Akif Abbasov. Quzu əti (Hekayə)

Akif Abbasov. Quzu əti (Hekayə)

Şakir Bəşirli neçə gün idi ki, yatağa düşmüşdü. Həyat yoldaşı onun qulluğunda durmuşdu. Çayına qarağat, zoğal mürəbbəsi qatıb ona içirdir, bərini-bədənini keçi piyi ilə ovuşdururdu. Çölə-bayıra çıxa bilmədiyindən evdə yavanlıq tükənmişdi. Pul-para da yox idi. Şakir Bəşirli ah-uf edir, həm də fikirləşirdi ki, ət və kərə yağı alınmalıdır. Nə vaxta qədər günəbaxan yağında qızardılmış badımcan, lobya, kartof yeyəcəkdilər?

Xəstə yaxşı yeməli idi ki, özünə gəlsin. İndi arvadı Zəhranın gətirdiyi düyü şorbasına baxıb ağzını əydi. Amma dinmədi. Arvadına acıqlanmadı. Dinib nə deyəcəkdi, acıqlanıb nə deyəcəkdi?

Bazarlığı Şakir edərdi, amma indi yerə tirlənmişdi. Pul da yox idi ki, Zəhra gedib ucuz brolyer toyuğu, bir-iki kilo dana əti alsın.

Bu zaman qapının zəngi çalındı. Zəhra qapının gözlüyündən baxıb çiyinlərini çəkdi:

- Tanımadım. Bir kişidir, 50-55 yaşlarında. 

Şakir bənd olmadı:

- 50-55 yaşlarında o qədər adam, dost-tanış var ki. Mən nə bilim kimdir.

Zəhra əlavə etdi:

- Ay Şakir, elə bil pay gətirib. 

"Pay gətirib” sözlərini eşidən Şakir qulaqlarını şəklədi. Zəhra davam etdi:

- Yəqin xəstə olduğunu eşidib dəyməyə gəlib.

Şakirin gözlərinə işıq gəlmişdi:

- Doğrudan pay gətirib?

Zəhra:
- Hə... Soruşum kimdir? - dedi.

Şakir tez dilləndi:

- Soruş, qapını açmarıq, çıxıb gedər.

Şakir durub çarpayısında oturdu:

- Öz ayağı ilə gəlib. Adam qapısına gələn ruzini qaytarmaz.

Zəhra elə təzəcə ağzını doldururdu soruşsun ki, "kimdir?” Şakir qoymadı:

- Sorğu-sual edərsən acığa düşər. Heç soruşma, qapını aç, hər kimdir, girsin içəri. Hər kimdirsə, görünür, məni tanıyan adamdır.

Zəhra qapını açdı. Kişi əlində qalın kağıza bükülü bir şey mənzilə daxil oldu:

- Salam. Şakir Bəşirli evdədir?

- Salam. Buyurun, evdədir. Xoş gəlmisiniz. Bir az kefsizdir. 

- Fikirləşdim ki, gəlim baş çəkim.

Şakir o biri otaqdan boylandı. Ayaqqabılarını soyunan Müzəffəri tanıdı. Rayon Qaz idarəsinin qəsəbədəki sahəsinin işçisi idi. Əlində yekə bir bağlama vardı. Bükülünün aşağı tərəfi enli idi, yuxarıya getdikcə bükülü ensizləşirdi. Şakir sevindi: "Halal olsun sənə, Müzəffər! Heç səni belə bilməzdim. Doğru deyiblər ki, insanları tanımaq olmur. Əlimin aşağı vaxtında quzu cəmdəyi ilə məni saya salmısan. Bütöv olmasa da, ən azı yarım cəmdəkdir”, - deyə fikirləşən Şakir Bəşirli çarpayıdan aşırılıb onun qabağına getdi, görüşdü:

-Xoş gəlmisən, keç, keç, otur. Vallahi-billahi bu xəstəlik də qəribə şeydir. İstər yüngülü olsun, istər ağırı. Adamın gözü elə hey yolda olur ki, görsün kim saya salıb ona dəyməyə gələcək.

Şakirin gözü Müzəffərin dəhlizdə qalın kağıza bükərək gətirdiyi indi dəhlizin divarına söykədiyi cəmdəkdə idi. Müzəffər oradan-buradan danışırdı. Şakir "hə”, "hə” desə də, əslində ona qulaq asmırdı. Nəhayət, bu gün dillərinə ət dəyəcəkdi. "Arvada deyərəm bozbaş bişirər. kartoflu, noxudlu. Amma noxudlu bozbaş alınmayacaq. Nə biləydik evimizə pay gələcək. Arvadın xəbəri olsaydı, noxudu dünəndən suya qoyardı ki, yumşalsın. Əşi, eybi yox. Bu dəfə noxudsuz keçinərik”. 

Müzəffər Zəhranın gətirdiyi limonlu çaydan içə-içə:
- Orxan müəllim necədir? - deyə soruşdu.

Orxan İbişov onların rəisi idi. Rayon Qaz idarəsinin böyüyü. Şakir Bəşirli də onun müavini idi.

-Nə dedin?
-Deyirəm Orxan müəllim necədir?

"Bəlkə Zəhra yarpaq dolması bişirsin? Amma evdə qatıq yoxdur. Əşi, salamatı bozbaşdır. Əti doğra, at suyun içinə qaynasın. Yağda soğan qovur, sal qazana, kartofunu da bol elə. Vəssalam. Həm də bozbaş tutumlu, doyumlu olur, çörək doğra, ləzzətlə doyunca ye. Yarpaq dolmasına çox ət gedir”.

- Hə, Orxan müəllim yaxşıdır.

-Yaxşı olsun təki. Bizim sahənin işçiləri də onun xətrini çox istəyirlər.

-Elədir, rəisimiz canlara dəyən kişidir.

Müzəffər ayağa qalxdı:
- Allah sənə şəfa versin! Yastığın yüngül olsun! Yaxşı, mən gedim.

Şakir sevindi. Qonaq getməmiş onun gətirdiyi paya əl vurmazlar. El arasında belə qəbul olunub.

Müzəffər dəhlizə sarı addımladı. Şakir də onun ardınca. Ayaqqabılarını geyə-geyə:
- O kağıza bükülünü...

Əli ilə divara söykədiyi bükülünü göstərdi:

-Xahiş edirəm, Orxan müəllimə verəsiniz.

Şakir udqundu. "Bu nə danışır?”

-Ona üzüm tingləri söz vermişdim. İşdə yox idi. Bağ evini də tanımıram. Dedim, sənə verərəm, sən çatdırarsan ona. Di xudahafiz.

Şakirin elə bil atasını söydülər. Onun ardınca qapını bərk çırpdı. Üzüm tinglərini də götürüb qolu getdikcə çölə tulladı.
 
***

Müəllif haqqında: Abbasov Akif  Nurağa oğlu (Akif  Nurağaoğlu) 1950-ci il may ayının 28-də Şirvan (keçmiş Əli Bayramlı) şəhərində anadan olmuşdur.

Pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Azərbaycan Respublikasının Təhsil İnstitutunun elmi katibi və institutun "Elmi əsərlər”inin baş redaktorudur.

Respublikanın əməkdar müəllimidir.

"Tərəqqi” medalına layiq görülmüşdür. 

"Qızıl qələm” mükafatı laureatıdır.

100-dən çox kitabın müəllifidir.

Ümumtəhsil, orta ixtisas, ali məktəblər və xüsusi məktəblər üçün 20-dən artıq dərslik və dərs vəsaitinin (o cümlədən "Ailə”, "Ailə həyatının etika və psixologiyası”, "Pedaqogika”, "Milli əxlaq və ailə etikası”, zəif eşidən uşaqlar üçün” "Oxu-2”, "Oxu-3”, "Oxu-4”, "Oxu-5” və s.);

4 romanın ("Aldanma sözlərə”, "Samsundan başlanan yol”, "Acı xatirələr”, "Sultan II Murad”), 2 povestin ("Xəyanət” və "Kremli tikən azərbaycanlı”), 2 pyesin ("Atatürk” və "Yaxşı dost”), xeyli hekayələr kitabının müəllifidir.

İngilis və rus dillərindən bədii tərcümələr edir. 9 tərcümə kitabının müəllifidir.

10 cilddən ibarət bədii əsərlərinin 7 cildi işıq üzü görmüşdür.

Elmi rəhbərliyi ilə 40-a yaxın elmlər doktoru və fəlsəfə doktoru yetişmişdir.