
Varlam Şalamov. Gecə (Kolıma hekayələrindən)
- 09.02.2020
- 0 Şərh
- 1947 Baxış
Şam yeməyi
qurtardı. Qlebov yavaş-yavaş dəmir qabın dibini yaladı, stolun üstünə dağılmış
çörək qırıntılarını sol ovcuna yığdı, ağzına atdı, diliylə ovcunu yaladı. O
qırıntıları udmadı, bir az ağzında
saxladı. Qırıntıların ağzının suyunda islanıb şişdiyini hiss etdi. Bunun dadlı
olub-olmadığını Qlebov deyə bilməzdi. Dad başqa şeydir, yeməyin verdiyi bu hissin
yanında dad sözü çox kasıb, təsirsiz qalır. Qlebov qırıntıları udmağa tələsmirdi,
qırıntılar onun ağzında əriyirdi, tez əriyirdi.
Baqretsovun
parlaq domba gözləri Qlebovun ağzına dikilmişdi – başqasının ağzında yoxa çıxan
yeməkdən gözünü çəkmək gücü burdakı heç kimdə yox idi. Qlebov ağzındakıları
uddu və Baqretsov o dəqiqə nəzərini onun ağzından yayındırıb horizonta –
göyüzündəki böyük narıncı aya dikdi.
-
Vaxtdır, - Baqrtetsov dedi.
Onlar
sakitcə cığırla qayaya tərəf gedib balaca dağa çıxdılar. Günəşin batmağından az
vaxt keçmişdi, amma günorta qaloşun üstündən pəncələri yandıran qayalar artıq
soyumuşdu. Qlebov sırıqlısının yaxasını bağladı. Hərəkətdə olsa da, bədəni
qızınmırdı.
- Hələ
çox var? – deyə o pıçıltıyla soruşdu.
- Çox
var, - Baqretsov da pıçıltıyla cavab verdi.
Dincəlmək
üçün oturdular. Danışmalı sözləri yox idi, fikirləşməyə də heç nə yox idi – hər
şey sadə və aydın idi. Bir az qabaqda xeyli daş vardı.
- Bunu
tək də edə bilərdim, - Baqretsov gülümsədi, - amma ikilikdə əyləncəlidir. Həm də
ki, köhnə dostuq…
Onları
keçən il eyni paroxodda gətirmişdilər.
Baqretsov
dayandı.
- Uzan,
yoxsa görəcəklər.
Yerə
uzanıb daşları atmağa başladılar. Böyük, ikisinin gücü çata biləcək daşlar yox
idi, çünki səhər bu daşları bura atan adamlar Qlebovdan güclü deyildilər.
Baqretsov
yavaşdan söydü. O barmağını yaralamışdı, qan axırdı. Yaraya qum töküb
sırıqlısından cırdığı əskiylə bağladı, amma qan dayanmadı.
- Pis bağladın,
- Qlebov soyuqqanlıqla dedi.
-
Hardan bilirsən, həkimsən? – Baqretsov barmağının qanını sovura-sovura soruşdu.
Qlebov
susdu. Həkim olduğu vaxtlar indi ona çox uzaq görünürdü. Ümumiyyətlə o vaxt
olmuşdu? Dağların, dənizlərin o tərəfindəki həyat tez-tez ona yuxu kimi,
uydurma kimi görünürdü. Real olan qalx komandasından yat komandasına qədər olan
saatlar, günlər idi – o bundan başqasını təsəvvür etmirdi, təsəvvür etməyə gücü
yox idi. Burdakı hamı kimi.
Ətrafındakı
adamların keçmişini bilmirdi, bununla maraqlanmırdı. Əgər Baqretsov sabah durub
fəlsəfə doktoru və ya aviasiya marşalı olduğunu desəydi, Qlebov heç fikirləşmədən
ona inanardı. O özü haçansa həkim olmuşdu? Onun nəinki düşünmək qabiliyyəti,
müşahidə qabiliyyəti də zəifləmişdi. Qlebov Baqretsovun barmağının qanını
sovurduğunu görürdü, amma heç nə demirdi. Bu onun şüurunu yalayıb keçirdi, amma
o cavab vermək iqtidarında deyildi. Onun olan-qalan şüuru çox güman ki, daha
insan şüuru deyildi, çox az şeyləri qəbul edirdi və indi bildiyi təkcə o idi ki,
yol üstündəki daşları təmizləməlidir.
- Çox
güman dərindir. – Dincəlməyə uzananda Qlebov soruşdu.
- O necə
dərin ola bilər? – Baqretsov dedi. Qlebov çox boş sual verdiyini və çuxurun
doğrudan da dərin ola bilməyəcəyini başa düşdü.
-
Tapdım, - Baqretsov dedi.
Onun əli
insan barmağına dəydi. Daşların arasından çıxan baş barmağı ay işığında aydın
görmək olurdu. Barmaq Qlebovun, ya da Baqretsovun barmaqlarına oxşamırdı, amma
ölü adamın barmağı olduğu üçün yox, başqa şeyə görə. Bu barmağın dırnağı
tutulmuşdu, ətli və Qlebovun barmağından yumşaq idi. Onlar meyidin üstünə
tökülmüş daşları tələsik qırağa atdılar.
- Lap
cavandır, - Baqretsov dedi. İkisi çətinliklə meyidi çıxartdılar.
- Yaman
cüssəlidi, - Qlebov təngnəfəs halda dedi.
- O belə
cüssəli olmasaydı, onu da bizi basdırdıqları kimi basdırardılar, biz də bura gəlməli
olmazdıq.
Meyidin
köynəyini çıxartdılar.
- Alt
paltarı da lap təzədi, - Baqretsov razı qalmışdı.
Alt
paltarını da çıxartdılar. Qlebov alt paltarlarını sırınmasının yaxasına basdı.
- Bəlkə
özün geyinəsən? – Baqretsov soruşdu.
- Yox,
istəmirəm, - Qlebov mızıldandı.
Onlar
meyidi təzədən çuxura qoyub üstünü daşla doldurdular.
Ayın
göyümtül işığı ətrafdakı bütün qayaları, ağacları, talaları işıqlandırırdı. Hər
şey canlı görünürdü, amma gündüz göründüyü kimi yox, başqa cür. Bu dünyanın
ikinci – gecə görkəmi idi.
Meyidin
alt paltarı Qlebovun yaxasında qızınmışdı və daha yad hissi aşılamırdı.
-
Papiros olsaydı çəkərdik, - Qlebov dedi.
- Sabah
çəkərsən.
Baqretsov
gülümsədi. Sabah onlar alt paltarını satacaqlar, çörəklə dəyişdirəcəklər, bəlkə
bir az tütün də tapdılar…
1954
Tərcümə: Həmid P.