800 illik əlyazmanın sirri nəhayət çözüldü

800 illik əlyazmanın sirri nəhayət çözüldü

800 ildən çoxdur ki, anlaşılmayan ingilis dilindəki bir əlyazma nəhayət deşifrə olunub. Yarpaq.Az-ın verdiyi xəbərə görə, Çoser (Chaucer) dövrü* ilə əlaqəli olan bu mətn, orta dövr ingilis dili üzrə aparılan tədqiqatlara yeni istiqamət verir.

Belə ki, Kembric Universitetinin Girton kollecində çalışan Ceyms Veyd (James Wade) və Seb Folk (Seb Falk) adlı alimlər, 130 ildir yanlış başa düşülən bu əlyazmanı yenidən araşdıraraq diqqətəlayiq bir kəşfə imza atıblar. 

Əsrlər boyu itmiş hesab edilən "Veyd nəğməsi" ("The Song of Wade") əfsanəsi, XII əsrin sonlarına aid bir dini moizə mətninin sayəsində yenidən üzə çıxıb. Tədqiqatçılar uzun müddət yanlış şərh olunan bu əlyazmanı araşdıraraq orta əsr ingilis ədəbiyyatının ən böyük sirlərindən birinə işıq salıblar.

İlk dəfə 1896-cı ildə kəşf edilən bu mətn indiyədək səhvən "elflər”i ehtiva etdiyi düşünülürdü. Lakin son təhlillər göstərib ki, əslində mətndə qurdlar və su ilanları kimi real təhlükələrdən bəhs olunur. Bu, mətnin əvvəl zənn edildiyi kimi nəhənglər və fantastik varlıqlarla dolu bir epik hekayə deyil, real mübarizələri əks etdirən cəngavərlik mövzusunda bir romans olduğunu göstərir.

Bu fərq, Çoserin əsərlərində yer alan sirli istinadların anlaşılması baxımından dönüş nöqtəsi sayılır.

------------

*Çoser dövrü, adını məşhur ingilis şairi Ceffri Çoser (Geoffrey Chaucer)dən alır və əsasən XIV əsrin ikinci yarısını əhatə edir. Bu dövr orta ingilis dilinin inkişaf etdiyi, İngiltərədə ədəbiyyatın və yazılı dilin normallaşmağa başladığı bir mərhələdir. Təxminən 1340–1400-cü illəri əhatə edir və orta əsrlər İngiltərə ədəbiyyatının ən mühüm keçid mərhələlərindən biri sayılır.

Ceffri Çoser-in ən məşhur əsəri olan "Canterbury hekayələri” bu dövrün dilini və ictimai-mədəni həyatını əks etdirən başlıca nümunədir. Onun dövrü həm də İngiltərədə fransız və latın dillərinin üstünlük təşkil etdiyi bir mərhələdən sonra, ingilis dilinin ədəbiyyat və inzibati sahələrdə daha çox istifadə olunmağa başladığı bir zamandır.