CÜMLƏ AXŞAMI

CÜMLƏ AXŞAMI

Birinci yazıda: Vidadi Babanlı. Yunus Oğuz. Elxan Zal

Təsadüfən qəzet köşkünün qarşısında rastlaşdıq. Salam və tanışlıq verdim. Tez-tez havasını dəyişməyə çıxdığı “Atatürk” parkında söhbətə çəkdim. “Vaxtınız və həvəsiniz varsa, boxçaları açaq, Vidadi müəllim”- dedim. Etiraz etmədi. Körpünü mən saldım. Laçının Qarıqışlaq kəndindən olan Sona xaladan söz açdım qabaqca. Onun kitablarını mənə tuşudan, yayı yaylaqda, qışı qışlaqda keçən yörük qarıdan. Orta məktəbə getməyən, uşaqlığı müharibəyə, gəncliyi yoxsulluğa, qarılığı qaçqınlığa düşmüşdü. Yazıb-oxumağı da həyatdan öyrənmişdi. Çox kitabın arasını açmışdı, “Vicdan susanda” romanını da oxumuşdu və o əsəri alaçıqda yükün arasından çıxardıb mənə verəndə hansısa epizoddan gileylənmişdi: “Keşkə oruyu haylə yazmıyaydı, Vidadi Bavanlı!..”

Sona xalanın ürəyi yuxaydı, oxuduğu, oxutdurub qulaq asdığı kitabların qəhrəmanları dara düşəndə əlini dizinə vurub “Allah-Allahhh, xalan ölsün”, “bajın ölsün” deməkdən saxlaya bilməzdi özünü. Yaxşı qəhrəmanların xalası, bacısı idi Sona xala. Heç şübhəsiz, bir elat qadını ilə bədii qəhrəmanların doğmalaşması, Anadolu türkləri demiş, özləşməsi faktının oxu mədəniyyətindəki önəmini sovet sisteminin ayağına yazmaq insafsızlıq olardı; ortada yazıçı istedadı, əməyi, uğuru, taleyi də vardı; deməli, o tale Vidadi Babanlının alnına yazılanda mənə də gün ayrılmışdı; əsərləri yüz min tirajla çap olunmuş usta bir qələmlə parkı uzunlayırdım. Deyəsən, söhbətimiz tutmuşdu. Ağsaqqal yazarın gözü gülürdü, gözündəki təbəssüm gücləndikcə rəngi də açılırdı, narahatçılıq, yorğunluq, tərəddüd əlamətlərini üzündən qovurdu və ürəyini toxtadırdı.

O şöhrətdən bu yaşa gəlmiş bir nasirin hələ də “xalq yazıçısı” tituluna layiq görülməməsi asan deyil, əlbəttə, asan deyil,- onu anlamağa çalışırdım- gözü götürən var, götürməyən var. Amma titullar, orden-medallar nəyə yarayır ki?! Hafizəmi ha qurdalasam da, Mirzə Fətəli Axundovun çardan aldığı mükafatın adını xatırlaya bilmədim, amma qabağıma çıxan Hacı Qaraları onun “hekayəti mərdi xəsis”indən o saat tanıyırdım. Yan-yörəmizdən keçən cavanların çoxu başlarını qaldırıb Vidadi müəllimə heç baxmırdılar, məndən irəliki nəslin nümayəndələrinin isə az qala hamısı başını yelləyirdi- televiziyaların qarasına danışmağın məqamı çatmışdı. O da efirdən narazıdır. Elə qəzetlərdən də.

“Televiziyalar cavanları korlayır, cavanlar da qəzetləri”- bu sözündən yapışıb abırlı görünsün deyəə “nəsillər arası koflikt” kimi təqdim olunan didişmələrə münasibətini soruşuram. Hər iki tərəfi haqsız sayır. Mirzə İbrahimovdan tutmuş Əsəd Cahangirin “525-ci qəzet”də dərc olunan son yazılarınacan çox adamlardan, çox işlərdən söz açırıq. Hərdən ağzımı arayır. İndi dünyada olmayan həmkarlarını anır, partbiletini stola çırpmasından, Leonid İliç Brejnevə teleqram vurmasından, Heydər Əliyevlə Moskvada görüşündən, mərhum prezidentin ona telefon açmasından danışır. Danışdıqca hiss olunur ki, bütün iqtidarlara bir köynək uzaq olub- kommunistlərə də, cəbhəçilərə də, elə yapçılara da. Vicdanı isə susqun deyildi. Danışmamaq həmişə susmaq demək deyil.

***

İyulun əvvəllərində Yunus Oğuza zəng eləmiş, onun nəfis tərtibatla çap edilən və qiyməti mənim alıcılıq imkanlarımdan baha olan “Nadir şah” romanını oxumaq istədiyimi bildirmişdim. Çoxdan hədiyyə etmişdi, di gəl, qalınlığı gözümə dururdu, mütaliə eləməyə macal tapmırdım. Gündəm məni “Nadir şah”a yaxınlaşdırdı. Diqqətlə və axıracan oxudum. Bədii təhlil üçün gözəl qaynaqdır. Əgər Yunus bəyin ictimai-siyasi fəaliyyəti və yaradıcılığı haqqında peşəkar jurnalistikanın tələbləri ilə uzlaşmayan, bədii açıdan isə məğzində “mətnqırağı münasibətlər” dayanan köşələrin müəllifləri “Nadir şah” əsərindən xəbərdar olsaydılar, ədəbi polemikalarda özlərini təsdiq etmək, obyektivlik sərgiləmək üçün yaxşı fürsət qazanardılar. O sadə səbəbə görə ki, romanın həm tənqid, həm də təqdir ediləsi cəhətləri boldur. Mətn sadədir və əsərin kütləviliyini təmin etməyə niyyətli olan müəllif bu sadəliyə məqsədli şəkildə nail olub.

Yunus Oğuz bir müəllif olaraq romanda Azərbaycan türkcəsinin lüğət imkanlarından maksimum yararlansa da, bədii redaktor Hafiz Mirzənin diqqətindən yayınan cümlələr çoxdur. Bir örnək verim, romanın 25-ci səhifəsində yazılıb: “qaranlıq izi tez azdırır”. “İzi azdırmaq”, prinsipcə, yanlış yazılış deyil. Dilimizin gözəl bilicilərindən olan Əli Vəliyev hətta “azdırmaq” felini çayın ağzının başqa istiqamətə çevirmək mənasında işlədib. Bununla belə, həmin cümləni “qaranlıq adamı tez azdırır” şəklində redaktə eləmək daha sərrast və mənalı olardı. Bu nüansı xüsusi vurğulamaqda qəsdim var. Bədii redaktə kitab istehsalatının, nəşr işinin əsas mərhələlərindən biridir və Yunus Oğuzun bu işdə paraya qızırğalanmamasını Azərbaycan ədəbiyyatında yaxşı ənənələrin inkişafına köməklik saymaq olar.

Yunus Oğuzun roman yazması Azərbaycan ədəbiyyatına nə verdi? Bir-birinin ardınca nəşr etdirdiyi tarixi romanlarla “kənarın aqressiyası”nı öz üzərinə cəmləyən Yunus Oğuzun gündəmin zərərçəkəninə çevrilməsindən sonra belə bir sual üzərində düşünmək yaxşı olardı. Şəxsən mən xalq hərəkatında, Elçibəy hakimyyətində, müxtəlif partiyaların rəhbərliyində, jurnalistikada mühim postlar tutmuş, şansı olmamasına baxmayaraq prezidentliyə namizədliyi qeydə alınmış, vaxtilə ölkə dışında biznesini qurmuş adamın ədəbiyyata, kitaba, yazmağa meylini, bütün hallarda müsbət dəyərləndirirəm. Bu, həm onun öz üzərində işləməsi, araşdırmalar aparması, maraqlı personaya çevrilməsi, həm də tarixi bilgilərin bədiiləşərək tirajlanması baxımından çox səmərəlidir.

Məşhur yazıçı Vladimir Sorokin bir müsahibəsində deyir: “Mən ciddi-ciddi musiqiçi olmaq istəyirdim. Amma başım rəsm çəkməyə qarışdı. Lap sonra ədəbiyyat məni rəssamlıqdan ayırdı”. Göründüyü kimi, hətta mədəniyyətin daxilində də bir insanın özünü müxtəlif sahələrdə sınaması ədəbiyyata gəlməyə yasaq yaratmır. Odur ki, gəlin Sorokinə qoşulub özümüzə sualı verək: “amma ədəbiyyat nədir?” Onun cavabı: “Müxtəlif masalara düzülmüş növbənöv yemək. İnsanlar içəri girir və hərə öz mədəsinə uyğun yemək götürür”. Mənim əlavəm: iştahsızlıq, yaxud mədə xorasından əziyyət çəkmək yeməyin pis olduğuna hökm verməyə haqq qazandırmır!

Oxuduğum romanı məndə belə bir qənaət yaratdı ki, Yunus Oğuzun yazıçı kimi potensialı onu gözü götürməyənlərin- mətnə əsaslanmayan tənqidin ən yumşaq adı budur- ümumi istedadından dəfələrlə böyükdür. Onun siyasi təcrübəsi və ideoloji baxışları Azərbaycan tarixinin çətin bir dövrünü dolğun şəkildə oxuculara çatdırmağa əlavə imkanlar yaradıb. Bu yaxınlarda oxuduğum “Aşk” kitabında türk yazıçısı Əlif Şafak istifadə etdiyi qaynaqları oxucuların nəzərinə çatdırmışdı və əgər Yunus Oğuz da “Nadir Şah”ı qələmə alarkən istinad etdiyi mənbələri açıqlasaydı, şübhə yoxdur ki, daha geniş siyahı alınardı. Filologiya elmləri doktoru Nizami Cəfərov kitaba yazdığı ön sözdə bir məsələni çox yaxşı vurğulayır ki, “Nadir şahın daimi paytaxtı olmayıb” və “iqamətgahı atının yəhəri olan” bir hökmdarın həyatını romanlaşdırmaq ancaq “obıvatel”lərə asan görünə bilər. Hörmətli Nizami müəllimin bir fikrini də bölüşməmək olmaz, bəli, Yunus Oğuz “tarixin məişəti”nə məharətlə daxil ola, proseslərə geniş panoramadan baxa və Azərbaycan coğrafiyasının genişliyini oxucuların təsəvvürünə hopdura bilir.

Berdyayev deyirdi ki, rus təfəkküründə vətən sərhədsizdir. İkiyə bölünmüş vətənimizin siyasi sərhədləri orta statistik azərbaycanlılarda kiçiklik kompleksi yaradır. “Nadir şah” romanı bu kompleksdən əziyyət çəkənlər üçün yaxşı “reseptdir”.

***

Hər dəfə uçaqdan İstanbula baxdıqca- istər gecə olsun, istər gündüz- hansısa şairi oxumadığımı hiss edirdim. Mənə elə gəlirdi ki, İstanbuldan uzaqlarda bir türk ney çalır, şamanlıqla şairlik, şairliklə aşiqlik arasında qalanan ocağına üzərlik atıb, üzərlik çarthaçart yandıqca neyini üfürə-üfürə Tanrıya dua edir İstanbula göz dəyməməsi üçün.

Asiya ilə Avropanı birləşdirən şəhərin işıqları, yaxud günəşin dənizdə bərq vuran şüaları gözümə düşdükcə o neyin səsi qulağıma, o üzərliyin qoxusu burnuma gəlirdi. Qulağım səsi, burnum qoxunu aldıqca heç vaxt oxumadığım misraları duyurdum fəhmlə.

Bir gün, lap dəqiqi, 02.06.2009-cu ildə Elxan Zal Qaraxanlı “Türk əsrinin türküləri” adlı kitabını ərmağan etdi mənə və onun şeirlərini, düzünü desəm, saxta patriotların məndə yaratmış olduğu önyarğıyla candərdi vərəqləyəndə şamanlıqla şairlik, şairliklə aşiqlik arasında qalanan ocağın başından vurulan “teleqramı” oxudım: “könlündən fatehlik keçirsə, qızıl qandır xərci...”

Elxan Zal türkün tarixə axıtdığı qızıl qanın ozanıdır. Yaşadığı çağın deyil, bilincindəki, təhtəlşüurundakı zamanın ozanıdır. Qopuzunu qızılbaş havalarına kökləyən dədə ozandır, neyiylə alovu körükləyən baba dərvişdir, davulunda şaman ritmləri çalan qoca ovsunçudur, nal dəyən yerlərin el olması üçün qılınc çalan əsgərdir, ağzını Tanrıya tutub ulayan qurddur, qurd azanında torpağı öpən, göyü oxşayan ozandır! Ozan olmaq- şaman olmaq, şaman olmaq- şair olmaq, şair olmaq- aşiq olmaq, aşiq olmaq- ölümə tamarzı qalmaq deməkdir. Ölümə tamarzı qalan kişinin içində doğulur fatehlik, Polşada isə lap asanca və belə gözəl:

balıqçılar buzu dəlib balıq tutur,
bu dəlikdən qunduzdumu boylanan?
yaşam bizi buz qılafına salır, Anna,
ömür boyu yer tapmırıq boylanmağa.
kilsə zəngləri çalınır uzaqda,
mən “bismillah” deyirəm fikrimdə.
havada qarğalar çaxnaşır qar kimi,
və balıqçıların şikar heyrəti səslənir.
sevdim sənin Polonyanı,
sənin gülüşlərin kimi sevdim,
burada sənin kimi, hürr yönümlüdü hər şey,
və sənin kimi çılğındı bu torpaq.
“lexlər savaşqan xalqdı” deyirlər,
amma biz səninlə savaşmarıq yəqin.
seviş də bir savaşdı bəlkə, Pani Anna,
bir fateh doğulur içimdə səninlə olanda.