
Yaşar Bünyad. Lenini öldürmək (hekayə)
- 25.06.2020
- 0 Şərh
- 2948 Baxış
Gecədən əsən şimal küləyi sübhə yaxın kəsdi. Kəsməyilə
də qar yağmağa başladı. Qocaların dediyindən, hələ indiyəcən kəndə belə qar
yağmamışdı. Aydınlıqdı qar...
****
Cəfər traktorla məktəbin həyətinə girənəcən
Pirverdi bəyin göstərişlərini həvəslə yerinə yetirən dəliqanlılar evlərindən kəndir, lom, bel, külüng, kumpul gətirib stadionun yanındakı
bağçaya yığışmışdı. Keçmiş partkom Əmirpaşa, feldşer Vəli, hesabdar Mürvət, anbardar Balaxanın oğlanları, üç ildənbir zondan-zona
"səfər” edən cüvəllağı Şərif də burdaydı. Vəli ot göyşəyən qoca qoç kimi
dodağını çeynəyir, Mürvətlə Balaxanın böyük oğlu pıçıldaşırdı. Nə baş verəcəyini
anlamayan Əmirpaşa çaşqınlıqla mızıldandı:
- Ayə,
vallahi-billahi bu, əmələ gələn şey döyül. Bir zibili çıxmasa yaxşıdı... Yetmiş
il at oynadan, nemesin anasın ağladan hökuməti yıxmağmı olar, a başuva dönüm?..
Özü də kim, kim, taytağ Mirinin yetimçəsi (Taytağ Mirinin yetimçəsi Pirverdi bəy
idi).
Söhbətin bu yerində kəndin sözgəzdirəni Narıngül
arvad yırğalana-yırğalana gəlib çıxdı, ora baxdı, bura baxdı, sonda üzünü Vəliyə tutub soruşdu:
- A Vəli,
başuva dönüm, sən alim adamsan, kəllön işdiyir, bilməmiş olmazsan daa, doğrudan, o başıxallı gədə hökməti buraxdı? Yəni
eləcə verdi bu başıküllülərə? Bə, bizim yekələr hara baxır, hay? - Sualına özü də cavab vermiş kimi mızıldadı. - İmanım
haqqı, inanmaram ee, inanmaram ki, urus əlin götürə üstümüzdən. Heç Bəkidə
oturannar da qoymaz... İradyo andır
da düz-əməlli heş zad demir, dedim çıxım
görüm nağayrursuz...
Şərif qaqqanaq çəkib:
- Ay arvad,
- dedi, - heç kim, heç zadı buraxmıb. Vozduxdu... Qarbaçovun başı xarab olub məyər?
Baş qatmaq üçün uşaq-muşağın
qabağına bir az dən atıb. Valla, həmişəki
kimi yuxarıların öz quramasıdı bu... Buların başı ki qarışdı dənnəməyə, bir də görəssən, hooop, sovetin topu, tüfəngi başımızın üstünü kəsdi, başladı hamını sərçə kimi bir-bir
qırmağa. Keçən il necə elədi?.. Görə-görə gəlmüşüy... Mən öli, sən diri, o
taytayın yetimçəsin də basdıracaq qoduğluğa. Şura hökümətidi e! İndiki zamanada
adam şərrəmək nəmənədi? Ha-ha-haaa!..
Cəfər "Belarus”la həyətə girib, iki dəfə
dövrə vurub stadionun ortasında dayananda Şərif hələ də qaqqanaq çəkib gülürdü, Narıngül arvad Şərifə sarı "külü qoyum kişi başuva” deyirdi, Vəli də başını yelləyirdi
o yana, bu yana...
- Ayə,
Şöşü, Şöşü, kəndiri keçir o keçəlin boğazına! Tez!.. Cəfər, sən də
traktorun dalın ver bura. - Pirverdi bəy
ədayla, bir qəribə sevinclə Leninin iri büstü qoyulmuş postamentin qənşərini göstərəndə Cəfər marağını boğa bilmədi:
- A bəy,
fikrün nədi, olmuya, kişini, o söz, həə?!
- Ayə, evə çatanda, ağzuvu yaxalıyarsan, kişi kimdi?! O "kişi” dediyinin qırmızı ordusu babalarımızın qan bahasına qurduğu dövləti
dağıdıb, anladın? O cibindəki partbileti
də bəsdi əzizlədün, cır, tulla. Bilirsən də, getdi day onun daşdeşən dövrü!.. Hə,
bir də, Həşim bəyə tapşırmışam, şəklini çəkib göndərəcək "Azadlıq” qəzetinə...
Əlini yelləyib Cəfərdən aralandı, üzünü büstə sarı
çevirib bağırdı: - Əəə, Şöşü, noldi sənə, əllərün bişməcədi, bağla da o
zibili!..
Şöşü deyib
çağırdığı, Şövqüydü - çayçı Qasımın oğlu. Pirverdi bəyin təşviqatına görə, "ən məsuliyyətli vəzifə” ona tapşırılmışdı
deyə, elə əldən-ayaqdan gedirdi ki, sanki Leninin yerində dədəsi Qasımın heykəli
qoyulacaqdı! Adama elə gəlirdi ki, bu dəqiqə heykəl yox, Leninin özü Şövqünün əlinə keçsəydi, heç
"uf” da demədən boğazından asardı. Şöşü işini bitirəndən sonra Pirverdi bəyin ona söz verdiyi sədrliyi rayondan
göndərilən cəbhəçiyə veriləcəyini,
"cavanları iş-gücdən yayındırır” adıyla
dədəsinin çayxanasını biryolluq bağlatdıracağını, döyüşə gedəcəyini, orada erməniyə salyarka satdığına
görə öldürüləcəyini bilsəydi, elə həmən kəndiri indidən öz boğazına keçirərdi... Hələ bunlardan xəbərsiz idi deyə, yoğun
kəndiri həvəslə ortalayıb, tələm-tələsik heykələ doladı, uclarını cütləyib Cəfərə verdi ki, götürüb traktorun
yedəyinə bağlasın. O da bağladı, könülsüz qalxıb keçdi sükanın arxasına,
traktoru işə saldı, bir dartdı, iki
dartdı, gah sağ, gah sol təkəri yeri eşdi. Elə bil, kəndir tarım dartıldıqca, Cəfərin
işə ürəksiz yanaşmasından idimi, ya da "kolxozstroy”un fəhlələri büstü
yaxşı pərçimləmişdilərmi, Lenin tutduğu yerini tərk etmək istəmir, yamanca
müqavimət göstərirdi. Sən demə, kəndiri Leninin boğazına deyil, beton pyedestalına
bağlayıbmış. Pirverdi bəy Şöşüyə hirsləndi. Cəfər traktoru azca dala sürdü, Şöşü boşalmış kəndirin
halqasını qaldırıb Leninin boğazına
keçirtdi, "sür!” dedi. Traktor yerindən tərpənməyi ilə elə bil göy guruldadı,
şimşək çaxdı, bir şaraqqıltı qopdu,
parça-parça olmuş büstdən bir toz-tozanaq qalxdı, gəl görəsən!
Bu an Həşimin
"FED”-inin də gözündən” yayınmadı.
"Ə, bu nəydi?
Pah atonnan!.. Allah, sən saxla... Allah, sən saxla! Bunu da gördüy”.
Partkom Vəlinin dili tutulmuşdu, az qala. Gördüyünə
inana bilmirdi. Fikirləşdi ki, bəs onda Bakıdan gələn heykəltəraş, memar niyə fəxrlə deyirdi ki, respublikada ilk qranit Lenindir ki, kənd məktəbinin
həyətində ucalacaq?! Bu, heç alüminium da deyilmiş ki?! ...Sən öl, bu milləti
hamı şeyinə sarıyıbmış ee! İntiligentindən
tutmiş fəhləsinəcən fırıldağmiş.
Maşenniklər, görürsən, pulu yeməkçün Leninin "əbədi yaşayacağından” necə
istifadə ediblər? Büstü gibsdən qayırıb,
üstünə də qranitə oxşar kraska çəkiblərmiş...
Paatonnan, fərəsətə bax ee!.. Demə, Leninin büstü adi gipsdənmiş, içi də boş?!
Qəfil yadına düşdü ki, on altı il qabaq bu "əvəzsiz heykəltəraşlıq nümunəsinə”
sərf olunacaq qranitin alınması üçün
iyirmi beş min manat pul silinmişdi rayon büdcəsindən. Düz iyirmi beş min
manat! Kolxoz sədri gəlib-gedən
qonaqlara nə qədər xərcləmişdi, onu bir ferma müdiri bilirdi, bir də Allah...
Partkom Vəli rayon rəhbərliyinin fırıldağı barədə götür-qoy edəndə artıq Cəfərin
"Belarus”u kəndirin ucunda ilişib qalmış
sosializm banisinin iri qulağını sürütləyə-sürütləyə
məktəbin həyətindən çıxmışdı. Nəinki "ürəklərdə yaşayan, bəşərin vicdanı, şərəfi
olan partiyanın” banisinin, heç qarşısında təntənəli surətdə oktyabryat olan, boynuna qırmızı pioner qalstuku bağlayıb sonra da komsomola
keçən Cəfərin də yatanda yuxusuna girməzdi ki, bir zaman doğma babası kimi istədiyi, şərəfinə şeir, mahnı oxuduğu Lenini
öz traktoruna qoşub kənd boyu sürüməkdən həzz alacaq.
Cavanlar
durmadan coşquyla qışqırışırdı:
-
A-zad-lıq!.. A-zad-lıq!..
- El-çi-bəy!..
El-çi-bəy!..
Həşimin
fotoaparatı şaqqıldayırdı...
Pirverdi bəyin qardaşı oğlu rayon qərargahından gətirdiyi üçrəngli bayraqla, yerlə yeksan edilmiş Leninin postamentinə dırmandı və camaat ilk dəfə gördükləri bayrağı heyrətlə alqışladı. Pirverdi bəy
cavanlara tapşırdı ki, igid oğullarımız uyuyan Şəhidlər xiyabanından gətirilmiş
müqəddəs bayrağı məktəb binasının giriş qapısına sancsınlar. Sancdılar. Bəzilərinin
gözləri doldu. Elə bil havanın ayazı da sındı. Sovetin xofu içindən çıxmayanlar
isə gizlincə ağız büzürdü.
- Dağıl, a
dünya!.. - Qafur kişi başını yellədi. Onsuz da Pirverdi bəydən zəndi-zəhləsi
gedirdi deyə, istehzasını gizlədə bilmədi. - Bit vurmuş müsülmanı
çuxadan-çarığdan çıxart, savad ver, yol çək, poyezə, maşına mindir, adam cərgəsinə
qoy.., bu da sağolun?! Çörəyverənə şıllağ atmağı öyrənmüşüy... Bu "bəy”dən
soruşan gərəydi ki, ayə, a belə-belə olmuş, o kişinin adına olan inistutda nöş
oxuyurdun, həə? Oxudun, adam oldun da,
pisdi? Gərəy mollaxanaya gedib babon
kimi molla olaydın?!.
- Gorun
çattasun, a Lelin, çattasun gorun!.. Bir vaxtlar el babasıydın, qəbrüvə də məktub
yazırdılar, kömək istiyirdilər, bu da axırun!? - Səməndər Qafura qahmar çıxdı.
Əlbəttə, bunları Pirverdi bəy səs-küydən eşitmirdi,
eşitsəydi də ağsaqqallara baş qoşan deyildi, çünki camaatın xislətinə bələd idi, bilirdi ki, kommunist rejiminin hökmünün, keqebenin zəhminin canlarından
çıxması üçün illər lazımdı. Bəlkə, daha çox...
Bayaqdan siqareti siqaretə calayan, sovetin hər
zülmünün şahidi, bədənində həm nemesin, həm sovetin damğasını gəzdirən,
Bayıldan Maqadana qədər əzablı sürgün həyatı yaşamış Əbülfəz kişi dözə bilmədi:
- Ağsaqqal
kişisən, nə "baba, baba” salmısan?! O vaxtı sənikimilər balşeviylərə girənniy eləməsəydi, qurduğumuz hökümət də dağılmazdı, indi biz də beş kişidən biriydik... Qınamıram, öyrənmüsüz
onun-bunun avtavasını, dəsmalın
daşımağa! Tfuu!... Kasıbın hökümətidi deyib mıxın dirədi doqqazımıza, olan-qalanımızı yığıb qalxoz qayırdı, fərri kişilərimizi "kulak” eləyib
Sibirə göndərdi, cavanlarımızı nemesə qırdırdı, - səsüvüz çıxmadı, meçitimizi mal töləsinə çöördi, imanımızı itə
yal elədi, ölüb yerə girmədüz... Ölümüzü də adətnən basdıra bilmürdüy, nə tez
unutduz?.. Tfuu!.. Ürəynən "baba” dediyin oğraş bilmirdi ki, havaxtsa o toydan onun da qapısında olacaq?!. Gorbagora yas
tutana bir bax!.. Ə, Qafır, babanı qolçomağ, dədəni vraqnarod eliyən hökmətdi
ee dağılan, rahat ol, day
qayıtmayacaq, ürəyün nöş töyşüyür?.. Düzələn döölsüz e, süz!..
- O, belə
dövlət qurmamışdı, Əbilfəz. Hökmətnən
işin var, hökməti yıx, söy, heykəlin nə günahı, hə? Dilsüz-ağızsız heykəli uçurmağa nə var ki?!.
Dədəmin goru haqqı, bir gün peşman olacağsuz... Guya bular, bu quru bəylər
yağ-bal içində üzdürəcəy bizi?.. Ay, hay! Yumşağ qresloya öyrəşənnən sonra
baxarığ kim kimin dalını...
- Heç kəs
peşman-zad olmayacaq, Səməndər, ağzının danışığın bil! - Əbülfəz kişi qəzəblə onun sözünü kəsdi. - Bəyəndiyin
həmən hökuməti də elə sənin əli qanlı
"baban” qurmuşdu. Day, yoxdu şura hökuməti! Pay atonnan, it əl çəkdi, motal əl çəkmədi. İnana bilmirsüz? Əşi, dağıldı
e, dağıldı! Day geriyə yol yoxdu. Pisdi, yaxşıdı, özümüzünküdü...
Ağsaqqal susdu. Daha heç kəs danışmadı. Havanın
şaxtasına məhəl qoymayan cavanlar, qocalar büstün boş yerində toplaşıb məktəbin damına pərçim
edilmiş, bayaqdan qürurla dalğalanan üçrəngli bayrağa baxırdı. Bu kənd indiyəcən
belə fərəh görməmişdi. Yağan da qar deyildi, sanki, ağ qızılgül ləçəkləriydi,
aləmi ağuşuna almışdı...
***
O gündən Cəfərin
evindəki hüzur pozulmuşdu. Büstü uçurulan Lenin gecələr yuxusundan, gündüzlər də yaxasından əl çəkmirdi Cəfərin. Ona elə
gəlirdi ki, traktorunun yedəyinə bağlayıb kənd boyu sürütmə çəkdiyindən qəzəblənib
onu qarabaqara izləyən, intiqam alovu ilə alışıb yanan Lenin sağdır, gözə
görünməsə də, haradasa buralarda, evinin
lap işində onu pusur...
Elə ki gecələr
başını yastığa qoyur, eyni hadisə təkrar olunurdu: qeybdən peyda olan Lenin
onun üstünə cumur, boğazından ikiəlli yapışıb boğmaq istəyir, ömründə bir toyuq
başı üzməyən Cəfər də əsəblərini
cilovlamadan var gücü ilə onu itələyib döşəməyə sərir, yastığının altında gizlətdiyi
qəməltini qapıb ona hücum çəkir, o boyda
imperiya rəhbərinin başını kəsməyə başlayırdı, özü də küt qəməltiylə. Sürtülməkdən
didilən dərisindən axan isti qan çırtlayıb sifətinə, divarlara, döşəməyə yayılırdı. İkisi də al qanın içində,
xırıldaya-xırıldaya gözləri bərəlmiş, ağzı köpüklənmiş Lenin isə çapalayır, ölmək
istəmir, nəsə deyir, nəsə umur, yalvarır, imdad diləyir, bəlkə də, ona əzab verən qəməltinin küt tiyəsini
lənətləyirdi. Cəfər isə eşitmirdi. Eşitdiyini də başa düşmürdü.
Bezmişdi. Səsi çıxmasın deyə, dişini dişinə sıxıb qəzəbini boğurdu. Artıq Cəfər nə üzərindən məsum Volodya gülümsəyən beşguşəli ulduzlu, nə də boynu qırmızı qalstuklu Cəfər deyildi, yuxa ürəyi daşa dönmüşdü, bəlkə
də quduzlaşmışdı, özüylə bacarmırdı, nəyin bahasına olur-olsun, bu gecə onu
öldürməliydi, çünki lap ömrü boyu yuxusuz qalsa da, daha Leninin dirilməsini
istəmirdi...
Yenə də hövlnak, havalı kimi dik atılıb yerindən
duranda, özünü qanın yox, çıpaçıp soyuq tərin içində çapaladığını görən Cəfər,
qışqırığından diksinib ayılan Tükəzə, o biri otaqdan maddım-maddım onun bu
halına acıyan qızlarına nə baş verdiyini heç cürə başa sala bilmədi.
Cəld yerindən qalxıb geyindi. Artıq nə edəcəyinə əmin
idi. Köhnə paltar dolabından pencəyini çıxardıb çiyninə atdı, odun peçinin yanından
kibrit qutusunu götürdü, asta-asta
qapını açıb həyətə düşdü. Tükəz təşvişlə onun arxasınca baxırdı. "Allah, sən
özün kömək ol!” - pıçıldadı, yun şalını çiyninə atıb qapının arasından boylanan
uşaqlara acıqlandı, "keçin yerinizə” deyib pəncərəyə yaxınlaşdı. Cəfər, deyəsən,
eşikdəki şaxtanı duyub qalın geyinmək üçün geri dönmək istəyidi, amma fikrini dəyişdi. Təndirxananın
böyründəki manqala bir-iki quru odun parçası qoydu, üstünə kerosin töküb kibrit çəkdi. Öcaq alışdı. Pirverdi bəyin
dedikləri neçə gün idi qulağında guruldayırdı: " O "kişi” dediyinin qırmızı
ordusu babalarımızın qan bahasına qurduğu dövləti dağıdıb, anladın? O cibindəki partbileti də bəsdi əzizlədün, cır, tulla. Bilirsən də,
getdi day onun daşdeşən dövrü!” .
Odunlar tutuşandan sonra əlini pencəyinin döş cibinə
saldı. Cəmi ikicə dəfə, - raykomun bürosunda üzvlüyə qəbul olanda, bir də
Bakıda, partiya qurultayında qeydiyyatdan keçəndə əlinə aldığı qırmızı biletini
çıxardıb ocağa tulladı. Sanki ağır yükdən qurtulmuşdu. Ürəyi sevinir, gözləri
alışıb-yanırdı. Rahatlandı. Dərindən nəfəs alıb ayazın soyuğunu ciyərinə çəkdi.
Çox keçmədi, bilet büzüşə-büzüşə qırışaraq alışmağa başladı...
***
Yatağına kirimişcə girdi. Bayaqdan yorğanın altında onu gözləyən Tükəzə də yaxın
durmadı. Başını yastığa qoyan kimi qayğısız körpətək dərin yuxuya getdi...
Cəfərin partbiletində gizlənən Leninin ruhu isə
qara tüstüyə dönüb şaxtanın sızağına qarışırdı...