
Viktor Pelevin. Mavi fənər (Hekayə)
- 02.03.2020
- 0 Şərh
- 3065 Baxış
Pəncərənin
dalında yanan fənərin işığı otağı demək olar ki, aydınladırdı. İşıq göyümtüldü,
ölüydü və əgər çarpayıda uzandığın yerdən sağa əyilib baxanda görünən ay
olmasaydı, cansıxan mənzərə yaranardı. Yuxarıdan konusvari düşən ay işığı ölü
parıltını bir az gücləndirir, onu sirli və həlim edirdi. Ancaq mən sağ tərəfə
sallananda iki dəmir ayaq yuxarı qalxır, bir saniyə havada qalandan sonra zərblə
döşəyə çırpılırdı, nəticədə iki sıra düzülmüş çarpayıların arasındakı mavi işıq
zolağını qəribə şəkildə tamamlayan tutqun səs yaranırdı.
- Dinc
otur, - Kostıl göyümtül yumruğunu göstərib dedi. – Eşitmək olmur.
Qulaq
asmağa başladım.
- Ölü şəhər
haqqında nəsə bilirsiniz? – Tolstoy soruşdu. Hamı susub qulaq asırdı. – Demək
belə, bir kişi iki aylığa ezamiyyətə gedir, qayıdanda görür ki, hamı ölüb.
- Yox,
- Tolstoy dedi, - onlar işə gedirlər, danışırlar, növbədə dayanırlar. Hər şey əvvəlki
kimidi. Amma kişi onların əslində ölü olduğunu görür.
- Bəs
kişi onların ölü olduğunu necə başa düşür?
- Mən nə
bilim? – Tolstoy cavab verdi. – Kişi başa düşüb də, mən başa düşməmişəm ki. Necəsə
başa düşüb. Nəsə, kişi bu qərara gəlir ki, özünü bilməməzliyə vursun və evinə
gedir. Onun arvadı vardı. Kişi onu görən kimi, arvadının da ölü olduğunu başa
düşür. Kişi öz arvadını çox sevirmiş. Başlayır qadını sorğu-suala tutmağa ki, mən
olmayanda nələr baş verib. O da cavab verir ki, heç nə. Özü də ərinin nə istədiyi
ona çatmır. Onda kişi hər şeyi danışmaq qərarına gəlir və soruşur: "Bilirsən
ki, ölmüsən?” Arvadı deyir: "Bilirəm!” Kişi soruşur: "Bəs bilirsən ki, şəhərdəki
hamı ölüdür?” Arvadı deyir: "Bilirəm! Bəs hamının nə üçün ölü olduğunu bilirsən?”
Kişi deyir: "Yox”. Onda arvadı bir də soruşur: "Səbəbini deyim?” Kişi qorxsa
da, hər halda deyir: "De”. Onda arvadı deyir: "Çünki sən özün ölüsən!”
Tolstoy
axırıncı cümləni elə quru və rəsmi tərzdə dedi ki, doğrudan da hamı qorxdu.
- Həə, əmi
qəşəng ezamiyyətə gedibmiş…
Bunu
Kolya dedi. O burdakıların hamısından ya bir, ya da iki yaş balacaydı. Amma
taxdığı iri eynək ona rəsmi görkəm verdiyi üçün, balacaya oxşamırdı.
- İndi
sən danış, - Kostıl Kolyaya dedi. – Bir halda ki, ağzını birinci sən açdın…
- Bu
gün belə danışmamışdıq axı, - Kolya etiraz etdi.
- Bu
qayda həmişəlikdi. – Kostıl dedi. – Başla, uzatma.
Kolyanın
yerinə Vasya dilləndi:
-
Yaxşısı budu, mən danışım. Göy dırnaq haqqında eşitmisiniz?
- Təbii
ki, - o biri küncdən kimsə pıçıltıyla ded. - Göy dırnaq haqqında kim eşitməyib
ki?
- Bəs
qırmızı ləkə haqqında bilirsiniz? - Vasya soruşdu.
- Yox,
bilmirik, - Kostıl hamının yerinə cavab verdi. - Başla.
- Bir
ailə mənzilə gəlir, - Vasya yavaş-yavaş danışmağa başladı, - evin divarında
qırmızı ləkə olur. Ləkəni birinci uşaqlar görürlər və göstərmək üçün analarını
çağırırlar. Anaları isə susur. Özü də bir cür baxır və gülümsəyir. Onda uşaqlar
atalarını çağırırlar. "Ata, bax!” - deyirlər. Ata da anadan çox qorxurmuş. Ona
görə də uşaqlara deyir: "Gedək burdan. Sizə dəxli yoxdur”. Anaları isə gülümsəyir
və susur. Hamısı gedir yatmağa.
Vasya
susub dərindən nəfəs aldı.
- Yaxşı,
sonra nə oldu? - Kostıl bir neçə saniyəlik sükutdan sonra soruşdu.
- Sonra
səhər açılır. Oyanırlar, baxırlar ki, uşağın biri yoxdur. Onda uşaqlar
analarından soruşurlar: "Ana, ana, qardaşımız hanı?” Anaları da cavab verir: "Nənənin
yanına gedib, nənəgildədir”. Uşaqlar da inanırlar. Anaları işə gedir, axşamsa
qayıdır və gülümsəyir. Uşaqlar ona deyirlər: "Ana, biz qorxuruq”. O isə əvvəlki
kimi gülümsəyir və ataya deyir: "Onlar mənim sözümə baxmırlar. Döy onları”. Ata
uşaqları döyür. Uşaqlar hətta qaçmaq istəyirlər, amma anaları onlara axşam elə
bir şey yedirtmişdi ki, eləcə otururlar, yerlərindən dura bilmirlər…
Qapı
açıldı və biz hamımız bir anda gözlərimizi yumub özümüzü yuxuluğa vurduq. Bir
neçə saniyədən sonra qapı örtüldü. Vasya bir müddət dəhlizdən addım səslərinin
kəsilməsini gözlədi.
- O
biri səhər yuxudan oyanırlar, görürlər uşağın biri də yoxdur. Bir dənə balaca
qız qalıb. Qız atasından soruşur ki, bəs ortancıl qardaşım hanı? Atası da cavab
verir ki: "Pioner düşərgəsindədir”. Anası da əlavə edir: "Ağzından qaçırtsan...
səni öldürərəm”. Qızı heç məktəbə də qoymur. Axşam gəlir, yenə qıza nə isə
yedirdir, o da oturduğu yerdən dura bilmir. Ata isə qapı-pəncərəni bağlayır.
Vasya
yenə susdu. Amma bu dəfə heç kim ondan davam etməsini istəmədi, qaranlıqda
ancaq necə nəfəs aldığımız eşidilirdi.
- Sonra
başqa adamlar gəlirlər, - yenə o dilləndi. – Görürlər ki, mənzil boşdu. Bir il
keçir. Ora təzə adamlar köçür, onlar da qırmızı ləkəni görürlər, divar
kağızlarını kəsirlər. Görürlər ki, ana oturub orda, gömgöydür, o qədər qan içib
ki, çıxa bilmir. Uşaqları o yeyirmiş, ata da ona kömək edirmiş.
Bir
müddət hamı susdu, sonra kimsə soruşdu:
-
Vasya, sənin anan harda işləyir?
- Sənə
nə?
- Bəs sənin
bacın var?
Vasya
cavab vermədi, deyəsən ya xətrinə dəymişdi, ya da yatırdı.
-
Tolstoy, - Kostıl çağırdı, - ölülər haqqında nəsə danış.
-
Bilirsiniz ölüyə necə çevrilirlər? - Tolstoy soruşdu.
-
Bilirik, uzanıb ölürlər, - Kostıl cavab verdi.
- Bəs
sonra?
- Heç nə.
Yuxu kimidir, - Kostıl dedi, - amma daha oyanmırsan.
- Yox, -
Tolstoy dedi, - onu demirəm. Hər şey nədən başlayır, bilirsiniz?
- Nədən?
- Əvvəlcə
ölülər haqqında əhvalatlara qulaq asırlar, hər şey ondan başlayır. Sonra uzanıb
fikirləşirlər ki, biz niyə ölülər haqda əhvalata qulaq asırıq?!
Kimsə əsəbi
halda hırıldadı, Kolya isə qəflətən çarpayıda oturdu və çox ciddi şəkildə:
-
Uşaqlar, qurtarın,- dedi.
- Bax,
bax, - Tolstoy özündən razı tonda dedi. - Elə belə də başlayır. Əsası ölü
olduğunu başa düşməkdi, sonrası asandır.
- Ölü
özünsən, - Kolya qətiyyətsiz səslə acıqlandı.
- Bəyəm
mən etiraz elədim? - Tolstoy dedi. - Yaxşısı budur sən fikirləş ki, nə üçün
birdən-birə ölü ilə danışırsan?
Kolya
bir az fikirləşdi. Sonra:
- Kostıl,
- deyə soruşdu, - Axı sən ölü deyilsən?
- Mən,
- Kostıl dilləndi, - necə deyim?
- Bəs sən,
Lyoşa? - Lyoşa hələ şəhərdən Kolyanın dostu idi.
-
Kolya, - o cavab verdi, - özün fikirləş. Bax, sən şəhərdə yaşayırsan, elədir?
- Hə, -
Kolya dedi.
- Səni
qəflətən harasa aparırlar, elədir?
- Hə.
- Sən də
birdən görürsən ki, uzanmısan ölülərin arasında, özün də ölüsən.
- Hə, -
Kolya dedi.
- İndi
başını işlət, - Lyoşa dedi.
- Biz
çox gözlədik, - Kostıl da qoşuldu. - Dedik, özün başa düşərsən. Bütün ömrüm
boyu bu qədər səfeh ölünü birinci dəfədir görürəm. Sən yəni başa düşmürsən ki,
biz bura niyə yığışmışıq?
- Yox,
- Kolya dedi. O, ayaqlarını sinəsinə sıxaraq çarpayıda oturmuşdu.
- Biz səni
ölülüyə qəbul edirik, - Kostıl dedi.
Kolya nəsə
mızıldandı, ya hıçqırdı, çarpayıdan atıldı və güllə kimi dəhlizə çıxdı, ordan
onun yalın ayaqlarının bərk tappıltısı gəldi.
-
Hırıldamayın, - Kostıl pıçıldadı. - Eşidəcək.
- Gülməli
nə vardı, - Tolstoy melanxolik səslə soruşdu. Bir neçə saniyə sakitlik oldu,
sonra Vasya soruşdu:
-
Uşaqlar, birdən…
- Sən də
ağ elmə, - Kostıl dedi, - Tolstoy, yenə nəsə danış.
- Belə
bir hadisə olub, - pauzadan sonra Tolstoy dilləndi. - Bir neçə nəfər
tanışlarını qorxutmaq üçün sözü bir yerə qoyurlar. Ölü kimi geyinirlər, ona
yaxınlaşıb deyirlər: "Biz ölüyük, sənin dalınca gəlmişik”. Tanış qorxur və
qaçır. Onlarsa doyunca gülürlər, sonra onlardan biri soruşur: "Uşaqlar, biz nə
üçün ölü kimi geyinmişik?” Hamı onlara baxır, amma heç kim nə demək istədiyini
başa düşmür. O isə təzədən soruşur: "Nə üçün dirilər bizdən qaçır?”
- Nə
olsun?- Kostıl soruşdu.
- Nə nə
olsun ki? - Tolstoy cavab verdi. - O dəqiqə hamısına çatır.
- Nəyi
başa düşürlər?
- Nəyi
lazımdırsa, onu.
Sakitlik
çökdü, sonra Kostıl dilləndi:
- Bura
bax, Tolstoy, adam kimi danışa bilmirsən?
Tolstoy
susurdu.
-
Tolstoy, - Kostıl yenə dilləndi, - səsin nə üçün çıxmır? Ölmüsən?
Tolstoy
susurdu və onun səssizliyi get-gedə daha mənalı olmağa başlayırdı. Hər ehtimala
qarşı, mən bərkdən nə isə bir söz demək istədim:
-
"Zaman” verilişi haqqında eşitmisiniz?
-
Başla, - Kostıl cəld dedi.
- O çox
qorxulu deyil, - dedim.
- Dəxli
yoxdur, başla.
Mən
danışacağım əhvalatın sonunu dəqiq xatırlamırdım. Ancaq fikirləşdim ki,
danışa-danışa yadıma düşəcək.
- Deməli,
bir kişi olur, otuz yaşlarında. Bir gün oturub "Zaman” verilişinə baxır.
Televizoru yandırır, rahat olsun deyə, kreslonu qabağa çəkir. Ekranda əvvəlcə
saat görünür. Həmişəki kimi kişi saatının düz işləyib-işləmədiyini yoxlayır. Hər
şey həmişəki kimi olur. Nə isə saat düz doqquzu göstərir. Və ekranda "Zaman” sözü
peyda olur, amma əvvəllər olduğu kimi ağ yox, nə üçünsə qara rəngdə. Kişi bir
az təəccüblənir. Amma sonra fikirləşir ki, yəqin bu təzə tərtibatdır və
baxmaqda davam edir. Sonra yenə hər şey həmişəki kimi olur. Birinci hansısa
traktoru göstərirlər, sonra İsrail ordusunu, sonra hansısa akademikin öldüyünü
deyirlər, sonra bir az idmandan danışırlar, sonra sabahkı gün üçün hava
haqqında məlumat verirlər. Vəssalam, "Zaman” qurtarır, kişi də kreslodan durmaq
istəyir.
- Sonra
yadıma salın, sizə yaşıl kreslo haqqında danışacağam, -Vasya sözümü kəsdi.
- Deməli,
kişi durmaq istəyir, amma hiss edir ki, bacarmır. Durmağa gücü yoxdur. Kişi bərk
qorxur, bütün gücünü toplayıb kreslodan durur, güclə yeriyə-yeriyə güzgüyə
baxmaq üçün hamama gedir. Birtəhər çatır hamama. Güzgüdə özünə baxanda görür
ki, bütün saçları ağarıb, sifəti qırış-qırışdır, dişləri də yoxdur. "Zaman”a
baxa-baxa bütün həyatını ötürüb.
- Bunu
eşitmişəm, - Kostıl dedi, - amma orda şaybalı futboldan danışılır. Kişi şaybalı
futbola baxır.
Dəhlizdə
addımlar və acıqlı qadın səsi eşidildi, bir anda hamımız susduq. Vasya isə hətta
qeyri-təbii halda xoruldamağa başladı. Bir neçə saniyədən sonra qapı taybatay
açıldı və palatada işıq yandı.
- Burda
baş ölü kimdir? Tolstenko, sənsən?- Kandarda ağ xalatlı Antonina Vasilyevna
dayanmışdı, baxışlarını ciddi-cəhdlə küncdəki batareyanın altında gizlətməyə
çalışan, ağlamış Kolya da yanında idi.
- Baş
ölü, - Tolstoy şərəflə cavab verdi, - Moskvada, Qırmızı Meydandadır. Siz niyə məni
gecə yuxudan oyadırsınız?
Belə
bir həyasızlıqdan Antonina Vasilyevna çaşdı:
- İçəri
keç, Averyanov, - o, üzünü Kolyaya tutub nəhayət ki, dilləndi, - get yat, ölülərlə
sabah düşərgə rəisi məşğul olacaq. Evlərinə göndərməsə yaxşıdır.
-
Antonina Vasilyevna, - Tolstoy yavaşca dilləndi, - siz niyə ağ xalat
geyinmisiniz?
- Çünki
belə lazımdır, bildin? - Kolya Antonina Vasilyevnaya baxdı. - Get yerinə,
Averyanov, - o dedi, - yatmağa. Sən kişisən, ya yox? - Sonra üzünü Tolstoya
çevirdi. - Sənsə bircə dənə də söz desən, qızların palatasında çılpaq dayanmağa
gedəcəksən. Başa düşdün?
Tolstoy
sakitcə Antonina Vasilyevnanın xalatına baxırdı. O da özünə nəzər saldı, sonra
Tolstoya baxdı və barmağını alnında fırlatdı. Sonra qəfildən hirsləndi, hətta
hirsindən qızardı.
-
Tolstenko, sən mənə cavab vermədin, - o dedi, - nə olacağını sən başa düşdün də?
-
Antonina Vasilyevna, - Kostıl dilləndi, - axı özünüz dediniz ki, bir söz də desə,
siz onu… Sizə necə cavab versin?
- Səninləsə,
Kostıl, - Antonina Vasilyevna dedi, - lap xüsusi söhbət olacaq, direktorun
kabinetində. Yadında saxla.
İşıq
söndü, qapı çırpıldı. Bir müddət - hardasa iki, üç dəqiqə - Antonina Vasilyevna
qapının arxasında dayanıb qulaq asdı. Sonra dəhlizdən onun sakit addımlarının səsi
gəldi. Hər ehtimala qarşı biz bir-iki dəqiqə də susduq. Sonra Kostılnın pıçıltısı
eşidildi:
- Bura
bax, Kolya, mən sabah sənə göstərəcəyəm…
- Bilirəm,
- Kolya qəmgin cavab verdi.
- Görərsən.
- Yaşıl
kreslo haqqında danışım? - Vasya soruşdu.
Heç kim
səsini çıxartmadı.
- Bir dənə
böyük müəssisədə, - Vasya danışmağa başladı, - direktorun kabineti var idi.
Orada xalça, şkaf, böyük stol vardı və stolun qabağına yaşıl kreslo qoyulmuşdu.
Kabinetin bir küncündə də lap çoxdan ora gətirilmiş keçici qırmızı bayraq vardı.
Bir dəfə bir kişini zavoda direktor təyin edirlər. O, kabinetə girir, o tərəf-bu
tərəfə boylanır, hər şeyi çox bəyənir. Oturur kresloya və başlayır işləməyə.
Sonra direktorun müavini kabinetə girəndə direktorun əvəzinə kresloda skelet
görür. Milis çağırırlar, hər yerdə axtarış aparırlar, amma heç nə tapmırlar.
Sonra müavini direktorun yerinə qoyurlar. O da oturur kresloya və başlayır işləməyə.
Bir azdan kabinetə girənlər görürlər ki, kresloda yenə də skelet oturub. Yenə
milis çağırırlar, yenə heç nə tapmırlar. Onda təzə direktor təyin edirlər. O isə
o biri direktorların başlarına gələni bilirdi, ona görə də, adam boyda oyuncaq
hazırlatdırır. Öz paltarını geyindirir oyuncağa, oturdur kresloya. Özü isə pərdənin
arxasında gizlənir, - sonra yadıma salın, Sarı pərdə haqqında danışım, - nə baş
verəcəyini gözləməyə başlayır. Bir saat keçir. Birdən direktor görür ki,
kreslodan metal oxlar çıxır və hər tərəfdən oyuncağı sarıyır. Oxlardan biri də
oyuncağın düz boğazına dolanır. Onlar oyuncağı boğandan sonra, keçici qırmızı
bayraq küncdən çıxıb kresloya yaxınlaşır, oyuncağın üstünə sərilir. Bir neçə dəqiqədən
sonra oyuncaqdan heç nə qalmır. Keçici qırmızı bayraqsa stoldan durub öz küncünə
qayıdır. Bütün bunları görən kişi sakitcə kabinetdən çıxıb aşağı düşür, yanğına
qarşı müdafiə köşkündən baltanı götürür, kabinetə qayıdıb zərblə keçici bayrağa
çırpır. O dəqiqə dəhşətli fəryad səsi eşidilir, bayrağın dəstəyindənsə döşəməyə
qan tökülür.
- Bəs
sonra? - Kostıl soruşdu.
- Vəssalam,
- Vasya cavab verdi.
- Bəs
kişi nə oldu?
-
Bayrağa görə tuturlar.
- Bəs
bayraq?
- Düzəldib
yerinə qoyurlar, - Vasya bir az fikirləşib cavab verdi.
- Bəs təzə
direktor gələndə nə baş verir?
- Eyni
hadisə.
Qəflətən
yadıma düşdü ki, direktorun kabinetində, küncdə rəngli dəstə nömrələri yazılmış
bir neçə bayraq var, bu bayraqları direktor artıq iki dəfə təntənəli düzülüş
zamanı paylayıb. Onun kabinetində kreslo da vardı, amma yaşıl yox, qırmızıydı,
özü də fırlananından.
- Hə,
yadımdan çıxmışdı, - Vasya dedi, - kişi pərdənin dalından çıxanda saçları
ağappaq ağarmışdı. Sarı pərdə haqqında eşitmisiniz?
- Mən
eşitmişəm, - Kostıl dedi.
-
Tolstoy, sən sarı pərdə haqqında eşitmisən?
Tolstoy
susurdu.
- Ey,
Tolstoy!
Tolstoy
cavab vermirdi. Mən fikirləşirdim ki, Moskvada evimizin pəncərələrindən sarı pərdələr
asılıb, daha doğrusu, sarımtıl-yaşıl. Yayda eyvanın pəncərələri daima açıq
qalanda və aşağıdan, bulvardan motorların səs-küyü eşidiləndə, hansısa güllərin
qoxusu ilə qarışmış, yanmış benzin qoxusu hiss ediləndə mən tez-tez eyvanın
yanında yaşıl kresloda otururam və küləyin sarı pərdəni necə yellətdiyinə
baxıram.
- Qulaq
as, Kostıl, - gözlənilmədən Tolstoy dedi, - ölülüyə sən bildiyin kimi qəbul
etmirlər.
- Bəs
necə? - Kostıl soruşdu.
- Cürbəcür.
Ancaq heç vaxt ölülüyə qəbul etdiklərini demirlər. Ona görə də ölülər sonra
artıq ölü olduqlarını bilmirlər. Elə bilirlər ki, hələ yaşayırlar.
- Səni
artıq qəbul ediblər?
-
Bilmirəm, - Tolstoy dedi. - Bəlkə də ediblər, bəlkə də sonra edəcəklər, şəhərə
qayıdanda. Deyirəm axı, onlar qabaqcadan xəbər vermirlər.
- Kim
"onlar”?
- Necə
yəni kim? Ölülər.
- Yenə
başladın, - Kostıl dedi, - səsini kəssəydin yaxşı olardı. Boğaza yığdın.
- Düppədüz.
Bezdik, - Kolya onun səsinə səs verdi.
- Sənsə,
Kolya, - Kostıl dedi, - onsuz da sabah payını alacaqsan.
Tolstoy
bir az susdu.
- Ən əsası,
- yenə dilləndi, - qəbul edənlər də ölülüyə qəbul etdiklərini bilmirlər.
- Onda
necə qəbul edirlər? - Kostıl soruşdu.
- O qədər
yol var ki. Məsələn, sən kimdənsə nə isə soruşdun, ya da televizoru işə saldın,
əslində isə səni ölülüyə qəbul edirlər.
- Onu
demirəm. Onlar axı qəbul edəndə bilməlidirlər ki, kimisə qəbul edirlər.
- Əksinə,
əgər ölüdürlərsə, necə bilə bilərlər?
- Əməlli-başlı
anlaşılmazlıq yaranır, - Kostıl dedi, - onda kimin ölü, kimin diri olduğunu hardan
bilək?
- Başa
düşmürsən?
- Yox,
- Kostıl cavab verdi,- belə çıxır ki, heç bir fərq yoxdur.
- Vəssalam.
İndi fikirləş, gör sən kimsən? - Tolstoy dedi.
Kostıl
qaranlıqda nə isə hərəkət etdi və Tolstoyun başının yanındakı divardan bərk
tappıltı səsi gəldi.
- Axmaq,
- Tolstoy dedi, - az qala başıma dəymişdi.
- Biz
onsuz da ölüyük, - Kostıl dedi. - Böyük iş olacaqdı guya?
-
Uşaqlar, - Vasya yenidən soruşdu, - sarı pərdə haqqında danışım?
-
Vasya, cəhənnəm ol. Yüz dəfə eşitmişik.
- Mən
eşitməmişəm, - Kolya küncdən dilləndi.
- Nə
olsun, bir dənə sənə görə hamı qulaq asmalıdır? Sonra yenə ağlamaq üçün
Antoninanın yanına qaçacaqsan.
- Mənim
ayağım ağrıyırdı, ona görə ağlayırdım, - Kolya dedi, - çıxanda ayağımı vurub zədələmişdim.
- Yeri
gəlmişkən, sən əhvalat danışmalı idin. Bayaq birinci sənin səsin çıxdı. Elə
bilirsən yadımızdan çıxıb? - Kostıl dedi.
- Mənim
əvəzimə Vasya danışdı, - Kolya dedi.
- O sənin
əvəzinə yox, elə-belə danışdı. İndi isə sənin növbəndir. Yoxsa sabah dəqiq
payını alacaqsan.
- Qara
dovşan haqqında bilirsiniz? - Kolya soruşdu.
Mən həmin
dəqiqə hansı qara dovşandan söhbət getdiyini başa düşdüm: dəhlizdə, yeməkxananın
qabağında qalstuklu, yanmış dovşan təsvir olunmuş lövhə asılmışdı. Şəkil çox
canfəşanlıqla və dəqiqliklə çəkildiyindən, dovşan doğrudan da tamam qara
alınmışdı.
-
Görürsən, hələ deyirsən ki, heç nə bilmirsən. Başla.
- Bir
pioner düşərgəsi olur, orda əsas korpusda divarda cürbəcür heyvanların şəkilləri
çəkilmişdi, bunlardan biri də təbilli qara dovşan idi. Nədənsə onun pəncələrinə
iki mismar batırılmışdı. Bir dəfə bir qız nahardan sonra yatmağa gedəndə şəkilin
yanından keçir. Qız yaxınlaşır və dartıb mismarları çıxartır. Dovşana yazığı gəlir.
Birdən ona elə görünür ki, qara dovşan ona elə baxır, elə bil sağdır. Qız
fikirləşir ki, gözünə gürünüb, gedir palataya. Sakit saat başlayanda qara
dovşan da təbilini çalmağa başlayır. O dəqiqə də düşərgədəki hər kəs yatır,
hamı yuxuda görür ki, sakit saat qurtarıb, onlar da yuxudan oyanıb, gedirlər
yeməyə. Sonra onlar hər gün elədikləri işləri görürlər, pinqponq oynayırlar,
kitab oxuyurlar və s. Bütün bunları isə əslində yuxuda görürlər. Sonar hamı
evinə gedir. Sonra böyüyürlər, məktəbi bitirirlər, evlənirlər, işə girirlər,
uşaqlarını tərbiyə edirlər. Əslində isə, sadəcə, yatırlar. Qara dovşan bütün
vaxt ərzində təbilinə vurur. - Kolya susdu.
-
Anlaşılmaz bir şeydir, - Kostıl dedi. - Bax, deyirsən ki, evlərinə
dağılışdılar, axı orda onların valideynləri, dostları olmalıdır, onlar da
yatırdılar?
- Yox,
- Kolya dedi, - onlar yatanların yuxusuna girirdilər.
-
Axmaqlıqdır, - Kostıl dedi. - Uşaqlar, kimsə nəsə başa düşdü?
Heç kim
cavab vermədi. Deyəsən artıq hamı yatırdı.
-
Tolstoy, sən nəsə başa düşdün?
Tolstoyun
çarpayısı cırıldadı, o döşəməyə əyildi, yerdən nəsə götürüb Kolyaya tərəf
tolazladı.
- Ay, əclafsan,
ha, - Kolya dedi. - İndi sənə göstərəcəyəm.
- Bura
ver, - Kostıl dedi.
Bu onun
bayaq Tolstoya atdığı idman ayaqqabısı idi. Kolya ayaqqabını verdi.
- Ey, -
Kolya məni çağırdı. - Sən niyə susursan?
- Elə-belə,
- dedim, - yatmaq istəyirəm.
Kostıl
çarpayıda qurcalandı. Mən onun yenə nəsə deyəcəyini fikirləşdim, ancaq o susdu.
Hamı susmuşdu. Vasya yuxuda sayıqlayırdı. Mən tavana baxırdım. Pəncərənin
qabağındakı fənərin lampası yellənirdi, onunla bir yerdə palatamızdakı kölgələr
də tərpənirdi. Mən üzümü pəncərəyə çevirdim. Ay daha görünmürdü. Ətrafda tam
sakitlik idi, təkcə uzaqdan gecə qatarının relslərdə çıxardığı səs eşidilirdi,
uzun müddət mavi fənərə baxdım və necə yuxuya getdiyimi heç özüm də hiss eləmədim.
Tərcümə:
Həmid P.