Ceyms Coys. “Kamera musiqisi” kitabından şeirlər

Ceyms Coys. “Kamera musiqisi” kitabından şeirlər

II

Açıq bənövşəyi alaqaranlıq
Dönür yavaş-yavaş tünd mavi rəngə.
Közərən lampada yaşımtıl işıq;
Küçədə ağaclar, cərgəbəcərgə.

Köhnə pianoda ifa edir qız
Sakit, bir az ağır, şən melodiya.
Getdikcə əyilir dillərə sarı,
Sanki, aram-aram gedir yuxuya.

Böyüyür gözləri, hürkür xəyalı,
Qolları boşalıb yanına düşür.
Açıq bənövşəyi alaqaranlıq
Getdikcə tündləşir, qaranlıqlaşır...


XIX

Qəmlənmə, əzəldən bütün adamlar
Hey sevib qalmaqal, quru mərəkə.
Sakitləş, əzizim, arxayın ol sən,
Onlar sala bilməz adına ləkə.

Səndən də acıdır onların halı,
Axır ömürləri aramsız ahtək.
Baxıb gözlərinə söylə qürurla,
İnkar et, rədd eylə sən də onlartək...


XXIII

Qəlbimlə yanaşı döyünən bu qəlb
Mənim ümidimdir, mənim xəzinəm.
Məsudam duyarkən öpüşlərini,
Ayrı qalanda da qəm əlindəyəm...
Bəli! Ümidimdir, o sərvətimdir,
Mənim xoşbəxtliyim, səadətimdir...

Mamırlı, yosunlu yuvacığına
Əlinə keçəni gizlədən quştək,
Mənə ağlamağı öyrədən qəlbi
Gizlətdim, gözlərdən əsirgəyərək...
Sevgi yaşasa da bircə gün yalnız,
Onlar kimi müdrik olarıqmı biz?...


XXXII 

Yağış bütün günü yağdı hər yana...
İslanıb ağırlaşan ağaclara sarı gəl!
Xatirələr yoluna
Yarpaqlar səpələnib...

Xatirələr yolunda dayanaraq bir azca,
Ayrılarıq yenə, çıxıb gedərik...
Gəl, əzizim,
Qəlbinlə danışacağım yerə...


Tərcümə: Firudin Həmidli