Gi de Mopassan. Fahişə kişi - HEKAYƏ

Gi de Mopassan. Fahişə kişi - HEKAYƏ

Böyük fransız yazıçısı Gi de Mopassanının "Fahişə" kişi hekayəsini Azad Yaşarın tərcüməsində Kult.Az oxucularına təqdim edirik:

Tez-tez belə sözlər eşidirik: "Bu kişi adamı lap özünə heyran edir, ancaq neyləyəsən ki, fahişədir, həm də əsl fahişə!” Məmləkətimizin bağrında qara yara olan fahişə kişilər barədə adətən belə deyirlər.

Çünki Fransadakı bütün kişilər, içi biz qarışıq, fahişədir: onlar, eynilə qadınlar kimi, dönükdürlər, şıltaqdırlar, etibarsızdırlar, adətən  nə istədiklərini bilmirlər, öz düşüncə və niyyətlərindən tez-tez sapırlar, hərdəmxəyal və iradəsizdirlər.

Əlbəttə, bütün bu fahişə kişilərin ən betəri parislilərdir: daim bulvarda veyillənən və intellektini hamının gözünə soxmağa çalışan belələrinin şux qəhbələrə xas işvələri və aşkar nöqsanları kişilik özəllikləriylə əsla bir araya sığmır.

Bizim deputatlar palatası isə fahişə kişilərlə dolub-daşır. Cazibədar opportunistlərin (düşdüyü şəraitə asanlıqla uyğunlaşan siyasətçilərin – A.Y.) orada təşkil etdiyi əksəriyyəti bizim "süsənlər” adlandırmamız əsla qəbahət sayılmaz. Öz niyyətlərini şirin dilləri və yalançı vədləri hesabina həyata keçirən bu cür tiplər adamın əlini elə sıxırlar ki, könlünüz bir anda bunların köləsinə çevrilir. Təzə tanışlarına dərin və xüsusi səmimiyyətlə "Əziz dostum” deməyi bacaran bu şəxslər heç ruhunuz da hiss etmədən rəğbətinizi qazanır, hər cür yeni ideyanı qəbul etməyə hər zaman hazır görünürlər. Öz mövqelərini yaranmış şəraitə görə dəyişməkdə flüger kimi mahir olan bu tiplər başqaları qədər özlərini də asanlıqla aldatmağa qadirdirlər. Bu gün dediklərini sabah dəbbələmək, vədindən caymaq onlar üçün adi haldır.

Qəzetlərdə də fahişə kişilər çoxluq təşkil edirlər. Hətta deyərdim ki, orada onlar daha boldur, çünki redaksiyalarda onlara daha böyük tələbat duyulur. Əlbəttə, bəzi nəşrlər bu baxımdan istisna sayıla bilər, məsələn, "Deba” və "Qazet de Frans”.

O da gerçəkdir ki, istənilən yetkin jurnalistdə fahişələrə xas bəzi özəlliklər olmalıdır: axı, onlar oxucu kütləsinin zövqüylə ayaqlaşmağa məcburdurlar, toplumda dolaşan şayiələrin bütün məqamlarını ayrı-seçkilik qoymadan izləyə bilməkdən ötrü onlar xeyli əsnək davranmalıdırlar, hərtərəfli olmaqla yanaşı, dəqiq cavablardan yayınmalı, hər şeyə həm şübhə, həm də dərin etimadla yanaşmalı, həm acımasız, həm də fədakar olmalı, həm itoynadan, həm də cənab Prüdom kimi hər şeyə maraq duymalı, özünü hər zaman kinayəli və inanan biri kimi aparmalı, əslində isə heçcə nəyə inanmamalıdır.

Xanım Abel əmindir ki, xaricilər – dediyində duran ingilislərlə gonbul almanlar – bizim tam əksimizdir, onlar indinin özündə də bizi nifrət qarışıq bir heyrətlə süzürlər və bu yüzilin sonuna qədər də buna davam edəcəklər. Onlar bizi yelbeyin millət sayırlar. Halbuki yanılırlar: biz – fahişəyik. Məhz elə buna görə də, bizi sevirlər, bu baxımdan pis cəhətlərimizə göz yumur, nöqsanlarımıza rəğmən, daim bizə can atır və özlərinə bu cür haqq qazandırırlar: "Sevənlər küsər də, barışar da!”

Kübar aləmdə fahişə kişi ilə beşcə dəqiqəlik söhbət yetərlidir ki, öz cazibəsiylə müsahibinin könlündə özünə taxt qursun. Sanarsınız ki, onun təbəssümü yalnız və yalnız sizə ünvanlanıb, səsindəki zərif nəzakət dolu intonasiyaların da tək ünvanı sizsiniz. Ayrıldığınız vaxt onunla azı iyirmi ilin tanışı olduğunuza əsla şübhə bəsləməzsiniz. Hətta istəsə, ona bəlkə borc pul da verərsiniz. Çünki sizi eynilə bir qadın qədər özünə heyran qoyar. Hətta çox dürüst davranmasa belə, siz ona açıq nifrət bəsləyə bilməzsiniz, çünki hər görüşdə nəzakətiylə sizi ovsunlayar! Yoxsa o, üzrxahlıq edir? Siz buna imkan verməz, onu qabaqlayarsınız. Bəlkə o, yalan danışır? Buna heç vaxt inanmazsınız! Yoxsa o, sizi barmağına dolayıb və verdiyi vədlər ucdantutma yalan çıxır? Ancaq siz özünüzü sırf bu vədlərə görə ona borclu sayır və inanırsınız ki, sizə yarınmaq, bir qulluq eləmək üçün o, yerin altını üstünə çevirib!

Bir şeyə heyranlığını bildirərkən o, öz duyğularını elə içdən ifadə edir ki, sözləri könlünüzün tellərini titrədir. Dünən o, Viktor Hüqoya valeh idi, bu gün isə onu sarsaq adlandırır. Emil Zolyadan ötrü əvvəllər duelə çıxmağa hazır görünən bu hərif indi onu Barbe d Orvilyinin ayağına verməkdən çəkinmir. Həm də özünün heyran olduğu şeyə qarşı heç bir etirazla hesablaşmır: hətta ağızucu etiraz bildirsəniz, ondan yağlı bir şapalaq yeyəcəyiniz şübhəsizdir. Əgər o, nəyə isə nifrət bəsləyirsə, gözünə heç nə görünmür və buna dair hər hansı etiraz-filan dinləyən deyil.

Belə götürəndə, onun heç nədən başı çıxmır.

İki gənc qızın söhbətinə qulaq verək:

- Deməli, Culiya ilə aranız dəyib?

- Hələ soruşursan da? Ona yağlı bir şillə çəkdim, axı.

- Sənə neyləmişdi ki?

- Polinaya deyibmiş ki, guya mən ilin on üç ayı ac qalıram. Polina isə bunu Qontrana söyləyib. Təsəvvürünə gətirirsən də?

- Siz onunla Klozel küçəsində birgə yaşamırdınız?

- Onunla birgə düz dörd il Bred küçəsində yaşamışıq. Sonra isə bir cüt corab üstündə aramız dəydi. Yalandan deyirdi ki, guya mən Marten xalasının ona verdiyi ipək corabları geymişəm. Mən də onun dərsini verdim. Sonra həmin evi tərk elədi. Altı ay əvvəl onunla rastlaşanda yalvardı ki, yanıma köçməyinə razılıq verim, çünki tutduğu ev ehtiyac duyduğundan iki dəfə böyükmüş.

Söhbətin ardını dinləmədən keçir, yolunuza davam edirsiniz.

Sonrakı bazar günü Sen-Jermenə gedərkən sizin vaqona bir cüt cavan xanım daxil olur. Bunlardan birinin Culiyanın düşməni olduğunu elə ilk baxışdan anlayırsınız. Bəs o biri kimdir görəsən? O da Culiyanın özüdür.

Və onların arasında gedən söhbət zamanı nəvaziş dolu pıçıltılar, gələcək planlar barədə sözlər dəyir qulağınıza: "Culiya, de görüm…”, "Qulaq as, Culiya” və sair kimi.

Fahişə kişilərə də bu cür dostluqlar xasdır. Üç ay sərasər o, öz yaxın və əziz-girami dostu Jakdan bir an da ayrılmır. Onun üçün bu dünyada yalnız Jak var. Ən iti ağıl da, dəqiq məntiq də təkcə ondadır. Bütün Parisdə tək parlaq şəxsiyyət varsa, o da Jakdır. Hər yerə birgə gedir, birgə süfrəyə otururlar, küçələrdə birlikdə dolaşırlar. Axşamlar bir-birlərindən ayrıla, qopa bilmədikləri üçün azı on kərə ya bu onu qapısına qədər ötürür, ya da o, bunu.

Aradan üç ay ötüncə Jakla onun barəsində danışmağa cəhd göstərək:

- Necə də saxtakardır o! Necə əclaf, necə yaramazdır, ah! – deyəcək. – Arxayın olun, mən daha ona yaxşı bələdəm. Onda nə bir damla dürüstlük varmış, nə də tərbiyə…

Və sair və ilaxır.

Bundan üç ay sonra görürsən ki, bu adamlar təkrar birlikdədirlər. Bir səhər öyrənirsən ki, duelə çıxan bu dostlar atışmaq əvəzinə, göz yaşları axıdaraq, qucaqlaşıb-öpüşüblər.

Belə baxanda, bunlar dünyada ən səmimi dostlardır, bir-birini gah iftiraya layiq görürlər, gah sonsuz nəvazişə. Gah bir-birinin əlini elə sıxırlar ki, sümükləri şaqqıldayır, gah da yanlış anlaşılan bir söz ucbatından biri digərinin qarnını yırtmağa hazır görünür.

Fahişə kişilər arasındakı bağlılıq, bax, bu cür dəngəsizdir, onların əhvalı və duyğuları ən gözlənilməz çıxış-enişlərə məhkumdur. Bir göz qırpımında ruh yüksəkliyi tənbəlliklə, sevgi nifrətlə, sitayiş biganəliklə əvəz olunur, axı, onların xasiyyəti də, gözəgəlimliliyi də, çılğınlığı da fahişələrinkini xatırladır. Onların başqalarına duyduğu bağlılıq da fahişələrinkindən zərrəcə fərqlənmir.

Pozğun qadınlar öz itləriylə necə davranırlarsa, bu kişilər də dostlarına elə dəyər verirlər.

Ləçərlər sevimli itlərini öpüb-oxşayır, onları şəkərlə yemləyir, yataqlarına alıb, öz yastıqlarının üstündə yatırdırlar. Əsəbləşəndə isə onları ya quyruqlarından tutmaqla, sapand kimi havada fırladır, ya pəncərədən çölə vızıldadırlar. Bir səbəb oldu-olmadı, onu ya soyuq suyla dolu vedrəyə soxurlar, ya da çox istədiklərindən az qala ağuşlarında boğurlar.

Həqiqi fahişə ilə fahişə kişinin qarşılıqlı sevgisi isə bu sadalananlardan xeyli fərqlənir. Kişi qadını döyəndə qadın da onu cırmaqlayır. Bir-birini görən gözləri olmasa da, onlar ayrıla da bilmirlər, çünki aralarında anlaşılmaz və sirli könül bağları var. Qadın kişiyə başqalarıyla xəyanət edir, kişi bunu öyrənəndə əvvəlcə hönkürür, sonra isə onu bağışlayır. Oynaşlarından birinin qadına hədiyyə etdiyi çarpayıda onunla yatan kişi özünü əsla xoşqeyrət saymır. Kişi qadını həm sevir, həm də ona nifrət bəsləyir: bu zaman unudur ki, ona eyni dərəcədə nifrət bəsləməyə elə qadının da haqqı çatır. Hər biri digərini amansız işgəncələrə düçar etsə də, aralarındakı bağları qırmağa heç birinin cürəti yetmir, səhərdən ta axşama qədər bir-birini təhqir və tənbeh edən, inanılmaz suçlamaların hədəfinə çevirən belə adamlar özlərindən tamam çıxanda qapıldıqları qəzəb və çılğınlıqdan bədənlərinə əsməcə düşür və onlar bir-birinin ağuşuna atılırlar, kişinin ehtirasa təşnə dodaqları və qəlbi təkrar fahişənin quluna, köləsinə çevrilir.

Fahişə kişi başqalarına nisbətən daha cəsur və daha ağciyərdir, onda şərəf hissi hədsiz inkişaf edib, lakin o, bizlərə xas, adi şərəf hissindən məhrumdur, odur ki, müəyyən durumlarda ondan gözlənilməz zəiflik və əclaflıq gözləmək mümkündür, buna görə o, hər hansı peşmanlıq duymaz, çünki yeni əyləncələr axtarışında olan ruhunun hər şıltaqlığına boyun əyər.

Qarmağına keçən şəxsi aldatmaq onun gözündə adi, hətta vacib bir şeydir. Onun qənaətinə görə, kart borclarını çıxmaq şərtiylə, aldığı borcu, həm də nə vaxtsa qaytarılacağı şübhə doğuran borcu geri verməkdən imtina – əsl şərəf işidir, çünki bu cür şeylərdə saxtakarlığa heç cəmiyyət də sən deyən pis baxmır. Məsələn, pula ehtiyacı olanda o, hər yola, fəndə əl atıb, borc almağa çalışacaq və cürbəcür yalan vədlərlə borc sahibinin başını tovlayacaq. Əgər kim isə onu ən xırda fırıldaqda suçlayarsa, onda həqiqətən özündən çıxan bu adam qarşısındakı tipi qılıncının tək zərbəsiylə öldürməyə çalışacaq.