Don Kixot ölmür, Don Kixotluq yaşayır, amma...

Don Kixot ölmür, Don Kixotluq yaşayır, amma...

Migel de Servantes Saavedranın "Ağıllı zadəgan La Mançlı Don Kixot” romanı üzərinə 

Alonso Kixano İspanyanın kiçik bir şəhərində yaşayırdı. Cəngavər romanları oxumağı sevən Alonso Don Kixota çevrilir. Don Kixot  cəngavərlik romanlarının təsiri ilə xəyala qapılır,  keçmiş cəngavərlik ənənələrini yaşatmağı, şərə qarşı mübarizə aparmağı qərara alır. Köhnə silahlarla silahlanır, özünə Don Kixot adı verir. Bir kəndlini özünə köməkçi təyin edir. Bununla da, Don Kixotun macəraları  başlayır. Don Kixot nə etmək istəyir? O, ürəklidir, qorxmazdır, şərə qalib gəlmək, ədaləti bərpa etmək, dünyanı yaxşıya doğru dəyişmək istəyir. Amma hər şey əksinə olur. Yel dəyirmanlarını insanlara zülm edən əjdaha, qoyun sürüsünü  düşmən qoşunu sayır, onlarla döyüşür, qırmızı şərab tuluğunun "qanını” tökür, bağlı qəfəsdəki şirlərlə çarpışır, nökəri padşah təyin edir və s. Yəni dolayısı ilə, o özünü cəngavərlik kitablarında oxuduğu qəhrəmanlar kimi aparır. Nəticədə isə, onun etdikləri hər dəfə özünün döyülməsi, təhqir olunması ilə nəticələnir. Başına gələn müsibətləri isə cəngavərlərin qisməti hesab edir. 

Don Kixot xeyirxah insandır, bacısı qızını himayəsinə götürüb onu böyüdən yaxşı dayıdır. İnsanların ona gülməsinə baxmayaraq, insanları sevməkdən usanmır və onlara kömək etməkdən zövq alır. Amma öz aləmində. Don Kixotun öz aləmi isə reallıqdan uzaqdır.  Hamıya yaxşılıq etmək istəyi insanlarda qıcıq doğurur. 

Əsərdə humanizm, xeyirxahlıq ideyaları mühüm yer tutur.  Don Kixotun başına gələn hər şey onun xeyirxahlığından irəli gəlir. Amma, keçmiş ənənələrlə hərəkət etdiyinə görə və o ənənələri yaşatmağa çalışdığı üçün mənasızlaşır və gülüş obyekti olur.
 
Cəngavərin bir sevgilisi də olmali idi və Don Kixotdan ötrü bu gözəl heç vaxt görmədiyi Dulsineya idi. Xəyali bir eşq olan Dulsineyanı Don Kixot aristokrat ailənin qızı olaraq düşünür, Dulsineyanı dünyanın ən gözəl qadını sanırdı.  Don Kixot Dulsineyaya məktub da yazır, eyni zamanda onun simasının necə olduğunu Sanço Pansodan xəbər alır. Qəhrəmanımızın fantaziyaları bitib-tükənmək bilmir, belə ki, Don Kixota görə Dulsineya, həm də tilsimli idi. Bu tilsimi qırmaq üçün isə Sanço Panso özünü qamçılamalı olur. 


Bəs Sanço Panso kim idi? Sanço Panso Don Kixotun silahdaşı idi. Əsərin içində qəhrəmanın başına gələn hadisələrə Sanço Panso da ortaqdır. Don Kixotu bəzən xəbərdar edir, bəzən isə ikisi bir yerdə döyülür. Sanço Panso acgözdür. Qubernator olmaq istəyir. Don Kixot ona ada bağışlayır və Sanço Panso həmin adanın qubernatoru olur.  Amma Sanço bacarmır və geri dönür. 

Don Kixotun iki adı, iki dünyası var; real və irreal. Sonda o, irreal dünyadan real dünyaya qayıdır, başa düşür ki, onun bütün zəhməti heç imiş və dünyanın puçluğunu bizə öz timsalında göstərir.  

Əsər bizə mesajlar da verir; inanclarımız uğrunda mücadilə  edərkən kimsənin bizi yolumuzdan döndərməsinə izn verməməliyik, hər şeydən öncə öz doğrularımızı müdafiə etməliyik. Bəzən çabalarımızın boş olduğunu düşünərək qət etdiyimiz yolu yarıda buraxırıq. Nəticə etibarı ilə ideallarımızdan əl çəkirik. Bəzən də, sırf Don Kixot olmamaq üçün bunu edirik.

Dünya ədəbiyyatında Don Kixot kimi obrazlar yox deyil. Don Kixotu Hamletlə də müqayisə etmək olar. Kədərli Cəngavəri Hamletlə dünya və özü haqqında düşünüb dərk etməyə can atması, qəribə dəliliyi–qəmli, məzəli, gah gerçək, gah hədsiz romantik olması doğmalaşdırır. Don Kixot kimi Hamlet də geridə qalan əsrin baş verənlərə və gözlənilən dəyişikliklərə replikasıdır. Təsadüfi deyil ki, Hamlet də, Don Kixot da bu və ya digər personajlara təsir baxımından tez-tez yanaşı dururlar, – knyaz Mışkini xatırlamaq kifayətdir.

Don Kixotluq mübarizə formasıdır, ideologiyadır. Fərdin axına qarşı getməyi bacarması, psixoloji basqıya, istehzalara baxmayaraq əqidəsindən dönməməsi, tutduğu yola bütün səmimiyyəti ilə inanmasıdır.

Əsərin sonunda Don Kixot yenidən Alonso Kixanoya çevrilir, ölüm döşəyində olarkən hər şeyi dərk edir və deyir: "Mən artıq Lamançlı Don Kixot deyil, xasiyyətimə və adətimə görə xeyirxah təxəllüsü daşıyan Alonso Kixanoyam. Səyyah cəngavərlər haqqında kitablar indi mənə iyrənc görünürlər, düşüncəsiz hərəkətlərimi mən indi başa düşmüşəm”. 

Ölən Don Kixot deyil, Alonso Kixanodur. Əsər Alonso Kixanonun Don  Kixota çevrilməsi ilə başlayır və sonda da o, Alonso Kixano kimi ölür. Don Kixot isə məğlub olur, amma ölmür. 

Yazıçı əsərə belə bir sonluq verməklə  nə demək istəyir? Onu demək istəyirmi ki, don kixotlar həmişə olacaq və öz ömürlərini, enerjilərini bihudə yerə yel dəyirmanları ilə mübarizəyə sərf edəcəklər?

Amma mən düşünürəm, Don Kixot olmadan mənəvi dəyərləri dən kimi üyüdən gerçək "yel dəyirmanları”na qarşı mübarizə bütün zamanlarda insanın ən ülvi məqsədi olmalıdır.

Cəmilə ƏLİYEVA,
Xəzər Universitetinin tələbəsi