
Stefan Hermlin. Axşam işığı (Romandan parça)
- 06.07.2020
- 0 Şərh
- 3083 Baxış
Stefan
Hermlin (əsil adı Rudolf Leder; 1915 - 1997) – yəhudi əsilli alman yazıçı,
şair, tərcüməçi. 1931-ci ildə, ilk şeirlərini çap etdirəndə Stefan Hermlin təxəllüsünü
götürüb. 1936-cı ildən 1945-ci ilə qədər mühacirətdə yaşayıb, "Azad Almaniya” hərəkatında
iştirak edib. Çoxsaylı şeir və hekayələrin müəllifidir. Ən məşhur əsəri
avtobioqrafik "Axşam işığı” romanıdır.
Yarpaq.az
romandan bir parçanı təqdim edir.
Axşam işığı
Arabir
atama baş çəkərdim. Aramızda baş tutan o son çılğın söhbətdən sonra – mən
Kembricə getməkdən imtina etdişdim və atamın bunun səbəbini öyrənmək üçün
verdiyi suallara cavab olaraq söyləmişdim ki, söhbət alman inqilabından gedir və
mən burda, işçilərin yanında olmaq istəyirəm, – o mənimlə siyasət haqda mübahisə
etməyin daşını biryolluq atmışdı. Bəzən mən onu xaricə göndərmək üçün dilə
tutardım, belə zamanlarda o gülümsəyər, üzümə baxmadan soruşardı: "Niyə?” Bir
az susandan sonra əlavə edərdi: "Almaniya türmədir, amma rahat türmə. Yeri gəlmişkən,
- o, davam edərdi, - mən lap çoxdandır ki, bu qədər pul qazanmırdım. Bunu danmaq olmaz, indiki sahibkarlar iqtisadiyyat üçün
az iş görmürlər.” Mənə bir şey lazım olub-olmadığını soruşardı, mənsə, onu
sakitləşdirərdim, deyərdim ki, maaşım mənə kifayət edir. Sifətindən bəlli
olurdu ki, söhbəti davam etdirmək arzusunda deyil, durub royal arxasına keçərdi, bərabər Motsartın
sonatasını ifa edərdik.
O,
həmişə azdanışan, təmkinli və məsafə saxlasa da, dostcanlı insan olub. Öz aləminə
və susqunluğuna elə qərq olurdu ki, gerçək dünyaya gecdən-gec, həm də çox çətinliklə
qayıdırdı. Bununçün onu ya bir neçə dəfə səsləmək lazım gəlirdi, ya da gərək israrla nə isə soruşaydın. O zaman onun
gözlərinə qorxu, get-gedə artan həyəcan ifadəsi dolardı və artıq gənclik çağına
girdiyim üçün eyni qəribəliklər mənə də
xas olduğundan, onun bu davranışı məni heç təəccübləndirməzdi. "Xasiyyətcə
tamamilə ona çəkmisən” – sözlərini hələ körpəlikdən bu yana eşidirdim. Sonralar həyat bizi bir-birimizdən
qoparıb nə qədər uzaqlara atsa da, atamla
olan o yaxınlıq bağını daim hiss etdim. Onun daxilində nələrin baş verdiyini
heç soruşmaq da lazım gəlmirdi, çünki biz ikimiz də eyni xəmirdən – onun xəmirindən
yoğrulmuşduq. Yəqin ki, bunu o da bilirdi və onun ölümü ilə bitərək artıq daş
kimi ağır bir sükuta dönən, neçə onilliklər öncədə qalan çox qısa, həm də kəsik-kəsik
xatırladığım söhbətlərin üstündən bu qədər zaman keçdikdən sonra mənə təskinlik
verən məhz budur.
Atam
hələ də gündə iki saat olmaqla səhərin alatoranında, səhər yeməyinə qədərki
müddət ərzində katibə gələnə qədər piano çalmağa davam edirdi. İfası həmişəki
kimi ecazkardı. Əvvəlkindən çox ifa edirdi indi, dözüb dayandığı və nifrət
etdiyi zamanlarda olduğundan daha çox. Həmişə olduğu kimi musiqi ona yaşamağa
kömək edirdi, indi günün tən yarısını piano çalmaqla keçirirdi. Bəzən məni də
özü ilə duet ifa etmək üçün dəvət edərdi. Mən skripkada elə də pis deyildim,
amma ifam onunku ilə heç müqayisə də edilə bilməzdi. Həmişə tərifləyərdi məni,
deyərdi ki, nə ifa etdiyimi başa düşürəm.
Əvvəllər
bizim evdə tez-tez təşkil olunan kamera
musiqisindən ibarət konsertlər son zamanlar demək olar ki, yoxa çıxmışdı, çünki
musiqiçi dostlar ya köçüb getmiş, ya da artıq bizə gəlməyi tərgitmişdilər. Bir
dəfə, bizim atamla nadir gəzintilərimizdən biri zamanı Almaniyanın o zamanlar ən
istedadlı bəstəkarlarından olan dostumuza rast gəlmişdik. Uzun illər bizim evə
gəlib-gedən və atamın köməklik göstərdiyi azsaylı musiqiçilərdən biri idi. İndi isə
bizimlə salamlaşmamaq üçün addımlarını yeyinlədirdi. Sonralar öyrəndiyimə görə,
ondan sonra daha bizə heç gəlməyibmiş. Onun ən yaxşı əsəri müharibə zamanı
reyxin ən məşhur orkestrlərindən biri tərəfindən ifa olundu və elə ertəsi gün də
təbliğat nazirliyi tərəfindən qadağan edildi. Uzun illər sonra onu bir də
gördüm. Bizim ailəmiz barədə, mənim barəmdə böyük təəssüf hissilə danışdı,
atamın halını xəbər aldı. Mən ona atamın "Kristallnact”* tərəfindən
Zaksenxauzenə aparıldığını dedim.
Bu
adamla aramızda heç bir düşmənçilik yox idi, sadəcə müəyyən vaxtdan sonra
bizimlə tanışlığı davam etdirmək istəməmişdi. Çox sonralar mən anladım ki,
insanlar birinə mənəvi olaraq borclandıqları zaman, yalnız güclülər bunun
qarşısında davam gətirə bilir, zəiflər üçün isə bu, tamamilə dayanılmazdır, onlar
borclu olduqları şəxsə qarşı bəzən hətta ən aqressiv hərəkətlərə də əl ata
bilirlər. Bu adam isə nə kifayət qədər güclü, nə də zəif adam olmadığından,
üçüncü kateqoriyaya aid idi. Son zamanlar onunla tez-tez qarşılaşırdım – vəziyyət
belə gətirirdi. Onun bizim çevrədən yox olmağının, o dəfə o görüşdən boyun
qaçırmasının səbəblərini heç müzakirə etmədik. Bəzən onun gözlərində ehtiyatlı,
ürkək bir ifadə olardı – sanki mənim hər
şeyi bildiyimi və xatırladıgımı bilirdi. Bu ifadə məni pərt eləyirdi. Onu
utandırmağı heç istəməsəm də, şübhələrini dağıtmağa da gücüm çatmırdı. Həyatı
tamamilə yeni əlamətlərdən hiss edirdim – sürəkli qışqırmaq istəyirdim və hər
şeyə biganə idim, onunla baş tutan bu görüşlər isə, bu duyğunu möhkəmləndirirdi.
O illərdən mənə qalan təşviş və eyni zamanda məni bu illər ərzində ayaqda
tutan, mövcud olmağıma yardımçı olan hansısa hissim özünü bu şəkildə büruzə verirdi.
Sonralar atamın başına nələr gəldiyi haqda az bilirəm, bildiklərimi də o dövrün
azsaylı şahidlərindən eşitmişəm. Dostlarımdan biri olan gənc bir işçi deyirdi
ki, il sonu o, atamı Zaksenxauzendə görübmüş, əynində yüngül kitel vardı və daş
yonurdu. Dostum atamın bu yerə qədər heç vaxt fiziki işlə məşğul olmadığını bilirdi.
Lakin onun ağır yükü necə naşılıqla daşıdığını da öz gözlərilə görmüşdü – bu,
onun düşərgə həyatının ilk çağlarında baş veribmiş. Dostumun sözlərinə görə isə,
məhz bu vaxtlar xüsusilə dəhşətli idi. Atam ömrünün son saniyələrinə qədər
esesçilərə qarşı təəccüb doğuran rəftarını
gizlətməmişdi; bu, intizamlı, nəzakətli və nifrətqarışıq bir rəftardı.
O,
ayrılmaq istəmədiyi bu ölkədə əvvəllər də
getdikcə daha dərin bir tənhalığa qərq olurdu. Gah royal arxasında oturar, gah
otaq uzunu irəli-geri gedərdi, otağının divarları uzun illərdən bəri topladığı
şəkillərlə dolu idi. Bu illər ərzində mən artıq bir ölkədən o birinə ölkəyə köç
edirdim. Onu xatırladığım zamanlarda atam mənim gözlərimin önündə son illərində
olduğu kimi canlanmır, axı biz bu illər ərzində heç bir yerdə ola bilməmişdik. Mən
onu gənc, qıvraq, eleqant geyinmiş və özü kimi eleqant geyimli dostların əhatəsində,
özümü isə kiçik, bulanıq bir ləkə kimi, mürəbbiyəmlə birlikdə lal-dinməz ortalıqda dolanan görürdüm. Lap yaxınlığımda
kimsə qonşusuna deyir: "Necə yaraşıqlı adamdır!” Mən təəccüblənirəm: o, necə
yaraşıqlı ola bilər axı, o ki, sadəcə mənim atamdır.
Bizim
evdə qonaq tez-tez olurdu. Vaxtından əvvəl gəldikləri zaman onlar, bəzən məni və
qardaşımı görmək istədiklərini deyərdilər, gah ikimizi də, gah da təkcə məni
qonaq otağına gətizdirər, bizi böyük şövqlə salamlayar, dərhal sonra da
unudardılar. Bir dəfə qonaqlardan biri ilə söhbət edən atamla baxışlarımız
qarşılaşmışdı – mən lap küncdə dayanmışdım, özümdə deyildim, – o, məni o biri
otağa apardı, orda isə qəflətən qucağına aldı, möhkəmcə qucaqlayaraq susqun,
amma təlaşlı halda öpməyə başladı. Şirin və eyni zamanda dəhşət dolu bir andı, mən
bu öpüşlərdən boğulur, atamın qolları arasından çıxmağa cəhd edirdim, çünki o
gün üzünü təraş etməmişdi və yanaqları məni dalayırdı. Atam məni yerə qoydu və uşaq otağına apardı, mən pərt olmuşdum, utanırdım, baxışlarımı
qaldırıb üzünə baxdığım zaman ilk və son dəfə atamın gözlərində yaş gördüm.
Budur,
yenə onu uşaq otağına girən görürəm, hərçənd bu çox nadir hallarda baş verərdi.
O hadisədən bir, ya iki il keçmişdi, mənim o zaman artıq altı yaşım vardı. "Əllərini
aç görüm, - o, dedi, - sizə oyuncaq almışam”. Bu, iki kiçik metal əşya idi – müharibədən
gətirdiyi iki medaldı. Biz onlarla nə edəcəyimizi bilmədik, lakin o medallar hələ
uzun müddət taxta maşınlarımızın və yumşaq oyuncaq heyvanların arasında eləcə
qaldılar. Sonralar bildim ki, atam 1914-cü ildə çoxları kimi nasionalist ideyalarını dəstəkləsə də,
müharibədən qayıdanda artıq tamamilə dəyişmişdi.
O, qadağalar tətbiq etməyi sevmirdi, lakin qardaşımla mənə qalay əsgərcikləri
qadağan etmişdi. Biz də səbəbini bilmədiyimizdən, buna çox üzülürdük. Atam məni
cəmi bircə dəfə vurub: onda mənim on üç yaşım var idi, masa arxasındakı o söhbəti
artıq xatırlamıram, amma dəqiq bilirəm ki, siyasi mövzu idi və mən onda cəsarət
edərək: "Biz hələ öz torpağımızı qaytaracağıq!” – sözlərini demişdim, bununla
Elzas-Lotaringiyanı nəzərdə tuturdum. Bu sözləri eşidərkən atamın üzündəki ifadə
dəyişdi, o sakitcə ayağa qalxdı, mənə yaxınlaşdı, üzümə bir şillə çəkdi və o dəqiqə
də otaqdan çıxdı. Mən çox sonralar hiss etdim ki, o özü müharibə haqda heç vaxt
söz açmır, başqaları bu baradə danışan zamanlarda isə dərin sükut içində özünə
qapanırdı.
Lakin
o vaxtlar, daha doğrusu, bu hadisələrdən çox keçmiş, tamamilə tənha, sanki bir
fəlakəti gözləyirmiş kimi musiqinin içinə gömüldüyü zamanlarda o, demək olar
ki, bütün vərdişlərini dəyişmişdi. O, kiminsə ona klubdan çıxmağı təklif edəcəyini
gözləmədi, ərizəsini yazıb özü klubdan ayrıldı. Daha rəsm əsərləri almırdı, əksinə,
çoxusunu artıq satmışdı. Mən o rəsmlər barədə soruşmadım, bunu labüd bir şey
kimi qəbul etdim, lakin hər gəlişimdə - nadir hallarda gəlirdim, - bir rəsmin
daha çatışmadığını görürdüm. Hələ Odilon Redonun dumanın arasından boylanan ilahi rənglərlə rənglənmiş gözəl tablolarını görə bilirdim. Valideynlərimin Korintin fırçasından
çıxmış portreti hələ də böyük otağımızdan asılı qalmışdı. İkinci dünya müharibəsindən
sonra bir dəfə – o zaman artıq mən
atamın kolleksiyasını heç xatırlamırdım da, – Oslo muzeyində Munkun əsərini
gördüm, bu əsər uzun illər atamın yazı masasının üzərindən asılmışdı, Bu, kölgəli
otağın qaranlığında pəncərə fonunda dayanmış bir kişinin silueti idi, pəncərə
önündəki qaranlıq dənizdə isə parlaq işıqlara qərq olmuş gəmi üzürdü. İtən təkcə
şəkillər deyildi, atam atlarımızı da satırdı. O, artıq at minmirdi, lap minsə
belə, Tirqartendəki gənc əsgərlərin yanında bu çox təəccüblü görünərdi.
Artıq
çoxdandı ki, mənim də atım yox idi. Bir
zamanlar atam mənim at minməyi o qədər də sevmədiyimi və at üstündə yalnız onun
xətrinə oturduğumu biləndə çox məyus olmuşdu. O özü əla at çapırdı və maneələri
dəf etmək məqsədilə davamlı olaraq məşq edirdi. Lap çoxdan, hələ uşaqkən mürəbbiyə
ilə gəzintilərimiz zamanı onunla tez-tez rastlaşardıq. Quru havalarda mənə
özümlə kiçik uşaq velosipedi götürməyə icazə verirdilər və mən Şarlottenburq
şossesi ilə paralel salınmış, at miniciləri üçün nəzərdə tutulmuş olan yolun hər
iki tərəfilə, Texniki universitetin qabağı ilə o baş-bu başa velosiped sürürdüm. O, dördnala çaparaq bizim görüşümüzə gələr,
lap uzaqdan, sütun şəklində düzülmüş ağac gövdələri arasından görünərdi. Həmişə
tək olardı, görünməz günəşin lap cüzi işıqlandırdığı yüngül payız dumanı
ağacların arasına yayılırdı, onların bəzilərinin yarpaqları isə bir-birinin
ardınca səssiz-səssiz tökülərdi. Mən atamın yüngül, qayğısız bir tərzdə at minməyinə heyran olardım, məst olmuş halda
onu müşahidə edərdim. "Ata!” - deyə qışqırardım, lakin o cavab verməzdi. Alluru**
heç azaltmadan, cavab olaraq üzündə mənə
çox tanış olan bir təbəssümlə bizə, bəzən
də bizim başımız üzərindən uzaqlara
baxaraq və qamçını şlyapasının kənarları
bərabərinə qaldıraraq çapmağa davam edərdi. Biz səssizcə dayanaraq onun
arxasınca baxardıq, ardımızdakı şosse yolda arabir asfalt üzərində şütüyən tənha
maşınların şinlərinin səsi eşidilərdi, gözlərimizin önündə isə həm atlı, həmdə
at qızılı bir dumanın içərisində əriyib yox olardılar...
______________________
*
Kristallnacht – büllur gecə və ya sındırılmış vitrinlər gecəsi də deyilir. 10
noyabr 1938-ci ildə Üçüncü Reyx tərəfindən yəhudilərə qarşı başladılmış talan
**
Allur – at yerişlərinin ümumi adı
Tərcümə: Dinar Həmidova