
Rey Bredberi. Dadli Stounun təəccüblü ölümü (Hekayə)
- 27.06.2020
- 0 Şərh
- 3303 Baxış
- Sağdır!
- Ölüb!
- Lənət
sənə kor şeytan, Nyu-İnglənddə yaşayır axı!
- İyirmi
il əvvəl ölüb!
- Yaxşı,
papaqlarınızı bir atın görək, nə qədər pul toplaya bilirik. Mən şəxsən özüm
gedib onun başını gətirəcəyəm.
O axşam
bax, belə bir söhbət olmuşdu. Kimdirsə, tanımadığımız bir adam, çox vacib bir tərzdə
elan elədi ki, Dadli Stoun "ölüb!” Biz isə, "Sağdır!” - deyə etiraz edirdik. Guya
bilmirdik?! Məgər 20-ci illərdə onun şəninə yerli-yersiz təriflər yağdıran, kitablarını
sanki əhdini yerinə yetirən idrakın alovunun işığında hərisliklə oxuyan o
sonuncu mogikanlar biz deyildikmi?!
Elə həmin
o Dadli Stoun. O gözqamaşdıran stilist, ədəbiyyat aslanlarının ən nəhəngi. Siz
yəqin ki, onun öz naşirlərinə yazdığı yeganə məktubla hamını necə mat-məəttəl
qoyduğunu yaxşı xatırlayırsınız; o məktubdan sonra elə bir çaxnaşma yaranmışdı
ki, sanki kimsə özünü qayadan atmış, ya da qiyamətin ilk əks-sədaları eşidilməyə
başlamışdı.
"Cənablar,
bu gün, otuz yaşımda, mən öz məsləyimi tərk edir, qələmlə əbədi vidalaşıram. Yaratdığım
hər şeyi yandırıb, son əlyazmamı da zibilliyə tullayıram. Bununla da sizə həmişəlik
əlvida deyirəm. Sağ olun, sağlıqla qalın.
Hörmətlə:
Dadli Stoun.”
Sanki qəfil
bir zəlzələ olmuşdu, yaxud, üzərimizə qeybdən iri qaya parçaları qopub
tökülmüşdü, heyrət içində idik. Və bütün bu illər ərzində nə zaman görüşsək, bir-birimizə
həmişə eyni sualı verirdik: "Axı niyə?” Onun
yazıçı karyerasına tüpürməyinin hər üzünü uzun-uzadı reklam verilişlərindəki
kimi müzakirə edirdik. Buna qadınlarmı səbəb olmuşdu? Ya, bəlkə içki? Bəlkə də at
yarışlarında olduğu kimi, bu ən yaxşı yorğanı geridə qoyaraq qüvvələrinin
aşıb-daşan çağında onu sadəcə çıxdaş eləmişdilər... Buna baxmayaraq biz hər kəsi
inandırmağa çalışırdıq ki, əgər Stoun yazmağa davam etsəydi, onun istedadının
atəşində Folkner, Heminquey, hətta Steynbekin özü belə çoxdan yanıb kül olardı.
Olduqca kədərli idi ki, yaradıcılığının
məhz ən çiçəklənən çağında o, hər şeydən üz döndərib, Unuduluş adlı dənizin
sahilində yerləşən və bizim ən yaxşı halda Zülmət adlandıra biləcəyimiz bir yerə
köçmüşdü.
"Niyə?”
- Bu, onun qələmindən çıxan alabəzək və tamamilə fərqli sətirlərin arasındakı
dühanın xəfif işartılarını sezə bilən hər kəs üçün bir müəmma olaraq qaldı.
Bir neçə
həftə bundan əvvəl bir axşam, ötüb keçən illərin bizim simamızda qoyduğu izlər
haqda düşünürdük; üzlərdəki qırışlar gedərək
daha dərinləşmiş, saçlarımız artıq kifayət
qədər seyrəkləşmişdi - yaşlanırdıq. Bəli, illər ötürdü, indiki nəsil Dadli
Stoun haqda tamamilə məlumatsızdı və bu, bizi hiddətləndirirdi.
Tomas
Vulf - biz öz aramızda deyinirdik, - əbədiyyət adlı uçurumun kənarından
atılmazdan əvvəl heç olmasa qazandığı uğurlardan bolluca həzz ala bilmişdi. Tənqidçilər
onun ardınca elə baxırdılar, sanki qaranlığı yarıb keçən quyruqlu meteoriti
seyr edirdilər. Bəs görəsən, Dadli Stounu, 20-ci illərdə onun başına
toplaşdığımız dərnəkləri, onun çılğın pərəstişkarlarını, izləyicilərini kim
xatırlayırdı?
- Atın
papaqlarınızı, - mən dilləndim, - mən o üç yüz millik məsafəni qət edib Dadli
Stounu tapacağam. Yaxasından yapışıb deyəcəyəm
ki: "Qulaq asın, mister Stoun, bir deyin görək, niyə bizi barmağınıza dolamısınız,
hə? Niyə bu iyirmi beş il ərzində əziyyət çəkib bircə kitab da olsa yazmadınız?”
Hərəmiz
bir az pul qoyduq və mən teleqram vuraraq qatarla yola düşdüm. Orda məni nəyin
gözlədiyini heç özüm də bilmirdim. Bəlkə də məni səsi axşam küləyinin
xışıldatdığı payız otlarını xatırladan, ayaq üstə güclə dayanan aciz və cansız
dəvədəlləyinə oxşayan bir qoca qarşılayacaqdı, qarşımda bir solğun kölgəyə, quru
cəsədə bənzəyən adam görəcəkdim. Buna görə də qatar fit çalıb platformaya yaxınlaşanda
dizlərimin əsdiyini hiss etdim. Buraya onu hansı küləyin atdığını anlaya bilməyən
axmaq adamlar kimi, dənizdən bir mil aralıda yerləşən tənha stansiyada qatardan
enməli oldum.
Dəmiryolu
kassasının yanındakı lövhə hər cür elanlarla dolu idi, biri digərinin üstünə
yapışdırılan bu elanlar qalın təbəqə əmələ gətirmişdi, görünür əvvəlki illərə
aid olanları qoparmaq zəhmətinə heç kim qatlaşmaq istəməmişdi, elə köhnələrin
üstündən zaman-zaman yenilərini yapışdırırdılar. Bu kağız təbəqəsinin üst qatlarından bir neçəsini qoparıb atdıqdan sonra, nəhayət, özümə
lazım olanı tapdım. Demə Dadli Stoun ərazi sovetinə, bələdiyyə idarəsinə və s.
bu kimi vəzifələrə öz namizədliyini irəli sürübmüş. Onu bu bülletenlərdəki günəşin
və yağışların davamlı olaraq soldurduğu fotolardan heç düz-əməlli tanımaq da
olmurdu, ancaq bu fotolar və bülletenlər deyirdi ki, Stoun bu illər ərzində cəmiyyətdə
mühüm mövqe tutmağa can atıbmış. Mən dayanıb hamısını oxudum.
- Xoş
gördük! - qulağıma hardansa arxadan bir səs dəydi. Bu, həmin o mister Duqlas
idi? Dərhal çevrilib baxdım. Əla bədən quruluşlu, bir az dolubədənli bir adam
düz mənə tərəf gəlirdi. Onun ayaqları sanki bir rıçaq kimi müntəzəm tərzdə hərəkət
edirdi, pencəyinin yaxasında parıldayan bir gül, boynunda isə parıldayan
qalstuk vardı. O, əlimi sıxdı və boyu mənimkindən hündür olduğundan, mənə
yuxarıdan aşağıya elə amiranə bir tərzdə nəzər saldı ki, mən bir anlıq
Mikelancelonun Tanrısının yaratdığı Adəmə o möhtəşəm toxunuşunu xatırladım. Üzünün
ifadəsi qədimi dəniz xəritələrində təsvir olunan o qorxunc və soyuq Cənub və
Şimal küləklərini xatırladırdı, bu qədər həyat eşqilə aşıb-daşan simanı bir də
qədim Misir heykəltəraşlarının daş üzərində oyduqları günəşlə müqayisə etmək
olardı.
"Deməli,
belə?! Doğrudanmı bu adam iyirmi ildən artıq bir müddət ərzində heç bircə sətir
də yazmayıb? Bu ola bilməz!..” - mən öz-özümə düşünürdüm. O, çox canlı, qaynar
görünürdü, hətta bir anlıq mənə elə gəldi ki, onun ürək döyüntülərini belə eşidə
bilərəm. Deyəsən mən bu adama çox səfehcəsinə zillənmişdim axı...
"Etiraf
edin ki,” - o, gülərək dedi: "Siz bu gün burda bir kabus görəcəyinizi güman
edirdiniz”.
- Mən...
-
Xanımım ingilissayağı tərəvəzlə pörtlədilmiş ət hazırlayıb və indi evdə sizi
gözləyir. Pivəmiz də ki, boldur - əsl ingilis pivəsidir, porter. Əladır, yanaqları
allandırar, öləziyən ruhu dirildər. Hə? Nə deyirsiz?
Bu sözlər
lap musiqi kimi səslənir. O danışdıqca, jiletinin aşağı cibinə parıldayan zəncirlə
bərkidilmiş böyük qızıl saat da qarnının üstündə ahəngdar bir şəkildə
yırğalanırdı. Stoun mənim dirsəyimdən yapışaraq öz ardınca elə tərzdə sürüdü
ki, elə bil sehrbaz bəxtsiz bir dovşanı öz kahasına sürüyürdü.
- Tanış
olmağımıza şadam. Yəqin ki, siz də mənə hamının verdiyi sualı verməyə gəlmisiniz.
Neynək! Birinci adam deyilsiniz ki. Amma gərək bu dəfə hər şeyi danışam.
Sanki
ürəyim ayağımın altına düşdü:
- Əla!
Kimsəsiz
stansiyanın çıxışında 1927-ci il istehsalı olan Ford Model-T bizi gözləyirdi.
- Təmiz
havadır. Belə havada maşın sürəndə mənə elə gəlir ki, bütün bu tarlalar, otlar,
çiçəklər - hər şey küləklə birlikdə üstümə gəlir. Ümid edirəm ki, siz pəncərələri daim bağlı saxlamaqdan xoşlanan
adamlardan deyilsiniz. Bizim evimiz lap Masa dağının təpəsi kimidir, pəncərələrimiz
daim açıq olur, külək də ki, otaqları silib süpürür.
On dəqiqə
sonra maşın artıq uzun illərdən bəri baxılmayan və buna görə də kələ-kötür olan
yolla şütüyürdü. Maşını belə nahamar yolda idarə etməsinə baxmayaraq, Stounun
üzündən yol boyu təbəssüm əksik olmadı. Mənzil
başına çatmağa son bir neçə yard məsafə qalanda biz lap əməlli-başlı silkələnməli
olduq və nəhayət, baxımsız, boyası qopalaqlanıb tökülmüş ikimərtəbəli bir evin
qarşısına çatdıq.
Ford sanki
ağır-ağır nəfəs alaraq susdu.
- Düzünü
bilmək istəyirsiniz? - Stoun qəfil üzünü çevirib çiynimdən möhkəmcə yapışaraq düz
gözümün içinə baxdı:
- Düz
iyirmi beş il əvvəl mənə bir nəfər revolverdən güllə atıb.
O, maşından
düşdü. Mən gözlərimi ona zillədim, o indi kabusdan daha çox, nəhəng daş
parçasına oxşayırdı və mən anladım ki, onun güllə kimi evə girməzdən öncə mənə
dediyi bu sözlərdə bir həqiqət var.
- Bu - mənim
xanımım, bu - bizim evimiz, bu da ki, süfrə! Bir baxın, panoram necədir. Qonaq
otağının pəncərələri üç tərəfə açılır - dənizə, sahilə və çəmənliyə. Biz bu pəncərələri
yalnız qışda bağlayırıq. Yayın ortasında çiçəkləyən cökələrin ətri bəzən
buralara qədər gəlir, ciddi sözümdür. Qışda isə Antarktidanın ətrini duya bilərsiniz.
Əyləşin! Lena, onun bura gəlməyi yaxşı oldu, hə?
- Ümid
edirəm ki, siz tərəvəzli pörtlədilmiş əti bəyənəcəksiniz. - Lena dedi. Boylu-buxunlu,
cüssəli olan bu qadın süfrəni hər cür parlaq lampadan daha yaxşı işıqlandırırdı
və heç ən nəhəng adamın yumruğu ilə sındıra bilməyəcəyi ağır əşyaları xüsusi cəldliklə
ora-bura daşıyırdı. Onun siması elə bil ki, aydın və parlaq günəş idi, üzü
xeyirxahlıq saçırdı. Süfrə üzərindən qalxan iştahalı qoxu buludu bizi elə bil
ki, cəhənnəmə sürükləyirdi. Mənim nimçəm düz üç dəfə dolub-boşaldı və mən hər dəfəsində
daha çox, lap xirtdəyəcən doyduğumu, lap sonuncu dəfədə isə, artıq qulaqlarımın
dibinəcən tox olduğumu hiss etdim. Dadli mənə, özünün dediyinə görə "ona
yalvarıb ondan əfv diləyən” vəhşi qara üzüm salxımlarından çəkdiyi pivədən
süzürdü. Sonra isə o, boşalmış yaşıl pivə şüşəsinə üfləyərək musiqiyə bənzər səslər
çıxarmağa başladı.
- Yaxşı,
deyəsən sizi çox yordum, - o dedi. - İndi məni necə "öldürdüklərini”
danışacağam. Amma inanın ki, bunu hələ heç kimə danışmamışam. Con Outis Kendell
adı sizə tanış gəlir?
- İyirminci
illərdə fəaliyyət göstərən o ikinci dərəcəli yazıçımı? Bir neçə kitabı vardı
deyəsən. Otuz birinci ilə qədər birtəhər sürünüb. Keçən həftə vəfat etdi.
- Məkanı
cənnət olsun...
Bir
anlığa Stoun kədərlənmiş kimi görünsə də, danışmağa başlayan kimi üzündəki kədəri
sanki əllə qopardıb atdılar, hər şey yoluna elə düşdü ki, elə bil, heç bu söhbət
olmamışdı.
- Bəli.
Con Outis Kendell. Otuz birinci ilədək birtəhər sürünən, çox şey vəd edən yazıçı.
- Sizin
qədər deyil amma, - mən tələsik qeyd etdim.
- Tələsməyin.
Biz, yəni Conla mən birlikdə böyümüşük. Qonşu evlərdə. Eyni palıd ağacının kölgəsi
səhər bizim evə düşəndə, axşam onların evinə düşərdi. Kiçik çayları bərabər üzərdik, ikimiz də turş almadan və çəkdiyimiz ilk siqaretdən dolayı özümüzü pis hiss etmişdik, ikimiz də eyni qızın sarışın saçlarındakı sehrli parıltıları
sezmişdik və hər ikimiz on yeddi yaşımız tamam olanda xoşbəxtliyimizi axtarmaq,
nəyin bahasına olursa-olsun səadəti yaxalamaq üçün yola çıxmağa qərar
vermişdik. Əvvəlcə heç birimizin işləri pis getmirdi, sonralar isə mən onu ötüb
keçdim və o, tədricən axsamağa başladı. Əgər onun ilk kitabı bir uğur
qazanırdısa, mənimki altı uğur qazanırdı. Mənim bir uğursuzluğum olanda, onda
onlarla uğursuzluq olurdu. Sanki biz bir qatarda səyahət edən iki dost idik və
oxucu kütləsi bu qatarın vaqonlarını ayırmışdı. Con Outis arxadakı vaqonda
qalmış və mənim ardımdan: "Kömək elə! Sən məni Ohayoda, Tenktaunda tərk edib
gedirsən, axı bizim yolumuz eynidir!” - deyə qışqırırdı. Konduktor isə
cavabında: "Yolunuz eyni olsa da, artıq ayrı-ayrı qatarlardasınız,” - deyirdi.
Mən isə
qışqırırdım:
- Sənə
inanıram, Con! Ruhdan düşmə, sənin ardınca qayıdacağam!
Və onun
vaqonu elə hey geridə qalırdı, onu artıq görmək çətinləşirdi, gözə dəyən yalnız
qaranlıqda işıldayan, albalı və limon tamlı konfetləri xatırladan qırmızı,
yaşıl fənərlərdi və biz bu son vida hayqırtılarına sanki bütün içimizi
tökürdük:
- Con, köhnə
dost! "Dadli,dostum!” - və beləliklə, Con sanki qaranlıqda kənar yola saparaq
tamamilə gözdən itdi, mənim qatarım isə var qüvvəsilə işığa doğru götürüldü.
Dadli
Stoun bu yerdə susdu və elə bil hiss etdi ki, heç nə başa düşmürəm.
- Mən
bütün bunları boşuna nağıl eləmirəm, - o dedi. - Bu həmin o Condur ki, min
doqquz yüz otuzuncu ildə bir-iki nimdaş paltar, bir də öz kitablarının qalan
nüsxələrini sataraq bir revolver alır və bax, bu evə, elə bu otağa gəlir.
- O,
sizi öldürməyi planlaşdırıbmış?
- Əlbəttə,
lənət şeytana. Öldürdü də. Part! Çaxır istəyirsiz? Belə daha yaxşıdır.
Missis
Stoun süfrəyə çiyələkli qat-qat piroq gətirdi, Dadli Stoun isə mənim hövsələmin
tükənməyindən sanki həzz alırdı. O, piroqu üç iri hissəyə ayırdı, onları
bir-bir nimçələrə qoydu və pişiyin xamaya marıtladığı kimi mənim üzümə baxdı.
- Baxın,
burda, indi sizin oturduğunuz stolda Con Outis oturmuşdu. O pəncərənin
arxasında, bizim hisxanada düz on yeddi donuz budu, zirzəmidə beş yüz şüşə əla
çaxır, bayırda geniş üfüqlər, bütün gözəlliyilə bərq vuran dəniz, göydə bir
tabaq soyuq qaymağı xatırladan bəmbəyaz ay, baharın düz ortası, stolla üzbəüz
dayanmış Lena - küləkdə titrəyən söyüd ağacı kimi… Dediyim və susduğum hər sözə
ürəkdən gülən qadın. Unutmayın ki, o zaman biz cəmi-cümlətanı otuz yaşındaydıq,
həyatımız bir cazibəli karusel kimi idi, hər şey bizə gülümsəyirdi, kitablarım
çox yaxşı satılırdı və heyranlıq içində yazılan oxucu məktubları məni vəcdə gətirirdi,
tövləmizdə atlar bizi gözləyirdi, bu atlarla ay işığında dəniz buxtasına qədər
çapmaq, dənizin gecə pıçıltılarını və elə özümüzü də dinləmək - bir sözlə, istədiyimiz
hər şeyi edə bilmək imkanımız vardı. Con isə, təsəvvür edin ki, indi sizin
oturduğunuz yerdə oturub və revolveri sakitcə cibindən çıxardır.
- Mən
güldüm, elə bildim alışqandır, - missis Stoun əlavə etdi.
- Lakin
Con Outis tamamilə ciddi bir tərzdə dedi: "Mən indicə sizi güllələyəcəyəm, mister
Stoun”.
- Bəs
siz neynədiniz? - mən soruşdum.
- Neynədim?!
Mən dəhşətə gəldim, heyrətdən donub qaldım. Bir anlıq o güllənin partlayaraq mənə
dəydiyini hiss etdim. Tabutun üzümə çırpılan qapağını gördüm, üzərimə tökülən
torpağın səsini eşitdim; sanki zirzəmiyə kömür boşaldırdılar. Deyirlər, belə
zamanlarda bütün həyatın, bütün keçmişin gəlib keçir gözlərinin önündən. Boş
sözdür. Gələcəyi gəlir göz önünə insanın. Üzünün necə qanlı sıyığa döndüyünü
görürsən. Oturub bütün fikrini toplayır və güc-bəla ilə deyirsən: "Con, bu nədir
axı, mən sənə neynəmişəm?!”
"Neynəmisən?”
- o bağırır. Uzun rəfdə düzülmüş, hər birinin kənarında mənim adımın pantera gözü kimi par-par parıldadığı
kitablara ani bir nəzər salır və dəhşətli səslə təkrar edir: "Neynəmisən?” Və
onu əli səbirsizliklə revolverin
qundağını sıxır.
"Con,ehtiyatlı
ol!” - mən dedim. "Sən axı nə istəyirsən?”
"Yalniz
bir şey; səni öldürüb məşhur olmaq. Qoy adım qəzet səhifələrindən düşməsin. Sənin
qədər məşhur olmaq istəyirəm! Dadli Stounu öldürən adam kimi tanınmaq, ömür
boyu, hətta öldükdən sonra belə şöhrət sahibi olmaq istəyirəm!”
"Sən
bunu edə bilməzsən!”
"Amma
edəcəyəm. Çox məşhurlaşacağam. Hər halda, bu gün sənin kölgəndə olduğumdan daha
məhşur olacağam. Ah, bu dünyada heç kəs nifrətin nə olduğunu bir yazıçıdan daha
yaxşı bilə bilməz. Sənin yazılarını nə qədər sevdiyimi və bu qədər gözəl yazdığın üçün sənə necə nifrət etdiyimi bircə
Tanrı bilir! Dəhşətli ziddiyyətdir, elə
deyil? Amma daha dözə bilmirəm, sənin kimi yaza bilmirəmsə, deməli, şöhrəti
asan yolla yaxalamalıyam. Sən şöhrətin zirvəsinə çatmamış bu işi bitirmək
lazımdır. Deyirlər, yeni kitabın əvvəlkilərdən də yaxşı olacaq, göz qəmaşdıracaq”.
"Şişirdirlər!”
"Amma mənə
elə gəlir ki, düzünü deyirlər”.
Mən
Lenaya ötəri nəzər saldım, o qorxmuşdu, amma hay-küy salaraq hər şeyi
korlayacaq qədər dəhşət içində də deyildi.
"Sakit
ol, Con. Sakitləş. Hər şeyi zamanın ixtiyarına burax. Mənə bircə dəqiqə imkan
ver, sonra tətiyi çəkərsən”.
"Yox!” -
Lena pıçıldadı.
"Sakit!”
- mən ona, özümə, Outisə dedim. Açıq pəncərədən bayıra baxdım, küləyin hənirtisini
hiss edirdim, zirzəmidəki çaxırları, sahilyanı buxtanı, dənizi, göyün üzünə
sanki bir oraq kimi sancılan ayparanı, yayın vəd etdiyi nanə ətirli cənnət rahatlığını, səmaya dağılan buxarı xatırladan
buludları, səhərə qarşı səmada dövrə cızaraq düzülmüş ulduz topalarını
düşündüm. Axı mənim cəmi otuz yaşım vardı, elə Lenanın da. Bütün ömrümüz
qabaqda idi. Həyatın, məişətin bütün gözəllikləri göz önümdə elə canlanmaqda idi
ki, sanki yetişmiş bir meyvə, onu yeyib həzz almaq üçün məni gözləyirdi. Xatırladım
ki, mən onda hələ heç, məsələn, dağa dırmaşmamışdım, okeanın o tayına səyahət
eləməmişdim, mənim heç vaxt teleskopum olmamışdı, bələdiyyə seçkilərinə
qatılmamışdım, səhnədə oynamamış, ev tikməmişdim, oxumaq istədiyim klassiklərin
hamısını oxumamışdım - bir sözlə, eləmək istədiyim o qədər çox şey vardı ki!..
Bu
ildırım sürətilə ötən 60 saniyədə mən həm də öz karyeram barədə də düşündüm.
Artıq yazmış olduğum, hələ bitirmədiyim və nə vaxtsa yazacağım bütün kitablarım
barədə fikirləşdim. Rəyləri, yüksək tirajları, bizim bankdakı mötəbər
hesabımızı göz önümdən keçirdim. Və istər inanın, istər yox, həyatımda ilk dəfə
özümü bunların hamısından yaxasını qurtarmış biri kimi hiss etdim. Bir anlığa mən
tənqidçiyə də çevrildim, hər şeyi ölçüb-biçdim. Tərəzinin bir gözündə hələ üzmədiyim
dənizlər, əkib-becərmədiyim çiçəklər, böyütmədiyim körpələr və ən əsası, mənim
yer üzündəki ilahəm - Lena; qolların tən ortasında əlində revolver tutmuş Con və
o biri gözündə, boş olan tərəfində isə qələmim, mürəkkəbim, ağ vərəqlər və
yazdığım onlarla kitab vardı. Fikrimdə bu tərəzinin gah bu, gah da o biri gözünə
bir-iki xırda detallar əlavə edirdim. Altmış saniyə isə bitməkdə idi. Açıq pəncərədən
içəri dolan axşam küləyi Lenanın boynuna tökülmüş qıvrım saçlarına toxunurdu. Bu
nə qədər zərif bir toxunuşdu, Tanrım, necə incə toxunuşdu...
Revolver
isə düz mənə tərəf tuşlanmışdı. Mən şəkillərdə fəzada olan və Nebulanın nəhəng
kömür kisələri adlandırılan dəlikləri və ay kraterlərini çox görmüşdüm, lakin o
an mənə tuşlanan revolverin lüləsi onların hamısından daha geniş, daha
qorxuncdu.
"Con, -
nəhayət dilləndim. Mənə bu qədər nifrət edirsən, yəni? Hamısı da ona görə ki, mənimki
gətirib, səninki yox?”
"Hə, lənəntə
gələsən!” – o bağırdı.
Onun mənə
belə nifrət etməsi hətta bir az əyləncəli
idi, çünki heç özümü ondan bu qədər üstün yazıçı da saymırdım. Hər şeyi dəyişmək
üçün əlinin bircə hərəkəti kifayət edirdi.
"Con,” -
mən sakitcə dilləndim, "əgər sən mənim ölməyimi istəyirsənsə, mən ölərəm. Görünür,
sən istəyirsən ki, mən daha yazmayım, elədir?”
"Hə, bundan
yaxşı heç nə ola bilməz!” – o qışqırdı. "Hazır ol!” Ürəyimi nişan almışdı!
"Yaxşı!”
- dedim. "Mən daha heç vaxt yazmayacağam.”
"Necə?”
– o soruşdu.
"Biz
axı köhnə, çox köhnə dostlarıq, bir-birimizi də heç vaxt aldatmamışıq, elə
deyil? Ona görə də mənə inana bilərsən, bu gecədən etibarən, mənim qələmim bir
daha kağıza toxunmayacaq.
"Aman
Tanrım!” - o, nifrət və inamsızlıq içində güldü.
"Orda, yazı
masasının üzərində mənim iki kitabımın əlyazmasının yeganə nüsxəsi var, son üç
ayı onların üzərində işləmişəm. Birini indi sənin gözlərinin qarşısında
yandıracağam. O birini isə aparıb öz əllərinlə
dənizə ata bilərsən. Bütün evi axtara, bütün yazılı kağızları, hətta mənim
bütün çap olunmuş əsərlərimi də son səhifəsinədək yandıra bilərsən. Buyur”.
Mən
ayağa qalxdım. O, məni güllələyə bilərdi, lakin son sözlərim onu sanki sehrləmişdi.
Mən əlyazmanın birini buxarıya ataraq kibriti çəkdim.
"Yox!” -
Lena özünü saxlaya bilmədi. Mən çevrilib: "Nə elədiyimi bilirəm,” - dedim. O
ağlamağa başladı. Con Outis Kendell gözlərini bərəldərək tilsimlənmiş kimi mənə
baxırdı. Mən ikinci, hələ çap olunmamış əlyazmanı ona uzadaraq: "Buyur,” - dedim
və onu Outisin ayaqqabısının sağ tayının altına soxdum. Sonra çəkilib öz yerimdə
əyləşdim. Külək əsirdi, isti bir axşamdı və qarşımda oturmuş Lena qızarıb
almaya dönmüşdü. "Bu gündən sonra bircə sətir də yazan deyiləm,” - mən dedim. Nəhayət,
Outis dilə gəlib soruşdu:
"Bunu
necə edə bildin?”
"Hər kəsi
məmnun etmək üçün,” - mən dedim. "Sən məmnun qalasan və biz yenidən dost ola
bilək deyə. Lena məmnun qalsın və mən onu tərk etməyim deyə. Və özümü məmnun
etmək üçün, çünki insan olaraq həyata davam etməyi yazıçı olaraq ölməkdən
qat-qat üstün tuturam. Ölü adam heç nə edə bilməz, Con. İndi isə get və mənim
son novellamı da özünlə apar”.
Biz
burda üçümüz oturmuşduq, indi səninlə oturduğumuz kimi. Limon, cökə və
kameliyaların ətri gəlirdi. Aşağıda isə okean sahilyanı daşlara çırpılıb inildəyirdi.
Ay işığında səslənən bu musiqi necə də ecazkar idi, İlahi. Nəhayət, Con əlyazmanı
götürdü və cəhənnəm olub getdi. Sanki mənim cansız bədənim otağı tərk etdi. O, qapıya
çatanda ayaq saxlayaraq çevrildi: "Sənə inanıram,” - və dönüb getdi. Mən onun
maşınının necə uzaqlaşdığını eşitdim. Lenanı yatağa apardım. Həyatımda tək-tük
hallarda mənə bütün gecəni sahildə gəzmək nəsib olmuşdu, bu gecə onlardan biri
idi. Mən sinə dolusu nəfəs alır, əllərimi, ayaqlarımı, üzümü yoxlayaraq körpə
uşaq kimi ağlayırdım. Sonra suya daldım və soyuq duzlu sahil sularının ayaqlarımın
altında köpüklənməsindən, milyonlarla köpüyə qərq olmaqdan həzz aldım.
Dadli
Stoun susdu. Otaqda zaman dayanmışdı. Biz üçümüz də sanki bir tilsimin köməyilə
keçmişə - qətlin baş verdiyi zamana səyahət
etmişdik.
- Və o
sizin sonuncu romanınızı məhv etdi? - mən soruşdum.
Stoun
başını tərpətdi.
- Bir həftə
əvvəl sahildə bir vərəq tapdım. Görünür o, min səhifənin hamısını qayadan
atıbmış, bu, gün kimi aydındır. Bir dəstə qağayı kimi kağızlar suya qərq
olublar, onlardan birini də səhərin alatoranlığında sahil suları buraya qədər gətirib
çıxardıb. Lena əlində o yeganə səhifəni tutaraq sahil boyu qaçıb yanıma gəldi və
qışqırdı: "Bax!” Əlindəkinin nə olduğunu gördüyüm zaman mən onu aldım və
fırladıb geriyə - okeana atdım.
- Doğrudan
sözünüzü tutdunuz?
Dadli
Stoun zəndlə üzümə baxdı.
- Siz mənim
yerimdə olsaydınız necə hərəkət edərdiniz? Əslində Con Outis mənə güzəştə
getmişdi. O məni öldürmədi. Güllələmədi. Dinlədi. Və dediyim sözə inandı. Məni
sağ buraxdı. Mənə bundan sonra da nəfəs almaq, yemənk, yatmaq şansı verdi. O, bir
andaca mənim üfüqlərimi dəyişdirdi. Mən ona o qədər minnətdar idim ki, bütün
gecəni qurşağacan suya dalaraq ağlamışdım. Bunun nə demək olduğunu
anlayırsınız? Ona minnətdar idim ki, əlinin bircə hərəkətilə məni məhv edə biləcəyi
halda, məni salamat buraxıb.
Missis
Stoun ayağa qalxdı, şam yeməyi bitmişdi. O, qab-qacağı topladı, biz siqar çəkərək
Dadli Stounun kabinetinə keçdik. Buradakı masada bir topa konvert, qalaq-qalaq
qəzet, mürəkkəb şüşələri, yazı maşını, hər cür sənəd, əlifba göstəriciləri
yığılıb qalmışdı.
- Bütün
bunlar mənim daxilimdə qaynayıb daşırmış. Con Outis sadəcə köpüyü yığdı və mən
qaynayan şeyin nə olduğunu gördüm. Hər şey aydın oldu - bundan artıq nə ola bilərdi
ki?! Yazıçılıq mənim üçün həmişə xardalvari bir şey olub, mən yazaraq qəlbimi zəhərləyir,
sonra da kənardan tənqidçilərin məni necə kolbasa kimi dilimlərə ayırdıqlarını,
gecayarılarında mənimlə necə qəlyanaltı elədiklərini qüssə ilə seyr etmək məcburiyyətində
qalırdım. Çirkli işdir, tamamilə çirkli. Əslində özüm də hər şeyi əlimin tərsilə
itələməyə hazır idim. Tamamilə boğaza yığılmışdım və part! - Con Outis peyda
oldu. Baxın.
O, masadakı
kağızların arasında bir az
qurdalandı və onların arasından
seçkiqabağı plakatlarla bir dəstə reklam vərəqəsi çıxartdı.
- Əvvəllər
mən həyat haqqında yalnız yazırdım. Sonra birdən yazdığım həyatı yaşamaq istədim.
Başqalarının elədikləri haqqında yazmaq deyil, özüm nə isə eləmək istədim.
Milli təhsil nazirliyinin burdakı şöbəsinə başçılıq etmək istədim və etdim. Ərazi
idarəetmə idarəsinin üzvü olmaq istədim və oldum. Bələdiyyə başçısı olmaq istədim
və oldum. Hətta şerif oldum, şəhər kitabxanasında belə işlədim! Şəhər
kanalizasiya idarəsində çalışdım. Mən həyatın ağuşuna atıldım, nə qədər əl
sıxdım, nə qədər iş gördüm. Biz dünyadakı hər şeyin dadına baxdıq, hansı işə əlimizi
qoyduqsa, o işi həll etdik. Dağlara dırmandıq, rəsm çəkdik, budur, biri hətta
burda, bu divardan asılıb. Biz dünyanı düz üç dəfə gəzdik. Bir oğlumuz da
dünyaya gəldi, o indi böyükdür, evlənib, Nyu-Yorkda yaşayır. Biz yaşadıq, - Stoun
gülümsədi və susdu.
- Gedək
həyətə. Bizim teleskopumuz da var, Saturnun halqasına baxmaq istərdinizmi?
Biz həyətdə
dayanmışdıq, sərin dəniz mehi əsirdi və biz teleskopla ulduzları seyr edən zaman
missis Stoun nadir ispan şərabı gətirmək üçün zirzəmiyə endi.
Səhəri
gün o evdən ayrıldıq. Maşın sahil boyu kələ-kötür yolla şütüyərək bizi o kimsəsiz
stansiyaya çatdırdı. Mister Stoun demək olar ki, heç bu maşının qeydinə
qalmırdı, o, yol uzunu elə hey danışır, gülümsəyirdi.
Gah neolit dövründən qalma daşı mənə göstərir, gah hansısa çəmən çiçəyi haqda məlumat
verirdi. O, yalnız biz stansiyaya yaxınlaşıb yola düşəcək qatarı gözləməyə
başlayanda susdu.
- Siz yəqin
ki, məni dəli hesab edirsiniz, - o, səmaya baxaraq dedi.
- Elə
şey yoxdur.
- Onu
da deyim ki, - Stoun əlavə etdi, - Con Outis mənə bir yaxşılıq da eləyib.
- Nə
kimi?
Stoun dəri
örtüklü oturacaqda yerini rahatladı.
- O, mənə
boğulmamış oyundan çıxmaqda yardım etdi.
Hardasa qəlbimin dərinliyində ədəbi şöhrətimin həddən ziyadə şişirdilmiş
olduğunu və bir gün mütləq partlayacağını hiss edirdim. Gələcəyimi aydın təsəvvür
edirdim mən. Heç bir tənqidçinin sezmədiyini mən özüm sezə bilirdim, hiss
edirdim ki, artıq zirvəyə doğru getmirəm, dağın lap dibinə yuvarlanıram. Con
Outisin məhv etdiyi kitabların heç biri
bir qəpiklik deyildi, o kitablar məni gerçək ölümə daha çox sürükləyə bilərdi.
Outis özü də bilmədən məni elə bir qərar verməyə məcbur etdi ki, özümə
qalsaydı, buna heç vaxt kişiliyim çatmayacaqdı.
Mən xeyli yazıçı görmüşdüm, xeyli yüksələn və çökən ədəbi karyeranın şahidi
olmuşdum, o yazıçıların incik, miskin halda dövriyyədən necə çıxdıqlarının
şahidi olmuşdum. Əlbəttə ki, bunlar hamısı sadəcə olaraq bir təsadüf, hadisələrin
axışıdır və mən Con Outisə, sadəcə və sadəcə yaşadığıma, salamat olduğuma görə,
bu yüngüllük və rahatlığıma görə minnətdaram. Ən azından, bu xoşbəxt bir təsadüfdür.
Biz
mülayim günəş altında bir qədər də oturduq.
- Sonra
isə mən, necə deyərlər, ədəbiyyat səhnəsini tərk etməyimi elan etdim və məmnunluq
hissilə dahilərlə bir cərgəyə qoyulmağımı
seyr etdim. Son vaxtlar ərzində çox az yazıçını bu cür dəbdəbəli şəkildə yola
salmışdılar. Dəfn mərasimi isə lap əla idi! Mən lap diri görünürdüm, mərasimin əks-sədası
isə üzün müddət bitmədi. "O, bircə kitab da yaza bilsəydi...” - tənqidçilər
deyirdilər, - "bu əsl şahəsər olardı! Şedevr!” Onların həyəcanını, intizarını
görürdüm. Onlar heç bir şey anlamırdılar. Üstündən az qala yarım əsr keçib,
amma mənim o zamanlar tələbə olan oxucularım hələ də çirkli, kerosin qoxuyan qatarlarda səyahət
edərkən, bu sirrin üzərində baş sındırırlar - niyə mən onları mənim "şedevr"imi
bu qədər gözləməyə vadar edirəm? Mənim isə, Con Outis sayəsində ad-sanım az da
olsa, qalmaqdadır. O, tədricən, məni ağrıdıb-eləmədən öləziyir. Belə olmasaydı,
çox keçmədən mən öz qələmimlə özümü məhv edəcəkdim. Gərək vaxtında özün öz
vaqonunu qatardan ayırmağı bacarasan, hər halda beləsi, sənin yerinə
başqalarının bunu eləməyindən daha
yaxşıdır.
Con
Outis Kendellə gəlincə, biz onunla yenidən dostlaşdıq. Təbii ki, dərhal yox. Amma
min doqquz yüz qırx yeddinci ildə o məni görməyə gəldi, biz əla zaman keçirdik,
lap əvvəllər olduğu kimi. İndi isə, o artıq ölüb və mən nəhayət ki, kiməsə hər şeyi olduğu kimi danışa bildim. İndi şəhərdəki
dostlarınıza nə deyəcəksiniz? Onlar sizin bircə sözünüzə də inanmazlar, lakin
sizi əmin edirəm ki, sırf həqiqəti demişəm. İndi burda dayanmağım, bu Allah havasını ciyərlələrimə çəkməyim,
qabar dolu əllərimi seyr etməyim, bir zamanlar ərazi mühasibatlığına seçilmək
üçün istifadə etdiyim posterləri az-maz xatırlamağım nə qədər doğrudursa, bu da
o qədər gerçəkdir.
Biz
platformada dayandıq.
- Görüşənədək,
buraya gəldiyiniz və məni dinlədiyiniz üçün sizə minnətdaram. Tanrı bütün həssas
dostlarınızı qorusun. Budur, bu da qatar! Mən qaçdım, bu gün nahardan
sonra Lenayla mən Qırmızı Xaç cəmiyyətilə bərabər sahil tərəfə
gedəcəyik. Sağ olun!
Mən mərhumun
ardınca baxdım; o ayağımın altındakı lövhələri titrədərək, gümrah addımlarda
uzaqlaşdı, özünün köhnə, onun ağırlığı altında hiss olunacaq qədər çökən "ford”una
əyləşdi, nəhəng ayağını starterə basdı, mühərrik uğuldadı, Dadli Stoun mənə
sarı çevrilərək gülümsədi, əlini yellədi və sürüb getdi. Keçmiş adlı
gözqamaşdıran dənizin sahilindəki işıqları par-par parıldayan o Zülmət adlı şəhərə...
Tərcümə:
Dinar Həmidova