2025-ci il

2025-ci il "Booker" mükafatının uzun siyahısı: milli kimlik və fərdi hekayələr...

2025-ci il "Booker" mükafatı üçün açıqlanan uzun siyahıya bu dəfə yenilikçi mövzulara və fərqli coğrafiyalara toxunan 13 roman daxil edilib. 
Mükafatın seçicilərindən biri, yazıçı Riçard Doylun (Richard Doyle) sözlərinə görə, builki əsərlər "gözlənilməz hekayə dönüşləri və güclü obrazlarla zəngindir”, eyni zamanda fərdi və milli kimlik anlayışlarını araşdırır.

Malayziyalı yazıçı Taş Ou (Tash Aw) artıq üçüncü dəfə namizəd göstərilib. Əgər o, noyabr ayında 50 min funt sterlinqlik mükafatı qazanarsa, bu uğura imza atan ilk malayziyalı olacaq.

Əvvəllər də siyahıya düşən müəlliflər arasında 2016-cı ildə "All That Man Is" əsəri ilə finala qalan David Szelay (David Szalay) bu dəfə "Flesh" romanı ilə iştirak edir. 2001-ci ildə "Oxygen" əsəri ilə namizəd göstərilən Endryu Miller (Andrew Miller) isə bu dəfə "The Land in Winter" romanı ilə uzun siyahıya daxil edilib.

Müstəqil nəşriyyat olan "Fitzcarraldo Editions", daha çox beynəlxalq tərcümə ədəbiyyatları ilə tanınsa da, bu il Conatan Baklinin (Jonathan Buckley) cəmi 168 səhifədən ibarət olan "One Boat" adlı 13-cü romanı ilə ilk dəfə "Booker" uzun siyahısına düşüb.

Başqa bir müstəqil nəşriyyat olan "Faber" bu il üç əsərlə təmsil olunur: Nataşa Braunun (Natasha Brown) "Universality", Ben Markovitsin (Ben Markovits) "The Rest of Our Lives" və Kler Adamın (Claire Adam) "Love Forms" əsərləri ilə. "Penguin" nəşriyyatına bağlı imzalar isə siyahıya beş əsərlə liderlik edir.

Bu ilki uzun siyahıda cəmi iki debüt əsər yer alıb: Ledia Xhoqanın (Ledia Xhoga) "Misinterpretation" və Mariya Revanın (Maria Reva) müasir Ukraynada üç qadın və nəsli kəsilməkdə olan bir ilbizlə mobil laboratoriyada keçirdikləri səyahəti təsvir edən "Endling" romanları.

"Booker" Mükafatı Fondunun icraçı direktoru Qabi Vud (Gaby Wood) bildirib ki, siyahıdakı müəlliflərin çoxu artıq oturuşmuş ədəbi karyeraya malikdir. Bu il həmçinin son on ildə görünməmiş qədər çox fərqli millətlərə mənsub müəllif uzun siyahıya daxil edilib. Bununla belə, britaniyalı yazıçılar da güclü şəkildə təmsil olunur. Siyahıya daxil edilən beş britaniyalı müəllif bunlardır: Braun, Bakli, Miller, macar əsilli britaniyalı Szelay və "Seascraper" romanının müəllifi Benjamin Vud (Benjamin Wood).

ABŞ-ı təmsil edən dörd yazıçı var: Suzən Çoy (Susan Choi) — "Flashlight", Keti Kitamura (Katie Kitamura) — "Audition", Ledia Xhoqa və Ben Markovits. Maraqlıdır ki, əvvəlki illərdə güclü şəkildə təmsil olunan İrlandiya bu il siyahıya heç bir yazıçı ilə daxil ola bilməyib.

Qeyd edək ki, bu il 153 kitab təqdim olunub və onların hamısı 1 oktyabr 2024 – 30 sentyabr 2025 tarixləri arasında Birləşmiş Krallıq və ya İrlandiyada ingilis dilində nəşr olunub.

Münsiflər heyətinə bu il yazıçı Kili Rid (Kiley Reid), tənqidçi Kris Pauer (Chris Power) və aktrisa Sara Cessika Parker (Sarah Jessica Parker) də daxildir. Parker ötən illərdə Adjoa Andoh və Robert Uebb (Robert Webb) kimi aktyorların yolunu davam etdirərək münsiflər arasında yer alır. O, 2023-cü ildə "Zando" nəşriyyatı ilə əməkdaşlıq çərçivəsində "SJP Lit" adlı şəxsi imprintini yaradıb və uzun müddətdir müasir ədəbiyyata dəstək verir.

Qaliblər 23 sentyabrda "Southbank" Mərkəzindəki "Royal Festival Hall"da keçiriləcək tədbirdə açıqlanacaq, əsas mükafatın təqdimatı isə 10 noyabr tarixində baş tutacaq.

Keçən il "Booker" mükafatını "Orbital" romanı ilə Samanta Harvi (Samantha Harvey) qazanmışdı. Əvvəlki qaliblər arasında Pol Linç (Paul Lynch), Şehen Karunatilaka (Shehan Karunatilaka), Deymon Qalqut (Damon Galgut) və Duqlas Stüart (Douglas Stuart) da var.