Akutaqava Rünoske. Bisey necə inanırdı (Hekayə)

Akutaqava Rünoske. Bisey necə inanırdı (Hekayə)

Bisey körpünün altında dayanıb onu gözləyirdi. Yuxarıda, başının üstündə, yarıyacan sarmaşığa bürünmüş hündür daş məhəccərlərdən o tərəfdə arabir körpüdən ötüb-keçənlərin qürub edən günəşin şüaları ilə işıqlanan və küləkdə xəfifcə yellənən ağ paltarlarının ətəkləri görünürdü... O isə gəlib çıxmaq bilmirdi.

 

Bisey səbirsiz halda suya yaxınlaşıb bircə qayığın belə üzmədiyi sakit çaya baxmağa başladı.

 

Çay boyunca bitən qamışlar yaşıl divar kimiydi. Qamışlığın üzərindən adda-budda sıx söyüdlər gözə dəyirdi. Çay enli olsa da, qamış basmış suyun üstü darısqal görünürdü. Səmadakı sədəf rəngli yeganə bulud parçasının əksi düşmüş təmiz su zolağı ona qızılı rəng qatıb qamışların arasından sakitcə burulub axırdı... O isə gəlib çıxmaq bilmirdi.

 

Bisey sudan aralanıb çayın ensiz sahili ilə dala-qabağa addımlamağa, get-gedə canına alaqaranlıq çökən sakitliyə qulaq asmağa başladı.

 

Körpüdə artıq gediş-gəliş kəsilmişdi. Nə addım səsləri, nə nal taqqıltıları, nə araba cırıltısı eşidilirdi. Küləyin, qamışların xışıltısı, suyun şıppıltısı... Sonra haradasa çığıran vağın səsi eşidildi. Bisey dayandı. Görünür, su qabarmışdı. Lilli sahilə şığıyan su əvvəlkindən daha yaxında bərq vururdu... O isə gəlib çıxmaq bilmirdi.

 

Hirsli-hirsli üz-gözünü turşudan Bisey körpünün altındakı alatoran sahildə yeyin addımlarla gəzişməyə başladı. Bu vaxt su yavaş-yavaş sahilə doğru irəliləyirdi. Bisey lilin, suyun sərinliyini öz dərisində hiss elədi. Başını yuxarı qaldırdı. Körpünün üzərində batan günəşin gözqamaşdırıcı şöləsi artıq sönmüşdü və solğun-yaşıl qürub səmasında daş məhəccərlərin aydın siluetləri qaralırdı... O isə gəlib çıxmaq bilmirdi.

 

Nəhayət, Bisey dayandı.

 

Artıq onun ayaqlarını yalayan su yavaş-yavaş polad parıltısından daha soyuq bir parıltıyla körpünün altını basırdı. Şübhə yoxdur ki, uzağı bircə saata amansız su axını onun dizlərinə, qarnına, sinəsinə qədər qalxacaqdı. Yox, su lap tez yuxarı qalxır, budur, artıq onun dizləri çayın dalğalarında görünməz olub... O isə gəlib çıxmaq bilmirdi.

 

Bisey gözlərindəki son ümid qığılcımları ilə yenə baxışlarını səmaya, körpüyə yönəltdi.

 

Sinəsinə qədər qalxan suyun üzərində axşamın alatoranlığı çoxdan qatılaşmışdı və qatı dumanın içindən söyüd yarpaqlarının, sıx qamışların kədərli xışıltısı eşidilirdi. Birdən qarıncığı parlaya-parlaya sudan sıçrayıb Biseyin burnuna toxunan xırda bir balıq onun başı üzərində bərq vurdu. Yuxarıda, səmada adda-budda ulduzlar sayrışmağa başladı. Hətta xovlu məxmərə bürünmüş məhəccərlərin siluetləri də sürətlə hər yeri basan qaranlıqda əriyib yavaş-yavaş qeyb olurdu... O isə gəlib çıxmaq bilmirdi.

 

* * *

 

Gecənin bir aləmi – Ay işığı çay sahili boyunca bitmiş qamışları və söyüd ağaclarını işıqlandırdığı vaxt öz aralarında astadan pıçıldaşan su və külək yavaş-yavaş Biseyin meyitini körpünün altından alıb dənizə tərəf apardı. Biseyin ruhu isə göylərin qəlbinə, kədərli Ay işığına tərəf yön aldı. Yəqin, ona görə ki, sevirdi. Xəlvətcə bədəni tərk edən ruh lil qoxusu, su təravəti kimi süzə-süzə tutqun işıqlı səmaya tərəf qalxmağa başladı...

 

Çox minilliklərdən sonra cilddən-cildə düşmüş bu ruha yenidən insan həyatı yaşamaq bəxş edildi. O ruh məndə yaşayan ruhdur. Ona görə də indiki zəmanədə doğulsam da, karlı bir iş görməyə qadir deyiləm. Gündüz də, gecə də xəyallar içində yaşayır və elə hey gözəl nəyinsə gələcəyini gözləyirəm. Eynilə alatoranlıqda körpünün altında heç vaxt gəlməyəcək sevgilisini gözləyən Bisey kimi...

 

 

 

Dekabr 1919-cu il.

 

Tərcümə edən: Rövşən Ramizoğlu

 

 

Qeyd: Hekayənin süjeti Sıma Syanın (e.ə. 145–86) "Şi-tszı" ("Tarix") kita­bın­dan götürülüb. Bisey adı (çincə Mi-şen) Yaponiyada verilən sözə ifrat sadiqlik, elə­­cə də axmaqlığa yaxın bir sadəlövhlük rəmzinə çevrilib.