Cəmil Əlibəyov: “Neçə illərdir, bütün sifətimlə danışıram”

Cəmil Əlibəyov: “Neçə illərdir, bütün sifətimlə danışıram”

“Bütün var-dövlətim “zibilkassa”da qalıb”

Bu gün 80 yaşı tamam olan, nitq qabiliyyətini itirmiş Cəmil Əlibəyovun APA-ya yazılı müsahibəsi

Dosye: Cəmil Adil oğlu Əlibəyov. 1927-ci ildə Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1944-cü Bakı Dövlət Universitetinə qəbul olub. 1958-ci ildə Moskvada Ali Komsomol Məktəbində jurnalistika ixtisasına yiyələnib. 1949-cu ildən “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi kimi fəaliyyətə başlayıb, bu qəzetin baş redaktoru vəzifəsinə kimi yüksəlib. 1970-ci ildə Azərbaycan Respublikası Radio və Televiziya Verilişləri Komitəsinin sədr müavini, 1974-cü ildə "Azərbaycanfilm" kinostudiyasının direktoru təyin edilib. Onun dövründə "Azərbaycanfilm"də çəkilən "Dədə Qorqud", "Babək", "Dərviş Parisi partladır", "Tütək səsi", "İstintaq", "Ad günü", "Qayınana", "Papaq" filmləri qızıl fonda daxil edilib. O, 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor və direktor, 1988-1990-cı illərdə "Kommunist" ("Xalq qəzeti") qəzetində baş redaktor işləyib. 1990-cı ildən sonra "Yazıçı" nəşriyyatında baş redaktor, "Novruz", "Vahid" qəzetlərində baş redaktor işləyib. C. Əlibəyov ümumilikdə 40-dan çox bədii əsərin müəllifidir. Bunların arasında “Sınaq”, “Mənim analı dünyam”, “Həyatın özü”, Dözümlü məhəbbət” və digər tanınmış əsərlər var. Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına və Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb. Ailəlidir, üç övladı var.

- 80 yaşlı yazıçı, publisist özünü necə hiss eləyir?
- Yaşlı və orta nəsil bilməmiş deyil ki, mən gözü, könlü tox adamam. O zamanlar gənclər mənim yazılarımda ehtiva olunmuş mənəviyyatı özlərinə nümunə seçirdilər. Sonralar mənim şəxsiyyətim “fanat” bir insan kimi qiymətləndirildi. Bunların hər ikisində həqiqət var. Mən, ilk növbədə, özümlə mübarizə aparıb, bəy və mühacir oğlu olmağıma baxmayaraq, cəmiyyətə xidmət etmək üçün gərək olan keyfiyyətləri özümə aşılamağa çalışmışam. Əqidəmə sədaqətliyəm, inam sahibiyəm. Yaşadığım zəmanəyə oxşarlığım var. “Mənə “fanatik” ayamasını ona görə veriblər ki, bu günüm üçün qayğılanmamışam. Təkcə onu deyim ki, dörd ailə - özüm, oğlanlarım və qızım hələ də bir mənzildə yaşayırıq. Dəmir pilləkənlərlə qalxmaq lazım gəldiyindən yaşlı dostlarım bizə gəlmirlər. Qarabağ müsibətimizə və insani dəyərlərimizin itirilməsindən yaşanılan iztirablara dözməyə gücüm çatmır. Söz urvatdan, hörmətdən düşüb. Ziyalının sözdən başqa gücü-qüvvəsi nə olasıdır?
- Bəs indi nə ilə məşğulsunuz?
- Eyhamınızı anlayıram. Bilmək istəyirsiniz ki, 80 yaşına dolmuş yazıçı, fiziki və əqli ehtiyaclarının tükəndiyi bir vaxtda yaradıcılığını davam etdirə bilir, ya yox? Qarabağla bağlı yazdıqlarım mən göz dağı olub, çap etdirmək mümkün deyil, romanı kiçildib hekayə eləyirəm. Müsahibələrimi də bir-iki qəzet çap eləyir. Onları bezdirmişəm. Məşğuliyyətim yenə də yazı-pozudur. Yarım əsr əvvəl nə ilə məşğul olurdumsa, yaradıcı həyatım nəyə bağlanmışdısa, indi də o cür davam edir. Günüm səhər saat 5-6-dan masa arxasından başlanır. Yazmadığım gün ancaq yay aylarına təsadüf edir. Həmin vaxtlar bağ təsərrüfatı ilə məşğul oluram. Bu il şəhər yazı ənənəsi oraya da keçdi. “Zəmanələrlə üz-üzə” ömürnaməmi yazmalı, qızım Nigarla birlikdə redaktə etməli olduq, gecə-gündüz. Bu çox ağır kitabdır. 300 il əvvəldən başlayıb, neçə zamanın içindən keçən şəcərə həyatımız, nəhayət ki, kağıza köçürüldü. Bu yaxınlarda işıq üzü görəcək. Bu kitabı mənə arxivdən tapılan bir sənəd yazdırdı. Ulu babam, mahalın qazisi Mirzə Əli kəndbəkənd gəzərək yığılan zəkatları məktəb açmaq işinə yönəldib və belə bəyanatla çıxış edib ki, elmi olmayan insan deyil. Dahi Cəlil Məmmədquluzadə isə “Molla Nəsrəddin”də buna həsr olunmuş “Möcüzə” adlı pamfletini yazıb. Bu kitabımda ötən bir əsr ərzində bizim nəsil bu sahədə nələrə nail olubsa, babamızın nəsihətlərinə necə əməl edə bilmişiksə, onları təhkiyə etmişəm. Azərbaycanın hazırkı mədəni inkişafına qürurla nəzər salmışam.
- Medianın bütün sahələrində xidmət etmiş, ömrünün 60 ilini jurnalistikaya vermiş bir insanın bu peşə haqqında fikirlərini bilmək maraqlı olardı...
- Belə bir zərb-məsəl var. “Dənizin şorluğunu bilmək üçün bütün suyunu içməyə ehtiyac yoxdur”. Etiraf edim ki, yüzlərlə qəzeti izləyə, neçə-neçə telekanalın verilişlərinə baxa, saysız-hesabsız publisist üslublu kitabları oxuya bilmirəm. Ona görə də ümumiləşmiş fikir söyləməkdən çəkinirəm. Öz düşündüklərimi isə belə bəyan edə bilərəm ki, əgər indiki jurnalistlərin, ümumən qəzetlərin sırf yazı qabiliyyətinə, fikrin ifadə tərzinə qiymət verməli olsaq, jurnalistikanın çox irəliyə getməsini təsdiq və təqdir etməliyik. Parlaq qabiliyyətli, sərrast, söz deyə bilən informasiya dəfinəsini üzə çıxaran, həmkarlarımın olmasından məmnunluq duyuram. Eyni zamanda gileyimi, incikliyimi də bildirməyə bilmərəm. İndi jurnalist imici o qədər alçaldılıb ki, hörmətdən salınıb ki, təzə yazılarımda jurnalist peşəmi gizlətməyə çalışıram. Halbuki, jurnalistika mənim həyatım, yazıçılıq ruhum olub. Mənim nisbətən ardıcıl izlədiyim media var. “525-ci qəzet”, “Azadlıq”, “Ədalət” və “Yeni Müsavat” qəzetləri, o cümlədən televiziya kanallarına baxıram. Son vaxtlar dövlət televiziyasının verilişləri məzmun və forma cəhətdən xoş təsir bağışlayır. Kanal 30-cu illərin quru danışıq tərzindən, rəsmiyyətçilikdən və qeyri-peşəkar təsvirlərdən xilas olmaqdadır. ANS xalqın həyatına daha yaxşı nüfuz edir. Mən bu kanalın informasiyalarını davamlı izləyirəm. Verilişlərdə xalq təəssübkeşliyi üstünlük təşkil edir. Həmkarlarım məndən inciməsin, düzünü deməliyəm. Bəlkə də mənim bu fikrimdən ənənə iyi gəlir. Ancaq biz vahid ideologiyanın məhdud çəpərlərini ayaqlayıb əl-ayağımıza tikan batsa da, mətbuatı əsas qayəsinə, xalqı, insanları inkişaf etdirməyə yönəldirdik. Avropada jurnalistika ilə bağlı məşhur olan “Mətbuat informasiya vasitəsidir” fikri ilə razılaşmıram. İnkişaf etmiş, ictimai-sosial baxımından təkamül dövrünü yaşayan xalqlar üçün informasiya ictimai fikri formalaşdıra bilir. Biz bu sivil həddə çatmamışıq. Odur ki, maarifçilik mərhələsinə uyğun iş qurmalıyıq. Söz sənətinin hər sahəsində nümunə hesab etdiyimiz Fransa bizim indiki inkişaf səviyyəmizdə olanda böyük nasir Jorj Sand haray qoparmışdı ki, qəzetlər ailələrə nifaq salacaq, siyasi məsələlər ailə söhbətlərini əvəz edib ərlə arvad arasında nifaq yaradacaq. Haqlı narahatlıq idi. Təəssüf ki, bizim mətbuatımız da belə bir nifaqın baisinə çevrilib. Özü də təkcə ərlə arvad, valideynlə övlad arasında deyil, xalqın arasında ziddiyyət, qarşıdurma ovqatı yaradır. Mən partiyaların çoxluğunu demokratiyanın geniş inkişafı hesab edirəm. Həmişə şüarçılığa nifrət etmişəm. Ancaq sizi inandırıram ki, demokratiya sözü dillərini yağır eləmiş siyasətçilər belə onun mahiyyətinə varmırlar.
- Sovet dövründə bir neçə mətbuat orqanına rəhbərlik etmisiniz. İndi isə “Elm və həyat” nəşriyyatının təsisçisi və direktorusunuz. Nəşriyyatınız hazırda hansı işləri görür?
- “Elm və həyat” nəşriyyatında kiçik kollektivimiz çox ağır bir işin qulpundan yapışmalı olub. Açıq Cəmiyyət İnstitutunun keçirdiyi tenderdə iştirak etdik və qalib olduq. Uşaqların intellektinin inkişaf etdirilməsi ilə bağlı altı kitabı ingilis dilindən Azərbaycan dilini tərcümə etdik və böyük tirajla nəşr etdik. Son bir ildə isə çox çətin bir missiya ilə - ömürnamə yazısı ilə bağlı nəşriyyat işlərinə fasilə verməli olmuşam.
- Dolanışığınızdan narazılığınız yoxdur ki?
- Sizin üçün maraqlıdır ki, ömrü boyu mənəviyyatla qidalanmış yazıçı-jurnalist indiki dövrün maddi çətinlikləri ilə üzləşibmi və ovqatı necədir? Bir neçə kəlmə ilə deyim. Dövlətdən 70 manat sığorta təqaüdü alıram. 30 manat da əməkdar mədəniyyət işçisi fəxri adına görə verilir. Vəssalam. Bunlar müalicə xərclərinə çatır... Qızımın və oğlanlarımın himayəsində dolanıram. Narazılığım bütün şüurlu ömrümü sərf etdiyim dövlət işlərinin müqabilində qədir görməməyimdədir. Üstəlik, ictimai həyatdan təcrid olunmuşam. Səbəbi? Bu sirri-xudadır!
- Vaxtı ilə dəstək olduğunuz tanınmış şəxslərdən də dəstək görmürsünüz?
- Kimdənsə dəstək gözləmək mənim təbiətimə yaddır. Soyadımdakı bəy sözü, əsil-nəcabətim buna yol vermir. Sadə adamlardan çox razıyam. Onların isti münasibətləri olmasaydı, çoxdan torpağa qovuşardım. Soruşursunuz ki, həm maddi, həm də mənəvi cəhətdən kimlərdən umacağım var? Heç kəsdən heç nə gözləmirəm. Gözlədiyim odur ki, Qarabağ qaytarılsın, gedim Anamın qəbirin üstünə sərilim, anamın ətri gələn torpağa...
Bir də istərdim ki, yarım əsr əvvəllərdən maaşımdan “qaragün” üçün ayırıb banka qoyduğum halal pullarımı qaytarsınlar, kitablarımı nəşr edim. Bütün var-dövlətim “zibilkassa”da qalıb. Ovqatımla çox maraqlandığınızdan bu barədə də bir iki kəlmə demək istəyirəm. Gümraham, cismani cəhətdən də, ruhən də... Yaxşı övladlarım, nəvələrim, bir alay qohum-əqrəbam, min bir dostum var. Bu qismətim - mənə bu yaşda da nikbinlik təlqin edir. Dostlarım mənə 90-ı xatırladanda deyirəm: mənə qarğış eləməyin. Hələ ki, cavan vaxtlarımda olduğu kimi insanlara gərək ola bilməsəm də, heç kəsə möhtac da deyiləm. Möhtaclıq ən böyük zillətdir! Fərd üçün də, xalq üçün də! Xalqımın istiqlal qazanması mənə ən böyük ərməğandır. Cavanlar bunun nə olduğunu bizim kimi anlaya bilməzlər. Yaradanlar - Tanrının da doğmalarıdır, xalqın da!
- Danışmaq üçün səsi çıxmayan adamın hissələri necə olur?
- Kaş, bu dərk ediləydi. Necə ildir ki, mən fikrimi təkcə söz vasitəsilə müsahibimə çatdırmıram, bütün sifətimlə danışıram. Göz də imdadıma çatır, dodaqlarım da, ümumi ovqatım da... Ən vacibi odur ki, səsimi itirməyim mənim üçün pessimistlik yaratmır, hətta bəzi məqamlarda razılıq hissi də keçirirəm. İndi onsuz da sözün sanbalı yoxdur. Qoy elə bilməsinlər ki, mən də indiki sözün sanbalından danışıram. İkincisi də, indi hər sözdən-söz çıxarırlar, sözümün başına ip salıb, böhtan yayarlar. İtirdiyim söz deyil ki, onun dərdini çəkim, itirdiyim dostlardır, onların da dərdini çəkirəm. /APA/