Baş redaktordan Nərgiz Paşayevaya AÇIQ MƏKTUB

Baş redaktordan Nərgiz Paşayevaya AÇIQ MƏKTUB


Görkəmli ədəbiyyatşünas,
M.V.Lomonosov adına Moskva Dövlət Universiteti
Bakı Filialının Rektoru
professor Nərgiz xanım Paşayevaya
Tənqid.net jurnalından
Açıq məktub


Möhtərəm Nərgiz xanım Paşayeva!

Sizə, görkəmli ədəbiyyatşünas, fikir adamı, M.V.Lomonosovun adını daşıyan çox mötəbər bir Universitetin Rektoru, mədəniyyət və ədəbiyyat sahəsində bir sıra köklü layihələrə imza atmış ictimai və mədəniyyət xadiminə müraciət edən və fikir bölüşməyə cürət edən sadə bir ədəbiyyatşünas həmkarınız, Tənqid.net jurnalının təsisçisi və baş redaktoru, filologiya elmləri doktoru Tehran Əlişanoğludur.

Məktuba xoş xəbərlə başlamaq istərdim. Bugünlərdə Tənqid.net jurnalının ulu öndər Heydər Əliyevin 90 illiyinə və onun iştirakı ilə ərsəyə gəlmiş 1960-1980-ci illər ədəbiyyatımıza həsr olunmuş 2013-cü il, 10-cu sayı işıq üzü gördü. Böyük yubiley sevincləri ilə yanaşı, eyni zamanda bu, mənimçün də, Tənqid.net dostları üçün də əlamətdar say idi. Problematikasına görə də, məzmun-mündəricə baxımından da, üstəlik 10 rəqəmlik bir yolun nəticəsi olaraq da.
Buradaca vurğulayım ki: iri həcmli, 456 səhifəlik Tənqid.net – Azərbaycanda ilk və yeganə ədəbi tənqid jurnalıdır. Uzun sovet dönəmi ərzində dəfələrlə təkliflər irəli sürülsə də, ədəbi tənqidin ayrı-ayrı jurnallarda və kitablarda reallaşmasına rəğmən, ardıcıl tənqid dərgisinin çapına nədənsə məhəl qoyulmamışdır. Və o da heç təsadüfi deyil ki, Tənqid.net ideyası məhz 10 il öncə, cəmiyyətimizdə, həyatımızda, mədəniyyətimizdə yeni zamanların başlanması, o sıradan ədəbiyyatşünaslıq elmində yeni nəfəs, yeni abhava, yeni mərhələ başlanğıcının görünməsinə cavab olaraq yaranmışdır.

Bu o zamanlar idi ki, Sizin "İnsan bədii tədqiq obyekti kimi” monoqrafiyanız işıq üzü görmüş (2003) və çox böyük rezonans doğurmuşdu. Və Tənqid.net 2006-cı il, elə ilk sayındaca onu qutlamışdı. Çün monoqrafiyada irəli sürülən humanitaridə yeni prinsiplər, ədəbiyyatşünaslıqda antropoloji istiqamət, hər növ ideoloji yanlışlıqlara rəğmən ədəbiyyata İnsan nöqteyi-nəzərindən yanaşma məsələləri dünyanın hər yerində olduğu kimi, bizimçün də ümdə məsələ idi. Tənqid.net yazırdı: "...tədqiqatın qatlarına vardıqca monoqrafiyanın böyük ümumiləşdirici gücünü görməmək olmur. Burda milli ədəbiyyatşünaslığımızın bugünəqədərki nəzəri arsenalı cəmləşib sanki problemə münasibətdə – İnsan qarşısında bəraətini, təsdiqini, isbatını istəyir. Nərgiz xanım monoqrafiyada az qala böyük bir kollektivin işini görmüş; sovet dövrü ədəbiyyatşünaslığının müxtəlif sahələrdəki uğurları burda, bugün tədqiqata yararlılıq baxımından imtahan verir, sınaqdan çıxır. Elmi apparatura, tədqiqatçının həssaslıqla yanaşdığı isnad və istinadlar, genişliyi ilə bahəm seçimliyi də dərhal gözə dəyən mənbə və ədəbiyyat da bunu təsdiqləyir...” (bax: T.Əlişanoğlu, Yeni ədəbiyyatşünaslığın astanasında – Tənqid.net, № 1, 2006, s. 113-114)

Tənqid.net jurnalına elmi cəsarət verən amillərdən birincisi də məhz bu, bizim nəsil ədəbiyyatşünas kadrlarının yetkin elmi mövqeyə çatması, son söz demək səlahiyyətini qazanması idi. Biz eyni tələbəlik illərində, eyni ali məktəb divarlarını (hazırkı BDU) bölüşmüş və hətta eyni – filoloji fakültədə, eyni kursda nəhəng alim və pedaqoqlar pleyadasının son mogikanlarından olan gözəl ədəbiyyatşünas və yazıçı Mir Cəlaldan dərs almışdıq. Doğrudur, bizə, ali pedaqoq keyfiyyətlərindən əfsanələr söylənilən o böyük İnsandan bəhrələnmək çox az, vur-tut bir neçə ay nəsib oldu, amma qoyduğu iz qəlbimizdə yaşadı. Bizə Mir Cəlal məktəbindən çıxmış və habelə onunla yan-yanaşı çalışmış neçə-neçə görkəmli filoloq-alimlər dərs dedi: F.Hüseynov, T.Mütəllimov, P.Xəlilov, Ə.Ağayev, Ş.Qurbanov, B.Vahabzadə, A.Zamanov, B.Nəbiyev, V.Vəliyev, C.Abdullayev, T.Hüseynoğlu, A.Axundov, T.Hacıyev, M.Hüseynzadə, Ə.Abdullayev, F.Zeynalov, M.Adilov, B.Məmmədzadə, Q.Namazov... və daha neçə bəlkə bu an unutduğum müəllimlərimiz; dolayısı ilə: M.Arif, M.Cəfər, C.Cəfərov, H.Araslı, M.Quluzadə, Y.Qarayev, M.Şirəliyev, Ə.Dəmirçizadə, S.Cəfərov, H.Mirzəzadə...  v. b.-nın dərslik və kitablarından dərs aldıq. Bu ki: biz ədəbiyyatşünaslıqda ali instansiya, ali dəyərlər nədir – bilirdik...

Möhtərəm Nərgiz xanım!

Üzərindən zamanlar keçdikdən sonra, məhz Sizə üz tutmağımın mənası həm də elə odur ki, bu barədə bölüşmək üçün başqa bir İnstansiya bulmuram. Bəlkə də mənim günahımdır, belə bir ali ədəbiyyatşünaslıq mərtəbəsi tanımıram, amma o da təsəllimdir ki: indi ölkəmizdə dünyaca tanınmış ali məktəb – Lomonosov adına Moskva Dövlət Universiteti var və Bakıda bu ocağa Siz rəhbərlik edirsiz – yeni ədəbiyyatşünaslığımızın tanınmış siması. Belə ki, ilk sayının çıxmasından keçən səkkiz il ərzində Sizə böyük əminliklə raport verə bilərəm: Tənqid.net-in 10 sayı bugünəcən də yalnız və yalnız bir missiya ilə işıq üzü görüb –  ədəbiyyatşünaslığımızda, Sizin də vurğuladınız: yeni İnsan epoxasını, İnsan tədqiqi nöqteyi-nəzərindən ədəbiyyatın araşdırılmasını gəlişdirmək.

Ekskurs edib yada salıram: Tənqid.net-in 1-ci sayı (2006) ümumən "neoakademik” ədəbiyyatşünaslığımızın yeni mərhələsini qutlayır, perspektivlərə ayna salmağa çalışır; 2-ci say (2006) – onun çağdaşlıq və ideoloji kontekstini nişan alır; 3-cü say (2007) – "obyektiv”ə, cari ədəbi prosesə diqqət çəkir, sərhədlərini müəyyənləşdirməyə cəhdlər edir; 4-cü say (2007) isə "subyektiv”ə, yeni tənqidi təfəkkürün intellektual arsenalına diqqət yönəldir, önəm verir. Tənqid.net-in 5-ci sayında (2008) müasir ədəbi gedişatın prozasına diqqət var; 6-cı sayda isə (2009) ədəbiyyata artan dövlət qayğısı, Ədəbiyyat və Dövlət münasibətləri ümdədir. 7-ci say (2010) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BDU-nun 90 illik yubiley mərasimindəki çıxışından ilhamlanaraq, cəmiyyətdə olduğu kimi, ədəbiyyatda da ən nəhayət "keçid dövrü”nün bitməsi, yeni zamanların başlamasını xəbər verir; milli müstəqilliyin 20 illiyini qutlayan 8-ci say (2011) müstəqil ədəbiyyat və ədəbiyyatşünaslığımızın 20 ilinə nəzər salır, davamı olaraq isə 9-cu say (2012) modern epoxanın gəlişməsi, ədəbiyyatımızın dünyaya inteqrasiya proseslərini başlıca təhlil predmeti seçir. Ən nəhayət, 10-cu sayın (2013) hədəfində: bütün bu ədəbi-mədəni proseslərin zəminində duran – Ulu Öndərin Müasir Azərbaycançılıq siyasəti və ədəbiyyatda 60-cılar epoxasıdır...

Tənqid.net jurnalının 10-cu sayı işıq üzü görən kimi, Azərbaycanın görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin əbədi uyuduğu Fəxri Xiyabana baş çəkdim. Ulu Öndərin məzarını ziyarət etdim, ruhunu andım. Və ilk sayını ölməz ruhuna bağışlayaraq, həmişəki tək jurnalı bircə-bircə bugün ədəbiyyatın gəlişməsində maraqlı olan müxtəlif Dövlət və Ədəbiyyat instansiyalarına, elmi müəssisələrə və müəssisə rəhbərlərinə, tanınmış ədiblərə, akademiklərə, yazıçı və şairlərə, filoloq alimlərə, ali məktəblərə, kitabxanalara, mətbuata, kitabsevərlərə və s. gümanım gələn ədəbiyyat ünvanlarına yaymağa başladım.

Əlbəttə, o ümidlə ki: bəlkə bu dəfə ən nəhayət bizdə zəmanəmizin yeganə və israrlı ədəbi tənqid jurnalı müəyyən instansiyalar tərəfindən adekvat qarşılana, ciddi maraq və reaksiyaya səbəb ola... Axı ilk baxışda göründüyü qədər də Tənqid.net jurnalı sadəcə entuziazm və özfəaliyyətə əsaslanan bir nəşr deyildir. Doğrudur, jurnalın hər sayı bir nəfərin, baş redaktorun təşkilatçılığı ilə hazırlanır, ədəbiyyat xeyirxahlarının köməkliyilə çap olunur və elə xeyriyyəçilik yolu ilə də yayılır. Məqsəd – geniş mənada maarifçilikdir.

Amma o da danılmaz həqiqətdir ki: Tənqid.net nəticə etibarilə kollektiv yaradıcılığın məhsulu kimi ərsəyə gəlir. Nəşr olunduğu səkkiz il ərzində jurnal ədəbi-elmi dairələrin ən ünlü imza sahiblərinin önəmli mətnlərini bir araya gətirərək, təqdim edə bilmişdir oxucularına. O sıradan: Anar, Elçin, Yaşar Qarayev, Bəkir Nəbiyev, Tofiq Hacıyev, Nərgiz Paşayeva, Kamal Abdulla, Nizami Cəfərov, Səlahəddin Xəlilov, Qəzənfər Paşayev, Şirindil Alışanlı, Teymur Kərimli, Qorxmaz Quliyev, Aydın Talıbzadə, Rahid Ulusel, Afaq Məsud, Mövlud Süleymanlı, Səyyad Aran, Asif Hacılı, Niyazi Mehdi, Rəhim Əliyev, Əjdər Ol, Vaqif Yusifli, Arif Əmrahoğlu, Cahangir Məmmədli, Nazif Qəhrəmanlı, Cavanşir Yusifli, Rüstəm Kamal, Bədirxan Əhmədov, Qurban Bayramov, Məryəm Əlizadə, Rəşad Məcid, Məqsəd Nur, Səlim Babullaoğlu, Könül Bünyadzadə, İlahə Ucaruh, Əlizadə Əsgərli, Təyyar Salamoğlu, Vidadi Qafarlı, Elnarə Akimova, Nərmin Kamal və b. daha onlarla tanınmış adların təmsil olunduğu jurnal ədəbi sferalarda məmnuniyyətlə qarşılanmış; son on ilin ədəbi mənzərələrinə aydınlıq gətirməklə yanaşı, milli ədəbi fikrin qaynaqlandığı "dünya konteksti”nə də müəyyən qədər nüfuz edə bilmişdir. "Dünya təcrübəsi”ndən geniş icmal yazılarla paralel, Tənqid.net-in saylarında: Umberto Eko (İtaliya), H.-U.Humbrext (AFR), Keril Emerson, Mixail Epşteyn (ABŞ), Lev Anninski, Q.K.Kosikov, Yuri Borev, T.Y.Radionova, Valeriy Anaşvili, V.P.Rudnev (Rusiya), Yavuz Akpınar (Türkiyə), H.Martinson (İsveç), E.Hovardsholm (Norveç) kimi əcnəbi müəlliflərdən tərcümələr yer almışdır.

Əlbəttə, bütünlükdə dörd mindən çox səhifələrdə əksini tapan ən müxtəlif ədəbiyyat məsələlərini, ciddi ədəbiyyatşünaslıq problemlərindən tutmuş ədəbi prosesin qaldırdığı vacib tənqidi məqamlaracan bir yazı daxilində panoram etmək niyyətim yoxdur. Niyyət budur ki, sadəcə diqqət oyadam. Necə ki, hər saydan sonra həssas bir ürkəkliklə özüm də bir baş redaktor kimi diqqət kəsilirəm. Bəlkə Tənqid.net-in toxunduğu bu və ya digər aktual ədəbiyyat məsələsinə hardansa əks-səda gələ. Vacib deyil ki, mütləq təqdir ola; ölkədə ədəbiyyatla və ədəbiyyat elmi ilə məşğul olan N qədər instansiyadan habelə təpki gözləyirəm. Bu və ya digər ədəbi problem ətrafında elmi dartışma, tənqid, polemika gözləyirəm...

Doğrudur, ayrı-ayrı ədib və tənqidçilərin mətbu olaraq cüzi təqdir və tənqidləri də olub və jurnal ədəbi fikrin inkişafı naminə məmnuniyyətlə səhifələrində bu tənqidlərə yer verib (№ 3, 4, 5, 10). Amma bütövlükdə söyləmək çətindir ki: tamamən Azərbaycançılıq və dövlətçilik mövqeyində duran, hər sayında Qarabağ həqiqətlərini ədəbi müstəviyə çəkib dolğun analizini verməyə çalışan, ədəbiyyatşünaslıqda yeni istiqamətləri və humanizm dəyərlərini gəlişdirən Tənqid.net jurnalı ətrafındakı "sükut buzu”nu qırıb. Əksinə, 10 saydan sonra həmin sükutun daha da qalınlaşması, istər-istəməz, düşünməyə vadar edir, məyusluq gətirir. Məxsusən o halda ki, sadaladığım sanballı müəlliflərdən də əlavə, hazırda jurnalın ətrafında cavan ədəbiyyatşünaslar korpusu da yaranıb və gələcək tədqiqatlara hazır görünürlər.

Əlbəttə, bir vətəndaş və alim kimi mənə bəllidir ki, fərdi və fərqli bir dərgi çıxaran kəs qayğısına da özü qalmalıdır. Ədəbiyyatla məşğul olan bu və ya digər Dövlət təsisatlarının hər birinin öz proqramı, strateji və gündəlik fəaliyyət istiqamətləri var. Amma dünya humanitarisində çoxsəsliliyin, çeşidli platformaların təqdir qazandığı, plüralizmə geniş meydan verildiyi bir zamanda bizdə də xoş niyyətli belə bir nəşrin olmasının nəyi pisdir ki. Həm də bir daha vurğulamaqdan çəkinmirəm: yeganə ədəbi tənqid jurnalı olaraq.

Məlumunuzdur ki, Rusiyada belə bir fərqli jurnal var: "Novoye literaturnoye obozreniye”. Antropoloji istiqamət daşıyan tənqid-ədəbiyyatşünaslıq jurnalıdır. 1992-ci ildən, ildə 6 say olmaqla artıq 125 sayı işıq üzü görmüşdür. Güclü maliyyəsi, sanballı elmi kadr potensialı olan jurnal dünyaca məşhurdur. Hətta səmərəli fəaliyyətinə görə Dövlət Mükafatına layiq görülmüşdür. Müqayisə üçün demirəm, əlbəttə. Təkcə elə hər redaksiya bölməsinin Tənqid.net qədər olmasını nəzərə alsaq, bu nəşrlərin işi nəticə etibarilə müqayisəolunmazdır. Sadəcə onu vurğulamağı lazım bilirəm ki, Tənqid.net fəaliyyətinə məhz "Novoye literaturnoye obozreniye”nin nümunəsində, yəni "antropoloji istiqamət”də başlayıb və 10 sayında yalnız onu edə bilib ki: bizdə "yeni ədəbiyyatşünaslığ”ın predmetini cızıb, ümumi durumunu müəyyənləşdirib.

Əslində, Tənqid.net – ciddi bir layihədir və realizəsi bir nəfərin gücündə olan məsələ deyildir. Əgər jurnalın ilk addımlarında bu fikri iqrar etmək bir təsisçi və redaktor kimi mənə hələ nə qədər tez və əsaslandırılmamış görünürdüsə, 10 saydan sonra əminliklə deyə bilərəm: Tənqid.net layihəsinin ciddi dəstəyə, geniş himayəyə ehtiyacı var.
Möhtərəm Nərgiz xanım!    

Bir daha vurğulamaq əbəs olmaz: Sizin təhsil və mədəniyyət, o cümlədən humanitar elm sahəsində miqyaslı fəaliyyətiniz ədəbi-mədəni ictimaiyyətimizə yaxşı məlumdur. Bakı Dövlət Universitetində və daha sonra Moskva Universitetində ardıcıl elmi-təşkilati fəaliyyətiniz sayəsində Azərbaycan humanitar elminin geniş beynəlxalq əlaqələrinin yaradılması; nəticədə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti kimi bir elm ocağının Bakıda fəaliyyətə başlaması; Üns teatrının yaranması və beynəlxalq teatr əlaqələrinin inkişafında əvəzsiz xidmətləri, habelə musiqi, təsviri sənət sahələrində həyata keçirilən neçə-neçə ardıcıl layihələr buna bariz misaldır.  (Bu geniş fəaliyyətin bəzi məqamlarına bəzən Tənqid.net jurnalı da nəzər salmaq fürsəti bulmuşdur – bax: № 2, 3, 4, 5, 6, 8)

Belə böyük miqyaslar müqabilində, həmçinin "yeni ədəbiyyatşünaslıq” layihəsinə də dəstək verəcəyinizə inanır, Tənqid.net jurnalına bu və ya digər şəkildə himayənizi əsirgəməyəcəyinizi düşünürəm .

Problemə bütünlükdə ədəbi ictimaiyyətin diqqətini çəkmək üçün həm də bu barədə açıq yazmağı qərar verdim. Çün təkrar edirəm: başqa bir ali ədəbiyyatşünaslıq instansiyası bulmadım. Bəlkə də yanılıram. Təki elə olsun!
Tənqid.net jurnalının son sayını Sizə təqdim etməklə yanaşı, bütünlükdə 10 saydan ibarət dəsti də tənqid və təhlil predmeti olaraq Lomonosov adına Universitetin kitabxanasına bağışlamağı özümə borc bilirəm.  
                                                  
Hörmətlə,
Tənqid.net jurnalının redaktoru
Tehran Əlişanoğlu
28 may 2014