
Şumer əfsanələri. İnanna və Şukalletuda
- 19.06.2020
- 0 Şərh
- 2131 Baxış
Şukalletuda
adlı bir bağban vardı. O, böyük səylə bağına qulluq edir, ağaclarını, əkin sahələrini
sulayırdı. Amma onun bütün əməyi boşa çıxırdı – səhradan əsən quru külək torpağı
qurudur, bitkilər yanırdı. Uğursuzluqdan yorulmuş Şukalletuda ulduzlu göyüzünə
baxıb yalvardı və tanrılardan işarə gözləməyə başladı. Tanrıların əmriylə
bağında sarbatu ağacı əkdi, ağac
böyüyüb qərbdən şərqə kölgə salmağa başlayanda Şukalletuda istədiyi nəticəni əldə
etdi – bağındakı bitkilər bəhər verməyə başladı.
Bir dəfə
tanrıça İnanna uzun səyahətdən sonra Şukalletudanın bağının yaxınlığında dincəlmək
qərarına gəldi. Bağban çəpərdən tanrıçanı gördü və İnannanın ilahi gözəlliyi
onu valeh etdi. Şukalletuda İnannaya tərəf əyilib cəsarətsiz şəkildə onu öpdü.
İnannanın dərin yuxuya getdiyini və oyanmadığını görəndə Şukalletuda cəsarətləndi,
ona sahib olmaqla ehtirasını söndürdü.
Günəşin
ilk şüaları yerüzünə yayılanda İnanna yuxudan oyandı və adi ölümlü tərəfindən təhqir
olunduğunu başa düşəndə, nə olur olsun, intiqam almaq qərarına gəldi. Amma
İnanna onu məhz kimin təhqir etdiyini bilmədiyi üçün, bütün Şumer əhalisi onun
qəzəbinə tuş gəldi.
Əvvəlcə
bütün ölkənin quyularını qanla doldurdu. Sonra Şumerə dəhşətli tufanlar göndərdi.
Mətn zədələndiyi üçün, İnannanın üçüncü dəfə hansı cəzanı tətbiq etdiyini
bilmirik. Şukalletuda hər dəfə atasının yanına gedir, müdrik qoca da ona məsləhət
görürdü ki, böyük şəhərlərə getsin, çox adamın arasında İnanna onu tapa bilməz.
İnanna
üçüncü cəhddən sonra başa düşdü ki, ölümlü insandan qisas almaq iqtidarında
deyil. Bunu başa düşəndə kədərləndi və müdriklik tanrısı Enkinin yanına məsləhət
almağa getdi.
Mətn
burda qırıldığı üçün, mifin necə qurtardığını bilmirik.