2019-cu ilin Bukerçisindən hekayə
- 22.08.2020
- 0 Şərh
- 8439 Baxış
Jokha al-Harthi
(جوخة الحارثي)
"Dörddəmə qaçan atlar” (hekayə)
Nasir əl-Abd artıq heç nə başa düşmürdü; onun nəzərində həyat
durğun, dayanıqlı bir şey idi. Əvvəllər o, həmişə belə fikirləşirdi. Çünki o,
bu durğunluğu, dayanıqlığı yaşamışdı, ancaq qəlbində həmişə sirli bir duyğu
olardı, və bu duyğu ona deyirdi ki, həyat göründüyü qədər də sabit deyil.
Nasir əl-Abd valinin evində qulluqçu işləyirdi. Ağır, dəmir darvazaya
bitişik balaca bir otaqda yaşayırdı. Yeməyini hər gün isti-isti, ağzıbağlı qablarda valinin[1] mətbəxindən götürüb gətirirdi
. O, geniş bir məclisə[2] yığılan qonaqlara kofe paylayırdı. Məclisin divarları
boyaboy dördnala çapan dəlisov at şəkilləri ilə bəzədilmişdi.
O, həm də qapıçı idi. VİP maşınlar gələndə
qaçıb darvazanı açırdı. Hər cümə axşamı ailəsini görməyə gedirdi. Bütün bunlar
ta 18 yaşından bu tərəfə baş verməkdə idi. İllər boyu valilər dəyişirdi, yeməklər
dəyişirdi, maşınlar dəyişirdi, kofelərin dadı-tamı dəyişirdi, dəyişməyən bircə
Nasir əl-Abdın həyatıydı. Şəkillərdəki atların rəngi solurdu, ağır, dəmir
darvaza paslanırdı, bir də təzədən rənglənirdi, evin qabağına döşənmiş çay
daşları dağılıb gedirdi, yerinə beton tökürdülər, sonra da qırmızı daş düzürdülər…
Evin şərqinə bir-iki otaq artırmışdılar. Valilərdən biri ona "əsgər"
, o biri "qapıçı", üçüncüsü isə "qəhvəçi" ləqəbi qoymuşdu və
heç kim onu həqiqi adıyla "Nasir əl-Abd" deyə çağırmırdı.
Həqiqətən də, bu heç onun vecinə də deyildi, və
Nasir əl-Abd bu adlara öz nəfəsi kimi imisticə alışmışdı.
Ancaq nəsə
olmuşdu… Yadına da düşmürdü ki, necə oldu ki, bu hala düşdü. Bir müddət bundan əvvəl
birdən ona elə gəldi ki, o, artıq, heç nə başa düşmür - bu dünyanın, bu həyatın
işlərindən bir şey anlaya bilmir. Onunçün həyat "iki vur iki" qədər bəsit və aydın bir şey deyildi artıq.
O, kofelərin dadını, rənglərin çalarlarını,
arvadının o cır səsinin tonlarını yaxşı ayırd edə bilirdi, amma bu həyatdan baş
çıxarda bilmirdi. Və bu qeyri-müəyyənlik onu gic eləmişdi.
Nasir əl-Abd uşaq vaxtlarından üzü bəri,
hansısa bir hadisənin onun həyatını dəyişəcəyinə
inanmırdı. İndi də inanmaq fikri yox idi. Valilər dəyişirdi, quraqlıq
olduğundan həyətdəki ən hündür palma ağacı quruyurdu, kofe verdiyi qonaqların səsləri
və sifətləri dəyişirdi, ancaq Nasir əl-Abd dəyişmirdi. Həyat öz axarındaydı.
Təzə valini canla-başla qarşıladı, öz atasını
torpağa tapşırdı, oğlunun ad gününə bir keçi kəsdi, həyətdəki qurumuş palmaları
kəsib qoydu yerə, yeni-yeni adamlarla, yəni ki, yeni səslər və sifətlərə tanış
oldu… Həyat davam edirdi, öz qaydasında idi hər şey, və elə gəlirdi ki, heç bir
şey bu dövranı dövr eləməkdən saxlaya bilməz.
Nasir əl-Abd bir - iki gün bundan qabaq səhərin
gözü açılmamış yuxudan ayıldı, və oyanan kimi də şübhələr, ikibaşlı fikirlər gəlib
doldu onun başına. Nada, indiki valinin qızıydı, səkkiz yaşı vardı. Bir neçə dəfə
Nasir əl-Abdın çiyninin üstə çıxıb ağacdan qreypfrut dərmişdi.Tez-tez qaçıb
darvazanı açıb-bağlayırdı - qız
velosiped sürməyi çox sevirdi, bir dəqiqə bir yerdə durmurdu. Gah qızın yerə səpələnmiş
konfetlərini yığır, gah qaçdığı yerdə salıb itirdiyi darağı axtarıb tapırdı.
Cıqqılı, qaradinməz Nada sürətlə böyüyürdü. Nadanın gözləri də böyüyürdü, gözlərində
xırda işartılar əmələ gəlmişdi. Bu işartılar elə bil sehrli idi - çünki o
işartıları ilk dəfə sezdiyi andan onun həyatının tarazlığı pozulmuşdu, elə bil.
Qızın uzun qolları vardı, və biləklərində cərgə-cərgə düzülmüş rəngbərəng brasletlər gün işığında elə hey bərq vurardı.
Hər cümə, Nasir falacın[3] suyu ilə dəstəmaz
alırdı. O, cəld çirmələnir və iki dəqiqəyə işini görüb qurtarırdı. Falac da öz
işində idi, sərin-sərin axırdı, yaşıl yosunları ilə, cıqqılı-mıqqılı balıqları
ilə başını qatırdı. Bu xırda balıqlar daşların arasından sıçrayıb çıxır, gün
işığının altında rəngdən rəngə düşür, gümüşü şüalarını onun gözünə salırdı. Bu
gözəlliyi görən Nasir hər dəfə falacın üzərinə əyilib eləcə orda ləngimək istəyirdi.
Cümə günləri, axşam düşəndən sonra, Nasir dəmir darvazaya bitişik olan otağına
qayıdacaq, arvadıyla, qızlarıyla və sonbeşik oğlu ilə elədiyi eyni söhbətləri
unudacaqdı. Bundan sonra o, şikəst anasının bitməyən şikayətlərini, palmaları,
quraqlıq, məhsul mövzularında apardıqları sonu görünməyən müzakirələri
unudacaq.
Hər şeyi unudacaq. Falacın oynaya-oynaya axan
sularından, gümüşü-gümüşü bərq vurmasından başqa. Və… həyatının sabit olduğuna olan möhkəm inamının itdiyini duyub
dilxor olacaq. Nə illah eləyirdisə həyatının dəyişəcəyini əvvəlcədən nişan verə
biləcək hadisələri görə bilmirdi. Yox, həyatı əvvəlki axarı ilə gedən deyildi,
günbəgün eyni, təmamilə eyni işləri görməyə adət etmiş Nasirin həyatı öz məhvərindən
çıxacaq. Və onun yuxusu qaçacaq.
O, Nadanı həftədə bir və ya iki dəfə
görürdü. Nadanın anası durmadan bu nəhəng binanın başına fırlanır, bütün günü gəzişirdi
. Nada isə həyətdə gəzməyi xoşlamırdı. Velosipedin başına min oyun
açmışdı,sınıq-salxaq edib atmışdı bir küncə. Və bu evin qapıçısı, qulluqçusu,
qoruqçusu olan Nasir əl-Abd, yəni hər
cümə axşamı o böyük ailəsini görməyə gedən həmin Nasir əl-Abd, artıq heç nə
başa düşmürdü.
Evinin qabağındakı beton qaldırmanın üstə
uzanıb qır kimi qapqara göyə baxırdı.
Ulduzlarla dolu idi göyüzü. Sərin-sərin əsən
meh Nasirin saçlarını sığallayırdı.
Əlini fincanın üstünə qoyub huşa getmişdi.
Qırın içinə taxılmış ulduzlara, uzaq-uzaq
ulduzlara baxırdı. Keçən cümə günü qızı dedi ki, deyirlər ulduzlar həmişə eyni
yerdən çıxır, bir yerdə durur; bu düz söhbət deyil ulduzlar yerlərini dəyişir.
Fincandakı çay soyumuşdu. Həyatda baş verən
hadisələr onu dəyişə bilmirsə, bəs necə olur ki, adamın həyatı dəyişir? Əlini
salavat çəkirmiş kimi üzünə sürtdü, və gülümsədi: "Bəlkə hər şey yaşdan
asılıdır?"
Nasirin hələ heç qırx yaşı tamam olmamışdı.
Valinin məclisində eşitdiyi xəstəlik adları ona təmamilə yad idi. Canı da
sappasağlam idi.Lap o şəkillərdəki dörddəmə qaçan atlar kimi zirək idi. O
qaçağan atları gözünün qabağına gətirdi və birdən dəhşətə gəldi. Atların sönük
və rəngi getmiş gözlərini görmüşdü…
---------------------------
[1] kənd, qəsəbə və kiçik şəhərin başçısına verilən
ad
[2] adətən bütün otaqlardan təcrid olunmuş geniş qonaq otağı
[3] Omanda quyu
suları əsasında qurulmuş süni suvarma sistemi
Tərcümə: Rauf Qaraişıq
Southampton
2019