Ərini sevgilisiylə görüşdürən qadın

Ərini sevgilisiylə görüşdürən qadın

Adətən, yorğun vaxtlarımda bestseller oxuyuram. Həmişə ciddi əsərlər oxumaq olmur, beyin yüklənir. Stendalın "Qırmızı və qara” romanını oxuyub bitirməyə az qalmış hiss etdim ki, yorulmuşam. Yazdığım romanla bağlı qədim Misir və Şumer ədəbiyyatını yenidən gözdən keçirməli oldum. Üstəlik, arada vaxt tapıb Kəramət Böyükçölün "Səkkizinci gün” romanını da oxudum. Sonuncu haqqında ayrıca bir yazı yazmağı planlaşdırmışam.

Nəyi demək istəyirəm? Bu dəfə də zehni yorğunluğu aradan qaldırmaq və beynə dinclik vermək üçün fransız yazıçısı Mark Levinin əlimə keçən "Haradasan” romanını bir gecəyə oxudum. İndiki çağımızda insanların böyük əksəriyyəti sevgisizlikdən əziyyət çəkir. Müvəqqəti çətinliklər iki insan arasındakı bağları çox asanlıqla qırır, romantika gerçəkliklə toqquşub sevginin külünü göyə sovurur. Yeni dünyanın gəncləri hər şeyə, elə sevdiklərinə də asanlıqla sahib olmaq istəyirlər, sevgiyə əmtəə kimi baxırlar, qızlar sevdikləri oğlanın ruhi durumunu yox, maddi vəziyyətini araşdırırlar, oğlanlar çox vaxt öz istəklərinin arxasınca getməyi bacarmırlar, özləri üçün süni maneələr yaradırlar. Oğlanlar macəra, qızlar təminat axtarırlar.

Qəribə səslənsə də sevgi qəlbin idmanıdır, düzdür, proses beyində gedir, ilk olaraq beyin ürəyə siqnallar ötürür. Bundan sonra ürək üstünlüyü ələ alır. Sevgilimizin bir zəngi ürəyimizin çırpıntısına səbəb olur, onunla görüşə gedərkən onu görüş yerində görməyəndə ürəyimiz əsir, küsüşəndə, onu bir gün görməyəndə, səsini eşitməyəndə ürəyimiz sıxılır...

Bir dəfə yazmışdım, təkrar yazmaqda fayda görürəm. Sevgi onun qapısına dilənçi kimi gələnləri cəzalandırır, sevgi fədakar aşiqlər, kamikadzelər istər. Hardadır indi o fədakar aşiqlər?..

Mark Levinin "Haradasan” romanı böyük insan sevgisindən bəhs edir. Gənc cütlük Filipp və Suzan bir-birlərini ömürlük sevəcəklərinə söz verirlər. Amma həyatın axarı onların hərəsini bir səmtə atır. Qız, təbii tələfat nəticəsində yurd-yuvasını itirmiş insanlara yardım edən qrupun tərkibində güclü uraqanların baş verdiyi Mərkəzi Amerikaya yola düşür. Filipp isə Manhettendə qalır. Bundan sonra onlar sadəcə, məktublaşırlar. Aradan xeyli zaman keçir, Suzan dəfələrlə ölümlə üz-üzə gəlir, uzaq bir yerdə tənhalıq onu üzüb əldən salır, həyatla mübarizədə məğlub olmamaq üçün kimlərləsə yatağını bölüşmək məcburiyyətində qalır. Oğlan da yaşadığı şəhərdə Mariya adlı qızla tanış olur və bu haqda Suzana məktubunda yazır. Uzaq məsafələr onların arzularını məhv edir. Onlar cəmi iki-üç dəfə aeroportda ayaqüstü görüşürlər. Filipp Mariya ilə evlənmək istədiyini ona deyir. Təbii ki, bu, qız üçün böyük zərbədir. Amma o, öz həyatını yaşamağa macal tapa bilmir. Filipp onu toyuna dəvət edir, qız uzaq məsafəni qət edib Manhettenə gəlir, kilsədə xoşbəxt cütlüyü uzaqdan seyr edir və gizlicə çəkilib gedir.

Filipp bir dəfə Suzana onun başına bir iş gələcəyi halda daim onun yanında olacağına söz verir. Elə bu söz də onun həyatını tamamilə dəyişir.

Bir gün Filippgilin qapısı döyülür və ona doqquz yaşlı bir qızı təhvil verirlər. Məlum olur ki, Suzan tufan vaxtı həyatını itirib. Filipp və Mariya bu qızı öz övladları kimi böyüdürlər. Qız hamı kimi məktəbə gedir, rifah içində yaşayır. Amma daim anası üçün darıxır, uzun müddət bu ailəyə uyğunlaşa bilmir. Qızın on doqquz yaşı tamam olanda anası qəfildən peyda olur və qızına diplom veriləndə liseyin zalında sakitcə oturub qızının xoşbəxtliyini seyr edir. Fılipp instinktiv olaraq hiss edir ki, Suzan zaldadır.

Təbii ki, sonrakı proseslərdə qız öz doğma anasıyla görüşür. Anası ona izah edir ki, sən mənim yanımda qalsaydın, məhv ola bilərdin, buna görə mən sənin yaddaşında heç vaxt yaxşı ana olmağı bacara bilməyən bir insan kimi qalmağa idim. Mariya da ərinin bu sevgisinə hörmətlə yanaşır və Lizanı öz doğma övladı kimi böyüdür. Bu, əlbəttə, fədakarlıqdır.

Bu tipli insanların daxili dünyalarındakı dialoqlar onları daim həyatın bütün gözlənilməzlikləri və zərbələri qarşısında hazırlıqlı edir. Qadınla kişi arasında ayrıca bir dil mövcuddur, bu, sevginin dilidir. Onlar bu dili bilməsələr, anlaşa bilməyəcəklər. Sevgini nümayiş etdirmək yox, hiss etdirmək önəmlidir, iki insan arasında yaşanan hisləri nümayiş etdirmək qeyri-etik bir şeydir.

Bu mövzu bitməyən, tükənməyən mövzudur. Bu gün sevənlərin günüdür deyə, fürsət düşmüşkən, yenə sevgidən yazdım. Sevgimizi və sevdiklərimizi qoruyaq.  

//1937.az