Gustav Vigeland və “Vigelandpark”

Gustav Vigeland və “Vigelandpark”

Abbas Atilay

Oslodan yaxşı xatirələrlə dönməyin yollarından biri heykəltəraş Gustav Vigelandın yaradıcılığının bir hissəsinin toplandığı Vigelandparka üz tutmaqdır. Bu parka çəkdiyimiz fotolarla birlikdə gedəcəyik. Amma öncə fotolar haqqında bir neçə söz deyim: İraqın sabitliyə, Somalinin toxluğa, Azərbaycanın azadqlığa ehtiyacı olan qədər Norveç Krallığının da günəşə ehtiyacı var. Vigelandparka getmək həvəsinə düşəndən bəri günəş itmişdi, hava da buludlu... Təbii ki, belə halda fotolar keyfiyyətli olmaycaqdı. Bu günlərdə isə günəş günortadan bir az keçmiş göründü və mən də qaçdım ora. Amma cox da sevinmədim günəşin çıxmasına. Bəzi fotolardan da hiss olunduğu kimi günəş şüası Gustavın yaratdığı heykəllər üzərinə şaquli deyil, çarpaz düşdüyü üçün fotoshok yarandı. Və fotoların bəziləri çox da ürək açan deyil keyfiyyət baxımından. Amma yenə də bir şeylər tapıb baxa bilərsiniz.
Gustav Vigeland 1869-cu ildə Norveçin cənub sahillərindəki Mandal şəhərində doğulub. 15 yaşında atası Osloya gətirsə də, qısa zamanda- atasının ölümündən sonra yenidən doğulduğu şəhərə geri dönüb. 2 il keçdikdən sonra Osloya qayıtmış Vigeland tanınmış heykəltəraş Brynjulf Bergslienin tərəfindən kəşf edilərək, ondan heykəltəraşlıq dərslərini almağa başlayıb. Əsərləri “Yunan mifologiyası və İncil motivləri ətrafında cəmləşib” deyə tənqidçilər düşünür. 1943-cü ildə vəfat edib.
Frogner Parkda, 1924-cü ildən etibarən Gustav Vigelandın əsərləri toplandıqca parkın da adı Vigelandpark olaraq səslənməyə başladı. Park, 192 heykəl və 600-dən artıq fiqurlardan ibarətdir. Parkda görəcəyiniz əsərlərin hamısı Vigelandın köməksiz və tələbələrinin yardımı olmadan yaratdığı şəxsi işidir. Eyni zamanda parkın dizayn və əsərlərin düzülüşünün də müəllifi heykəltəraşın özüdür.
Parkdakı lüt insanlardan ibarət əsərlər bir neçə hissədən ibarətdir. “The Bridge” (körpü) adlanan ilk hissədə 58 bürünc heykəl cəmləşib. Müəllif bu heykəlləri 1926-1933-cü illərdə yaradıb. “The Fountain” (Fəvvarə) adlanan hissə parkdakı ilk əl işləridir. “İron Gates” (Dəmir Qapılar) bürünc heykəllərlə “The Monolith”-i bir-birindən ayırmağı bacarır. “The Monolith”-in hündürlüyü 14,12 m-dir. Əsər 121 insan fiqurundan hazırlanıb. İnsanlar ya qrup şəkilində və ya fərdi olaraq əsərdə gizlənib. Əvvəli yaşlılardan başlayan bu spiralvari düzülmüş insanlar hündürlüyə qalxdıqca gəncləşir və uşaqlıqda bitirlər. Mənim üçün maraqlı deyil tənqidçilərin The Monolith haqqda dedikləri, çünki ona baxanda fərqli bir şeylər düşünürəm və bunlar əsər barədə deyilmiş ümumi sözlərlə üst-üstə düşmür. Ona görə məsləhət görürəm ki, özününz baxıb düşünəsiniz.
The Monolithin ətrafını isə qranit heykəllərin düzüldüyü “The Monolth Plateau” hissəsi təşkil edir. Bu qranit heykəllər insan həyatının bütün mərhələlərini sizə göstərə bilər. Qatma-qarışıqlıq və ya uşaq şıltaqlığı, daxili depressiya, tənhalıq və s. bu əsərlərdə mövcuddur. Mənim əlavə şərhlərimə ehtiyacınız yoxdursa, Vigelandparkda yaxşı istirahətlər.

FOTOLARı burdan izlə