
Sevinc Elsevər. Cəza (Hekayə)
- 01.03.2020
- 0 Şərh
- 2621 Baxış
Şəbnəm
üç günün içində vacib olan bütün əşyaları topladı. Rayonlardan birinə müvəqqəti
ezam olunan ərinin yanına köçəcəkdi, bütün yay tətilini də uşaqlarla birgə ərinin
yanında qalacaqdı. Əri anestezioloq idi, hərbi xəstəxanalardan birinə göndərilirdi.
Şəbnəm
tənbəllik eləmədən, hətta iyirmi-otuz litrdən çox su tutan, içində qırxdan çox
rəngbərəng, xırda balıqlar yaşayan akvariumu belə boşaltdı. Balıqları bir-bir
balaca qulplu torla tutdu, böyük suqabına tökdü. Boş akvariumu təmizlədi ki,
içində qalan su iylənməsin.
Evlərində
bu akvariumdan da balaca bir akvarium vardı. Həmin balaca akvariumu da özləriylə
maşına yüklədilər.
Ancaq Şəbnəmin
evdə tək qoya bilməyəcəyi bir canlı da vardı. Bu, mətbəx pəncərəsinin
taxtasının üstündəki kaktus çiçəyi idi.
Onu götürdü-qoydu,
götürdü-qoydu, bərkimiş dibinə baxdı, "necə də canı bərkdi, nə ölən kimi
ölür, nə qalan kimi qalır!" - deyə düşündü.
Bir neçə
həftə əvvəl Alimə xala onlara gəlmişdi, onda mətbəxdəki pəncərənin pərdəsini çəkərək,
kaktusu gözdən keçirdi. Kaktusun bəzi yumruları demək olar ki, yanıb
qovrulmuşdu. Deyinə-deyinə gülün dibinə su tökdü. Şəbnəmi də tənbəllikdə, yaxşı
arvad ola bilməməkdə günahlandırmağa, əməlli-başlı danlamağa başladı:
"Arvad olub mənimçün, bir gülə də su tökmür!".
Nə vaxt
ki, qadın onlara gəlirdi, kaktus yadına düşürdü, onda Şəbnəm həm kaktusa, həm
qayınanasına hirslənirdi. Qısqanclıq hissi hakim kəsilirdi düşüncələrinə, kəsdirə
də bilmirdi ki, qayınanasını kaktusa qısqanır, ya kaktusu qayınanasına. Əlinin
içi kimi bilirdi ki, Şəbnəmdən fərqli olaraq, kaktus da arvadın onlara gəlişinə
sevinir. Onun əlindən şadyanalıqla su içir.
"Nə
var, özünü gözə soxursan?" - deyə gülün üstünə qışqırmağı qalırdı bircə.
Özünü güclə saxlayırdı. Alimə xala hər onlara gələndə kaktus canlanırdı. Ancaq
qadın bəzən bir neçə ay onlara gəlmirdi. Şəbnəm bir də görürdü kaktus son nəfəsini
verir, quruyub yaman günə qalıb. Ürəyi dözmürdü, mətbəx kranını açıb bir stəkan
tuturdu altına, stəkanı doldurub gülün dibinə tökür, "iç, zəhərin
olsun!" - deyə pıçıldayırdı.
Tez-tez
bir-birlərini incidir, yaralayırdılar. Neçə dəfə olmuşdu Şəbnəm pəncərənin
qabağını təmizləyəndə, ya şüşələri siləndə kaktusa toxunmuş, tikanlar
barmaqlarına sancılmış, imanı-dini yanmışdı. Onda acığından bilərəkdən kaktusu
vurmağa çalışmışdı: "Görüm gözün çıxsın sənin!".
Elə bil
dilsiz-ağızsız yazıq kaktusun gözləri də vardı!
Kaktusu
vurduqca ağrısı ikiqata çıxmışdı. Hərdən olurdu Şəbnəm kaktusa dirsəyi ilə, ya əlindəki
mətbəx əşyası ilə toxunurdu, onda kaktusun ətəyində balaladığı balaca kaktus
yumrularından biri qopub düşür, bədənindən üzülmüş baş kimi dığırlanırdı. Belə
olanda Şəbnəm peşmanlayırdı da.
Şəbnəm
indi evin lazımi bütün əşyalarını toplayandan sonra kaktusla neyləyəcəyini
düşünə-düşünə qalmışdı.
Birdən
ağlına özünü də sevindirən bir fikir gəldi. Kaktusun balaca, hətta tək əllə
götürülə bilən dibçəyini götürüb aşağı qonşuya düşdü. Salam-kalamı vardı o evin
gəlini ilə, oğlu da bir neçə il qızı ilə bir sinifdə oxumuşdu.
"Kaktus
gülünə mən qayıdana qədər baxa bilərsən?" - deyə soruşub boynunu bükdü
qapıda.
Alt
qonşusu Könül kaktusun onlarda qalmasına tez razılaşdı. Dibçəyi Şəbnəmdən alıb
yataq otağına, pəncərənin qabağına apardı.
Şəbnəm
qapının ağzındanca səsləndi:
- Canı
bərkdir, iki həftədən bir su versən də, bəsidir!
Könül də
içəridən dedi:
-
Narahat olma, ət verməyəcəm, balıq verməyəcəm, bir stəkan su verəcəm.
Ailə
yay tətilini başa vurub, evə qayıdandan bir neçə gün keçəndən sonra qapının zəngi
çalındı, Şəbnəm açıb gördü ki, qonşusudu. Əlində onların kaktusu. Dibçəyi görəndə
gözlərinə inanmadı, kaktus bir pardaxlanıb, bir qol-qanad atıb, yumruları bir
çoxalmışdı, gəl görəsən. Özü də yamyaşıldı.
Gülə
yaxşı baxdığına görə qonşusuna təşəkkür elədi, dedi ki, istəsə dibçək onda qala
bilər, yaxşı qulluq eləyib ona.
"Yox,
ay bacı, elə sən dediyin kimi, iki həftədən bir, hətta bəzən yadıma düşəndən-düşənə
su tökmüşəm. Öz-özünə bu cür olub. Sən demişkən, üzü bərk güldür" - qonşu
təvazökarlıqla dedi.
Yenə
eyni qısqanclığı hiss elədi, mısmırığımı sallaya-sallaya kaktusu gətirib köhnə
yerinə qoydu.
Şəbnəm
gülü sevmədiyi kimi, gül də Şəbnəmi sevmirdi, bu ona gün kimi aydın idi.
Əslində,
bir vaxtlar gülləri çox sevərdi. Bir neçə il qabaq rayonda yaşadığı vaxtlar
iyirmi-otuz dibçəyə eyni vaxtda qulluq edirdi.
Əri ilə
araları pozulmuşdu. Ər tərəfin də, arvad tərəfin də ailələri, ataları-anaları
arasında müharibə çıxmış, qan su yerinə axmışdı. Təbii ki, bundan gənc ailənin
münasibətləri də sarsılmışdı. Boşanmaq fikrinə qədər irəliləmiş, ancaq yolun
yarısından geri qayıtmışdılar. Həmin vaxtlar ər də, arvad da meylini güllərə
salmışdı.
Hara
gedirdilər, harda gül satıldığını görürdülər, alıb evə daşıyırdılar. Onlar
böyüdükcə, yaşıllaşdıqca sevinir, evlərinə gələn qonaqlara gülləri göstərə-göstərə
adlarını sadalamaqdan xoşları gəlirdi. "Küsdümgülü" deyilən bir gül
vardı, uşaqları da o güllə oynamağı xoşlayırdılar. Yarpaqlarına toxunanda
yarpaqları kiçilib yumulurdu, kirpi kimi yumrulanırdı çiçək. Onlara gələn bütün
qonaqlara da ən çox bu gül maraqlı olurdu. Gül o qədər incə yaradılmışdı ki,
yanında ucadan qışqıranda da, küsüb gizlənirdi, ta kaktus kimi sırtıq deyildi.
Münasibətlərinin
korlandığı zamanlarda Şəbnəmi dərindən sarsıdan, hətta intihar fikrinə qədər
yuvarlayan daha bir hadisə baş verdi.
Ərinin
işlədiyi xəstəxanada tibb bacılarından biri ilə münasibəti olduğunu öyrəndi. Nərgiz
adlı gənc qız idi, münasibət qurduğu kişinin evli, ikiuşaqlı biri olduğu heç
vecinə də deyildi.
Şəbnəm
təsadüf nəticəsində gerçəyi öyrənmişdi. Ərinin telefonundakı mesajları oxumuş,
mesaj gələn nömrəyə zəng eləmiş, Nərgizə dişinin dibindən çıxanları söyləmişdi.
Nərgiz
də əməlli-başlı Şəbnəmin heysiyyəti ilə oynamağa başlamışdı. "Sən necə
qürursuz qadınsan, ərin başqa bir qadını sevir, amma boşanmaq istəmirsən!".
Onda Şəbnəm
elə bu sözlərin acığına boşanmaq fikrindən vaz keçmişdi. Evlərindəki müharibə
daha da qızışmış, ən yüksək nöqtəsinə çatmış, amma hər şey ailənin xeyrinə həll
olunmuşdu. Əvvəlki incikliklər də unudulmuşdu. Anaları ki bir-biri ilə dilləşmişdi,
o zamandan bəri əri Şəbnəmi anasigilə getməyə qoymamışdı.
Anasıgilin
də ayağı onlardan kəsilmişdi. Əri işlədiyi günahı yumaqdan ötrü indi hər şeydə
Şəbnəmə güzəştə getməli olmuşdu. Bir növ dili qısalmışdı.
Ərinin
başqa bir qadınla münasibət qurması hər nə qədər Şəbnəmi incitmişdisə, xeyli
üstünlük də qazandırmışdı. Kişi bütün günü günah hissi ilə əzilir, Şəbnəmin bir
dediyini iki eləməməyə çalışırdı.
Bir
müddət sonra da iş yerini dəyişdirtdirmişdi, şəhərə göndərilmişdi. Aradan zaman
ötdükcə o əhvalat yavaş-yavaş unudulmuşdu. Ancaq Şəbnəmin güllərlə arasına bir
düşmənçilik girmişdi.
Ona elə
gəlmişdi ki, əri ilə münasibətlərinin korlandığı o zamanlarda heç kim günahkar
deyildi. Nə qayınanası, nə öz anası, nə ataları, nə də o Nərgiz adlı tibb
bacısı. Bütün günah bu güllərdə idi.
Axı işdən
gələn kimi əri o güllərin üstünə qaçırdı. Onların yarpaqları, çiçəkləri ilə
oynayır, diblərinə su tökürdü.
Elə Şəbnəm
özü də bütün günü o dibçəkləri gah həyətə, günəşin qabağına, gah kölgəliyə, gah
da otağa daşımaqla, yarpaqlarının tozunu almaqla məşğul olurdu.
İkisi nə
vaxt söhbət etsələr, söhbətləri ya uşaqlardan olurdu, ya da güllərdən.
O zaman
ki bütün sirlər açıldı-saçıldı, aralarındakı buzlar əridi, ikisi də bir-birini
bağışladılar (əri onu itaətsizlikdə, qayınanasına hörmət etməməkdə, qudalarına
haqsızlıq edən valideynlərinin tərəfini tutmaqda günahlandırırdı), qəfil güllərə
də meyilləri azalmağa başladı. Güllər gündən-günə geri getdilər. Bir neçəsi elə
həmin günlərdə yanıb qovruldu.
Bəzilərini
kirayə qaldıqları evdə qoydular, ən qəşəng dibçəkləri özləri ilə şəhərə gətirdilər.
Şəhərə gələn güllər də bir-bir yanıb sıradan çıxdı. Onda Şəbnəm belə dedi:
"Yəqin, bizim evdə gül qalmır. Ya şərait əlverişli deyil, havası pisdi, ya
da evə gün düşmür".
Ancaq
bircə bu kaktus dözümlü çıxdı. Şəbnəm kaktusun da ölməsini gizli-gizli
arzuladı. Amma bu arzusuna rəğmən, onu göz-görəti öldürə də bilmədi. Vicdanı
sızım-sızım sızıldayanda dibinə su tökdü.
Dilsiz-ağızsız
kaktus unutmaq istədiyi o günlərin şahidi olmuşdu. Ən pisi də o idi ki, keçmişdə
qalan o tibb bacısını da xatırladırdı Şəbnəmə. Kaktus indi bütün bunların cəzasını
çəkirdi. Kim bilir hələ nə qədər çəkəcəkdi?!
02.02.2020
"Ədəbiyyat
qəzeti”