
Əkrəm Əylisli: "Elçin zəng edib dedi ki..."
Müsahibə
- 04.08.2025
- 0 Şərh
- 66 Baxış
Azərbaycan Yazıçılar Birliyinin sədri, yazıçı Anar mərhum yazıçı Elçin Əfəndiyevin ölümündən danışarkən təsirli bir məqama toxunub. Anar sonuncu dostunu itirdiyini xatırladıb:
"Mənim üçün çox böyük itki, çox böyük ağrıdır. Elçinin ölüm xəbərini almışam. İndiyə qədər özümə gələ bilməmişəm. Bir yazı da yazmışam, "Ədəbiyyat qəzeti"ndə çıxacaq. Böyük nasiri, dramaturqu, tənqidçini, ictimai xadimi, qayğıkeş ailə başçısını itirdik. Mən isə bizim nəsildən olan sonuncu yaxın dostumu itirdim".
Elçin Əfəndiyevin yaxın dostlarından biri olan Əkrəm Əylisli də onun ölümünə təəssüfünü bildirib. Onun Qaynarinfo-ya müsahibəsini təqdim edirik:
- Əkrəm bəy, nəslinizdən bir yarpaq da düşdü, Elçin Əfəndiyev sizi tərk etdi...
- Bizim məlum hadisələrdən sonra Elçinlə münasibətlərimiz yox idi. Onunla əvvəl çox yaxşı dost idik. Sonra bütün münasibətlər qırıldı. Bir gün eşitdim ki, Elçin xəstədir, Türkiyədə əməliyyat olunub. Xəstəxanadan evə qayıdandan sonra mənə zəng etdi. Çox mehriban bir səslə, sanki aramızda heç nə olmamış kimi. Xeyli söhbət etdik, ordan-burdan danışdıq. Tələbəlik illərinə döndük. Nə o, nə də mən məlum hadisələrin üstünə gəldik...
Günlərin birində yenə Elçindən zəng gəldi. Dedi: "Əkrəm, bağdayam, əlində nə işin varsa qoy, dur gəl bizə, səni çox görmək istəyirəm". Elçin bu görüşü çox istəyirdi. Təəssüf ki, mən həmin görüşə gedə bilmədim. Elçin bu hərəkəti ilə aramızda olan bütün olan-qalanları unutmuşdu. Böyük bir iz qoydu yaddaşımda, artıq o, mənim nəzərimdə əvvəlki dostum Elçin idi.
- Arzulanan görüşdə bəlkə nəyisə Sizə etiraf edəcəkdi?
- Əslində, onun mənə zəngi özü etiraf idi. Onun ağır əməliyyatı olmuşdu, hardasa 38 saata yaxın - az zaman deyil. Çox əziyyətlər çəkmişdi. Uzun müddət xəstəxanada müalicə aldı, ailəsi də yanında qalırdı. Görünür, xəstəxanada olanda həmin vaxt bütün həyatını lent kimi gözdən keçirib, nəyin düz, nəyin yanlış olduğunu dərindən dərk edib. Çünki telefon zəngi zamanı belə dedi: "Əkrəm, tanıdın kimdir?" Qəribədir ki, Elçin uşaqlıqdan anasız böyüyüb. 3 yaşından anası ölüb, onu atası böyütmüşdü. Onun səsində həmişə nisgil var idi, mənimlə danışanda isə səsi titrəyirdi.
- Elçin Əfəndiyevin zəngindən sonra hər şeyi unutdunuz?
- Əlbəttə, geri yol yox idi. Elçinin mənim yaradıcılığıma, hər hansı bir əsərimə münasibəti heç vaxt o şəkildə ola bilməz ki, ona qarşı kəskin mövqe nümayiş etdirsin. Mən onu yaxından tanıyıram.
- Elçin Əfəndiyevin dəfn mərasiminə gedəcəksiniz?
- Təəssüf ki, özüm də yaxşı vəziyyətdə deyiləm. Vəziyyətim yaxşı olsaydı, gedərdim. Dəfnə gedə bilmədiyim üçün sizin vasitənizlə Elçinin ailəsinə başsağlığı verirəm. Onun ailəsini, Nüşabə xanımı yaxşı tanıyıram. Qızlarını çox sevirdi. Elçin qızı olduğundan narahatlıq keçirirdi. Bununla bağlı məlum bir söhbət də var. Elçin Yusif Səmədoğluna zəng edib ki, "Yusif, yenə də mənim qızım oldu". Yusif də ona toxtaxlıq kimi deyib ki, "evdə kişi bir olar". Qızlarından ibarət gözəl bir ailə tablosu var idi. Onun üç qızı var. Hər birinə başsağlığı verirəm.
- Səhhətiniz düzələndən sonra Elçin Əfəndiyevin qəbrini ziyarət edəcəksiniz?
- Sağlıq olsun, Allah mənə elə bir imkan versin ki, onun qəbrini ziyarət edim.
Bahar Rüstəmli