Furqan. Gizir (HEKAYƏ)

Furqan. Gizir (HEKAYƏ)

   Əlimdəki balaca söyüd budağıyla torpaqda müxtəlif şəkillər çəkməyə çalışıram, yaxşı alınmır. Yenə çəkirəm, yenə alınmır, amma çəkməkdən doymuram, çünki bu dəqiqə bundan yaxşı məşğuliyyət yoxdu. Boş-boş oturmuşuq. Üç yüzə yaxın əsgər. "Maladoy tabordu" bura. Təxminən saat on birə qədər andiçməyə məşq edirik, gün qızan kimi salırlar bizi söyüdlərin altına, yemək vaxtını gözləyə-gözləyə otururuq. Nə qədər oturmaq olar?! Qasımzadənin fit səsini eşidəndə hamının üzü gülür. Fıştırığıyla elə yaxşı mahnılar ifa edir ki... Bəzən özünü naza qoyur, yalvarırıq ki, Qasımzadə noolar, bir mahnı çal, "Sarı gəlin"dən-zaddan, gör neynirsən. Axırda razılaşıb güldürməmək üçün bizə son tapşırıqlarını verib başlayır başqa bir mahnını ifa eləməyə. Əsgər üçün bundan gözəl nə ola bilər...

   Hamı xəyala dalır, hamı uzaqlardadı. Mən hardayam görəsən?! Birdən fıştırıq səsi kəsilir, hamı qayıdır. "Nə oldu, nə tez dayandın?" deyə soruşuruq. "Yoruldum" deyir.
   "Çaynı"ya getsəydik siqaret alardıq - deyir kimsə, fikir vermirəm, çünki çəkən deyiləm. 

   Hərbi hissəyə təzə gələndə elə bilirdim bir-iki günlük qonağam, sabah, ya da birisigün çıxıb gedəcəm evə, ona görə də hələ hər şey maraqlı gəlirdi, darıxmırdım. Amma bir neçə gün keçəndən sonra darıxmalar başladı. İllah da bu söyüdlükdə boş-boş oturanda adam daha çox darıxır. Bir kitab da yoxdu oxumağa. 

   Gələn gün axşamtərəfi rütbəsini bilmədiyim bir zabit - hələ rütbələri bilmirdim onda - bizi düzüb balaca bir çıxış elədi ki, heç kəs narahat olmasın, burda heç kimi döymürlər, heç kimi söymürlər, hamı gecə rahat yatsın. Təbii, inananlar da oldu, inanmayanlar da. Mən onsuz da heç narahat deyildim, çünki kimisə döysəydilər iri, canlı əsgərləri döymək istəyərdilər hər halda, mənə yaxın durmazdılar, çox cılızam, əlli beş kiloyam cəmi. Elə də oldu, səhər saat altıdakı "qalx" komandasına kimi rahat yatdım. Sabahısı gün bizi bölüklərə böldülər, mən on beşinci bölüyə düşdüm. 

   Amma hələ bölük nədi, manqa, tağım, tabur, briqada nədi, bilmirəm. Bircə onu düşünürəm ki, görəsən nə vaxt yatacağıq bir də, yuxum tökülür...

   İndi təxminən iyirmi gün keçib gəlişimizdən, amma mənə elə gəlir ki, bir əsrdi bu söyüdlükdə oturub əlimdəki söyüd budağıyla torpağın üstündə şəkil çəkməyə çalışıram.
   Bölük komandirimizin rütbəsi kapitandı, soyadı Vəliyevdi. Bölüyümüzün baş çavuşunun da soyadı Vəliyevdi, gizir Vəliyev. O biri əsgərləri bilmirəm, mən kapitan Vəliyevdən çox gizir Vəliyevdən qorxuram. Bir qışqırmağı var, deyirsən görəsən bu səs bu arıq adamdan çıxır?! Bir neçə gün əlində tutduğu uzun bir çubuqla gəzdi, sonra kapitan Vəliyevin dediyi "Vəliyev, o çubuğu yox elə!" komandasından sonra bir də çubuğu görmədik.

   Bir neçə dəfə o çubuqla əsgərləri astadan da olsa vurduğu olmuşdu və deyəsən həmin hadisələri komandirə deyənlər də olmuşdu.

   Adımız üstümüzdədi - "maladoy"uq. Mayora "brat" deyən də var, komandirə "müəllim" deyən də. Ciddi sözümdü. Sıra düzülüşündə əsgərlərdən birinin "müəllim, icazə olar ayaqyoluna gedim?" deməyinə necə gülmüşdüksə kapitan Vəliyevin "uşaq baxçasıdı elə bil" deməsi və yağlı bir söyüş yapışdırması hamıya ləzzət eləmişdi. 

   Bir dəfə də səhər yeməyindən sonra sıra baxışında hardansa ilk dəfə gördüyümüz bir mayor gəlmişdi və bir-bir bütün əsgərlərin sir-sifətini, üst-başını yoxlayırdı. Kimin qarşısında dururdusa həmin əsgər özünü təqdim edirdi. Məsələn belə:

   "Cənab mayor, beşinci tabur, on beşinci bölük, birinci tağım, üçüncü manqa, əsgər Filankəsov!"

   Gəlib sağımdan ikinci əsgərə çatdı və həmin əsgər özünü təqdim edəndə çaşdı:

   "Cənab tabur, beşinci mayor, on beşinci bölük, üçüncü tağım, ikinci manqa, əsgər Filankəsov!"

   Ciddi görkəminə baxanda "bu adam yəqin gülə bilmir" kimi düşünə biləcəyin mayordan bir pıqqıltı çıxdı, gəl görəsən...

   Adımız üstümüzdədi - "maladoy"...

   Amma darıxdırıcı da olsa günlər keçir. Necə olmalıydı ki, guya?! Əsgərlikdi də, kurorta gəlməmişik ki...

   Hələ bizə nəzarət edən "qoca" əsgərlərin belə deməsi adamı daha çox yandırır:

   "Uy daa, siz təxris olunana qədər uçan maşınlar icad olunar!"

   Yaxşı ki, mən ali təhsilliyəm, bu söz məni çox yandırmır. 

   Gizir Vəliyev bizə göz verib işıq vermir. Əsgərlərdən kimi dindirsən deyir ki, "mülkidə bunu görsəm, tikə-tikə eləyəcəm". Heç kəsin ondan xoşu gəlmir, sifətindən də nə vaxt baxsan zəhrimar tökülür. Elə bil bu adam söyüş söymək üçün yaradılıb. Kapitan Vəliyev amma qızıl kimi adamdı. Düzdü, onun da üzü gülmür, amma yəqin elə hərbçilər belə olurlar, gülmürlər yəni. Zəhrimarla zəhmi artıq ayırd edə bilirik, nə olsun ki, "maladoy"uq. 

   Maxelər isə ayrı aləmdilər: içlərində söyüş qazananlar da var, dua qazananlar da. Birincilərdən daha çoxdu nədənsə. Eləsi var ki, özünü prezident sayır. "Nə özünü dartırsan?" - fikri çoxumuzun beynində fırlanır.

   İki aya yaxın vaxt keçib, öyrəşmişik daha. Əsgər Musayevlə dostlaşmışıq. Düzdü çox eşitmişəm ki, əsgərlikdə dost olmur, təxris olunana qədər olur əsgərlikdəki dostluq, amma inanmıram. Bəlkə də elədi, nə bilim, onu zaman göstərər. Hələ ki, dostluğumuz pis getmir, söhbətimiz tutur. O da ali təhsillidi, boş vaxtlarda oxuduğumuz kitablardan danışırıq, maraqlı söhbət alınır. Vaxt tez keçir sanki.

   Abbaszadəylə də həmçinin söhbətimiz alınır, kinoşünasdı, kinolardan və kitablardan danışırıq. Qafarlı da yaxşı oğlandı, həm də yerlimdi, az da olsa onunla da söhbət edirəm. Vaxt keçir də... 
   Gün saymamaq olmur. Nə qədər desəm də gün saymayacam, alınmır, adam istər-istəməz hesablamalı olur.

   Musayevin telefonunu tutmuşdu gizir Vəliyev, beş manat alıb qaytardı özünə. "Bir də alsam qaytarmayacam ha!" deyib. "Qaytararsan, beşliyi görəndə balasını görən ata kimi sevinirsən, niyə qaytarmırsan ki?"- bu da Musayevin gəldiyi qənaətdi. Məncə düz deyir.

   Üstündən iki gün keçəndən sonra gizir Vəliyev Musayevə söydü, bu da, gözünə dönüm, eləmədi tənbəllik, dedi ki, sən kişiliyivi beş manata satdın o gün, hansı kişilikdən dəm vurursan?
   Bunu heç deyərlər? Musayevin qolundan tutub apardı düz tabur komandiri mayor Şıxəliyevin otağına. Mayor Şıxəliyev Musayevə heç nə deməyib otaqda, deyib ki, ağıllı oğlana oxşayırsan, get qulluğuvu elə, bir də belə şeylərlə qabağıma çıxma.

   Mayor Şıxəliyev demişkən, ondan danışmadım heç. Tabur komandirimizdi. Otuz səkkiz yaşı var, amma rahat-rahat əlli beş-altımış yaş vermək olar. Hərbi adamı qocaldır, bəli. Qoca görünməyinə baxmayaraq turnikdə bir hərəkətlər edir ki, üç yüz nəfər əsgərdən heç kəs onun etdiklərini təkrarlaya bilmir. Qaçışda da heç kəs onu ötə bilmir. Deyilənə görə kəşfiyyatçı olduğu vaxtlarda ermənilər başına çoxlu pul qoyublarmış. İnandırıcıdı, ola bilər. 

   Bir-iki dəfə kitab oxuyub bizə. Çox əsgərə sıxıcı gəlir, mənə ləzzət edir.

   Üstündən dörd il keçib bütün bunların. 

   Bu dəqiqə televizorda dedilər ki, ötən gecə cəbhədə baş verən atışmada bir gizir şəhid olub, bu dediklərimi də elə ona görə xatırladım.

   Bizim gizirdi yəqin - Vəliyev. Adı, soyadı eynidi. Şəklini göstərsəydilər daha yaxşı olardı, göstərmədilər. İnternetə baxmaq lazımdı, şəkli yayılar bir azdan.  

   Onun olduğuna inana bilmirəm. Şəhid olub e!

   Şəhid olmağı ona yaraşdırmaq olmur axı. Yəqin başqasıdı, o deyil. 

   Xəbər saytlarına girmək üçün telefonu götürürəm. Görəsən odu?! Nə bilim vallah...