Dözümsüzlük sendromu

Dözümsüzlük sendromu

Qan Turalı
[email protected]

Azərbaycan yazarında bir dözümsüzlük sendromu var. Əslində bu ümumilikdə xalqın sendromudur, xalqın ciddi kompleksidir. Azərbaycan xalqı bir qayda olaraq özünə yönəlmiş heç bir iradı qəbul etmir, onu yalan hesab edir. Azərbaycan yazarı da öz xalqından seçilmir. İstər dözümsüzlük məsələsində, istərsə də başqa məsələlərdə. Azərbaycan xalqının orta statisistik üzvü üçün Azərbaycan elminin, ədəbiyyatının, mədəniyyətinin bütün dünyada analoqu yoxdur. Azərbaycan xalqı unikal və böyük xalqdır. Amma bütün dünya bizə qısqanc münasibət bəsləyir, çünki biz müsəlmanıq və türkük. Eyni şeyi türk xalqı haqqında da demək olar. Azərbaycan xalqı özünə vurğundur, özü haqqındakı yalanlara ürəkdən inanıb. Manqurt üçün başının dərisi nədirsə, ona yönələn hər əli kəsməyə necə hazırdırsa Azərbaycan yazarının da şəxsiyyəti və eqosu da elədir. Heç bir tənqid qəbul etməyən, özünə yönələn heç bir iradı anlamayan və bunların qısqanclıqdan doğduğuna inanan bir tipdir Azərbaycanlı yazar.
Biz dəfələrlə müxtəlif adamlar haqqında yazmışıq və onların bizə qarşı nə qədər dözümsüz olduğunu görmüşük. Əlbəttə, anlamaq çətin deyil ki, hər bir yazarın müəllif eqosu var, amma daha bu qədər cılız və xudpəsənd olmaq da heç bir işə yaramır.
Bir şeyi də xüsusi olaraq qeyd etməyə bir zərurət görürük. Cəmiyyətədə belə qəbul olunub ki, yazarın əsərini tənqid etmək olar, amma şəxsiyyətini yox. Bir dəfə Həmid Herisçi müsahibələrinin birində qeyd etişdi ki, bizdə olan "həyatı və yaradıcılığı" klişesi kökündən yanlışdır, çünki həyatdan ayrı bir yaradıcılıq mövcud deyildir. Bundan yaxşı nəsə yazmaq mümkün deyil. Azərbaycan ədəbiyyatında ciddi bir şəxsiyyət defisiti vardır. 60-cılar bu sahədə çox pis irs qoyub gediblər. Bu gün onların "zurnaçıları" olan gənclər də bu irsi davam elətdirirlər. Ortada şəxsiyyət yoxdursa əsər də yoxdur. Bilirəm ki, Elçin Əfəndiyev bu sözləri oxuyandan sonra faşizmə rəğbət bəsləmiş Haydeggeri, Gunter Qrassı misal çəkəcək. Belə olmağına baxmayın, Elçin Əfəndiyevin dərin intellekti var. Amma faşizm də özlüyündə bir ideologiya idi, özü də güclü ideologiya idi. Söhbət hansısa ideyadan maddiyyat ummaqdan yox, ideyaya sədaqətdən gedir. Elə Elçin Əfəndiyevin özü Kommunist Partiyasının qərarlarının ədəbiyyatda icra olunmasının vacibliyinə qədər onlarla məqalə yazıb. Düzdür, indi özü etiraf edir ki, bu məqalələr bədii əsərlərini yazmaq üçün gərəkli azadlığı qazanmaq üçün yazılıbmış. Olduqca kövrək arqumentdir. İsa Hüseynov bu məqalələrin birini də yazmayıb, amma bu ona Sovet dönəminin ən radikal əsərlərini yazmağa da mane olmayıb. Amma Elçin Əfəndiyev Sovet hökuməti dağılandan sonra AMİP-i seçdi. Öz qərarını Elçin Əfəndiyev bununla əsaslandırırdı ki, AMİP-in emblemində türkçülük var. İndi isə Elçin Əfəndiyevin harda olmasını hamı yaxşı bilir. Elçin Əfəndiyevdən yazarkən onun bu qədər zəngin bioqrafiyasına istinad etməmək mümkündürmü? Dəfələrlə yazmışıq, Elçin Əfəndiyevin şəxsi bioqrafiyası onun öz əsərlərindən dəfələrlə maraqlıdır. Bir sözlə, yazarın şəxsiyyəti və yaradıcılığı ayrılmazdır. Əsər yazanda cümlələri düzəltmək, dili gözəlləşdirməyə yazar nə qədər etina göstərirsə şəxsi həyatında da Şərə bulaşmamağa, siyasi hakimiyyətin "vintciyinə" çevrilməməyə də o qədər etina və diqqət göstərməlidir. Bütün bunlar Azərbaycandan kənarda "iki üstəgəl iki bərabərdir dörd" kimi adi görünür, lakin bizdə bunu dəfələrlə yazmağa ehtiyac var. Biz yazarkən şəxsiyyətlə əsəri ayırmırıq.
Biz indi konkret misallara keçirik. Yazılarımız yazılıb, oxuyan oxuyub, indi görün bu yazılara münasibət necə olub. Səlim Babullaoğludan başlayaq. Səlimin hansı sahədə istedadlı olması hamıya yaxşı bəllidir, bu Anara diframblar oxumaq sahəsində olan istedaddır, açığı deyək ki, Səlimin istedadı bu sahədə olduqca yağlı istedad təsiri bağışlayır. Amma mən Səlimin şeirləri haqqında ikicə sətir yazan kimi Səlim küçədə məni görəndə üzünü çevirməyə başladı. Səlimin bir şair kimi nəyə qadir olması barədə ədəbi kuluarlarda heç bir mübahisə getmir, o, bitmiş, tükənmiş bir şairdir, bəlkə də bu sözlərin özü də Səlim haqqında kompliment kimi də görünə bilər. Çünki bitmək və tükənmək üçün qabda bir şeyin olması da vacib şərtdir. Bütün bunlar nə anlama gəlir? Səlim və səlimkimilər özləri haqqında bir büt düzəldiblər, təriflənməyi gözləmədikləri kimi tənqidi də heç vaxr istəmirlər, özləri haqqqında eşitdikləri düz söz onları rəncidə edir. Bu rəncidəlik adi nəzakət qaydalarını pozmağa qədər davam edə bilər.
Başqa bir misal. Mənim dırnaqsız dostum Aqşin Yenisey. "Reytinq" qəzetində onun haqqında yazım çap olunandan bir həftə sonra "Alma"da "Qan Turalın qanaxması" adlı bir yazı yazdı. Bir il əvvəl Aqşinin "Azadlıq" qəzetində "dahi" adlandırdığı Qan Turalı indi "dılğır və tərbiyəsiz bir fəlsəfə məzununa" çevrildi. Dəyişən nə idi? Mənim haqqımda olduqca "yakışıksız" şeylər yazmağın səbəbi nədə idi? Bircə səbəb görürəm, onu da yazıram. Aqşin elə bir eqoizm səviyyəsinə çatıb ki, özü haqqında tənqidi bir cümləni də həzm edə bilməyir. "Sən kimsən ki, mənim haqqımda yazı yazırsan?" Aqşin belə düşünür. Amma Aqşinin siması mənə cavabı ilə daha yaxşçı açıldı, nəinki mənim yazım ilə. Bunu etiraf etmək gərək.
Ya da Cavanşir Yusifli. O, 525-ci qəzetdə olduqca zəif şeirlərini çap elətdirmişdi və biz də o şeirlər haqqında "Reytinq"də bir yazı yazdıq. İki-üç dəfə üzbəüz gəldik, mənə salam vermədi. Heç əvvəldən də salamlaşmazdıq. Arxada isə məni şillə-yumruqla hədələyir. Cavanşir Yusiflinin ciddi tənqidçi hesab etməsəm də onun tərcüməsində Pol Eşnoz və Patrik Züskindin romanlarını oxumuşam və mənim kimi neçə adam bu romanları oxuyub. Bir yazı ilə Cavanşir Yusiflini məhv etmək olmaz, amma Cavanşir Yusifli özünü o qədər kiçik görür ki, bir yazı ilə məhv olacağını və ədəbi mühitdə hörmətdən düşəcəyini zənn edir. Bir də insanın yaradıcılığın arxasında bütöv şəxsiyyət dayanmırsa və yazdıqları ədəbi masturbasiyadırsa onun haqqında tənqidi bir şey yazıb-yazmamağın heç bir önəmi yoxdur, Əlahəzrət Zaman özü hər işi yerinə qoyacaqdır.
Ya da hər zaman şəxsiyyətinə və yaradıcılığına ciddi hörmət etdiyim Murad Köhnəqala. Murad haqqında yazdığım yazı 525-ci qəzet üçün yazılmışdı, lakin Anar Rzayevin təzyiqi ya da Rəşad Məcidin "özünüsığortalama" cəhdi kimi mənim bu yazım 525-ci qəzetdə çapı dayandırıldı. Yeri gəlmişkən, yaşlı nəslə mənsub yazıçılardan biri mənimlə söhbətində dediyi bir cümləni olduğu kimi bura yazıram: "Mən bilirdim ki, Rəşad Məcid Anardan çəkinir, amma bilmirdim ki, o, Anardan qorxur". Hər nəsə. Sözügedən yazı "Ədalət" qəzetinin Nar əlavəsində çap olundu. "Ədalət" qəzetinin nə qədər ədalətli və demokratik qəzet olduğunu hamı bilir. Azər Abdulla Xanəmirin yeni romanı haqqında bir məqalə yazıb 525-ci qəzetə aparıb, Rəşad Məcid (yenə Rəşad Məcid. Deyəsən bu gün onun günüdür) bu yazını çap eləməyib. Azər Abdulla Aqil Abbasa pənah gətirib. Aqil müəllim yazını çap edib, amma axırına da bir P.S. yazıb: "Mən də bu romanı oxumuşam, amma heç nə başa düşmədim". Murada qayıdaq. Murad haqqında yazdığım yazı kifayət qədər pozitiv notlarla bol idi, lakin Muradın "Bulud pinəçisi" povestinin dilinə ciddi iradlarım (yekə çıxmasın) var idi. Murad yazını oxuyub mənə təşəkkür etdi və dedi ki, irad tutduğun cümlələri özün yazıb, özün də tənqid etmisən. Bəli, bu həm şəxsiyyəti, həm də yaradıcılığı ilə ən demokratik yazarımız Murad Köhnəqalanın ədəbi tənqidə münasibətidir.
Bu sözləri yazmaqla kimlərinsə xətrinə dəymək istəmirik, zatən bunu etmək istəsək, açıq şəkildə deyərik. Sadəcə olaraq, yazıya dözüm göstərmək lazımdır. Mən bilirəm ki, bu asan deyil. Bunun üçün böyük xarakter və ciddi əsərlər sahibi olmaq lazımdır. Mətləbi çox fırlatdıq, səbəbə axırda gəldik. Yazarda böyük yaradıcılıq potensialı və titanik şəxsiyyət birləşməsə, onu adi bir yazı məhv edə bilər. Dözümsüzlük sendromunun əsas səbəbi də buradan gün işığına çıxır.