Ataların səhvi

Ataların səhvi

Şərif AĞAYAR
 
  
Çağın insanı irəli durmamış atalar sözləri özü-özünü inkar etməyə başlayır

Polyak rejissor Kşiştof Kieslovskinin televiziya üçün çəkdiyi "Dekaloq” adlı silsilə filmləri var. Hər film Musa peyğəmbərin məşhur on hökmündən birinə aid edilib və az qala bütün dünyanın ehkam kimi qəbul etdiyi hökmlər modern insanın həyatında yenidən dəyərləndirilir.

Rejissor demək istəyir ki, misal üçün, "Öldürmə!” söyləmək asandır. Dünyada heç bir normal adam əksini söyləməz, lakin həyatın elə məqamları olur, hər kəs məhz "Öldür!” əmrini verə bilir.

"Dekaloq” hardasa, necəsə Trierin "Dogvill”i ilə səsləşir. Tamaşaçı birdən-birə filmin baş qəhrəmanının qanqster atasına qoşulub bütün qəsəbəni uşaqlı-böyüklü, itli-pişikli qırıb-çatmaq qərarı verir.

Deməyim nədir; hər şey və hər kəs zamanın tələblərinə uyğun yenidən dəyərləndirilə bilər və bu, əslində belə də olmalıdır.

Bizim də bəzi filmlərimizdə bu ideya zəif də olsa keçir, ancaq daha çox toplumun sovet məfkurəsinə uyğunlaşdırılması istiqaməti müşahidə olunur. Ona görə, bu mövzuda adı gedən filmlərlə müqayisə üçün konkret nəsə tapıb deyə bilmirəm.

Yenidən dəyərləndirməyə məruz qalan ən ciddi nüanslardan biri də hökm şəklində deyilən fikirlərdir. Çağımızın böyük alimi və yazarı olmuş Umberto Eko deyirdi ki, imkanım olsa, bütün fikirlərimin qarşısına "Bəlkə” sözünü əlavə edərdim. Belə bir düşüncə ilə eyni dövrdə hökmlər vermək, ehkamlar elan etmək bir az da gülməlidir.

Misal üçün, "Ot kökü üstə bitər” deyirik. Doğrudurmu? Ot başqa harda bitə bilər ki? Doğrudur! Hətta dərindən fikir versək, o qədər doğrudur ki, bunu deməyə ehtiyac qalmır. Bəs, nə dərəcədə ehkamdır? Heç bir dərəcədə. Çünki yaxşı valideynə layiq olan övlad haqqında deyilən bu söz yaxşı valideynə layiq olmayan övlad haqqında özünün tamam əks mənasında işlədilir: "Oddan kül törəyər”.

Beləliklə, çağın insanı irəli durmamış atalar sözləri özü-özünü inkar etməyə başlayır. Demək, ehkamlar yox, situasiyalar daha çox haqlıdır.

Didaktika ilə dolu şeirlərimiz də bu gün öz funksionallığını itirib və demək olar, heç bir işə yaramır. Siz hər hansı şeirdə qeyd olunan nəsihəti eşidib onu həyatına tətbiq edən adam gördünüzmü? Belə bir adam görsək, ona qəribə baxarıq. Bir az da başdan o söz hesab edərik. Çünki zamanın xarakteri fərqlidir.

Əlbəttə, insanın həqiqətə münasibəti dəyişə bilməz. Əsl insan onu anlamalı, başa düşməli, qəbul etməli, yeri gələndə anlada da bilməlidir. Sadəcə bir incə məqam var ki, həqiqət özü situasiyalara uyğun dəyişə bilir.

Ədəbiyyatda, ümumən sənətdə ən çox dəyişən, zamanını keçirən müəllifin müdrik pozasıdır. Yaradıcılıq müdriklikdən ayrılıb. Yazan-yaradan adam müdrik olsa belə müdriklik etməməli, yaxud özünü müdrikliyə qoymamalıdır.

Müəllif mətnindən kənar durmağı bacarmalıdır.

Sufist-panteist düşüncəmizdə maraqlı bir bənzətmə var.

Sual olunur: Tanrı dünyanın harasındadır?

Cavab verilir: Yağ südün harasındadırsa, orasında.

İlk baxışdan südün içində yağ yoxdur. Lakin yağ süddən əmələ gəlir. Demək, konkret heç bir yerində olmamaq şərti ilə hər yerindədir. Laməkanlıq da məkansızlıqdan çox hər yerdə olmaq anlamına gəlir.

Tanrı kainatın, yağ südün harasındadırsa müəllif əsərin orasındadır.

Heç bir yerində deyil, lakin hər yerindədir.

Zamana asanlıqla təslim olan və həyat situasiyaları qarşısında aciz qalan didaktik pozadan xilas olmağın yeganə yolu budur.

Aznews.az