Aradakı məmurlar,  susan ziyalılar və eşidilməyən səsimiz...

Aradakı məmurlar, susan ziyalılar və eşidilməyən səsimiz...

İradə Musayeva

"Kitabi Dədə Qorqud”da "Dirsə xan oğlu Buğacın boyu” yadınızdadır? Dirsə xanın əlini-ətəyini öpən bəylər onu oğlu ilə düşmən etdi, iftira atıb səni öldürmək, yerini tutmaq istəyir-dedilər, xanı oğlunun  qatilinə çevirmək dərəcəsinə qədər gətirdilər...

"Nadir şah” faciəsi də yadınızdadır, həmin bənzər fitnə ilə oğlunun gözünü çıxartdırdılar atasına, ədalətli, humanist və xalqını sevən şahı həmin fitnəkarlar həm də xalqına qarşı çevirdi. Bəlkə və yəqin ki, qulağına : "Onlar sabitliyi pozmaq istəyir” - dedilər...

Belə misallar yüz minlərlədir dünya tarixində. Şahlar, krallar, imperatorlar, prezidentlər, MK katibləri ilə xalqın arasında duran bir məmur, vəzir-vəkil divarı olur ki, hakimiyyəti xalqdan, xalqı hakimiyyətdən həmişə ayırır. Halbuki, qanunlarla idarə olunan ölkələrdə bu qüvvə "divar” yox,  vasitə olur. İerarxik sistemdə elə bir təbəqə və zəruri vasitə ki, xalqın səsini, sözünü, məmləkət başçısına ədalətli şəkildə yetirə bilsin, cəmiyyətin durumunu düzgün analiz edib, ictimai-sosial sifarişləri ümumi inkişaf   naminə yuxarıda-imtiyazlı, səlahiyyətli mövqelərdə sivil qydada həll etsin.

Mən uzaq tarixə getmək istəmirəm və mövzu ilə bağlı günümüzdə baş verən tragikomik hadisələri diqqətinizə çatdırmaq istəyirəm. İndi bizim ölkədə ziyalılar, həqiqi ziyalılar məhz bu cür "divar” maneəsi ucbatından hakimiyyət divanından, mövqeyindən sanki "iqnor” olunub.  Bəzən adama elə gəlir ki, bu xalqın, bu ölkənin tarixini, ədəbiyyatını, sosial, ictimai-siyasi problemlərini öyrənən, bu məmləkətin bir vətəndaş kimi qeyrət göstərib fədakarlıq edən adamları artıq lazımsız duruma gətirilib və hardasa, 5-ci kateqoriyalı bir zümrəyə çevrilib. Çünki, arada olan iftiraçı, şantajçı və mənfəətpərəst məmurlar onları sədd kimi qoruyub saxladıqları "divar”dan o tərəfə buraxmır. Və ən pisi isə odur ki, öz mövqelərini təhlükədən qorumaq üçün onları hakimiyyətə düşmən qüvvə kimi təqdim edir. Çünki artıq kənarda qalan o üçüncü tərəf  - "onlar” üçüncü, yad, təxribatçı qüvvələrtək səciyyələndirilir. "Onlar hakimiyyətə və sizə xəyanət etmək istəyir!”- mesajı ilə sadə, səmimi və vicdanlı adamları uzaqlaşdırır, lazımsız bir cəbhəyə atırlar... Əslində bu davranışla bilərəkdən narazılar qrupu yaratmaq istəyirlər. Çünki bu xalqını, dövlətini, dövlət başçısını və tarixini, mədəniyyətini qorumaq istəyən adamlar onlara daimi təhlükədir. 

Mətbuatda hər gün oxuduğumuz məmur çəkişmələri, özlərini prezidentə və dövlətə daha sədaqətli göstərib qarşı tərəfi "vuran” bu qüvvələr bizim müstəqilliyimiz üçün hər an təhlükə mənbəyi olduğu halda həm də öz kreslo rəqiblərindən başqa, haqq səsini çıxarmaq istəyən adamları da şərləməkdədirlər. Dil, ədəbiyyat, təhsil, səhiyyə problemlərini faktlarla və ürək ağrısı ilə diqqətə çəkmək istəyən adamlar haqqında  "Onlar sabitliyi pozmaq istəyirdilər” – iftirası ilə əslində özləri yeni oyunlar, təxribatlar hazırlığı aparır, əllərində olan mətbu orqanlar, tabeliklərində olan ələbaxan işçilər tərəfindən bu yalanı ictimailəşdirirlər.

Bəs bu "divar” keşikçiləri məmurlar kimdir? Onlar təkcə vergi, ədliyyə, bank, gömrük, sosial təminat və s. sahələrin hakim qüvvələri deyil. Bu sahənin "qəhrəmanları” artıq xəbər gündəmimizin dedektiv macaralar bölməsində baş obraz kimi dilləri dolaşır. "Məmur” kimi mədəni, etik bir ifadəyə "quldur” assosasiyası kimi kobud, qaba və barbar davranışlı adamlara xas səciyyə şamil edilir. Artıq rəsmi şəxslərin dilindən rəsmi tədbirlərdə ciddi şəkildə verilən məlumatlardan şoka düşməkdən usanmışıq: Filan məmur milyonları mənimsədi, filan qurum milyardları oğurladı və s.   Faciənin bir ağrılı tərəfi də ondan ibarətdir ki, bu "divar məmurlar”ın  böyük əksəriyyəti həm də elm fəzasında özünü ulduz kimi hiss edən, bir çox titul və səlahiyyətləri ələ keçirən bəzi elm və mədəniyyət, təhsil sahəsinin başçılarıdır. 

Savadsızları dəstə-dəstə elmə gətirir, yaratdıqları bataqlıqda özlərini yeganə işıq saçan adam kimi mərkəzdə saxlayırlar.

Elə bir vəziyyət yaradıblar ki,  hansısa sənət, ədəbiyyat və dil məsələsi haqqında sivil qaydada, elmi məqalələr və faktlar əsasında yüzlərlə müəllimin və ziyalının, mütəxəssisin rəyina əsaslanaraq aidiyyəti qurumlara mədəni müraciəti də qaralayıb, şantaj faktına çevirirlər. Elə olmasaydı, "ziyalıları parçaladılar”, "aldadıb meydanlara, küçələrə tökmək istədilər”, "çaşqınlıq yaradıb sabitliyi pozmaq istədilər”, "sərt və radikal addımlar atmağa hazır idilər” və s. bu kimi ifadələrlə ziyalıların səsini batırmaq və elmi yanaşmaya siyasi rəng qatıb bizləri qorxulu qüvvə kimi mənalandırmaq halları ilə rastlaşmazdıq. Necə də 37-ci illər ifadələri ilə üst-üstə düşür...

Və ən pisi, bizim bu cür təmənnasız cəhdimizi "şəxsi maraq” sferasına gətirmək niyyətləridir.

Hörmətlıi, tribunlar, aliməqam ziyalılar! Sabitliyi pozmaq işinə bu ölkədə ancaq və ancaq dövlətin pullarını, milyonlarını mənimsəyən adamlar baxır. Çünki, onlara sərf edir ki, ara qarışsın, hesab-kitab soruşulmasın. Biz sadə peşə sahibləri, zəhmətkeş, maaşla dolanmağa cəhd edən alimlər sadəcə dilimiz, mədəniyyətimiz, ədəbiyyatımız və daima təhlükələr burulğanında müstəqilliyini qorumağa çalışan dövlətimiz üçün narahatıq. Hər şeyi əlimizdən almısınız, bu narahatlığı əlimizdən almağa isə  haqqınız yoxdur! Və bilin, bütün bu dəyərləri qorumaq üçün biz ziyalılar parçalama, pozma, dağıtma işinə yox, dövlət rəhbərinin ətrafında birləşməyə hazırıq! Amma "aramızdakı "məmur divarlar” buna imkan vermir... 

26 noyabr 2018.