
Rauf Qaraişıq. 2100. Mənim bir günüm (Fantastik hekayə)
- 06.07.2020
- 0 Şərh
- 3581 Baxış
…Dədə-babadan
qalma qədimi mexaniki saatın zəngiltisi məni yuxudan oyatdı. Gözlərimi
ovuşdurub mobil kompu, nazik kitab boyda olan aləti (həm mobil telefon, həm də
kompüter - ikisi birində) - mokompu açıb emailimi yoxladım.
"Yes!"
- icazə vermişdilər mənə, bu gün çölə çıxa biləcəyəm, özü də istədiyim
marşrutla. Bir gün öncə hara, niyə, hansı yolla, hansı nəqliyyatla, kimlə gedəcəyini
və orda nə qədər olacağını yazmalısan. Hər şeyi yazmasan, olmaz. Ən əvvəl öz
pasport nömrəni yazırsan, sonra sosial nömrəni və i.a.
...Alimlərin
dediyi baş verib artıq. Havanın orta illik temperaturu 8°F artıb.
Biz
artıq səhərlər yuxudan durub pəncərələri açmırıq, çünki çöldəki hava həddindən
çox çirklidir.
Pəncərələrimiz
artıq ikiqat yox, dördqat şüşədən düzəlib. Şüşələrin arasında da xüsusi qatlar
var, temperatur artan kimi tündləşir, günəş şüalarını içəri buraxmır. Nə isə,
bu da təzə biznesdir. Bütün pəncərələri dəyişirlər. Elektrik enerjisi o qədər bahadır ki, qışda evdəki
istiliyi qoruyur, yayda isə çöldəki istilikdən qorunuruq. Çünki nə isitmə
sobasını, nə də kondisioneri işlətməyə
pul yetmir.
Nə isə,
bir saata evdən çıxmalıyam.
Tualetə
gedib hermetik qaba pəşov etməliyəm. Orda o maye təkrar emaldan keçib içməli su
olan qaba yığılıb olacaq içməli. Özü də ilıq, öz sidiyimdən süzülən sudan ödüm
ağzıma gələ-gələ içəcəm. Astranavtlar yüz illərdir kosmosda bu cür su içir.
Amma mən
astranavt deyiləm axı. O da var.
Qaynar
çay, kofe içmək ancaq varlıların qismətinə yazılıb. Heç soyuq sudan danışmağa dəyməz.
Soyuq
su lap bahadır. Hələ mən bulaq suyu demirəm. Bulaq suyu qızıl qiymətinədir. Otuz illik viski qitmətinədir bir şüşə bulaq
suyu. Onu da elə içki dükanlarında
satırlar.
Ərzaq
dükanlarında satılan isə yağış suyu ilə dəniz suyunun qarışığından düzəlmiş və
xüsusi emaldan keçmiş sudur.
Mən
son dəfə bulaq suyunu iki il bundan əvvəl bir varlı pasiyentimin evində içmişəm.
(Hə, sizə deməmişəm axı, mən psixoterapevtəm. Freelance işləyirəm.)
Hə
sudan danışırdım axı…
Pəh…
Dünyada içdiyim ən gözəl içkiydi. Dadı hələ də ağzımdan getməyib. Babamgilin
bağında içdiyim suyun dadı vardı o suda…
Təzə biçilmiş otun, təndirdən çıxan isti
çörəyin, akasiya çiçəyinin iyi gəldi burnuma, nə isə… Ağzım sulandı…
Qırx
il bundan qabaq, kimə desəydin ki, vaxt gələcək bulaq suyu görəndə ağzın
sulanacaq, ağzını marçıldadacaqsan, sənə dəli deyərdilər, yəqin ki…
Vaxtdır,
gedim bir az çiyələk tozu qatım o "su" ya, bir az da yumurtalı kartof
var onu yeyim, gedim "dava paltarı"mı hazırlayım.
Çöl
paltarına "dava paltarı" deyirəm, çünki xüsusi materialdan hazırlanıb;
sipəri var, həm də sərin olur, istiliyi, tozu keçirmir. Udduğun havanı da təmizləyir.
Əla şeydir.
Qlobal
istiləşmədən sonra yüzlərlə yeni növ (geni dəyişmiş) cücü-mücü peyda olub şəhərdə. Xəstəlikləri bir dəfə sancmaqla yaya bilirlər.
Havalar
istiləşdikcə, çirkləşdikcə bunların sayı da artır. Pəncərələri həm də o qaniçən
həşəratlara görə aça bilmirik.
Bayaq astranavtları yada saldım ha, bax bir növ
onların geyiminə, ya da skafandra oxşar bir şeydir, sadəcə yığcamdır bir az.
Dövlət lazım bildiyi adamlara verir bu cür geyimləri, adətən. Dükanda da
satırlar, ama çox bahadır. Adi adamlarda yoxdur bu geyimdən.
Mənim
bəxtim gətirib, varlı-karlı xəstələrim var, mənə son model geyim bağışlayıblar.
Hə,
deməli belə, çöl qapısı ilə içəridəki qapının arasında bir tam hermetik kamera
var, çöl paltarını orda geyinəcəm. Dezinfeksiya olunub çıxacam həyətə.
Qonşularımla
yaxın deyiləm. Bircə onu bilirəm ki, Texasdan, dəhşətli quraqlığın əlindən
qaçıb gəliblər bura. Əlaqəm yoxdur heç kimlə. Hər axşam həm sağ, həm də sol
qonşularım içib, çəkib qışqırırlar, mahnı oxuyurlar, bəzən də dalaşırlar.
Ailə,
uşaq da yoxdur, artıq. Heç kimdə yoxdur, yəni, tək mənim məsələm deyil. Dövlətin
qanunları belədir. Və çox sərtdir.
21-ci əsr
ən başıpozuq, məsuliyyətsiz, tərbiyəsiz və guya "azad", əslində isə
vecsiz insanlar yetişdirdi və sonunda faşist bir quruluş yarandı.
Hə,
uşaq demişkən, kim uşaq oynatmaq istəyirsə, qədimdəki heyvanxanalar kimi yerlər
var, yarı həbsxana, yarı xəstəxana kimi; və ya yarısı məktəb, yarısı hərbi
kazarmaya oxşar bir yerlər var, ora gedir. Təbii ki, əvvəldən appointment
almalısan. İlk əvvəl səni altı ay
yoxlayırlar. Dövlət Təhlükəsizlik Komitəsindən təmiz çıxsan gedib uşaqlarla
oynaya bilərsən, amma öz cinsindən olan uşaqla ancaq. Yəni mən, kişi cinsindən
olduğum üçün oğlan uşağını oynada bilərəm. Niyə?
Bilmirəm,
qanun belədir. Deyilənə görə müxtəlif cinsdən olan münasibətlər uşaqartırma həvəsi
yarada bilər, seksual istəklər oyada bilərmiş, guya… Ki, bu da dövlət siyasətinə
ziddir. Sevmək-sevilmək yasaq yani… İnsanlıq yasaq, yani…
Uşaqlar
dövlətin himayəsindədir bütövlükdə. İnkubatorlar var. Orda yetişdirilir və
ordan lazımı yerlərə çatdırılır. Ata-ana söhbəti yoxdur. Süni mayalanma ilə
genetik sağlam, istiyə, aclığa, təhqirə, ədalətsizliyə, əclaflığa qarşı dözümlü
"robotcuq"lar hazırlayırlar.
Bu da
belə.
Həə… O
iki qapının ortasında qalmışdım axı. Çöl paltarımı geyinib, nağıllarda
deyildiyi kimi, altdan-üstdən qıfıllanandan sonra hermetik dəmir qapı açılacaq
və mən o kirli-paslı blokun içiylə gedib çölə çıxacam.
Və mənim
iki saatlıq piyada səfərim başlayacaq. Növbəti
pasiyentimin həyatından bezməsi və sui-qəsd etmək istəməsi, bu həyatın heç bir
məna daşımaması haqqında olan söhbətlərinə qulaq asıb, hipnotik istedadımdan və
natiqlik bacarığımından istifadə edərək onu sakitləşdirəcəm. Ezoterik bilgilərimi
onunla bölüşəcək, xoş sözlərlə, gözəl ibrətamiz hekayətlərlə onun ruhunu
oxşayacam.
Beynindəki
virusları təmizləyib təzə proqramlar yükləyəcəm başına.
Onu
restart edib, payi-piyada düzələcəm yoluma - gedəcəm evə.
Sizə
bir sirr olaraq deyim ki, neçə illərdir ki, mən yazda, payızda gizlincə gedib şəhər
kənarındakı zibillikdə ağac əkirəm. Tutsalar cəza verəcəklər, bilirəm.Yaxşı ki,
ara-sıra yağışlar yağır, ağacları qurumağa qoymur. Artıq min dənə ağac əkmişəm.
Bilmirəm bu işimlə planetə olan oksigen
borcumu ödəyə biləcəm, ya yox?
Hayıf
ki, dövlət icazə vermir günəş
batareyaları quraşdırıb həm kölgəlik yaradaq, həm də elektrik istehsal edək. Külək,
dalğa generatorları qurmağa da icazə vermir. İnsanlara xeyir verə biləcək heç
bir şeyə icazə vermir bu lənətə gəlmiş totalitar rejim. Keçən il evimizin
damını ağ rənglə rəngləmək istəyirdim ki, yayda qızmasın bina, icazə vermədilər.
Dövlətlər böyük karporasiyalarla birləşib insanlara əziyyət
verməklə, onları çirkli su, hava, süni qida ilə qırmaqla məşğuldur. İstəsəydilər
biz bu bədbəxtliklərin qarşısını hələ 2050-də ala bilərdik.
Götür
elə 2020-ci ili, koronovirus olan vaxtı deyirlər, ikicə ay zavod-fabriklər dayanıbmış. Hava 20 faiz təmizlənibmiş;
çaylar, dənizlər balıqlarla dolubmuş, sular durulubmuş.
Nə
bilim, deyirlər babam deyirmiş ki, gözüylə görüb. Babamgil Azərbaycanda
yaşayırmış o vaxt, sonralar quraqlıq olub dəhşət, su-zad tapılmırmış, ona görə
köçüb gəliblər ABŞ-a, bura yəni.
Nə isə…
Gəldim
çatdım evə. Gedim bir az dincəlim…
R.Q.
25/05/2100