara nifrət etmirdi, yox. Nifrət etsəydi nə varıydı ki... Nifrət ən azı ələ gələn hissdir. Nifrəti idarə etmək olur. Və sən nifrət etdiyin adama, adamlara, hadisələrə, proseslərə, ideologiyalara, qorxaqlara, nadanlara, yaltaqlara ... niyə nifrət etdiyini bilirsən. Çətini nifrət etdiyin ünvanı tanımaqdır. Ünvanı tanıyandan sonra o ünvandan üz döndərmək adamı bu zəhlətökən nifrət hissindən asanliqla uzaqlaşdırırdı.
Amma bu hissi, yəni iyrənmək hissini, ələ gətirmək müşkül məsələydi. İyrəndiyin ünvandan üz döndərmək iyrənmək hissinin vecinə deyildi. Bu hiss ya vardı, ya yoxdu. Bu hiss Xıdır Ağsunu ən gözlənilməz anlarında yaxalayırdı. Bir də görürdün kiminsə, hansısa cümləsi, yaxud hərəkəti, lap elə gülüşü, yerişi, duruşu Xıdır Ağsunu iyrənmək hissinin girdabına salırdı, Xıdır Ağsunun lənətə gəlmiş ağlı müşahidə etdiyi iyrəncliyi ən kiçik detallarına qədər açıb Xıdır Ağsunun ovcuna qoyurdu. Bu, Xıdır Ağsunun əhvalını əməlli - başlı pozurdu, yaddaşı özündən asılı olmayaraq ən adi xatırlamadan belə hədsiz mənfi informasiya və emosiya alırdı, ağlı əlüstü bu informasiyanı işlməyə başlayırdı və ən pisi də oydu ki, ağlının bu qəribə oyunu onda birbaşa ürək bulanmaları yaradırdı və Xıdır Ağsu doğrudan – döğruya qaytarmaq istəyirdi.
Xıdır Ağsu adamlardan niyə iyrəndiyini, niyə incik düşdüyünü, nə səbəbə bezdiyini heç özü də başa düşmürdü. Hətta ən adi insani hisslərlə yaşayanlar da - təhsil almaq, hansısa peşəyə yiyələnmək, ev-eşik qurmaq, oğul- uşaq sahibi olmaq, pul qazanmaq, vəzifə tutmaq, ad alıb elm aləmində baş dolandırmaq, siyasətə qoşulmaq, qeyri - hökumət təşkilatı yaratamq, sayt açmaq... istəyən adamlar da - bəzən onda ikrah hissləri oyadırdı. Elə bil adamlara ucdantutma şeytan yağı sürtmüşdülər. Öz cılızlığını, maymaqlığını, ən azı yaşadıqları cəmiyyətin onları bu hala saldığını (əslində Xıdır Ağsı heç onu da dəqiq bilmirdi ki, adamlar cəmiyyəti bu hala salıb, yoxsa cəmiyyət adamları. Ümumiyyətlə, Xıdır Ağsu «bu hala salıb» deyəndə nəyi nəzərdə tutduğunu da bilmirdi) başa düşən adamlara Xıdır Ağsunun ürəyində insafa bənzəyən nəsə bir hiss qalmışdı, amma öz gic -giciliyini anlamayan və yaxud anlamaq istəməyən, gecə - gündüz hamıya ağıl verən adamları Xıdır Ağsunun görməyə gözü yox idi. O, belə adamlara sadəcə dözməyi bacarmırdı. Xıdır Ağsuya fırıldaq gələn, yaxud ələ salan, hətta təhqir edən, onu adam yerinə qoymayan adamlar da Xıdır Ağsunun ürəyini bu gic-gicilçər qədər bulandırmırdı. Xüsusən öz hərəkətlərini maymaq mübarizələriylə - müxalifətdə olmaq, şeir, hekayə, xüsusən də esse yazmaq, elmi ad qazanmaqla ört - basdır etmək istəyən, özünü qəhrəman, dahi, vicdan əzabkeşi, qəhrəman, siyasi məhbus, əvəzi olmayan məmur kimi aparan, az - çox abırlı adamları çirkab içərisində boğmağa həmişə hazır olan bu adamlar - bu «jurnalistika» fahişələri, bu «azad söz» dəyyusları - Xıdır Ağsunu həftə səkki mən doqquz depressiyaya salırdı..
Belə adamlarla məzələnmək Xıdır Ağsuya dəhşətli dərəcədə ləzzət verirdi.
Xıdır Ağsu öz jurnalist fəaliyyətinə «Özgür» qəzetində başlamışdı. Və tezliklə başa düşmüşüdü ki, «Özgür» qəzetində uğur qazanmaq üçün dərin - dərin dəryalara baş vurmağa ehtiyac yoxdur. Bunun üçün sadəcə məmləkəti başına götürümüş dedi-qoduya, şər- şəbədəyə cani-dildən qoşulmaq və bu dedi - qodunu, şər- şəbədəni ən azı «ağıllı, vicdanlı, ən əsası tənqidi sözə» çevirmək kifayətdir.
Məmləkət isə xirtdəyə qədər dedi -- qodunun içində vurnuxurdu; az qala hamı bir - birinə hərbə - zorba gəlirdi. Sosial şəbəklər bir - birindən qəribə hadisələrlə dolub daşırdı. Söyüş, təhqir, böhtan getdikcə adi hal alırdı. Hamı yazırdı, hamı münasibət bildirirdi, hamı ittiham edirdi, hamı barmaq silkələyirdi. Deyilənlərin heç biri biliyə əsaslanmırdı. Bilik deyilən şey, ümumiyyətlə məmləkətdən üz döndərmişdi. Məmləkət anlaşılmaz, nəhəng gic --gicilər xoru xatırladırdı. Və bu xor iki yerə bölünümüşdü; iqtidar və müxalifət xoruna. Hər iki tərəfin özünəmxsus fırıldaqları, yalanları, qəhrəmanları vardı. Bu xorun nə demək istədiyini heç kəs axıra qədər başa düşmürdü. Və bu nəhəng xoru şəxsiyyəti, düşüncə tərzi, məqsədi xeyli şübhəli görünən adamlar idarə edirdi. Bu azmaş kimi, televiziyalar, qəzetlər, saytlar, sosial şəbəkələr, yutub bu xoru əttökən şəkildə bir ucdan məmləkət əhlinə təqdim edirdi, heç kəs bu gün ağzından tökdüyü zibil üçün sabah xəcalət hissi keçirmirdi. Bir sözlə, iyrənclik ölkədə meydan sulayırdı. Özü də bu dedi - qoduların əksəriyyəti siyasi dedi - qodulardı.
«Özgür» müxalifət qəzetiydi.
Xıdır Ağsu özü də, necə deyərlər, müxalifətçi ailəsində doğulmuşdu. Atası Qarabağ döyüşçüsü olmuşdu. Yaralanmışdı. Bir tərəfini iflic vurmuşdu. Yaxşı eşitmirdi, yaxşı görmürdü. Arada, imkan düşəndə, beş - on gün müalicə alırdı, bu beş - on günlük dava - dərman yazıq kişini bir balaca qaldırıb ayaq üstə qoyurdu, sonra müalicədən aylarla uzaq düşürdü. Vaxtaşırı müalicə olunmaq üçün pul lazımdı, pul isə yoxdu. Amma buna baxmayaraq, sürünə - sürünə də olsa, yaşayırdı, başına gələnlərdən qətiyyən peşman deyildi, tez -tez körpə Xıdırı, balaca Xıdırı, yeniyetmə Xıdırı özündən nümunə götürməyə çağırırdı. Dilində də son beş - on ildə qəribə bir cümlə, bəlkə də misra peyda olmuşdu: «Göy üzü, biz dünyadan gedər olduq, türk xalqı Sənə əmanət». Bu nə cümləydi, bu nə misraydı belə, atasının dilinə düşmüşdü; Xıdır Ağsu ha fikirləşirdi bir şey anlaya bilmirdi. Amma «biz dünyadan gedər olduq» misrasını hardasa, hansısa əsərdə oxuduğu yadına düşürdü, amma hansı əsərdə, xatrılaya bilmirdi. Hərdən də fikirləşdirdi ki, atası «axı niyə türk xalqını «Allaha» yox, məhz göy üzünə tapşırırıdı? Doğrudur, son iyirmi, otuz ildə «göy üzü» ifadəsi yazı - pozuda o qədər işlənmişdi ki, bir xeyli qələm əhli «allah» sözündən bilmərrə imtina edib, «allah» sözünü əvvəl «tanrı», sonra da «göy üzü» sözüylə əvəzləmişdi.
Xıdır Ağsunun atası – Xızır Ağsu 1997 - ci ilin 17-si iyunda ayaq üstündəcə keçindi. Birdən - birə ürəyini tutub kürəyini həyətlərindəki nəhəng qoz ağacının gövdəsinə söykədi, ağacın kələ-kötür kövdəsi boyu üzü aşağı sürüşdü, ayaqlarını irəli uzadıb ağacın dibində torpaq üstünə çıxıb bərkimiş, az qala oturacaq şəkilinə düşümüş kökləri üstündə oturdu və öldü. Atası öldüyü gün Xıdır Ağsu evlərinin eyvanda durub atasının son hərəkətlərini izləyirdi, ona elə gəlirdi ki, atası yenə də son illərdə dilinə düşən «göy üzü, biz dünyadan gedər olduq, türk xalqı Sənə əmanət» sözlərini pıçıldayır, amma bu pıçıltı əvvəlki pıçıltılarından nəyləsə fərqlənirdı. Amma nəylə? Xıdır Ağsu ha fikirləşidirdi , bunu da bir yerə çıxara bilmirdi, hər şeyi görürdü, amma nə baş verdiyini anlamırdı, amma həm də biliridi ki, nə isə, atası yaxşı deyil, ona görə də eyvandan düşüb atasına doğru yüyürdü, özünü atasına yetirdi. Atasının ağzı bir balaca açılmışdı, rəngi avazımışdı, gözləri harasa, uzaqlara - göy üzünə - dikilmişdi:
Atasının bu baxışları Xıdır Ağsuya yaxşı tanışdı. Atası həmişə uzaqlara belə baxanda mütləq ya bir misra, ya bir beyt, ya da bir bənd şeir deyirdi:
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim…
Xıdır Ağsu uzun müddət atasının qarşısında dayanıb nə baş verdiyini anlamağa çalışdı. Handan - hana hiss etdi ki, deyəsən atasının huşu başında deyil, hətta, allah eləməmiş, bəlkə də ölüb. Anasına heç nə demədi. Anası yuduğu paltarları evlərinin arxasından axan arxda suya çəkirdi. Xıdır Ağsu atası ilə nə baş verdiyini tam başa düşmək üçün əmisigilə yüyürdü.
Yaxşı ki, əmisi evdəydi.
Əmisi Xıdır Ağsunun sözlərini axıracan dinləmədi. Elə bil Xıdır Ağsunun nə deyəcəyini əvvəlcədən bilirdi, ayaqqabılarını da ayğına almadan özünü qardaşının həyətinə saldı.
Xızırı qucaqladı və zarıdı:
-Ay Xızır...
Xızırdan səs çıxmadı.
Əmisi bir də çağırdı:
-Ay Xızır... - və hönkürdü...
Xıdır Ağsu hər şey başa düşdü...
Adamlar Xızır müəllimin ölümündən necə, nə vaxt, hardan xəbər tutdular, Xıdır bilmədi. Bir də onu gördü ki, həyətləri adamlarla doludur. Adamlar Xızır Ağsunu ağacın oturacaq şəklinə düşmüş köklərindən ehmalca ayırıb yerə uzatdılar və gözlərini qapadılar. Sonra hardansa tapıb gətirdikləri brezentlə Xızır Ağsunu uzatdıqları yeri əhatəyə aldılar. Həyətdə ocaq qalayıb, su qızdırdılar, isti suyu vedrə -- vedrə brezentin içərisinə daşımağa başladılar.
Arada Xıdır Ağsu girəvəyə salıb brezent çəpərin içərisinə boylandı. Brezent çəpərin içərisinə bir neçə mişar daşı döşənmişdi, o daşların üzərinə böyür - böyürə üç qalın və enli taxta qoyulmuşdu və atasını o taxtaların üstünə uzatmışdılar, atası çılpaqıydı, içəridə bir neçə adam olmasına baxmayaraq əmisi gözlərini silə - silə su tökürdü, qoca bir kişi də atasını yuyurdu.
Bir azdan həyətə mafa da gətirdilər. Mafanı brezent çəpərin içərisinə saldılar. Sonra Xızır müəllimi ağ kəfənə büküb mafaya uzatdılar, kəfənin üstünü hardasa tapıb gətirdikləri palazla örtdülər və mafanı brezent çəpərin içindən çıxarıb, həyətdə üzü qibləyə qoydular.
Sonra kəndin mollası mafanın böyründə dayanib uca səslə «Quran» oxumağa başladı.
Sonra cavan uşaqlar həyətdə çadır qurmağa başladılar.
Axşama az qalırdı.
Molla adamları tələsdirməyə başladı
Adamlar Xızır Ağsu uzanan mafanı qaldırıb çiyinlərinə aldılar.
Xıdır Ağsu da onlara qoşuldu.
Adamlar kənd qəbirstanlığına üz tutdular.
Yolda heç nə olmamış kimi adamlar söhbət edirdilər. Hətta gülənlər də vardı. Birdən kəndlərində hamının səy deyib çağırdığı səy Ağabəy Xıdıra eşitdirmək üçünmü, ya yandığındanmı, ya da elə - belə, bəlkə də söz xatirinə hamının eşidə biləcəyi bir səslə dedi:
-Xızır müəllimi Elçibəy öldürdü. Bu gün iyunun 17-dir. Elçibəyin Kələkiyə qaçdığı gündür. Elçibəy Kələkiyə qaçandan sonra rayonlar bir -birinin ardınca getdi. Xızır müəllim də təkcə müəllim deyildi, həm də döyüşçüydü, ürəyi dözmədi...
Adamlar səs sahibinə cavab vermədilər. Heç səs gələn tərəfə dönüb baxan da olmadı. Birdən - birə tabutun arxasınca gedənlərin arasında qəribə bir sakitlik yarandı. Xıdıra elə gəldi ki, adamlar bir - birinin üzünə baxmağa utanır. Adamlar arasında birdən - birə belə bir sakitliyin niyə yarandığını Xıdır Ağsu nəinki o gün, heç illər sonra da düz-əməlli anlaya bilmədi. Amma Xıdır Ağsu atasını yaxışı tanıdığı üçün səy Ağabəyin sözünə inandı.
Xızır müəllimi torpağa tapşıranda artıq gün batmışdı.
Xıdır Ağsu atasıyla beləcə həmişəlik ayrıldı.
Atasının sir - sifəti uzun müddət gözləri qarşısından çəkilib getmədi.
Gecələr yuxusunda gördü. Gündüzlər hənirtisini həyət - bacada, böyür-başında, arxasında hiss etdi. Bəzən ona elə gəldi ki, geri çevrililib baxsa, atasını görəcək. Hətta atasını görmək üçün dönüb arxasına baxdı da. Amma o, atasını heç yerdə tapa bilmədi. Eləcə atasını ev-eşikdə, həyətlərindəki ağacların arsında, yolda-izdə axtara - axtara unutmağa başladı. Doğrudur, arada ürəyi sızım - sızım sızıldadı. Atasını görmək üçün burnunun ucu göynədi. Sonra bu sızılıtıların arasındakı fasilələr uzandı. Amma o sızıltılar heç bir vaxt azalmadı. İndinin özündə də atası yadına düşəndə, Xıdır Ağsunun ürəyi o gün olduğu kimi göyüm-göyüm göynəyirdi.
Anası da Xızır müəllimin ölümünü sakit qarşıladı.
Yas məclisləri də səssiz - səmirsiz keçdi.
Bir neçə gündən sonra, hamı , hətta anası da Xızırı unutdu. Xıdır Ağsu anasından incimədi. Xıdır Ağsu atasının anasına çox zülm elədiyini yaxşı bilirdi. Xızır müəllim ər deyildi, millət dəlisiydi. Adamlar sovet hökumətinin dağılmasından istifadə edib, həyət - bacalarının hasarını bir daş da qaldırdanda Xıdır Ağsu gül kimi evini - eşiyini qoyub, əlinə ov tüfəngi aldı, Qarabağda ermənilərlə döyüşməyə getdi. İlyarımdan sonra ordan əlil qayıtdı. Xızır müəllimi iflic vurandan sonra evin kişi işi də anasının boynuna düşdü.
Birdən- birə hamı Xızırı müəllimi unutdu.
Bircə Xıdır Ağsu Qarabağ döyüşçüsü, kəndlərinin dil-ədəbiyyat müəllimi, şair, paralic Xızır müəllimi unuda bilmədi.
Atasının ölümündən beş il sonra Xıdır Ağsunun Bakı həyatı başladı. O, Bakı Dövlət Univerisitetinin tarix fakültəsinə daxil oldu.
Xıdır Ağsu elə birinci kursdaca anladı ki, anasının həyət -bacadan toplayıb bazara çıxardığı meyvələrin puluyla Bakıda baş saxlaya bilməyəcək. Nəinki baş saxlaya bilməyəcək, hətta çox ola bilsin, təhsilini də yarımıçıq qoyacaq.
Amma Xıdır Ağsu oxumaq istəyirdi. Çox istəyirdi oxusun. Bu istəyi ona atası aşılmaşıdı. Bu hiss bir növ atasından ona yadigarıydı. Bu oxumaq həvəsi bəlkə də, həm də, buna görə Xıdır Ağsuya çox əziziydi.
Xıdır Ağsu təhsilini yarımçıq qoymamaq, anasını min bir əziyyətlə qazanıb ona göndərdiyi pul - paradan azad etmək, necə deyərlər, Bakı kimi mürəkkəb bir şəhərdə ayaqları üstündə möhkəm durmaq üçün yollar aramağa başladı.
Boş vaxtlarında sərnişin avtobuslarında dəftər, qələm, pasport üzlüyü, nəm salfetka, oyuncaq... satdı. Ayrı - ayrı redaksiyadardan götürdüyü qəzetləri həm küçə satışına çıxardı, həm də özü oxudu. Dərsdən sonra 28 may metrosunun nəhəng yeraltı satış mərkəzində satıcılara kömək etdi, elə birinci kursda institutu atıb ayaqqabı alveri ilə məşğul olun tələbə dostu Qabilin yanında satıcı kimi işə düzəldi. Nəticədə başa düşdü ki, bütün bu məşğuliyyətlər ona nəinki qazanc gətirmir, əksinə ziyan vurur; ən azı ayda bir ayaqqabı dağıdır, bütün günü ayaq üstündə olduğundan aclıq hissindən yaxa qurtara bilmir, elə hey yemək və su içmək istəyir, hədsiz yorulur, dərslərini yetirmir, əl-ayağının sızılıtısından gecələr yuxuya getməsi, yorğunluqdan səhərlər yuxudan oyanması problemə dönür, tez-tez xəstələnir...
Günlərin bir günü, o, elə - belə söhbət xatirinə, dərdini Qabilə danışdı. Ağrıdığını, yorulduğunu, dərslərdən geri qaldığını dedi. Qabil Xıdır Ağsunun dediklərini qəribə bir təbəssümlə dinlədi və soruşdu:
-İndi neyləmək istəyirsən?
-Heç özüm də bilmirəm, neyləyim...
Qabil peysərini qaşıdı.
-Bilirsən, Xıdır, mənə naparnik lazımdır.
-Nə lazımdır?
-Naparnik...
-Naparnik nədir?
-Necə yəni, naparnik nədir? Naparnik naparnikdir də...
Gülməli bir vəziyyət yarandı. Xıdır Ağsu soruşdu ki, «naparnik» Azərbaycan sözüdür. Qabil dedi, hə... Xıdır Ağsu israr etdi; bəs onda mən bu «naparnik»in nə olduğunu niyə bilmirəm?
Qabil dilxor oldu:
-Əşi, mən nə bilim sən niyə bilmirəsən?
-Bəlkə ingilis dilindədir?
Qabil səsini qaldırdı:
-Yox, Azərbaycan dilindədir...
Kimsə arakəsməsinin o üzündən qışqırdı:
-Ey, gicbəsərlər, «naparnik» rus sözüdür... «Ortaq» deməkdir...
Arakəsmənin o üzündən gələn səs onların hər ikisini pərt etdi. Amma neyləmək olardı? Yeraltı satış mərkəzi elə qurulmuşdu ki, hətta dükanlarda pıçıltıyla danışmağın da xeyri yoxdu, hər şey, alış - veriş mübahisələri, kimin qiymətdə güzəştə getdiyi, kimin güzəştə getmədiyi, gün ərzində hansı dükançının nə qədər alver etdiyi, bir sözlə, bütün söhbətlər arakəsmələrin o biri üzündəki dükanlarda açıq - aydın eşidilirdi.
Pərtlik davam edirdi.
Bu pərtliyin bir cavabı olmalıydı.
Qonşu dükanlardakı pıçıltılar da kəsilmişdi.
Birdən həm Qabil, həm də Xıdır eyni vaxtda qışqırdılar:
-Donqulu! Donqulunun biri donqulu!
Söz Qabillə Xıdır Ağsunun ağzından çıxan kimi qonşu dükanda kimsə əlini əlinə vurub, qəhqəhə çəkdi. Səs sahibi də, Qabilin dükanına bitişik hər üç dükanın satıcıları da əlini əlinə vurub qəhqəhə çəkən satıçının səsinə səs verib gülməyə başladılar. Hətta hansı dükandasa bu qəhqəhələrə bir qadın səsi də qoşuldu?
-Kişi başınızı yerə soxum...
Gülməkdən başqa əlaç qalmadı.
Qalib də, Xıdır da qəhqəhə çəkənlərə qoşulub bir xeyli güldü.
Qəhqəhə dalğası ötüb keçəndən sonra Qabil daha həvəslə söhbətə qoşuldu:
-Hə, ortaq... Mənə ortaq lazımdır. Bir balaca da pulum var. Doğrudur çox deyil... Amma bu dükanı işlətmyə çatar. At bu institutu, gəl qoşul mənə, alverə girişək, gedib Türkiyədən, Çindən, Rusiyadan mal gətirərik...
Xıdır Ağsu Qabilin təklifindən qorxdu.
Birdən - birə Xıdır Ağsuya elə gəldi ki, o, doğrudan da institutu atıb Qabilə qoşula bilər. Ona görə əlüsütü Qabilə etiraz etdi.
-Sağ ol, Qabil. Yox! Mən oxumaq istəyirəm.
Qabil Xıdır Ağsunun oxumaq həvəsini açıq düşmənçiliklə qarışladı, hətta arada Xıdır Ağsunu doladı da:
-Oxuyub neyləyəcəksən, ay yetim. Alim olacaqsan? Kimə lazımdır sənin alimliyin? Bax, dur keçək bizə «gicbəsər» deyən satıcının dükanına, təhsilini soruşaq. Məlum olacaq ki, ali təhsillidir. Bəlkə də elmələr namizədidir. Ya bəlkə də professordur...
- Məni bağışla, Qalib.
Xıdır Ağsu birdən -birə hiss etdi ki, darıxır, hətta deyəsən bir az da boğulmağa başlayıb.
Qabil isə davam edirdi:
-Nolar... Oxumaq istəyirsən, oxu. Mənim babama Lenin, sənin babana Stalin, mənim atama Heydər Əliyev, sənin atana Əbülfəz Elçibəy oxumağı məsləhət görüblər. Hətta allahın özü də Məhəmməd peyğəmbərə Quranı nazil edəndə «oxu» deyib... Elə «Quran» sözünün mənası da «oxu!» deməkdir... Oxumaq istəyirsən oxu da...
Xıdır Ağsu Qabilin onun oxumaq istəyini niyə aşkar düşmənçiliklə qarişladığını başa düşürdü. Başa düşürdü ki, Qabilin təhsildən əl çəkməsinin səbəbəi puldur. Qabil kurslarında hamıdan savadlıydı. Hətta müəllimləri də bunu etiraf edirdi. Amma buna baxmayaraq Qabil istitutu atdı. Çox güman ki, o, təkcə institutu atmayıb, ola bilsin, o, ümumiyyətlə, elimdən, təhsildən, savaddan, hətta ola bilsin ağıldan da üz döndərib. Axı bir haldakı yaşadığın dünyada hər şeyi pul həll edirsə, puldan savayı o dünyada nəyəsə üz tutmaq ağılsızlıq əlaməti deyildimi?
Xıdır Ağsu hiss etdi ki, getməlidir. Daha Qabillə bir yerdə olmağın heç bir əhəmiyyəti yoxdu. Qabil yolxucu xəstəlik kimi bir şeyidir. O, nə qədər ki, Qabilə yoluxmyaıb bu dükandan uzaqlaşmalıdır.
Xıdır Ağsu ayağa qalxıb, Qabilə əl uzatdı, minnətdarlıq etdi, hətta hər gün aldığı gündəlik haqqını da Qabildən götürmədən dükandan çıxdı.
Qabil Xıdır Ağsunun arxasınca baxa - baxa qaldı.
Üç gündən sonra Qabil gəlib Xıdır Ağsunu institutda tapdı.
Qabil Xıdır Ağsuyla soyuq görüşdü. Heç gülümsəmədi də... Soruşdu:
-Deyirlər, sən Qarabağ döyüşçüsünün oğlusan?
Xıdır Ağsu da Qabilə soyuq cavab verdi.
-Bəli, mən... Qarabağ... qazisinin... oğluyam!
- Onda sən daha niyə iş axtarırsan? Odu ha, Qurtuluş partiyası, partiyanın «Özgür» adlı qəzeti var, univeristetin beş addımlığında yerləşir. Get, Qurtuluş prartiyasına üzv ol. Ondan sonra, səninlə pul arasında bircə addımlıq yol qalacaq. Atan haqqında qurtuluşçulara danış. Sonra «Özgür» qəzetində işə düzəl! İndi «Özgür» qəzetində olan pul, heç Heydər Əliyevin hökumətində də yoxdur.
Qabil bunu deyib Xıdır Ağsuya əl uzatdı, geri döndü və çıxıb getdi. Bu dəfə Xıdır Ağsu institutu atıb 28 May metrosunun nəhəng yeraltı keçidində ayaqqabı satmaqla məşğul olan Qabilin arxasınca baxa - baxa qaldı.
***
Bir neçə gündən sonra Xıdır Ağsu üzv olmaq üçün Qurtuluş partiyasına ərizə verdi. Ondan tərcümeyi - hal istədilər. O da açdı sandığı, tökdü pambığı. Bir həfətədən sonra Qurtuluş Partiyasının sədri onu qəbuluna çağırdı. Bir xeyli sorğu - suala tutdu. Dolanışığı ilə maraqlandı. Qurtuluş partiyasının tarixinə dair suallar verdi. Atasını yaxından tanıdığını dedi. Xıdır Ağsunun iş axtardığını biləndən sonra «Özgür» qəzetinin baş redaktoru Fəttah Alpəri yanına çağırdı və Xıdır Ağsunu redaktora təqdim etdi, redaksiyada işə götürməyi məsləhət bildi. Bu görüşdən bir həftə sonra Xıdır Ağsunu Qurtuluş Partiyasına üzv qəbul etdilər, onu «Özgür» qəzetində korrektor vəzifəsinə işə götürdülər. Ayın başında Xıdır Ağsu «Özgür» qəzetindən yaxşı maaş aldı.
Arada qəzetə kiçik məqalələr də yazmağa başladı. Doğrudur, bu məqalələrdə daha çox türkçülükdən bəhs edirdi, Osmanlı xənadanlığındakı (nədənsə Xıdır Ağsu Osmanlı xanadanlığını nəinki imperiya, heç sultanlıq da adlandırmaq istəmirdi, eləcə «xənadanlıq» deyib yazırdı) ayrı - ayrı tarixi məqamlar haqqında qəzetin oxucularına məlumat verirdi, türkçü almlərin - Ziya Göyalpın, Əhməd bəy Ağayevin, Əli bəy Hüseynzadənin fikirlərini izah edirdi.
***
Xıdır Ağsu «»Özgür» qəzetində işləsə də qəzetin baş redaktoru Fəttah Alpərlə düz üç aydan sonra görüşdü. Özü də bu görüşün təşəbbüskarı şəxsən qəzetin baş redaktoru özü oldu. Xıdır Ağsuda lap uşaqlıqdan qəribə bir xasiyyət vardı; bütün gözlənilməz görüşlər onda nigarançılıq hissi oyadırdı. O dəqiqə ən azı bir həftə içərisində gördüyü işləri xatırlamağa çalışır, harda olduğu, kimin yanında nə deydiyi, kimin ona yaxşı, kimin pis münasibət bəslədiyi haqqında düşünürdü. Fikirləşirdi ki, görəsən bu həftə içərisində ona xəcalət gətirəcək hər hansı bir hərəkətə yol verməyib ki?
Bu nigarançılığı o, anasından əxz etmişdi.
Bu həyəcanlı düşüncələr Xıdır Ağsunu Fəttah Alpərin qəbul otağında da tərk etmədi. Fəttah Alpər də onu çox gözlətmədi, dərhal qəbul etdi. Məqalələri haqqında xoş söz dedi. Azərbaycanın azadlığı uğurunda apardıqları mübarizədə hansı əziyyətlərə dözdüklərindən, amma sınmadıqlarından danışdı, Əbülfəz Elçibəyin Azərbaycanı vətəndaş müharibəsindən xilas etmək üçün hətta ölkənin ən ali vəzifəsindən - pezidentlikdən - belə imtina etdiyinə diqqət çəkdi və birdən - birə buyurdu ki, bizdə, yəni Azərbaycanda, əhalinin doxsan doqquz faizi milli müstəqillik uğurunda mübarizəyə nə vaxtsa Azərbaycanın prezidenti olmaq arzusu ilə qoşulub, amma Əbülfəz Elçibəy bu arzunun boş bir şey olduğunu, əsas məsələnin prezidentlik deyil, müstəqillik, dövlətçilik və türkçülük olduğunu məhz belə adamlara başa salmaq üçün Kələkiyə hicrət edib. Bununla da Böyük Bəy hamını başa salıb ki, Azərbaycanda əsas məsələ hakimiyyət uğurunda mübarizə deyil, əsas məsələ türk dünyasının bütövlüyü uğurunda mübarizədir, bizim hamımız, içi prezident Əbülfəz Elçibəy olmaqla, sən, mən, o nəhəng türk dünaysının, Turan dövlətinin əsgərləriyik. Ona görə də Böyük Bəy böyük Azərbaycan, böyük Türk dünaysı, böyük Turan uğurunda mübarizənin böyük planını hazırlamaq üçün, hakimiyyətə köhnə KQB generalı, həm də hakimiyyyət ustası Heydər Əliyevi Bakıya çağırdı, Kələkiyə çəkilib ölkəni Kələkidən idarə etmək qərarına gəldi. Amma Heydər Əliyev bu böyüklüyü qarşısında nəinki Böyük Bəyə minnətdar olmadı, hətta qamaralayıb Böyuk Bəyin prezident vəzifəsini də onun əlindən aldı.
Heydər Əliyev bizim üçün təhlükə yaratmır.
Heydər Əliyev bizim ovcumuzdadır
Fəttah Alpər birdən yeindən qalxdı. Əllərini irəli uzadıb Xıdır Ağsuya doğru yeriməyə başladı:
- Böyük Bəy böyük Kələki hicrətiylə Məkkədən Mədinəyə hicrət edən böyük Peyğəmbərimizin mübarək yolunu bir milli lider olaraq təkrar edib. Kələki hicrəti inanılmaz dərəcədə böyük tarixi hadisədir və Kələki hicərti böyüməkdə olan gənc nəslin qarşısında böyük tarixi vəzifələr qoyur.
Səy Ağabəyin atasının dəfnində dediyi sözlər Xıdır Ağsunun yaddaşıda yanıb söndü.
Xıdır Ağsu az qala şokdaydı. O, birdən - birə nəhəng informasiyanın içinə düşmüşdü. Fəttah Alpər inanılmaz bir coşqu içindəydi:
-Böyük Bəyin Bakıya qaydışı möhtəşəm olcaq!
Fəttah Alpər təqribən bir yarım saat Böyük Bəyin türk dünyası tarixində tutduğu yerdən ürək dolusu danışıdı və sözünün sonunda gözləmədiyi halda Xıdır Ağsuya qəzetin işində daha korrektor kimi deyil, jurnalist kimi fəaliyyət göstərəcəyi barədə əmr imzaladığını dedi.
Xıdır Ağsu bu xəbərdən bərk həyəcanlandı, dili - dodağı əsdi, bircə anın içərisində anası gəlib gözlərinin qarşısında durdu, deməli o, bundan sonra anasına da kömək edə biləcəkdi, kirənişin qaldığı zirzəminin nəmişliyindən canını qurtaracaqdı, ən əsası isə ingilis dili kurslarna gedəcəkdi və bütün bunlara görə o, Fəttah Alpərə necə minnətdarlıq edəcəyini uzun müddət kəsdirə bilmədi.
Fəttah Alpər də onu daha çox gözlətmədi. Oturduğu kreslodan qalxıb, onun qarşısına gəldi, əlini sıxıb bir də təbrik etdi, qoluna girib Xıdır Ağsunu qapıya qədər yola saldı.
Xıdır Ağsu Fəttah Alpərin otağından çıxdı.
Baş redaktorun qapısı ağzında onu gənc bir xanım qarışladı və Xıdır Ağsu xanımı görən kimi tanıdı; o, «Özgür» qəzetinin ən bərk gedən xanım jurnalislərindən biriydi.
Xanım aralarında xeyli məsafə olmasına baxmayaraq hər iki əlini irəli uzadıb gülümsəyə -gülüməsyə Xıdır Ağsuya tərəf addımlayırdı. Xıdır Ağsu dayandı. Xanım ona yetişib sağ əlini bir balaca yuxarı - Xıdır Ağsunun çənəsi bərabərinə qaldırdı, Xıdır Ağsu başa düşdü ki, bu balaca, qəşəng, toppuş əli öpmək lazımdır. Xıdır Ağsu çənəsi bərabərində olan əli üsulluca , ehtiyatla tutdu və xanım əfəndinin arzusunu yerinə yetirdi.
-Təbrik edirəm, bəy. Sizi böyük türk dünyasının ən böyük qəzetlərindən birində türk jurnalisti kimi fəaliyyətə başlamağınız münasibəti ilə bir türk xanımı kimi ürəkdən təbrik edirəm.
Təbrik möhtəşəm, gurultulu və həm də baş redaktorun qərarı kimi gözlənilməzdi; axı Xıdır Ağsu bu təklifi elə indicə Fəttah Alpərdən almışdı. Amma buna baxmayaraq xanımın bu təyinatdan atrıq xəbəri vardı.
Xıdır Ağsu xanıma minnətdarlığını bildirdi.
Xanım Xıdır Ağsunun hər iki əlini ovuclarına aldı, qabaq - qənşər dayanıb bir xeyli baxışlarını Xıdır Ağsunun sir- sifətində gəzdirdi, bu gözlənilməz təmas Xıdır Ağsunun iliyinə işlədi və Xıdır Ağsunu bir balaca həya təri basdı.
Xanımın gözəlliyinə söz ola bilməzdi.
Və bundan savayı ilk dəfəydi ki, Xıdır Ağsunun əllərini qadın əlləri öz ovucları arasına alırdı, bu da Xıdır Ağsunu əməlli - başlı utandırırdı, axı adi məntiqə görə xanım yox, o, xanımın əllərini ovcularına almalıydı. Elə buna görə də Xıdır Ağsu əllərini xanımın ovuclarından çıxarıb, xanımın əllərini öz ovuclarına aldı, bir daha dodaqlarına yaxınlaşdırdı və hər iki əlindən təkrar öpdü.
Xanım təkcə irəli uzatdığı əlləriylə, ilahi təbəssümüylə, nəvaziş dolu ədasıyla deyil, həm də sualıyla Xıdır Ağsunu çətin vəziyyətə saldı:
-Bəy, Sizin lideriniz kimdir?
-Nə? -- Xıdır Ağsu xanımın nə soruşmaq istədiyni özünə aydınlaşdırmağa çalşdı.
-Soruşuram, Sizin lideriniz kimdir?
Xanımın nə soruşduğunu Xıdır Ağsu özünə bir müddət aydınlaşdıra bilmədi. Döyükə - döyükə xanımın üzünə baxdı. Handan - hana anladı ki, xanım ondan Azərbaycanda olan çoxsaylı siyasi liderlərdən hansını lider kimi qəbul etdiyini bilmək istəyir. Çox güman ki, sual elə - belə verilməmişdi, bəlkə də bu sorğu - sual ola bilsin ki, Xıdır Ağsunun Fəttah Alpərlə elədiyi söhbətin davamıydı. Xıdır Ağsunun yaddaşı elə bil birdən - birə işıqlandı, ağlı bu vaxta qədər ona məlum olmayan informasiya burulğanına düşdü: axı Əbülfəz Elçibəy Kələkiyə hicrət edəndən sonra, siyasi müxaliflər arasında kimin ətrafında birləşmək fikri tez - tez səslənirdi.
Xanım yəqin ki, sualını elə bu məqsədlə verirdi. Söhbət heç şübhəsiz Əbülfəz Elçibəydən gedirdi.
Xanımın bu sualından sonra Xıdır Ağsunun yadına yenə səy Ağabəy düşdü, atasının torpağa tapşırıldığı günün axşamçağı, səy Ağabəyin dediyi o məşum ifadə Xıdır Ağsunun ürəyinin başını çırmaqladı:
-Xızır müəllimi Elçibəy öldürdü.
Xıdır Ağsu yaman yerdə axşamlamışdı.
Xıdır Ağsu nə qədər cavan olsa da, hiss edirdi ki, Əbülfəz Elçibəy Kələkiyə çəkiləndən sonra elçibəyçilər də çəkilib öz yerlərində oturub. Heydər Əliyev onları dəfələrlə əməkdaşlağa çağırsa da, elçibəycilərin demək olar ki, əksəriyyəti uzun müddət bu çağırışdan imtina etdi, fəaliyyətlərini dondurub, müxafliətə keçdilər. Bu o vaxta qədər davam etdi ki, hamı Azərbaycanda elçibəyçilik dönəminin başa çatıdığına tam əmin oldu və bundan sonra Heydər Əliyevin yanında yer almaq üçün elçibəyçilər arasında münasibətlər bir-birinin başını yarıb ətəklərinə qan tökmək həddinə qədər yüksəldi. Azərbaycan Xalq Cəbhəsi hərəkat kimi fəaliyyətinə son qoydu, partiyalaşmaq yolu tutdu. Ölkədə Milli Azadlıq hərəkatı başa çatandan sonra daha heç kəs heç kəsin qarşısında məsuliyyət daşımadı.
Hərə öz kefinin ağası oldu..
Birdən - birə ölkdə liderlərin sayı yağışdan sonrakı göbələklər kimi atrıb çoxalmağa başladı.
-Necə yəni lideriniz kimdir?
-Lideiniz də… Siz liderin nə olduğun bilmirsiniz?
-Bilirəm…
-Elə mən də onu soruşuram da... Sizin lidleriniz kimdir?
Bu xanım ondan nə istəyirdi? Doğrudanmı, Xıdır Ağsunun kimisə lider kimi qəbul etməsinin kimin üçünsə əhəmiyyəti vardı?
Bu işdən Fəttah Alpərin xəbəri vardı, yoxsa yox?
Bu ümumiyyətlə, marağıydı, yoxsa sorğu - sual?
Ən maraqlısı da buydu ki, xanım onun başının üstünü Fəttah Alpərin otağından çıxan kimi kəsdirmişdi. Bu təsadüfüydi? Yoxsa, bu iki hadisənin arasında nəsə bir əlaqə vardı?
Bu nə işdi, Xıdır Ağsunun başına gəlirdi?
Xıdır Ağsu heç bir vaxt siyasətlə məşğul olmamışdı. Və elə buna görə də günlərin bir günü siyasətin gözəl bir xanım şəkilində peyda olub onu «Özgür» qəzetinin baş redaktorunun qapısı qarşısında sıxma -boğmaya salacağını da ağlına gətirməmişdi.
Xanımdan yaxa qurtamq lazımıydı.
Amma necə?
Birdən - birə Xıdır Ağsunun yadına 28 May metrosunun keçidindəki nəhəng yeraltı ticarət mərkəzi düşdü. 28 May yeraltı ticarət mərkəzində alış - verişlə məşğul olanların çox qəribə bir xasiyyəti vardı. Bu xasiyyət istisnasız olaraq yeraltı keçidin bütün satıcılarında özünü göstərirdi.
Ördək balası doğulan kimi heç bir təcrübə keçmədən özünü necə suya vururdusa, yeraltı ticarət mərkəzinə satıcı olmaq arzusu ilə ayaq basanların hamısı da elə ilk dəqiqələrdən bu xasiyyəti mənimsəyirdi.
Keçiddə bir yekəpər serijant vardı; polis serijantı... O, yeraltı keçidin yuxarı başında görünən kimi, hansısa sirri - xudanın kəraməti sayəsində bütün satıcılar bundan xəbər tuturdu və hamının üzündə səksəkəli bir təbəssüm peyda olurdu.
Serijant dükanların qarşısında görünən kimi satıcılar bu təbəssümə qəribə bir cülmə əlavə edib serijanıtı salamlayırdı:
-Biz əziz serijantımızın qadasını alarıq.
Özü də bütün satıclar, fərqi yoxdur, o, bakılıdır, yoxsa şəkili, talışdır, ləzgidir, yoxsa türk, ermənistanlıdır, yoxsa gürcüstanlı, nə sirrdisə, hamı serijanta bu sözləri qarabağlı ləhcəsiylə deyirdi, serijant da heç nə eşitmirmiş kimi başını dik tutub yekə qarınını qabağa verib əzəmətlə dükanların qabağından keçib gedirdi. Bu ritual o vaxta qədər davam edirdi ki, serijant yeraltı keçidi tərk edirdi. Bundan sonra satıcıların hamısının rəngi üstünə gəlirdi, kefi durulurdu və satıcılar serijantın qarşısında göstərdikləri mütiliyə görə bir - birini dolamağa başlayırdılar, bir - birini lağa qoyurdular və bu zarafatlardan heç kəs inctimirdi. Əksinə hamı bu zarafatları ləzzətlə, cani - dildən edirdilər və elə bil serijantın qarşısında qorxduqlarına görə hər bir adam bu zarafatla özü - özündən intiqam alırdı.
Əslində Xıdır Ağsu o serijantın kiməsə ilişdiyinin də şahidi olmamışdı. Kimlərsə deyirdilər ki, hər ay dükanlardan ən azı otuz şirvan yığıb serijanta verirlər, görünür, serijant da dükanların qarşısından keçəndə canında məhz o otuz şirvanın əzəmətini hiss edirdi.
Serijant bəzən o otuz şirvanı yığan adama hansısa dükançının pulunu götürməyib qaytarsaydı, o dükançı ən azı üç gündən sonra malını yeraltı ticarət mərkəzinə gəlmiş hansısa yeni satıcıya təhvil verib əbədi yeraltı keçidlə vidalaşırdı.
Xıdır Ağsu birdən - birə hiss etdi ki, burda bu xanımdan yaxa qurtarmağın ən yaxşı yolu elə o yeraltı keçiddəki təcrübədən isifadə etməkdir, ən yaxşısı özünü gic - gicilliyə qoyub xanımı başdan elməkdir.
- Xanım əfəndi, - Xıdır Ağsu ömründə ilk dəfəydi ki, «xanım» xitabına bir «əfəndi» sözü də əlavə edirdi - mən bilirəm Siz mənə dərin sual verirsiniz? Amma mən indi Sizin bu sualınıza cavab vermək iqtidarında deyiləm. Mən özümü Sizin sualınıza cavab vermək qədərində hazırlıqlı hesab etmirəm. Mən şərqdə, xüsusən də türk dünyasında mürşid seçməyin nə demək olduğunu çox gözəl başa düşürəm. Biz də şərq xalqıyıq. Biz də türkük. Bizdə də lider seçmək elə belə məsələ deyil. Bizdə də mürid öz mürşidi uğurunda ölümə getməyi bacarmalıdır. Mən hələ özümü liderim uğurunda ölümə gedən adam kimi hiss etmirəm. Mən hələ bu zirvəyə yüksəlməmişəm.
Xıdır Ağsu bu sözləri o qədər ürəkdən dedi ki, hətta özü də öz dediklərinə heyran oldu. Səs tembri ona hansısa türk aktyorunun səs temberini xatırlatdı. Amma hansı türk aktyorunun? Xıdır Ağsu bunun fərqinə varmadı. Əslində bunu xatırlamağa imkanı da olmadı. Birdən xanım qucaqlayıb başını Xıdır Ağsunun sinəsinə qoydu və Türkiyə türkcəsində bircə kəlmə söz dedi:
-Kardeşim!
Xanımın səsi də ona hansısa Türkiyə aktirisasının səsini xatırlatdı.
Xıdır Ağsu xanımı bağrına basdı:
-Kız kardeşim!
Məsələ həllini tapdı.
Deyəsən, Xıdır Ağsu «Özgür» qəzetində jurnalist kimi failiyyətə başladığı ilk günün sınağından pis çıxmadı.
İndi sadəcə aradan çıxmaq lazımdı.
Allah insanı xilas etmək istəyəndə, təkcə onun yadına məzəli əhvalatlar salmır. Həm də insan üçün konkret olaraq xilas sitiusiyası yaradır. Bu dəfə də belə oldu.
Birdən Fəttah Alpərin qapısı açıldı və Fəttah Alpər qapısı ağzında qucaqlaşan bu iki nəfəri bir xeyli şübhəli-şübhəli süzəndən sonra burnun altında mızıldandı:
-İşləmək lazımdır!
Aradan çıxmaq üçün daha Xıdır Ağsunun ağılını işə salmağına ehtiyac qalmadı. Amma özündə Azərbaycandakı siyasi həyatın bir çox əlçatmaz, ünyetməz sirlərini gizləyən o qəribə sual ilişib həmişəlik Xıdır Ağsunun fikrində qaldı.
«Liderin kimdir?»
Xıdır Ağsu xanımdan yaxasını qurtrasa da, bu «lideriniz kimdir?» sualandan yaxasını qurtara bilmədi.
Qurtuluş partiyasının orqanı olmasına baxmayaraq «Özgür» qəzetinin bütün əməkdaşları elçibəyçilərdi. Jurnalistərin hamısı Elçibəy vurğunuydu. Bu adamlar, demək olar ki, bir nəfər kimi inanırdılar ki, tezliklə dünyada nəhəng bir türk hərəkatı başlayacaq, türklər yenə də öz tarixi vətənlərinə - Turana - qayıdacaqlar. «Özgür» qəzetində bəlkə də Elçibəydən incik olan, bircə adam varıydısa, o da Xıdır Ağsuydu. Əslində Xıdır Ağsunun Elçibəydən inciməyə elə bir haqqı da yoxdu, bir də ki Elçibəy hara, Xıdır Ağsu hara. Elçibəy nəhəng bir hərəkaiın başçısıydı, Xıdır Ağsu dünənki uşaq. Xıdır Ağsunun rəhmətik atası da elçibəyçiydi. Əslində bu incikliyin ciddi bir əsası - filanı da yoxdu. Bu incikliyi Xıdır Ağsunun ürəyinə atasının dəfnində səy Ağabəy salmışdı. Və bu inciklik zaman-zaman, heç bir əsas olmadan, az qala atasının ölümü qədər Xıdır Ağsunu incitmişdi.
Bir dəfə necə oldusa, illər uzunu ürəyində gəzdirdiyi bu inciklik haqqında o, «Özgür» qəzetini baş redaktor müavini Murtuz Qabiloğluna danışdı və hətta arada bu mövzuda yazı yazmaq istdədiyini də bildirdi. Əslində isə Xıdır Ağsu o yazının böyük bir hissəsini yazmışdı, 93-cü ilin yayında baş verənlərlə bağlı hətta bir neçə adamdan müsahibə də götürmüşdü. Bu əhvalatı Murtuz Qabiloğluna danışmaqla Xıdır Ağsu bilmək isətyiridi , o, belə bir yazını redaksiyaya təqdim etsə, onu nə gözləyir.
Murtuz Qabiloğlu tülkünün biriydi. O, qırımından hiss etdi ki, Xıdır Ağsu artıq bu yazını yazıb, «Özgür» qəzetində olmasa da, başqa bir qəzetdə çap etdirə bilər. Ona görə də Xıdır Ağsunun təklifi qarşısında nə «hə» dedi, nə də «yox». Gözünün qulağı ilə gah Xıdır Ağsuya, gah otağın divarlarına, gah da pəncərədən görünən dənizə baxdı, yastı - yastı onu dinlədi, Allahdan Xıdır Ağsunun atasına cənnət diləyib, birdən - birə söhbəti elə dəyişdi ki, Xıdır Ağsu hətta uzun müddət nə baş verdiyini anlaya bilmədi. Murtuz Qabiloğlu Xıdır Ağsudan ayın neçəsi olduğunu soruşdu, Xıdır Ağsu cavab verdi, sonra Murtuz Qabiloğlu həftənin neçənci həftə, ayın hansı ay olduğunu bilmək istədi, daha sonra bu ayın Türkiyə türkcəsində necə səsləndiyi ilə maraqlandı, Xıdır Ağsu Murtuz Qabiloğlunun bütün suallarına cavab verdi. Murtuz Qabiloğlu bu öyrəndikləri ilə kifayətələnmədi, bu günün Türk Cumhuriyyəti tarixində hansı tarixi günlə əlamətdar olduğunu da bilmək istədi, xatrılamağa çalışdı, gözünü Xıdır Ağsunun gözlərinə dikib ondan sualına cavab gözlədi, Xıdır Ağsu Murtuz Qabiloğlunun sual dolu baxışları altında bir xeyli döyükə-döyükə yaddaşını ələk - vələk elədi, amma Murtuz Qabiloğlunun axırıncı sualına cavab tapa bilmədi. Hətta Murtuz Qabiloğlu ilə elədiyi söhbət də yadından çıxdı, səy Ağabəy də, atasını son mənzilə yola salan yeniyetməlik ağrıları da... Murtuz Qabiloğlu sonuncu dəfə Xıdır Ağsuya qəribə bir sınayıcı nəzər salıb otaqdan çıxdı. Aradan heç yarım saat keçməmiş baş redaktorun katibəsi Xıdır Ağsunu Fəttah Alpərin otağına çağırdı.
Həmişə olduğu kimi, bu dəfə də Xıdır Ağsunu nigarançılıq hissi bürüdü. Ağlında bir neçə dəqiqənin içində son vaxtlar gördüyü işlərin, elədiyi hərəkətlərin, danışıdığı sözlərin haqq -hesabını apardı, ona xəcalət, töhmət, qınaq gətirə biləcək heç bir hadisə yadına düşmədi.
Bu dəfə Fəttah Alpər Xıdır Ağsunu əvvəl olduğu kimi dərhal qəbul etmədi. Təqribən bir saatdan sonra katibə işarə etdi ki, Xıdır Ağsu içəri girə bilər. Bəli, katibə məhz işarə etdi. Xıdır Ağsu fəhmlə hiss etdi ki, bu işarədə nəsə, bir istehza var.
Xıdır Ağsu baş redaktorun qapısını taqqıldadıb, içərini dinşədi. İçəridən cavab gəlmədi. Xıdır Ağsu dönüb yazıq - yazıq katibəyə baxdı. Fəttah Alpərin katibəsi bu dəfə açıq - aşkar istehzalı bir ləzzətlə gülümsündü. Xıdır Ağsuya ürək - dirək verdi:
-Keç, keç içəri, bəy… Bəy səni gözləyir.
Xıdır Ağsu qapını açıb içəri boylandı.
Fəttah Alpər otaqdakı böyük pəncərənin qabağında dayanıb dənizə baxırdı. Xıdır Ağsu Fəttah Alpərlə birinci görüşündə gözünün qulağı ilə baş redaktorun otağından Xəzər dənizinə gözəl mənzərə açılıdığını müşahidə etmişdi. Amma mənzərənin belə möhtəşəm və belə qəddar olduğunu o vaxt hiss etməmişdi.
Qəddar niyə?
Xıdır Ağsu bir anlıq ağlına gələn bu assosiasiyadan diksindi. Amma indi hansısa assosiasiya haqqında düşünmək vaxtı deyildi.
Fəttah Alpər Xıdır Ağsunun otağa girdiyini heç vecinə də almadı. Xıdır Ağsu qapının ağzında daynıb Fəttah Alpərin nə vaxt geri dönüb ona baxacağının gözləməyə başladı.
Amma Fəttah Alpər geri dönmədi. Sol əlini çiyni üzərinə qaldırıb çırtma ilə Xıdır Ağsunu yanına çağırdı. Bu işarə Xıdır Ağsunun ürəynicə olmasa da, o qeyri - iradi irəli yeridi və gəlib Fəttah Alpərin böyründə daynandı.
- Azərbaycan Respublikasının prezidenti kimdir?
Xıdır qeyri - iradi:
- Heydər Əliyev! -- dedi.
Fəttah Alpər barmağını yuxarı qaldırdı:
-Xeyir, Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti deyil, o, Azərbaycan dövlətinin başçısıdır.
Xıdır Ağsunun səsi qəribə şəkildə boğazında qaynadı:
-Bəs dövlət başçısı prezident demək deyil?
Fəttah Alpəri başını yelləyib fınxırdı:
-Xeyir. Prezident başqa şeydir, dövlət başçısı başqa şey...
Xıdır Ağsu az qala özünü gic vəziyyətində hiss etdi.
Axı bu pəncərə ilə, pəncərdən görünən və allahsizcasına yırğalanan dənizlə, bu «prezident» və «dövlət başçısı» sözlərini bir - birindən fərqləndirməklə Fəttah Alpər ona nə demək istəyirdi?
Birdən Fəttah Alpər geri dönüb böyük sürətlə yazı stoluna tələsdi. Xıdır Ağsu da Fəttah Alpərin arxasınca yazı stoluna yaxınlaşdı və yazı stolunun qarşısında dayandı və Fəttah Alpərin onu niyə çağırdığını öyrənmək üçün gözləməyə başladı.
Fəttah Alpər bu dəfə şeirə keçdi və şair Ramiz Rövşənin Əbülfəz Elçibəyə yazıdığı şeirdən misralar gətirdi.
- Sənə bir daş atır yerindən duran,
Səni sevdiklərin daş qalaq eylər,
Bir əlində daş var, birində quran,
Daş atan bilirmi nə günah eylər?
Birdən - birə Xıdır Ağsu Fəttah Alpərin hüzuruna niyə çağırıldığını başa düşdü, o, Murtuz Qabiloğluyla ürək söhbətinin zavalına gəlmişdi. Baş redaktorun qırımından belə görünürdü ki, Murtuz Qabiloğlu onu Fəttah Alpərin yanında yaş yuyub quru sərib. Əgər belə olmasaydı, Fəttah Alpər otağındakı pəncərəni, dənizi, uzun, yaraşıqlı baş redaktor masasını, bütün bunlar azmış kimi, birdən - birə bir şairi də öz söhbətinin iştirakçısına çevirməzdi.
Xıdır Ağsu ehtiyatsız hərəkət etdiyini anladı. Deyəsən o, sözün azad olduğuna həddindən artıq inanmışdı, bir sözlə, azad, müstəqil, tənqidçi jurnalistikanın zibilinə düşmüşdü.
-Xıdır Xosməmmədov!... -- Xıdır Ağsunun soyadı doğrudan da Xosməmmədovdu, illər keçəndən sonra bu soyadın yenidən adının böyründə peyda olması Xıdır Ağsuya yaxşı heç nə vəd etmirdi:
-Xıdır Xosməmmədov, Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəydir. Heydər Əliyev olsa olsa, Azərbaycan Respublikasının dövlət başçısıdır. Böyük Bəy, Kələkiyə qaçmayıb, Kələkiyə hicrət edib...
-Bəyin Kələkiyə qaçdığını kim deyib?
-Sən demisən!
-Mən elə şey deməmişəm!
Xıdır Ağsunun etirazı öz təsirini göstərdi. Fəttah Alpər susdu. Amma bununla belə əlini yuxarı qaldırıb bir növ Xıdır Ağsunu mübahisə etməməyə çağırdı, əlini bir xeyli başının üstündə saxladı və nə barədəsə düşünməyə başladı.
Birdən Fəttah Alpər stolun üstündəki bir yazını Xıdır Ağsuya tərəf itələdi.
-Bəs bu nədir yazmısan burda?
Xıdır Ağsu məqalənin üzərinə əyildi. Məqalə onun məqadəsi idi. Məqalədə Heydər Əliyevin adı qarşısındakı «prezident» sözünün üçtündən xətt çəkilib «dövlət başçısı Heydər Əliyev» yazılmışdı. Xətt Murtuz Qabiloğlunun xəttiydi.
-Sən bilirsən, sənin atan, bizim hamımızın əzizi, Qarabağ qazisi, gözəl şair, yeri gəlmişkən… - Fəttah Alpər birdən -- birə, gözləmədiyi halda Xıdır Ağsuya təntənə şəkildə qəribə bir təklif etdi - sən niyə atanın şeirlərindən bir padborka hazırlayıb bizim qəzetə vermirsən? Qələmin pis deyil, ürəyin istəyir o padborkaya sən özün ön söz yaz. Yox, yaza bilmirsənsə, yaxud yazmaq istəmirsənsə, hansı şairi istəiyrsən, mənə de, mən o şairə o padborkaya ön söz yazdırım.
Xıdır Ağsu heç özü də anlamadığı bir hissin təsiri altında Fəttah Alpərin sualını cavablandırmamaq qərarına gəldi.
-Xeyirxah işlərlə məşğul olmaq istəmirsən...
Xıdır Ağsu yenə də susdu.
-Elçibəyin Kələkiyə hicrəti barədə yazı yazmağı sənə kim sifariş verib?
-Heç kim.
-Sən bilirsən, sənin atan Elçibəy əsgəri olub, Elçibəy uğurunda vuruşub...
Bir vaxtlar bu sözləri eynən ona atası demişdi. Onda Xıdır hələ balacaydı. Xızır müəllim Əbülfəz Elçibəyin şəkilini ona göstərmişdi: «...o bizim xilaskarımız Əbülfəz Elçibəydir, sən Elçibəy əsgərisən... Sən böyük türk dünyasının, böyük türk birliyinin, böyük Azərbaycanın, böyük, birləşmiş Turanın əsgərisən...»
Atasının ürək yanğısı ilə dediyi o sözlər Fəttah Alpərin dilində çox sunii səsləndi, o qədər sunii səsləndi ki, hətta Xıdır Ağsu içərisində atası ilə bağlı nəyinsə qırıldığını hiss etdi.
-Mənim atam... - - Xıdır Ağsu fikrini yığıb yığışıdırmaq, qəfilədn içərisini pəncəsinə alan burulğanı həm sakitləşdirəmk, həm də fikrini ifadə etmək üçün söz axtarmağa başladı, bir anlıq ona elə gəldi ki, bu axtarış həddindən çox uzundı, ən nəhayət o, fikrini toplaya bildi, o sözü tapıb səbrlə ona baxan və cavab gözləyən Fəttah Alpərin az qala üzünə çırpdı:
-Mənim atam heç kəsin əsəgəri olmayıb. Mənim atam Azərbaycanın əsgəri olub, Azərbaycan uğrunda vuruşub...
«İlan balasıdı!»
Fəttah Alpərin içərisindəki elçibəyçlik azqala Xıdır Ağsunun cavabına üsyan etdi. Təbii ki, Xıdır Ağsunun Fəttah Alpərin içərisindəki elçibəyçilik üsyanından xəbəri olmadı.
«Bu xılx içində olan söhbətin adamı deyil» Vaxtı ilə Elçibəy deyərdi, «Söz var xılx içində, söz var xalx içində»... Bu «xalx içindəki» söhbətin adamıdır. Qurtuluş partyiasının sədri səhv eləyib. Xıdır Ağsu onlarınkı deyil... Xıdır Ağsu onlardan daha çox atasınındır.
Fəttah Alpər siyasətə keçdi.
-Oğlum, elə Böyük Bəy də Azərbaycanın əsgəriydi, Azərbaycan uğurunda vuruşurdu. Böyük Bəy Azərbaycan uğurunda türk dünaysının bilicilərindən biri kimi vuruşurdu. Elə sənin atan, mən, elə sənin özün də, hamımız Azərbaycan uğurunda vuruşuruq, amma biz Böyük Bəy kimi bu vuruşu bütün miqyası ilə görə bilmirik, biz bu vuruşun adi əsgərləriyik.
Fəttah Alpərin cavabı Xıdır Ağsunu incitdi.
Niyə incitdi?!
Heç özü də bilmədi.
Bayaq atası ilə bağlı Fəttah Alpərin dediyi «elçibəy əsgəri» sözünə etiraz edəndə Xıdır Ağsu isterikcəsinə olsa da özünü öz içində nə qədər sərbəst , azad, geniş hiss etmişdisə, Fəttah Alpərin bu cavabından sonra Xıdır Ağsu özünü bir o qədər cılız, qapalı və məhdud adam kimi hiss etdi.
Bəlkə o düz fikirləşmir?!
Bəlkə o, səy Ağabəyin sözünü ürəyinə çox salıb?!
Özü də ağzında «səy» deyirsən?!
Xıdır Ağsunun əhvalındakı dəyişikliyi Fəttah Alpər göydə tutdu. Özü özünə «əhsən» deyib, Xıdır Ağsunun hələ tamam pozulmadığı qənaətinə gəldi, bir də axı özünə Ağsu kimi yekə bir təxəllüs seçən bu Xıdır hələ uşaqdı, hələ onun bilmədiyi çox şey vardı. Bu fikirlər özündən asılı olmayaraq Fəttah Alpərin ürəiyndə mərhəmət hissi oyatdı.
Axı Xıdır Ağsu da türk balasıydı. Türk oğlu türkdü.
-Bəy, Böyük Bəyin hakimiyyəti Heydər Əliyevə verməsi səni sıxmasın. Mən bilirəm, Böyük Bəyin bu addamını Azərbaycanda hamı başa düşmür. Bəy, siyasət elə belə olur da... Siyasəti hamı başa düşsəydi, o, daha siyasət olmazdı ki... Mən sənə Böyük Bəyin atdığı addımın xırdalıqdarını izah etməyəcəyəm. Bu tarixin işidir. Sən hələ çox cavansan. Çox şeyi sənə tarix başa salacaq. Hər şeyin bir zamana ehtiyacı var. Bu heç kəsə sirr deyil ki, Heydər Əliyev idarəetmədə böyük təcrübəsi olan adamdır. SSRİ kimi bir nəhəngin, o, mənfur dövlətin başında dayanan beş kişidən biri olub. Ölkəni Surət Hüseynov avatürasiından, vətəndaş müharibəsindən yalnız Heydər Əliyev qurtara bilərdi. Heydər Əliyev həm də hakimiyyət ustasıydı. Heydər Əliyev hakimiyyət ustası olduğu kimi, biz də müxaliflik ustasıyıq. Nə qədər hakimiyyət ustası olsa da, Heydər Əliyev bizim müxalifliyimizin böyük gücündən xəbərsizdir. Biz müxalifliyimizin böyük gücüni SSRİ-ni dağıdılması prosesində bütün incəlikləriylə sınaqdan keçirmişik. Tezliklə, Böyük Bəy Bakıya qayıdacaq. Bu qaydış - Böyük Bəyin Kələki hicrətindən Bakıya qayıdışı - möhtəşəm olacaq. Sən heç narahat olma. Sən darıxma. Gələcək sizindir. Əgər gələcək qazilərimizin balalarınındırsa, deməli o həm də bizimdir - Azərbaycana milli istiqlal gətirən elçbəyçilərindir. Get, o möhtəşəm günə hazırlaş... Tezliklə hakimiyyət yenə də bizim olacaq. SSRİ kimi bir nəhəngi darmadağan edən elçibəyçilər, ürəkləri istəyən vaxt «hopp» eləyib Heydər Əliyevi udacaqlar...
Fəttah Alpər son sözlərini ayaq üstündə deyirdi və üz -- gözündən əzəmət tökülürdü. Burnu stolüstü lampanın işığında xüsusi təmtaraqla parıldayırdı. Əslində Fəttah Alpərin siftəində nə yanaq vardı, nə alın, nə göz vardı, nə qaş. Fəttah Alpərin sifətində hətta heç çənə də yoxuydu. Fəttah Alpərin sifəti ancaq burundan ibarətiydi.
Möhtəşəm və əzəmətli bir burundan.
Xıdır Ağsu Fəttah Alpərin burnu qarşısında özünü nə vaxtsa həyətlərində yoğurub yapdığı, tikə -parçalarından min bir oyuncaq düzəltdiyi sıyıq, barmaqlar arasından aşıb daşan palçıq kimi hiss edirdi. Fəttah Alpər danışdıqca Xıdır Ağsu o palçıq kimi elə hey bir ucdan yumşalırdı. İçərisində qəribə bir rahatlıq baş qaldırırdı, o rahatlıq Xıdır Ağsunu qoynuna alırdı, əzizləyirdi... Bu rahatlağın ağuşunda düşünmək də, inanmaq da, hətta heyran olmaq da asanıydı. Xıdır Ağsunun ürəyində qəribə bir yüngüllük baş qaldırırdı. Axı SSRİ kimi bir nəhəngi darmadağın edən bir xalq bir SSRİ generalı ilə doğurdanmı bacarmayacaqdı?
Xıdır Ağsu bir vaxt əllərində hiss etdiyi palçıq rahatlığını bu dəfə ürəyində hiss edirdi. Əbülfəz Elçibəyin Kələkiyə gedişinin doğrudan da hicərt olduğuna heç bir şübhəsi qalmırdı və bu hicrətlə bağlı ürəyinə şübhə toxumu səpən səy Ağabəyə sidqi - ürəkdən nifrət edirdi.
Böyük Bəyə inanmamaq günahdı.
Allah şeytana - səy Ağabəyə - lənət eləsin.
Fəttah Alpər gülümsəyirdi. O, qəzetinin gənc əməkdaşını tamamilə «obrabotka» eləyib axırına çıxmışdı. İndi onun qarşısında «elçibəy əsgəri» sözünə etiraz edib, müqabilində atasının «Azərbaycan əsgəri» olduğunu deyən adamdan əsər - əlamət qalmamışdı.
Xıdır Ağsu darmadağın edilmişdi.
Xıdır Ağsu hələ o vaxt hiss etmirdi ki, bapbalaca, əlvan balıq sürüsü kimi ağlında ora - bura şütüyən düşüncələrinin dibində, bəlkə də ürəiynin ən qaranlıq sualtı mağarasında bir ikrah hissi də qərar tutur, aşağıdan yuxarı ona sarı boylanır.
O hiss nə vaxt baş qaldıracaqdı, Xıdır Ağsu bunu da bilmirdi.
O ikrah hissi Xıdır Ağsunun heyranlıq içərisində üzən ürəyində ümumiyyətlə baş qaldıracaqdımı, yoxsa o mağaranın qaranlığı içində itib batacaqdı: Xıdır Ağsunun bundan da xəbəri yox idi.
Xıdır Ağsu iyrənmək hissinə bəlkə də məhz o gün, orda Fətta Alpərin o möhtəşəm otağında yoluxmuşdu. Hiss etmişdi ki, bu çək - çevirdən sonra Fəttah Alpərə inansa da, o, sövqi- təbii öz-özünə əvvəlki kimi inanmır. Elə bil içərisində labirintə düşmüşüdü. Hara üz tütürüdsa, qarşısına Fəttah Alpər çıxırdı. Doğrudur, bu labirintdə arabir qarşısına səy Ağabəy də çıxırdı, nə qədər qəribə olsa da səy Ağabəy o labrintdə Xıdır Ağsunun qarşısına həmişə Murtuz Qabiloğlu ilə birlikdə çıxırdı.
Xıdır Ağsu bu labirintdə heç cürə gedib özünə çıxa bilmirdi. Fəttah Alpərdən ayrılandan bir neçə gün sonra yavaş - yavaş həm də hiss etməyə başladı ki, qəzetdəki həmkarları əvvəlki adamlar deyil, adamlar ondan sürətlə uzaqlaşırdı. Hiss etməyə başladı ki, qəzetdəki adamlar ona əvvəlki kimi ürək qızdırmır, ona ehtiyatla yanaşır, bəziləri hətta başından eləməyə çalışır, hətta Fəttah Alpərlə görüşündən sonra ona ciddi məqalə sifarişi verən də olmamışdı.
Belə günlərin birində canındakı qaranlıqdan yaxa qurtarmaq üçün Xıdırı Ağsu yolunu Sahil gəzərliyindən saldı. Bir xeyli gəzərliyi payi - piyada dolaşdı. Ən nəhayət yoruludu. Qarşısına çıxan ilk pivəxanaya girib, bir parç pivə və noxud sifariş verdi və gözdən uzaq stolların birini arxasına çəkildi.
Stolun üstündə kiminsə qoyub getdiyi qəzet vardı. Qəzet «Vətən» qəzetiydi. O, qəzeti vərəqləməyə başladı.
Otuz iki səhifəlik qəzetdə nələr yoxuydu.
Siyasi yazıları bir kənara qoysaq, qəzet mövzu baxımından çox zənginiydi. Ən əsası isə Xıdır Ağsu illərdi məhz «Vətən» qəzetində gedən mövzuların axtarışındaydı. XX əsrin əvvələri, birinci iki on ili , birinci dünya müharibəsi, Osmanlı xənadanlığının çöküşü, gənc türklər, Türkiyədə onlara «tum türklər» deyirdilər, gənc türklərin Osmanlı xənadanlığının tarixində oynadığı rol, türkçülük, çar Rusiyasının süqutu, şərqdə ilk demokratik dövlət, Xıdır Ağsunun xüsusi məhəbbətlə sevdiyi, ağrıdığı , əzizlədiyi Xalq Cümhuriyyəti, Hüseyn Cavid, SSRİ-nin yaranması, SSRİ-nin daxilindəki Azərbaycan SSR, ikinci dünya müharibəsi, SSRİ-nin dağılması, fəlsəfi, sosioloji, tarixi məqalələr, Azərbaycandakı milli azadlıq hərəkatı…
Qəzetdə həm də kin - küdurət az idi.
Qəzet mövzularıyla ona çox doğma göründü..
Elə bil Xıdır Ağsunun içindəki qaranlığa işıq düşdü.
Xıdır Ağsu elə həmin gün Mirzə Fətəli Axundov adına kitabxanaya üzv yazıldı. Kitabxanada Teymur Göyçəlinin baş redaktorluğu ilə çıxan «Vətən» qəzetinin bütün nömrələriylə tanış oldu, qeydlər götürdü, onu maraqlandıran mövzularda yazan müəlliflərin imzaları , tərcümeyi - halları və yazdıqları məqalələrlə bağlı kartoteka tərtib etdi.
Və bundan sonra o, Teymur Göyçəlinin qəbuluna düşmək üçün yollar aramağa başladı.