Ədəbiyyatın parlayan ulduzu nəşriyyat dünyasının kirli həqiqətlərini ifşa edir

Ədəbiyyatın parlayan ulduzu nəşriyyat dünyasının kirli həqiqətlərini ifşa edir

Çin əsilli amerikalı yazıçı R.F. Kuang "Sarı üz" adlı yeni romanında nəşriyyat dünyasını sərt tənqid edir və oxucunun necə manipulyasiya edildiyini təsvir edir

Ədəbiyyatın parlayan ulduzu və onun sərt təpkisi

Dünya ədəbiyyatının yüksələn ulduzlarından biri olan R.F. Kuang (Kuang Fang-yin), Çinin Quanqjou şəhərində anadan olub və dörd yaşında ailəsi ilə birlikdə ABŞ-a köçüb. Kuang Dallas şəhərində böyüyüb. Kiçik yaşlarından yazıya maraq göstərib və təhsilini bu istiqamətdə davam etdirib. 2018-ci ildə "Marshall" təqaüdü ilə Kembric Universitetinin "Magdalene" kollecində təhsil alıb. Ertəsi il Oksford Universitetində müasir Çin araşdırmaları üzrə magistr dərəcəsi alıb. Daha sonra ABŞ-a dönərək Yel Universitetində Şərqi Asiya dilləri və ədəbiyyatları üzrə doktoranturaya başlayıb.

Yarpaq.Az-ın verdiyi məlumata görə, onun Çin hərbi fantastikası janrında yazılmış trilogiyasının ilk romanı olan "Haşhaş müharibəsi" yeddi il əvvəl çap olunub və tənqidçilərin rəğbətini qazanıb. Kuang 27 yaşına çatmadan artıq beş kitabını oxuculara təqdim edib. Bu uğurun ardınca "Sarı üz" romanını yazıb. Kitab bir çox mükafata layiq görülüb və bestseller siyahılarında yüksəlib.

"Ən pis kabusum”

Kitabın əsas qəhrəmanı Kuang ilə demək olar ki, eyni avtobioqrafiyaya sahib olan Atena Liudur. Kuang bu oxşarlığı gizlətmir və deyir: "Atena mənim üçün ən dərin güvənsizliklərimlə üzləşmə yoludur. O, mənim ən pis kabusumdur!”

Atena ədəbiyyat dünyasının ulduzu ikən, ən yaxın dostu Cunun yanında qəfil dünyasını dəyişir. Onu hədsiz qısqanan Cun həmin gecə Atenanın I Dünya müharibəsində çinlilərin yaşadıqlarından bəhs edən "Son cəbhə" adlı romanının qaralamasını oğurlayır. 

Onların dostluğu çox əvvəllərə dayanır. Ortaq arzuları yaxşı bir yazıçı olmaqdır. Atena bunu bacarır, lakin Cun daim geridə qalır. Cun, Atenanın bu yüksəlişini irqi fərqlərə qarşı tətbiq olunan pozitiv ayrı-seçkiliyin nəticəsi hesab edir. Onun nəşriyyat dünyasının diqqət çəkmək üçün qoyduğu yazılmamış qaydalara uyğun davrandığını və asiyalı kimliyini ön plana çıxararaq uğur qazandığını düşünür. Daha sonra isə həmin mətni yenidən yazaraq öz adı ilə nəşr etdirir və nəhayət, arzuladığı şöhrətə qovuşur. Təbii ki, şöhrətlə yanaşı sərt tənqidlər də gəlir. Ən sərt sual isə budur: "Ağdərili bir şəxs çinlilərin hekayəsini yaza bilərmi?” Cun hər tənqidə cavab versə də, nəhayət, həqiqətlər üzə çıxır.

Bəs reklamın yaxşısı və pisi olurmu? Xeyr, çünki bu gün qazanmağa fokuslanan dünyada, işə sosial media da qarışanda bir gündə yüksəlmək də, batmaq da mümkündür. "Sarı üz" idealların necə məhv olduğunu, şəraitin insanları necə dəyişdirdiyini göstərir və oxucunu heç kimin günahsız olmadığı gerçəyi ilə üz-üzə qoyur.

"Qalmaqallar paketlənib istehlak məhsuluna çevrilir”

"Sarı üz" irqi ayrı-seçkilik mövzusunu fərqli bir bucaqdan gündəmə gətirir. Dəridəki rəngin gətirdiyi üstünlüklər və çətinliklər fonunda bu vəziyyətin kimə necə xeyir verdiyini müzakirəyə açır. Sadəcə bununla kifayətlənmir, nəşriyyat dünyasının populyarlıq naminə nələrdən vaz keçdiyini də ifşa edir. Bundan əlavə, sosial medianı da işin içinə qataraq oxucunun necə manipulyasiya edildiyini ortaya qoyur. Kuang içəridən daha da dərinə enərək nəşriyyat/yayınçılıq dünyasının bütün "kirli paltarlarını” ortaya tökür. "Öz ayağına atəş açır” kimi tənqidlərə isə bir müsahibəsində belə cavab verir:

"Sistem tənqidi də qazanc vasitəsinə çevirir. "Sarı üz" mahiyyətcə bədbin bir hekayədir, çünki qorxunc bir qalmaqalı üzə çıxarır və bu qalmaqalın necə asanlıqla paketlənib başqa bir istehlak məhsuluna çevrildiyini göstərir.”

Yarpaq.Az