"Azərbaycanda fəlsəfə Heydər Hüseynovun adı ilə bağlıdır" (MÜSAHİBƏ)

Bir millətin identikliyini qoruması üçün onun mütləq öz hikməti, öz fəlsəfəsi olmalıdır. "Xalqı fəlsəfəsiz qoymaq, məscidi axundsuz qoymaq kimi bir şeydir”, - deyən filosoflar da fəlsəfənin çox mühüm və önəmli olduğunu bildirirdilər. Fəlsəfə çox dərin bir elm olduğundan onu nəinki tələbələr, hətta müəllimlər də çətinliklə qavraya bilir. Bu halda bəzi müəllimlər fəlsəfəni məhz özlərinin başa düşdükləri şəkildə tələbələrə öyrədirlər.

Fəlsəfə fənninin ölkəmizdə nə zamandan tədris edildiyini, onun tələbələr üçün önəmini və bu kimi bir çox suallara cavab tapmaq üçün şərqşünas alim, fəlsəfə elmləri doktoru Könül Bünyadzadənin 24media.az-a verdiyi müsahibəni oxuculara təqdim edirik:

- Fəlsəfə dərsləri ölkəmizdə nə zamandan tədris edilir?

- Filosoflar deyirdilər ki, bir xalqı və ya bir milləti məhv etmək istəyirsənsə, onun təhsilindən fəlsəfəni çıxarmaq lazımdır. Buna görə, Sovet dövründə fəlsəfə mütləq tədris edilirdi. Fəlsəfənin tədrisi təbii ki, o dövrdə bəlli çərçivələr, konkret mövzular üzrə öyrədilirdi. Yəni, söhbət Marksizm və Leninizmdən gedirdi.

Dini inancların kökündən vurulması üçün ateizm təbliğ olunurdu, yəni həmin dövrdə bizə qərbdən gələn fəlsəfə də dəyişdirilmiş şəkildə tədris edilirdi. Məsələn, həmin vaxtlar bizə Hegel, yaxud Fixte, Kant, hətta şərq fəlsəfəsindən kimsə öyrədilirdisə o, mütləq həmin Marksizm və Leninizm çərçivəsinə salınırdı. Bu şərt idi və buna mütləq riayət olunmalı idi. Bu çərçivədən kənara çıxanda, məsələn kimsə Hegeli orijinaldan oxumaq istəyirdisə bunu az qala cinayətə bərabər tuturdular.

Həmin şəxs mütləq ideologiya çərçivəsində oxumalı idi ki, Marksizm, Leninizm ideologiyasına xələl gəlməsin.

Amma bilavasitə Azərbaycanda fəlsəfə Heydər Hüseynovun adı ilə bağlıdır. Məhz H.Hüseynov Elmlər Akademiyasında vitse-prezident olandan sonra Fəlsəfə İnstitutu yaradıldı, fəlsəfə dərsləri ali məktəblərdə tədris olunmağa başladı. Bu baxımdan fəlsəfə camiyəsi H.Hüseynova çox minnətdardır. Çünki məhz o, milli kimliyi qorumaq ənənəsini yaşatdı.

- Ümumiyyətlə, din fəlsəfəsi anlayışı nədən ibarətdir?

- Bu çox vacib məsələdir. Bizim Allaha, peyğəmbərlərə inancımızı, namaz qılmağı və s. din öyrədir. Bu dinin predmetidir. Dinin fəlsəfəsi isə dini dərk etməkdir. Məsələn, Qurani-Kərimdə tez-tez işlənən bir sual var: "Heç düşünürsünüzmü?” Əgər burada dinin fəlsəfəsindən söhbət gedirsə, məsələ dinin dərk edilməsidir. Sadəcə inanmaqla dərk edərək inanmaq çox fərqlidir.

Mən tez-tez İslamı qəbul edən avropalılarla və eyni zamanda ərəblərlə rastlaşıram, onlarla ünsiyyətdə oluram və onların arasında çox böyük fərq görürəm.

Bir ərəb anadan olandan müsəlman kimi doğulur, onun dini atasından miras kimi qalır və o, bunu bəzən yük kimi daşıyır. Bəzən də öz dininə için-için nifrət edir. Çünki dərk etmir, mahiyyətini anlamır. Amma bir fransız oxuyur, dərk edir, Qurani-Kərimin bütün hikmətini qəbul edir, yalnız ondan sonra müsəlman olur. Sonra isə onu öz dinindən çıxarmaq qeyri-mümkün olur. Çünki o inanıb və dərk edib. Bir sözlə, din fəlsəfəsi dinin hikmətini dərk edərək öyrənilir.

- Fəlsəfədə varlıq problemi dedikdə nə nəzərdə tutulur?

- Varlıq problemini lap əvvəldən idrak problemi ilə bərabər tutublar. Dekartın sözləri ilə desək: "Var olduğumuzu dərk etmək üçün düşünməliyik”. İnsanı maraqlandıran ilk şey onun varlığı olmalıdır. İdrak prosesi bir çevrədir, bir nöqtədən başlayır, çevrə cızılır və həmin nöqtəyə təkrar olaraq qayıdır. Nöqtədən başlanan nöqtədə də bitir, amma çevrə cızılandan sonra.

Bu yolda ünsiyyət çox vacibdir, lakin kimlə və ya nə ilə ünsiyyət. Məsələn, dəmir su nəm ilə ünsiyyətə girəndə dəmir paslanır və çürüyür. Amma dəmir zindan və çəkic ilə ünsiyyətə girəndə ortaya qılınc çıxır. Yəni insan öz varlığını düşünəndə mütləq kimlə ünsiyyətdə olduğunu, həqiqəti harda axtarmalı olduğunu da fikirləşməlidir. Biz öz varlığımızı düşünə-düşünə öz şəxsiyyətimizi qurmağa başlayırıq. Nə qədər mükəmməl şəxsiyyət quracağımız bizim idrakımızdan, öz varlığımızı necə dərk etdiyimizdən asılıdır.

- Bəzi müəllimlər isə varlıq problemi dedikdə məhz Allahın var olması problemini nəzərdə tuturlar. Sizcə bu düşüncə doğrudur?

- Əgər bir müəllim tələbəsinin beynini öz bildiyi kimi, öz düşüncəsi çərçivəsində saxlamağa çalışırsa bu, həmin müəllimin bədbəxtliyidir. Heç bir müəllim tələbəni məcbur edə bilməz ki, sən mənim kimi düşünməlisən. Çünki hər kəsin bir bilik çərçivəsi var. Müəllim yalnız tələbəyə onun öz bilik çərçivəsini qurmağı öyrədə bilər. Əgər bir müəllim tələbə ilə Allahın var olub-olmaması məsələsini müzakirəyə qoyursa, elə həmin müəllimin özünün o suala cavabı yoxdur və çalışır ki, bunu həmin tələbə vasitəsilə öyrənsin. Amma istənilən müəllimin ilk missiyası tələbəsinə öz düşüncə çərçivəsini qura bilməyi öyrətməkdir.

- Bir çox hallarda müəllimlər tələbələrə fəlsəfə dərslərində məhz şəxsi dini biliklərini aşılayırlar. Bu nə dərəcədə doğrudur?

- Qeyd etdiyim kimi bu doğru hal deyil. Ancaq bir nüans da var ki, hər müəllim dərs deyəndə öz şəxsi düşüncəsindən, şəxsi inancından çıxış edir. Yəni mən Allaha inanıramsa, bu özünü mənim danışığımda mütləq bildirəcək və ya əksinə inanmıramsa, yenə də mənim inamsızlığım öz nitqimdə bunu bildirəcək. Amma o müəllim yaxşı müəllim olur ki, tələbəsinə düşünməyi öyrədir. Savadlı müəllim həm də bir az psixoloqdur. Deməli, tələbəsinin nəyə qadir olduğunu da görməlidir. Yaxşı müəllim bir az da zərgərdir, yəni tələbə müəllimin qarşısına saf, qiymətli bir daş kimi gəlir. Müəllimin borcudur ki, onu cilalasın, qiymətli daşa çevirsin. Bu halda hər müəllim öz tələbəsinə bir zərgər gözü ilə baxmalıdır. O fikirləşməlidir ki, görəsən bunu necə cilalasam gözəl bir qiymətli daşa çevrilər. Həmin qiymətli daş ki, sonradan öz millətinin xəzinəsində bir sərvətə çevrilir.

Ağarza HƏSƏNLİ
24media.az