Cavid Fərzəli. Duru qaranlıqlar... (ŞEİR)

Cavid Fərzəli. Duru qaranlıqlar... (ŞEİR)

Pəncərəmdən baxanda;  
güzgülərdən doğma olmaq istəyirəm buludlara,
yollardan ayaqlarını kəsmək istəyirəm ayrılıqların...

Heyif,
yağışların üzü qalmır
güzgülərin yaddaşında.

...və sonra darıxmağımız balıq üzlü sulara dağılır.
Saata baxmadığımız andan yaşadığımız hər dəqiqə ölü doğulur
bu evin saralmış ürəyində.

Sən demə,
bir kəpənək ömrünün əvvəlində
tələsdiyimiz bütün addımlar
xoşbəxtliyə yubanmaq imiş.

...Küçələrin kirli təbəssümündə
oğlumla atam arasında 
həmişə otuz yaşımda qalacağam.
...və mən bunu qəbirlərin qulağına pıçıldaya bilməyəcəm.

Axı, yaşamaq hər günün içindən sevdiklərini sağ çıxartmaqdır...
Uçuq tərəfinə söykəndiyin hər gecə
dustaq pəncərəsidir.
Massamın üstündəki kitablar əllərimin tənhalığıdır.

Hər saatın başında 
gizləmək istədiyim duru qaranlıqlar
mənə söylədi ki;
ömründə bircə dəfə qovuşmadınsa
heç vaxt tənha ola bilmirsən...
Ürəyinin dabanından çırpılırsan yerə.
Əqrəblərin səhərində
döydüyün hər günün qapısında.

...və beləcə tənhalıq diri gözlü gecələrə dönür,
qar üzlü ömürlərə qalır.

Sənsə hələ 
tək qaldığın üçün səhəri gözləyirsən
elektrik lampasının altında,
Allahı qarğıyırsan. 

Günəş qapını döyür artıq... 
Ayaqqablarım sarılır qapımızın ağzına.
Dur əlindən tut qarışqa arzuların...
Ölmə!
Onsuz da qapımızın üzün sevməz küçələrin göz yaşı.