Çarlz Bukovski. Şeirlər

Çarlz Bukovski. Şeirlər

Jurnalistlər

jurnalistlər gəlir
və doğrudan da onlara deyə biləcəyim
heç nə yoxdur.

edə biləcəyim tək şey
özümü və onları
sərxoş etmək

hərdən operatorla
səsyazan da gətirirlər
şüşələr açılır
məclis qızışır.

onların da
ədəbi sarsaqlamaya
qulaq asmaq istədiklərinə
inanmıram

hər şey qaydasında gedir
beləcə.
sonra isə
məktub göndərirlər:
"çox əla vaxt keçirtdim”
ya da: "o gecəni
ömrüm boyu unutmayacağam”

qəribədir, mənim o gecələrdən
yadımda qalan tək şey
qapıda onlarla sağollaşanda
"baxın ki, heç nə yadınızdan çıxmasın
bir də bura qayıtmayasınız” deməyim olur




Yad adamlar

inanmayacaqsınız amma
həyatını ixtilafsız
və həyəcansız keçirdən
adamlar var.
yaxşı geyinirlər
yaxşı yeyirlər
yaxşı yatırlar.
ailə həyatından razıdırlar.
hərdən
kədərli hadisə gəlir başlarına
amma çox fikir vermirlər buna.
özlərini yaxşı hiss edirlər
adətən.
və öləndə
rahat ölürlər.
adətən
yuxuda.

inanmayacaqsınız amma
var
belə adamlar

amma mən onlardan 
deyiləm.
heyif ki, onlardan biri
deyiləm.
heç onlardan biri olmaq
ehtimalım da yoxdur.

onlar
orada

mən
burada



Tərcümə: Həmid P.